Məhkəmə qərarları › İş №1(101)-1598/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1598/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1598/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)- 245/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzadan 1 (bir) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 may 2024-cü il tarixdə, saat 16:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 8 dekabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri “Kubinka” adlanan ərazidən məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün 20 manat pul müqabilində 1(bir) ədəd şəffaf sellofanın içərisində 3,209 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq özü ilə ünvan 2 ünvanının qarşısına daşımış, 8 dekabr 2023-cü il tarixdə, saat 13:15-də həmin ünvanın qarşısında olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra mətndə-Yasamal RPİ-nin NMB) əməkdaşları tərəfindən saxlanılaraq həmin polis idarəsinə gətirilmiş və orada üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən həmin 1(bir) ədəd şəffaf sellofanın içərisində olan 3,209 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə (bax iş vərəqi (bundan sonra mətndə i.v.) 36-37;50-52; 68-70;) əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, narkotik vasitə aludəçisidir. 8 dekabr 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri "Kubinka" adlanan ərazidən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində tanımadığı şəxsdən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin almış və həmin narkotik vasitəni əynində olan tünd qəhvəyi rəngli şalvarının sağ yan cibinə qoymuş, evə getdikdən sonra istifadə etmək istəmişdir. O, 8 dekabr 2023-cü il tarixdə narkotik vasitəni əldə etdikdən sonra ünvan 3 ünvanının qarşısına gəlmişdir. Həmin vaxt üç nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis idarəsinə getməyə dəvət etmişlər. O, heç bir etiraz etməyərək həmin şəxslərlə polis idarəsinə getmişdir. Polis idarəsində olan zaman barəsində şübhəli şəxs qismində tutma haqqında qərar çıxarılmış va ona Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil X2 onun hüquqlarının müdafiə etməsini istəmişdir. Bundan sonra vəkil X5 xidməti otağa dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis idarəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstündə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya va yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O da bundan sonra əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Onun üstündə həmin vaxt başqa heç nə olmamışdır. Həmin bir ədəd bükülü polis əməkdaşları tərəfindən götürülmüş, bükülü açılmış və həmin bükülünün içərisində qəhvəyi rəngli maddə olmuşdur. Həmin büküm orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırmaqla möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və həmin protokolla qablaşdırılmış zərfə onunla bərabər orada olan digər iştirakçılar da imza atmışlar. Həmin bükülü “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmuş və onu səhər saatlarında “Kubinka” adlanan ərazidən 20 manata almışdır. Üzərində 3,209 qram çəkidə narkotik vasitə heroin olmamış, üzərində yalnız bir dəfə istifadə etmək üçün narkotik vasitə heroin olmuşdur. O, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, 8 dekabr 2023-cü il tarixdə, saat 13:15 radələrində Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 34 ünvanın qarşısında üzərində bir qram narkotik vasitə heroin olarkən tutulmuş, tutulduqdan sonra isə polis idarəsində onda olan narkotik vasitənin çəkisi artılaraq 3 qram olmuş, daha sonra videoçəkiliş aparılmışdır. O, narkotik vasitə istifadəçisi olmaqla üzərində olan narkotik vasitə heroinin çəkisinin təxmini göz ölçüsünə uyğun olaraq bir qram olmasını bilmişdir. Ona qarşı polis əməkdaşları, habelə ibtidai istintaq orqanı tərəfindən hər hansı fiziki, psixi və sair zorakılıq hərəkətləri olmamışdır. O, saxlanılarkən yanında tanışı Emin Quliyev də olmuş, sonuncu ilə söhbət edərkən Emin ondan təsbehini istəmiş, həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq birlikdə saxlamışlar. O, polis əməkdaşları tərəfindən üzərindən aşkar olunmuş narkotik vasitəyə əlavələr edilməsini görməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs saxlanılarkən üzərində 1 qram narkotik vasitə olduğunu, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini və həmin xəstəlikdən müalicə olunmaq istədiyini, nikahını rəsmi qeydə aldırmasa da, arvadı ilə birgə yaşadığını, himayəsində bir azyaşlı uşağının olduğunu və ailədə yeganə qazanc gətirən şəxsin özünün olduğunu bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 8 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan X15 qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı barədə rəhbərliyə məruz olunmuş, idarə rəisinin qərarı ilə həmin tarixdə o, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin bölmənin kiçik əməliyyat müvvəkili, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 13:15 radələrində ünvan 4 ünvanının qarşısında X21 və onunla birlikdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini onlara təqdim etmiş və Emin Quliyevə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə məlumat verilməklə onu, eləcə də həmin vaxt sonuncunun yanında olan Təqsirləndirilən şəxs Əlhəhməd oğlunu Yasamal RPİ-nə dəvət etmişlər. Həmin vaxt o və Təqsirləndirilən şəxs hər hansı etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılması bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs təklifə əsasən əynindəki tünd qəhvəyi rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitəyə oxşar maddəni çıxarıb könüllü təqdim edərək, 1 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 8 dekabr 2023-cü il tarixdə, səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 20 manat pulun müqabilində əldə etdiyini, sonradan istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitəyə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən olunmamışdır.

7. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, X15 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq qərar qəbul edilməklə əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirləri zamanı X1 Təqsirləndirilən şəxs da sonuncunun yanında olmuş, bu səbəbdən Təqsirləndirilən şəxs E.A.Quliyevlə birlikdə tərəflərindən şübhəli şəxs qismində tutulmaqla Yasamal RPİ-yə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində saxlanıldığı yerdə şəxsi axtarış aparılmamış, habelə şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroin tərəzidə ölçülüb çəkisi müəyyən edilməmiş, narkotik vasitənin çəkisi məhkəmə-kimyəvi ekspertizası nəticəsində müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və onun çəkisi barədə hər hansı etirazını bildirməmişdir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 (hadisə vaxtı Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir) və Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin, cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 (hadisə vaxtı Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləmişdir) məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu, şahid Həsən Məcidzadə ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.

9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

10. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, 8 dekabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən külli miqdarda təmiz çəkisi 3,209 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən 9 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

11. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 8 dekabr 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən X15 narkotik vasitələri saxlaması və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında E.A.Quliyevin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 5- 10;).

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2023-cü tarixli, 5(004)- 1332/2023 saylı qərarından görünür ki, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov tərəfindən təsdiq edilmiş 8 dekabr 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v.96;).

13. Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 8 dekabr 2023-cü il tarixli raportdan görünür ki, Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olan 2 fevral 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 34-də qeydiyyatda olmaqla yaşayan X21 və onunla birlikdə olan xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, ev 77-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 8 dekabr 2023-cü il tarixdə, saat 13:15-də Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 34 ünvanının qarşısında saxlanılaraq 13:30 radələrində Yasamal RPİ-yə gətirilmişdir (Cild 1, i.v.11;).

14. “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Əsgərov X13 RPİnin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X22 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun üzvü X3 iştirakı ilə 8 dekabr 2023-cü il tarixdə, saat 14:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 8 dekabr 2023-cü il tarixdə, saat 13:15 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 22-24;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 8 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisi X3 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 15:20-dən 15:45-dək Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X22 tərəfindən Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3, baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və müdafiəçi Rafael Allahverdiyevin iştirakı ilə Yasamal RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə oxşar maddə olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini 8 dekabr 2023-cü il tarixdə, səhər saatlarında “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manat pulun müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Arayışlar üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “İphone” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v.32; 34-35).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 8 dekabr 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 7 dəqiqə 48 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq M.E.İmamverdi tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 9 dekabr 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması, habelə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə ilə bağlı, o cümlədən həmin kütlənin miqdarı ilə hər hansı etiraz etməsi müəyyən edilməmişdir. (Cild 1, i.v.57-58;).

17. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/6320 saylı, 9 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 42 dairəvi möhür əksi olan “şübhəli şəxs: Təqsirləndirilən şəxs“ sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 3,209 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 3,209 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 3,159 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır (Cild 1, i.v 41-45;).

18. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış HK-1/1505 saylı material ibtidai araşdırmanın davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 47;).

19. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi Rafael Allahverdiyevin iştirakı ilə elan edilməklə ittihamın mahiyyəti, hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v.59-67;).

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2023-cü il tarixli, 4(004)- 962/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 8 dekabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, 93-95;).

21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 15 dekabr 2023-cü il tarixli cavabından və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 6 may 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 6 fevral 2007-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 14 fevral 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin cinayət əməllərinə görə Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-245/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (Cild 1, i.v. 104-105; 118-123;).

22. Yasamal RPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı, Ramin Məmmədun 5 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi şəxsi və onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 124;).

23. Bakı şəhər Probasiya İdarəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ramil Əliyevin 10 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)- 245/2023 saylı hökmünün icrası barədə göstəriş 24 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Probasiya İdarəsinə daxil olmuş, Təqsirləndirilən şəxs qeydiyyata alınmadığından ona təyin olunmuş 1 (bir) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır (Cild 1,i.v.126;).

24. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X15 üzərində külli miqdarda təmiz çəkisi 4,063 qram narkotik vasitə heroinin aşkar edilmısi faktına görə Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X9 tərəfindən 9 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 131;).

25. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji” ekspertizasının 16 dekabr 2023cü il tarixli, 8250 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostilmulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə, 2013-cü ildən fasilələrlə narkotik vasitə olan heroini psixotrop maddə olan metamfetaminlə qatıb inyeksiya yolu ilə, habelə son zamanlarda narkotik vasitəni aşağı ətraflara vurmaqla istifadə etmişdir (Cild 1, i.v 133-134;).

26. “Ambulator komisyon məhkəmə-psixiatrik” ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 3595 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı pisixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 136-137;).

27. “Sübutların qiymətləndirilməsinə dair” 26 fevral 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,209 qram olan narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,159 qram məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Eyni zamanda həmin qərarla şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünün əlavə edildiyi bir ədəd diskin maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilməsi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrıca icraatda ayrılması qərara alınmışdır (Cild 1, i.v. 138-146; 162;).

28. “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması barədə” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində cinayət işi materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq müstəntiq İmamverdi Mehralı tərəfindən icraatına qəbul edilərək istintaqı davam etdirilir (Cild 1, i.v. 149;).

29. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.E.İmamverdi tərəfindən 22 mart 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 25 mart 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.168-175;).

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 11231/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sol saidin ön səthində, qarının ön divarında köhnə çapıq toxuma, hər iki aşağı ətrafda narkotik qəbulu ilə əlaqədar trofik yaralar müəyyən olunmuşdur (Cild 1, i.v. 129-130; Cild 2).

31. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023cü il tarixli, 1(009)-245/2023 saylı hökmü 13 noyabr 2023-cü il tarixdə qanuni qüvvəyə mindiyindən həmin tarixdə icra edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir (Cild 2;).

32. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs ailə tərkibi 16 mart 1993-cü il təvəllüdlü arvadı X10 və 3 dekabr 2012-ci il təvəllüdlü X8 ibarətdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

34. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

38. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

39. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.

41. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində 3,029 qram deyil, yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulmuş bir qram narkotik vasitə heroin olması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar və gətirdiyi dəlilləri başqa hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi və törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

42. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

43. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

45. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

46. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

47. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

48. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

49. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

50. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

51. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

52. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

53. CM-in 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər tərəfindən yenidən qəsdən cinayətin törədilməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

54. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin özünü təqsirli bildiyi əmələ münasibətdə törətdiyi cinayət əməlini etiraf edərək narkomaniyadan müalicə olunmaq istəməsini bildirməsini, məhkəmə icraatı dövründə davranışını və ailəsində yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

55. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

56. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

57. CM-in 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.

58. Hökmün 21, 23 və 31-ci bəndlərində qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hazırda 1 (bir) il 3 (üç) ay 12 (on iki) gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmışdır.

59. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur.

60. Beləliklə, məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilməklə çəkilməmiş qalmış 1 (bir) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.

61. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

62. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

63. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

64. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

65. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 8 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 8 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

66. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 8 dekabr 2023-cü il tarixdən hesablanmalıdır.

67. Məhkəmə hökmün 25-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 92.1.2 və 93-1-ci maddələrinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

68. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.

69. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir.

70. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

71. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 3,159 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

72. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

73. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

74. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

75. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

76. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

77. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(009)-245/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalmış 1 (bir) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hesablanaraq 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 8 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 3,159 qram olan narkotik vasitə heroin məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoyazının köçürüldüyü 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar