Məhkəmə qərarları › İş №1(101)-1591/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1591/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1591/2024 06.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-212/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, orta təhsilli, ailəli, himayəsində azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqla şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Məmməd” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psxiotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşınması və satışını təşkil edilməsi barədə razılığa gəlib, həmin şəxsin deyəcəyi yerlərə yerləşdirmək məqsədi ilə göndərdiyi istintaqa məlum olmayan vaxtda və ünvandan narkotik vasitə olan ümumi təmiz çəkisi xeyli miqdarda 17,21 qram qurudulmuş marixuananı, külli miqdarda narkotik vasitə olan 2,408 qram heroini və xeyli miqdarda psixotrop maddə olan 1,110 qram metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə, saat 02:45 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan Şossesi 114 ünvanında saxlanılaraq Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, onun üzərinə inzibati binada həmin gün saat 04:00da şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli idman gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə saxladığı 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,285 qram, 0,351 qram, 0,227 qram, 0,131 qram, 0,310 qram, 0,265 qram, 0,170 qram, 0,321 qram, 0,348 qram, narkotik vasitə olan külli miqdarda ümumi təmiz çəkisi 2,408 qram heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qram, 0,302 qram, 0,490 qram xeyli miqdarda psixotrop maddə olan ümumi təmiz çəkisi 1,110 qram metamfetamin və ayrı-ayrılıqda təmiz çəkiləri 3,73 qram, 4,03 qram, 5,42 qram, 0,44 qram, 0,67 qram, 1,22 qram, 0,60 qram, 0,67 qram, 0,43 qram olmaqla cəmi 9 ədəd bükümdə xeyli miqdarda narkotik vasitə olan təmiz çəkiləri 17,21 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları onu Bakı şəhəri, Xəzər rayonu, Qala yolunda yerləşən Rahat marketin qarşısında bankomatdan pul çıxartmaq istədiyi vaxt saxlamışlar. İttiham aktında piyada olarkən saxlanıldığı qeyd olunmuş, amma saxlanıldığı gün avtomobillə olmuşdur. Saxlanıldığı gün avtomobilində 2 nəfər qadın da olmuşdur. Polis əməkdaşları kameranın qarşısında üzərinə baxış keçirtmiş, amma heç nə aşkar olunmamışdır. Polis əməkdaşları ondan narkotik vasitənin olub-olmadığını soruşmuş, o da avtomobilində 3 kibrit qutusu narkotik vasitə marixuana, 1,3 qram narkotik vasitə metamfetamin olduğunu bildirmişdir. Daha sonra isə onu və yanındakıları Xəzər RPİ-nin 2-ci PŞ-yə aparmışlar. Xəzər RPİ-nin 2-ci PŞ-də yanındakı xanımlarla təhdid etdikləri üçün, yəni buraxmaqları üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən “Məmməd” adlı şəxsdən alırdı. Polis əməkdaşları onu Rahat marketin qarşısında saxlamışlar. Saxlanıldığı vaxt 3 nəfər olmuşlar, həmin günü də avtomobili o, idarə etmişdir. Saxlanıldığı vaxt avtomobilində olan narkotik vasitələri Binəqədi rayonu ərazisindən götürmüşdür. Narkotik vasitəni əldə etmək üçün kart vasitəsi ilə “Məmməd” adlı şəxsə 200 manat pul göndərmişdir. Məmməd adlı şəxsin nömrəsini tanışlarından əldə etmişdir. Tutulduğu gün üzərində telefonu olmuşdur. Narkotik vasitəni qızların telefonu ilə sifariş etmişdir. Məmməd adlı şəxslə onu qızlar tanış etmişlər. Narkotik vasitə ilə bağlı qız danışmış və birlikdə gedib götürmüşlər. Narkotik vasitənin pulunu o, vermişdir. Qızın vasitəsi ilə Məmməd adlı şəxsdən əvvəl də narkotik vasitə almışlar. İttihamda qeyd olunan ***-***-**-** mobil nömrə ona məxsusdur, amma “Samsung” markalı telefon ona məxsus deyil. Onun telefonu “İphone” markalı olmuşdur. İttihamda qeyd olunan yazışmalar ona məxsusdur, amma Türkan adlı şəxslə köhnə yazışmalarıdır. Onun üzərində heroin adlı narkotik vasitə qətiyyən olmamışdır. O, 14:00 radələrində saxlanılmış və ittihamda qeyd olunan deyil, Arif, Soltan adlı şəxslər tərəfindən saxlanılmışdır. Barəsində Xəzər rayon Məhkəməsində CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi gedir. İbtidai istintaq zamanı verdiyi ifadəni qızların buraxılması və evindən narkotik vasitənin çıxarılması kimi təhdidlərə görə vermişdir. İbtidai istintaq zamanı barəsində CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlandığını bilmişdir. Ona görə də, həmin sənədlərə imza etmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadələr doğrudur. İbtidai istintaq zamanı da məhkəmə istintaqı zamanı verdiyi ifadəni bildirmişdir, amma polis əməkdaşları öz bildikləri kimi qeyd etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imza etmiş və həmin vaxt müdafiəçi yanında olmamışdır. Müdafiəçini ancaq Xəzər RPİ-nin 2-ci PŞ-də görmüşdür. Xəzər RPİ-də ifadə verən zaman müdafiəçini görməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ona elan olunmuş ifadəni verməmişdir. Elan olunmuş ifadəni o, verməmiş, amma imzalar ona məxsusdur. Elan olunmuş ifadədə saxlanıldığı yer və narkotik vasitələrin çəkiləri ilə razı deyil. İbtidai istintaq zamanı ifadələrə imza edərkən müdafiəçi yanında olmamışdır. Onun saxlanılmağında Şahid2 iştirak etmişdir. Lakin, sonuncunun ifadəsində onu tək və piyada olarkən saxlamaqları barədə bildirdikləri doğru deyil və onun avtomobilinin açarını arvadına polis əməkdaşı özü təqdim etmişdir. Onu 10 nəfər polis əməkdaşı saxlamışdır. Onu saxlayan polis əməkdaşlarının arasında Şahid1 də olmuşdur. Şahid1 tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət olmamışdır. ***-***-**-** mobil nömrə arvadıma məxsusdur və onun istifadəsindədir. “Bax cahagir buketin puludu, birde gonderdiyin puldan 20vere bildim qaldim 40manat ora, birde yol pulu 5 10 manat yigiceylar, ayin 10da turkanda imtahan verceyler” SMS mətnlərində “buket” dedikdə gül buketi nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixdə, ***-***-**-** mobil nömrəsində olan “Kebleyi mən 8k goturmuşem bundan İndi 2 denede gotrecem. 40m diyir men verirem 40nan pulu sen gelende ozmuz heqsab elyerikde. Bidene acda teli bsim itib mən” SMS mətnlər keçmiş yazışmalardır. xx.xx.2024-cü il tarixdə olan “Salam cavanşir. Senin telin mended. Masinda onuda verecem vusala mehdigilin heyetne atdigin otda mended. Men o gun vresiydim sene. Ama o gun elediyniz hereke” SMS mətnləri polis əməkdaşı Arif Buzovna qəsəbəsi ərazisində onu bir neç dəfə izliyib saxlamaq istəyəndə üzərində olan narkotik maddəni yerə atmış və tanışına həmin narkotik maddəni atdığı yerdən götürməyini tapşırmışdır. Daha sonra isə həmin atdığı narkotik maddələri götürüb gətirib ona qaytarmışdılar. xx.xx.2023-cü il tarixdə olan “sən ordasan?mən uzağı yarım saat 40 dəqiqəlik isim var yarısını verdim düzəltdim 1 az pul yarsı qalıb bayrada çıxa bilmiremki ziblə duserem” və xx.xx.2023-cü il tarixdə “kebleyi gel bidene menimcun mal ayırmende duzum qoşum aparıb verim gozduyurler gec olmasın” SMS mətinlərini Səttar yazıb. Üzərində şəxsi axtarışın keçirildiyi video görüntüdə ona aid olmayan narkotik vasitələri saxlanıldığı vaxt onunla olan 2 nəfər qıza görə səmimi etiraf etmişdir. O, əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilərək, həmin maddənin sansiyasında nəzərdə tutulmuş ən aşağı hədə cəzanın təyin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, evlidir, hazırda barəsində məhkəmədə cinayət işinə baxılır. 16 yanvar 2024-cü il tarixdə, saat 02:45-də, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şossesi 114 ünvanında yerləşən Rahat marketin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdi. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdı. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməyi təklif olunmuş, təklifdən sonra o, əynində olan göy rəngli idman gödəkçənin sağ yan cibindən 9 ədəd bükümdə heroini, 7 ədəd bükümdə və 2 ədəd kibrit qutusunda qurudulmuş marixuananı, 3 ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd içərisində (051) ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəsi və 5 manat pul aşkar edilərək götürülmüşdü. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdi. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmişdi. Heroinin ümumilikdə çəkisi 4 qram, metamfetaminin ümumilikdə çəkisi 2 qram, qurudulmuş marixuananın ümumilikdə çəkisi 25 qram olmuşdu. Sonra aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd şəxsiyyət vəsiqəsi izah verildikdən sonra götürülmüşdü. 5 manat pul isə özünə geri qaytarılmışdı.O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Məmməd” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 700 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. (051) ***-**-** nömrəsi ona məxsusdur, istifadə edir.Ona polislər yolboyu ciddi nəzarət etdiklərindən üzərindəki narkotiki və “patı”nı kənara ata bilməmişdir. Onun üzərinə Xəzər RPİ-nin 2-ci PŞ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Mesaj mətnləri barədə heç nə demək istəmir, həmçinin Məmməd adlı şəxsin anket məlumatını və nömrəsini bilmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi barədə etibarlı mənbədən məlumat daxil olmuşdur. Həmin şəxs müəyyən edilərək ünvan 5 ünvanda tərəflərindən saxlanılmışdır. Onlar həmin şəxsi yaxınlıqdakı Xəzər RPİ-nin 2-ci PŞ-yə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-də müdafiəçi ilə təmin etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan maddələri İran İslam Respublikası vətəndaşı olan “Məmməd” adlı şəxsdən əldə etdiyini bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə, gecə saatlarında Xəzər rayonu, Mərdəkan şossesi ərazisində piyada hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs avtomobildə olarkən və yanında hər hansı xanımların olduğu vaxt saxlanılması ilə bağlı bildirdikləri doğru deyil və onlar Təqsirləndirilən şəxs tək olarkən saxlamışlar. Təqsirləndirilən şəxs aşkar olunan maddələrlə bağlı bildirdikləri doğru deyil və videoçəkilişlə üzərindən aşkarlanan maddələr həqiqəti əks etdirir. Təqsirləndirilən şəxs saxlayarkən, Xəzər RPİ-nin 2-ci PŞ-yə gətirərkən və orada üzərinə baxış keçirərkən hər hansı narazılıq bildirməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyir. Təqsirləndirilən şəxsın avtomobildə saxlanılması və arvadına avtomobilinin açarını təqdim etməyi ilə bağlı bildirdikləri doğru deyil. Təqsirləndirilən şəxs bank kartını götürməkləri ilə bağlı bildirdikləri doğru deyil. Təqsirləndirilən şəxs saxladıqları ərazidə Rahat marketin olmağını xatırlamır. Təqsirləndirilən şəxs saxlayarkən 2 nəfər polis əməkdaşı olmuşlar. Onların polis şöbəsində 10 nəfər polis əməkdaşı yoxdur, Təqsirləndirilən şəxs bu barədə bildirdikləri doğru deyil. Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-yə gətirdikləri avtomobili xatıralmır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan maddələri müəyyən etmək əsas işləri olduğundan həmin maddələri asanlıqla xatırlayır. Təqsirləndirilən şəxs hər hansı başqa şəxslə səhv salaraq sonuncunu saxladıqları ilə bağlı bildirdikləri doğru deyil. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir və təzyiqlər olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən ona məlumat daxil olmuşdur. Bu barədə əməliyyat qrupu yaradılmışdır. Həmin şəxs sonrakı saatlarda tərəflərindən müəyyən edilərək ünvan 5 ünvanda tərəflərindən saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim etmişlər. Onlar həmin şəxsi yaxınlıqdakı Xəzər RPİ-nin 2-ci PŞ-yə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-də müdafiəçi ilə təmin etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Tərəflərindən həmin maddələr qablaşdırılaraq sənədləşdirilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən yanında hər hansı xanım və ya xanımlar olmamışdır. Təqsirləndirilən şəxs üzərindən heroin və marixuana olan narkotik vasitə və metamfetamin olan psixotrop maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs saxladıqları ərazidə Rahat market yoxdur. Təqsirləndirilən şəxs piyada olarkən sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı narazılığı olmamışdır. Təqsirləndirilən şəxs yaxınlaşarkən sonuncu avtomobil gözləyirdi. Sonuncudan orada dayanma səbəbini soruşduqda taksi ilə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında iki nəfər polis əməkdaşı olaraq iştirak etmişlər. Təqsirləndirilən şəxs şəxsi avtomobilləri ilə saxlamışlar. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləyir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, DİO-da uzun illərdir ki, xidmət edir və hal-hazırda Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis baş leytenantıdır. 15 yanvar 2024-cü il tarixdə Xəzər rayonu ərazisində yaşayan 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Xəzər rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən iş yoldaşı Fuada məlumat daxil olmuşdur. Bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə etmiş, əməliyyat qrupu yaradılmış, həmin qrupa o və əməliyyat müvəkkili Şahid1 daxil edilmişdi. Həmin şəxs sonrakı saatlarda tərəfindən müəyyən edilərək ünvan 5 ünvanda tərəflərindən saxlanılmışdı. Həmin şəxsi qərarla tanış edib, özlərini təqdim etmişlər. Onlar həmin şəxsi yaxınlıqdakı 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə saxlanılan şəxs bir daha müəyyən edilmişdi ki, Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs 2-ci PŞnə gətirilməsinin səbəbini izah edib, ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin ona hüquqlarını müdafiə etməsi üçün büronun vəkillərinin siyahısı tərtib olunmuş siyahını təqdim etmişər. Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, sonuncunun üzərinə baxış keçirilərkən əynində olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 9 ədəd bükümdə, narkotik vasitə olan təmiz çəkisi 2,408 qram heroin, 3 ədəd bükümdə psixotrop maddə olan 1,110 qram metamfetamin və 9 ədəd bükümdə narkotik vasitə olan 17,21 qram qurudulmuş marixuana aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs cibində aşkar olunan maddənin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşulmuşdu. O, üzərində aşkar olunan maddənin narkotik vasitə heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdi. Üzərindən aşkar olunub götürülən maddələr zərfə qoyularaq möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdı. Şəxs idarəyə gətirilərkən ona ciddi nəzarət etdiklərindən maddələri özündən kənara ata bilməmiş, həmçinin onun üzərinə yalnız təhqiqatçı baxış keçirmiş, şəxsə təzyiq edilməmişdi. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 5) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 7-8) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:40-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 02:45-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 22) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman gödəkçənin sağ yan cibindən 9 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 7 ədəd bükümdə və 2 ədəd kibrit qutusunda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 3 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd içərisində 051 ***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd şəxsiyyət vəsiqəsi və 5 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin ümumilikdə çəkisi 4 qram, metamfetaminə bənzər kütlələrin ümumilikdə çəkisi 2 qram, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 25 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Məmməd” adlı şəxsin vasitəsi ilə 2 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 700 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v 31-33, 209-210) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/74 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr” yazılar və imzalar olan ağ rəngli kağız paketdə 09 ədəd: 2 ədəd kibrit qutusunda, 2 ədəd sellofan bükülüdə, 5 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,73 qram, 4,03 qram, 5,42 qram, 0,44 qram, 0,67 qram,1,22 qram, 0,60 qram, 0,67 qram, 0,43 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 17,21 qramdır. (İ cild i.v. 39-43) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/1-6/231 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...“ sözləri olan kağız paketdəki 09 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,285 qram, 0,351 qram, 0,227 qram, 0,131 qram, 0,310 qram, 0,265 qram, 0,170 qram, 0,321 qram, 0,348 qram ümumi təmiz çəkisi 2,408 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,318 qram, 0,302 qram, 0,490 qram ümumi təmiz çəkisi 1,110 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. (İ cild i.v. 44-50) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 58-59) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-19/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 84-88) xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 17,21 qram qurudulmuş marixuana, narkotik vasitə olan 2,408 qram heroin, psixotrop maddə olan 1,110 qram metamfetamin maddi sübut kimi tanınmış, maddələrdən ekspertiza üçün istifadə edilməsi nəzərə alınmaqla saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İ cild i.v. 100) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, eləcə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-212/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. (İ cild i.v. 119-127) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə əməl həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 191-192) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X8 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 832 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 199-200) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 423 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs laqeydlik, məsuliyyətsizlik, hövsələsizlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (İ cild i.v. 202-203) xx.xx.2024-cü il tarixli telefon məlumatlarına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs sms yazılarına baxış keçirilərkən 03 iyun 2023 tarixdə 099 ******* nömrəsindən sən ordasan? mən uzağı yarım saat 40 deqiqelik isim var yarsını verdim düzletdim 1 az pul yarsı qalıb bayrada çıxa bilmiremki ziblə duserem, 05 iyun 2023 tarixdə həmin nömrədən kebleyi gel bidene menimcun mal ayır mende duzum qoşum aparıb verim gozduyurler gec olmasın, 08 iyun 2023 tarixdə həmin nomreden 05 das var usdunde danisa bilmirem burda kimi mesajlar müəyyən edilmişdir. (İ cild i.v. 212-213) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 215-216) Azemis elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3 adlı azyaşlı uşağı vardır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları saxladıqları zaman üzərinə baxış keçirtmələri, amma heç nə aşkar olunmaması, onun üzərində heroin adlı narkotik vasitə olmaması, ibtidai istintaq zamanı verdiyi ifadəni qızların buraxılması və evindən narkotik vasitənin çıxarılması kimi təhdidlərə görə verməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, telefon məlumatlarına baxış keçirilməsi barədə protokol, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Digər tərəfdən, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən edilmiş mətn yazıları, həmçinin aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrıayrı bükümlərdə olması, miqdarı və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:40-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 02:45-də tutulmuş hesab edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-19/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 153 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,03 qram qurudulmuş marixuana, narkotik vasitə olan 2,308 qram heroin, psixotrop maddə olan 1,010 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,03 qram narkotik vasitə qurudulmuş marixuana, 2,308 qram narkotik vasitə heroin, 1,010 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 153 (yüz əlli üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar