Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1582/2021 14.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1979-cu il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Ağdam rayonu, Maqsudlu ərazi dairəsi, Eyvazxanbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, “ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan “Tohid” adlı şəxslə “WhatsApp” ani mesajlaşma tətbiqində **********63 nömrəsi ilə əlaqə yaradıb birlikdə narkotik vasitələrin satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən digər şəxsin içərisində narkotik vasitə heroin olan 02 ədəd bükümü əldə etməsinə şərait yaratması şərti ilə “Tohid” adlı şəxsin eyni tətbiq vasitəsi ilə ona göndərdiyi koordinatlara uyğun olaraq istintaqa məlum olmayan yerdə və tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 02 ədəd sellofan bükümdə olan 1360,5 qram narkotik vasitə heroini əldə edib üzərində və icarəyə götürməklə idarə etdiyi “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının altında saxlayaraq həmin narkotik vasitə heroinin satışını təşkil etmək məqsədi ilə yolun kənarına qoymaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Kürdəxanı-Nardaran” yoluna qədər daşımış, 22 aprel 2021-ci il tarixində saat 00:30-da Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 4 yerləşən 42-ci Polis Bölməsinə gətirilmiş, polis bölməsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 260,5 qram (iki yüz altmış tam onda beş) qram olan narkotik vasitə heroin, daha sonra “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilərkən həmin avtomobilin ön sağ oturacağının altından 01 (bir) ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 1100 qram (bir min yüz) qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, “ünvan 1-da ailəsi ilə birlikdə yaşamışdır. 5-6 ildir ki, narkotik vasitə heroini yandıraraq alınan mayeni damarına inyeksiya etmək yolu ilə qəbul etmişdir. 3-4 il əvvəl Zığ qəbəsində yerləşən X1 müalicə kursu keçsə də narkotik vasitəni tərgidə bilməmişdir. Üzdən tanımadığı, adını Tohid bildiyi, milliyətcə iranlı olan şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olmuş, həmin şəxslə mobil telefonla «WhatsApp» proqrammı vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitə istəmişdir. Tohidin göndərdiyi narkotik vasitəni göturərkən polis işçiləri onu saxlamışlar. Təqsirləndirilən şəxs məhkəmədə verilən sualla cavab olaraq bildirmişdir ki, narkotik vasitələri istifadə edəni olmuş, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamışdır. İranlı Tohiddən az miqdarda narkotik vasitə göndərməsini istəmiş, lakin sonuncu çox miqdarda narkotik vasitə göndərmişdir. Onun üzərində cəmi bir bükümdə 420 qram narkotik vasitə heroin olmuş. avtomobilindən aşkar olunan narkotik vasitə heroin ona məxsus olmamışdır, həmin narkotik vasitənin avtomobilinə kim tərəfindən qoyulmasını bilmir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, “ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. 5-6 il narkotik vasitə heroindən istifadə etmişdir. 3-4 il əvvəl Zığ qəbəsində yerləşən X1 müalicə kursu keçsə də narkotik vasitəni tərgidə bilməmişdir. 20 aprel 2021-ci il tarixində saat 08:00-da üzdən tanımadığı, adını Tohid bildiyi, milliyətcə iranlı olan şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Həmin şəxslə mobil telefonla «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlayıb, Tohidin sifarişi ilə sonuncunun dediyi yerdən, yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yolun kənarından iki ədəd büküm olan narkotik vasitə heroini götürmüş, həmin bükümlərdən birini əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə, digər bükümü isə idarə etdiyi “Hyundai” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağın ayaqaltı hissəsinə qoymuşdur. Həmin gün yaşadığı Məhəmmədi qəsəbəsinə getmiş, növbəti gün, yəni 21 aprel 2021-ci il tarixdə saat təxminən 23:30-da evdən çıxıb idarə etdiyi avtomobillə Nardaran qəsəbəsinə getmişdir. “Kürdəxanı-Nardaran” yolunda avtomobilini saxlamış və içərisində narkotik vasitə heroin olan həmin iki ədəd bükümü yolun kənarına qoymaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq 42-ci Polis Bölməsinə aparılmışdır. 42-ci Polis bölməsində iş otaqlarının birində şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilmiş, o da videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra ona üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin 1 ədəd sellofana bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa üzərindən bir manat pul, 1 ədəd alışqan və 1 ədəd idarə etdiyi avtomobilə məxsus açarlar aşkar olunmuşdur. Onunla sorğusual edilən zaman o, həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, onu sosial şəbəkələr vasitəsi ilə tanıdığı Tohid adlı, milliyyətcə iranlı şəxsin sifarişi ilə 20 aprel 2021-ci il tarixində saat 08:00-da sonuncunun qeyd etdiyi yerdən. yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yolun kənarından götürdüyünü bildirmişdir. İçərisində narkotik vasitə heroin olan bu bükümləri iranlının tapşırığına uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Kürdəxanı-Nardaran” yolunda yolun kənarına gizlətməli, daha sonra həmin yerin fotoşəkillərini çəkərək Tohidə «WhatsApp» proqramı vasitəsi ilə göndərməli olacağını demişdir. Sonra içərisində narkotik vasitə heroin olan digər bükümü idarə etdiyi avtomobildə ön sağ oturacağın altında saxladığını bildirmişdir. Əvvəlcə təqdim etdiyi 01 ədəd bükümdəki narkotik vasitə heroin 01 ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona məxsus 1 manat pul, alışqan və avtomobilin açarı özünə qaytarılmışdır. Daha sonra idarə etdiyi “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirimiş, avtomobilin bütün hissələri və saxlanc yerləri yoxlanılarkən sağ ön oturacağın altına yerləşdirdiyi, içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan büküm aşkar olunub götürülmüşdür. O, sorğu-sual edilən zaman həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinlə birlikdə qeyd etdiyi formada 20 aprel 2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yolun kənarından götürdüyünü bildirmişdir. İçərisində narkotik vasitə heroin olan həmin bükümü də iranlının tapşırığına uyğun olaraq qeyd etdiyi hərəkətləri etməyi planlaşdırdığını bildirmişdir. Aşkar olunan həmin 01 ədəd bükümdəki narkotik vasitə heroin də 01 ədəd zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalmışdır. Sonra qablaşdırılmış hər iki zərf ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi təsdiq etmədiyini bildirmiş, qeyd etmişdir ki, saxlanılarkən polislər ona bidirmişlər ki, əgər onların dediyi ifadələrə imza etməsə onun evinə baxış keçiriləcək, ailəsi də bu işə cəlb olunacaqdır. O da məcburiyyət qarşısında qaldığı üçün həmin ifadələri oxumadan imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 aprel 2021-ci il tarixdə «Hüseyn» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumat üzrə aparılmış ilkin araşdırma zamanı «Hüseyn» adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 22 aprel 2021-ci il tarixində gecə saat 24 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, “Kürdəxanı-Nardaran” yolunda olması barədə təkrar əməliyyat məlumatı daxil olmuşdur. Onlar saat 00:20-də “Kürdəxanı-Nardaran” yoluna gəlmişlər, orada Təqsirləndirilən şəxs qara rəngli, “Hyundai” markalı avtomobillə dayandığını görüb, ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyini bildirib, onu Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. 42-ci Polis Bölməsində olarkən iş otaqlarının birində X2 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Sonra Təqsirləndirilən şəxs vəkil təqdim edilərək hüquq və vəzifələri izah edilmiş, onun barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək sonuncudan etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş, sonra onun barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim edərək masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan bükülünü təqdim edərək otaqdakı masanın üzərinə qoymuş, bundan başqa Təqsirləndirilən şəxs bir manat pul, 1 ədəd alışqan və 1 ədəd avtomobil açarlarını təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, onu sosial şəbəkələrdən tanış olduğu milliyətcə iranlı şəxsin sifarişi ilə 20 aprel 2021-ci il tarixində səhər saatlarında iranlı şəxsin qeyd etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yolun kənarından götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan bükümləri iranlının tapşırığına uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Kürdəxanı-Nardaran” yolunda yolun kənarına gizlətməli, daha sonra həmin yerin fotoşəkillərini çəkərək sözügedən şəxsə vatsap vasitəsi ilə göndərməli imiş. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə heroin olan digər bükümü idarə etdiyi avtomobildə ön sağ oturacağın altında saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümündəki narkotik vasitə heroinə bənzər maddə 01 ədəd bağlama ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilmiş, avtomobilin bütün hissələri və saxlanc yerləri yoxlanılarkən sağ ön oturacağın altında, içərisində narkotik vasitə heroin olan 01 ədəd sellofan bükümü aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin də narkotik vasitə heroin olduğunu, bunu şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitə heroinlə birlikdə qeyd etdiyi formada 20 aprel 2021-ci il tarixində səhər saatlarında milliyətcə iranlı şəxsin qeyd etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yolun kənarından götürdüyünü bildirmişdir. Aşkar olunan həmin 01 ədəd bükümdəki narkotik vasitə heroin də 01 ədəd bağlamada qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış və aşkar olunan maddələr ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 22 aprel 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Sabunçu rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 23 aprel 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, “Kürdəxanı- Nardaran” yolunda idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 42ci Polis Bölməsinə gətirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynindəki şabalıdı rəngli şalvarın sol yan cibindən bir manat pul, 1 ədəd alışqan, həmin şalvarın sağ yan cibindən 1 ədəd avtomobil açarı, əynində olan qara rəngli gödəkçənin sağ ön cibindən şəffaf sellofana bükülmüş 1 büküm çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirib. Bu bükümü 20.04.2021-ci il tarixində tanımadığı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Binəqədi kəndində yolun kənarından iki ədəd büküm olmaqla götürdüyünü, bükümlərdən birinin əynindəki gödəkçənin sağ yan cibinə, digərini idarə etdiyi “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının altına qoyduğunu qeyd edib. Cinayət işinin istintaq materiallarında olan “axtarış və götürmə aparılması haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, “Kürdəxanı-Nardaran” yolunda idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirilən Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə aparmış, axtarış zamanı həmin avtomobilin ön sağ oturacağının ayaqaltı hissəsindən şəffaf sellofana bükülmüş 1 büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, bu bükümü 20.04.2021-ci il tarixində tanımadığı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Binəqədi kəndində yolun kənarından iki ədəd büküm olmaqla götürdüyünü, bükümlərdən birinin əynindəki gödəkçənin sağ yan cibinə, digərini idarə etdiyi “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının altına qoyduğunu qeyd edib. Cinayət işinin istintaq materiallarında olan Təqsirləndirilən şəxsin idarə etdiyi “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməsi barədə videogörüntüləri əks etdirən 01 (bir) ədəd diskə baxış protokolundan müəyyən olunmuşdur ki, xidməti otaqların birində, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl həmin şöbənin təhqiqatçısı, polis kapitanı Rəşad Yaqubov iştirakçılara və saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. İştirakçılar və Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra X2 şübhəli şəxs Təqsirləndirilən şəxsə qanunla dövriyyəsi, əldə edilməsi, üzərində saxlanması, daşınması qadağan edilən vasitələrin onun üzərində olmasında şübhəli bilindiyinə görə 22.04.2021-ci il tarixində 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq qeyd olunan Polis bölməsinə gətirildiyini bildirir. X2 42-ci Polis Bölməsinin xidməti otağında “Şəxsi axtarış”ın videoçəkilişlə aparılacağını deyir və buna etirazının olub-olmamasını sonuncudan soruşur. Təqsirləndirilən şəxs qeyd olunanlar barədə və müdafiəçinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirir. Şəxsi axtarışa başlamazdan əvvəl X2 Təqsirləndirilən şəxsə üzərində olan əşyaları masanın üzərinə qoymasını təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd alışqanı, 1 manat pulu, həmin şalvarın sağ yan cibindən 01 ədəd avtomobil açarını və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü masanın üzərinə qoyur. Əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilən zaman qeyd olunanlardan başqa hər hansı əşya aşkar edilmir. Təqsirləndirilən şəxsin təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükümün kəsici alətlə kəsilib açıldıqdan sonra içərisinə baxış keçirilir və içərisində tünd qəhvəyi rəngli maddənin olduğu görünür. Həmin maddənin nə olduğu, nə vaxt, haradan, kimdən, nə üçün, neçəyə aldığı soruşulduqda, Təqsirləndirilən şəxs onun narkotik vasitə heroin olduğunu, 1 ay əvvəl internet vasitəsi ilə tanış olduğu, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşının məlumatı ilə 20.04.2021-ci il tarixində saat 20 radələrində Binəqədi qəsəbəsində yolun kənarından götürdüyünü və “Kürdəxanı-Nardaran” yolunda yolun kənarına yerləşdirməli olduğunu bildirir. Aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə 01 ədəd zərfdə qablaşdırılır. Həmin zərf möhür ilə möhürlənir. X2 Təqsirləndirilən şəxsdən avtomobilində hər hansı qanunla daşınması, saxlanması qadağan edilmiş əşyanın olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs həmin büküm kimi bir bükümün də avtomobilində olduğunu bildirir. “00407” adlı videofayla baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsin idarə etmiş olduğu qara rəngli, “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilir. Axtarış zamanı avtomobilin salonuna və arxa yük yerinə baxış keçirilir. Axtarış zamanı avtomobilin sürücü oturacağının qoltuq qoyulan hissəsindən ətir, su, qulaqlıq, əlcək qabından müxtəlix kağız parçaları aşkar olunur. Avtomobilin ön sağ sərnişin oturacağının sol tərəfdən alt hissəsindən 01 ədəd sellofan büküm aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümün üzərindən aşkar olunmuş bükümlə eyni vaxtda əldə etdiyini və eyni məqsədlə saxladığını bildirir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükümün kəsici alətlə kəsilib açıldıqdan sonra içərisinə baxış keçirilir və içərisində tünd qəhvəyi rəngli maddənin olduğu görünür. Aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə 01 ədəd zərfdə qablaşdırılır. X2 aşkar olunmuş hər iki bükümdəki maddələrin ekspertizaya göndəriləcəyini bildirir. Cinayət işinin istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 25.12.2020-cu il tarixindən 22.04.2021-ci il tarixinədək olan dövr ərzində daxil olan və çıxan zənglər, zəng edən nömrələrin sahibinin soyadı, adı, atasının adı və ünvanı, mesajların siyahısı və mətni barədə məlumatlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüşdür. Qeyd olunan məlumatlar olan 01 ədəd diskdə baxış keçrilmiş və protokol tərtib olunmuşdur. Həmin protokola görə, həmin diskdə olan “SMS Tarixçəsi **********0901 773284410” adlı, “PDF” formatlı fayldakı 10-02-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Mal kerimindi” yazısı, 01-04-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Huseyn qardawimsan pati toz kimidi hec agzinida acmamiwam vererdim sene patini.mene 1 denede torpag vererdun.alinar?” yazısı, 05-04-2021-ci il tarixli, **********63 saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Ay hosen demadem setda ol” yazısı, 05-04-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “Sene o gun Telefonda bir soz dedimey ki axtarisda olsam fikirlesmeden senin evine gelerem ama goruremki,sen qe***e (-red.) gede olmusan qoncynu bariqalar kimi danisirsan bu nece ilde birinci defeidiki,senin yanina pulsuz geldim agiz acdim omrunde burdefem 1 gunluk nisiye yarim qiram mal ver vermisen 10 defem demisen yeddi biyana yad bariqa 100 defem eleyir 1defe demir yaxsiki sene g**du (-red.) basdi bir seye agiz acmamisam neyse s***irdin (-red.) sen menimcun bu gunden so**m (-red.) se... usdumde pulum olsun mene sennen gedib gelmek serf edirdi hec olmasa oz qiymetine 5-10,qram oz qiymetine vererdiniz mene,o ki,qaldi o isnen mesgul olmaga men” yazısı, 19-04-2021-ci il tarixli, ***-***-**-** saylı mobil nömrədən daxil olmuş mesaj mətnində “QAQAW GEC OLAR? ALLAHA AND OLSUN OLURAM HALİM PİSDU” yazısı aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs və idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş ilkin kütləsi 1360,5 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 1360,2 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlama üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı Rəşad Yaqubov tərəfindən şəxsi axtarış keçirilməsi və Təqsirləndirilən şəxsin idarə etdiyi, “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22.04.2021-ci il tarixli, 6/1576 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ” yazısı olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 260,5 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar olunmuş ..” yazısı olan paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1100 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1360,5 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-kompyuter-texniki ekspertizasının 27.05.2021ci il tarixli, 5/431 saylı ekspert rəyinə görə, Təqsirləndirilən şəxs istifadəsində olmuş sensor ekran və “Android 10” əməliyyat sistemi ilə təchiz olunmuş “Huawei P40 lite E” markalı, “ART-L29” modelli, **********84151 və **********84165 İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Huawei P40 lite E” markalı, “ART-L29” modelli mobil smartfonun yaddaşından toplanmış mövcud olan və pozulmuş məlumatlar müəyyən olunub. Həmin məlumatlar ekspert rəyinə əlavə olunmuş 01 ədəd diskdə köçrülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05.07.2021-ci il tarixli, 2157 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs və idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş ilkin kütləsi 1360,5 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 1360,2 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlama üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin təhqiqatçısı Rəşad Yaqubov tərəfindən şəxsi axtarış keçirilməsi və Təqsirləndirilən şəxsin idarə etdiyi, “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Sabunçu RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 1360,2 qram narkotik vasitə olan heroin məhv edilməli, "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və idarə etdiyi, “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk, 5/431 saylı ekspert rəyinə əlavə edilmiş 01 ədəd DVD-R disk, cəmi 3 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalı, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “HUAWEİ” markalı mobil telefon onun aliə üzvlərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 22 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 167 (yüz altmış yeddi) manat 65 (altmış beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Sabunçu RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış cəmi 1360,2 qram narkotik vasitə olan heroin məhv edilsin, "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və idarə etdiyi, “Hyundai Elantra” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk, 5/431 saylı ekspert rəyinə əlavə edilmiş 01 ədəd DVD-R disk, cəmi 3 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın, hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “HUAWEİ” markalı mobil telefon onun aliə üzvlərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 167 (yüz altmış yeddi) manat 65 (altmış beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1582/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1582/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver