Məhkəmə qərarları › İş №1(101)-158/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-158/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-158/2024 17.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi – Bakı şəhəri, «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 12 sentyabr 2022-ci il tarixdə tutulmuş, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmiş və məhkəmə iclas zalından azadlığa buraxılmış, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq naməlum vaxtda və məlum olmayan mənbədən külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,497 qram olan psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2022-ci il tarixdə saat 13:30-da ünvan 1 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri, Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 3,621 qram, 2,911 qram və 2,965 qram olmaqla, ümumi təmiz çəkisi 9,497 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis işçiləri onun dalınca gələndə evdə xəstə vəziyyətdə olmuşdur. Polis əməkdaşları onun əmisi oğlu Elməddini axtardıqlarından, sonuncunun dalınca gəlmişlər. Belə ki, onlar bir həyətdə yaşamışlar. Lakin əmisi oğlunu tapa bilməmişlər. Bu zaman o, evdə xəstə olmuş, polislər gəldiyinə görə həyətə çıxmışdır. Bundan sonra polis işçiləri onu tutub aparmışlar. Maşında ona əmisi oğluna zəng edib çağırmağı demişlər, lakin əmisi oğlu telefon işlətməmişdir. Sonradan isə əmisi oğlu Elməddin gedib polislərə təslim olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirdi ki, onu səhər-səhər saat təxminən 9-10-nun yarısında polis əməkdaşları tutub polis bölməsinə aparmışlar. Gunortaya qədər orada qalmışdır. Ona demişlər ki, çəkiliş aparılacaq və onun da işini narkotik istifadəçisi kimi rəsmiləşdirəcəklər. O, heç bir şey eləmədiyini desə də, ona qulaq asan olmamış və ona təzyiq göstərmişlər. O da, məcbur olub polis işçilərinin dediyini qəbul etmişdir. Çəkilişdən qabaq ona narkotik verərək cibinə qoymağı və çəkiliş zamanı çıxarıb təqdim etməyi tapşırmışlar. O da, cibindən narkotiki çıxarıb təqdim etmiş və həmin narkotiki istifadəsi üçün aldığını bildirmişdir. İttihamda guya onun küçədən tutulduğu qeyd edilmişdir, əslində isə onu evdən aparmışlar. Həmin vaxt o, koronavirus xəstəliyinə tutulmuş vəziyyətdə olmuş, onun 39 dərəcə qızdırması olmuşdur. Ona görə də, həmin vaxt onun küçəyə çıxması qeyri-mümkündür. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, istintaqda o, bir dəfə ifadə vermişdir. Üzərində axtarış aparılanda yanında müdafiəçi olmamışdır. Çəkiliş olanda vəkil iştirak etmiş, o, çəkiliş başlamamışdan əvvəl vəkilə narkotikin ona məxsus olmadığını, onun boynuna güclə qoyduqlarını demişdir. Həmin vaxt polis əməkdaşları orada olmuşdur. Onun üzərində xəsarət izləri olmamışdır. Videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Ona işinin 234.1-ci maddə ilə sənədləşdiriləcəyini bildirmişlər. Tutulanda koronavirus xəstəliyinə yoluxmuş vəziyyətdə olmuş, lakin o, yoluxduğunu bilməmişdir. Polis işçiləri onu aparandan sonra təcili yardım maşını gəlmiş, sonra onu məhkəməyə aparmışlar və məhkəmədə ona koronavirusa yoluxduğunu demişlər. Ona hakim sanksiya verməmiş və məhkəmədən buraxılmışdır. Çəkiliş zamanı bir büküm aşkar olunmuş, bükümün içərisindəki “şüşə» kimi tanıdığı metamfetamin olmuşdur. O, əvvəllər də metamfetamindən istifadə etmiş, sonuncu dəfə isə tutulmamışdan 10 gün əvvəl istifadə etmişdir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ekspert rəyi ilə tanış olmuş, orada yazılmışdır ki, məcburi müalicəyə ehtiyacı vardır. İstintaqa verdiyi ifadəni oxumuş, həmin ifadə ilə razılaşmış və imzalamışdır. İstintaq vaxtı ona təsir və təzyiq olunmamışdır, lakin o, sənədləri imzalamasaydı, yəqin ki, ona zor tətbiq edəcəkdilər. Sonradan o, harasa şikayət etməmişdir. Polislər onu aparmaq üçün gələndə evdə anası, əmisi və qonşu qadın olmuşdur. Evə onun dalınca 2 maşında 5-6 nəfər polis işçiləri gəlmiş və onu polis bölməsinə aparmışlar. Evə baxış keçiriləndə o, polis bölməsində olmuş, lakin evdən heç nə aşkar edilməmişdir. Hadisədən qabaq o, beş gün ərzində qızdırma içində evdə yatmış, həmin müddətdə həkimə müraciət etməmişdir. Aptekdən qızdırma dərmanı alıb qəbul etmişdir. Həmin gün də qonşu qadın Südabəni aptekə ona dərman almaq üçün göndərmişlər. Həmin vaxt o, yataqda olmuşdur. Polis idarəsinə aparıldıqdan sonra onun üçün təcili yardım maşını çağırmışlar, həkim ondan analiz götürmüş, onda bilmişlər ki, o, koronavirus xəstəliyinə yoluxmuşdur. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir narkotik və psixotrop maddələrdən istifadə edir. 12 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 30 manata üç ədəd bükümdə “şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamin alıb münasib vaxtda istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün saat 13:30 radələrində yaşadığı ünvan 1 ünvanındakı evinin qarşısında olarkən ona mülki geyimdə olan iki nəfər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra ona narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı RPİ-nin inzibati binasına gətirmişlər. Orada şübhəli şəxs qismində tutulmaqla ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin olunmuşdur. Təyin olunmuş vəkilə etirazı olmadığını bildirdikdən sonra vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyinə dair ərizə vermiş və polis idarəsində xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı narkotik vasitə və ya əşya varsa, təqdim etməsi təklif olunmuşdur. O da, əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən üç ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Ondan həmin bükümlərdə nə olması və nə vaxt, kimdən əldə etməsi soruşulduqda, o, həmin bükümlərdə “şüşə" kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin gün səhər saatlarında Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi həmin üç ədəd büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində kristalşəkilli maddə olduğu görünmüşdür. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş və başqa hər hansi bir əşya, maddə aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi həmin üç bükümdə psixotrop maddə metamfetamin götürülərək zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Yaşadığı evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığında dair ərizə ilə müraciət etdikdən sonra həmin gün ünvan 1 ünvanında yerləşən yaşadığı mənzilə baxış keçirilmiş və qanunsuz olaraq əldə edilmiş hər hansı bir narkotik vasitə, psixotrop maddə əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş üç ədəd bükümdə psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır, həmin maddədən heç kimə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı və Suraxanı RPİ-nin inzibati binasında olduğu zaman ona hər hansı fiziki təzyiq və ya psixoloji təsir edilməmişdir (cild 1, iş vərəqi 72-74). Elan olunuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu, həmin məzmunda ifadə verdiyini, lakin ifadənin doğru olmadığını, ondan ifadə alınanda müstəntiq Rüstəm Şıxəliyevin orada olduğunu, hazırda məhkəmədə verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ, Cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında, sonuncunun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin Cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində saat 13:30-da Təqsirləndirilən şəxs yaşadığı Yeni Suraxanı qəsəbəsi, H.Z.Tağıyev küçəsi, ev 11 ünvanının qarşısında saxlanılmış, həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirib, Suraxanı rayon Polis idarəsinə gətirmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi dəvət edilmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunsuz əşyalar olduğu təqdirdə, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən içərisində ağ rəngli kristalşəkilli kütlələr olan üç ədəd selofan bükümləri çıxarıb təqdim etmişdir. Firuzdan təqdim etdiyi bükümlərdə nə olması soruşulduqda, o, həmin bükümlərdə “şüşə" adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, metamfetamini həmin gün səhər saatlarında Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını, ünvanını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç büküm təhqiqatçı tərəfindən götürülərək kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üstü iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə yaşadığı ünvana da baxış keçirilmiş, lakin qanunsuz saxlanılan hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin inzibati binasında olduğu zaman ona qarşı hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, sonuncunun 12 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması və Suraxanı rayon Polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda psixotrop maddələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyi, bununla bağlı həmkarı Şahid1lə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 103-105). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün səhər 9-10-a işləmiş həyətdə olarkən 6-7 nəfər içəri girmiş və Elməddini soruşmuşlar. O, Elməddinin olmadığını, işdə olduğunu bildirərkən, bu vaxt içəridə olan Firuz səsə qalxmışdır. Polis işçiləri Firuzu yataqdan qaldırıb aparmışlar. O, oğlunun narkotik vasitələrdən istifadə etdiyini görməmişdir. Oğlu aparıldıqdan 2 gün sonra qayıtmışdır. Sonradan bilmişdir ki, polis bölməsində olarkən Firuzun vəziyyəti pisləşmiş və təcilli tibbi yardım çağırmışlar. Orada Firuzdan analiz götürmüşlər və onun koronavirusa yoluxduğu məlum olmuşdur. Tutulmamışdan əvvəl evdə olduğu müddətdə isə Fruzda yalnız qızdırma olmuşdur. Elməddin Firuzun əmisi oğludur, Elmədinin əvvəllər narkotiklərdən istifadə etdiyini bildirmişdir. Firuz tutulduqdan sonra qonşusu Eynulla ilə birlikdə oğlunun dalınca polis bölməsinə getmiş və ona dərmanlar aparmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Firuzgil onunla qonşuluqda yaşayırlar. Tutulduğu gün Firuz xəstə olmuş, o, aptekə Firuza dərman almaq üçün getmişdir. Qayıdanda 2 maşında polis işçilərinin gəldiyini görmüş və onlar Elməddin evdə olmadığı üçün Firuzu aparmışlar. Polis işçiləri gələndə səhər 9-10 radələri olmuşdur. Polis əməkdaşları Firuzu aparanda o, həyətdə olmuşdur. Əvvəllər Firuzun narkotikdən istifadə etdiyini bilməmişdir. Firuz tutulduqdan 2-3 gün sonra Elməddin gəlmiş, bu zaman artıq Firuz polis bölməsindən buraxılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 Təqsirləndirilən şəxsla qonşuluqda yaşadığını bildirərək, onun polis əməkdaşları tərəfindən tutulub aparılması barədə şahid Südabə Əliyevanın ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 12 sentyabr 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə həmin istintaq hərəkəti keçirilməmişdən əvvəl ondan üzərində saxlanılması, daşınması və gəzdirilməsi qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən içərisində şəffaf kristalşəkilli kütlələr olduğu görünən üç ədəd selofan bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 12 sentyabr 2022-ci il tarixdə səhərə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd büküm götürülərək kağız zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üstü iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmişdir (cild 1, iş vərəqi 33-34). Cinayət işində olan bir ədəd DVD diskə baxış protokolundan görünür ki, həmin diskdə olan videogörüntülərlə Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci İl tarixdə üzərinə şəxsi axtarış keçirilməsi protokolunda əks olunanlar bir-biri ilə uyğunluq təşkil edir (cild 1, iş vərəqi 99). Məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2022-ci il tarixli 6/5118 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 243” möhür əksi və “Şübhəli şəxs ... Təqsirləndirilən şəxs üzərindən ...” və s. yazılar, imzalar olan 1 ədəd zərfdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,621 qram, 2,911 qram, 2,965 qram olmaqla, ümumi təmiz çəkisi 9,497 qram təşkil edən ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3 bükümdə olan metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (cild 1, iş vərəqi 47-51). Ambulator məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6934 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 129-130). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 noyabr 2022-ci il tarixli 3051 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansi psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 134-135). İbtidai istintaq orqanının 10 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində 12 sentyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 33-cü Polis bölməsində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilərək götürülmüş üç ədəd bükümdə ümumi təmiz çəkisi 9,497 qram olan ağ rəngli, kiristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına sərf edilmiş 0,12 qram nəzərə alınmaqla qalan 9,377 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin həmin qərara əsasən şəxsi axtarış və götürmə aparılması videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD formatlı disk iş üzrə sübut qismində tanınaraq iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 137-145, 153). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 110). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, polis işçilərinin onun dalınca gələndə evdə xəstə vəziyyətdə olduğunu, polis əməkdaşları onun əmisi oğlu Elməddini axtardıqlarını, sonuncu ilə bir həyətdə yaşadıqlarından, əmisi oğlunu tapa bilmədiklərinə görə onu bölməyə apardıqlarını, bu zaman özünün evdə xəstə olduğunu və polis işçiləri gəldiyinə görə həyətə çıxdığını və polis işçilərinin onu tutub apardıqlarını, polis bölməsində ona çəkiliş aparılacağı və onun da işini narkotik istifadəçisi kimi rəsmiləşdiriləcəyinin bildirildiyini, heç bir şey eləmədiyini desə də, ona qulaq asan olmadığını və ona təzyiq göstərildiyini, buna görə məcbur olub polis işçilərinin dediyini qəbul etdiyini, çəkilişdən qabaq ona narkotik verərək cibinə qoymağı və çəkiliş zamanı çıxarıb təqdim etməyi tapşırdıqlarını və onun da deyilən kimi hərəkət edərək narkotiki istifadəsi üçün aldığını etiraf etdiyini, ittihamda guya onun küçədən tutulduğunun qeyd edildiyini, əslində isə onun evdən aparıldığını, həmin vaxt koronavirus xəstəliyinə tutulmuş vəziyyətdə 39 dərəcə qızdırması olduğunu və belə vəziyyətdə küçəyə çıxmasının qeyrimümkün olduğunu, arabir narkotik vasitələrdən istifadə etsə də, məcburi müalicəyə ehtiyacı olmadığını bildirərək, müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində üzərindən aşkar olunmuş bükümlərdə “şüşə" kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri saxlanıldığı gün səhər saatlarında Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilmiş və bütün dindirmə protokolları onlar tərəfindən imzalanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Şahid3, qonşuları X3 və X4 ifadələrinə hüquqi qiymət verən məhkəmə hesab edir ki, adları çəkilən şəxslər təqsirləndirilən şəxsə ittiham elan edilmiş psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınması halları ilə bağlı heç bir məlumata malik olmayan şəxslərdir və onların ifadələri hazırkı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir halı təsdiq və ya təkzib etmir. Onlar təqsirləndirilən şəxsin yaxın qohumu və qonşuları olmaqla yalnız Təqsirləndirilən şəxs saxlanılaraq polis əməkdaşları tərəfindən polis bölməsinə aparılması, sonradan müvəqqəti saxlama yerində olarkən onun koronavirus xəstəliyinə yoluxması faktlarını təsdiq edir ki, həmin hallar məhkəmədə heç bir mübahisə doğurmur. Ona görə də, məhkəmə kollegiyası yuxarıda adları çəkilən şəxslərin məhkəmədə verdikləri ifadələrini təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin arabir narkotik vasitələrdən istifadə etsə də, məcburi müalicəyə ehtiyacı olmaması barədə məhkəmədə gətirdiyi dəlillə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6934 saylı rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəni “ucuz düşdüyünə” görə şəxsi istifadəsi üçün aldığını və törətdiyi əmələ görə çox peşman olduğunu bildirmişdir. Polis əməkdaşlarının onu əmisi oğlu Elməddini tapa bilmədiklərinə görə tutmaları ilə bağlı təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, həqiqətən də Təqsirləndirilən şəxs əmisi oğlu X2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmünə əsasən külli miqdarda narkotik vasitələri satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlama və daşıma cinayətini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 dekabr 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hökmə əsasən Elməddin Naqimov qeyd olunan cinayət əməlini 21 sentyabr 2022-ci il tarixdə törətmişdir ki, həmin vaxt hazırkı iş üzrə artıq Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və iki gün polis idarəsinin müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra həbsdən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri, məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş psixotrop maddələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin aşkar olunmuş maddələrin 3 bükümdə olmaqla hər birinin çəkilib xırda bağlamalara bükülməsini və psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı, ona qəti cəza təyin edilməli və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 6934 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və narkomanıyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 9,377 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, iş üzrə müdafiəçi - Bakı şəhəri, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs müdafiəsini həyata keçirmiş və bununla əlaqədar 30 saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Bakı şəhəri, “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 9,377 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin qeydə alındığı 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Kredo» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar