Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1581/2021 04.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olmaqla himayəsində 3 (üç) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 1-də qeydiyyatda olan və həbs olananadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını 2021-ci ilin mart ayının əvvəllərində yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətində olan istixanada əkib yetişdirməyə başlamaqla qanunsuz olaraq külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirərək, həmin bitkilərə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmişdir. Bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 27 may 2021-ci il tarixdə, saat 16:40-da ünvan 1 ünvanında yerləşən evin həyətində olan istixanaya video çəkiliş vasitəsi ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi, tərkibində narkotik maddələr olan 89 (səksən doqquz) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 31070 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 5 (beş) ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, narkomaniya xəstəsidir. O, əvvəllər narkotik vasitə marixuananı tanımadığı şəxslərdən almışdır. Lakin son vaxtlar qurudulmuş marixuananı almaq çətin olduğundan və tutulmaqdan qorxduğundan o, narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı həyətyanı sahədə əkmək və sonra qurudaraq öz istifadəsi üçün hazırlamaq qərarına gəlmişdir. O, toxumları əvvəllər çəkmək üçün aldığı marixuanaların arasından az-az yığıb özündə saxlamışdır. O, 2021-ci ilin mart ayının əvvəllərində yaşadığı evin həyətində reyhan əkdiyi istixanada (parnikdə) çətənə bitkisinin toxumlarını səpmişdir. Bundan sonra o, əkdiyi reyhanlara qulluq etməklə yanaşı, həmçinin əkdiyi çətənə toxumlarından çıxan bitkilərə də qulluq etmiş və həmin kolları yetişdirmişdir. O, 27 may 2021-ci il tarixdə, təxminən saat 14:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsindəki evin yaxınlığında olarkən mülki geyimli 2 (iki) nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. O da polislərlə birlikdə Polis İdarəsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin kultivasiyasında və qəbulunda şübhəli bilindiyi üçün həmin idarəyə gətirilmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Lakin həmin vaxt onun üzərindən heç bir qadağan olunmuş əşya və maddə aşkar olunmamışdır. O, həmin vaxt polis əməkdaşlarına səmimi şəkildə yaşadığı evin həyətində reyhan istixanasında (parnikdə) çətənə kollarını əkdiyini və həmin kolları polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onun üçün dəvət olunmuş müdafiəçinin və dəvət edilmiş aqronomun iştirakı ilə ona məxsus həyətyanı sahəyə baxış keçirilməsi üçün o, polislərlə birlikdə yaşadığı ünvana getmişdir. Onlar evin həyətində yerləşən reyhan istixanasının (parnikin) içərisində olduqları vaxt o, orada əkdiyi 89 (səksən doqquz) ədəd çətənə kolunu polis əməkdaşlarına göstərmişdir. Bundan sonra çətənə kolları qablaşdırılaraq götürülmüşdür. Sonra polislərdən biri aşkarlanmış çətənə kolları ilə bağlı protokol tərtib etmişdir. O da həmin protokolu imzalamışdır. O, həyətindən aşkarlanmış çətənə kollarını öz istifadəsi üçün yetişdirmişdir. O, heç vaxt heç kəsə narkotik vasitə satmamışdır. Onun heç vaxt belə bir fikri də olmamışdır. O, narkomaniya xəstəsi olduğundan həyətində öz istifadəsi üçün çətənə bitkilərini əkib becərmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu, himayəsində 3 (üç) azyaşlı uşağının və xəstə anasının olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis şöbəsidə əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 may 2021-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə dərhal əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o, digər polis əməkdaşı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Tükan qəsəbəsinə getmişdir. Onlar Türkan qəsəbəsi, Firdovsi küçəsinə çatdıqda orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir şəxsi müəyyən edərək yaxınlaşmışlar və özlərini təqdim edərək Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirmişlər. Sonra onlar Təqsirləndirilən şəxs Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə Xəzər rayon Polis İdarəsinə getmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə o, raportla İdarə rəisinə müraciət etmişdir. Faktla bağlı araşdırma aparılması məqsədi ilə material Xəzər RPİ-nin istintaq şöbəsinin müstəntiqi Ruslan Məmmədova həvalə edilmiş və Təqsirləndirilən şəxs müstəntiqə təqdim olunmuşdur. Sonra X14 saxlanılmış Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət etmişdir. Müstəntiq dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra X14 şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, dəvət edilmiş vəkil Fərman Cəfərovun və onların iştirakları ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilmiş və üzərində qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evinin istixanasında (parnikində) çətənə bitkisi əkdiyini onlara demişdir. Sonra X14 tərəfindən aqronom-mütəxəssis dəvət olunmuşdur. Daha sonra aqronomun, vəkilin, Təqsirləndirilən şəxs və onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs razılığı ilə prosessual hərəkət video ilə çəkilmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə müstəntiqə ərizə də təqdim etmişdir. Baxış zamanı Türkan qəsəbəsi, Firdovsi küçəsi ev 47 ünvanında yerləşən həyətyanı sahədə yerləşən istixanada ümumilikdə 89 (səksən doqquz) ədəd narkotik tərkibli balaca kol bitkiləri aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən aqronom həmin kollara baxaraq qeyd edilən kolların çətənə kolları olduğunu və aqrotexniki qaydada qulluq göstərildiyi bildirmişdir. Baxışın nəticəsinə dair protokol tərtib olunmuş və protokol orada iştirak edən bütün şəxslər tərəfindən imzalanmışdır. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Xəzər RPİ-nin 1-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 may 2021-ci il tarixdə xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə dərhal əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin məlumatın yoxlanılması məqsədi ilə o, əməliyyat qrupu ilə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsinə getmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsində görmüşlər və sonuncuya yaxınlaşaraq özlərini təqdim edərək tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirmişlər və Xəzər RPİ-ə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə getmişdir. Polis İdarəsində onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla idarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ruslan Məmmədova həvalə edilmiş və Təqsirləndirilən şəxs müstəntiqə təqdim olunmuşdur. X14 Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X14 Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Fərman Cəfərovun və onların iştirakları ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya və predmet Təqsirləndirilən şəxs üzərindən aşkar olunmamışdır. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvan 3 ünvanında yerləşən evinin istixanasında çətənə bitkisi əkmişdir. Bundan sonra Xəzər RPİ-nin müstəntiqi polis kapitanı Ruslan Məmmədov tərəfindən aqronom mütəxəssis dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün 8 saylı Vəkil Bürosundan dəvət olunmuş vəkilin iştirakı ilə həyətyanı sahəyə baxış keçirmək üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. Təqsirləndirilən şəxs məxsus yaşadığı ünvan 5 ünvanının həyətyanı sahəsində video çəkiliş ilə onun Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ruslan Məmmədovun, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1, 8 saylı Vəkil Bürosunun vəkili Fərman Cəfərovun, aqronommütəxəssis Mərdan Tağıyevin və saxlanılan şəxs Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Xəzər RPİ-də olarkən yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə vermişdir. Baxış zamanı Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi, ev 47 ünvanında yerləşən həyətyanı sahədə olan istixanadan ümumilikdə 89 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürülmüşdür. Baxışda iştirak edən aqronom mütəxəssis həmin kollara baxaraq kolların çətənə kolları olduğunu və aqrotexniki qaydada həmin bitkilərə qulluq göstərilməsini bildirmişdir. Baxış aparılması barədə protokol tərtib olunmuş və protokol ucadan oxunmuşdur. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahid) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkib-becərməsi barədə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 10-11) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 18-19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun üzərində qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan istixanada narkotik vasitə olan çətənə bitkilərini əkdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində yerləşən istixanadan 89 (səksən doqquz) ədəd çətənə kollarına oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli mütəxəssis rəyindən (cild 1, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində olan istixanada reyhan əkilmiş istixananın yuxarı baş tərəfində narkotik tərkibli çətənə bitkiləri əkilmiş, həmin bitkilərə orta səviyyəli aqrotexniki qaydada qulluq göstərilmişdir. Çətəni bitkilərinin sayı 89 (səksən doqquz) ədəd təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/498 saylı məhkəmə-bioloji ekspertiza rəyindən (cild 1, iş vərəqə 43-44) görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 43" dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədən aşkar olunmuş kollar..." yazı və imzalar olan 3 (üç) ədəd torbada ümumi sayı 89 (səksən doqquz) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 31070,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 67-68) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 may 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 70-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 27 may 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 84) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2021-ci il tarixli əməliyyat tapşırığından (cild 1, iş vərəqə 87) görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etdiyi mənbənin əməliyyat yolu ilə müəyyənləşdirilməsi Xəzər RPİ-nin NMB-na tapşırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2021-ci il tarixli Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin məktubundan (cild 1, iş vərəqə 94) görünür ki, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X22 Şəxsin Ambulator X1 2410 saylı rəyindən (cild 1, iş vərəqə 110-111) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 102) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – anası 1958-ci il təvəllüdlü X7, qızları 2013-cü il təvəllüdlü X3, 2014-cü il təvəllüdlü X4, 2016-cı il təvəllüdlü X5 və faktiki nikah münasibətlərində olduğu arvadı X6 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 118-123) görünür ki, Təqsirləndirilən şəxs həyətindəki istixanadan aşkarlanmış 31070 qram çəkidə olan 89 (səksən doqquz) ədəd narkotik tərkibli çətənə bitkisinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 31067,33 qram təşkil edən 89 (səksən doqquz) ədəd narkotik tərkibli çətənə bitkisinin saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin NMB-nə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evin həyətyanı sahəsinə şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2014-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən (cild 1, iş vərəqə 115) görünür ki, Təqsirləndirilən şəxs X8 atası hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyun 2014-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən (cild 1, iş vərəqə 117) görünür ki, Təqsirləndirilən şəxs X9 atası hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 fevral 2016-cı il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən (cild 1, iş vərəqə 116) görünür ki, Təqsirləndirilən şəxs X10 atası hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş, ümumilikdə isə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasəb tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (3-cü Siyahı) 1-ci bəndinə əsasən - 16 (on altı) ədəd (31 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəlində istintaqa məlum olmayan mənbədən əldə etdiyi və Azərbaycan Respublikasının ərazisində əkilibbecərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan bitki toxumlarını ünvan 1 ünvanında yerləşən özünə məxsus evin həyətyanı sahəsində olan istixanada əkmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki toxumlarını əldə etmə mənbəyi barədə əməliyyat tapşırığı verilsə də, qeyd edilən hallar ibtidai araşdırma zamanı müəyyən edilməmişdir. Eləcə də məhkəmə istintaqında da Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki toxumlarını haradan, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 27 may 2021-ci il tarixdə, təxminən saat 16:40 radələrində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya (parnikə) qanuni əsaslarla baxış keçirilməsi və bunun nəticəsində oradan ümumilikdə 89 (səksən doqquz) ədəd, ümumi təmiz çəkisi 31070 qram təşkil edən yaş halda narkotik tərkibli çətənə (kannabis) kollarının aşkar edilərək maddi sübut kimi götürülməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında etirafedici ifadə verərək və törətdiyi əməldən səmimi peşmançılıq keçirərək bildirmişdir ki, yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətyanı sahəsində olan istixanada çətənə toxumların əkmiş və bundan sonra əkdiyi toxumlara qulluq edərək yetişdirmişdir. Həmçinin o, istixanadan aşkar olunaraq götürülmüş 89 (səksən doqquz) ədəd çətənə bitkisini öz istifadəsi üçün əkib-becərdiyini ətraflı şəkildə bildirmişdir. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 da 27 may 2021-ci il tarixdə, təxminən saat 16:40 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində yerləşən istixanaya baxış keçirdiklərini və həmin vaxt oradan ümumilikdə 89 (səksən doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) kolunu aşkar etdiklərini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə istintaqı zamanı ona irəli sürülmüş ittihamı, eləcə də yaşadığı evin həyətindəki istixanada aşkarlanmış çətənə kollarının növünü, sayını, çəkisini və vəziyyətini (yaş halda olmasını) mübahisələndirməmişdir. Əksinə o, etirafedici ifadələr verərək şəxsi istifadəsi üçün yaşadığı evin həyətyanı sahəsindəki istixanada çətənə toxumlarını əkdiyini, daha sonra həmin bitkilərə qulluq edərək yetişdirdiyini dəfələrlə bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs 89 (səksən doqquz) ədəd çətənə kolunu satmaq məqsədi ilə əkib-becərməsi, habelə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) ədəd çətənə kolunu məhz öz şəxsi istifadəsi üçün əkib-becərmiş və həmin bitkilərə aqrotexniki qaydada qulluq etmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, faktiki nikah münasibətlərində olmaqla himayəsində 3 (üç) azyaşlı qız uşağının və yaşlı anasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək törətdiyi cinayət əməlindən peşman olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 may 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 31067,33 qram təşkil edən 89 (səksən doqquz) ədəd narkotik tərkibli çətənə kolu məhv edilməli, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evin həyətyanı sahəsində şəxsi axtarış və baxış keçirilməsi görüntüləri özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 31067,33 qram təşkil edən 89 (səksən doqquz) ədəd narkotik tərkibli çətənə kolu məhv edilsin, Təqsirləndirilən şəxs üzərində və yaşadığı evin həyətyanı sahəsində şəxsi axtarış və baxış keçirilməsini əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1581/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1581/2021
04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver