Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1592/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxx 1967-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, PYUA yaşayış massivi 38/10 fərdi tikilidə yaşayan, barəsində «başqa yerə getməmək» haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «Aydın» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,491 qram olan narkotik vasitə heroin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 3,681 qram olan psixotrop maddə metamfetamini 2022-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanının yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilib müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,491 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,411 qram, 0,270 qram, ümumi təmiz çəkisi 3,681 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 ildir ki, ağrılarının olması səbəbi ilə narkotik vasitədən istifadə edir. Dəqiq xatırlamadığı tarixdə iki nəfər polis əməkdaşı tərəfindən saxlanıldığı zaman onun üzərində 0,5 qram narkotik vasitə və psixotrop maddə olmuşdur. Həmin narkotik vasitəni və psixotrop maddəni yaşadığı evin yaxınlığında alıb evinə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin üzərindən aşkar olunan 0,5 qram narkotik vasitə və psixotrop maddəni saxlanılmazdan 15-20 dəqiqə əvvəl, yaşadığı evin yaxınlığında 20 manat pul müqabilində adını xatırlamadığı şəxsdən almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində olan narkotik vasitəni polis işçiləri götürmüş, daha sonra isə onu 17-ci polis bölməsinə aparmışlar. 17-ci polis bölməsinə aparıldıqdan sonra qan təzyiqinin qalxması ilə əlaqədar özündə olmamış, bir müddətdən sonra çəkiliş aparılmaqla narkotik vasitə və psixotrop maddə onun üzərindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni əldə etdiyi tarixi xatırlamır, polis əməkdaşları tərəfindən saxlanıldığı gün əldə etmiş, əldə etdikdən 15-20 dəqiqə sonra isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman üzərində «kokos» kimi tanınan narkotik vasitə olan heroin və «patı» kimi tanınan psixotrop maddə olan metamfetamin olmuşdur. Onların ikisinin birlikdə çəkisi 0,5 qram təşkil etmişdir. Üzərində olan 0,5 qram narkotik vasitəni ümumilikdə 20 manata, yəni 5 manata metamfetamini, 15 manata isə heroini almışdır. O, hər gün, gündə iki dəfə heroin və metamfetamini qarışdıraraq ümumilikdə 0,5 qram çəkidə narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşları onu saxlayan zaman bölməyə aparmazdan əvvəl, saxladıqları yerdə üzərinə baxış keçirmişlər, narkotik vasitəni aşkar etdikdən sonra onu polis idarəsinə aparmışlar. O, bölmədə olan zaman qan təzyiqinin qalxması səbəbindən özündə olmamış, bu səbəbdən də polis idarəsində onun üzərinə baxış keçirildikdən sonra hansı şəraitdə ondan 0,491 qram heroin və 3,681 qram metamfetaminin aşkar edildiyini xatırlamır. Polis idarəsində üzərindən aşkar olunan narkotik vasitə kağıza bükülü olmuş, həmin an onun çəkisinin nə qədər olduğunu bilməmiş və ona nə qədər çəkidə olduğunu da deməmişlər. İstintaq zamanı ifadəsini və digər sənədlərin hər birini oxumadan imzalamışdır. Güman edir ki, polis idarəsində üzərindən aşkar olunan narkotik vasitəni polis əməkdaşları özləri onun cibinə qoymuşdur. O, onu saxlayan polis işçilərini tanımır, onlarla heç bir şəxsi qərəzliyi olmamışdır. Polis idarəsində narkotik vasitənin kağız bükümdə cibinə necə qoyulduğunu bilmir, sadəcə olaraq cibindən çıxaran zaman, kağızda bükülü olduğunu görmüşdür, lakin həmin bükülü ona aid olmamışdır. Yaşadığı evin qarşısında polis işçləri tərəfindən saxlanılan zaman onun üzərindən aşkar edilən narkotik vasitə ona aid olmuşdur. «Aydın» adlı şəxsi tanımır, polisə qeyd olunan məzmunda məlumat verib-vermədiyini xatırlamır. Polis işçiləri tərəfindən ona psixi və ya fiziki təsir göstərilməmişdir. Saxlanıldığı zaman iki polis işçisindən başqa ətrafda heç kim olmamış, saxlanıldıqdan sonra 17-ci polis bölməsinə aparılmışdır. Onu saxlayan polis işçiləri mülki geyimdə olmuşdur. Heç bir yerdə işləmir, əlil olması ilə əlaqədar pensiya alır. Narkotik vasitəni də həmin pulla əldə edir. Məhkəmə, təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş, DİN-nin BNMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 öz ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantı rütbəsindədir. 27 may 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinə raportla müraciət edildikdən sonra «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qərar qəbul edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs tutulması istiqamətində onun rəhbərliyi və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 27 may 2022-ci il tarixdə saat 16.15 radələrində Nərimanov rayonu Böyükşor qəsəbəsi, PU yaşayış massivi 38/10 ünvanı yaxınlığında müşahidə aparılmasına başlanılmışdır. Həmin tarixdə saat 16.30 radələrində orada zahiri əlamətləri Təqsirləndirilən şəxs oxşayan bir nəfəri müşahidə edib dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs Baş İdarəyə daxil olmuş məlumata əsasən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə getməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifə heç bir etiraz etməyib onlarla birlikdə 17-ci Polis şöbəsinə getməyə razılaşmışdır. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilmiş, müdafiəçi ilə təmin edilmiş, daha sonra o, üzərində şəxsi axtarış və götürmə aparılması barədə məlumatlandırılmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 02 ədəd içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümləri və 01 ədəd içərisində açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə olan bükümü, 01 ədəd «Samsung» markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olması soruşulduqda, o, həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, ümumilikdə 03 ədəd bükümdə olan kütlələri təxminən iyirmi gün öncə Nərimanov rayonu, Böyükşor qəsəbəsində yaşayan əvvəllər tanımadığı, «Aydın» adlı şəxsdən öz istifadəsi üçün 300 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə müdafiəçinin və özünün gözləri qarşısında zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və sonda zərfin üzəri imzalarla təsdiq edilmişdir. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamış, şəxs özü səmimi olaraq narkotik vasitəni Aydın adlı şəxsdən aldığını etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış qanunvericiliyə uyğun olaraq bölmədə keçirilmiş, bölməyə gəldikləri vaxta qədər şəxsin üzərinə baxış keçirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, ş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 27 may 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 02 (iki) ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, ümumilikdə 03 ədəd bükümdə olan kütlələri təxminən 20 gün öncə Nərimanov rayonu, Böyükşor qəsəbəsində yaşayan «Aydın» adlı şəxsdən öz istifadəsi üçün 300 manat pul müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (iş vərəqə 31-32). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan 11 dəqiqəlik videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (cinayət işinin materialları). Bundan əlavə həmin videogörüntü ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarış aparılan zaman oturaq vəziyyətdədir, nitqində və hərəkətlərində ciddi məhdudiyyətlər var, təhqiqatçının bununla bağlı verdiyi suala cavab olaraq isə qeyd olunan vəziyyətini iflic (paralic) olması ilə əlaqələndirir. Cinayət işinin materiallarında olan «təqsirləndirilən şəxs qismində cəlb etmə» barədə 29 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqə 58-59). Cinayət işinin materiallarında olan 29 may 2022-ci il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilmiş və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Qeyd olunan qərara əsasən 29 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (iş vərəqə 77-82). Cinayət işinə əlavə edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə 28 may 2022-ci il tarixli 6/3007 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,491 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,411 qram, 0,270 qram, ümumi təmiz çəkisi 3,681 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir (iş vərəqə 39-45). Cinayət işinə əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2022-ci il tarixli 4237 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə 126-127). Cinayət işinə əlavə edilmiş a m b u l a t o r məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1812 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində keçirilmiş beyin insultu müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. O, hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir, həmçinin öz prosessual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır (iş vərəqə 122-125). Cinayət işinin materiallarına əlavə edilmiş «əşyanın maddi sübut hesab edilməsi» haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə aşkar olunaraq götürülmüş 0,491 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,411 qram, 0,270 qram, ümumi təmiz çəkisi 3,681 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0,050 qram nəzərə alınmaqla, qalıq- 0,441 qram heroin, həmçinin tədqiqata sərf edilmiş 0,100 qram nəzərə alınmaqla, qalıq- 3,581 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmin qərara əsasən şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir (iş vərəqə 94-95). Cinayət işinin materiallarında olan 04 avqust 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən materiallar ayrılmaqla Nərimanov RPİ-nin 17-ci PŞ-yə göndərilmişdir (iş vərəqə 130-138). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə 98). Cinayət işinin materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İ dərəcəli əlildir, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. «Şəfəq Recovery» Reabilitasiya Mərkəzindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə «Şəfəq Recovery» Reabilitasiya Mərkəzinə narkotik asılılıqdan müalicə məqsədi ilə yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə reabilitasiya kursunu bitirərək evinə buraxılacaqdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və psixotrop vasitə metamfetaminin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs üzərindən 0,5 qram narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq saxlaması barədə məhkəmədə verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq vaxtı verdiyi ifadəsi işin digər dəlilləri ilə tamamilə uzlaşdığından sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İ dərəcəli əlil olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşını, hazırda xəstə olmaqla ciddi hərəkət məhdudiyyətinin olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə, Təqsirləndirilən şəxs İ dərəcəli əlil olmasını və kənar şəxsin qulluğuna ehtiyacının olmasını müstəsna hal kimi qəbul edir və hesab edir ki, bu və digər yüngülləşdirici halların məcmusu, o cümlədən onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisi də nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, xəstə və kənar şəxslərin qulluğuna ehtiyacı olan bir insan üçün kifayət qədər ağır cəza olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və prokurorun və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatəti Bakı şəhəri Nərimanov rayon prokuroru tərəfindən müdafiə edilməmiş, o, xx.xx.2022-ci il tarixdə həbsdən azad edilmiş və həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 22, 72-73, 77-82). «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,491 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq - 0,441 qram hissəsi, habelə 3,681 qram olan psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıq - 3,581 qram hissəsi məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra ilə məhv edilməli, maddi sübut hesab edilmiş şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, bununla belə o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili X2 150 (bir yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan çəkisi 0,441 qram heroin və ekspertiza tədqiqatından sonra qalan qalıq- 3,581 qram metamfetamin məhv edilsin; - şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili X2 150 (bir yüz əlli) manat pul ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1592/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1592/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver