Məhkəmə qərarları › İş №1(101)-160/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-160/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-160/2021 18.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonu, Anabat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası Ordubad rayonu, Anabat kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaq orqanı tərəfindən verilən ittihamda göstərilir ki, X10, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda satış məqsədi ilə yenidən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. İstintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Səfərov X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.2, 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda yenidən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Müslüm" adlı şəxsdən 110 (yüz on) manat müqabilində aldığı külli miqdarda, ümumi təmiz çəkisi 5,719 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlamaqla daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:05-də ünvan 1 saylı ünvanda saxlanılaraq baş idarəyə gətirilib həmin tarixdə saat 20:15-də üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,822 qram, 2,050 qram və 1,847 qram olmaqla ümumi təmiz çəkisi 5,719 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X10 özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, o, tutulduğu zaman üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Belə ki, hadisədən təxminən iki gün əvvəl Samir adlı şəxsdə onun telefonu qalmışdır. Həmin gün Samir onunla əlaqə saxlayıb telefonunu qaytarmaq üçün Bakıxanov qəsəbəsi ərazisində görüş təyin etmişdir. Bu səbəbdən həmin gün o telefonunu götürmək üçün Samrlə görüşə getmişdir. O yanında olan xanımla birlikdə Bakixanov qəsəbəsi ərazisində olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onu yanındakı xanımla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə aparmışlar. İdarədə olarkən onu rəisin otağına aparmışlar. Həmin vaxt rəis ona, «səndə avtomat var, yerini polis əməkdaşlarına de»demişdir. Bu zaman o rəisə onda avtomat olmadığıni bildirmişdir. Bundan sonra rəis ona «onda narkotik vasitəni boynuva götür»demişdir, yəni o yalandan bildirməli idi ki, guya onun üzərində beş qram narkotik vasitə heroin olmuşdur. O bununla razılaşmamış və onu rəisin otağından çıxarıb başqa otağa aparmışdılar. Bir neçə saat sonra onu yenidən rəisin otağına aparmışdılar. Həmin vaxt rəis yenidən ondan avtomat barədə soruşmuş və bu zaman yenədə onda avtomat olmadığı bildirmişdir. Daha sonra rəis ona «ya beş qram narkotik vasitə heroini boynuva götürürsən, ya da ki, qızla birlikdə səni bir kiloqram narkotik vasitə heroinlə rəsmilədirəcəyik» demişdir. Bu zaman o rəisə türmədən təzə çıxdığını və artıq cəmiyyətə alışdığını, narkotik vasitələrdən ümumiyyətlə kənar olduğunu bildirmiş və onunla birlikdə idarəyə gətirilən xanımın buraxılmasını xahiş etmişdir. Lakin rəis yenə də ona «ya beş qram narkotik vasitə heroini boynuva götürürsən, ya da ki, qızla birlikdə səni bir kiloqram narkotik vasitə heroinlə rəsmilədirəcəyik» demişdir. Bu səbəbdən də o həmin xanıma xələl gəlməməsi üçün beş qram narkotik vasitə heroini boynuna götürmüşdür. O tutulduğu zaman üzərində hər hansı bir narkotik vasitə olmamış, bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirməmişdir, onun günahım olmamış və ona verilmiş ittiham tamamilə əsassız olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində O, göstərmişdir ki, 2011-ci ii tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq narkotik vasitələr keçirməyə görə 08 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, evlidir, 2 övladı vardır. Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu Bazarı” adlanan yerdə meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olur, özü həbsdən çıxdıqdan təxminən bir ay sonra yenidən narkotik vasitə heroin istifadə etmək qərarına gəlmiş, narkotik vasitələri Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki “Sabunçu Bazarı” adlanan yerdə tanımadığı şəxslərdən alıb iynə ilə bədəninə vurmaqla qəbul etmişdir. Narkotik vasitə istifadə etməyini ailə üzvləri bilməmişlər. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində şəxsi işi ilə bağlı getməli olmuş, evdən çıxıb avtobusla birbaşa Bakı şəhəri, Neftçilər metrostansiyasının yaxınlığında düşmüş, orada avtobusdan düşdükdən sonra Bakıxanov qəsəbəsinə gedəcək daha bir avtobus gözləməyə başlamışdır. Həmin vaxt kənara çəkilib siqaret çəkən zaman əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq siqaret istəmiş, ona cibində olan siqaretdən bir ədəd vermiş, həmin şəxs təşəkkür edərək narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. Narkotik vasitə heroin istifadə etdiyini deyəndə həmin şəxs özündə “yaxşı” narkotik vasitə heroin olduğunu demiş və ona sata biləcəyini bildirmişdir. İlk əvvəl tutula biləcəyindən qorxmuş və onun kim olduğunu soruşmuşdur. Həmin şəxs adının "Müslüm” olduğunu demiş və narahat olmamağını xahiş etmişdir. Nədənsə ona inanmış və ondan narkotik vasitə almaq qərarına gəlmişdir. Həmin vaxt “Müslüm” adlı şəxs özündə 3 ədəd ayrı-ayrı bükümü çıxararaq ona göstərmiş və həmin bükümlərdə ümumilikdə 5 (beş) qramdan artıq narkotik vasitə olduğunu, onları ümumilikdə ona 120 (yüz iyirmi) manata sata biləcəyini demişdir. Üzərində ümumilikdə 110 (yüz on) manat olduğunu demiş, həmin şəxs onunla razılaşmış və narkotik vasitələri ona satmışdır. Narkotik vasitələri alıb əynində olan gödəkcənin sağ yan cibinə qoymuş, bundan sonra yenidən avtobus dayanacağına gəlmiş və orada avtobus gözləmişdir. Avtobusa minmiş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Sabunçu Rayon İcra Hakimiyyətimin qarşısında avtobusdan düşmüşdür. Avtobusdan düşüb bir qədər gedən zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək onu BMCMİ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib BMCMİ-nə gəlmişdir. Xidməti iş otağında olan zaman ona hüquqlarının müdafiə olunması məqsədi ilə vəkillərin siyahısı təqdim edilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra vəkil dəvət edilmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələrin izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. Əynində olan qəhvəyi rəngli dəri gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 3 (üç) ədəd bükümü, gödəkcəsinin sol yan cibindən özünə məxsus olan bir ədəd “İphone” markalı mobil telefonunu və əynindəki şalvarın sol yan cibindən 5 (beş) manat pulu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ondan bükümlərin nə olduğu soruşularkən onların heroin olduğunu, həmin gün Bakı şəhəri, Nizami rayonu, Neftçilər Metrostansiyasının yaxınlığından tanımadığı “Müslüm” adlı şəxsdən ümumilikdə 110 (yüz on) manata aldığını bildirmişdir. Bundan sonra həmin bükümlər ağ rəngli zərfə qoyularaq bağlanıb möhürlənmiş, özünə məxsus olan mobil telefon götürülmüş, 5 manat pul özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Narkotik vasitələri satmaq məqsədi ilə üzərində saxlamamış, narkotik vasitələri istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Saxlanılarkən və saxlandıqdan sonra BMCMİ-də ona qarşı hər hansı formada təsir və ya təzyiq olmamış, aldığı narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-nin BMCMİnin Adamları Girov Götürmə və Hədə-Qorxu ilə tələb etmə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Anabat kəndində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin yerdə olduqları vaxt saat 18:05 radələrində qeyd olunan ünvanda olan zaman xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib onun adını və soyadını soruşduqda, o, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, İstifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BMCMİ-nə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə BMCMİ-nin inzibati binasına gəlmişdir. Orada Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, ona hüquq və vəzifələri izah edilib üstünə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin içərisində narkotik vasitə olan heroin olduğunu deyərək əynindəki qəhvəyi rəngli dəri gödəkcəsinin sağ yan cibindən 3 ədəd bükümü, gödəkcəsinin sol yan cibindən mobil telefonu və şalvarının sol yan cibindən 5 manat pulu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilən zaman sonuncu 3 ədəd bükümün narkotik vasitə olan heroin olduğunu, həmin gün adını dəqiq bilmədiyi “Müslüm” adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu ərazisində Neftçilər metro stansiyasının yaxınlığından 110 manata aldığını, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı kütlə aşkar edilməmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş və hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon götürülsə də, pul onun özünə geri qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Düzgün yazıldığı üçün hər bir iştirakşı tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Şahid3 ibitidai istintaq zamanı verdiyi, məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 və Şahid2 ifadələri ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Cinayət işinin 37-41-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2179 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri olan bir ədəd zərfdəki üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,822 qram, 2,050 qr, 1,847 qr, ümumi təmiz çəkisi 5,719 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr narkotik vasitəheroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Cinayət işinin 137-141-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2450 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan bir ədəd zərfdəki üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,792 qram, 2,020 qr, 1,817 qr, ümumi təmiz çəkisi 5,629 qram olan heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işinin 144-146-cı vərəqlərində oln Ambulator Məhkəmə Psixatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 437 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 142-143-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 598 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 25-26-cı vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış aparılan zaman tərtib edilmiş 02 vərəqdən ibarət şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli dəri gödəkcənin sağ yan cibindən 3 ədəd bükümlərdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 148-154-cü vərəqlərində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 5,539 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Eyni zamanda cinayət işinin materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs üzərinə baxışla bağlı videogörüntüləri özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qeyd olunan istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bununla yanaşı həmin videogörüntülərdə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə heroini satış məqsədilə əldə etməsinə dair hər hansı sübut öz əksini tapmamışdır. Belə ki, heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddə ilə tövsif edilmiş və nəticədə onun üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi" qoyulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı xx xxxx 2005-ci il tarixli qanun"la təsdiq edilmiş siyahıya əsasən 2 (iki) qramdan artıq miqdarda heroin növündə narkotik vasitə "külli miqdar" hesab olunur. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə və narkotik vasitənin 3 bükümdə olması əlamətinə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Başqa sözlə qanunsuz əldə edilmiş həmin narkotik vasitənin şəxsi istehlakı da mümkün ola bilər. Buna əsas da vardır. Belə ki, cinayət işində olan şahid ifadələrindən və təqsirləndirilən şəxsin ifadəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz saxlanması və qəbulu ilə məşğul olur. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin "əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi" barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin "sübutların kifayət etməsi"ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin "sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi"ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Məhkəmə tərkibi eyni zamanda təqsirləndirilən şəxs barəsində məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 598 saylı rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs aşkar edilmiş tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə etməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin CM-nin 234.1-ci maddəsinə uyğunluğunu təsdiq edən mötəbər haldır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, bu səbəbdən təqsirləndirilən şəxsin heroini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); - ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. (mad. 145.3) "Məhkəmənin ittiham hökmü ehtimallara əsalana bilməz və yalnız məhkəmə baxşı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır". (mad. 351.2) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 18 və 83-85-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 111-112-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə CMnin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu hökm üzrə olan məhkumluğu ödənildiyindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Bundan başqa tələbnamə və cinayət işində olan hökmdən görünür ki, Səfərov X7 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 206.2, 234.1 və 234.4.3cü maddəsi ilə 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğu cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşina çatmayan övladının olması Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yəni əvvəllər məhkum olunmasını və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. X4 əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin əsasən residivə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az olmayaraq cəzanın təyin edilməsi tələbi nəzərə alınmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx xxxx 2020-ci il tarixli, 598 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən X5 narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 5,719 qram, tədqiqatdan sonra təmiz çəkisi 5,539 qram qalmış narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, bir ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X6 ödənilməli haqq 180 AZN ( yüz səksən manat) Bakı şəhəri Mərkəz vəkil bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməli haqq 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş, tədqiqatdan sonra təmiz çəkisi 5,539 qram qalmış narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, bir ədəd disk cinayət işi materiallarında saxlanılsın. X5 ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X6 ödənilməli haqq 180 AZN (yüz səksən manat) Bakı şəhəri Mərkəz vəkil bürosunun nəfinə, məhkəmədə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 odənilməli haqq 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar