Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1598/2021 07.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda, bir ədəd sellofan paketin içərisində təmiz çəkisi- 630 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə etməklə daşımış, 12 may 2021-ci il tarixdə saat 01:15 radələrində Bakı şəhəri, Nizami RPİnin X1 əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 yerləşən Nizami rayon Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkçənin sol qolunun iç hissəsindən saxladığı bir ədəd sellofan paketin içərisində təmiz çəkisi- 630 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, ancaq narkotik vasitə heroindən gün ərzində təxminən 3 qram istifadə etmişdir. Bakı şəhəri, Binəqədi rayonu ərazisində sosial şəbəkələrdən tanış olduğu, lakin adını bilmədiyi şəxsdən narkotik vasitə heroinin 1 qramını 10-12 manat məbləğində pula öz istifadəsi üçün almışdır. Sonuncu dəfə 11 may 2021-ci il tarixdə həmin şəxsin bank kartı hesabına 200 manat köçürməklə öz istifadəsi üçün 20 qram narkotik vasitə sifariş vermişdir. Həmin şəxs narkotik vasitəni qoyduğu yeri dedikdən sonra o, narkotik vasitəni görürərkən çəkisinin çox olduğunu görmüşdür. Narkotik vasitəni götürdükdən sonra Bakı şəhər Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmış, həmin narkotik vasitə onun üzənindən aşkar edilərək götürülmüşdür. Özünü narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin bir hissəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün müxtəlif ünvanlarda plastik qapı-pəncərə və kondisioner quraşdırılması və təmiri ilə məşğul olmuşdur. 4 ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroin istifadə etmişdir. 11 may 2021-ci il tarixdə öncədən hesab nömrəsi ona məlum olan tanımadığı şəxsin hesab nömrəsinə “paypoint” aparatı ilə Binəqədi rayonu ərazisindən 500 manat pul yükləmiş və həmin heroini yaxınlıqda olan “Binəqədi mərkəz” adlanan ərazidən təxminən 1 saat sonra götürə biləcəyi ona məlum olmuşdur. Saat 22 radələrində həmin yerdən bir ədəd sellofan paketdə olan 630 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroini götürüb həmin heroinin həcmi çox olduğundan cibinə yerləşməməsi səbəbindən əynində olan qara rəngli gödəkçənin sol qolunun iç hissəsinə qoymuş və həmin ərazidən bir qədər aralandıqdan sonra 8-ci km bazarına gəlmişdir. Orada şəxsi işləri ilə bağlı bir qədər zaman keçirdikdən sonra yaşadığı ünvana qayıtmaq istəmişdir. 12 may 2021-ci il tarixdə saat 01:15 radələrində Q.Qarayev prospekti 15 ünvanın qarşısından piyada keçərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis işçiləri olduğunu bildirmişlər. Polislər sonra Nizami RPİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində öncədən ona hüquq- vəzifələri izah edilməklə video çəkiliş aparılacağı bildirilməklə ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. O da əynində olan qara rəngli gödəkçənin sol qolunun iç hissəsində saxladığı sellofan bükümündə olan narkotik vasitə heroini təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan kütlə heroindir, onu Binəqədi rayonu ərazisindən ünvanını və anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə özü üçün istifadə etmək üçün almışdır. Bundan sonra ondan götürülmüş narkotik vasitə heroin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsinin bir qismini təsdiq etmədiyini, həmin ifadələrdə olan 500 manat pulu narkotik vastitəni satan şəxsin bank kartına köçürmədiyini, həmin şəxsin kartına cəmi 200 manat pul köçürdüyünü və 20 qram öz istifadəsi üçün narkotik vasitə olan heroin sifariş etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, «Telman» adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri əldə etməsi, qəbulu, eləcə də satışı ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 12 may 2021-ci il tarixdə ondan, NMB-nin əməliyyat müvəkkili, Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində saat 01:15 radələrində ünvan 2 ünvanın qarşısında zahiri əlamətləri «Telman» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, onu Nizami RPİ-nə dəvət etmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üstünə video çəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl həmin şəxsə təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa onları təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində sürücülük vəsiqəsi olan pul qabı, əynində olan qara rəngli gödəkçəsinin sol qol hissəsindən saxladığı 1 (bir) ədəd sellofan paketin içərisində olan kütləni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə heroindir, onu Binəqədi rayonu ərazisindən 11 may 2021-ci il tarixdə ünvanını və anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almış, daşıyaraq üstündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 N°-li möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə tərəflərindən müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 12 mayl 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 13 may 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 may 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitə heroinin aşkar edilib götürülməsi barədə 12.05.2021-ci il tarixdə Nizami RPİ-nin TŞ- nin təhqiqatçısı, polis kapitanı Tufan Şükürov tərəfindən tərtib edilmiş protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli “Xiaomi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində sürücülük vəsiqəsi olan pul qabı, əynində olan qara rəngli gödəkçəsinin sol qol hissəsindən saxladığı 1 ( bir) ədəd sellofan paketin içərisində olan narkotik vasitə heroin olmaqla çıxardaraq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə heroindir, onu Binəqədi rayonu ərazisindən 11 may 2021-ci il tarixdə ünvanını və anket məlumatlarını bilmədiyi şəxsin vasitəsilə özü üçün istifadə etməkdən ötrü almışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin aşkar edilərək götürülməsinin videoçəkilişi bir ədəd DVD diskə köçürülmüş və iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/1904 saylı 12 may 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 162” möhür əksi, “...Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bağlamada təmiz çəkisi- 630 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2970 saylı 19.08.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bağlamada təmiz çəkisi 630 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 629,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut hesab edilmiş və Bakı şəhər Nizami RPİ-də məsul saxlanca verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarmın qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9- cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. Cinayət işinin materiallarına əlavə olunmuş tibbi arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X2 «Epilepsiya» xəstəliyindən əziyyət çəkir və Azərbaycan Respublikası SN 39 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olması və həyat yoldaşının «Epilepsiya» xəstəliyindən əziyyət çəkməsidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasma yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPMnin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nizami RPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd kağız paketdəki 01 ədəd bağlamada tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 629,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan - 12 may 2021ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 109 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nizami RPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd kağız paketdəki 01 ədəd bağlamada tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 629,9 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri - 109 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1598/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1598/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver