Məhkəmə qərarları › İş №1(101)-1587/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1587/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1587/2021 23.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Türkan qəsəbəsi, Yeni Yaşayış massivində yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış 2,235 qram çəkidə narkotik vasitə olan heroin əldə edib 4 ədəd sellofan bükümlərə, eləcə də 0,734 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib bir ədəd kağız və iki ədəd sellofan bükümlərə ayıraraq bir ədəd üzərində “Balabanovski” yazısı olan kibrit qutusuna yığıb saxlamaqla daşımış, 11 may 2021-ci il tarixdə saat 19:55-də Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Hövsan yolu istiqamətində yerləşən “Türkan sahili” restoranından 40 metr məsafədə saxlanılaraq 1-ci Polis bölməsinə gətirilmiş və orada həmin gün saat 21:20-də üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd üzərində “Balabanovski” yazısı olan kibrit qutusunda yığıb saxladığı həmin 4 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,433 qram, 1,143 qram, 0,242 qram, 0,417 qram, ümumi təmiz çəkisi 2,235 qram, yəni külli miqdar təşkil edən, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd qırmızı siqaret kağızına bükülmüş və iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,363 qram, 0,231 qram və 0,140 qram, ümumi təmiz çəkisi 0,734 qram təşkil edən, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Türkan qəsəbəsində yaşayır və bazarda göyərti məhsulları satmaqla məşğuldur. O, narkotik vasitə istifadəçisidir. Narkotik vasitələr olan heroin və metamfetamini İran İslam Respublikası vətəndaşı olan Əli adlı şəxsdən almışdır. O, Əlinin bank hesabına pul yükləmiş, Əli isə narkotik vasitəni qoyduğu yerin şəklini ona göndərmişdir. 1 ay müddətində Əlidən narkotik vasitə almışdır. O, Əli ilə “instagram” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Əlinin özü ona “instagram” sosial şəbəkəsi vasitəsilə yazıb narkotik vasitə təqdim etmişdir. Hadisənin baş verdiyi gün işdən çıxıb evə gedən zaman “Hövsan” ticarət mərkəzinin qarşısında polis əməkdaşları onu saxlayıb Polis bölməsinə aparmışlar. Polis onu saxlayan zaman saxlama səbəbi kimi üzərində narkotik vasitə daşımağını göstərsə də, onun üzərində 170 manat pul olmuş, lakin narkotik vasitə olmamışdır. Əmindir ki, polislərin onu saxlamasına səbəb qız dostunun anasının şikayəti olmuşdur. Belə ki, qız dostumun anası qızı ilə onun sevgi münasibətində olmağına etiraz etmiş, qız dostunu anası tapa bilməmiş və onun qızı qaçırdığından şübhələnmişdir. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, iranlı Əli ona narkotik vasitə satmağını təklif etməmiş, onun üzərinə videoçəkilişlə baxış keçirməmişdən əvvəl müstəntiq kibrit qutusunda olan narkotik vasitəni zorla cibinə qoymuş və çəkilişi həyata keçirmişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhərinin Türkan qəsəbəsində yaşamışdır. Subaydır, işləmir. Təxminən bir ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitəni isə Baki şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Tutulmamışdan təxminən bir həftə əvvəl Xırdalan şəhərinə getmiş, orada təsadüfən bir İran İslam Respublikasının vətəndaşı ilə rastlaşmışdır. Həmin şəxsi əvvəllər tanımamış, nə də onunla hər hansı bir münasibəti olmamışdır. Həmin şəxs onun narkotik vasitə heroindən istifadə etdiyini bilmiş və ona narkotik vasitə satmağı təklif etmişdir. O, həmin şəxsdən bir neçə bükümdə narkotik vasitə heroin və bir neçə bükümdə psixotrop maddə metamfetamin alıb kibrit qutusunun içərisinə yığmışdır. Həmin narkotik vasitə və psixotrop maddəyə görə iranlıya 80 manat pul vermişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri daimi olaraq üzərində saxlamışdır. 11 may 2021-ci il tarixdə saat təxminən 20 radələrində Türkan qəsəbəsində Hövsan yolu istiqamətində olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərinin Xəzər rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları olduqlarını və onun narkotik vasitə əldə edib saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları onun üzərində şəxsi axtarış keçiriləcəyini izah etmiş və buna görə də onu Xəzər RPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Polis bölməsinə getmişdir. Xəzər RPİ-nin 1-ci PB-nə gətirildikdən sonra onun üzərində şəxsi axtarış keçirilməsi üçün o, müdafiəçi ilə təmin olunub şübhəli şəxs qismində tutulmuşdur. Bununla bağlı hüquq və vəzifələri ona izah olunmuşdur. Eləcə də əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və üzərində şəxsi axtarış keçirilməsi barədə qərarla da tanış olmuşdur. Daha sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Keçirilmiş şəxsi axtarış zamanı onun üzərində qanunla qadağan edilən əşya olub-olmaması soruşulmuş və olduğu təqdirdə masanın üzərinə qoyması təklif edilmişdir. O isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd üzərində “Balabanovski” yazısı olan kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda onun içərisində 4 ədəd sellofan bükümdə əldə etdiyi narkotik vasitə heroin və qırmızı rəngli bir kağız bükümdə, eləcə də daha iki ədəd sellofan bükümdə əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı aşkar edilmiş maddələri Xırdalan şəhərində üzdən tanıdığı, lakin əvvəllər münasibəti olmadığı İran İslam Respublikası vətəndaşından 80 manat əvəzində aldığını və istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə qablaşdırılmış və üzəri möhürlənərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunub ucadan oxunmuşdur. O və digər iştirakçılar heç bir etiraz etmədən protokolu imzaları ilə təsdiq etmişlər (cild 1, iş vərəqi 61-63). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 may 2021-ci il tarixdə ona məxfi mənbədən Türkan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, saxlanması, satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, bu barədə raportla idarə rəhbərliyinə müraciət etmiş, daha sonra məlumatı yoxlamaq üçün razılıq verildikdən sonra əldə etdiyi əməliyyat məlumatlarına əsasən tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, qərar əsasında ondan və işlədiyi bölmənin sahə rəisi Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik isə onun tərəfindən həyata keçirilmişdir. Qrup rəhbəri kimi əməliyyat tədbiri keçirilməmişdən qabaq Şahid1 onun tərəfindən təlimatlandırılmış, daha sonra məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs qanunazidd əməllərinin ifşa edilməsi məqsədi ilə onun olduğu yer barədə məlumat əldə edib birlikdə getmişlər. Türkan-Hövsan yolu istiqamətində, “Türkan sahili” restoranından təxminən 40 metr məsafədə zahiri görünüşündən Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin orada olduğunu görüb saat təxminən 19:55-də ona yaxınlaşmışlar, özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib daşımasında şübhəli olduğunu bildirdikdən sonra Pəlvanı Xəzər RPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və o, heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nin 1-ci PB-nin inzibati binasına gəlmişdir. Pəlvan növbətçi hissəyə təhvil verilmiş, narkotik vasitə əldə edib daşımasında şübhəli olduğu üçün təhqiqatçı dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin oldunduqdan sonra şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona hüquq və vəzifələri izah olunmaqla təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə, eləcə də üzərində şəxsi axtarış, baxış və götürmə haqqında qərarla tanış edilmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış videoçəkilişlə idarənin inzibati binasında təhqiqatçı Şahın Mustafayevin xidməti otağında keçirilmişdir. Videoçəkiliş isə onun tərəfindən videokamera vasitəsi ilə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya sənəd olubolmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən əynində olan şalvarın cibindən bir ədəd kibrit qutusunu təqdim etmiş, həmin kibrit qutusu masa üzərinə qoyulmuş və içərisinə baxıldıqda içərisində 6 ədəd sellofan və bir ədəd qırmızı rəngli siqaret kağızı bükümü aşkar edilmişdir. Daha sonra Şahid1 tərəfindən həmin bükümlər açılmış və dörd ədəd sellofan bükümdə qəhvəyi rəngli tozşəkilli maddə və 2 ədəd sellofan bükümdə və bir ədəd qırmızı rəngli siqaret kağızı bükümündə ağ rəngli kristalvari maddə müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin heroin olduğunu və satmaq üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmə və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış keçirilməsi haqqında 11.05.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 6 ədəd sellofan bükümü və bir ədəd siqaretin qırmızı rəngli kağız bükümü təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 4 ədəd sellofan bükümdə narkotik vasitə heroin, qalan 2 ədəd sellofan bükümdə və bir ədəd qırmızı rəngli kağız bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin narkotik vasitəni və psixotrop maddəni isə tanımadığı milliyətcə iranlı olan şəxsdən aldığını və şəxsi istifadəsi və satış üçün üzərində saxladığını qeyd etmişdir (cild 1, iş vərəqi 26-27). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş baxış keçirilməsi haqqında 13.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən CD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 6 ədəd sellofan bükümü və bir ədəd siqaretin qırmızı rəngli kağız bükümü təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 4 ədəd sellofan bükümdə narkotik vasitə heroin, qalan 2 ədəd sellofan bükümdə və bir ədəd qırmızı rəngli kağız bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin narkotik vasitəni və psixotrop maddəni isə tanımadığı milliyətcə iranlı olan şəxsdən 80 manat müqabilində aldığını bildirmişdir (cild 1, iş vərəqi 75). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12.05.2021-ci il tarixli, 6/1902 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün N57” möhür əksi, “vət. Təqsirləndirilən şəxs“ və s. yazılar olan zərfdəki 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,433 qram, 1,143 qram, 0,242qram, 0,417qram, ümumi təmiz çəkisi 2,235 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 04 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,363 qram, 0,231 qram, 0,140 qram, ümumi təmiz çəkisi 0,734 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat 90 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 35-37). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 24.06.2021-ci il tarixli, 2055 №-li nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 90- 91). İşdə olan maddi sübut kimi tanıma haqqında 15.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2,235 qram çəkidə narkotik vasitə heroin və 0,734 qram psixotrop maddə metamfetamin iş üzrə üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,155 qram narkotik vasitə heroin və 0,674 qram psixotrop maddə metamfetamin saxlanması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 88-89,121). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 100). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs, onun üzərinə videoçəkilişlə baxış keçirməmişdən əvvəl müstəntiqin kibrit qutusunda olan narkotik vasitəni zorla cibinə qoyması və çəkilişi həyata keçirməsi, yəni üzərindən narkotik vasitələr aşkar olunmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edərək, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 may 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 may 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 17-18, 69-70). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 11 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 2,155 qram narkotik vasitə heroin və 0,674 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,155 qram narkotik vasitə heroin və 0,674 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 109,90 (yüz doqquz manat 90 qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar