Məhkəmə qərarları › İş №1(101)-1587/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1587/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1587/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə Qazaxstan Respublikası, Cambul vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2005 və 2006-cı il təvəllüdlü uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Danyeri kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməklə saxlayaraq daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,989 qram qəhvəyi rəngli xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,194 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 11 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində qanunsuz olaraq həmin psixotrop maddə metamfetamindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,582 qram psixotrop maddə metamfetamini tanışı Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən “Komsomol dairəsi” adlanan ərazidə yaşadığı evin yaxınlığında 20 manat pulun müqabilində satmış, 12 aprel 2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin NMB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən nömrəsiz evin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, İdarədə onun üzərində aparılmış şəxsi axtarış zamanı ümumi təmiz çəkisi 0,582 qram olan psixotrop maddə metamfetamin təmiz çəkiləri 0,320 qram və 0,262 qram olmaqla 2 ədəd bükümdə onun əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüş, bundan sonra, həmin tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin NMB-in əməkdaşları tərəfindən keçirilmiş növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Y.Qasımov küçəsi, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, İdarədə onun üzərində aparılmış şəxsi axtarış zamanı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,989 qram narkotik vasitə heroin 0,432 qram, 0,370 qram, 0,340 qram, 0,293 qram, 0,279 qram və 0,275 qram olmaqla 6 ədəd bükümdə, külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,612 qram psixotrop maddə metamfetamin 2,467 qram, 0,437 qram, 0,387 qram və 0,321 qram olmaqla 4 ədəd bükümdə olmaqla onun əynindəki boz rəngli cins şalvarının sağ yan cibində olan sarı rəngli plastik qabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəlidir, 2 az yaşlı övladı var, əslən Şərur rayonundandır, qaydasız döyüş üzrə dünya və avropa çempionudur, Bakı şəhərində kirayə yaşamaqla idman məşqlərini aparmışdır. Narkotik maddədən tutulmamışdan 3-4 ay əvvəl istifadə etməyə başlamışdır. İstifadə etdiyi maddə isə metamfetamin olmuşdur. Həmin maddəni bir İran Respublikası vətəndaşından telefonla danışıb karta pul atmış və ona deyilən ərazidən narkotik vasitəni götürərək əldə edirdi. Onu polis əməkdaşları evdən aparıblar, üzərində 3 qram metamfetamin olmuş və həmin maddə baxış zamanı üzərindən çıxmış, bunu təsdiq edir. Şahid2 tanıyır, onunla eyni kənddə yaşamışdır. O, Şahid2 narkotik vasitə satmamışdır. Ona qarşı polislər tərəfindən heç bir fiziki zor və təzyiq edilməmişdir. Həmçinin onun üzərində heroin olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, həmyerlisidir. O narkotik vasitə istifadəçisidir. Narkotik vasitəni iranlı şəxsdən alırdı, Təqsirləndirilən şəxs narkotik vasitə almayıb. Onu Təqsirləndirilən şəxs ilə birlikdə 12 aprel 2022-ci il tarixdə saat 01:00 radələrində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Yusif Qasımov küçəsində saxlayaraq Sabunçu rayon Polis İdarəsinə aparmışlar və orada ayrı-ayrılıqda onun və Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Rəsulun üzərindən qanunsuz əşya aşkar edilib-edilməməsindən məlumatı yoxdur. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərilmişdir ki, bir ilə yaxındır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 11 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən “Komsomol dairəsi” adlanan yerdə tanışı Təqsirləndirilən şəxs ilə görüşmüş və ona özünün istifadə etməsi üçün psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmişdir. Belə ki, əvvəllər də bir neçə dəfə Rəsuldan psixotrop maddə olan metamfetamin almışdır. Rəsul etiraz etməmiş və iki büküm metamfetamini ona cəmi 20 manata satmışdır. O da həmin iki büküm metamfetamini Rəsuldan alıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyduqdan sonra Rəsullla sağollaşıb həmin yerdən uzaqlaşmışdır. 12 aprel 2022-ci il tarixdə saat 01:00 radələrində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Yusif Qasımov küçəsi ilə tək və piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək Sabunçu rayon Polis İdarəsinin NMB-in əməkdaşları olduqlarını bildirmiş və bir qədər söhbət etdikdən sonra narkotik vasitələri, həmçinin psixotrop maddələri əldə etmə, saxlama və daşımada şübhəli olduğumu bildirib, onu Sabunçu rayon Polis İdarəsinə dəvət etmişlər. O, da etiraz etməmiş və həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi idarəyə getmişdir. İdarədə barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilərək müvafiq protokol tərtib edilmiş, tutulması ilə bağlı hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra o, dövlət hesabına vəkillə təmin edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o həmin qərarla tanış edilmişdir. Bundan sonra, üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək üzərinə aparılacaq şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən iki büküm psixotrop maddə olan metamfetamini çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş həmin psixotrop maddəni kimdən, haradan və nə məqsədlə əldə etməsi barədə soruşduqda, o, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni 11 aprel 2022-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən “Komsomol dairəsi” adlanan yerdə tanışı Təqsirləndirilən şəxs özünün istifadə etməsi üçün cəmi 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş iki büküm psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitələrin, həmçinin psixotrop maddələrin satışı ilə məşğul olmur, lakin təxminən bir il olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin alarkən yanlarında heç kim olmamışdır. Həmin bu ifadəsini qismən təsdiq edir, təsdiq edir ki, tutulan zaman Təqsirləndirilən şəxs ilə birlikdə olmuş, ikisi birlikdə saxlanılıb, polisə aparılmışlar. O, bu hadisə ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuş, həbsdədir. Şahid X3 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid2 10 ildən çox tanıyır, Bakı şəhərində bir ünvanda yaşamışlar, lakin birinci Şahid2 tutmuşlar, ondan 4-5 saat sonra isə onu tutmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin NMB-in əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış və hal-hazırda da yoxdur. Bildirmək istəyir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə sübh səhər saat təxminən 4-də Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Yusif Qasımov küçəsi, nömrəsiz fərdi evin qarşısında piyada hərəkət edən zaman saxlayaraq idarəyə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında bir nəfər qadın olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması isə əməliyyat tapşırığı əsasında baş vermişdir. Belə ki, Rəsuldan əvvəl eyni gündə həmin qəsəbədə, həmin küçədə lakin gecə saat 01 radələrində Şahid2 şübhəli şəxs qismində saxlanılmış, həmin şəxsin üzərindən 2 ədəd bükümdə «Patı» deyilən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Şahid2 təhqiqatçıya verdiyi ifadəsində metamfetamini bir gün əvvəl Təqsirləndirilən şəxs 20 manata aldığını bildirmişdir. Məhz bu məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq yanındakı qadınla birlikdə idarəyə dəvət edilmiş və təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmkarı Sabunçu rayon Polis İdarəsinin NMB-in kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid4 ilə birlikdə saxlamışdır. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs qaydasız döyüş üzrə dünya və Avropa çempionu olmasını bilirdi. Rəsulu saxlamamıhdan təxminən 6-7 ay əvvəl tanımışdır. O zaman onun barəsində hər hansı neqativ məlumatlar olmamışdır. Bundan sonra idarənin xidməti otaqlarının birində təhqiqatçı vəkil dəvət etməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, üzərinə videoçəkiliş aparılmaqla baxış keçirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs vəkili təhqiqatçıdan baxışın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olub-olmaması soruşmuş və videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli plastik «Kinder» qabı və içərisində 4 ədəd selofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddə, 6 ədəd selofana bükülmüş tünd qəhvəyi rəngli maddə, həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmiş və bildirmişdir ki, həmin maddələr narkotik vasitə olan metamfetamin və heroindir. Həmin vasitələri 10 aprel 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu Nasir adlı İran İslam Respublikası vətəndaşından kart vasitəsilə 150 manat pul ödəyərək aldığını və Bakı şəhəri, Binə qəsəbəsi ərazisində, yolun kənarından götürdüyünü bildirmişdir. Baxışın nəticələrinə dair tərtib olunmuş protokol və maddi sübutların qağlaşdırıldığı zərfin üzərin baxışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs könüllü və sərbəst imzalamışlar. Əlavə olaraq qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs özü də etiraf etmişdir ki, iranlıdan əldə etdiyi patıdan 20 manat almaqla Şahid2 2 büküm tutulmamışdan bir gün əvvəl Sabunçu rayonu, Komsomol dairəsində satmışdır. Rəsulun tanınmış idmançı olmasını nəzərə alaraq ona hörmətlə yanaşmışlar, ona qarşı heç bir qanunsuz hərəkət və fiziki zor tətbiq etməmişlər. Təqsirləndirilən şəxsla birlikdə saxlanılan qadın isə təhqiqatçı tərəfindən araşdırıldıqdan sonra buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin NMB-in əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində Sabunçü qəsəbəsi, Yeni Ramana qəsəbəsi, Yusif Qasımov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid2 saxlanılmış, polis idarəsinə gətirilərək təhqiqatçıya təhvil verilmiş və təhqiqatçıya verdiyi ifadəsində Tanrıverdi bildirmişdir ki, həmin maddəni 20 manat ödəməklə eyni ünvanda yaşadığı Təqsirləndirilən şəxs əldə etmişdir. Bundan sonra təhqiqatçının əməliyyat tapşırığı əsasında elə həmin gün saat 04 radələrində Təqsirləndirilən şəxs bir qadınla Bakı şəhəri, Sabunçu rayonu, Üeni Ramana qəsəbəsi, Yusif Qasımov küçəsi, nömrəsiz fərdi evin qarşısında piyada hərəkət edən zaman saxlanılaraq idarəyə gətirilmişlər. Təqsirləndirilən şəxs həmkarı Sabunçu rayon Polis İdarəsinin NMB-in kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 ilə birlikdə saxlamışdır. Bundan sonra idarənin xidməti otaqlarının birində təhqiqatçı vəkil dəvət etməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, üzərinə videoçəkiliş aparılmaqla baxış keçirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs vəkili təhqiqatçıdan baxışın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olub-olmaması soruşmuş və videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli plastik «Kinder» qabı və içərisində 4 ədəd selofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddə, 6 ədəd selofana bükülmüş tünd qəhvəyi rəngli maddə, həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmiş və bildirmişdir ki, həmin maddələr narkotik vasitə olan metamfetamin və heroindir. Həmin vasitələri 10 aprel 2022-ci il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu Nasir adlı İran İslam Respublikası vətəndaşından kart vasitəsilə 150 manat pul ödəyərək aldığını və Bakı şəhəri, Binə qəsəbəsi ərazisində, yolun kənarından götürdüyünü bildirmişdir. Baxışın nəticələrinə dair tərtib olunmuş protokol və maddi sübutların qağlaşdırıldığı zərfin üzərin baxışın bütün iştirakçıları, o cümlədən Təqsirləndirilən şəxs könüllü və sərbəst imzalamışlar. Əlavə olaraq qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs özü də etiraf etmişdir ki, iranlıdan əldə etdiyi patıdan 2 bükümü 20 manata Şahid2 tutulmamışdan bir gün əvvəl Sabunçu rayonu, Komsomol dairəsində satmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət və fiziki zor tətbiq etməmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 1 aya yaxındır ki, tanıyır. Rəsulu tanıdığı vaxtdan bir neçə gün sonra onun narkotik vasitələrin istifadəçisi və satışı ilə məşğul olması ona məlum olmuşdur. Belə ki, Rəsul bir neçə dəfə onun yanında psixotrop maddə və narkotik vasitələrdən istifadə etmiş və eyni zamanda tanımadığı müxtəlif şəxslərə satmışdır. Rəsul narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşının kart hesabına pul göndərdikdən sonra təyin olunmuş yerlərdən həmin narkotik vasitələri və psixotrop maddələri götürür. 12 aprel 2022-ci il tarixdə 04 radələrində Rəsulla birlikdə yaşadığı ev istiqamətində gedən zaman Bakı şəhəri, Sabunçu rayonu, Y.Qasımov küçəsində iki nəfər tanımadığı şəxslər onlara yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərərək üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərinin olubolmamasını soruşmuşlar. Həmin vaxtı üzərində olan özünə məxsus şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etsə də, Rəsul üzərində heç bir sənəd olmadığından və ifşa olunmasından qorxaraq onlardan yayınmağa çalışmışdır. Ona görə də polis əməkdaşları onları Sabunçu rayon Polis İdarəsinə dəvət etmiş, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin inzibati binasına getmiş və iş otaqlarından birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan əvvəl üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa maddə və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olmadığını bildirib, yalnız üzərində özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra üzərinə onunla eyni cinsdən olan qadın polis əməkdaşı tərəfindən axtarış aparılmış və qadağan edilmiş hər hansısa maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtanşın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, iştirak edən digər şəxslərlə birlikdə həmin protokolu imzalamışdır.Şahid1 ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, bir neçə dəfə Təqsirləndirilən şəxsla birlikdə olan zaman psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Belə ki, Rəsulun bir neçə dəfə tanımadığı şəxslərə narkotik vasitə və psixotrop maddələri satmasının şahidi olmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini Şahid2 satması hadisəsinin şahidi olmamış, lakin, bu barədə sonradan eşitmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıması və satması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Y.Qasımov küçəsi nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Sabunçu RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə video çəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində ola biləcək sübut əhəmiyyətinə malik olan əşyaları və sənədləri könüllü surətdə təqdim etmək təklif edildikdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli plastik qab və həmin qabın içərisində 04 ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, 06 ədəd sellofana bükülmüş tünd qəhvəyi rəngdə maddə, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı telefon çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan “patı” və “kakos” olduğunu, xx.xx.2022-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Nasir” adlı iran vətəndaşından 150 manat kart vasitəsi ilə pul ödəyərək Bakı şəhəri, Binə qəsəbəsi, yolun kənarından onun qoyaraq bildirdiyi yerdən götürdüyünü, həmin maddələri satmaq və istifadə üçün aldığını və bir qismini satdığını, bir qismini isə üzərində gəzdirdiyini bildirmişdir. Həmin maddələr və mobil telefon DİN-nin “Zərflər üçün” 48 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilinərək həmin tarixdə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 12 aprel 2022-ci il tarixli 6/2060 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Dİn Zərflər üçün 48” dairəvi möhür əksi və "Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddələr, iştirakçılar-imzalar, Təhqiqatçı: Məsimov Familimza" yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki altı ədəd bükümdəki təmiz çəkiləri – 0,432 qram, 0,370 qram, 0,340 qram, 0,293 qram, 0,279 qram, 0,275 qram, ümumi təmiz çəkisi 1,989 qram olan qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasltə-heroin və dörd ədəd bükümdəki təmiz çəkiləri – 2,467 qram, 0,437 qram, 0,387 qram, 0,321 qram, ümumi təmiz çəkisi 3,612 qram ağ rəngli kristallalrdan ibarət maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji ekspertizasının 20 iyul 2022-ci il tarixli, 3959 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 iyul 2020-ci il tarixli 1898 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarət etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə ( 11 aprel 2022-ci il tarixdə tarixdə) öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarət etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkümluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2005 və 2006-ci il təvəllüdlü uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə və sonuncunun istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında Təqsirləndirilən şəxs müxtəlif şəxslərə narkotik vasitə və psixotrop maddələr sataraq pul əldə etdiyini təsdiq edən mesajlar və narkotik vasitə və ya psixotrop maddələrin alqı-satqısı zamanı yazılmış mətnlər müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq 1,809 qram heroin, və qalıq 3,512 qram metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, şəxsi axtarış aparılan zaman çəkilmiş özündə videogörünütləri əks etdirən CD disklər və "xxxx" MMC tərəfindən daxil olunmuş disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi materiallarından ayrıca cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan hal-hazırki baxılan ********* nömrəli cinayət işindən narkotik vasitə və psixotrop maddələrin mənbəsini müəyyən etmək üçün digər cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “tutulmuş şübhəli şəxsin azad edilməsi və şübhəli şəxs kimi iştirakına xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki,Şahid1 azad edilərək və iş üzrə şübhəli şəxs kimi statusuna xitam verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəfələrlə narkotik maddələrinin istifadəsi və satması barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixli ***-*******76-1222 saylı əməliyyat tapşırığına cavab olaraq isə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin və metamfetamin növləri narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 1,989 qram, psixitirop maddə metamfetaminin təmiz çəkisi isə 3,612 qram olmaqla istehlak miqdarından çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır.Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində 2005 və 2006-cı il təvvəludlu uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 12 aprel 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 1,809 qram heroin və 3,512 qram metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs aşkarlanaraq götürülmüş “Samsung” markalı telefon onun ailə üzvlərinə təhvil verilməli, cinayət işinin materiallarına əlavə edilmiş baxışı əks etdirən DVD disklər və "xxxx" MMC-dən daxil olmuş disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 1,809 qram heroin və tədqiqardan sonra qalıq çəkisi 3,512 qram metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs aşkarlanaraq götürülmüş “Samsung” markalı telefon onun ailə üzvlərinə təhvil verilsin, cinayət işinin materiallarına əlavə edilmiş disklər cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar