Məhkəmə qərarları › İş №1(101)-1585/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1585/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1585/2024 12.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1998-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Şürük ərazi dairəsinin Türkəkəran kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 6,174 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 14 noyabr 2023-cü il tarixdə saat 21:20 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin Cinayət Axtarış Şöbəsinin və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Mida» yaşayış kompleksinin inşaatçılar küçəsində yerləşən 5 nömrəli binanın qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,174 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, onun üzərində aşkar olunan psixotrop maddənin miqdarı ilə, ittiham aktında qeyd olunuan miqdar fərqlidir, üzərində 5 qram olub. İttiahym aktında digər qeyd olunan məlumatlar hamısı düzgün yazılmışdır. İş yerində olan bir nəfər müştəri ona nömrə vermiş, o da həmin şəxsdən maddə almışdır. Əvvəllər narkotik vasitədən çox istifadə etməmişdir. Narkotik vasitəni tutulmamışdan iki gün əvvəl 5 qram adı ilə almışdır. Polislərə təqdim etdiyi bükülü eyni bükülü olmuşdur. 1 qram artıq çıxmasının səbəbini bilmir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, 14 noyabr 2023-cü il tarixdə saat təxminən 21:20 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinin inşatçılar küçəsində yerləşən 5 nömrəli binanın qarşısında olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirmiş üzərinə şəxsi axtarış və götürmə aparlıması zərurəti ilə bağlı Suraxanı RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış onlar ilə birlikdə Suraxanı RPİ-nə gəlmiş. Suraxanı RPİ-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşıdığı bir ədəd büküm psixotrop maddə metamfetamini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmiş. Polis əməkdaşları təqdim etdiyi bir ədəd büküm kütlənin nə olduğunu ondaq soruşmuş o təqdim etdiyi bir ədəd büküm kütlənin psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığı bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərində saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra isə üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitənin istifadəsi ilə bağlı məlumat daxil olmuş, əməliyyat qrupu yaradılaraq təqsirləndirilən şəxs Mida yaşayış kompleksinin yaxınlığında saxlanılaraq idarəyə dəvət edilmişdir. İdarədə iaə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərindən metanfetamin aşkar olunmuşdur. Məhkəmə iclası zamanı verilən suallara cavab olaraq isə bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 noyabr 2023-cii il tarixdə Sadir adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı RPİdə əməliyyat məlumatı daxil olmuş. Həmin şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Bundan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış həmin qrupun üzvü Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid3 təyin olunmuşdur. Həmin gün daxil olmuş məlumat əsasında saat təxminən 21:20 dəqiqədə Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksinin inşaatçılar küçəsində yerləşən 5 nömrəli binanın qarşısında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etdikdən sonra həmin şəxsində özünü təqdim etməsini xahiş etmiş. Həmin şəxs özünü onlara təqdim edərək adı və soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Suraxanı Rayon Polis İdarəsinə dəvət etmiş. Həmin şəxs heç bir etiraz etməmiş onlar ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. Suraxanı RPİ-də Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuş. Təqsirləndirilən şəxs əynində olan goy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bir ədəd büküm psixotrop maddə olan metamfetamindir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Suraxanı RPİ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs ıynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ümumillikdə 01 ədəd şəffaf rəngli sellofanda kütlə olan bükümü təqdim edərək həmin bükümün içərisindəki kütlənin “metamfetamin” kimi tanıdığı narkotik vasitələrin olduğunu bildirdi.Təqdim edilmiş 01(1) ədəd şəffaf rəngli sellofanda içərisinə baxış keçirilərkən içərisində ağ rəngli metamfetaminə bənzər maddə aşkar edildi. Sorğu zamanı həmin maddəni bu gün yəni,xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan Babək adlı şəxsdən 250 manat pul ödəyərək şəxsi istifadəsi üçün əldə etmiş üzərində saxlamaqla daşımışdır.Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində “metamfetamin” maddə olan ümumilikdə 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd qəhvəyi zərfdə qablaşdırılıb möhürlənərək götürüldü. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində qara rəngli dəri çantasından iki ədəd flakon ətir,bir ədəd şəhadətnamə,bir ədəd vəsiqə,bir ədəd hərbi bilet,bir ədəd avtomobil açarı,bir ədəd sürücülük vəsiqəsi,bir ədəd dəmir ismlik,əynində göy rəngli cins şalvarınım sol yan cibindən “Redmi” markalı telefon və həmin şalvarın sol arxa cibindən 1 manat əskinazı 11 manat pul aşkar olmuşdur. Şəxsi axtarış dəvam etdirilən zaman Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 14 noyabr 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “Redmi” markalı mobil telefon X3 təhvil verilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16- 16/2-6/6006 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs Zakir oğlunun üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 6,174 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,124 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 7881 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatordan epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin bir hissəsinin ona məxsus olmadığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və yaxud da psixoloji təzyiqlər edilmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddənin bir hissəsinin ona məxsus olmadığı barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsi) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq aparılan cinayət işi üzrə icraata xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü (CM-73.2) maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 6,124 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “Redmi” markalı mobil telefonun X3 xx.xx.2024-cü il tarixdə qəbz əsasında təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 6,124 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd “Redmi” markalı mobil telefonun X3 (qəbz əsasında) təhvil verilməsi - qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 65 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar