Məhkəmə qərarları › İş №1(101)-1592/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1592/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1592/2023 10.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçiləri: Bakı şəhər 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 Əhrəman oğlu və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1966-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Lənkəran rayon Şağlaser kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 11,840 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edərək satış məqsədilə bölüb hər birində 4,214 qram, 3,361 qram və 4,265 qram olmaqla üç bükümdə qablaşdırıb üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Veteranlar” istirahət parkının yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 06 dekabr 2022-ci il tarixdə saat 18.00-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən “Veteranlar” istirahət parkının yaxınlığında saxlanılaraq Baş İdarədə xidməti otaqların birində saat 20.08-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 03 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 4,214 qram, 3,361 qram və 4,265 qram, ümumi təmiz çəkisi külli miqdar 11,840 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 06 dekabr 2022-ci ildə zibil tullantılarını atmaq məqsədilə çölə çıxmışdır. Zibilliyə çatanda yerdən bir şey tapmışdır. Narkotik vasitə olduğunu bilmirmiş. Narkotik vasitədən nə istifadə etmiş, nə də satmışdır. Həmişə narkotik vasitələrdən istifadə etməyin əleyhinə olmuşdur. Çayxanaya domino oynamağa gedəndə narkotiki üstündə aparmışdır. Namaz qılmaq üçün evə qayıdan zaman onu tutmuşlar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Narkotik vasitələrdən istifadə etməmişdir. Tapdığı narkotik vasitə bükümdə imiş. Narkotik vasitə 3 büküm imiş. Narkotik vasitə ona lazım deyilmiş. Narkotik vasitə olduğundan şübhələnmiş və başqa bir şəxs bunu əldə etməsin deyə üstündə götürmüşdür. X2 müayinədən keçmişdir. X3 rəyinə baxmamışdır. Narkotik vasitələrdən istifadə etmiş- 32 il əvvəl iki dəfə nəşə çəkmişdir. Narkotik vasitə olduğundan şübhələnmiş və dəqiqləşdirmək üçün üstündə götürmüşdür. Əvvəl inşaat şirkətində işləmişdir. “ATM” inşaatda işləyirmiş. 30 ildir namaz qılırmış. Düşünürmüş ki, dindar olduğu üçün bəzilərinin xoşuna gəlməmişdir. O tutulanda narkotik vasitə cibində olmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində narkotik vasitə üzərindən çıxmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hər şeyi necə baş veribsə elə də ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Məlumat daxil olmuşdur. Şahid1 başçılığı ilə əməliyyat qrupu yaradılmışdır. O da həmin qrupun üzvü imiş. Şəxsin Qaraçuxur qəsəbəsi Veteranlar parkında olması ilə bağlı məlumat daxil olmuşdur. Əvvəlcə şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına aid məlumat daxil omuşdur. Məlumatın düzgünlüyünü yoxlamaq üçün qrup yaradılmışdır. Sonra həmin yerə getmiş, şəxsi üzdən oxşadıb ona yaxınlaşmışlar. Şəxs də özünün Təqsirləndirilən şəxs olduğunu qəbul etmişdir. Şəxsi baş idarəyə aparmışlar. Orada təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilmişdir. Üzərindən metamfetamin aşkar edilmişdir və ekspertizaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs əvvəllər də qəbul etdiyini demişdir. Həmin narkotiki yaşadığı ərazidən tapdığını və istifadə məqsədilə üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxsi saxlayarkən, idarəyə apararkən heç bir fiziki-psixi təsir edilməmişdir. Şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı onda məlumat olmamışdır. O ancaq şəxsin adını və şəklini bilirmiş. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. İstintaqdakı ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, o da qrupun üzvü imiş. 06 dekabr 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində əməliyyat tədbiri keçirmişlər. Veteranlar parkı ərazisində Təqsirləndirilən şəxs xarici görünüşcə oxşar olduğuna görə saxlamışlar. Özlərini təqdim etmişlər. Qərarla tanış etdikdən sonra onu şöbəyə aparmışlar. Vəkillə təmin olunduqdan sonra şöbədə üzərinə baxış keçirilmişdir və könüllü olaraq telefonu, siqareti, başqa əşyaları və 3 büküm psixotrop vasitəni təqdim etmişdir. Həmin maddənin metafetamin olduğunu bildirmişdir. Yaşadığı evin yaxınlığından tapıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təxminən 2 aya yaxın imiş ki, narkotik vasitəni istifadə edirmiş. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Əməliyyat məlumatı ona daxil olmamışdır. Təqsirləndirilən şəxsə qarşı təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o olmuşdur. Qaraçuxur qəsəbəsi Veteranlar parkı deyilən ərazidə Təqsirləndirilən şəxs oxşar şəxs görmüşlər. Yaxınlaşıb özlərini təqdim etmişlər. O da özünü təqdim etmişdir ki, Təqsirləndirilən şəxsdir. Qərarla tanış edib onu Baş idarəyə dəvət etmişlər. Baş idarədə üzərinə axtarış olmuş və üzərindən metafetamin aşkar olunmuşdur. İstintaqdakı ifadəsini təsdiq edir. Satışı ilə məşğul olması barədə məlumat onlarda həmin gün var imiş. Özü demişdir ki, istifadə üçün üzərində saxlayır. Təqsirləndirilən şəxsə heç bir fiziki-psixi təsir olmamışdır. Məlumat narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuşdur. Məlumatda satışı qeyd edilmişdir. Onlar özündən soruşduqda 2 aya yaxındır istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxsdən kiməsə satıb-satmamasını soruşmamışlar. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək, ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamını təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınan polis əməkdaşları da ayrı-ayrılıqda verdikləri ifadələrində bildirmişlər ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı narkotik vasitlərin istifadəsi və dövriyyəsi barədə olsa da o, üzərindən aşkar olunan narkotik vasitəni öz şəxi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Mirata Seyidov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqənda” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Redmi" markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü və 5 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan büküm açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri 06 dekabr 2022-ci il tarixdə günorta vaxtı yaşadığı ünvan 2 ünvanının yaxınlığından təsadüfən tapdığını və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 2 aya yaxın müddətdir ki, psixotrop maddə metamfetamin qəbul etdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb AR Din-in "Zərflər üçün” 6 saylı» möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 5 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6914 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd sellofan bükümdə olan maddələr” yazı və imzalar olan paketdəki 3 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,214 qram, 3,361 qram, 4,265 qram, ümumi təmiz çəkisi 11,840 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 11,840 qram, tədqiqata sərf edildi: ümumi 0,15 qram, qalıq 11,690 qram. (Ekspertiza tədqiqatının dəyəri 114(yüz on dörd) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1326/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-1649/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə AR DİN-in BMCMİnin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Həzi Aslanov tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-ci il tarixli, 7447 saylı rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs psoxostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 06 dekabr 2022-ci tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,690 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 06 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,690 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar