Məhkəmə qərarları › İş №1(101)-160/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-160/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-160/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X2 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 8,301 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında özünü şübhəli apardığı üçün saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-yə gətirilərək üzərində müdafiəçinin və hal şahidlərinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda təmiz çəkisi 8,301 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkoman deyil, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. 28 avqust 2023-cü ildə saat 18:30 radələrində Nərimanov RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, heç bir qaydaya zidd əməl etmədiyi halda Nərimanov RPİ-yə dəvət olunmuş, o da etiraz etmədən idarəyə getmişdir. İdarəyə çatıb 2-ci mərtəbəyə qalxan kimi 7 nəfər polis əməkdaşı onu döyməyə başlamış, heç bir səbəb olmadan işgəncəyə məruz qalmışdır. Daha sonra onu təhqiqat şöbəsinin baş təhqiqatçısı polis baş leytenantı M.Toğrulun otağına aparmışlar. Otaqda olduğu müddətdə üzərinə şəxsi axtarış keçirilməmişdir, çünki polis əməkdaşları onu tanımaqla narkoman olmadığını bilmişlər. O, həmin vaxt spirtli içki qəbul etdiyinə və döyüldüyünə görə polis əməkdaşından 1 stəkan su istəmiş, 15-20 dəqiqədən sonra polis əməkdaşı ona kola gətirmişdir. O, həmin kolanı içdikdən 5 dəqiqə sonra halı dəyişmiş, 20:00-da artıq polis əməkdaşları ilə narkoloji dispanserə getmişdir. Ehtimal edir ki, kolaya narkotik vasitə qatıb ona vermişlər, ona görə də ondan götürülən analizdə narkotik vasitə aşkar edilmişdir. Təhqiqat şöbənin təhqiqatçısı polis baş leytenantı M.Toğrulun otağına daxil olan zaman onunla birlikdə 3 nəfər əməliyyat müvəkkili içəri daxil olmuşdur. Onu əyləşdirəndən sonra M.Toğrul əlində olan sənədləri ona vermiş və imzalamağını tapşırmışdır. O, sənədləri oxumaq istəyəndə, buna imkan verməmişlər. Əməliyyat müvəkkillərinin hərəsi bir yandan onu vurmağa başlamış, onu təxminən 30 dəqiqə döyərək, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirmiş, işgəncəyə dözə bilmədiyinə görə məcburiyyət qarşısında qorxa-qorxa sənədlərə qol çəkmişdir. xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsində barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, o, vəkilini də yalnız orada görmüşdür. 28 avqust 2023-cü ildə Nərimanov RPİ-yə gətirilən zaman üzərində şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə etməklə göy rəngli idman şalvarının sağ cibindən 1 ədəd şəffaf rəngli sellofon bükümdə narkotik vasitə aşkar olunduğu, onun saat 20:00-da tutulduğu yazılsa da, o, 18:30-da Ə.Rəcəbli küçəsində deyil, X3 küçəsində tutulmuşdur. Polis əməkdaşı kolanın içərisinə narkotik vasitə əlavə edib ona içirmiş, idarəyə gətirilən zaman ona vəkil təyin edilməmiş, köməksiz vəziyyətdə olan şəxs döyülərək işgəncəyə məruz qalmış, sənədləri imzalamağa məcbur edilmişdir. Onu tutan zaman Vüsal və Tural adlı şəxslər olmamış, digər əməliyyat müvəkkilləri olmuşdur. Heydər Əliyev prospekti kimi bir yerdə onun narkotik vasitəni yerdən tapması mümkünsüz bir haldır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid3 ancaq Nərimanov Rayon Polis İdarəsində görmüş, onu tutan başqa əməliyyatçı olmuş, Şahid3 sadəcə idarədə olmuş, ona təzyiq göstərmiş, baş nahiyəsindən şillə ilə vurmuş, 2 dəfə qaldırıb yerə çırpmış, sağ dizi ilə qabırğasının altına vurmuş, onu stoldan götürüb yıxmışdır. Şahid4 də ancaq müstəntiq üzləşdirmə aparan zaman görmüşdur. O, əvvəllər polisdə Ruslan adlı baş əməliyyat müvəkkilinin yanında polisə ictimai dəstək vəzifəsində işləmiş, həmin iş üçün Daxili İşlər Nazirliyinin hospitalından keçərək kursdan keçirilmiş, 1 il 6 ay müddət bitdikdən sonra işdən çıxarılmışdır. O, Nərimanov rayon 18-ci Polis Şöbəsində 2017-ci ildən işləmiş, sonradan rəisə onun spirtli içki qəbul etməsi barədə məlumat verdikləri üçün onu işdən çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən AR DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 28 avqust 2023-cü il tarixdə iş yoldaşı ilə axşam saatlarında Əhməd Rəcəbli küçəsində xidmətdə olan zaman Təqsirləndirilən şəxs qeyri-adekvat hərəkətlərini görüb, ondan şübhələnmiş və ona yaxınlaşıb özlərini təqdim etməklə Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlardan yayınmağa çalışmış, onlar həmin şəxs saxlayıb Polis İdarəsinə gətirmiş, şəxsiyyətini müəyyənləşdirib təhqiqatçıya təhvil vermişlər. Daha sonra 2 nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Ekspertizanın cavabından sonra bilmişlər ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroindir. Rəhbərlik demişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış hal şahidlərinin iştirakı ilə keçirilsin. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar xidmətdə olan zaman şəxsin narkotik vasitənin təsiri altında, sərxoş halda olduğundan şübhələnmişlər. Yaxınlaşdıqda Təqsirləndirilən şəxs onların suallarına qeyri-səmimi cavablar vermişdir. Onlar həmin şəxsə yaxınlaşan zaman o, ətrafdakılara söz atmış, onların suallarına qeyrisəmimi cavablar verərək onlardan yayınmağa çalışmış, buna görə də müdaxilə edib onu idarəyə gətirmişlər. Təqsirləndirilən şəxs idarəyə gətirərkən hər hansı bir döymə və ya təzyiq olmamış, ona heç bir xəsarət yetirilməmiş, həmçinin o, şəxsin üzərində heç bir xəsarət görməmiş, ekspertiza rəyində göstərilən yaralar yaralar diz və dirsək nahiyəsində olmuş, həmin yaraların isə onlara heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs məlumat verdiyi tərzdə döyülmüş olsa, bütün bədənində müxtəlif xəsarətlər olardı, lakin onun xəsarəti yalnız dizində və dirsəyində olmuşdur. Şəxsi idarəyə gətirəndən sonra bədənində xəsarətlərinin olub-olmamasını yoxlamamışlar, lakin onun görünən yerlərində heç bir xəsarət olmamışdır. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, onun harada yıxılmasından məlumatsızdır. Şəxsi axtarış keçirilən zaman video çəkilişin aparılıb aparılmasması məsələsini o həll etmir, həmin vaxt idarədə kriminalist olmamış, müəssisə rəhbəri şəxsi axtarışın hal şahidlərinin iştirakı ilə keçirilməsini məsləhət bilmişdir. Təqsirləndirilən şəxsin şikayəti ilə əlaqədar prokurorluq əməkdaşları onu dindirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, 28 avqust 2023-cü ildə iş yoldaşı Şahid3la ərazidə xidmət edən zaman təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs görmüşlər. Həmin şəxs özünü qeyri-adekvat aparmış, buna görə də onlar həmin şəxsə yaxınlaşmışlar. Şəxs onları görən kimi uzaqlaşmağa başlamış, onlar özlərini və vəsiqələrini təqdim etmiş, habelə Təqsirləndirilən şəxs idarəyə dəvət etmişlər. İdarədə olan zaman şəxsin narkotik vasitələrin istifadəsində özünü şübhəli aparmasına əsaslar yarandığından, onu növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədən sonra təhqiqatçının otağına aparmışlar. Orada vəkil dəvət olunmuş, hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən telefon, şəffaf sellefonda bükülmüş narkotik vasitə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu bildirmiş, sonra həmin narkotik vasitə ekspertizaya göndərilmişdir. Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü qeyri-adekvat aparmış, yəni küçənin ortasında insanlara söz atmış, gözləri qırmızı, şişmiş vəziyyətdə olmuş, ona yaxınlaşanda qaçmağa cəhd göstərmiş, onları görən kimi nədənsə çəkinib uzaqlaşmağa başlamış, buna görə də yaxınlaşıb həmin şəxsi saxlamışlar. Onlar özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs özünü heç nə olmamış kimi aparmış, sonra idarəyə getmişlər. Təqsirləndirilən şəxs saxlayan zaman görülən tədbirlərdən başqa ona heç bir əlavə zor tətbiq olunmamış, onu yerə yıxıb bölmədə döymələri, üzərinə narkotik vasitə yerləşdirilməsi tamamilə yalandır. O, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Polisə ictimai dəstək vəzifəsi əvvəllər mövcud olmuş, lakin sonradan ləğv olunmuşdur. Daxili İşlər Nazirliyinin əmri ilə rəsmi qaydada belə bir vəzifə olmuş, lakin əməliyyat müvəkkillərinə polisə ictimai dəstək əməkdaşları təhkim olunmamış, yalnız sahə inspektorlarına kömək məqsədilə həmin iş təşkil olunmuşdur. Şəxsi axtarışın video çəkilişlə aparılmamasının səbəbi idarənin balansında video çəkilişi “Panasonic” tipli video aparat ilə aparan kriminalistin həmin günü ağır hadisədə iştirak etməsi olmuş, buna görə də təhqiqatçının və rəhbərliyin qərarı şəxsi axtarış hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxsi döyən olmamış, onun üzərində heç bir xəsarət izi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman o, hal şahidi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs üzərindən telefon, açar və sellofanın içindən maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiq olunmamış, o, əvvəl divanda oturmuş, polis əməkdaşlarının təklifi ilə qalxıb üzərindəki əşyaları təqdim etmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, özü narkotik vasitə istifadəçisi deyil, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin narkotik vasitə olunduğunu təhqiqatçı demiş, onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etdiyini soruşmuşlar, o da tapdığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində göy rəngli idman şalvarı və qara jilet olmuşdur. O, özü Badamdar qəsəbəsində yerləşən “Sitimart” şirkətində mühafizəçi işləyir və oarda yaşayır. Məhəllənin aşağısında polis əməkdaşları mağazanın yanına yaxınlaşmış, bir nəfər şəxsin üzərinə baxış keçirmək lazım olduğunu demiş və onu hal şahidi kimi dəvət etmişlər, od abu təklifi qəbul etmişdir. O, əvvəllər heç vaxt hal şahidi olmamışdır. Mobil nömrəsi ***-***-**-** və ***-***-**-**-dir. Həmin gün mobil telefonu üstündə olmuşdur. O, idarəyə gedəndə təxminən saat 21:00-21:30 və ya 22:00 radələri olmuşdur. Saatı xatırlaması 20.30-da işdən evə gəlməsi, saat 21:00-21.30 radələrində mağazaya düşməsini xatırlaması ilə əlaqədardır. O, təqsirləndirilən şəxsin üzündə və ya gözündə xəsarət və ya qızartı görməmiş, şəxsi döyülmüş və ya əzgin vəziyyətdə görməmiş, şəxs tam şux vəziyyətdə olmuşdur. Narkotik vasitəni polis əməkdaşları aşkar etməmiş, şəxs özü cibindən çıxardıb stolun üstündə qoymuşdur. Həmin maddə sellofana bükülmüş vəziyyətdə olmuş, ondan başqa həmin vaxt 1 nəfər cavan oğlan da hal şahidi qismində iştirak etmiş, o, həmin şəxsi tanımamış və adını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, hazırki cinayət işi ilə bağlı heç nə bilmir, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsində hal şahidi kimi iştirak etməmişdir. O, özü iyul ayının 11-də tutulmuş, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxmış, işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsi ilə bağlı protokoldakı imza ona məxsusdur, o, öz işi ilə bağlı İdarədə olmuş, ona verilən sənədləri imzalamış, lakin cinayət işinin materiallarında olan ifadəsinin altındakı imzalar ona məxsus deyildir. O, əvvəllər heç vaxt hal şahidi kimi iştirak etməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində təkrar dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi əvvəlki ifadəsini təkzib edərək bildirmişdir ki, təqsirləndirilən şəxsi birinci dəfə Nərimanov Rayon Polis İdarəsində saxlanılmış şəxs kimi tanımış, Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı şübhəli bilindiyi üçün saxlanılmış, Nərimanov rayonunda evi tərəfdə iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, hal şahidi qismində iştirak etməsini təklif etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə idarəyə getmiş, idarəyə gedəndə Elşadı orda görmüşdür. Onun yanında Rəşad adlı hal şahidi də iştirak etmişdir. Baxış zamanı Elşadın üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəlki məhkəmə iclasında fərqli ifadə verməsinin səbəbi özünün barəsində cinayət işinin araşdırması ilə əlaqədar olmuş, bu səbəbdən məhkəmədə fərqli ifadə vermişdir. Cinayət işinin materiallarında olan imzaların ona məxsus olmaması ilə bağlı verdiyi ifadə yalan olmuş, cinayət işindəki bütün imzalar ona məxsus olmuşdur. Hal şahidi qismində iştirak edən zaman istifadəsində ********** saylı mobil nömrə olmuş və mobil telefonu həmin vaxt üzərində olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 28 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin inzibati binasındakı otaqların birində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan açıq göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində spesifik qoxuya malik, toz halında qəhvəyi rəngli maddələrin olduğu aşkar edilmişdir. (cild İ, i/v: 25-26) - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4584 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 44” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 8,301 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (cild İ, i/v: 35-39) - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 1/4253 nömrəli, 28 avqust 2023cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda OPİ (opioid) qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti, həmçinin alkoqol sərxoşluğu aşkar edilmişdir (cild İ, i/v: 34) - Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild İ, i/v: 158-160) - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6486 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 156-157) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarına əsasən - 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməllərinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə əvvəlcə bir neçə halın aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmədə araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olsa da, ünvan 6 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. 28 avqust 2023-cü il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 7 ünvanının yaxınlığında olan zaman yerdə 01 ədəd şəffaf rəngli sellofan büküm olduğunu görmüşdür. Həmin büküm onun diqqətini cəlb etdiyi üçün yerdən götürərək içərisinə baxan zaman içərisində qəhvəyi rəngli kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin bükümü əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoyaraq üzərində istifadə edəcəyi üçün saxlamışdır. 28 avqust 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində ünvan 8 ünvanı yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə dəvət ediləcək hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunaraq müdafiəçi təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının, müdafiəçinin və dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə olarsa könüllü olaraq təqdim etməyi bildirilmişdir. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Samsung A12” markalı mobil telefonu, 01 ədəd qırmızı rəngli alışqanı, 83 qəpik pulu, 01 ədəd gümüşü rəngli metal açar və göy rəngli maqniti, özünə məxsus AD 174543 saylı sürücülük, AA ******* saylı şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları ondan üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşduqda, o, həmin maddəni 28 avqust 2023-cü il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 7 ünvanının yaxınlığında yerdən tapdığını bildirmişdir. Həmin vaxt üzərində şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyularaq möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğu təsdiq etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, eləcə də satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs tamamilə başqa mövqedən çıxış edərək irəli sürülmüş ittihamın qanunsuz və əsassız olduğunu bildirməklə saxlanılarkən üzərində narkotik vasitə olmadığını, ümumiyyətlə heç vaxt narkotik vasitədən istifadə etmədiyini, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsindəki dəlillər irəli sürülmüş ittihamın birbaşa qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Lakin qeyd edilməlidir ki, məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia etdiyindən göstərilən hissədə araşdırma aparılmış və nəticədə müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı onun barəsində məhkəmə-tibbi ekspertiza keçirilərək bu məsələyə aydınlıq gətirilmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə Nərimanov rayon Prokurorluğunun 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X1” PHŞ-in Nərimanov rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1261 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı və adına tərtib edilmiş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər – sağ bazu oynağının, hər iki dirsək nahiyəsinin, sağ və sol diz oynağının sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən şəxsin öz boyu hündürlüyüdən yıxılması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona yaxınlaşdığını görüb yayınmağa cəhd göstərmişdir. Məhkəmə həmin ifadələri və ekspert rəyində göstərildiyi kimi şəxsin öz boyu hündürlüyündən yıxılması ilə həmin xəsarətin alına bilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, qeyd olunan xəsarətlər onun sərxoş vəziyyətdə polis əməkdaşlarından yayınmaq cəhdi zamanı əməl gələ bilərdi və həmin xəsarətlər onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasının sübutu kimi qəbul edilə bilməz. Belə olan halda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bundan başqa təqsirləndirilən şəxs ifadəsində heç vaxt narkotik vasitədən istifadə etmədiyini bildirsə də, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 1/4253 nömrəli, 28 avqust 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onda OPİ (opioid) qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyəti, həmçinin alkoqol sərxoşluğu aşkar edilmiş, bundan başqa məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6486 saylı rəyi ilə Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan faktı polis əməkdaşının ona kola təqdim etməsi və kolanın tərkibində ona narkotik vasitə içirilməsi ilə əsaslandırsa da, həmin halla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə bu hissədə həmçinin, şəxsin yalnız bir dəfə narkotik vasitə qəbul etməsi ilə bağlı onda narkomaniya xəstəliyinin, narkotik vasitələrdən asılılıq sindiromunun aşkar edilməsinin mümkün olmamasını da xüsusi olaraq qeyd edir. Məhkəmə müdafiə tərəfinin hal şahidləri ilə bağlı mövqeyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə əsasən, müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi axtarış və götürmə hərəkətinin hal şahidlərinin iştirakı ilə keçirilməsi qanunun tələblərinə uyğundur və sözügedən hal ittihamın təkzib edilməsi üçün əsas ola bilməz. Müdafiə tərəfi məhkəmə iclaslarında dəfələrlə hal şahidi Şahid1 məhkəmə iclasında ifadə verən zaman onun şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar olunmasını görmədiyini, o, otağa daxil olanda bükümün stolun üzərində olduğunu gördüyünü bildirməsini təkrar etsə də, məhkəmə iclas protokolları və məhkəmə iclasının audio-video yazıları ilə müəyyən edilir ki, şahid Rəşad Abdullayev məhkəmə iclasında qeyd olunan məzmunda ifadə verməmiş, o, öz ifadəsində şəxsi axtarış zamanı narkotik vasitəni polis əməkdaşlarının aşkar etmədiyini, şəxsin özü öz cibindən çıxarıb stolun üstünə qoyduğunu bildirmişdir. Başqa sözlə, hal şahidi Şahid1 öz ifadəsində faktiki olaraq təqsirləndirilən şəxsin üzərindən narkotik vasitəyə bənzər kütlənin olduğu bükümün aşkar olunmasını təsdiq etmişdir. Bundan başqa məhkəmə digər Şahid2 məhkəmə iclasında fərqli məzmunlarda ifadələr verməsinə də qiymət verilməsini zəruri hesab edir. Belə ki, Şahid2 ilk dəfə məhkəmə iclasında şahid qismində dindirilən zaman Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman iştirak etmədiyini, heç bir faktın şahidi olmadığını, yalnız ona verilən sənədləri imzaladığını bildirmiş, müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında təkrar dindirilən zaman isə əvvəlki ifadəsini təkzib edib, şəxsi axtarışda iştirak etdiyini və Təqsirləndirilən şəxs üzərindən büküm aşkar edildiyini gördüyünü bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Şahid2 məhkum olunmaqla məhkəmənin hökmü ilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə hesab edir ki, “kriminal aləmdə” hər hansı bir şəxsin əleyhinə ifadə verməyin “qəbulolunmaz” hesab olunması ilə əlaqədar, hazırda həbsdə olan şahid həbsdə olan təqsirləndirilən şəxsin əleyhinə ifadə verməkdən çəkinmiş, buna görə də guya heç bir prosesdə iştirak etməməsi və heç bir faktın şahidi olmaması ilə bağlı ifadə vermişdir. Həmçinin məhkəmə qeyd edir ki, Şahid2 məhkəmə iclasında ziddiyyətli ifadələr verməsi ilə əlaqədar müdafiə tərəfinin vəsatətinə əsasən onun istifadəsində olmuş mobil telefon nömrəsinin şəxsi axtarışın keçirildiyi və onun şahid qismində dindirildiyi tarixlərə olan anten məlumatları müvafiq mobil operatordan götürülmüş və məhkəməyə təqdim edilən həmin məlumatlarla cinayət işinin materialları arasında hər hansı ziddiyyət aşkar edilməmişdir. Belə ki, Şahid2 istifadəsində olmuş mobil telefon nömrəsinin həm şəxsi axtarışın keçirildiyi, həm də onun şahid qismində dindirməsinin həyata keçirildiyi saatlarda Nərimanov rayonun ərazisində yerləşən antenin əhatə dairəsində olması müəyyən edilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də 01 ədəd şəffaf rəngli sellofan bükümdə, küllü miqdarda təmiz çəkisi 8,301 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qəbul edir və həmin ifadə ittihamın təkzib edilməsinin əsası kimi çıxış edə bilməz. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Şakir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddə ilə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Şakir oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şakir oğlu əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 102) Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Şakir oğlunun gənc olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş qəti cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 28 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 6486 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,251 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməlidir. Məhkəmə baxışı zamanı iş üzrə müəyyən olunmuş məhkəmə məsrəfləri – 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut - Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,251 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Roman Ələkbərli Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar