Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1592/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X5, zərərçəkmiş şəxsin hüquqi varisi X6, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümünə, bir nəfər şəxsin sağlamlığına ağır və iki nəfər şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 23 aprel 2021-ci il tarixdə saat 01 radələrində X7 tərəfindən 19 mart 2021ci il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində baş etibarnamə ilə verilmiş, BB 304867 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi «BMW-523» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İ.Musayev küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda 80-90 km/saat sürətlə hərəkətdə olmuş, üfiqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran bütov üfiqi nişanlama xətti) kəsib keçmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda bu tələbləri yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da həmin maddənin tələblərini pozaraq əks hərəkət yoluna çıxaraq həmin yolla hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21011» markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi «BMW-523» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanında olan sərnişin Zərərçəkmiş şəxs3 döş qəfəsinin əzilməsi, İV bel fəqərə cisminin kompression sınığı kimi sağlamlığa az ağır zərər vurulmasına, «VAZ-21011» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 sol ayağın V daraq sümüyünün sınığı, sol diz oynağının sıyrıqları kimi az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs5 sol körpücük sümüyünün qapalı sınığı, sol qaşın əzilmiş-cırılmış yarası, sağ ağciyərin kontuziyası kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına, habelə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 solda qabırğaların çoxsaylı sınıqları, sol ağ ciyərin cırılması, sağ diz qapağının açıq sınığı, alt çənədə dişlərin çoxsaylı sınıqları, sağ dizin və alt dodağın əzilmiş-cırılmış yarası və bədənin çoxsaylı sıyrıqları və skelet sümüklərinin çoxsaylı sınıqları, sol ağ ciyərin cırılması nəticəsində inkişaf etmiş zədə şoku və qanitirmə səbəbindən hadisə yerində ölümünə səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla ölümünə, habelə həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 baş beyinə, qişalarına və mədəciklərinə qansızma, solda qabırğaların sınıqları, sağ bud sümüyünün yerini dəyişmiş qapalı sınığı, bədənin çoxsaylı səthi kəsilmiş yaraları, sıyrıqları və qançırları, baş beyinə, qişalarına və mədəciklərinə qansızma ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla hadisə yerində ölümünə və «VAZ-21011» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2713 manat məbləğində ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 1992-ci ildən avtomobil idarə edir. «BMW 523» markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili 19 mart 2021-ci il tarixdə baş etibarnamə əsasında X4 almışdır. 23 aprel 2021-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 onun yaşadığı evə gəlmiş, söhbət etdikdən sonra Hikmət ona Xətai rayonu ərazisindəki «Neapol» dairəsi adlanan yerdə bir nəfərlə görüşəcəyini, həmin adama pul verəcəyini demiş, onu avtomobili ilə oraya aparmasını xahiş etmişdir. Hikmətlə birlikdə avtomobilinə əyləşib «Neapol» dairəsi adlanan yerə yola düşmüşlər. Avtomobili özü idarə etmiş, Hikmət isə qabaq sağ oturacaqda əyləşmişdir. «Neapol» dairəsi adlandırılan yerdə Hikmət bir nəfərlə görüşüb söhbət etmiş, həmin adama pul vermiş, sonra geri qayıtmışlar. Gecə saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən qəbirstanlığın yanı ilə təxminən 80-90 km/saat sürətlə hərəkətdə olduğu zaman yolun özünə aid olan hərəkət hissəsi ilə hərəkətdə olarkən asfalt örtüklü hərəkət hissəsində olan dalğavari yeri görüb idarə etdiyi avtomobilinin sürətini azaltmaq üçün əyləncdən istifadə etmiş, hava yağışlı, yer nəm olduğuna görə əyləncdən istifadə edərkən idarə etdiyi avtomobil sürüşmüş və idarə etməni itirmişdir. İdarə etdiyi avtomobil yolun hərəkət hissəsində fırlanaraq qabaq hissəsi əks istiqamətli yola keçmiş, həmin vaxtı əks istiqamətdə başqa bir avtomobil hərəkətdə olmuş, hava qaranlıq olduğuna görə əks yolla hərəkətdə olan avtomobilin markasını və dövlət qeydiyyat nişanını görə bilməmiş, avtomobilinin qabaq hissəsi əks yola keçdiyindən əks yolda idarə etdiyi avtomobilinin qabaq sağ tərəfi əks yolla hərəkətdə olan avtomobilin sol tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtomobilinin salonunun işığı yandığından çölü görə bilməmiş, avtomobil bir qədər irəliyə doğru hərəkət edib yolun əks istiqamətində səkinin yanında dayanmışdır. Hikmət toqquşmanın təsirindən avtomobilin arxa oturacağına düşmüş, hadisə yerinə gələn tanımadığı şəxslər onu və Hikməti avtomobildən çıxardıb təcili yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına yola salmışlar. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, özü ayıq, avtomobili saz vəziyyətdə olmuşdur. Avtomobilində yük olmamış, yalnız bir nəfər sərnişin olmuşdur. Törətdiyi əməldən peşmandır. Ağır ailə vəziyyəti vardır. Belə ki, anası xərçəng xəstəsidir, özü isə bir neçə xəstəlikdən əziyyət çəkir, qulaqları çox ağır eşidir. Zərərçəkmiş şəxslərin hər biri ilə, habelə zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə hələ ibtidai istintaqın gedişində barışmış, onlara vurulmuş ziyanı tam şəkildə ödəmişdir. Bu şəxslərdən heç birinin ona qarşı hər hansı tələbi, şikayəti, iddiası yoxdur. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. 22 aprel 2021-ci il tarixdə Natiqgilə qonaq getmişdir. Evdə oturub söhbət etdikdən sonra Natiqdən onu tanışı Elçinlə görüşüb ona borcunu verməsi məqsədilə Xətai rayonunda yerləşən “Neapol” dairəsi adlanan yerə aparmasını xahiş etmişdir. Natiq də onu özünün “BMW 523” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Neapol” dairəsi adlanan yerə aparmışdır. Orada tanışı Elçin gəlmiş və ona olan 20 manat borcunu vermişdir. X11 istiqamətinə tərəf getməyə başlamışlar. Yağış yağdığından Natiqdən xahiş etmişdir ki, onu yaşadığı ünvana aparsın. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən qəbirstanlığın yanında təxminən saatda 70-80 km sürətlə hərəkətdə olan zaman Natiq uca səslə “maşın yan tərəfə qaçır” demişdir. Həmin vaxt Natiq avtomobilin əyləcindən istifadə etmiş, yerin asfalt örtüyü nəm olduğundan avtomobil sürüşmüş və o, idarə etməni itirmişdir. Avtomobil fırlanmış, qabaq hissəsi yolun əks istiqamətinə tərəf keçmişdir. Bu vaxt isə qarşıdan gələn avtomobil onun olduğu avtomobilin qabaq sağ tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra Natiqin avtomobilinin salonun işığı yanmışdır. Sonra avtomobil fırlana-fırlana bir qədər getdikdən sonra yolun əks istiqamətində səkinin yanında dayanmışdır. Ondan sonrasını isə xatırlamır. Çünki, özünə gələndə 3 saylı şəhər xəstəxanasında olmuşdur. Natiq avtomobili təxminən saatda 70-80 kilometr sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır, ona vurulmuş ziyan ödənilmişdir. Heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 uzaq qohumudur və həmçinin dostdurlar. Özünə məxsus “ZİL” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə daş karxalarından sifariş əsasında daşları alıb, müştərilərə satır. Rövşən də həmçinin özünün “Kamaz” markalı avtomobili ilə daş karxanalarından daş alıb müştərilərə satmışdır. Daş üçün müştəri olmayan zaman Rövşən baş etibarnamə ilə aldığı “VAZ 21011” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 22 aprel 2021-ci il tarixdə saat 23:50-də Rövşənlə birlikdə Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi, “Dəmir yolu dayanacağı” adlanan ərazidə yerləşən kafedə nərd oynamışlar. Rövşən ondan xahiş etmişdir ki, onunla birlikdə müştərini Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə aparıb, sonra da birlikdə qayıtsın. O da Rövşənlə razılaşmışdır. Lakin, Rövşənə özünün “ZİL” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilini Türkan qəsəbəsində yerləşən daş karxanasına yaxın yerdə saxlayıb, oradan onu götürüb getməyi təklif etmişdir. O, avtomobili qeyd etdiyi ünvana aparıb yolun kənarında saxlamış, dayanıb Rövşənin gəlməyini gözləmişdir. Rövşənin gec gəldiyini görüb, ona zəng edib gec gəlməyinin səbəbini soruşmaq istəmişdir. Lakin, telefona Rövşən deyil, kafedə işləyən “Sona” kimi tanıdığı Zərərçəkmiş şəxs2 cavab vermiş və tezliklə çatacaqlarını bildirmişdir. Təxminən 5 dəqiqədən sonra Rövşən çatmışdır. Rövşənin idarə etdiyi “VAZ 21011” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında əyləşmiş, Sonikonun Rövşənin arxasında olan sərnişin oturacağında, öz arxasındakı sərnişin oturacağında isə adını sonradan bildiyi kafedə işləyən Zərərçəkmiş şəxs5 əyləşdiyini görmüşdür. Həmin vaxt yağış da yağmışdır. Təxminən saat 01:45-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İ.Musayev küçəsində qəbirstanlığın yaxınlığından Babək prospekti istiqamətinə tərəf hərəkətdə olan zaman qarşıdan gələn “BMW 523” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən onların qarşısına çıxmışdır. Bu vaxt Rövşənin idarə etdiyi avtomobilin qabaq sol hissəsi, “BMW 523” markalı avtomobilin qabaq sağ hissəsinə dəymişdir. Toqquşmadan sonra olduğu avtomobil yolun sağ hissəsində dayanmış və avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra “BMW 523” markalı avtomobilin isə asta surətlə hərəkət etdiyini görmüşdür. Elə başa düşmüşdür ki, onlar hadisə yerindən qaçmaq istəyirlər. Lakin, sonra “BMW 523” markalı avtomobilin də təxminən 50-60 metr onlardan aralıda yolun sağ tərəfində səkinin yanında dayandığını görmüşdür. Həmin vaxt hadisə yerinə tanımadığı şəxslər toplaşmışdır. Rövşənin yanına gəlmiş və onun nəfəs aldığını görmüşdür. Amma Rövşəni səsləsə də o, cavab verməmişdir. Arxa salona baxanda görmüşdür ki, Soniko avtomobilin arxa salonunda uzanıqlı vəziyyətdədir və o da cavab vermir. Güneli isə avtomobildə görməmişdir. Yəqin ki, tanımadığı şəxslər onu xəstəxanaya aparmışlar. Saat 01:54-də dostu Rəmziyə zəng edib bu barədə məlumat vermişdir. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Həmin vaxt Rövşənin öldüyünü eşidib çox qorxmuşdur. Sonra onu da təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanada tibbi yardım göstərildikdən sonra həmin gün evinə getmişdir. Rövşən şəkərli diabet xəstəsi olduğundan ümumiyyətlə, həmçinin hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Rövşən avtomobili təxminən saatda 50 kilometr sürətlə idarə etmişdir. “BMW 523” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılarına çıxmasını təxminən 2-3 metr məsafədən görmüşdür. Təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır, heç bir tələb və şikayəti yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 göstərdi ki, mərhum oğlu Rövşən Quliyev Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsində yaşamış, sürücülüklə məşğul olmuş, «Kamaz» markalı avtomobili ilə daş daşımış, müştəri olmadıqda isə «VAZ-21011» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərmişdir. 23 aprel 2021-ci il tarixdə Bakı şəhərində yaşayan qardaşı Qurban Quliyev ona zəng edərək oğlu Rövşənin avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, qəbristanlığın yaxınlığında başqa bir avtomobillə toqquşduğunu və öldüyünü bildirmişdir. Bakı şəhərinə gəlmiş, həkim müayinəsindən sonra oğlu Rövşənin nəşini aparıb Tərtər rayonunda dəfn etmişdir. Təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır, heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, 23 aprel 2021-ci il tarixdə saat 01:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən qəbirstanlığın yanında özünə məxsus “FORD FUSİON” markalı, **-TB- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Babək prospekti istiqamətində hərəkətdə olmuşdur. Qəbirstanlığın yaxınlığından keçən zaman görmüşdür ki, “BMW 523” markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “VAZ 21011” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. “BMW 523” markalı avtomobilin içərisində iki nəfər adlarını bilmədiyi kişi olmuşdur. “VAZ 21011” markalı avtomobildə isə 4 nəfər olmaqla iki qadın və iki kişi olmuşdur. Həmin avtomobillərin hər ikisinin içərisinə baxmış və hamısının yaşadıqlarını görmüşdür. Lakin, “VAZ 21011” markalı avtomobildə iki nəfər şəxsin, yəni ki, sürücünün və arxasında əyləşən qadının vəziyyətlərinin yaxşı olmamasını hiss edib onların vəfat etdiklərini düşünmüşdür. Ona görə də dərhal “102” xidmətinə zəng edib yol nəqliyyat hadisəsinin olmasını və iki nəfər şəxsin öldüyünü zənn etdiyini bildirmişdir. Sonra hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin əməkdaşları, həkimlər və polislər gəlmişlər. Yaralı şəxsləri təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Fövqalədə Hallar Nazirliyinin əməkdaşları isə həmin ölən iki nəfər şəxsləri avtomobildən çıxardıb yolun kənarına qoymuşlar. Sonra o, çıxıb öz evinə getmişdir. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kafedə ofisinat işləmişdir. Həmin kafedə adını “Sona” kimi bildiyi mərhum Zərərçəkmiş şəxs2 da onunla birlikdə işləmişdir. Mərhum Zərərçəkmiş şəxs1 işlədiyi kafeyə müştəri kimi tez-tez gəlib getmişdir. Həmçinin Rövşən taksi kimi işləmişdir. Soniko onkoloji xəstə olduğundan xahiş etmiş ki, onunla birlikdə aptekdən dərman almaq üçün getsin. Soniko ilə razılaşmış və taksi fəaliyyəti ilə məşğul olan Rövşənin idarə etdiyi “VAZ 21011” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Avtomobilin arxa saloununda əyləşmişlər. Rövşən onlara qohumu Zərərçəkmiş şəxs4 da yoldan götürüb birlikdə gedib qayıtmaqda yoldaşlıq etməyini demişdir. Yola davam etmişlər və təxminən 5-6 dəqiqədən sonra yoldan İbrahimi də götürmüşlər. İbrahim qabaq sərnişin oturacağında əyləşmişdir. İbrahim əyləşdikdən sonra yola davam etmişlər. 23 aprel 2021-ci il tarixdə saat təxminən 01:45-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İ.Musayev küçəsində qəbirstanlığın yaxınlığından Babək prospekti istiqmətinə tərəf hərkətdə olan zaman qarşıdan gələn “BMW 523” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən qarşılarına çıxmışdır. Bu zaman Rövşənin idarə etdiyi avtombilin qabaq sol hissəsi, “BMW 523” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsinə dəymişdir. Toqquşmadan sonra içərisində olduğu avtomobil yolun sağ hissəsində dayanmışdır. Sonra isə heç nəyi xatırlamır. Özünə gələndə xəstəxanada olmasını görmüşdür. Sonradan eşitmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etmişlər. “BMW 523” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onun barəsində heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs1 ümumiyyətlə sprtli içki qəbul etmir. Hadisə zamanı yağış yağmışdır. Avtomobil idarə etməyi bacarmadığından, Zərərçəkmiş şəxs1 avtomobili təxminən saatda neçə kilometr surətlə idarə etməyini bilmir (cild 1, iş vərəqə 177-179). İbtidai istintaq zamanı dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X1 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qızıdır. Qızı Soniko orta məktəbi qurtardıqdan sonra Qax rayonundan işləmək üçün Bakı şəhərinə getmişdir. Soniko Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində kafesində ofisant işləmişdir. Soniko evlənməmiş və subay olmuşdur. 23 aprel 2021-ci il tarixdə kürəkəni Daşqın ona zəng edib qızı Sonikonun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yolnəqliyyat hadisəsi vəfat etdiyini demişdir. Sonra Sonikonun nəşini Qax rayonuna gətirib dəfn etdik. Dəfn mərasiminin maliyyə qarşılığını sürücü Təqsirləndirilən şəxs ödəmişdir. Ona görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur (cild , iş vərəqə 68-69 ). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 23 aprel 2021-ci il tarixli protokolda, ona əlavə edilmiş sxemdə və fotoşəkillərdə hadisənin baş yerdiyi ərazinin təsviri, hadisə baş verən zaman təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin hərəkət istiqaməti və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ətraflı şəkildə öz əksini tapmışdır (cild 1, iş vərəqə 6-16). 23 aprel 2021-ci il tarixli, 1/1095 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur (cild 1, iş vərəqə 18). Məhkəmə-tibbi ekspertizasının 11 may 2021-ci il tarixli, 45 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində solda qabırğaların çoxsaylı sınıqları, sol ağ ciyərin cırılması, sağ diz qapağının açıq sınığı, alt çənədə dişlərin çoxsaylı sınıqları, sağ dizin və alt dodağın əzilmiş-cırılmış yarası və bədənin çoxsaylı sıyrıqları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri 23.04.2021-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs1 ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları, sol ağ ciyərin cırılması nəticəsində inkişaf etmiş zədə şoku, qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 6-10 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 94-98). Məhkəmə-tibbi ekspertizasının 11 may 2021-ci il tarixli, 46 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində baş beyinə, qişalarına və mədəciklərinə qansızma, solda qabırğaların sınıqları, sağ bud sümüyünün yerinidəyişmiş qapalı sınığı, bədənin çoxsaylı səthi kəsilmiş yaraları, sıyrıqları və qançırları aşkar olunmuşdur. Qeyd edilən xəsarətələr həyatidirlər, həmin xəsarətlər ölümdən az əvvəl səthi kəsilmiş yaralar iti kənara malik əşyanın (əşyaların, ola bilsin şüşə qəlpəsi), digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 23.04.2021-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. b bəndində qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddəti müayinədən 3-7 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 ölümünə baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 8-12 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 99-103). Məhkəmə-tibbi ekspertizasının 05 avqust 2021-ci il tarixli, 827 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs4 bədəni üzərində sol ayağın V daraq sümüyünün sınığı, sol diz oynağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə,yəni 23 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir (cild 1, iş vərəqə 134-136). Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2021-ci il tarixli, 857 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 xəstəxanaya müraciət edərkən aşkar edilmiş xəsarətlər – döş qəfəsinin əzilməsi, lV fəqərə cisminin kompression sınığı bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd olunan 23 aprel 2021-ci il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər (cild 1, iş vərəqə 150-152). Məhkəmə-tibbi ekspertizasının 09 avqust 2021-ci il tarixli, 858 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 xəstəxanaya müraciət edərkən aşkar edilmiş xəsarətlər – sol körpücük sümüyünün qapalı sınığı, sol qaşın əzilmiş-cırılmış yarası, sağ ağciyərin kontuziyası bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda qeyd olunan 23 aprel 2021-ci il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (cild 1, iş vərəqə 153-156). Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 22 iyul 2021-ci il tarixli, 8/1511 nömrəli rəyindən görünür ki, «BMW-523» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış mətəqəsində 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 1, iş vərəqə 181-184). 12 avqust 2021-ci il tarixli, 407 nömrəli ziyan aktından görünür ki, «VAZ-21011» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2713 manat maddi ziyan dəymişdir (cild 1, iş vərəqə 185-187). Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 11 may 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Mərkəzi İnformasiya sistemində Təqsirləndirilən şəxs məxsus 19.04.2021-ci il tarixdən 19.04.2031-ci il tarixədək qüvvədə olan BB304867 saylı sürücülük vəsiqəsi mövcuddur, sürücülük hüququnun məhdudlaşdırılması barədə Baş X14 İdarəsinin Mərkəzi İnformasiya Sistemində heç bir məlumat yoxdur (cild 1, iş vərəqə 93). «BMW 523» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı və «VAZ-21011» markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahiblərinə qaytarılmışdır (cild 1, iş vərəqə 189-201). 30 aprel 2021-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək ona dəymiş ziyanın tamamilə ödənilməsini və ona görə də Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmamasını bildirmişdir (cild 1, iş vərəqə 71). 31 may 2021-ci il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir (cild 1, iş vərəqə 113). 09 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tamamilə ödənilməsini və Təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmamasını bildirmişdir (cild 1, iş vərəqə 180, 247). 13 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir (cild 1, iş vərəqə 245). 14 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmişdir (cild 1, iş vərəqə 246). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 111). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilərək qonşularla yaxşı münasibətdə olduğu qeyd olunmuşdur (cild 1, iş vərəqə 149). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü tam təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 avqust 2021-ci il tarixdə ibtidai istintaq orqanın qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 240-243). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan «BMW-523» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı və «VAZ-21011» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 182, 277). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15.11.2013-cü il qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut olan «BMW-523» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı və «VAZ-21011» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərinə qaytarılsın. Hazırkı hökm avtomobillərin qaytarılması ilə bağlı hissədə icra olunarkən onların ibtidai istintaq mərhələsində qanuni sahiblərinə saxlanması üçün təhvil verildiyi nəzərə alınmaqla qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1592/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1592/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver