Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1583/2023 13.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, naməlum tarixdə tanışı satış məqsədi olmadan digər şəxsdən qanunsuz olaraq külli miqdarda 03 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,763 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 14 fevral 2023-cü il tarixdə saat 17:30-də Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nə aparılaraq, orada üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkisi 1,436 qram, 0,968 qram və 1,359 qram, külli miqdarda ümumi təmiz çəkisi 3,763 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. O, narkotik vasitədən istifadə edir. O, 14 fevral uşağı məktəbə aparırmış. O, polis əməkdaşları tərəfindən 16:30-da saxlanılmamışdır. Polis əməkdaşları onu məktəbdən qayıdan zaman Suraxanı rayonu, Ə.Dadaşov küçəsi ev 1-də məhlədə saxlamışlar. 3 nəfər polis əməkdaşı onun üzərinə baxış keçirmiş və üzərindən 0,5 qram narkotik vasitə aşkar etmişlər. X10 aparmışlar. 3 nəfər polis əməkdaşı onu döyərək 3 büküm narkotik vasitəni Polis Bölməsində üzərinə qoymuşlar. Narkotik vasitəni Nurlan adlı polis əməkdaşı üzərinə qoymuşdur. Onu döyən polis əməkdaşlarından birinin adı Nurlan imiş. O, təzyiq altında üzərində 3 qram narkotik vasitə olduğunu demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, az müddətdir ki narkotik vasitədən istifadə edir. Evlidir. 3 uşağı var. O, ən son fevral ayının 13-ü narkotik vasitə istifadə etmişdir. O, narkotik vasitəni tanımadığı şəxsdən alır. O, pinəçidir. Hadisədən əvvəl polis əməkdaşlarından Nurlanla aralarında münaqişəli vəziyyət olmuşdur. Nurlan o məhlədən keçəndə tez-tez onu saxlayıb üzərinə axtarış keçirirmiş. Onu “Sovetski” küçəsi ev 1-də, yəni öz evi tərəfdə həbs etmişlər. O, Hikmət adlı şəxsi tanımır. Ona istintaq zamanı müdafiəçi verilmişdir. Videoçəkiliş zamanı müdafiəçi hər şeyi söyləməyini təklif etmişdir. O, polis əməkdaşları tərəfindən döyüldüyü üçün 3 qram narkotik vasitəni öz üzərinə götürmüşdür. Elan olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o protokolu təsdiq etmir. O, təzyiq altında ifadə vermiş, 3 qram narkotik vasitəni 80 manata almaq mümkünsüzdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 40-cı vərəqəsində olan izahatında, 54-56 və 69-71-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...7-8 aya yaxın müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələri adını bilmədiyi şəxsdən özünün şəxsi istifadəsi üçün alır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Hikmət adlı şəxsdən şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroini şəxsi istifadəsi üçün ümumillikdə 80 (səksən) manata almış, istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-cü il tarixdə saat 17:00-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 5 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşı kimi təqdim etməklə, ondan da özünü təqdim etməsini istəmişlər. O da özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirilməsindən ötrü onlarla birlikdə 31-ci polis bölməsinə getməli olduğunu demişlər. Suraxanı RPİ-nin 31-ci PB-nə getdikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri ona izah edilmiş, özünün maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Əvvəlcə ona üzərində hər hansı bir qanunsuz olaraq əldə edilmiş maddə və ya əşya olubolmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli dəri materiallı gödəkçənin sol yan cibindən “Samsung J2” və “İtel” markalı mobil telefonları, həmin gödəkçənin sağ yan cibindən içərisində “Rothmans” markalı siqaretlər olan siqaret qutusunu və əyində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla daşıdığı 03 ədəd şəffaf sellofan bükümlərdə olan kakos kimi tanıdığı narkotik vasitə heroini təqdim etmişdir....» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, izahatı və ifadəni təsdiq etmir. O, təzyiq altında izahat və ifadə vermişdir. 3 qram narkotik vasitəni 80 manata almaq mümkünsüzdür. Məhkəmə iclasında şahid qismində dindidirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 14 fevral 2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı raportla rəhbərliyə məruzə olunmuş və rəsmi razılıq verildikdən sonra ondan və Suraxanı RPİ-nin 31-ci PB-nin sahə inspektoru, polis kapitanı Şahid2 Əyyar oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. 14 fevral 2023-cü il tarixdə saat 17:00-18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əmrulla Dadaşov küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini çıxarıb özlərini təqdim etmişlər, ondan özünü təqdim etməsini istəyəndə həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib maşının arxa qoltuğunda digər əməkdaşla birlikdə əyləşmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə aparılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə gətirildikdən sonra təhqiqatçının xidməti otağında videoçəkiliş vasitəsilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dəvət olunma səbəbi, hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs gödəkcəsinin sol cibindən 1 ədəd köhnə model telefon və 1 ədəd smartfon, digər cibindən 1 ədəd siqaret qutusu, göy rəngli cins şalvarının sağ cibində 3 ədəd bükümləri çıxarmışdır. Təqsirləndirilən şəxs bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Hikmət adlı şəxsdən cəmi 80 manata şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Hikmət adlı şəxs digər polis əməkdaşları tərəfindən müəyyən olunub məsuliyyətə cəlb olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, şəxsi axtarış keçirə bilməz. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, predmet, narkotik vasitə maddə olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Onun Təqsirləndirilən şəxs 3 büküm narkotik vasitə olan heroin təqdim etməyi yalandır. Təqsirləndirilən şəxs yalan danışır. Onlar Təqsirləndirilən şəxs üzərindən çıxan predmetin narkotik vasitə olduğunu bilmirmişlər. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs sırf onun adını çəkməyinin səbəbini dəqiq bilmir. Onu əvvəlcədən tanıya bilər, adını çəkməyi sonradan düşünə və ya hər hansı bir şəxs Təqsirləndirilən şəxs onun adını çəkməyi deyə bilər. O, Təqsirləndirilən şəxs saxlayarkən onun üzərində iddia etdiyi 0,5 qram narkotik vasitə olduğunu belə bilmirmiş ki, əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə 3 büküm narkotik vasitə qoysun. Digər əməkdaşlar tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Hikmət adlı şəxs müəyyən olunmuş, məsuliyyətə cəlb olunmuşdur. Hal-hazırda Suraxanı RPİ-də Hikmət adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə cinayət işi var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 Əyyar oğlunun ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də təhlil etmişdir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 14 fevral 2023-cü il tarixli raportundan görünür ki, Əsgərbala adlı şəxsin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əmrulla Dadaşov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci PB-nin rəisi, polis polkovniki Ülvi Məmmədovun 14 fevral 2023-cü il tarixli, 3-13-54-2/Ə29/23 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 14 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarından görünür ki, Əsgərbala adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirak etməməsini xahiş etmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri qış gödəkcəsinin sol yan cibindən “Samsung J2” markalı və “İtel” markal mobil telefonlarını, sol yan cibindən içərisində siqaretlər olan siqaret qutusunu, əynindəki göy rəngli cins şalvarının sağ cibindən içərilərində qəhvəyi rəngli kütlələr olduğu görünən üç ədəd şəffaf selofan bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümün içərisindəki maddələrin nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda, həmin bükümlərin içərisində kokos, yəni heroin kimi tanıdığı narkotik vasitə olduğunu, Hikmət adlı şəxsdən, özünün istifadəsi üçün 80 manata aldığını, üzərində daşıdığını, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd şəffaf sellofan bükümləri və mobil telefonlar bir ədəd zərfə qoyulub qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 36-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı ünvan 6 ünvana baxış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 44-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2023-cü il tarixli 6/923 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.. Təqsirləndirilən şəxs imza...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -1,436 qram, 0,968 qram və 1,359 qram, ümumi təmiz çəkisi 3,763 qram olan maddələr kustar üsulla hazırlanmış xarici görünüş əlamətlərinə və kimyəvi kimponent tərkiblərinə görə eyni olub narkotik vasitə olan-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 100-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri qış gödəkcəsinin sol yan cibindən “Samsung J2” markalı və “İtel” markal mobil telefonlarını, sol yan cibindən içərisində siqaretlər olan siqaret qutusunu, əynindəki göy rəngli cins şalvarının sağ cibindən içərilərində qəhvəyi rəngli kütlələr olduğu görünən üç ədəd şəffaf selofan bükümlərini çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi 03 ədəd bükümün içərisindəki maddələrin nə olması və nə vaxt, necə əldə etməsi barədə soruşulduqda, həmin bükümlərin içərisində kokos, yəni heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddələri Hikmət adlı şəxsdən, özünün istifadəsi üçün 80 manata aldığını, üzərində daşıdığını, narkotik vasitələrdən istifadə etdiyini, təqdim etdiyi mobil telefonların birində ***-***-**-** mobil nömrənin olmasını, digərində isə mobil nömrə olmadığını bildirməsi, şəxsi axtarışın davam etdirilməsi, başqa hər hansı bir əşya, maddə aşkar edilməməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi üç ədəd bükümlər zərfdə qablaşdırılaraq üzəri imzalarla təsdiq olunması müəyyən olunur. Cinayət işinin 150-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bak şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 06 iyun 2023cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3,763 qram olan narkotik vasitə heroini əldə etdiyi şəxsin X4 olduğu müəyyən edildiyindən və Hikmət Cabbarov barəsində tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işnin istintaqı aparıldığından hazırki cinayət işindən mənbəyə görə material ayrılmasının lüzumsuz olması qərara alınmışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həqiqətən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və özündə saxlaması öz təsdiqini tapmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə və saxlamaya tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş külli miqdarda narkotik vasitə və ya psixotrop maddənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Cinayət işi materiallarına əlavə edilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 14 fevral 2023-cü il tarixli raportunda Əsgərbala adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat daxil olması göstərilsə də, (iş vərəqə 4) 14 fevral 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarında yalnız Əsgərbala adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumatın daxil olması göstərilmişdir. (iş vərəqə 7) Göründüyü kimi, təhqiqat dövründə Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş qərarda Təqsirləndirilən şəxs yalnız qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumatın daxil olması əks edilmişdir. Bundan başqa, cinayət işinin 40-cı vərəqəsində olan izahatında, 54-56 və 69-71-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...7-8 aya yaxın müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitələri adını bilmədiyi şəxsdən özünün şəxsi istifadəsi üçün alır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Hikmət adlı şəxsdən şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroini şəxsi istifadəsi üçün ümumillikdə 80 (səksən) manata almış, istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. Narkotik vasitəni özünün istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. ...» Məhkəmə baxışında dindirilərkən də Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir, o, narkotik vasitə istifadəçisidir, narkotik vasitəni satış məqsədi ilə almamış, və satmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Əyyar oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə əməliyyağ məlumatı olmasını, lakin satışı ilə məşqul olması barədə hər hansı sübut əhəmiyyətli dəlillər təqdim etməyərək bildirmişlər ki, təqsirləndirilən şəxs Əsgərbalə Bayramov şəxsi axtarış zamanı narkotik vasitələrin narkotik vasitə istifadəsi üçün əldə etməsini göstərmişdir. Göründüyü kimi, iş üzrə dindirilmiş şahidlər Şahid2 və Şahid1 ibtidai araşdırma dövründə və məhkəmə baxışında qeyd edilən narkotik vasitəni Təqsirləndirilən şəxs tərəfinədn satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişlər. Təqsirləndirilənin və şahidlərin bu ifadələrini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Həmçinin, ibtidai istintaq dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə sübut əhəmiyyətli hal müəyyən edilməmişdir. Belə ki, cinayət işinin 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci Polis Bölməsindən daxil olmuş 02 mart 2023-cü il tarixli, 098-3-13-54-2/2-4552/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin 37-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 fevral 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvana baxış aparılmış, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin şəxsi axtarışı özündə əks etdirən DVD diskə baxış zamanı müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs sorğu zamanı narkotik vasitəni özünün istifadəsi üçün 80 manata aldığını, üzərində daşıdığını, narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan əlavə, cinayət işinin 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi X2 tərəfindən tərtib edilmiş 18 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, ibtidai istintaq dövründə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilən zaman, həmin mobil telefonun “whatsapp” mobil tətbiqində Təqsirləndirilən şəxs “Hikmetttt Cinnn” adı ilə qeydiyyata alınmış ***-***-**-** nömrəsinə aşağıdakı məzmunda mesajlar göndərdiyi göstərilmişdir; -“Oyaqsan qaqaş yatmamısan, daş lazım idi onuncun yazdım, qaqaş evdəsən Torpaq isteyirdim gelim” -“Evdəsən qaqaş nəysə var nə vaxta düzələr” “Hikmetttt Cinnn” adı ilə qeydiyyata alınmış şəxs isə cavabında, “yoxee hələki yox qurtarıb zakaz vermişəm deyirəm yoxdur, kola var kola istəyirsən çıx qapıya” məzmunlu mesaj göndərməsi qeyd olunur. Göründüyü kimi həmin protokolda qeyd olunan mesajların mətnlərindən Təqsirləndirilən şəxs öz istifadəsi üçün narkotik vasitə istəməsi müəyyən edilir. Lakin, ibtidai araşdırmanı aparan müstəntiq tərəfindən protokolda qeyd olunan mesajlarla bağlı “whatsapp” mobil tətbiqindən hər hansı çıxarış cinayət işi materiallarına əlavə etməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonun ibtidai istintaqın sonunda maddi sübut kimi saxlanca verilib-verilməməsi, yaxud təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılıbqaytarılmaması barədə hər hansı sənədi cinayət işi materiallarına əlavə etməmişdir. Bundan əlavə, cinayət işinin 120-122-ci vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 5(010)-203/2023 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zəng, sms, anten dairəsi məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Lakin, cinayət işi materiallarına qərarda qeyd edilmiş ***-***-**-** nömrəli mobil telefonun həqiqətən, Təqsirləndirilən şəxs adına qeydiyyata alınıb-alınmaması barədə məlumat mövcud deyildir. Həmçinin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 5(010)-203/2023 saylı qərarının icrasının nəticəsi barədə də hər hansı material cinayət işi materiallarına əlavə edilməmiş. Ümumiyyətlə hazırki cinayət işindən hansısa material və ya cinayət işi ayırılıb-ayırılmaması, «Hikmət» adlı şəxsin dindirmə protokolu, Təqsirləndirilən şəxs narkotik vasitələrin satıb-satmaması barədə hansısa araşdırma aparılıb-aparılmaması öz əksini tapmamışdır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının 16 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələrin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda iki qram və ondan artıq miqdarda «heroin» isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2 maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman, ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək üzərindən yalnız 0,5 qram narkotik vasitə aşkar edildiyini, o, polis əməkdaşları tərəfindən döyüldüyü üçün 3 qram narkotik vasitəni öz üzərinə götürdüyünü, Hikmət adlı şəxsi tanımadığını, ondan narkotik vasitə almadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verərək, üzərindən çıxan narkotik vasitənin qramı ilə bağlı inkaredici ifadələrini, araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ-nin 31-ci PB-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına, Bakı şəhəri, Suraxanı rayon prokurorluğuna və Suraxanı RPİ-nin 31-ci X6 Saxlama Yerinə sorğu ilə müraciət edilmişdir. Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsindən daxil olmuş 31 iyul 2023-cü il tarixli, 3-13- 54-2/2-6/53/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs PŞ-nə gətirilən zaman üzərində hər hansı xəsarət izi olmamış və PŞ-də ona qarşı hər hansı işgəncə, təzyiq olunmamış və barəsində tibb kart tərtib olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 01 sentyabr 2023-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman həkim müayinəsindən keçirilmiş, sonuncu xəsarət aldığını bildirsə də, onda yeni xəsarət izləri aşkar edilməmişdir. Bakı şəhəri, Suraxanı rayon prokurorluğundan daxil olmuş 31 iyul 2023-cü il tarixli, 569-x-23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə rayon prokurorluğuna hər hansı müraciət daxil olmamış və araşdırılma aparılmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verərək, üzərindən çıxan narkotik vasitənin qramı ilə bağlı inkaredici ifadələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadələrinin həmin hissədə təkzib olunduğu, ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin həmin hissəsinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığı qənaətinə gəlir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oglunun həmin ifadələrinin məhkəmədə araşdırılıb öz təsdiqini tapmış sübutlara deyil, onun subyektiv mülahizələrinə əsaslanan və özünün müdafiəsinə yönələn cəhdlər kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 115-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 144-145-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 may 2023-cü il tarixli 2853 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 147-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 şəxsinin 29 aprel 2023-cü il tarixli, 1169 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs oğlu cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 14 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 22-ci vərəqəsində olan 14 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 96-99-cu vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 4(010)-70/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 3,463 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 3,463 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1583/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1583/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver