Məhkəmə qərarları › İş №1(101)-1600/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1600/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1600/2023 14.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:15-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında yerləşən ümumi yaşayış evinin pilləkənləri ilə qalxdıqda sağ hissədə yerləşən mənzildə tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı olmaqla soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna nüfuz edərək sol ağciyərin və perikərdin zədələyən, soltərəfli hemopnevmotarskla (plevra boşluğuna hava və qan) müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa Ağır və qarnın ön divarında olan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 5 il olar ki, tanıyır. O, taksi fəaliyyəti ilə məşğul olmuş, taksi duracağın yeri Suraxanı rayonu, Balaxanı qəsəbəsində “qaraçı” kimi tanınan ərazidə avtomobilini saxlamışdır. Canpoladı da ilkin olaraq işi ilə əlaqədar olaraq tanısa da sonradan onunla dostluq münasibəti saxlamış, ara-sıra Canpoladla müxtəlif kafelərdə yeyib içirmişlər. 06 mart 2023-cü il tarixdə saat təxminən 13-14 radələrində Canpoladla telefon əlaqəsi saxlamış və Canpolad onu yaşadığı evə yeyib spirtli içki içməyə dəvət etmişdir. Bu zaman o, Canpolada 20-25 dəqiqəyə gələcəyimi bildirmiş, təxminən 20-25 dəqiqə sonra o, Canpoladın yaşadığı evinə getmiş, Canpoladın yaşadığı evə çatanda Canpolad artıq sərxoş vəziyyətdə olmuşdur. O, Canpoladla mətbəxdə süfrənin arxasına keçərək yeyib içməyə başlamış, araq şüşəsinin içərisində o, süfrənin arxasına oturduqda artıq təqribən 350 qram araq qalmışdır. Həmin arağı Canpoladla ikisi içmiş və süfrədə olan yeməklərdən yemişlər. Onlar Yeyib içdikdən sonra o, süfrədən qalxaraq Canpoladın yaşadığı evdən çıxıb öz yaşadığı evə getmişdir. 07 mart 2023-cü il tarixdə səhər saat təxminən 07:30 radələrində evdən çıxaraq övladlarını bağçaya aparmaq istəyərkən, bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu polis idarəsinə dəvət etmişdir. O, razılaşaraq polis idarəsinə gəldikdən sonra Zərərçəkmiş şəxs bıçaqlandığı ona məlum olmuşdur. Polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmiş, o da onun Zərərçəkmiş şəxs bıçaqlanmağı ilə əlaqəsi olmadığını bildirmişdir. Tanış polis əməkdaşının səyi nəticəsində digər polis əməkdaşları ona zor tətbiq etməyi dayandırmış, sonra barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, 18:15 radələrində Zərərçəkmiş şəxs evindən çıxmış, bu zaman içkili olsa da, sərxoş olmamış, evin yanında domino oynadıqdan sonra evə daxil olmuşdur. Zərərçəkmiş şəxs nadinc insan olmuş, əksər zaman süfrə başında oturarkən kimisə və ya özünü bıçaqlamaqdan danışmış, Zərərçəkmiş şəxs özü-özünə zədə yetirmiş və ya ondan ayrılandan sonra başqa bir ilə görüşmüşdür. Üzləşdirmə istintaq hərəkəti zamanı isə Zərərçəkmiş şəxs onun vurduğunu demiş, lakin o Zərərçəkmiş şəxs qardaşı kimi gördüyündən ona heç bir zərər yetirməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Saqil ilə təqribən beş il olar ki dostluq edirdilər. Bu müddət ərzində Saqil ilə münasibətləri yaxşı olmuşdur. O, 06 mart 2023-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında təqribən 13 radələrindən etibarən evində olan kustar üsul ilə hazırlanmış arağı içməyə başlamışdır. Spirtli içkidən içərək evdə olan yeməkdən yemiş, bir az sonra Saqili çağırmaq qərarına gəlmişdir. Belə ki, Saqil ilə onlar daha əvvəllərdə dəfələrlə oturub yeyib içmiş, Saqilin istifadəsində olan mobil telefonuna zəng edərək çağırdıqda Saqil yaxında olduğunu və qısa müddətdə gələcəyini bildirmişdir. Bu zaman o, bir qədərdə yemək hazırlamışdır ki, Saqil gələndə içki ilə yeməyə masanın üzərində nəyisə olsun. Az sonra Saqil gəlmiş və onlar birlikdə içki içməyə başlamış, Saqil gələnədək artıq o, xeyli içki içmişdir. Bundan sonra Saqil ilə içməyə davam etmiş, bir qədər spirtli içki kustar üsul ilə hazırlanmış arağı içdikdən sonra Saqilin artıq özünü idarə edə bilmədiyini hiss edib ona evinə getməyi təklif etmişdir. Lakin Saqil qalaraq içməyə davam edəcəyini bildirmiş, ancaq o, Saqilin vəziyyətinin yaxşı olmadığını görüb ona evə getməsində israr etmiş və bu zaman Saqil ona söyüş söyərək təhqir etmişdir. O, da söyüşünün cavabında Saqilə dostcasına başından əli ilə sürtmüş və “ağıllı ol, qabağındakı mənəm” deyə bildirmişdir. Bu zaman Saqil masanın üzərində olan, alma doğramaq üçün istifadə etdikləri mətbəx bıçağını götürüb onun döş hissəsinə və qarın nahiyəsinə zərbələr endirmiş bu zaman o, yerə yıxılmışdır. Saqil isə həyəcanlı bir şəkildə əlindəki bıçağı çıxış qapısının yanında olan ayaqqabı rəfinin üzərinə qoyaraq evdən çıxıb getmişdir. Bu zaman o, ayağa qalxaraq yatağı olduğu qonaq otağına keçmiş, Həmin otaqda yatağın üzərinə uzanaraq yatmaq istəmişdir. Həmin otaqda yatağın üzərinə uzanaraq yatmış, oyandıqdan sonra yatağın bütün qan olmasını görüb, evin sahibi olan qonşusu Rafiqə xəbər vermək qərarına gəlmişdir. Birtəhər evdən çıxaraq Rafiqi çağırmış və ona yaralı olduğumu bildirmişdir. Rafiq hadisənin necə baş verməsini soruşmuş, o da ona Saqil ilə yeyib-içmiş sonra isə Saqil onu bıçaqla vurduğunu demişdir. Bu zaman Rafiq təcili tibbi yardım çağırmış və təcili tibbi yardım gələnədək buz və bint gətirib ona tibbi yardım göstərmişdir. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlmiş və o, həkimlərin müşayiəti ilə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs ona 2 bıçaq zərbəsi yetirmiş, Saqildən başqa evə kimsə gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 06 mart 2023-cü il tarixdə saat təqribən 23:50 radələrində evdə yatan zaman qapının döyüldüyünü eşitmişdir. Bu zaman o, qapını açaraq kimin olmasına baxdıqda qapını döyənin Canpoladın olmasını görmüşdür. Canpolad ona bıçaqlandığını bildirmiş, o, Canpoladın üzərinə baxdıqda əynində olan qara rəngli maykasının sinə hissəsinin ürək tərəfində deşiyin olmasını və oradan qan axtığını görmüşdür. Dərhal evdən buz götürərək həmin nahiyəyə qoymuş, sonra o, təcili tibbi yardım xidmətinə zəng edərək həkimlərin gəlməsini istəmişdir. Həkimlər gələnədək Canpolada hadisənin nə cür baş verməsini soruşmuşdur. Bu zaman Canpolad ona dostu olan Saqil adlı şəxs ilə Canpolada yaşaması üçün verdiyi evdə oturub yemək yeyib spirtli içki qəbul etdiklərini, bundan sonra Canpolad dostu ilə aralarında mübahisə yarandığını və nəticədə Saqilin mətbəx bıçağını götürüb Canpolada bıçaqla zərbə və ya zərbələr endirməsini bildirmişdir. Lakin Canpolad içkili olduğundan xəsarət aldıqdan sonra yatağa uzanaraq yatmiş, Saqil isə xəsarət yetirdikdən dərhal sonra ünvanı tərk etmişdir. Az sonra təcili tibbi yardım avtomobili gəlmiş və o, Canpoladla birlikdə Sabunçu xəstəxanasına getmişdir. Xəstəxanaya çatdıqda Canpolad dərhal əməliyyata salınmış, bundan sonra o, yaşadığı ünvana geri dönmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 115-MTKŞ/2023 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna nüfuz edən, sol ağciyərin və perikərdin zədələnməsi və soltərfli hemopnevmotarksla (plevra boşluğuna hava və qan toplama) müşayiət olunan bir ədəd və qarnın ön divarında boşluğa nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Bu xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər, onun tibbi yardım üçün Sabunçu Rayon Mərkəzə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 07 mart 2023-cü il tarixdə əmələ gəlməsi mümkündür. Qeyd olunan xəsarətlərdən: döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna nüfuz edərək sol ağciyərin və perikardın zədələyən, soltərəfli hemopnevmotarskla (plevra boşluğuna hava və qan toplama) müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. - qarnın ön divarında olan bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. - Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar edilir. - Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur.

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthində bir qədər ortada bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur.

2. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qolsuz maykanın ön səthində bir qədər ortada aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun qarnın ön divarında olan eyni xarakterli xəsarətlə yerləşmələrinə görə nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş xarakterli xəsarət ona məxsus qolsuz maykada öz əksini tapmamışdır, bu da maykanın tikiliş forması ilə (qolsuz olduğu üçün) izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. (iş vərəqə 112-118) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 159/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O/l/-dir (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0/İAdir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) ekspertizaya təqdim edilmiş yorğanüzü və bıçaq üzərində olan qan ləkələrdə insan qanı aşkar edildi, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə O/l/ qruplu şəxsə, o, cümlədən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər, (əgər sonuncunun bədənində hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa) ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka üzərində olan ləkələrdə qan aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana bənzər şübhəli ləkə aşkar edilmədi. (iş vərəqə 96-101) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1374 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək İqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərinin həyata keçirilməsində iştirak etmək iqtidarındadır. (iş vərəqə 119-121) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmiş və çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. (iş vərəqə 05-09) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən evdə baş vermiş hadisəni hadisə yerində əyani şəkildə göstərməklə təsvir etmişdir. (iş vərəqə 43-46) İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda görünür ki, 237-c-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş bir ədəd mayka və hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi üçün istifadə etdiyi bıçaq maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (iş vərəqə 167-173) Beləliklə məhkəmə, zərərçəkmiş şəxsin, şahid ifadəsinin, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 115-MTKŞ/2023 saylı və xx.xx.2023-cü il tarixli 159/2023-MTBŞ saylı rəyləri, xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” və xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokollar, eləcə də, 12 iyun 2023-cü il tarixli Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolu və məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqəsinin olmaması, Zərərçəkmiş şəxs onun bıçaqlamaması barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və öz məsuliyyətini yüngülləşdirməyə yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyləri və digər sənədlərlə tam təkzib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokoldan görünür ki, zərərçəkmiş şəxs X7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı zərərçəkmiş şəxs X7 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs qarşı söyləyərək bir daha təsdiq etmişdir. (iş vərəqə 150-154) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə iş üzrə ekspertiza rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahid ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 166-167) İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan aradan qaldırılmış, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. (iş vərəqə 71) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 vardır . Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanın ağırlaşdıran halların olmadığını qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs münasibətdə AR CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal olmadığından, ona cəza həmin Məcəllənin 60-cı maddəsinin qaydaları əsasında təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olmadığından, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 37; 68-70) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar- Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs götürülmüş bir ədəd mayka və hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi üçün istifadə etdiyi bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil bürosunun hesabına 30 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə,

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- Suraxanı RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs götürülmüş bir ədəd mayka və hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi üçün istifadə etdiyi bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 05 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Əhməd Quliyev Hakimlər Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar