Məhkəmə qərarları › İş №1(101)-1593/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1593/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1593/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, Biləsuvar rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 1 saylı yataqxanada yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2015-ci il tarixli qərarı ilə cəzası dəyişdirilərək üzərində 07 İl 09 ay 05 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci İİ tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 1 aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 14,042 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 30 mart 2023-cü il tarixdə saat 15:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə gətirilmiş və orada həmin tarixdə saat 17:00-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 14,042 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2011-ci ildə Rusiyadan Azərbaycana gəlib, “YAP”-a üzv olduqdan sonra yenidən Rusiyaya qayıtmaq istəmiş, lakin qardaşı, əmisi oğlu, atası ilə birlikdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2014-cü ilin dekabr ayında Şirvan Apellyasiya məhkəməsinin 2014-cü il tarixli qərarı ilə atası ilə birlikdə bəraət almışdır. Dövlət ittihamçısı tərəfindən həmin qərardan kassasiya prostesti verilmiş, protestin təmin edilməsi nəticəsində atası və qardaşı ilə birlikdə cəzasını çəkməsi üçün 10 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. 26 dekabr 2022-ci il tarixində şərti olaraq vaxtından əvvəl cəzasını çəkməkdən azad edilmişdir. Oğlunun təhsili ilə bağlı Bakıya gəlmiş,məhkum olunduğuna görə hansı iş yerinə müraciət etsə, sonuncuya iş verilməmiş, fəhlə olaraq tikintidə çalışmışdır. Günorta saat 12 radələrində işdə olan zaman telefonuna “cashback” kartının sifarişi ilə bağlı zəng gəlmiş, sonuncu kart sifariş etmədiyini bildirmiş, lakin buna baxmayaraq kartın alış-veriş zamanı əlavə bonus verdiyini bildikdən sonra 12 yaşlı oğlunun təkidi ilə kartı almağa qərar vermişdir. Kartı götürmək üçün 12 yaşlı oğlunu göndərmiş, 12 yaşlı uşağa bank kartının verilib-verilə bilməyəcəyindən anlayışı olmamışdır. Kartı verən işçi oğluna kart götürmək üçün yaşına görə səlahiyyətininin olmamasını bildirmişdır. Oğlu sonuncunun şəxsiyyət vəsiqəsi ilə kartı götürə biləcəyini işçidən soruşmuş, işçi isə buna razılıq vermişdir. Sonuncu işdən gec çıxacağına görə kartı götürə bilməyəcəyini bildirsə də, işçi müştərinin kartı götürməyəcəyi təqdirdə özünün işdən çıxarılma ehtimalı olmasını sonuncuya bildirmişdir. Bu səbəbə görə sonuncu kartı götürmək üçün “ 20 yanvar “ ərazi dairəsinə getmiş, kartı götürmək istəyərkən “Kontakt Home”-un yanında günorta radələrində 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq Nəsimi rayonu 19-cu polis bölməsinə gətirilmişdir. Polis bölməsində olarkən videoçəkiliş zamanı narkotik vasitənin sonuncunun cibindən çıxarılması bildirilmişdir. Bu hadisədən sonra sonuncu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, qanından narkotik vasitə çıxması üçün polis əməkdaşları tərəfindən narkotik vasitə qəbul etməyə məcbur edilmişdir. Polis əməkdaşları qarşısına içərisində narkotik vasitə olan çay və iynə qoymuş və ikisindən birini seçməli olduğununu və seçmədiyi təqdirdə qardaşının da tutulacağını bildirilmişdir. Sonuncu çayı içmiş və çayda heç bir dad hiss etməmişdir. Polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmamışdır. İstintaq təcridxanasında olarkən, namaz qılanların siyahısı götürüldüyündən namaz qıldığına görə tutulduğunu fikirləşir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2012-ci ildə Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 126-cı maddəsi ilə təqsirli bilinib həbs edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Azadlığa buraxıldıqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış və fərdi qaydada tikintilərdə fəhlə işləməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 30 mart 2023- cü il tarixdə səhər vaxtı Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsi yaxınlığında yerləşən işlədiyi tikintiyə işə gələrkən “20 Yanvar” dairəsi yaxınlığında yerləşən “Kontakt Home’1 mağazasının yaxınlığında yerdə təsadüfən 01 ədəd şəffaf sellofan büküm görmüş, həmin sellofan büküm diqqətini cəlb etdiyi üçün götürüb açıb içinə baxmış və yerdən tapdığı sellofan bükümün içərisində qəhvəyi rəngli “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu görmüşdür. O, həmin maddədən hazırda istifadə etməsə də onun “kakos” adlı narkotik maddə olduğunu maddənin formasından və rəngindən tanımışdır. Sosial şəbəkədə həmin maddəni dəfələrlə görmüş, həmin maddədən neçə istifadə edilməsi qaydasını, eləcə də həmin maddədən istifadə edildiyi təqdirdə adamın gümrah olmasını və bədənində olan ağrıları hiss etməməsini bilirmiş. Buna görə də marağı yarandığı üçün həmin maddəni götürüb əynində olan gödəkçəsinin cibinə qoyub özündə saxlamışdır ki, gələcəkdə özü istifadə edər. Təqsirləndirilən şəxs hadisə ilə bağlı onu bildirmişdir ki, 30 mart 2023-cü il tarixdə saat 15:30 radələrində işlədiyi tikintinin yaxınlığında, yəni Bakı şəhəri, Nəsimi rayonu. Moskva prospekti 52 ünvanının yaxınlığında olduğu zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda üstündə “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə dəvət etmişlər və o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə onun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə bir ədəd sellofan bükümdə “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirib, əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibində olan bir ədəd sellofan bükümü çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən qəhvəyi rəngli “kakos” adı ilə tanıdığı narkotik maddə aşkar olunmuş, polis əməkdaşları həmin maddənin narkotik vasitə heroinə oxşar maddə olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, o, həmin narkotik vasitənin adının heroin olduğunu bilirmiş, lakin istifadə edən şəxslər arasında həmin maddəyə əsasən “kakos” deyildiyi üçün o, da şəxsi axtarış keçirilən zaman üzərində narkotik maddə “kakos” olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üstünə şəxsi axtarış keçirilmiş və gödəkçəsinin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 1 manat pulu, 03 ədəd mənzil açarı, 01 ədəd alışqan və içində siqaret dənələri olan 01 ədəd siqaret qutusu aşkar olunmuşdur. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik maddə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o, üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik maddə heroini həmin günü, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” dairəsi yaxınlığında yerləşən “Kontakt Home” mağazasının yaxınlığından təsadüfən tapdığını, hazırda narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsə də, tapdığı həmin narkotik maddəni gələcəkdə özü istifadə etmək məqsədi ilə üstündə saxlayıb daşıdığını bildirmişdir. Onun təqdim etdiyi 01 ədəd "Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, aşkar edilmiş 03 ədəd mənzil açarı, 1 manat pul, 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu onun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra özü və digər iştirakçılar protokola imza etmişlər. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmuş, heç bir müqavimət göstərməmişdir. Özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, hər hansı bir şəxsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitədən hər hansı bir şəxsə verməmiş, həmçinin özü də istifadə etməmişdir. Yaşadığı mənzildə, yaxud da başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə, eləcə də cinayət yolu ilə əldə olunmuş hər hansı bir əşya gizlədib saxlamamışdır. Özü mobil telefondan istifadə edir, həmin mobil telefonunun üzərində ***-***-**-** saylı nömrə vardır. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyətlərin səbəbini qardaşının da cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə hədəyə məruz qalması ilə izah etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 30 mart 2023-cü il tarixində, Kazım adlı şəxsin narkotik vasitələrinin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş,həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, günorta saatlarında Kazım adlı şəxs saxlanılaraq 19-cu polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində olarkən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, narkotik vasitə olan heroin aşkar edilmiş və sonuncu narkotik vasitəni yaxınlıqdan əldə etdiyini, satmaq üçün saxlamadığını bildirmişdir. Polis bölməsində olarkən təqsirləndirilən şəxsə qarşı psixi və fiziki təzyiq göstərilməmişdir. Sonralar narkotik vasitənin satışı faktının müəyyən edilməsi istiqamətində əməliyyat tədbiri keçirilməmişdir. Təqsirləndirilən şəxsin ailəsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 30 mart 2023-cü il tarixində saat 15:30 radələrində keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq, polis bölməsinə dəvət edilmişdir. Polis Bölməsində vəkilin iştirakı ilə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman sonuncunun sağ yan cibindən Nəsimi rayonu ərazisindən əldə etdiyini bildirdiyi bir ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş, qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 30 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına dəvət edildikdən sonra orada həmin gün saat 17:00-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm, gödəkçəsinin sol yan cibindən 01 ədəd “Samsung" markalı mobil telefon, 1 manat pul vəsaiti, 03 ədəd mənzil açarı, 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon və içərisində narkotik vasitə heroinə oxşar maddə olan 01 ədəd sellofan büküm iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, 1 manat pul, 03 ədəd mənzil açan, 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 30 mart 2023-cü il tarixdə saat 17:06-da başa çatmışdır(cild 1, iş vərəqi 30-32). 31 mart 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 14,042 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Narkotik vasitə heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 13,942 qram təşkil etmişdir. (cild 1, iş vərəqi 42-45). 14 aprel 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmiş, barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar müəyyən edilməmişdir(cild 1, iş vərəqi 174- 177). 29 aprel 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir(cild 1, iş vərəqi 205-208). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki,Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən DVD diskdən, həmçinin ibtidai istintaq dövründə verdiyi əvvəlki ifadələrindən görünür ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə olan heroinin ona məxsus olduğunu, həmin maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl, elə həmin günü, yəni 30 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” dairəsi yaxınlığında yerləşən “Kontakt Home” mağazasının yaxınlığından təsadüfən tapdığını, hazırda narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsə də, tapdığı həmin narkotik maddəni gələcəkdə özü istifadə etmək məqsədi ilə üstündə saxlayıb daşıdığını bildirmişdir. Lakin ibtidai istintaq dövründə verdiyi sonuncu ifadəsində Təqsirləndirilən şəxs həm şübhəli, həm təqsirləndirilən şəxs qismində dindirilərkən, həm də barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən verdiyi ifadələrindən imtina edərək, polis əməkdaşları tərəfindən ona iynə vurulacağı, böyük torbalarla narkotik vasitənin onun adına rəsmiləşdiriləcəyi məzmunda psixi təzyiqə məruz qaldığı üçün üzərinə baxış keçirilməsi, baxış zamanı narkotik vasitələr təqdim edəcəyi barədə onların tələbi ilə razılaşmış və etiraf edici ifadələr vermişdir. Məhkəmə iclasında isə ifadəsini bir daha dəyişdirərək qardaşının da cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə hədə-qorxu yolu ilə ona psixi təsir edildiyini göstərərək şəxsi axtarış istintaq hərəkəti keçirilməsi zamanı təqdim etdiyi narkotik vasitənin ona məxsus olmamasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları, iş üzrə mövcud olan şahid ifadələri ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, istintaq orqanı bu hərəkətlə kifayətlənmiş, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə ümumiyyətlə baxış və ya axtarış istintaq hərəkətləri həyata keçirilməmişdir. 12 aprel 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş “Samsung Galaxy A 10S” markalı mobil telefona baxış keçirilmiş iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir (cild 1, iş vərəqi 129-156). "xxxx" MMC tərəfindən təqdim edilən, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı telefon nömrəsi vasitəsilə aparılan danışıqları özündə əks etdirən CD diskə həmçinin məhkəmə iclasında baxış keçiriləkən iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir (cild 1, iş vərəqi 129-156). Bundan başqa iş materiallarına əlavə edilmiş 26 aprel 2023-cü il tarixli məktubdan görünür ki, sonradan keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini əldə etmə mənbəyi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. (cild 1, iş vərəqi 164). Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl həmin Məcəllənin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 yanvar 2012-ci il təvəllüdlü bir azyaşlı övladı vardır . Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2.4-cü maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş tələbnamədən və cinayət işi materiallarına əlavə edilmiş hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli qərarı ilə ona bəraət verilmiş, iş üzrə həmin qərardan verilmiş kassasiya protestinə əsasən cinayət işi Ali Məhkəmənin 21 aprel 2015-ci il tarixli qərarına əsasən baxılması üçün yenidən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2015-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasından həbsdən saxlanıldığı 02 il 09 ay 25 gün müddət çıxılmaqla, üzərində 07 il 09 ay 05 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının sonu 15 sentyabr 2023-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrumetə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir(cild 1, iş vərəqi 129-156). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş və yuxarıda sadalanan hökm və qərarlardan göründüyü kimi ağır cinayət törədilməsinə görə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyi dövrdə yenidən qəsdən ağır cinayət törətməsi onun əməlində cinayətlərin təhlükəli residivi halını yaradır və məhkəmə cinayətlərin residivi halını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə qəsdən ağır cinayət törətdiyindən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması kimi cəzasını yüngülləşdirən halı, cinayətin təhlükəli residivini cəzasını ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmamaqla cəza təyin edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaya ona Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2015-ci il tarixli qərarı ilə üzərində saxlanılmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl azad edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 20 gün hissəsi qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 21), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 92-96). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. 31 mart 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqi 172- 173). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “maddi sübutların saxlanması otağı”nda saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,942 qram təşkil edən həmin narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk elektron məlumat daşıyıcısı cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 81 (səksən bir) manat məbləğində məhkəmə- kimyəvi ekspertizaları xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild, iş vərəqə 43). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2015-ci il tarixli qərarı ilə üzərində saxlanılmış 07 il 09 ay 05 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini təşkil edən 10 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməsi yolu ilə ona qəti olaraq 6(altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “maddi sübutların saxlanması otağı”nda saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 13,942 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 manat (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar