Məhkəmə qərarları › İş №1(101)-1584/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1584/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1584/2022 17.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1994-cü il oktyabrın 14-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin yanğınsöndürəni işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla üzərində daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda dörd ədəd bükümdə ayrı-ayrılıqda 0,497 qram, 0,964 qram, 0,530 qram və 0,751 qram, ümumilikdə 2,742 qram təmiz çəkidə qəhvəyi rəngli maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 2022-ci il aprelin 26-da saat 19:00-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən həmin dörd ədəd bükümdə göstərilən çəkidə eyni tərkibli narkotik vasitə heroin və sol yan cibindən səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, üç ildən çoxdur narkotik vasitə heroin istifadə edib həmin maddənin satışını həyata keçirməsə də bəzi vaxtlarda tanışlarına hədiyyə kimi vermişdir. Tutularkən üzərində yalnız elektron tərəzi olmuş, ittiham edildiyi iki qram narkotik vasitə heroin olmamış, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edildiyi üçün ibtidai istintaqdakı sənədləri imzalamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il aprelin 26-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olan məlumatın yoxlanılması məqsədi ilə ondan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, göstərilən tarixdə saat 19 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəbli küçəsində yerləşən evin yaxınlığında saxlanıb polis şöbəsinə gətirilmişdir. Orada videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunan əşya varsa, təqdim etməsi təklif olunduqda sonuncu əynindəki göy rəngli şalvarın sağ yan cibindən dörd ədəd şəffaf sellofan bükümü, sol yan cibindən bir ədəd elektron tərəzini və bir ədəd «Samsung Duos» markalı mobil telefonu təqdim etməklə bükümlərin içərisindəki narkotik vasitə heroini 2022-ci il aprelin 24-də saat 19 radələrində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün 60 manata əldə edərək üzərində saxlayıb daşıdığını bildirmişdir. Aşkar edilən maddələr, tərəzi və telefon zərflərə qoyulmaqla möhürlənib götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmiş, heç bir şikayət, təklif, qeydlər daxil olmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı təsir, təzyiq və ya zor tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyən Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahatda və şübhəli şəxs qismində ifadədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qismən etiraf etməklə üç il müddətdir narkotik vasitə heroini tanımadığı şəxsdən eldə etməklə inyeksiya yolu ilə qəbul etdiyini, 2022-ci il aprelin 24-də saat 19 radələrində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifadəsi üçün 60 manata dörd ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroin alaraq üzərində saxladığını, 2022-ci il aprelin 26-da saat 19 radələrində yaşadığı evin yanında olduğu vaxt özlərini polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslərin yaxınlaşıb narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə onu dəvət etdikləri Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən onun geyindiyi göy rəngli şalvarın sağ yan cibindən dörd ədəd bükümü, sol cibindən isə bir ədəd elektron tərəzi və bir ədəd «Samsung Duos» markalı mobil telefonu çıxararaq təqdim edib bükümlərdəki narkotik vasitə heroini necə əldə etdiyini izah etdiyini, aşkarlanların zərflərə qablaşdırılmaqla tərtib edilən protokolun düzgünlüyünün iştirakçıların imzaları ilə təsdiq edildiyini; 2022-ci il aprelin 28-də və 2022ci il avqustun 03-də təqsirləndirilən şəxs qismində ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilmədiyini, tutularkən üzərində narkotik vasitə və elektron tərəzi olmadığını, həmin maddə və predmet ona polis əməkdaşları tərəfindən verilsə də sonuncuların onu hər hansı bir formada zorakılığa məruz qoymadıqlarını, polis şöbəsində döyüləcəyindən qorxduğundan narkotik vasitənin və tərəzinin ona aid olduğunu, əvvəllər maddi imkanı yaxşı olmadığından müxtəlif şəxslərə narkotik sataraq ehtiyaclarına sərf etdiyini, bununla bağlı olan telefonundakı yazışmaların ona məxsus olduğunu bildirmişdir (1-ci cild, iş vərəqi 39-40, 61-63, 78-80, və 182-184). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin 2022-ci il 26 aprel tarixli raportlarından, eyni tarixli Ə37-097-22 №-li əməliyyat qrupunun yaradılması barədə əmrindən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və əməliyyat qrupunun təşkil edilməsi barədə protokolundan, habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2022-ci il 28 aprel tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində saxlaması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyataxtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2022-ci il aprelin 26-da saat 19:00-da yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlanmaqla idarəyə gətirilmiş, məhkəmə həmin qərarı qanuni hesab etmişdir (1-ci cild, iş vərəqi 3-7, 10 və 64-65). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin 2022-ci il aprelin 26-da tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun ailə üzvlərinə məlumat vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 23). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2022-ci il 26 aprel tarixli razılıq ərizələrindən, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin tərtib etdiyi eyni tarixli və Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 05 avqust tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində dörd ədəd şəffaf rəngli sellofan bükümü və sol yan cibindəki bir ədəd elektron tərəzini, bir ədəd «Samsung Duos» markalı mobil telefonu təqdim edərək bükümlərdə olan narkotik vasitə heroini 2022-ci il aprelin 24-də saat 19 radələrində adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından özü istifadə etmək üçün 60 manata alıb üzərində saxlamaqla daşıdığını, elektron tərəzini isə narkotik vasitə istifadə etdiyi zaman dozanı aşmamaqdan ötrü üstündə daşıdığını bildirmiş, aşkarlananlar zərflərə qablaşdırılaraq üzərləri möhürlənib götürülmüş, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən heç bir predmet müəyyən edilməmiş, tərtib edilən protokolların düzgünlüyü iştirakçılar tərəfindən imzalanmış, şikayət, təklif, qeydlər və düzəlişlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış keçirildikdə qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 31, 33-35, 41- 43 və 198-199). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 27 aprel tarixli 6/2425 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 №-li zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 497 qram, 0,964 qram, 0,530 qram və 0,751 qram, ümumi təmiz çəkisi 2,742 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik maddə heroinə məxsus iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır, narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalığı 2,642 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 81 manatdır (1-ci cild, iş vərəqi 49-52). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 28 aprel tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 66-67 və 69- 70). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2022-ci il 28 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il aprelin 26-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 91-95). İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 2022-ci il 20 may tarixli xx/xx-00869 №-li məktubundan görünür ki, daxili xidmət çavuşu Təqsirləndirilən şəxs 2014-cü il iyunun 11-dən fövqaladə hallar orqanlarında, 2014-cü il sentyabrın 19-dan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 54 nömrəli Yanğından mühafizə hissəsinin 37 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində xidmət etməklə sonuncunun hərbi qulluqçu statusu yoxdur (1-ci cild, iş vərəqi 101). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 14 iyun tarixli qərarından görünür ki, Natiq oğlu Qəhrəmanovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 2,642 qram çəkidə qalığı və bir ədəd qara rəngli elektron tərəzi maddi sübut kimi tanınmaqla saxlanılması üçün idarənin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 102-103). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 29 iyun tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd «Samsung Duos» markalı mobil telefona baxış vaxtı qalereya bölməsindəki «WhatsApp» proqramında ağacın gövdəsinin dibində əzilmiş siqaret qutusuna bənzər predmeti işarə etdiyi, sonradan telefonun xüsusi funksiyası ilə çəkilmiş qırmızı rəngli ox olan fotoşəkil, bir qədər uzaqdan çəkilməklə ilk şəkildəki yerlə eynilik təşkil edən ağ rəngli avtomobil, onun yanında ağac və eyni qaydada ağacın dibini işarə etdiyi, telefonun xüsusi funksiyası ilə çəkilmiş qırmızı rəngli ox olan fotoşəkil, mesajlar bölməsində +**********00 mobil nömrəsindən 2022-ci il aprelin 26-da saat 19:10-da daxil olan «Qaqa bir 10», saat 14:20-də +**********37 mobil nömrəsindən daxil olan «Avaraçılıq cox eliyirsiz muğayat olun. Yigma gelendeyee ele ona g zeng eledim ki yer goy yanır muğayat ol ay qaqas» mesajları aşkar olunmuş, fotoşəkillərin kserosurətləri protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 138-142). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2022-ci il 04 iyul tarixli 5982 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır (1-ci cild, iş vərəqi 149). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyulun 15-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 150- 151). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Bakı Şəhər Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 20 iyul tarixli 3130 №-li və « Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2022-ci il 29 iyul tarixli xx/xx-10265 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs həmin müəssisələrdə qeydiyyatda yoxdur (1-ci cild, iş vərəqi 152 və 201). İş materiallarındakı Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi inzibati ərazi üzrə nümayəndəsinin tərtib etdiyi 2022-ci il 27 iyul tarixli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 164). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 02 avqust tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 27 iyul tarixli AZF/LGL-14141/22 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə «Etıbar. Qaqas yığıb de yır ki sehere. Mene 05 das isdiyrem. 20 man. Pulu. Var. X5. 20 ye vermirem. Hekime didı aradan ele alaram hemse» məzmunlu və ***-***-**-** mobil nömrəsinə «Özüve aid olan atra. X6 yoxumdu bir falqs malum. Vsr» məzmunlu mesajların göndərilməsi; Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən «Nicat bidene ağaya dinenki elsende poverbank var verim ona bidene yarım versinde mene. Hecneyimiz yoxumuzdu indiyede sehere mestannan qalmiwiq avara», ***-***-**-** mobil nömrəsindən «Menim elimi bow qoyma sene gundelik pad riyad hergun 100 manat vermiyen *** olar lap o qaqawa denen o sene el yetirsin teki meni bow saxlamiyin», ***-***-**-** mobil nömrəsindən «Allah rehmet elesin bele elimden gelen nese var qullugindayam xiyar ozunsen yari lazımdı ozume tecili suretde», ***-***-**-** mobil nömrəsindən «Gəl bura burda duzəldərik payanik burdadı birdəki faiq deyir ki 5 manatı versey axşamda qalanın 1 dənə yarım verə bilər diyir isdiyir işə çatan kimi karta vurum isdiyir axşam gələndə özüne verim necə isdiyiirsən», ***-***-**- ** mobil nömrəsindən «Emioglu cixmisuz?? Bawiva donerem biraz tezdewdirunde qerdewimsuz? Seher telefonuvu qardawimsan aciq saxla. Men duran kimi yigiciyam sene. Cunki mende pul olacaq. Olacaq yoxe lap acigi var uje. Prosta sehe royaq olki tapabilimmde men seni», ***-***-**-** mobil nömrəsindən «Man evdayamda qaqa tema olan kimi xabar ela mana 20 saxlamışam gozduyuram sani», 70-882-30-31 mobil nömrəsindən «qaqa fiti draznit olub seher 10verecey pakrivat eliye bilirsen onu vermese meniydi narahat olma gor alindira bilirsenwe eliynen olacaydim gelib ele siz terefde oturub cekerdiy birazda sende imkan olsa divij eliyersen», ***-***-**-** mobil nömrəsindən «Qaqaw hardasan gor alinar seher 11 e kimi ver 11 de 30 verim sene», ***-***-**-** mobil nömrəsindən «Özüve aid olan atravadan bir falqalig pay qoyda qaqawincun sabah cixaram xecaletinnen. Cix abideni dondum 03 de das qoy 14 manat var onuda verim opsi 74 manat», ***-***-**-** mobil nömrəsindən «Patı var», ***-***-**-** mobil nömrəsindən «Acda neqd verecem pul tapdimda. Nicat aqriyiram sende acmirsan yaxwu hereket etmirsen sene dedim pul tapmiwam ac», ***-***-**-** mobil nömrəsindən «evdesen yatmisan yoxsa oyaqsan??? Bidene kofe lazimdiye qram mene. Nece eliyey emiogli???», ***-***-**-** mobil nömrəsindən «Qaqa meni now avara eledun bele qayitmisam pesqom zeytuna seni gozduyurem 10 nug hazirdi gelirsen? gozduyum?», ***-***-**-** mobil nömrəsindən «Qardaşım götür söz diyrem temada lazımdı 10 luq torpaq 45 man vercem 3 meti 1 dene de torpaq evdeyem», ***-***-**-** mobil nömrəsindən «Ay Nicat quzu keserem bax yaxwi qoy onun yanina 3-4tu daw qret edersende», ***-***-**-** telefon nömrəsindən «Sen 20ye yarimi düzüb qoşa bilirsen menumçun ya nece?10 tapim yarsi hazirdi. Yarsin tapdim pulun», ***-***-**-** telefon nömrəsindən «Qaqawimdawin usdunnen 2 falqalig gotur ayri qoy zehmet olmasa birde axsama kimi iw goreceyik qurban olum cekisine nezaret ele ki yaxwi olsun herwey», ***-***-**-** mobil nömrəsindən «Nici aganin yanında isdemirem diyim yari cole at ora birqzdan verem» və «Utanıram», ***-***-**-** mobil nömrəsindən «Qaqa bir 10» məzmunlu mesajların daxil olması aşkarlanmış, CD diski cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 165-168). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 07 iyul tarixli 3700 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimuyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 170-171). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixioloji ekspertizasına dair 2022-ci il 30 iyul tarixli 2007 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, sonuncunun emosional sferasında qıcığa qarşı həssaslıq müəyyənləşdirilməklə hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild, iş vərəqi 173-176). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun tərtib etdiyi 2022-ci il 05 avqust tarixli protokollardan görünür ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiqləmişlər, sonuncu onların dediklərini təkzib edərək tutularkən üzərində narkotik vasitə və tərəzi olmadığını, qeyd olunanları Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində olan zaman polis əməkdaşlarının ona verdiklərini, qorxduğu üçün narkotik vasitənin və tərəzinin ona məxsus olduğunu bildirdiyini göstərmişdir (1-ci cild, iş vərəqi 192-197). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 2022-ci il 22 iyul tarixli 1/2063 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən tibb müəssisəsinə müraciət etməmişdir (1-ci cild, iş vərəqi 200). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin 2022-ci il 06 avqust tarixli 097-9617-1222 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan alması, kimlərə satmaq istəməsi, mütəmadi kimlərlə birlikdə olması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (1-ci cild, iş vərəqi 202). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun 2022-ci il 08 avqust tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 206.3.2.ci və 234.4.1.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin təqdiqatdan sonrakı 2,642 qram çəkidə qalığı və bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə, bir ədəd «Samsung Duos» markalı mobil telefon saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmiş, bir ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 203-218). Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 2022-ci il 30 sentyabr tarixli 20-12/627 №-li məktubu ilə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin məhkumun tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı yeni zədə və xəsarət əlamətləri izlənilməmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanaraq barəsində bəraət hökmünün çıxarılmasına nail olmağa çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici ifadələri, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, cavanlığını, yaşadığı yer üzrə barəsində şikayət daxil olmadığını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 2,642 qram çəkidə qalığı və bir ədəd elektron tərəzi məhv edilməli, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkarlanan bir ədəd «Samsung Duos» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmalı, bir ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 81 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 10 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il aprelin 26-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il aprelin 26-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 81 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 60 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin təqdiqatdan sonrakı 2,642 qram çəkidə qalığı və bir ədəd elektron tərəzi məhv edilsin, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkarlanan bir ədəd «Samsung Duos» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılsın, bir ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar