Məhkəmə qərarları › İş №1(101)-1598/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1598/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1598/2022 21.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili X5 və Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs, X1 iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 29, mənzil 39-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1978-ci il tarixdə Özbəkistan Respublikası, Kalinin rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 4, keçid 1004, ev 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zoraklıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək silah qismində əşya tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığına zərərvurmayan bədən xəsarəti yetirməklə quldurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə 1 fevral 2022-ci il tarixdə saat 10:00-da “9333” taksi xidməti vasitəsi ilə sifariş əsasında Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, “Araz Market”-in qarşısına gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Kia Rio” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində Təqsirləndirilən şəxs2 qabaq sağ oturacaqda, özü isə arxa sol oturacaqda əyləşib Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətində hərəkət etdirərək onları Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Xəzər Universitetinin yaxınlığına aparmasını bildirdikdən sonra Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində “ATEF” adlanan şirkətin qarşısında Təqsirləndirilən şəxs2 hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə təyinatı istintaqa məlum olmayan silah qismində istifadə etdiyi üzərində gəzdirdiyi bıçağı çıxarıb sürücü Elsəvər Məmmədovun sağ ayaq nahiyəsinə dirəyib pul tələb etmiş, həmin vaxt naqili sonuncunun boynuna arxadan keçirib zərəçəkmiş şəxsə boyun nahiyəsinin qançır və sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib eyni tələblə üzərində olan pulları istəmiş, bundan sonra Təqsirləndirilən şəxs2 əlini Elsəvər Məmmədovun sağ yan cibinə salaraq 10 manat pulu çıxarmaqla talayıb ələ keçirməklə quldurluq etmiş, daha sonra isə Bakı şəhəri, Nizami rayonu ərazisinə gedərək Xəzər Universitetinin yaxınlığında avtomobildən düşüb qaçaraq getmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1 fevral 2022-ci il traixdə tanışları Rəşad və Arif ilə birlikdə Samir Xələfov adlı şəxsdən əvvəlcədən danışdıqları pulu almağa və iş haqqında danışmağa getməli olmuşlar. Bu məqsədlə Samirdən olduğu yeri soruşub onları Xəzər Universiteti yaxınlığına çartdırması üçün Rəşada məxsus mobil telefon vasitəsilə “9933” taksi şirkətindən taksi sifariş vermişlər. Həmin taksi avtomobili gəldikdən sonra o, öndə, Rəşad və Arif isə arxa oturacaqlarda əyləşmişlər. Avtomobildə olarkən yol boyu taksi sürücüsü ilə hər hansı ünsiyyətləri olmamışdır. Təyinat yerinə çatana yaxın taksi sürücüsünə hazırda nağd pullarının olmadığını, ödənişi plastik kart vasitəsilə edə biləcəklərini bildirmişlər. Bu vaxt taksi sürücüsü gileylənərək çalışdığı şirkətdə ödənişləri plastik kartla edilməsinin mümkün olmadığını, ödənişi nağd etməli olduqlarını bildirmiş, onlarla bir qədər kobud danışmışdır. Taksi xidməti üzrə borcları 6 manat olmuşdur. Təyinat yerinə çatdıqda taksi sürücüsünə onları gözləməsini, təxminən 5 dəqiqəyə 6 manatı ona çatdıracaqlarını bildirmişlər. Taksi sürücüsü də onlarla razılaşmışdır. Bundan sonra onlar üçü də avtomobildən düşmüş və Samirlə görüşməyə getmişlər. Samirlə iş haqqında danışan zaman görüşlərindən təxminən 15 dəqiqə sonra taksi sürücüsünün ödənişini etməyi unutduqlarını xatırlamış və dərhal Samirin yanından uzaqlaşıb təyinat yerinə geri qayıtmışlar. Lakin həmin yerə çatdıqda artıq taksi avtomobilinin orada olmadığını görmüşlər. Daha sonra Arifdən ayrılıb o və Rəşad birlikdə başqa taksi avtomobilinə əyləşib oradan getmişlər. Daha sonra gecə saat 12 radələrində Rəşadın yanında olarkən sonuncunun mobil telefonuna zəng gəlmişdir. Rəşad zəngi açdıqda telefondakı şəxs həmin gün onları Xəzər Universiteti yaxınlığına aparan taksi sürücüsü olduğunu demişdir. Bu vaxt o, Rəşadın mobil telefonunu götürüb həmin şəxlə danışmağa başlamışdır. Sonuncu aqressiv şəkildə nə üçün ödəniş haqqını vermədiklərini, onlarla əmisi oğlunun danışmaq istədiyini demişdir. O isə taksi sürücüsünə ona pulu çatdırmaq üçün qayıtdıqlarını, lakin onun gözləmədiyini, əmisi oğlu ilə danışmağa ehtiyac olmadığını, məsələni özlərinin həll edə biləcəklərini demişdir. Daha sonra isə eyni məzmunda bir qədər danışıb zəngi sonlandırmışdır. Hadisədən 15 gün sonra polis əməkdaşları onu tutmuşlar. Tutulduqdan sonra 1 gün Nizami RPİ-nin 24-cü polis bölməsində qalmış, daha sonra isə onu Nizami RPİ-nin 32-ci PB-nə aparmışlar. 1 gün də orada saxlanıldıqdan sonra onu Nizami RPİ-nə gətirmişlər. Taksi avtomobilindən sifarişlərinə uyğun olaraq Xəzər Universitetinin yanında düşmüşlər. Avtomobildə olarkən taksi sürücüsü ilə aralarında hər hansı mübahisə olmamışdır. Plastik bank kartı yalnız onda olmuş, Oruc və Rəşadın üzərində nağd pul və ya bank kartı olmamışdır. Taksi sifariş etməzdən əvvəl hər üçü pulun yalnız onda olduğunu bilmişlər. Zərərçəkmiş şəxsi əvvəllər tanımamış, hadisə günü ilk dəfə görmüşdür. Ödəniş etməyi unutduqları üçün taksi avtomobilinə dedikləri vaxtda qayıtmamışlar. Samirlə işlə yanaşı, həmçinin tanışı Rızvan adlı şəxsin Ramana qəsəbəsində ev almaq istəməsi barədə danışmaq üçün görüşmüşdür. Taksi sürücüsü onları 5 dəqiqəlik gözləmə müddəti ərzində Rəşada zəng etməmişdir. Təyinat yerinə çatdıqdan sonra Samirin ona verməli olduğu nağd puldan 6 manatı taksi sürücüsünə verməyi düşünmüşdür. Taksi avtomobilinə əyləşən zaman heç birində kəsici, deşici və s. alətlər olmamışdır. Taksi sürücüsündən hər hansı məbləğdə pul tələb etməmişlər. Avtomobildə olarkən heç biri taksi sürücüsünə hər hansı xəsarət yetirməmişlər. Taksi avtomobilinin təyinat yerində olmadığını gördükdən sonra ona zəng etməmişlər. Samirlə görüşdüyü yerlə taksi avtomobilinin olduğu yer arasında təxminən 100 metr məsafə olmuşdur. Hadisə günü üzərində “Kapital Bank”-a məxsus plastik kart olmuş, həmin kartda 10 manat pul olmuşdur. Bank kartını 2 il əvvəl almışdır. Tutulanadək “Meyvəli bazar”-da işləmişdir. İbtidai istintaq zamanı yazılan ifadəni oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1 fevral 2022-ci il tarixdə saat 9 radələrində Xətai rayonu, NZS qəsəbəsinə getmiş və orada «Kosmos» çayxanasında Arif və Rəşadla görüşüb söhbət etmiş və söhbət əsasında onlara təklif etmişdir ki, Ramana qəsəbəsində yaşayan tanışı Rizvanın evinə gedib onunla söhbət etsinlər. Ona görə də taksi sifariş etmiş və Ramana qəsəbəsinə getmişlər. Orada Rizvanla görüşüb çay içib söhbət etmişlər. Daha sonra isə Rizvandan ayrılmışlar. Daha sonra isə Rəşad, Arif və o öz aralarında qərara gəlmişlər ki, pulları yoxdur, taksi sifariş versinlər və yolda həmin taksi sürücüsünün pullarını alıb və gedib çörək yesinlər. Bundan sonra o, Nizami rayonu Neftçilər metrostansiyası yaxınlığında yerləşən Xəzər Unverisitetinə yaxın yerdə olan kafeyə getmək üçün *9333 taksi şirkətindən taksi sifariş vermiş və taksi Ramana qəsəbəsinə gəlmiş və orada Şoşan ləqəbli Şahid2 taksidə qabaq sərnişin oturacağında, o, sürücünün arxasında, arxa oturacaqda onun sağ tərəfində arxa oturacaqda isə Arif oturmuşdur. Daha sonra taksi sürücüsü sonradan adını bildiyi Eldəniz avtomobili idarə etməyə başlamışdır. O, yolda gedərkən Eldənizə bildirmişdir ki, avtomobili Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətindən üzü Qaraçuxur istiqamətində hərəkət etdirsin. Eldəniz də onun dediyi istiqamətdə maşını sürmüşdür. O, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində olan zaman ATEF deyilən ərazidə üzərində gəzdirdiyi naqili Eldənizin boynuna arxadan keçirib özünə tərəf çəkmiş və Eldənizə bildirmişdir ki, üstündə nə qədər pul varsa onlara versin. Eldəniz isə bildirmişdir ki, onun üzərində 10 manat pul vardır. Daha sonra o, 10 manat pulu qabaq sərnişin oturacağında oturan Rəşada vermişdir. Bundan sonra o, naqili Eldənizin boynundan çıxarmış və Nizami rayonu ərazisində yerləşən Xəzər Unversitetinin yaxınlığına sürdürmüşdür. Orada onlar maşından düşüb qaçaraq kafeyə getmiş və orada çörək yemişlər. O və Rəşad işləri olduğu üçün kafenin pulunu vermədən oradan çıxıb getmişlər, Arif isə kafedə qalmışdır. Daha sonra, yəni 3-4 saat sonra Arif Rəşadın mobil telefonuna zəng edərək bildirmişdir ki, kafenin pulunu vermədiyi üçün onu 25-ci PB-nə aparmışlar və orada tanışlarına zəng elətdirmiş və pulu gətirdikdən sonra onu buraxmışlar (cild 1, iş vərəqə 126-128). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1 fevral 2022-ci il traixdə tanışları Rəşad və Elgün ilə birlikdə Samir Xələfov adlı şəxsdən əvvəlcədən danışdıqları pulu almağa və iş haqqında danışmağa getməli olmuşlar. Bu məqsədlə Samirdən olduğu yeri soruşub onları Xəzər Universiteti yaxınlığına çartdırması üçün Rəşada məxsus mobil telefon vasitəsilə “9933” taksi şirkətindən taksi sifariş vermişlər. Taksi siparişini Elgün vermişdir. Həmin vaxt üzərində pul olmamışdır. Belə razılaşmışlar ki, taksi xidməti üzrə ödənişi Elgün etsin. Həmin taksi avtomobili gəldikdən sonra Elgün öndə, Rəşad və o isə arxa oturacaqlarda əyləşmişlər. Avtomobildə olarkən yol boyu taksi sürücüsü ilə hər hansı ünsiyyətləri olmamışdır. Təyinat yerinə çatana yaxın taksi sürücüsünə hazırda nağd pullarının olmadığını, ödənişi plastik kart vasitəsilə edə biləcəklərini bildirmişlər. Bu vaxt taksi sürücüsü gileylənərək çalışdığı şirkətdə ödənişləri plastik kartla edilməsinin mümkün olmadığını, ödənişi nağd etməli olduqlarını bildirmişdir. Taksi xidməti üzrə borcları 6 manat olmuşdur. Təyinat yerinə çatdıqda taksi sürücüsünə onları gözləməsini, təxminən 5 dəqiqəyə 6 manatı ona çatdıracaqlarını bildirmişlər. Taksi sürücüsü də onlarla razılaşmışdır. Bundan sonra onlar üçü də avtomobildən düşmüş və Samirlə görüşməyə getmişlər. Samirlə iş haqqında danışan zaman taksi sürücüsünün ödənişini etməyi unutduqlarını xatırlamış və dərhal Samirin yanından uzaqlaşıb təyinat yerinə geri qayıtmışlar. Lakin həmin yerə çatdıqda artıq taksi avtomobilinin orada olmadığını görmüşlər. Daha sonra Rəşad və Elgün başqa taksi avtomobilinə əyləşib getmişlər. O isə həmin vaxt üzərində pul olmadığından dostuna zəng edib ona evə getməsi üçün pul gətirməsini xahiş etmişdir. Dostu gəldikdən sonra pulu sonuncudan alıb Lökbatan qəsəbəsinə getmişdir. Hadisədən 1 ay sonra polis əməkdaşları onu tutmuşlar. Polis bölməsində olarkən onların dedikləri ilə razılaşmadığı üçün polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərilmişdir. Taksi sipariş edərkən Elgünün kartı ilə xidmət haqqını ödəyəcəklərini düşünmüşlər. Görüş zamanı Elgün Samirdən 25 manat pul almışdır. Tutulanadək ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Ona pul gətirməsini xahiş etdiyi şəxs əsgər yoldaşı Ramil adlı şəxs olmuşdur. Ramil ona 5 manat pul vermişdir. Taksi avtomobilindən sifarişlərinə uyğun olaraq Xəzər Universitetinin yanında düşmüşlər. Hadisə günü üzərində nağd pul və ya bank kartı olmamışdır. Samirlə görüşdükdən təxminən 15 dəqiqə sonra ödənişi etmədiklərini xatırlamışlar. Zərərçəkmiş şəxsi əvvəllər tanımamış, hadisə günü ilk dəfə görmüşdür. Taksi avtomobilinin onları düşürdüyü yerdə təhlükəsizlik kameraları olmuşdur. Taksi sürücüsü onları 5 dəqiqəlik gözləmə müddəti ərzində Rəşada zəng etməmişdir. Taksi sürücüsündən hər hansı məbləğdə pul tələb etməmişlər. Taksi avtomobilinə əyləşən zaman heç birində kəsici, deşici və s. alətlər olmamışdır. Avtomobildə olarkən taksi sürücüsü ilə aralarında hər hansı mübahisə olmamışdır. Taksi avtomobilinin təyinat yerində olmadığını gördükdən sonra ona zəng etməmişlər. Tutulanadək usta işləmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olmaları Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından Bakı şəhər sakini X6 məxus **- VZ-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobili ondan 1 günü üçün 30 manat icarə haqqı ödəmək şərti ilə 30 ay müddətinə icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur və həmin müddətdə pulu ödədikdən sonra avtomobil ona qalacaq. Bir çox taksi xidmətləri göstərən şirkətlərdə qeydiyyatı var. “9333" taksi xidmətində istifadəsində olan ***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçmiş, həmçinin müştərilərlə ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamışdır. Lakin müştərilər sistemdə ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyindən həmin nömrəyə də zəng etmişlər. 1 fevral 2022-ci il tarixdə saat 8:33-də idarə etdiyi **-VZ-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobil ilə Bakı şəhəri, Zabrat qəsəbəsində “Helekopter Airoport”-nun yanında dayanıb müştəri gözləyərkən “9333” taksi xidməti göstərən şirkət vasitəsilə Ramana qəsəbəsi, “Südçülük Sovxozu” adlanan ərazidəki “Pətək’’ marketin qarşısından sifariş gəlmiş, həmin müştəri olduğu yerdən “Xəzər Univermağı”-na sifariş vermişdir. Sifarişi qəbul etmiş və sistemdə həmin müştərinin adına qeydiyyatda olan ***-***-**-** mobil nömrəsinə zəng etdikdə ona Ramana qəsəbəsi, “Südçülük Savxozu” adlanan ərazidəki “Pətək” marketin qarşısında olduğunu demişdir. Daha sonra isə danışanda həmin şəxs ona “Dispeçer” adlanan ərazidəki “Araz Market”-in qarşısında olmasını bildirmişdir. Həmin yerə getdikdə 3 nəfər kişi avtomobilinə əyləşmiş və həmin şəxslərdən biri qabaq sərnişin oturacağında, digər ikisi isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Bundan sonra avtomobillə müştərinin sifariş verdiyi istiqamətdə hərəkətə davam etmişdir. Ramana qəsəbəsinin ərizindən keçən “Şuşa-Malıbəyli” avtomobil yolu ilə Müdafiəçi2 küçəsi ilə hərəkətimi davam etdirmişdir. Heydər Əliyev prospekti “Hava Limanı” avtomobil yolunun üzərindən keçən körpüdən Köhnə Suraxanı istiqamətində hərəkətimi davam etdirib, yolda gedərkən həmin şəxslərlə söhbət etmiş və söhbət zamanı qabaq oturacaqda oturan təxminən 35-40 yaşında olan tanımadığı şəxs ondan yaşadığı ərazini soruşaraq tanışlıq vermişdir. Yola davam edib “Suraxanı Dairəsi” adlanan avtomobil yolundan Qaraçuxur qəsəbəsi istiqamətində dönərək, Hövsan-Suraxanı avtomobil yolu Günəşli istiqamətində hərəkətinə davam etmiş, yolda gedərkən “ATEF” adlanan şirkətin qarşısına çatanda qabaq sərnişin oturacağında əyləşən şəxs ondan 5-6 manat pul istəmiş, həmin şəxsə “siz mənə ödəniş etmək əvəzinə məndən pul istəyirsiniz?” demişdir. Bu zaman həmin şəxs əlində qəfildən qatlanan bıçağı sağ ayaq nahiyəsinə söykərəyək “sən kimsən mənimlə belə danışırsan, elə etmə ki, bıçağı yuxarı qaldırmayım, yoxsa böyrünə soxacam” demiş, həmin vaxt avtomobili yolun kənarına doğru istiqamətləndirib saxlamaq istəmiş, bu zaman arxa sərnişin oturacağında əyləşdiyi oturacağın arxasında əyləşən şəxs geyindiyi boğazı zəncirbəndli paltarını arxaya tərəf dartmışdır. Həmin dartılma səbəbi ilə nəfəs ala bilməmişdir. Həmin arxada əyləşən şəxs “sür dayanma” demişdir. Həmin şəxsə “məni burax, hərəkətimə davam edim” demişdir. Daha sonra arxasında əyləşən şəxs avtomobili idarə edə bilmədiyini görüb paltarından əlini çəkmişdir. O qorxduğu üçün onların dediyi istiqamətə avtomobili idarə etməyə davam etmişdir. Həmin şəxslər Xəzər Univermağını sipariş versələr də, ondan avtomobili “Neftçilər” metrostansiyasının yaxınlığına, Xəzər universtetinin qarşısına sürməyini tələb etmişlər. Bundan sonra hərəkətini həmin istiqamətdə davam etdirmiş və Xəzər Universtetinin qarşısından keçib 1-ci döngədən sağa dönərək 300-400 metr məsafədə avtomobilini hərəkət etdirdikdən sonra yeni tikilmiş 16 mərtəbəli binanın qarşısında avtomobili saxlamağını demişlər. Avtomobili saxladıqdan sonra həmin şəxslər avtomobildən düşmüşlər. Həmin şəxslər yolda gələrkən bu barədə polisə məlumat verməməyini demişlər. Onlarla razılaşmış və həmin şəxslər avtomobildən düşdükdən sonra yaşayış binalarının arası ilə hərəkət edib getmişdir. Oradan birbaşa yaşadığı evə gəlmişdir. Evdə olarkən arvadı Şahid1 onun boğaz nahiyəsində olan xəsarəti görərək ondan nə baş verməsini soruşmuş, o da başına gələn hadisə barədə arvadına məlumat vermişdir. Arvadı Yelena bu barədə 102 xidmətinə məlumat verməsini tələb etmiş, o da həmin şəxslərdən qorxduğu üçün yalandan arvadı Yelenaya bu barədə polisə məlumat verdiyini demişdir. Bundan sonra evdən çıxmışdır. Q.Qarayev prospekti 62 ünvanından sifariş qəbul etdiyindən, həmin müştərini Balaxanı qəsəbəsinə aparmış, yolda arvadı Yelena ona zəng edərək DİN-in 102 xidmətinə məlumat verib-vermədiyini soruşmuş, bundan sonra öz mobil telefonu ilə 102 zəng xidmətinə zəng edərək məlumat vermiş, lakin məlumat verərkən hadisənin baş verdiyi ərazini, Bilgəh qəsəbəsi ərazisi kimi göstərmiş və hadisə zamanı orada “Naz Lifan” markalı avtomobil ilə başqa şəxsin gəlməsi barədə yanlış məlumat vermişdir. Hadisə yeri barədə düzgün məlumat versə polis əməkdaşları hadisəni törətmiş şəxsləri tez tapar, əgər hadisəni törətmiş şəxslərin üçünü də eyni vaxtda müəyyən etməsələr, həmin şəxslərdən biri yerini müəyyən edərək onu öldürər deyə fikirləşmişdir. Belə ki, həmin şəxslərlə söhbət zamanı yaşadığı ünvanın istiqamətini demişdir. Bundan sonra onu 42-ci polis bölməsinin əməkdaşları telefonla zəng edərək PB-nə dəvət etmiş, bu barədə ərizə yazdıqdan sonra dərhal hadisə yerinə getməyi bildirilmişdir. Polis əməkdaşlarına Bilgəh istiqamətindən Nardaran qəsəbəsi istiqamətində Xəzər dənizinin kənarında boş bir ərazini göstərmişdir. Bundan sonra polis əməkdaşları ilə həmin yerə gəlib hadisənin baş verdiyi ərazi kimi oranı göstərmiş, daha sonra isə hal şahidlərinin və ekspert kriminalistin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, izahat vermək üçün polis idarəsinə gəlmiş və orada hadisə yeri barədə düzgün məlumat verməyi düşünmüşdür. Buna görə də hadisənin olduğu yeri dəqiq bildirmiş, avtomobilinə müştəri qismində əyləşmiş şəxslər onu Zığ-Suraxanı avtomobil yolunun Suraxanı dairəsindən üzü Zığ istiqamətinə təxminən 2 kilometr məsafədə yerləşən “ATEF” adlanan ərazidə avtomobilində həmin hərəkətləri etmişlər. Hadisə günü əynində göy rəngli cins şalvar, göy rəngli gödəkcə və ağ rəngli uzunqol kişi köynək olmuşdur. Hadisə zamanı konkret olaraq qabaq sərnişin oturacağında əyləşmiş üzü saqqallı, təxminən 35-40 yaşlarında olan, əynində qara rəngli cins şalvar, kapşonkalı qara rəngli gödəkcə geyinmiş şəxsin əlində bıçaq olmuşdur. Avtomobildə olan üçüncü şəxsin əynində göy rəngli cins şalvar, tünd göy rəngli gödəkcə olmuş, həmin şəxs ona qarşı hər hansı fiziki güc tətbiq etməmiş, eləcə də hədələməmişdir. Arxasındakı oturacaqda əyləşən şəxs gödəkcəsini arxaya dartdığı üçün nəfəs ala bilməmiş və avtomobili çətinliklə idarə etmişdir. Yalnız qabaq sərnişin oturacağında əyləşmiş şəxsin əlində bıçaq görmüşdür. Avtomobildə olarkən təqsirləndirilən şəxslər ondan 6 manat siqaret almaq üçün pul istəmişlər. Hadisə vaxtı cibində 10 manat pul olmuşdur. Təqsirləndirilən şəxslərə ondan tələb etdikləri 6 manat pulu verməmişdir. Təqsirləndirlən şəxslər ödənişi kartla edəcəklərini demişlər. Təqsirləndirilən şəxslər “Xəzər Univermağı”-nı sifariş versələr də, avtomobili Xəzər Universiteti istiqamətində sürdürmüşlər. Heç kim ona məxsus telefon və ya pulu götürməmişdir. Təqsirləndirilən şəxs1 qabaq sərnişin oturacağında əyləşmişdir. Heç kim onun cibindən pul götürməmişdir. Təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərlə avtomobildə olan zaman ödənişin kart yox nağd şəkildə ödənilməsi barədə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxslərin heç birinin əlində naqil olmamışdır. Təyinat yerinə çatdıqda təqsirləndirilən şəxslər 3 dəqiqə sonra ödənişi gətirəcəklərini bildirmişlər. Qorxduğu üçün təqsirləndirilən şəxslər avtomobildən düşdükdən sonra onları yalnız 1-2 dəqiqə gözləmişdir. Hadisə zamanı boğaz nahiyəsindən xəsarət almışdır. Üzərində olan gödəkcənin boğaz hissəsində zəncirbənd olmuşdur. Avtomobilində olan hər 3 şəxs Xəzər Universiteti yaxınlığında düşmüşdür. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Zərərçəkmiş şəxs məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında Bakı şəhər sakini X6 məxus ** VZ *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobili ondan 1 günü üçün 30 manat icarə haqqı ödəmək şərti ilə 30 ay müddətinə icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olur və həmin müddətdə pulu ödədikdən sonra avtomobil ona qalacaqdır. Bir çox taksi xidmətləri göstərən şirkətlərdə qeydiyyatı vardır. “9333" taksi xidmətində istifadəsində olan ***-***-**- ** mobil nömrə ilə qeydiyyatdan keçmiş, həmçinin müştərilərlə ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayır. Lakin müştərilər sistemdə ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyindən həmin nömrəyə də zəng edirdilər. 1 fevral 2022-ci il tarixdə, saat 8:33-də idarə etdiyi ** VZ *** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobil ilə Bakı şəhəri Zabrat qəsəbəsində “Helekopter Airoport”-nun yanında dayanıb müştəri gözləyərkən “9333” taksi xidməti göstərən şirkət vasitəsilə Ramana qəsəbəsi, “Südçülük Sovxozu” adlanan ərazidəki “Pətək’’ marketin qarşısından sifariş təklif edilmiş, həmin müştəri olduğu yerdən “Xəzər Univermağı”-na sifariş vermişdir. Sifarişi qəbul etmiş və sistemdə həmin müştərinin adına qeydiyyatda olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və o, ona Ramana qəsəbəsi, "Südçülük Sovxozu” adlanan ərazidəki “Pətək” marketin qarşısında olmasını demiş, daha sonra isə danışanda həmin şəxs ona “Dispeçer” adlanan ərazidəki “Araz Market"-in qarşısında olmasını bildirmişdir. Həmin yerə getmiş, bundan sonra 3 nəfər kişi onun avtomobilinə əyləşmiş, həmin şəxslərdən biri qabaq sərnişin oturacağında, digər ikisi isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. Bundan sonra avtomobillilə müştərinin sifariş verdiyi istiqamətdə hərəkətə davam etmiş, Ramana qəsəbəsinin ərizindən keçən “Şuşa-Malıbəyli” avtomobil yolu ilə Müdafiəçi2 küçəsi ilə hərəkətini davam etdirmiş və Heydər Əliyev prospekti “Hava Limam” avtomobil yolunun üzərindən keçən körpüdən Köhnə Suraxanı istiqamətində hərəkətini davam etmiş, yolda gedərkən isə həmin şəxslərlə söhbət etmiş, söhbət zamanı qabaq oturacaqda oturan təxminən 35-40 yaşında olan tanımadığı şəxs ondan yaşadığı ərazini soruşaraq tanışlıq vermiş, yoluna davam edib “Suraxanı Dairəsi” adlanan avtomobil yolundan Qaraçuxur qəsəbəsi istiqamətində dönərək, Hövsan-Suraxanı avtomobil yolu Günəşli istiqamətində hərəkətinə davam etmiş, yolda gedərkən “ATEF” adlanan şirkətin qarşısına çatanda qabaq sərnişin oturacağında əyləşən şəxs ondan 5-6 manat pul istəmiş, həmin şəxsə “siz mənə ödəniş etmək əvəzinə məndən pul istəyirsiniz?” demiş, bu zaman həmin şəxs əlində qəfildən qatlanan bıçağı sağ ayaq nahiyəsinə söykərəyək “sən kimsən mənimlə belə danışırsan, elə etmə ki, bıçağı yuxarı qaldırmayım, yoxsa böyrünə soxacam” demiş, həmin vaxt avtomobili yolun kənarına doğru istiqamətləndirib saxlamaq istəmiş, bu zaman arxa sərnişin oturacağında onun əyləşdiyi oturacağın arxasında əyləşən şəxs boğaz nahiyəsinə qəhvəyi rəngli naqillə sıxmağa başlamış və demişdir ki, “sür dayanma, cibində nə varsa mənə ver”, həmin şəxsə “məni burax, hərəkətimə davam edim, cibimdə pulum yoxdur” bildirmiş, bu zaman qabaq sərnişin oturacağında əyləşən şəxs əlini sağ yan cibinə salaraq orada qazandığı 1 ədəd 10 manatlıq pul əskinazı götürərək cibinə qoymuş, bundan sonra həmin şəxs boğazından naqili çəkmiş və sakitcə maşını sür, yoluna davam et” demiş, eyni zamanda qabaq sərnişin oturacağında əyləşən şəxs avtomobilinin salonunda şitinin üzərinə qoyduğu “Lenovo” markalı mobil telefonunu, eləcə də sürətlər qutusunun üzərində qoyduğu 1 ədəd “Samsung Galaxy J 3 ” markalı smartfon telefonunu da götürmüş və ona “yoluna davam et, heç kimə zəng etmə” ona görə telefonu götürürük demiş, avtomobil ilə yoluna davam edib Zığ qəsəbəsinə doğru hərəkət etmək istəyəndə qabaqda əyləşmiş şəxs onda “hara getmək istəyirsən” soruşmuş, ona “sifariş evrdiyiniz ünvana, yəni Xəzər univermağına doğru gedirəm demiş, bu zaman həmin şəxs ona “bizə Neftçilər metrostansiyasının yanı lazımdır” bildirmiş, həmin şəxsə sifariş verdiyiniz ünvan ora olmadığını demiş, həmin şəxs də “mən sifarişi Xəzər universtetinin yanına vermişəm” demiş, bundan sonra hərəkətini həmin istiqamətdə davam etdirmiş və Xəzər Universtetinin qarşısından keçmiş və 1-ci döngədən sağa dönərək 300-400 metr məsafə də avtomobilini hərəkət etdirdikdən sonra yeni tikilmiş 16 mərtəbəli binanın qarşısında avtomobili saxlamağı ona demişlər, avtomobili saxlamış və həmin şəxslər avtomobildən düşmüşlər (cild 1, iş vərəqə 101-104). Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayının əvvəlində Arif və Elgün ilə “Neftçilər” metrostansiyasının yanında olmuşlar. Həmin vaxt üzərilərində pul olmadığından Ramana qəsəbəsində yaşayan Elgünün tanışından pul almaq üçün getmişlər, lakin Elgünün tanışından pul ala bilməmişlər. Daha sonra Ramana qəsəbəsindən Nizami rayonu ərazisinə qayıtmaq üçün “9933” taksi xidmətinə zəng edərək taksi sifariş etmişlər. Bu zaman sifariş etdikləri “Kia Rio” markalı avtomobil gəlmiş və avtomobildə sürücünün yanında Arif, avtomobilin arxa sağ tərəfində o, Elgün isə sürücünün arxasında əyləşmişdir. Həmin gün içkili olduğu üçün avtomobildə yol boyu hər hansı hadisənin olub-olmaması və danışıqlar barədə xəbəri olmamışdır. Sadəcə onu xatırlayır ki, Ramana qəsəbəsindən dəqiq xatırlamadığı yolla Nizami rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Xəzər Universiteti”-nin yanına gəlmiş və orada avtomobili saxlatmışlar. Pulları olmadığı üçün taksidən düşüb “Şuşa” kafesinə tərəf qaçmışlar. Həmin vaxtdan etibarən polis əməkdaşlarının onu axtardığını bildiyi üçün bir müddət yaşadığı ünvandan kənarda, yəni Abşeron rayonu Xırdalan qəsəbəsində gizlənmişdir. 28 may 2022-ci il tarixdə saat 17 radələrində Masazır qəsəbəsində yerləşən “Yeni Saray” şadlıq sarayının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmişdir. Hadisə günü içkili olduğu üçün avtomobildə yol boyu yatmışdır. Taksi sürücüsünü tanımamış, hadisə günü ilk dəfə görmüşdür. Taksi sürücüsünə kiminsə xəsarət yetirməsinin şahidi olmamışdır. Taksi sifarişi ona məxsus mobil nömrə ilə verilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və o idarə etdiyi **-VZ-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 1 fevral 2022-ci il taixdə saat 6 radələrində Elsevər evdən çıxıb işə getmiş, bir neçə saatdan sonra evə qayıdıb gəlmiş, onun boğaz nahiyəsində xəsarətlər olduğunu görüb nə baş verdiyini soruşmuş, Elsevər ona 3 nəfər şəxsin onun avtomobilinə əyləşdiyini Hövsan-Suraxanı avtomobil yolu Günəşli istiqamətində hərəkət edib yolda gedərkən “ATEF” adlanan şirkətin qarşısında həmin üç nəfərdən biri onun üzərinə bıçaq çıxarmasını, digəri isə boynuna naqil salaraq boğduğunu və yanında oturan şəxsin əlini cinbinə salaraq 10 manat pulunu götürməsini bildirmiş, ona DİN-nin 102 zəng xidmətinə zəng vurub məlumat verməyini demiş, Elsevər əvvəl polisə məlumat vermək istəməmiş, sonradan onun təkidi ilə Elsevər zəng vurub polisə bu barədə məlumat vermiş, hadisədən sonra ona məlum olmuşdur ki, Elsevərin boyuna naqil salıb xəsarət yetirən Təqsirləndirilən şəxs1, bıçaq çıxarıb hədələyən Təqsirləndirilən şəxs2 olmuşdur (cild 1, iş vərəqə 247- 249). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 129-134). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 206-211). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqə 54-58). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 2, iş vərəqə 59-62). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Zığ-Hövsan-Günəşli avtomobil yolunda Günəşli istiqamətində Suraxanı rayon ərazindən keçən hissəsində “Suraxanı OİL” şirkətinə məxsus çənlərin bərabərindən “ATEF” şirkətinə məxsus zavodun bərabərinə qədər məsafədə yolun hərəkət hissəsində avtomobilin salonunda baş vermişdir (cild 1, iş vərəqə 86-93). Cinayət işinin materiallarında olan “şəxsin tanınmaya təqdim edilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınması üçün Təqsirləndirilən şəxs2 təqdim edilmiş, tanınmaya təqdim edilmiş şəxslərin sırasından Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tanıyaraq 1 fevral 2022-ci il tarixdə onun avtomobilinə əyləşən 3 nəfər şəxsdən birinin olduğunu, avtomobildə qabaq oturacaqda oturduğunu, üzərindən bıçaq çıxarıb sağ ayağına dirəyərək 10 manat pulunu cibindən götürdüyünü bildirmişdir (cild 1, iş vərəqə 204-205). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X8 4 fevral 2022-ci il tarixli 209 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs boyun nahiyəsinin qançır və sıyrığı kimi bərk-küt əşyanın təsirindən 1 fevral 2022-ci il tarixdə yetirilməsinə xarakterik olub sağlamlığa zərər vurmayan bədən xəsarəti aşkar edilmişdir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də, müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar edilir (cild 2, iş vərəqə 38-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 30 aprel 2022-ci il tarixli 1101 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onlar idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 əqli-intelluektual imkanları norma daxilində olmaqla yaş səviyyəsinə uyğundur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqə 42-44). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 30 aprel 2022-ci il tarixli 1103 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onlar idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 əqli-intelluektual imkanları norma daxilində olmaqla yaş səviyyəsinə uyğundur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqə 45-47). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 170-171). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, iş vərəqə 17-37). Təqsirləndirilən şəxs2 törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməlini törətməkdə təqsirlidir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən cinayəti törətmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən cinayəti törətmələri cinayətin tərkib əlaməti kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulduğundan bu hal onlara cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışıq əldə etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz, digər Təqsirləndirilən şəxs2 əməlində isə cəzanı ağırlaşdıran hal olan cinayətlərin residivi olduğundan ona Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif etməklə yanaşı, onların həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 18 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 119). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 26 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 195). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 20 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 158-164). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 28 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 235-237). Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 26 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar