Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1602/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 30 aprel 2022-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu, M.Xiyabani küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2,081 qram və bir ədəd qara rəngli parçanın arasındakı şüşə ampulada təmiz çəkisi 1,681 qram olmaqla cəmi təmiz çəkisi 3,762 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və bir ədəd plastik qabda təmiz çəkisi 1,834 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 13:15 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu, M.Xiyabani 198 saylı ünvanın yaxınlığında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 2,081 qram və bir ədəd qara rəngli parçanın arasındakı şüşə ampulada təmiz çəkisi 1,681 qram olmaqla cəmi təmiz çəkisi 3,762 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd plastik qabda təmiz çəkisi 1,834 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, tutulana qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamışdır. Orta təhsillidir. O, Neft şirkətində işləmiş və 700 manat maaş almışdır. Bir neçə il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamış və heroindən istifadə etmişdir. O, bədənində olan ağrılara görə xəstəxanadan rəsmi aldığı metadon içmişdir. Hadisə günü xəstəxana saat 2-də bağlandığı üçün o, gedib çata bilməmiş və bədəni ağrıdığına görə narkotik vasitə alıb qəbul etmək qərarına gəlmişdir. Metadon aldığı xəstəxanadan bir oğlan ona narkotik satanın nömrəsini vermiş, o da həmin şəxsə zəng vurub heroin istəmiş və 7 manatı olduğunu bildirmişdir. Həmin şəxs gəlib götürməsini demişdir. O, narkotiki almağa getmiş və polis əməkdaşları onu saxlayaraq 29cu Polis bölməsinə gətirmişlər. Polislər onun eynəyinin qabının içinə narkotik vasitə qoyaraq, onu həmin narkotiki boynuna götürməyə məcbur etmişlər. O, təzyiqlərə görə narkotik vasitəni öz üzərinə götürmüşdür. Bununla yanaşı, istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 25, mənzil 19-da qeydiyyatdadır, həyat yoldaşından ayrıldığından mütəmadi olaraq yaşadığı mənzil yoxdur. Təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir. 30 aprel 2022-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu, M.Xiyabani küçəsində Elşad kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 7 manat verərək narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış, aldığı narkotik vasitəni əynində olan şalvarın sağ yan cibinə qoymuşdur ki, ayrıldığı həyat yoldaşının yaşadığı ünvan 3 ünvana çatdıqda istifadə etsin. Təxminən 2 dəqiqə piyada hərəkət etdikdən sonra Yasamal rayonu, M.Xiyabani 198 ünvanının yaxınlığında 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibindən içərisində 1 (bir) bükümdə heroin, 1 (bir) ədəd plastik qabda limon duzu və 1 (bir) ədəd içərisində heroin qırıqları olan şüşə qab olan qara rəngli parçanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** nömrəsi olan mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 62-63). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi idarəyə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, alınmış məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs törətdiyi əməlləri ifşa etmək məqsədi ilə idarənin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Bu səbəbdən 30 aprel 2022-ci il tarixdə təxminən saat 13:15-də əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında saxlanılaraq həmin şəxsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğu üçün Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinə gətirmişlər və dəvət edilmiş vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, ona bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa, masanın üstünə qoysun. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd bükümdə içərisində qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd şüşə ampulada içərisində qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd plastik qabda içərisində ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini masanın üzərinə qoymuş və bundan sonra üzərinə baxış keçirildikdə digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə və psixotrop maddəni Yasamal rayonu, M.Xiyabani küçəsindən anket məlumatlarını bilmədiyi Elşad kimi tanıdığı şəxsdən satış məqsədi ilə əldə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, aldığı narkotiklərdən dost-tanışına verir, öz payı da ona pulsuz qalır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 30 aprel 2022-ci il tarixdə, saat 13:15 dəqiqədə ünvan 8 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların mütəmadi olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və videoçəkiliş əks etdirilmiş DVD diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən içərisində 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd plastik qabda ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni və 1 (bir) ədəd şüşə ampulada açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə olan qara rəngli parçanı təqdim edərək masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**- ** nömrəsi olan “Nokia” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 30 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 7 (yeddi) manata əldə etdiyini, özünün təxminən 6 (altı) ildir ki, narkotik maddələr istifadə etdiyini, narkotik maddələrin satışını həyata keçirmədiyini, başqa yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 31-32). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2516 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,081 qram və 1 (bir) ədəd şüşə ampulanın içərisində təmiz çəkisi 1,681 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd plastik qabda təmiz çəkisi 1,834 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin ümumi təmiz çəkisi 3,762 qramdır və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 39-43). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı Nizami Omarov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd bükümdə içərisində qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd şüşə ampulada içərisində qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd plastik qabda içərisində ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı bükülünün birinin içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu bildirsə də, bir ədəd plastik qabın içərisindəki ağ rəngli kristallardan ibarət maddənin limon duzu və digər bükülünün içərisində isə narkotik vasitə heroin qırıqları olduğunu, ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroini Elşad adlı şəxsdən 7 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əynindəki şalvarın sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqi 48). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Nokia” markalı mobil telefona baxış keçirən zaman iş üçün sübut əhəmiyyətli hal aşkar olunmamışdır (cild 1, iş vərəqi 87). İşdə olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, ***-*******87 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etdiyi Elşad adlı şəxsin şəxsiyyətinin və ünvanının müəyyən edilməsi məqsədilə bir sıra əməliyyat tədbirləri keçirilsə də müsbət nəticələr əldə edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 108). İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən qəbul edilmiş 30 aprel 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 95). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskdə 03 ədəd fayl yerləşir. Fayllardan biri sms tarixçəsi, digərləri isə zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələri adlanır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması sms yazışımalarının istintaq əhəmiyyətli olmaması müəyyən edilmişdir (cild 1, iş vərəqi 110). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə "xxxx" MMC-dən alınmış 1 ədəd CD diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, diskdə 04 ədəd fayl yerləşir. Fayllardan ikisi sms tarixçəsi, digərləri isə zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələri adlanır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan bir sıra şəxslərlə mütəmadi olaraq əlaqə saxlaması, həmçinin narkotik vasitələrin alışı, istifadəsi ilə bağlı sms yazılarının olması müəyyən edilmişdir. Belə ki, DVD diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Kazbek lazimdi ala bilersen” yazması, xx.xx.2022-ci il tarixdə ***-***- **-** saylı mobil telefon istifadəçisinə “Ala kentali men sej cekmek isdejirem ge ol mirsen cekim” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Ala ne cindir usaqsan men 2saati kazdek gozdejirem cindir gemirdin bir adama dejerdim alardilar mene” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Men soyuqda qalmisam usaginda bugun ad gunu cixib geldim eger o maldan mene nese qalsaydi .... (söyüş) o oglanin qəyretini” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Rehim kola var? Rehim kola var?” yazması, xx.xx.2022-ci il tarixdə ********** saylı mobil telefon istifadəçisinə “Uble !!! Rehimde olubda tuxda soxdu mene …. icini dilxor olmusam” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Elis qadan alim balaca das verersen?” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Hec kim görmedi vuranda?” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Bütovb10m di” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Adam dejilasen qutardim senle mala gore qacib gizdenib qacan adam demek olarsa. Lazim dejil. Meni sen birinci defe deyil bele hereketin eliyirsen. Dedim” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Osturucaqsan …. (söyüş) mal gotbewreni” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Eti 5m,liq kola verde mene, duzeler qardasincun?” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Gunortada gozdedim seni ses cixmadi senden 10m liq isdiyirdim gedib basqa yerden aldim” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “He yox de mene tez sora olmajacaq dobru ozde patiyla tez de indi” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Brat sattiq kola var ??” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Qadan alim balaca das verersende olsa ” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Sende menim yerimde olsan dilxor olarsam 23m pulum getdi elimi gotdu basdi malda gelmedi zuium cekirem pul tapinca nece dilxor olmayim” yazması, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil telefon istifadəçisinə “Niye bele diyirsen patini bayaq cirib verirasen dedin hele malda az bununda agzi acxiq idiki cibime tokulubde menim pulum got pulu zatdi beyem?” yazması müəyyən olunmuşdur (cild 1, iş vərəqi 152-164). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3594 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 127-128). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1795 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 181-183). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hesab edilən narkotik vasitələr götürülərkən çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 49). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman götürmüş bir ədəd “Nokia” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 86). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş təmiz çəkisi 3,762 qram narkotik vasitə heroin və 1,834 qram təşkil edən psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,662 qram narkotik vasitə heroin və 1,784 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmçinin "xxxx" MMC-dən əldə edilmiş bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 184-190). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 111-112). İşdə olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan Elşad adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması qərara alınmışdır (cild 1, iş vərəqi 177-178). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs hələ narkotik vasitə almağa gedərkən polislər tərəfindən saxlanılması, üzərində narkotik vasitə olmaması, polislərin onun eynəyinin qabının içinə narkotik vasitə qoyaraq, onu döyməklə həmin narkotiki boynuna götürməyə məcbur etmələri, təzyiqlərə görə narkotik vasitəni öz üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə bir sıra şəxslərlə mütəmadi olaraq onun narkotik vasitələrin alışı, istifadəsi ilə bağlı, yəni satışı ilə əlaqəli olmayan sms yazışmaları aparmasına baxmayaraq, məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotiklərin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, onların müxtəlifliyini, xırda bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməklə təzyiqlərə məruz qalması barədə ifadələrini “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-28-ci bəndlərindəki tövsiyələrinə uyğun şəkildə təhlil etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi ilə bağlı ilk dəfə məhkəmədə verdiyi ifadəsində bildirmişdir. Lakin, o, döyülməsini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən və həmin tədbirin müddəti uzadılarkən nə təqsirləndirilən şəxsin özü, nə də ki, onun müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi və ya hər hansı təzyiqə məruz qalması barədə heç nə bildirilməmidir. Əksinə təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, saxlanılarkən heç bir təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Buna baxmayaraq, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs şəxsi işini və tibbi kartoçkasını onun saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, onun təcridxanaya qəbul edilərkən üzərində yeni zədələrin olması həmin sənədlərdən müəyyən olunmamışdır. Bundan başqa, məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon prokurorluğundan daxil olmuş məktubda bildirilmişdir ki, Təqsirləndirilən şəxs döyülməsi, təzyiqlərə məruz qalması ilə bağlı Yasamal rayon prokurorluğuna müraciət daxil olmamış və bununla bağlı heç bir araşdırma aparılmamışdır. Bütün bunlar onu göstərir ki, döyülmə barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 may 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 22, 71-75, 173-176). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 30 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,662 qram narkotik vasitə heroin və 1,784 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd “Nokia” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC-dən əldə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,662 qram narkotik vasitə heroin və 1,784 qram psixotrop maddə metamfetamin məhv edilsin. - Təqsirləndirilən şəxs götürülmüş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd “Nokia” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. - şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC-dən əldə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1602/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1602/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver