Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1581/2022 09.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Bakı şəhəri 27 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1995-ci ildə Oğuz rayonunun Tayıflı kəndində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, Yevlax Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 70-ci maddəsi tətbiq edilərək 2 (iki) il sınaq müddəti təyin edilməklə 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Oğuz rayonunun Tayıflı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı Oğuz rayonundan işləmək məqsədilə gəldiyi Bakı şəhərində gecələmək üçün yeri olmadığına görə 10 aprel 2022-ci il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 saylı binanın qarşısından keçən zaman qeyd edilən binanın giriş qapısını açıb orada gecələmək istəyərkən əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nə etməsi ilə bağlı maraqlanmasına görə aralarında yaranmış mübahisə zamanı Tale Əiiyevin onu səkinin üzərindən götürdüyü boş şüşə butulka ilə başından vurmasından sonra qarşısındakı şəxsdən fiziki cəhətdən zəif olduğunu anlayaraq xilas olmaq və oradan uzaqlaşmaq, həmçinin qisas niyyətilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib gəzdirdiyi zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik soyuq silah olan ümumi təyinatlı qatlanan ov bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna nüfuz edərək diafraqmanı dəlib qarın boşluğuna keçən və hemopnevmotoraks (döş boşluğuna qanın və havanın toplanması) törədərək travmatik şokla nəticələnən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət edilən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, işləmək məqsədilə yaşadığı Oğuz rayonundan Bakı şəhərinə gəlmişdir. Gecələmək üçün yeri olmadığına və hava soyuq olduğuna görə 10 aprel 2022-ci il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospektində ünvanını bilmədiyi binanının giriş qapısını açıb orada gecələmək istəmişdir. Bu vaxt sonradan adını öyrəndiyi bu iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs ondan nə etdiyini soruşaraq onu yanına çağırmış və aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı orada tanımadığı başqa bir şəxs də olmuşdur. Mübahisə vaxtı Taleyə Bakı şəhərində qalmağa yeri olmadığına görə binanın giriş qapısını açıb blokda gecələmək istədiyini bildirmiş və Talenin sakitləşməsini istəmişdir. Həmin vaxt Tale səkinin üzərindən götürdüyü boş şüşə butulka ilə bir dəfə onun başından vurmuşdur. Bundan sonra Taledən bir az aralanmış, lakin Talenin yenidən onun arxasınca gəldiyini görüb onu vuracağını düşünmüş və Talenin ondan fiziki cəhətdən güclü olduğunu hiss etdiyindən və şüşə butulka ilə başından vurulması ona pis təsir etdiyindən, o, üzərində gəzdirdiyi açılıb-qatlanan bıçaqla Taleyə bir neçə dəfə xəsarət yetirmiş və hadisə yerindən qaçmışdır. Sonradan bıçağın üzərində olan qan ləkələrini itirmək üçün bıçağı yumuş və hadisə barədə heç kəsə danışmamışdır. Daha sonra isə polis əməkdaşları onu tutmuşdur. Taleni vurduğu bıçağı da polislərə təqdim etmişdir. Həmin bıçağı 2-3 ay əvvəl xatırlamadığı mağazadan almış və suvenir kimi üzərində gəzdirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 10 aprel 2022-ci il tarixdə saat 03-04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospektində hərəkət edən zaman bir nəfər şəxsin binalardan birinin qapısını açmağa çalışmasını müşahidə etdiyini görmüş, həmin şəxsin hərəkətləri ona şübhəli gəldiyindən nə etməsini öyrənmək üçün həmin şəxsi yanına çağırmış, söhbət etmək üçün kim olduğunu və nə etdiyini soruşmuşdur. Söhbət zamanı həmin şəxsin bu iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs olduğunu bilmiş, Sakitin suallara cavab verərkən həyəcanlandığını gördükdə daha çox şübhə etməyə başlamış, buna görə də ondan təkrarən nə etməsini soruşmuşdur. Sakit ona Bakı şəhərinə işləmək məqsədilə hansısa rayondan gəldiyini və Bakıda qalmağa yeri olmadığına görə binanın blokunda gecələmək istədiyinə görə blokun qapısını açmaq istədiyini bildirmişdir. Sakit ondan əl çəkməyini istədikdə o, bir az da əsəbiləşərək səkidə olan boş şüşə butulkanı götürüb Sakitin başına vurmuşdur. Çünki Sakitin binanın qapısını açmaq istəməsi onda oğurluq etməsi ilə bağlı şübhələr yaratmışdır. Şüşə butulka ilə Sakitin başına vurduqdan sonra Sakit ondan aralaşdığına görə yenidən Sakitə yaxınlaşmaq istəmişdir. Bu zaman Sakit onu bıçaqla vurub qaçıb getmişdir. Buna baxmayaraq o, özünü itirməmiş və xəstəxanaya çatdırılması üçün Təcili tibbi yardım çağırmışdır. Sakiti əvvəllər tanımamış, ilk dəfə həmin hadisə baş verən günü görmüşdür. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu öldürməklə hədələməmiş, bu xarakterli ifadələr söyləməmişdir. Baş verənlər qısa müddət davam etmiş, bu zaman orada tanımadığı başqa bir şəxs də olmuşdur. Sakitlə barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 10 aprel 2022-ci il tarixdə saat 04:50 radələrində 5 saylı X4 həkim Nurməmmədovanın Şərur rayonu, Axura kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 saylı binanın qarşısında döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti alması barədə verdiyi məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 saylı binanın qarşısıdır. Həmin bina beş mərtəbəli yaşayış binasıdır. Hadisə yerində yerləşən iaşə obyektindən hadisə yerini müşahidə edən kamera görüntüləri götürülmüşdür. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 5-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqdim etmə və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi cinayəti törətdiyi zaman istifadə etdiyi bıçaq götürülmüş və bıçağa baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, bıçaq qatlanan tiplidir, dəstək və tiyədən ibarətdir, tiyəsi açıq vəziyyətdə ümumi uzunluğu 220 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldandır, uzunluğu yuxarı kənarı boyu 100 mm, eni əsasında 22 mm, ortada 20 mm-dir. Tiyənin bir kənarı itilənmiş, digər kənarı kütdür (cild 1, iş vərəqi 15-17). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videokameradan götürülmüş görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 10 aprel 2022-ci il tarixdə Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 46 saylı binanın qarşısında iki nəfər şəxsin mübahisə etdiyi və həmin şəxslərdən birinin digərinə, səkidə olan boş şüşə butulka ilə vurması müşahidə olunur (cild 1, iş vərəqi 18). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş geyim paltarlarının götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə baş verən zaman Zərərçəkmiş şəxs əynində olan paltarlar götürülmüş və baxış keçirilmişdir. Baxışı keçirilən 01 ədəd mayka qolsuzdur, ağ rəngli pambıq materialdan hazırlanmış, üzərində geyilmə izləri qeyd edilir. 01 ədəd köynək uzun qolludur, sarı rəngli materialdan hazırlanmışdır, üzərində geyilmə izləri qeyd edilir, öndən yeddi ədəd metallik knopka-düymə, qollarının azad kənarı bir ədəd knopka-düymə ilə bağlanır, ön səthinin hər iki yarısında knopka düymə ilə bağlanan qapaqlı cibləri var, ciblərin içərisi boşdur. 01 ədəd gödəkçə uzunqollu, kapyuşonludur, sarı rəngli materialdan hazırlanmış, üzərində geyilmə izləri qeyd edilir, öndən qara rəngli zəncir bəndlə bağlanır, ön səthinin hər iki yarısında, astar səthinin sol yarısında cibləri var, ciblərin içərisi boşdur. Hər üç paltar üzərində parçalanaraq deşilmə izləri, zədələr vardır (cild 1, iş vərəqi 37-44). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən istintaqa verdiyi ifadəsini bir daha təsdiq edib Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetiridiyi yeri və sonrakı hərəkətlərini ardıcıl olaraq göstərmişdir (cild 1, iş vərəqi 107-111). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 447 nömrəli rəyinin nəticə hissəsindən görünür ki,
1. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – başın ənsə nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur.
2. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət zərərçəkən şəxsin göstərdiyi şəraitdə, yəni küt əşya ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdi (cild 1, iş vərəqi 128-130). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 641 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, - Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna nüfuz edərək diafraqmanı dəlib qarın boşluğuna keçən və hemopnevmotoraks (döş boşluğuna qanın və havanın toplanması) törədərək travmatik və hemorragik şokla nəticələnən 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 2 ədəd deşilmiş kəsilmiş yaraları deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişlər, onun tibbi yardım üçün X5 gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə: - döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna nüfuz edərək diafraqmanı dəlib qarın boşluğuna keçən və hemopnevmotoraks (döş boşluğuna qanın və havanın toplanması) törədərək travmatik və hemorragik şokla nəticələnən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 2 ədəd deşilmişkəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi (cild 1, iş vərəqi 143-145). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 249/2022-MTBŞ 1252 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə O alfa beta (1) dir. Ekspertizaya təqdim edilmiş mayka, köynək, gödəkçə üzərində olan ləkələrdə O alfa beta (1) qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələri O alfa beta (1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmamışdır (cild 1, iş vərəqi 132-135). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 202/MTKŞ-2022 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, - Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthinin sağ yarısında və sol yan nahiyəsində, uzunqol köynəyin ön səthinin sağ yarısında, ön səthinin sol sərbəst kənarı üzərində, ön səthinin sol yarısında və sol yan nahiyəsində, gödəkçənin ön səthinin sağ yarısında, ön səthinin sol yarısında və sol yan nahiyəsində çoxsaylı deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. - Zərərçəkmiş şəxs məxsus paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. - Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, onun təyinatı dəyişdirilməmişdir (cild 1, iş vərəqi 137-141). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizanın xx.xx.2022-ci il tarixli, 1523 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 147-148). İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 26). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs əynində olmuş üzərlərində kəsilmiş-deşilmiş izlər olmaqla qanabənzər maye ilə bulaşıqlı ağ rəngli 01 ədəd mayka, kəsilmiş-deşilmiş izlər olmaqla qanabənzər maye ilə bulaşıqlı sarı rəngli 01 ədəd köynək, kəsilmiş-deşilmiş izlər olmaqla qanabənzər maye ilə bulaşıqlı sarı rəngli 01 ədəd gödəkçə maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 149). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti Nəsimi RPİnin 19-cu PŞ-nə göndərilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 167-175, 204). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsnın Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurması və qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirməsi kifayət qədər sübuta yetirilir, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azalıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.4cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 70-ci maddəsi tətbiq edilərək 2 (iki) il sınaq müddəti təyin edilməklə 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmişdir (cild 1, iş vərəqi 117-119). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxsn təyin edilmiş sınaq müddəti başa çatmadığından, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə faktiki olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, əməlinə dövlət tərəfindən mənfi mənəvi-hüquqi qiymət verilmiş şəxsin cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Həmin Qərarın nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilən hallar istisna olmaqla, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 70 və 79-cu maddələrinə əsasən azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmış şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları əsas götürərərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxsnın əməlində residivin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cavan olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Buna baxmayaraq məhkəmə təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqi üçün əsas görmür. Belə ki, həmin maddənin tətbiqinə cəzanı ağırlaşdıran halların olmadığı halında yol verilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələr üzrə cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Yevlax Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum etməni ləğv edilməli və hökmlərin məcmusu qaydasında qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinin c) hissəsinə əsasən məhkəmənin hökmü ilə şərti məhkum edilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 13 aprel 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablanmış və fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 55-56, 94-98, 163-166, 208-210). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 11 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan cinayət hadisəsi zamanı istifadə edilmiş bir ədəd bıçaq, habelə Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka, 01 ədəd köynək, 01 ədəd gödəkçə təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 126.1-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan cinayət hadisəsi zamanı istifadə edilmiş bir ədəd bıçaq, habelə Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka, 01 ədəd köynək, 01 ədəd gödəkçə məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.