Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1594/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:40 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Embawood” mebel şirkətində satış meneceri işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 37 K saylı bağ evində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 3,754 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 08 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində əldə edərək üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 13:30 radələrində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala avtomobil yolunun kənarında saxlanılaraq Xəzər rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan zəncirbəndli cibindən bir ədəd sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 3,754 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, 50 ildir ki, Bakıda yaşayır, ehtiyatda olan zabitdir. “Embawood” mebel şirkətində satış meneceri çalışmışdır. O, qanuna tabe olan bir insandır, hər zaman ətəninə xidmət etmiş, vergiləri vaxtı-vaxtında ödəmiş, Vətənin milli, dini, tarixi dəyərlərinə və adət-ənənələrinə hörmət etmişdir. İşlədiyi kollektivdə hər zaman hörməti olmuşdur. 18 il bir kollektivdə işləməsi onun daxili nizamintizamı və əxlaqı da bunun sübutudur. Ailəlidir və 3 övladı var. Ailəsinin rifahı onun əsas hədəflərindən biridir və hər zaman bu yolda çalışmışdır. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, nə yaxın, nə də uzaq ətrafında narkotik istifadəçisi olan insanlar olmamışdır. Bu cinayət işini öz nüfuzuna və əqidəsinə təhqir hesab edir, bunun övladlarının gələcək kariyerasına maneə olacağını düşünür. İttiham aktında yazılanların hamısını inkar edir. O, heç bir ifadə və izahat verməmişdir, orada yazılanların heç biri onun sözləri deyil. Videoçəkiliş zamanı təzyiq və təhdid altında ifadə vermiş, sənədləri də təzyiq və təhdid altında imzalamışdır. Əvvəla, Cinayət-Prosessual Məcəllənin 91.5-ci maddəsinin bəndləri kobud şəkildə pozulmuşdur. Belə ki, saxlandıqdan sonra onun ailəsinə və yaxınlarına xəbər verilməmişdir. Ailəsi onu 4 gün axtarmış, “102” xidmətinə axtarışa vermiş və bütün xəstəxanalara zəng etmişlər. Nəhayət, onu 3 saylı İstintaq Təcridxanasında tapmışlar. İkinci etirazı isə odur ki, saxlandığı zaman üzərində olan əşyaların heç biri şahidlərin iştirakı ilə aktlaşdırılmamışdır. Ona məxsus olan 40 manat pul da götürülmüşdür. Bütün bunları qeyd etməkdə məqsədi aparılan istintaqın qeyri-peşəkar olmasını, görülən işə kölgə salınmasını nəzərə çatdırmaqdır. İttiham aktı ilə onun təqsiri sübuta yetirilməyib. İttiham aktında satış faktı, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ümumiyyətlə təsdiq olunmamışdır. 1 saylı Narkoloji dispanserin ekspertiza rəyi onun istifadəçi olmadığını təsdiq edir. İttiham aktında qeyd olunmuşdur ki, o, saat 1-də Qala ərazisində olmuşdur. Ancaq o, günorta namazını qılıb saat 1-də evdən çıxmış, yarım saat ərzində Şüvəlanda qeydiyyatda olduğu ünvana getmək üçün Mərdəkan yolundan Qala istiqamətinə dönmüşdür. Bir az getdikdən sonra təxminən saat 13:30-13:40 radələrində qabaqda onu saxlamışlar. O, ümumiyyətlə Qalada olmamışdır. Şüvəlandakı evinə getmək üçün həmişə o yoldan istifadə etmişdir. Ona yaxınlaşıb “maşının təkəri buraxır” demişlər, o da “çox sağ olun” deyə cavab vermişdir. Amma maşının təkərinə baxdıqda elə bir şey olmadığını görmüşdür. Həmin şəxsləri tanımadığı üçün maşını saxlamadan sürüb getmiş, amma həmin şəxlər polis olduqlarını deyərək ondan maşını saxlamasını istəmişlər. Maşını saxladıqdan sonra onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, bunun səbəbini soruşduqda ona heç bir səbəb göstərilməmiş, “şöbəyə gəl, deyəcəyik” deyə cavab verilmişdir. Həmin şəxslər 3 nəfər olsalar da, cinayət işində yalnız iki nəfərin adı çəkilmişdir. Narkotiki ona əməliyyatçı Şahid2 gətirib vermiş, o da bağlı şəkildə olan sellofan bükümü sağ cibinə qoymuş və videoçəkiliş zamanı könüllü çıxarıb təqdim etmişdir. Bütün bunları təzyiq altında etmişdir. Ona təzyiq çəkilişdən əvvəl ikinci mərtəbədə cinayət-axtarış şöbəsinin rəisi Elnur tərəfindən olunmuşdur. O, Yusif Yusifzadəyə “bunu mənə vermisiz, heç olmasa adını da deyin, mən bilim nədi” demişdir. Onun qanunlara, konstitusiyaya zidd bir əməlinin olmaması bəllidir. Ondan heç bir şey tapılmamışdır, əks halda onun işini bir ay yarıma bağlamazdılar. Hesab edir ki, buna görə cəmiyyətdən təcrid olunmağına da ehtiyac yoxdur. Yuxarıda qeyd olunanlar, həmçinin himayəsində 80 yaşlı anasının da olması nəzərə alınaraq məhkəmədən ən yaxşı halda ona bəraət verilməsini, əks halda cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamamış və ruhiəsəb xəstəliyindən əzab çəkmir. Təxminən bir neçə vaxtdır ki, narkotik vasitənin kakos kimi bildiyi heroin növündən istifadə etməyə başlamışdır. İstifadə etdiyi həmin maddəni tanımadığı şəxslərdən müxtəlif yerlərdən almışdır. Belə ki, 08 aprel 2023-cü il tarixdə səhər saatlarında işi ilə əlaqədar olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə gəlmişdir. Orada təsadüfən tanış olduğu şəxsdən kakos kimi bildiyi heroin narkotik vasitəsinin bir bükümünə 50 manat ödəməklə almış və üzərində saxlamışdır ki, sonra istifadə etsin. O, Qala qəsəbəsində işlərini qurtardıqdan sonra təxminən saat 13:30 radəsində Qala avtomobil yolunun kənarında dayanan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər və şəxsiyyəti barədə məlumat verməsini bildirmişlər. Bu zaman o, polis əməkdaşlarına hər bir şeyin aydın olduğunu bilmiş və şəxsiyyəti barədə onlara məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində şübhəli bilindiyini deyib Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlarla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gəlmiş, oradan isə Xəzər rayon Polis İdarəsinə gətirilmişdir. Polis idarəsində olan zaman ona üzərinə şəxsi axtarış aparılacağı deyilmiş və hüquqlarının müdafiəsi üçün Xəzər rayon ərzisində fəaliyyət göstərən vəkil dəvət edilmişdir. Vəkil dəvət edilməzdən əvvəl ona vəkil seçmək hüququ verilmiş və o, müdafiəçini seçmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah edilmiş və video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ona üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan zəncirbəndli cibindən bir ədəd içərisində kakos kimi bildiyi və əvvəlcədən alıb saxladığı narkotik vasitə heroini çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı aşkar edilmiş həmin narkotik maddənin özünə məxsus olduğunu, öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq 43 saylı möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. O, qısa zamandır ki, bir-iki dəfə narkotik vasitə istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni də istifadə etmək məqsədilə üzərində saxlamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu saxlayarkən ona qarşı heç bir fiziki zor göstərməmişlər. O, üzərindən aşkar edilmiş narkotik vasitəni aldığı şəxsi birinci dəfə idi ki Qala qəsəbəsində görmüş, onun şəxsiyyəti barədə məlumatı olmamışdır (cild 1, iş vərəqə 48-50, 62-64). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar 08 aprel 2023-cü il tarixdə saat 13:00 radələrində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə getmişlər. Həmin gün saat təxminən 13:30 radələrində Qala avtomobil yolunun kənarında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Bundan sonra bu barədə raport yazıb məruzə etmişlər. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Nicat Əliyevə həvalə edildiyindən Təqsirləndirilən şəxs həmin Polis İdarəsinə gətirilmiş və orada xidməti otaqların birində müstəntiq Nicat Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və baş müstəntiq Nicat Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq baş müstəntiq Nicat Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan zəncirbəndli cibindən bir ədəd şəffaf sellofan bükümünü təqdim etmişdir. Şifahi sorğu zamanı həmin bükümün içərisində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 08 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxıldıqda onun içərisindən qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd şəffaf sellofan büküm baş müstəntiq Nicat Əliyev tərəfindən kağız zərfə qoyulmuş, qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ya ərizə daxil olmadığı üçün həm zərf, həm də protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən hər hansı məlumat əldə olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 86-87). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 08 aprel 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin əks olunduğu DVD diskdən görünür ki, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, sonuncu da könüllü olaraq, əynindəki tünd göy rəngli idman şalvarının sağ yan zəncirbəndli cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində “kakos” adlanan narkotik vasitə heroin olduğunu, həmin heroini saxlanılmamışdan öncə 08 aprel 2023-cü il tarixdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirildikdə onun içərisindən qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 43 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 31-33, 78). Məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2023-cü il tarixli 6/2074 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №43” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,754 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,704 qram təşkil etmişdir (cild 1, iş vərəqə 39-43). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2023-cü il tarixli 2987 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cid 1, iş vərəqə 96-97). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinn surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il, xx.xx.2013-cü il və xx.xx.2015-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 102-104). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 105-106). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdiril-məsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “… Aşkar edilmiş narkotik vasitə heroinin külli miqdarda olması onun narkotik vasitəni satış məqsədilə qazanc əldə etmək niyyətinin olmasına dəlalət edir...” kimi əsassız qənaətə gəlmişdir (cild 1, iş vərəqə 110). Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərkən onu da vurğulayır ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün heç bir halda əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəti ilə əlaqədar cinayətlər”lə bağlı XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslandırılması üçün müstəntiq tərəfindən sübutların qiymətləndirilməsi haqqında qərarda mövcud sübutlar məcmusuna uyğun gəlməyən mülahizələr irəli sürülmüşdür. O cümlədən “Qeyd olunan narkotik vasitənin miqdarı külli miqdar olmaqla həmin çəkidə narkotik vasitənin yalnız şəxsi istifadə məqsədilə əldə edilib saxlanması qeyri-mümkündür” kimi cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil edən nəticəyə gəlmişdir (cild 1, iş vərəqə 110). Narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə isə ayrıca cinayət işi deyil, material ayrılaraq əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün göndərilməsi qərara alınmışdır. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək hər hansı dəlil barədə bildirməmiş, satış məqsədini təsdiq edən hər hansı məqamı təsdiq etməmişlər. İlkin təhqiqat sənədləri tərtib edilərkən də satış məqsədi ilə bağlı ziddiyyətli mövqe əks etdirilmişdir. Belə ki, əməliyyat müvəkkilinin əməliyyat məlumatı daxil olması barədə raportunda hər hansı birbaşa satış məqsədi əks etdirilməmiş, yalnız ümumi şəkildə “Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması” qeyd edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda da eyni mövqe əks etdirilmişdir (cild 1, iş vərəqə 3, 6). Amma eyni tarixdə tərtib olunmuş əməliyyat qrupunun yaradılması haqqında əmrdə və əməliyyat qrupunun təşkil edilməsi barədə protokolda məlumatın hansı məzmunda daxil olmasını birbaşa özündə əks etdirən raportdan və ona uyğun şəkildə tərtib olunmuş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan fərqli olaraq “Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlaması və satışı barədə məlumat” daxil olması göstərilmişdir (cild 1, iş vərəqə 4-5). Halbuki, məlum raport və qərarın icrası ilə bağlı tərtib olunmuş qeyd olunan sənədlərin məzmunu fərqli görüntü yaratmamalı idi. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən isə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. İbtida istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərarda və protokolda isə şəxsin “narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində” şübhəli bilindiyi qeyd olunaraq onun Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərədə tutulmuş əməli törətməkdə şübhəli bilindiyi göstərilmiş, Təqsirləndirilən şəxs mövcud sübutlar əsasında əsaslı olaraq məhz satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etməkdə şüböhəli bilinərək tutulmuşdur (cild 1, iş vərəqə 12, 22). Sübutların təsvir olunan həcmdə və məzmunda olmasına rəğmən xx.xx.2023-cü il tarixdə cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlanmışdır. 10 aprel 2023-cü il tarixdə isə yalnız satış məqsədi olmadan narkotik vasitəni əldə etmə barədə mövcud olan ilkin sübutların mövcudluğu şəraitində müstəntiq tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Halbuki, həmin an üçün satış məqsədini təsdiq edən heç bir sübut mövcud olmamış və ibtidai istintaqın sonrakı mərhələsində də belə sübut əldə edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərindən aşkar olunmuş narkotik vasitənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 3,754 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyatının olmamasına, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üstünə qoyulması, ibtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi altında etirafedici ifadələr verməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroin əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələrini də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, himayəsində ahıl yaşlı anasının və uşaqlıqdan 2-ci qrup əlil qardaşının olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 08 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 73-75). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,704 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 40). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, ibtidai istintaq mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,704 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına X6 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1594/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1594/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver