Məhkəmə qərarları › İş №1(101)-1597/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1597/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1597/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X1 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 4,899 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 22:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 23:51dən etibarən üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 03 ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,668 qram, 1,405 qram və 1,826 qram olmaqla ümumi çəkisi 4,899 qram olan xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə metamfetamindən istifadə edirmiş. 04 iyun 2022-ci il tarixdə günorta vaxtı “Ciqan” adı ilə tanıdığı bir nəfərdən 20 manat müqabilində bir büküm, təxminən 0,5 qram metamfetamin almış və az miqdarda istifadə etmişdir. Həmin günü təxminən saat 22 radələrində ünvan 2 ünvanın yaxınlığında köşkdən siqaret alarkən üç nəfər ona yaxınlaşıb, özlərini təqdim edib, onlarla birlikdə polis idarəsinə getməyi təklif etmişlər. O da etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişdir. Həmin vaxt onun üzərində günorta aldığı bir büküm metamfetamin olmuşdur. Polislər ona iki büküm də metamfetamin verib, demişlər ki. «bunu da cibinə qoy, çəkilişlə çıxarıb təqdim edərsən». Polislər ona fiziki təsir göstərdikləri üçün məcburiyyət qarşısında həmin bükümləri cibinə qoymuş və çəkiliş zamanı çıxarıb təqdim etmişdir. Videoçəkliş zamanı vəkil iştirak etməmiş, vəkillərin siyahısı ona təqdim olunmamış və vəkili özü seçməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddənin metamfetamin növündən istifadə edir. 04 iyun 2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində gəzdiyi vaxt bir nəfər ona yaxınlaşaraq siqaret çəkib çəkmədiyini soruşmuşdur. Daha sonra isə siqaretdən daha yaxşı şeylərin olduğunu bildirmişdir. Həmin şeylərin nə olduğunu soruşanda həmin şəxs ona demişdir ki, pul qarşılığında narkotik vasitə təşkil edə bilər. Həmin vaxt psixotrop maddə metamfetamin çəkmək istədiyi üçün ona demişdir ki, əgər metamfetamin təşkil edə bilsə 75 manatlıq metamfetamin alar. Həmin şəxsin də cibində elə 3 büküm metamfetamin olmuşdur. Buna görə də 75 manatı həmin şəxsə vermişdir. Həmin şəxs də ona 3 bükümdə metamfetamini vermişdir. Həmin metamfetamini ondan alıb oradan uzaqlaşmış, metamfetamindən çəkməmişdir və üzərində saxlamışdır ki, sonra çəkər. Metamfetamini aldığı şəxs özünün «Ciqan» ləqəbi ilə tanındığını bildirmişdir. 04 iyun 2022-ci il tarixdə, saat 22:15 radələrində ünvan 2 ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşdur. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişdir. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddələr vardır. Bundan sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdir. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində “şüşə” adı ilə tanıdığım psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 03 ədəd sellofan bükümü, 10 manat pulu, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan şalvarının arxa sağ cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan şalvarının sağ yan cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini 04 iyun 2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində adını və digər anket məlumatlarını bilmədiyi “Ciqan” ləqəbli şəxsdən ümumilikdə 75 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 10 manat pul, 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərimdən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis əməkdaşlarının fiziki təsirinə məruz qaldığı üçün imza etməyə məcbur qaldığını, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında saxlayıb özlərini təqdim etmişlər. Sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı və üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçi gəldikdən sonra S.Piriyev şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində şüşə adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 03 ədəd sellofan bükümü, 10 manat pulu, 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan şalvarının arxa sağ cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan şalvarının sağ yan cibində olan şəxsiyyət vəsiqəsini çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan bükümün içində şüşə adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini 04 iyun 2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində adını və digər anket məlumatlarını bilmədiyi “Ciqan” ləqəbli şəxsdən ümumilikdə 75 manat pul müqabilində öz şəxsi istifadəsi üçün almış və üzərində saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 iyun 2022-ci il tarixdə saat 22:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs BMCMİ-yə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 03 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 04 iyun 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Nərimanov rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi haqqında 06 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2022-ci il tarixli, 6/3160 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N6” dairəvi möhür əksi olan, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,668 qram, 1,405 qram, 1,826 qram ümumi təmiz çəkisi 4,899 qram olan ağ rəngli kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 4,899 qramdır, tədqiqata sərf edilmişdir 0,12 qram, qalıq isə 4,779 qramdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 30 iyul 2022-ci il tarixli 4171 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 17 iyun 2022-ci il tarixli 2026/K nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəznin xx.xx.2022-ci il tarixli xx/xx-9201 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019 – xx.xx.2019-cu il tarixdə mərkəzdə stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2022ci il tarixli qərardan məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 04 iyun 2022-ci il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və 01 ədəd DVD diskə köçürülmüş və maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə verilmiş ekspertiza rəyinə görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertizadan sonra qalıq qalan 4,779 qram psxiotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli faktiki tutulduğu vaxtdan – 04 iyun 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspertizadan sonra qalıq qalan 4,779 qram psxiotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar