Məhkəmə qərarları › İş №1(101)-1579/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1579/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1579/2025 18.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qasım İsmayılov kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 40 ünvanında, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 40 ünvanında tanıdığı Zərərçəkmiş şəxs onunla mübahisə edib ünvanına nalayiq ifadələr işlətməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmin ünvanda yerləşən yaşadığı evə gedib götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs olduğu yerə geri dönərək döş qəfəsinin sol hissəsindən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Həmidlə olan tanışlıqları birlikdə işlədikləri kafedən olmuşdur. Həmidin qardaşı Ələsgər onun qarşısını kəsərək öpmüş və ondan xoşu gəldiyini demişdir. O, olanlar barədə qeyri-rəsmi yaşadığı Şahid2 danışmışdir. Hadisədən sonra evə getdikləri vaxt Aygün əlaqə saxlayaraq onların evlərində qalmaq istədiyini demişdir. Birlikdə hərəkət etdikləri vaxt Həmid də oraya gəlmiş və Həmidlə Pərvin salamlaşmışlar. Həmin vaxt X8 harada olduğunu soruşmuş və Ələsgəri axtardığını demişdir. Həm Həmid, həm də Pərvin içkili olduqlarından onları sakitləşdirməyə çalışaraq danışıqlarını sabah davam etdirmələrini demişdir. Bu vaxt Həmid həm ona, həm də körpəsinə qarşı nalayiq ifadələr işlətmişdir. O da Həmidə “məni söyürsən söy, uşağıma söyüş söymə” demişdir. Bundan sonra o, evdən mətbəx bıçağını götürüb Həmidə atmışdır. Həmidlə Pərvin arasındakı mübahisəyə uşağını söydüyü üçün qarışmışdır. Hadisə gecə saat birə qalmış baş vermiş və o, hadisə vaxtı içkili olmamışdır. Evə gedib bıçağı götürməyi beş dəqiqədən az çəkmiş, bıçaqdan Həmidin onun uşağını söydüyü üçün istifadə etmişdir. O, Həmidə zərbəni üzbəüz vurmuş və yaxınlaşdığı vaxt ona zərbə yetirməyə kimsə mane olmamışdır. Həmidi vurandan sonra təkrar zərbə yetirmə imkanı olmuş, lakin vurmamışdır. Hadisədən sonra Pərvin onu evə salmış, daha sonra onunla əlaqə saxlayanda qan axdığını demiş və bundan sonra o, Həmidi evlərinə aparmışdır. Həmiddən qan çox axmadığından qanı dayandırmaq üçün müdaxilə etməmişdir. Onların evləri arasındakı məsafə az olmuş və evlərinə apardığı vaxt Həmid özündə olmuşdur. Onların evində ona qarşı şiddət olmuş, Həmidin anası və qardaşı hadisə olandan sonra onu döymüşlər. İstintaq vaxtı müstəntiqə dediklərini təsdiq etmir, o, ifadələrini oxumadan imzalamışdır. Sonradan zərərçəkmiş şəxslə aralarında barışıq olmuşdur. Onun azyaşlı övladı olduğundan əməlindən peşmandır. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhərində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəz deyilən ünvanda Pərvizin kafesində ofisiant işləmişdir. Zərərçəkmiş şəxs işlədiyi kafedən tanımış, Səmid əvvəllər orada ofisiant, onun qaynanası Rasimə də kafedə aşbaz işləmişdir. Həmidin qardaşı Əli kimi tanıdığı Ələsgər əvvəllər Həmidin işlədiyi kafeyə gəlib getmiş, kafeyə gələndə ona söz ataraq sataşmışdır. O da bu barədə qeyri-rəsmi yaşadığı Pərvinə bildirmişdir. 28 mart 2025-ci ildə təxminən saat 23:30 radələrində o, işlədiyi kafedən çıxıb DSK yolunda yerləşən “Yubley” kafesinə getmişdir. Kafedə 6-7 bakal pivə içmişdir. Sonra qeyri-rəsmi yaşadığı Pərvinə zəng vurub gəlib onu evə aparmasını bildirmişdir. Bir az sonra Pərvin kafeyə gəlmiş və onlar birlikdə piyada yaşadığı evə getmişlər. Yolda iş yoldaşı Aygün ona zəng vurmuş, yolda görüşüb deyib gülə-gülə birlikdə onun yaşadığı evə tərəf getmişlər. Yolda gedərkən keçmiş iş yoldaşı Həmid ilə təsadüfən qarşılaşmışlar. Həmid Pərvinlə salamlaşandan sonra onlarla da sözlə salamlaşmışdır. Bu zaman X17 adlı şəxsi yəni Ələsgəri axtardığını demişdir. X3 qardaşı olduğunu demiş və onu axtarmasının səbəbini soruşmuşdur. X1, onu incitdiyini, buna görə onunla söhbət etmək istədiyini bildirmişdir. Bu zaman Həmid Pərvinə onun ünvanına söyüş söyərək cavab vermişdir. O, araya keçib, Həmidə “günah sənin qardaşındadır, niyə məni söyürsən” deyə onun üstünə gedib irad bildirmişdir. Bu zaman Pərvin və Aygün onu sakitləşdirib yaşadığı evə aparmışlar. O, evdən mətbəxt bıçağını götürüb onların ardınca çölə çıxmışdır. Pərvin Həmidi yola salarkən o, arxadan Həmidə bir ədəd bıçaqla zərbə vurmuşdur. Həmid bunu görüb onun üstünə gəlmişdir. Lakin Pərvin araya keçib onu sakitləşdirmişdir. Pərvin yenidən onu yaşadığı evə getmiş və özü çölə çıxmışdır. Bir az sonra Pərvinə zəng vurub Həmidin vəziyyətini soruşmuşdur. Pərvin ona Həmidin yerə uzandığını, özünü zibilə saldığını demişdir. O, tez evdən çıxıb Həmidin olduğu yerə yaxınlaşmışdır. Həmidə köməklik edərək yaşadıqları evinə gətirib qapılarının qarşısında uzatmışdır. Qapılarını döyərək ailə üzvlərini çağırmışdır. Sonra Həmidə köməklik edib yaşadığı evə aparmışdır (İ cild, səh. 171-173). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, gecə vaxtı içkili vəziyyətdə hərəkət edərkən Əfsanənin Pərvin adlı şəxslə birlikdə onun qardaşının haqqında danışdıqlarını görmüşdür. O, bununla bağlı Pərvini kənara çəkmiş və həmin vaxt Əfsanə onların dalaşacaqlarını düşündüyündən onun qolundan tutmuşdur. O isə ağır şəkildə təhqiredici formada həm Əfsanəni, həm də oğlunu söymüşdür. Bundan sonra söyüş söydüyü üçün Əfsanə evə gedib ağlamağa başlamış və evdən bıçaq götürüb gəlmişdir. Həmin vaxt orada onunla Əfsanə qalmışdır. O, Əfsanənin evə gedib gəlməsi arasında nə qədər vaxt keçdiyini xatırlamır. Əfsanə evdən çıxanda əlində bıçaq görməmişdir. Sonra Əfsanə ona evə getməyə köməklik etmiş, oradan da onu xəstəxanaya aparmışlar. Vurulduğu vaxt yanında Pərvin olmuş və vurulandan sonra çıxıb getmişdir. İbtidai istintaq dövründə müstəntiq onun dediklərini düzgün yazmamışdır. Belə ki, həmin ifadəsində ilkin olaraq Əfsanənin söyüş söyməyə başlaması və özünün Əfsanəyə cavab qaytarması barədə yazılanlar həqiqəti əks etdirmir, o, Əfsanəyə söyüş söymüşdür. Hazırda o, Əfsanə ilə barışmışdır, Əfsanəyə qarşı heç bir şikayət və tələbi yoxdur. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində, “Mərkəz” adlanan ərazidə yerləşən kafedə çalışdığı dövrlərdə tanımışdır. O zaman onlar bir yerdə işləmişlər və həmin tanışlıq da bu səbəbdən yaranmışdır. 29 mart 2025-ci il tarixdə, gecə saat təxminən 01 radələrində siqaret almaq məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, “Mərkəz” deyilən ərazidə yerləşən mağazaya getmişdir. Alış-verişini etdikdən sonra geri qayıdarkən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 40 ünvanı yaxınlığında Əfsanə, qeyri-rəsmi birgə yaşadığı Pərvin və digər tanışı Aygün ilə rastlaşmışdır. Yaxınlaşaraq Pərvinlə salamlaşmış və oradakı digər şəxslərə də eyni ilə salam vermişdir. Söhbət zamanı Pərvin ondan qardaşı Ələsgər barədə soruşmuş və harada olduğunu öyrənmək istəmişdir. O, isə ona cavab vermişdir ki, “Qardaşım Ələsgəri neynirsən?” Bu sualına qarşılıq olaraq Pərvin bildirmişdir ki, guya qardaşı Ələsgər Əfsanəni narahat edir. Söhbət əsnasında Pərvin təkrar-təkrar qardaşının yerini soruşmuşdur. O isə cavabında demişdir ki, “Qardaşımı neynirsən, mən burdayam, gəl söhbəti mənimlə et.” Bu zaman Əfsanə onun qolundan tutaraq bir qədər kənara çəkmiş və ona demişdir ki, “Qardaşın mənə söz atır.” O, isə ona demişdir ki, “Buranı açıq bazara döndərmisən?” Bu sözlərinə cavab olaraq Əfsanə söyüş söyməyə başlamışdır. O da öz növbəsində ona cavab qaytarmışdır. Mübahisə bir qədər qızışdığı üçün Pərvin və Aygün araya keçərək Əfsanəni sakitləşdirib yaxınlıqda yerləşən evinə aparmışlar. Qısa müddət sonra Pərvin təkbaşına onun yanına gəlmişdir. Onlar sakitcə söhbət edirmişlər ki, qəfildən Əfsanənin qaçaraq ona tərəf gəldiyini görmüşdür. Ona yaxınlaşanda əlində bıçaq olduğunu görmüşdür. Pərvin Əfsanəni sakitləşdirməyə çalışsa da, Əfsanə onu dinləməmiş və əlindəki bıçaqla qəflətən onun döş qəfəsinin sol nahiyəsinə zərbə endirmişdir. Bu hadisədən sonra Pərvin araya keçərək onları ayırmış və Əfsanəni yenidən evinə aparmışdır. Hadisənin təsirindən özünü pis hiss etdiyi üçün kənara çəkilmiş və vəziyyəti pisləşdiyindən yerə uzanmışdır. Pərvin ona yaxınlaşaraq su vermiş və bir qədər köməklik göstərmişdir. O, artıq özündə olmamışdır. Gözünü açanda Əfsanənin yenidən yanında olduğunu görmüşdür. Əfsanə ona yardım edərək yerdən qaldırmış və onu yaxınlıqda yaşadığı evə aparmışdır (İ cild, səh. 108-111). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə olduğu gün Əfsanə ondan daha tez işdən çıxmışdır. Sonra o, işdən çıxanda gec olduğundan Əfsanə ilə əlaqə saxlayaraq evə getmədiyini və onlara gəlmək istədiyini demişdir. Əfsanə cavabında onu gözlədiyini bildirmişdir. Əfsanə dediyi yerə çatanda Əfsanə və Həmidin arasında mübahisə olduğunu, Həmidin Əfsanəni və uşağını təhqir etdiyini görmüşdür. Həmid içkili olduğundan hadisə baş vermişdir. O, bıçaqlanma hadisəsini uzaqdan görmüş, bundan sonra Əfsanə evə girmiş, o da çıxıb evinə getmişdir. Ona həm evdən zəng etdiklərindən, həm də mübahisə olduğundan evə getmək qərarına gəlmişdir. Qaranlıq olduğundan bıçaq zərbəsinin haradan olduğunu görə bilməmişdir. Əfsanə bıçağı evdən götürdüyü vaxt onu görməmiş, Əfsanə evdən bıçağı götürəndə Həmid onu hələ də söymüşdür. O, hadisəni tam görməmiş, çünki həmin vaxt Əfsanənin uşağı ilə evdə olmuşdur. İşlədikləri kafedə pivə vermişlər, amma hadisə vaxtı Əfsanə içkili olmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəsini oxumamış, həmin ifadəsi ona elan edilməmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2022-ci ildən “Çinarlı” kafesində ofisiant işləmişdir. Təqsirləndirilən şəxs kafedə işləyərkən tanımışdır. Həmin vaxtdan rəfiqəlik etmişdir. Şahid2 Əfsanə ilə qeyri-rəsmi ailə münasibətində yaşamışdır. Pərvini də Əfsanəyə görə tanımış, 2023-cü ildə işlədiyi kafedə tanış olmuşdur. Hal-hazırda Əfsanə Bakı şəhərində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəz deyilən ünvanda Pərvizin kafesində ofisiant işləyir. 28 mart 2025-ci ildə təxminən saat 23:30 radələrində Əfsanəyə zəng vurub onlara gəlmək istədiyini bildirmişdir. Əfsanə də ona evlərinə yaxın yola gəlməyini bildirmişdir. Yolda Əfsanə və Pərvinlə görüşüb deyib gülə-gülə birlikdə Əfsanənin yaşadığı evə tərəf getmişlər. Yolda gedərkən Əfsanənin keçmiş iş yoldaşı Həmid ilə təsadüfən qarşılaşmışlar. Həmid Pərvin ilə əllə salamlaşandan sonra onunla və Əfsanə ilə sözlə salamlaşmışdır. Bu zaman X16 adlı şəxsi, yəni Ələsgəri axtardığını soruşmuşdur. X3 qardaşı olduğunu demiş və onu axtarmağının səbəbini soruşmuşdur. Pərvin də X9 sataşdığını, onu incitdiyini, buna görə söhbət etmək istədiyini bildirmişdir. Bu zaman Həmid Pərvinlə söhbət edərək Əfsanənin ünvanına söyüş söymüşdür. Əfsanə bunu eşidib araya keçərək Həmidə “günah sənin qardaşındadır, niyə məni söyürsən” deyə onun üstünə gedib irad bildirmişdir. Bu zaman o və Pərvin Əfsanəni sakitləşdirib yaşadığı evə aparmışlar. Onlar Həmidi yola salarkən Əfsanə evdən çıxıb qaçaraq arxadan Həmidə bir ədəd zərbə vurmuşdur. Həmid bunu görüb Əfsanənin üstünə gəlmişdir. Pərvin yenidən araya keçib Həmidi sakitləşdirmişdir. O və Pərvin yenidən Əfsanənin yaşadığı evə gedərək çölə çıxmışlar. O, məcbur qalıb oradan yaşadığı evə getmişdir. Səhəri günü Əfsanəni polis əməkdaşlarının Həmidi vurduğu üçün saxladıqlarını, Həmidin isə xəstəxanaya yerləşdirildiyini eşitmişdir. Əfsanənin bıçağı evdən götürməsindən və Həmidi vuracağından xəbəri olmamışdır. Əfsanə Həmidi vurarkən onun yumruqla Həmidi vurduğunu düşünmüşdür. Əfsanə vurandan sonra Həmid «girdi» sözü deyərək qaçanda Əfsanənin Həmidi vurduğunu başa düşmüşdür (İ cild, səh. 95-97). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə gecə saatlarında baş vermişdir. O, toydan çıxaraq Əfsanəyə uşağı görmək istədiyini və onlara gəlmək istədiyini bildirmişdir. Əfsanə də ona uşaq üçün yemək aldığını demiş və bundan sonra yolda qarşılaşmışlar. Yolda olarkən Aygün Əfsanəyə zəng edib onlarda qalmaq istədiyini bildirmiş, o da onsuz onlarda qalmayacağını və gedəcəyini demiş, bundan sonra Aygün də onların yanına gəlmişdir. Birlikdə hərəkət etdikləri vaxt Həmid gəlmiş və Həmidlə salamlaşıb görüşmüşlər. O, Həmiddən Əlinin kim olduğunu soruşmuş və Həmid də cavabında qardaşı olduğunu demişdir. O da X15 narahat etdiyini və Əfsanənin tək uşaqlı qadın olduğunu bildirmişdir. Bundan sonra Həmid Əfanəni və uşağını söymüş, o, Həmidi təxminən 50 metr aralamış, Həmid yenə də söyüş söyməyə davam etmişdir. Bu vaxt Əfsanə ağlayaraq evə girmiş və evə girməsi ilə çıxması bir olmuşdur. Əfsanə vurandan sonra Həmid qışqıraraq “girdi” deyib qaçmışdır. Bundan sonra o, Əfsanəni saktiləşdirərək içəri salmış və çölə çıxanda Həmidin yıxıldığını görmüşdür. Bundan sonra Əfsanəni çölə çıxarmışdır. Həmid su istəmiş, o da su alıb Həmidə vermişdir. Daha sonra Əfsanə onluq bir şey olmadığını bildirərək getməyini demişdir. Bir qədər gözləyəndən sonra Əfsanə təkrar “get” deyə qışqırdığı üçün oradan uzaqlaşmışdır. O, Əfsanənin Həmidi evə aparmasını görməmişdir. 10.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, onunla qeyri-rəsmi ailə münasibətində yaşamış, 2023-cü ildə işlədiyi kafedə tanış olmuşdur. Hal-hazırda Əfsanə Bakı şəhərində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəz deyilən ünvanda Pərvizin kafesində ofisiant işləyir. Zərərçəkmiş şəxs Əfsanənin işlədiyi kafedən tanımış, Həmid əvvəllər orada ofisiant, onun qaynanası Rasimə də kafedə aşbaz işləmişdir. Həmidin qardaşı Əli kimi tanıdığı Ələsgər əvvəllər Həmidin işlədiyi kafeyə gəlib getmişdir. Kafeyə gələndə Əfsanəyə söz ataraq sataşmışdır. Əfsanə də bu barədə ona bildirmişdir. 28 mart 2025-ci ildə təxminən saat 23:30 radələrində Əfsanə işlədiyi kafedən çıxıb DSK yolunda yerləşən “Yubley” kafesinə getmişdir. Orada olarkən ona zəng vurub gəlib onu evə aparmağını bildirmişdir. O da taksi ilə kafeyə getmişdir. Kafeyə çatmamış Əfsanənin yolda gəldiyini görüb taksidən düşmüşdür. Onlar birlikdə piyada Əfsanənin yaşadığı evə getmişlər. Yolda Əfsanənin iş yoldaşı Aygün zəng vuraraq yolda görüşüb deyib gülə-gülə birlikdə Əfsanənin yaşadığı evə tərəf getmişlər. Yolda gedərkən Əfsanənin keçmiş iş yoldaşı Həmid ilə təsadüfən qarşılaşmışlar. Həmid onunla əl ilə salamlaşandan sonra Aygün və Əfsanə ilə sözlə salamlaşmışdır. Bu zaman o, Həmiddən Əli adlı şəxsi yəni Ələsgəri axtardığını soruşmuşdur. Həmid Ələsgərin onun qardaşı olduğunu demiş və onu axtarmağının səbəbini soruşmuşdur. O da X9 sataşdığını, onu incitdiyini, buna görə onunla söhbət eləmək istədiyini bildirmişdir. Bu zaman Həmid onunla söhbət edərək Əfsanənin ünvanına söyüş söymüşdür. Əfsanə bunu eşidib araya keçib Həmidə “günah sənin qardaşındadır, niyə məni söyürsən” deyə onun üstünə gedib irad bildirmişdir. Bu zaman o və Aygün Əfsanəni sakitləşdirib yaşadığı evə aparmışlar. O, Həmidi yola salarkən Əfsanə evdən çıxıb qaçaraq arxadan Həmidə bir ədəd zərbə vurmuşdur. Həmid bunu görüb Əfsanənin üstünə gəlmişdir. O, yenidən araya keçərək Həmidi sakitləşdirmişdir. Əfsanə yenidən yaşadığı evə getmiş, özü çölə çıxmışdır. Bir az sonra Əfsanə ona zəng vurub Həmidin vəziyyətini soruşmuşdur. O da Əfsanəyə Həmidin yerə uzandığını, özünü zibilə saldığını demişdir. Əfsanə tez evdən çıxıb Həmidin olduğu yerə yaxınlaşmışdır. Həmid su istəyərkən o, mağazaya qaçaraq su alıb gətirmişdir. Əfsanə Həmidə köməklik edib yaşadıqları evin yanına gətirmiş və qapılarının qarşısında uzatmışdır. O da oradan çıxıb getməyini bildirmişdir. O da Əfsanənin Həmidi evlərinin yanına gətirdiyi üçün oradan çıxıb getmişdir. Səhəri günü Əfsanəni polis əməkdaşlarının Həmidi vurduğu üçün saxladıqlarını, Həmidin isə xəstəxanaya yerləşdirildiyini eşitmişdir. Əfsanənin bıçağı evdən götürməsindən və Həmidi vuracağından xəbəri olmamışdır. Əfsanə Həmidi vurarkən yumruqla vurduğunu düşünmüşdür. Əfsanə vurandan sonra Həmid “girdi” sözü deyib qaçanda Əfsanənin Həmidi vurduğunu başa düşmüşdür. Aygün onların mübahisə etdiyini görən kimi oradan çıxıb evlərinə getdiyindən baş verən hadisədən xəbəri olmamışdır (İ cild, səh. 98-100). 11.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, kafesinə gələnlər fəhlə, usta və qul bazarında işləyənlər olmuşlar. O, Əfsanənin heç bir vaxt onlarla problem yaşadığını görməmişdir. Kafesində üç işçi işləmiş, Əfsanə hadisə günü içkili olmamış, o, ümumiyyətlə işdə içməyə icazə verməmişdir. Hadisə olmazdan əvvəl Əfsanə ona bir dəfə Həmidin qardaşının onu narahat etdiyini, evlərində pəncərədən ona baxdığını demişdir. Həmid əvvəllər onun yanında işləmiş, sonra Həmidin qayınanası ondan aldığı borcu qaytarmadığından Həmidi və qayınanasını işdən çıxarmışdır. 12.Məhkəmə-tibbi ekspertizasının 30 aprel 2025-ci il tarixli, 614 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edərək hemopnevmotoraksla müşayiət olunan deşilmişkəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. 2.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasmı nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdi (İ cild, səh. 114-116). 13.Maddi sübutların ekspertizasının 12 may 2025-ci il tarixli, 217/2025 TBŞ nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkçə, şalvar, kəmər və bir cüt corabın bir tayı üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” antigeni şalvar və kəmər üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. 3.Təqdim olunmuş Zərərçəkmiş şəxs corabının digər tayı üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (İ cild, səh. 117-120). 14.Maddi sübutların ekspertizasının 19 may 2025-ci il tarixli, 130-MTKŞ/2025 nömrəli rəyindən görünür ki, 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, şalvar və bir cüt corab üzərində zədə və zədə izləri aşkar edlmədi. 2.Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (İ cild, səh. 121-123). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 25 aprel 2025-ci il tarixli, 1297 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, səh. 124-125). 16.«Hadisə yerinə baxış keçirilməsi barədə» 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 40 ünvanında yerləşən nömrəsiz həyət evlərinin məhəllə daxili yollarında baş vermişdir (İ cild, səh. 8-9). 17.«Maddi sübutlara baxış keçirmə və götürülməsi barədə» 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi arxa hissəsi göy və ağ rəngli uzunluğu təxminən 23 sm olan mətbəx bıçağı qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 21). 18.«Maddi sübut kimi tanınması haqqında» 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi tiyənin sol səthinə «TRAMONTİNA» sözləri həkk olunmuş soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəxt bıçağı, zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək, bir ədəd şalvar, bir ədəd kəmər, bir cüt corab maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (İ cild, səh. 148). 19.«Tutma haqqında» 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 34). 20.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2025-ci il tarixli, 4(001)- 241/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmiş və dərhal məhkəmə iclas zalından azad olunmuşdur (İ cild, səh. 70-77). 21.«Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında» 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 mart 2025-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 78-79). 22.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 91). 23.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

27. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. 28.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsinin dispozisiyasına görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma yalnız xuliqanlıq niyyəti ilə yaxud ümumi təhlükəli üsulla törədildikdə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir. 29.“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. 30.Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, ...Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəmnində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. 31.Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ...İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumi qəbul edilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. 32.İşin halları ondan ibarətdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs bir-birilərini hadisədən əvvəl tanımış və münasibətləri normal olmuş, aralarında yaranan mübahisə zərəçəkmiş şəxsin təhrikedici hərəkətlərinin təsiri nəticəsində başlanılmışdır. Şahid ifadələrindən göründüyü zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin və onun körpə övladının ünvanına nalayiq söyüşlər işlətmiş, digər şəxsin zərərçəkmiş şəxsi kənara aparmasına baxmayaraq söyüş söyməyə davam etmişdir. 33.Məhkəmə tədqiq edilmiş sübutlara tam və hərtərəfli hüquqi qiymət verərək qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət vurma əməlinin motivinin xuliqanlıq niyyəti olması öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, şəxsi münasibətlər zəminində törənmişdir. Məhkəmə bu nəticəyə gələrkən tərəflər arasında mübahisənin ilkin olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin və onun körpə övladının ünvanına nalayiq ifadələr işlətməsi ilə əlaqədar yaranmasını nəzərə alır. 34.Təqsirləndirilən şəxs məqsədi də yalnız həmin hərəkətləri ilə özünü və övladını nalayiq ifadələrlə təhqir edən zərərçəkmiş şəxsə qarşı çıxmaq olduğundan, nə hadisədən bilavasitə əvvəl, nə onun başlanğıcında, nə də ki, gedişində birbaşa ictimai qaydanın kobud şəkildə pozulmasına və cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmədiyindən, hətta hadisəni kənar şəxslərin müşahidə etməsi belə bu hərəkətləri xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. 35.Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. 36.Beləliklə, münaqişə şəxsi münasibətlər zəmnində başanılmış, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. 37.Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur ki, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. 38.İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq, özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, digər şəxsə qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumi qəbul edilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək motivi güdməmişdir. Bu halda onun əməli xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. 39.Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi ilə nəticələnmiş mübahisənin konkret halda hadisədən əvvəl şəxsi münasibətlərin pozulması ilə əlaqədar yaranması əməlin xuliqanlıq niyyəti ilə törədilməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. 40.Müəyyən edilmişdir ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun körpə övladının ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs törətdiyi əməlin motivinin xuliqanlıq hisslərinin təsiri altında formalaşdığının israr edilməsi isə əsassızdır. 41.Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməsinə dəlalət edə biləcək hər hansı hal müəyyən edilməmişdir. 42.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. 43.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 44.Məhkəmə tərkibi yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən xuliqanlıq niyyəti olmamış, məhz şəxsi münasibətlər zəmnində zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. 45.Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. 46.Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli və həmin əmələ görə təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, maddi sübut, ekspert rəyləri, işin digər hallan və işə aid biri digərinə uyğun gələn mötəbər sübutlann məcmusu ilə tam sübuta yetirilmişdir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs iitiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktına rast gəlinməmişdir. 47.Bundan başqa, iş üzrə şəxsə verilmiş ittihamda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onunla mübahisə edib ünvanına nalayiq ifadələr işlətməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması qeyd edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlətməsi ibtidai istintaq dövründə iş üzrə bütün sübutların məcmusu ilə öz təsdiqini tapmış, lakin ibtidai istintaq orqanı baş vermiş hadisəyə səbəb olmuş zərərçəkmiş şəxsin hərəkətlərini, yəni təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlətməsini sonuncu tərəfindən bəhanə edilməsi kimi qiymətləndirilmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanının gədiyi nəticə, yəni təqsirləndirilən şəxsin ittiham olunduğu ictimai təhlükəli əməli xuliqanlıq niyyəti ilə törətməsi ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 48.İbtidai istintaqı orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən əməli xuliqanlıq niyyətilə törədilən cinayət kimi qiymətləndirmişdir. Beləliklə, ibtidai istintaq zamanı şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirilmiş, təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən hallar deyil, istintaqı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyi əsas götürülmüşdür. Bununla da istintaqı aparan şəxs təqsirkarın hərəkətlərini şərtləndirən səbəbi “əsaslı olmayan səbəb”, “cüzi səbəb” və ya “bəhanə” kimi qiymətləndirmiş, hətta mübahisə zərərçəkmiş şəxsin özünün təşəbbüsü ilə başlasa belə təqsirkarın öz hərəkətlərinə və onun nəticələrinə subyektiv münasibətini nəzərə almamışdır. 49.Eyni zamanda, istintaqı aparan şəxs tərəfindən “xuliqanlıq niyyəti”nin nədə ifadə olunmasına aydınlıq gətirilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs nəinki, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq, özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, digər şəxsə qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək motivi güdməmişdir. 50.Məhkəmə istintaqı zamanı, ilkin olaraq məhz zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlətməsi kimi təhrikedici hərəkətlərinin təsiri nəticəsində ictimai təhlükəli əməlin baş verməsi iş üzrə mövcud sübutların məcmusu ilə öz təsdiqini tapmışdır 51.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə tərkibi yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən xuliqanlıq niyyəti olmamışdır. Məhkəmə araşadırması zamanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması sübuta yetirilməmişdir. 52.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 53.Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir 54.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 55.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. 57.Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. 58.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 59.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 60.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 61.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 62.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 64.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.12-ci və və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. 67.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 68.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 69.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. 70.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 71.Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması və əməlindən peşman olması kimi yüngülləşdirici halların məcmusunu, habelə törətdiyi cinayət əməlinə mənfi münasibəti kimi halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələnə bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. 72.Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. 73.Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 75.Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 76.Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun yaşadığı yer üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. 77.Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. 78.Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. 79.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 80.«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 25-ci bəndinə qeyd olunur ki, «Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir». 81.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 82.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 83.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi tiyənin sol səthinə «TRAMONTİNA» sözləri həkk olunmuş soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəxt bıçağının məhv edilməsini, bir ədəd uzunqol köynəyin, bir ədəd şalvarın, bir ədəd kəmərin və bir cüt corabın Zərərçəkmiş şəxs qaytarılmasını (qəbul edilmədikdə məhv edilməsini) əsaslı hesab edir. 84.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 85.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 86.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 30 (otuz) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 330 (üç yüz otuz) manat təşkil edir. 87.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun hesabına ödənilməlidir. 88.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti başa çatanadək davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 330 (üç yüz otuz) manat Bakı şəhəri «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - tiyənin sol səthinə «TRAMONTİNA» sözləri həkk olunmuş soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəxt bıçağı məhv edilsin, bir ədəd uzunqol köynək, bir ədəd şalvar, bir ədəd kəmər və bir cüt corab Zərərçəkmiş şəxs (qəbul edilmədikdə məhv edilsin) qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər:

1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar