Məhkəmə qərarları › İş №1(101)-1590/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1590/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1590/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yaşamış, ********* nömrəli cinayət işi üzrə 11 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş vəsatətin müdafiə olunmasından imtina edilmiş və həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ********* nömrəli cinayət işi üzrə 28 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs uzun müddət qonşu münasibətində olmaqla bir dalanda yaşayan qonşusu Zərərçəkmiş şəxs1 onun anası ilə birgə yaşadığı evin həyətinə bir neçə dəfə səbəbsiz baxmasına aydınlıq gətirmək üçün 10 sentyabr 2023-ci il tarixdə saat 21 radələrində sonuncunu həyətə çağırıb Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 3 ünvanında bununla bağlı irad bildirərkən, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə qəsdən xəsarət yetirmək niyyəti ilə üzərində olan cib bıçağı ilə Zərərçəkmiş şəxs1 zərbələr vuraraq sağ aşağı ətrafda hissi və hərəki pozğunluqla (monoparez) müşaiyət olunan Th11 (Xİ döş) fəqərəsinin tamamlayıcı lövhəsinin yerini dəyişməmiş sınığı və həmin səviyyədə onurğa beyinin kəsilməsi ilə nəticələnən, döş qəfəsinin arxa səthində vertebral (onurğa) xətti üzrə Xİ döş fəqərəsi proyeksiyası səviyyəsində 1 ədəd onurğa boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin arxa səthində sol paravertebral (onurğayanı) xətt üzrə Vİİ qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuqaltı xətt üzrə İV, V qabırğaarası sahədə 2 ədəd, sol bel nahiyəsində 1 ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 27 dekabr 2023-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanın qarşısında bir müddət əvvəl qəsdən ağır xəsarət yetirdiyi qonşusu Zərərçəkmiş şəxs1 dayısı Zərərçəkmiş şəxs2 ilə rastlaşarkən, yuxarıda qeyd edilən zəmində ailələr arasında yaranmış ədavətlə bağlı sonuncu ilə mübahisə edərkən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı yerdən götürdüyü daş parçası ilə baş nahiyələrinə zərbələr vurub Zərərçəkmiş şəxs2 qaşarası alın, sol təpə, ənsə, sol qulaqönü, sol qulaqarxası nahiyələrin əzilmiş yarası ilə müşaiyət olunan xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Fərid onun qonşusudur, onunla əvvəllər aralarında heç bir narazılıq olmamışdır. Son vaxtlar Fəridin qonşuların həyətinə boylanması barədə söz-söhbətlər dolaşdığını eşitmişdir. Bir gün axşam vaxtı Fəridin evlərinə getdiyini görmüş, bundan sonra onun dalınca gedib çağırmış və arxa məhləyə aparmışdır. Orada Fəridlə tutaşmış, həmin vaxt Fəridin onu yıxacağını hiss etmişdir. Buna görə qorxub üstündə olan bıçaqla onu vurmuşdur. Fərid xəstəxanada olduğu müddətdə sonuncuya onlar tərəfindən maddi köməklik edilmiş, ona dərmanların alınmasına yardım etmişlər. Bir gün o, psixiatriya xəstəxanasına gedəndə sənədlərə baxmış, orada Fəridin ondan şikayətçi olması yazıldığını oxumuşdur. Bundan sonra o, Fəridlə telefon əlaqəsi saxlamış, özünün xərc çəkdiyini, ona şikayətçi olmadığını bildirsə də, nəyə görə ondan şikayət etdiyini soruşmuşdur. Daha sonra Fəridlə görüşməyə çalışsa da, sonuncu ondan yayınmışdır. Günlərin birində axşam evə gələndə bir nəfərin ona yaxınlaşdığını görmüş, həmin şəxs ona yaxınlaşıb adının Rəşad olub-olmadığını soruşmuşdur. O da, Rəşad olduğunu bildirmişdir. Həmin şəxs ona Fəridin dayısı olduğunu bildirib, söhbət etmək istədiyini demişdir. Bundan sonra həmin şəxs evə getmiş, ona isə gözləməyini bildirmişdir. O, gələndə Fəridi də özü ilə gətirməsini, onların hər ikisi ilə söhbəti olacağını demişdir. Bundan sonra Rahim onun üstünə gəlmiş və onu vurmağa başlamışdır. O, Rahimə gücü çatmayacağını başa düşdüyündən, yerdən daşı götürüb onu vurmuşdur. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, müxtəlif dərmanlar qəbul etsə də, psixiatriya xəstəxanasında yatmamışdır. Fəridi vurandan 3 ay sonra ikinci hadisəni törətmişdir. Onun Fəridlə mübahisəsi düşmüş, onu birinci özü yumruqla vurmuşdur. Bundan sonra Fərid onun yaxasından tutmuş, o, yıxılacağını hiss etdikdə, bıçaqla onu vurmuşdur. Həmin bıçaq həmişə onun üstündə olmuşdur. Fəridi bıçaqla vurandan sonra özü oradan uzaqlaşmışdır. Daha sonra özü könüllü olaraq polis bölməsinə gedib təslim olmuşdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, evdə olmuş, həmin vaxt qapının döyüldüyünü görmüşdür. Qapını açarkən qonşu Rəşadı görmüşdür. Rəşad ona dərdləşmək istədiyini bildirmişdir. O da, Rəşadın söhbət etmək istədiyini düşünüb onunla getmişdir. Söhbət zamanı Rəşad ona nəyə görə qonşuların həyətlərinə, pəncərədən evin içinə baxdığını irad bildirmiş, o isə, belə bir şey olmadığını demişdir. Bundan sonra onların arasında mübahisə düşmüş, Rəşad qəflətən cibindən çıxardığı bıçaqla onu vurmuş və oradan çıxıb getmişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsin onların ailəsindən nə istədiyini bilmir. Fərid onu vurmamışdan əvvəl həyətlərinə baxdığını demiş, əslində isə o, heç kimin həyətinə baxmamışdır. Sonradan o, Rəşadın anası və bacısı barədə polisə şikayət etmişdir. Dayısı Rahimin onların arasında olan dava ilə bağlı Rəşadla söhbəti olmamışdır. Rəşadın anası hadisədən sonra onlara gəlmiş, lakin o, şikayəti olmaması barədə ərizə verməmişdir. Bu gün də o, Təqsirləndirilən şəxs şikayətçidir, onun qanuna uyğun şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, o, Bakı şəhəri, «20ci sahə» adlanan ərazidə yaşayan bacısıgilə gedib-gəlmişdir. Onun özü usta kimi fəaliyyət göstərir və bacısıgilə gedib-gəldiyi müddətdə qonşuların nə işlari olmuşsa, təmənnasız görmüşdür. O, Rəşadı əvvəllər tanımamışdır. Rəşad onun bacısı oğlu Fəridi bıçaqla vurarkən o, həmin ərazidə olmamışdır. Hadisədən sonra onlar Rəşadın cavan olduğunu, yəqin bir səhv etdiyini fikirləşmiş və onu bağışlamaq istəmişlər. Lakin bir dəfə yenə bacısıgildə evdə olarkən Rəşad Fəridi hədələyərək çölə çıxmağını istəmiş, bitməmiş işi bitirəcəyini demişdir. Buna görə o, səhv etdiklərini, Rəşadı bağışlamağın düzgün olmadığını, gedib qanun qarşısında cavab verməli olduğunu demişdir. Növbəti dəfə o, yeni il bayramı ərəfəsində yenə bacısıgilə gəlmişdir. Maşından yükü evə boşaltmış, daha sonra maşında yaddan çıxan əşyaların olub-olmamasını dəqiqləşdirmək üçün yenə küçəyə çıxanda Rəşad onu vurmuşdur. O, bu gün də Rəşadın onu nə səbəbə vurduğunu bilmir. Rəşad onu dalandan gələndə vurmuşdur. Həmin vaxt onun eynəyi gözündən düşmüşdür. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs2 bildirdi ki, Rəşad onu vuranda axşam saat 8-9 radələri olmuş, həmin vaxt dalanda başqa heç kim olmamışdır. Hadisə vaxtı Rəşadın onu nə ilə vurduğunu görməmişdir. Lakin evə gələndə üz-gözü qanın içində olmuşdur. Onu vurarkən Rəşad bacısı oğlunu da, həmçinin onun özünü də öldürəcəyini bildirmişdir. Sonradan onların arasında barışıq edilməsi üçün qarşı tərəf heç bir addım atmamış, ona görə də o, Rəşada qarşı şikayətçidir. İstintaqda da o, məhkəmədəki kimi ifadə vermişdir. Lakin həmin vaxt Rəşadın onları öldürməklə hədələdiyini deməyi yadından çıxmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Rəşadla Fərid arasında dava baş verdiyi gün o, evdə olmuşdur. Bu zaman küçədən səs-küy gəldiyini eşitmişdir. Küçəyə çıxanda artıq Rəşadla Fəridin aralandıqlarını, birinin sağa, digərinin isə sola getdiyini görmüşdür. Verilən sualları cavablandıran Şahid1 istintaqda verdiyi ifadəni təsdiq etdiyini, əvvəllər də Rəşadla Fəridin arasında dava olduğunu hadisədən 3-4 gün sonra eşitdiyini, o, Fəridin dayısı ilə Rəşadın dalaşdığını gördüyünü, hadisədən əvvəl küçəyə çıxanda onların sadəcə söhbət etdiklərini gördüyünü, lakin onların nə söhbət etdiklərini eşitmədiyini, müstəntiqin yanında olarkən Rəşadın Rahimi vurduğunu bildiyini, təqsirləndirilən şəxsin ailəsini çoxdan tanıdığını, küçəyə çıxanda zərərçəkmiş şəxs Rahimin əlində taxta parçası görmədiyini bildirdi. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun oğludur. Müstəntiqə düzgün ifadə vermişdir. Onlar zərərçəkmiş Fəridlə qonşuluqda yaşayırlar. O, eşitmişdir ki, Fərid küçədən keçəndə evlərə baxırmış, oğlu Rəşad da ona irad tutaraq bu cür etməməsini bildirmişdir. Bundan sonra Rəşadla Fərid arasında mübahisə yaranmış və oğlu Fəridi vurmuşdur. Hadisə barədə ona başqa qonşusu demiş, o da, küçəyə çıxanda artıq Fəridin yaralı olduğunu görmüşdür. Verilən sualları cavablandıran Şahid3 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, onun özünün baş vermiş hadisəni görmədiyini, Fərid xəstəxanada olanda onun bütün xərclərini ödədiyini, onlara 2500-3000 manat pul verdiyini, bundan sonra Fəridin onlarla barışacağını dediyini, Rəşad xəstə olduğu üçün onu hərbi xidmətə aparmadıqlarını, Rəşadın 1 və 2 nömrəli psixatriya xəstəxanasında müalicədə olduğunu, Rahim dava zamanı oğlunu vurduğunu, 8-ci Polis bölməsindən ona Rəşadın könüllü gəlib təslim olduğunu bildirdiklərini, Fəridin dayısının Rəşadın qabağını kəsib onu vurduğunu, bundan sonra Rəşadın da onu vurduğunu, hadisədən sonra Fəridgilin onların barəsində polisə şikayət etmədiklərini bildirdi. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 bildirmişdir ki, o, Səbail rayonu, ünvan 3 ünvanında yaşayır. Qonşuluqda yaşayan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 uşaqlıqdan tanımış, hər ikisi ilə normal münasibəti olmuşdur. 2023-cü ilin sentyabr ayının ortalarında o, küçədə Fəridlə Təqsirləndirilən şəxs arasında mübahisə baş verməsini, həmin mübahisə zamanı Rəşadın bıçaqla Fəridə xəsarət yetirməsini qonşulardan eşitmiş, özü həmin hadisənin şahidi olmamışdır. X2 barışmalarını eşitmişdir. Bundan sonra, 27 dekabr 2023-cü il tarixdə gecə saat 23:30 radələrində o, evdə olarkən dalanda səs-küy olmasını eşitmiş, pənçərədən baxdıqda iki nəfərin dava etdiklərini görmüşdür. Dalana çıxdıqda səs tanış gəldiyindən dava olan tərəfə getmiş, oraya yaxınlaşdıqda Rəşad olmasını tanıdığı şəxs qaçıb getmişdir. Rəşadın Fəridin yaşlı dayısı Rahimlə dalaşdığını, Rahimin başının qan içində olduğunu görmüşdür. Oraya yaxınlaşdıqda Rahim evlərinə getmişdir. Təqsirləndirilən şəxsla Rahimin arasında mübahisə və ya davanın nə üstündə baş verdiyini bilməmiş, həmin vaxt dava edənlərin hər hansı birinin xəsarət almasını görməmişdir (cild 1, iş vərəqi 171). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 xx.xx.2023-ci il tarixdə axşam saat 23:30 radələrində Səbail rayonu, ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs arxadan gizli şəkildə ona yaxınlaşıb baş nahiyəsinə bir neçə dəfə bərk predmetlə vurub xəsarət yetərirərək qaçdığını, özünün və qohumu Zərərçəkmiş şəxs1 ünvanına nalayıq söyüşlər söyərkən ona xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olmasını anladığını demiş, Təqsirləndirilən şəxs həmin xüsusatları təsdiq edərək əməlindən peşman olduğunu bildirmişdir (cild 1, iş vərəqi 189). Cinayət işinə əlavə edilmiş 12 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə axşam saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, dalan 3 ünvanında qonşusu Zərərçəkmiş şəxs1lə mübahisə etməsi, üzərində gəzdirdiyi cib bıçağı ilə sonuncunun bədəninin müxtəlif yerlərinə bir neçə dəfə qəsdən vurması barədə ifadə vermiş, şəxslə mübahisə etdiyi və bıçaqla onu vurduğu ünvanı əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 69-72). İş materiallarında olan 29 dekabr 2023-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə axşam saat 23:30 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanında qonşusu Zərərçəkmiş şəxs1 dayısı Zərərçəkmiş şəxs2la aralarında yaranmış mübahisə zamanı daş parçası ilə baç nahiyəsindən bir neçə dəfə qəsdən vurmasına dair ifadə vermiş, həmin mübahisə etdiyi və şəxsi daş parçası ilə vurduğu ünvanı əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 161-164). Məhkəmə-tibbi ekspertizasının 23 oktyabr 2023-ci il tarixli 561 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində ümumilikdə 6 (altı) ədəd deşilmiş-kəsilmiş yara müəyyən edilir və onları aşağıdakı qruplara bölmək olar: a) sağ aşağı ətrafda hissi və hərəki pozğunluqla (monoparez) müşaiyət olunan Thıı (Xİ döş) fəqərəsinin tamamlayıcı lövhəsinin yerini dəyişməmiş sınığı və həmin səviyyədə onurğa beyinin kəsilməsi ilə nəticələnən, döş qəfəsinin arxa səthində vertebral (onurğa) xətti üzrə Xİ döş fəqərəsi proyeksiyası səviyyəsində 1 ədəd onurğa boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara; b)döş qəfəsinin arxa səthində sol paravertebral (onurğayanı) xətt üzrə Vİİ qabırğaarası sahədə 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində arxa qoltuqaltı xətt üzrə İV, V qabırğaarası sahədə 2 ədəd, sol bel nahiyəsində 1 ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar; 2.Qeyd olunan xəsarətlər deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. 3.Vət. F.M. Abıyevin bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən “a” bəndində göstərilən sağ aşağı ətrafda hissi və hərəki pozğunluqla (monoparez) müşaiyət olunan Th11 (Xİ döş) fəqərəsinin tamamlayıcı lövhəsinin yerini dəyişməmiş sınığı və həmin səviyyədə onurğa beyinin kəsilməsi ilə nəticələnən, döş qəfəsinin arxa səthində vertebral (onurğa) xətti üzrə Xİ döş fəqərəsi proyeksiyası səviyyəsində 1 ədəd onurğa boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, “b" bəndində göstərilən hər bir xəsarət ayrı- ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 107-111). Məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2023-cü il tarixli 731 №-li rəyindən görünür ki.vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qaşarası, alın, sol təpə, ənsə, sol qulaqönü, sol qulaqarxası nahiyələrin əzilmiş yaraları bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixində kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə daş parçası ilə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqi 19-21). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 30 noyabr 2023-ci il tarixli 3328 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Emosional davamsız şəxsiyyət pozuntusu” müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən “Emosional davamsız tip şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır.Onun əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 130- 131). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Baş idarənin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 104). Məhkəmə iclasında təqsirləndərilən şəxs Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs1 qarşı cinayət əməlini törətdikdən sonra könüllü olaraq polis bölməsinə gedib təslim olduğunu, ikinci hadisə zamanı Zərərçəkmiş şəxs2 onun üstünə gələrək onu vurmağa başladığını, Rahimə gücü çatmayacağını başa düşdüyündən yerdən daş götürüb onu vurduğunu bildirməklə öz müdafəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, göstərilən halın yoxlanılması məqsədilə Bakı şəhəri, Səbail RPİ, 8-ci Polis bölməsinə müvafiq sorğu göndərilmiş, həmin sorğuya xx.xx.2024-cü il tarixdə 47-1/2-9738/2024 saylı məktubla verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs 8-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şəxsiyyəti ilə birlikdə Polis bölməsinin təhqiqat aparatına təhvil verilmişdir. Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət epizodu ilə bağlı müdafiə tərəfinin gətirdiyi dəlillə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, həmin epizod üzrə təqsirləndirilən şəxsə CM-nin 128ci maddəsi ilə ittiham verilmiş, istintaqın gəldiyi nəticəyə və məhkəmə baxışı zamanı təsdiq olunmuş ittihama əsasən, 27 dekabr 2023-cü il tarixdə baş vermiş həmin hadisə Təqsirləndirilən şəxs bir müddət əvvəl qəsdən ağır xəsarət yetirdiyi qonşusu Zərərçəkmiş şəxs1 dayısı Zərərçəkmiş şəxs2 ilə rastlaşarkən, yuxarıda qeyd edilən zəmində ailələr arasında yaranmış ədavətlə bağlı sonuncu ilə mübahisə etməsi və şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı baş verməsi kimi qiymətləndirilmişdir. Yəni, hazırkı halda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hadisə zamanı hər hansı xəsarət yetirib-yetirməməsi sonuncuya CM-nin 128-ci maddəsi ilə verilmiş ittihama hər hansı təsir göstərmir. Həmçinin qeyd edilməlidir ki, nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi istintaq zamanı bu məsələni mübahisələndirməmiş, onların qeyd edilən məsələ ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüququ saxlanılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası müdafiə tərəfinin məhkəmədə gətirdikləri dəlilləri təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər, CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməl isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-nin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Fərd Abıyevə qarşı törədilmiş cinayət epizodu üzrə 11 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş vəsatətin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş və həbsdən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirilməsi epizodu üzrə başlanmış ********* nömrəli cinayət işi üzrə 28 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq 12 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu 1 (bir) gün ona təyin ediləcək cəza müddətinə daxil edilməklə çıxılmalı, 28 dekabr 2023-cü il tarixdən hökmün çıxarıldığı tarixədək həbsdə saxlanıldığı bütün müddət təyin olunmuş cəza müddətinə hesablanmalı, ona qəti olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətə, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdən 12 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində həbsdə olduğu 1 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların və məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar