Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1603/2021 25.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X3 iştirakı ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Südçülük Sovxozu, ev 6, mənzil 9-da qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, o, 08 aprel 2021-ci il tarixdə, saat 03 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı və heç bir münasibətdə olmadığı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında ikinci mərtəbədə yerləşən 195-ci mənzildə işıqların yanmamasını görüb evdə yaşayış olmamasını özü üçün yəqin etdikdən sonra həmin mənzilə daxil olmaq üçün blokun giriş qapısının üst hissəsində olan beton örtüyün üzərinə çıxaraq həmin mənzilin pəncərəsində quraşdırılmış dəmir barmaqlığın kilidini, binanın həyətindən taparaq cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə istifadə etmək üçün götürdüyü istintaqa məlum olmayan dəmir parçası ilə qırmış, bundan sonra əvvəlcədən əldə edib üzərində gəzdirdiyi bıçağı bağlı vəziyyətdə olan pəncərənin arasına salaraq fiziki güc tətbiq etməklə açıb yaşayış sahəsinə qanunsuz olaraq girərək mənzilin mərkəzinə tərəf hərəkət edərkən onun bu hərəkətləri nəticəsində yaranmış səs-küyə görə yuxudan oyanaraq pəncərəyə tərəf gəlmiş Zərərçəkmiş şəxs gördükdə sonuncunun qışqıraraq kənar şəxsləri köməyə çağırmasını, eləcə də polisə məlumat verməsinin qarşısını almaq və qabaqcadan planlaşdırdığı cinayətkar məqsədinə nail olmaq üçün onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək sonuncunun sifət nahiyəsindən əli ilə bir neçə dəfə vurmuş, daha sonra əlini Zərərçəkmiş şəxs boğaz nahiyəsinə keçirib sıxaraq sağ əlində olan silah qismində istifadə etdiyi bıçaqla sol qol nahiyəsindən vurub ona sol gözün konyuktiva qişası altında qansızma ilə müşayiət olunan sol göz yuvasının qançırı, sağ göz yuvasının, sol saidin və sağ bazunun qançırları, iti kənarlı alətin təsirindən törənən sol said nahiyəsinə cızıq kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərərk Zərərçəkmiş şəxs üzərində olan pulları verməsini tələb etmiş, sonuncu bu tələbdən qorxaraq çantasında olan cəmi 7 (yeddi) manat nəğd pulu ona təqdim etdikdə həmin pulu götürərək mənzili tərk etmiş, bununla da yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya hesab olunan bıçaq tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək ona məxsus 7 (yeddi) manat pulu ələ keçirməklə quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bildi və ifadəsində göstərdi ki, öz ailəsində sözsöhbəti olduğu üçün həyat yoldaşı Şahid4 və uşaqları qayınanası Tamellanın Yasamal rayonu, M.Seyidov küçəsində yaşadığı evə köçərək orada yaşamışlar. Uşaqlarına baş çəkmək üçün o, 07 aprel 2021-ci il tarixdə saat 18-19 radələrində qayınanasının evinə gedərək uşaqlarını götürüb parkda gəzdirmiş və sonradan geri qaytarmışdır. Ailəsindən ayrıldıqdan sonra o, 2021-ci ilin fevral ayından bəzi günlər Sabunçu rayonu, Südçülük Sovxozu, ev 3, mənzil 56-da yaşayan bacısı Pərvanənin yaşadığı evdə, bəzən də hadisədən sonra tanıdığı bu iş üzrə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında olan istixananın borusunun yanında yaşamışdır. İstixananın üstü açıq olsa da onun borusundan istilik çıxdığı üçün o, yaxınlıqdan tapdığı, kənara atılmış divanın maçalkasını söküb borunun ətrafına qoyaraq orada yatmışdır. 07 aprel 2021-ci il tarixdə saat 20-21 radələrində uşaqlarını parkdan aparıb qayınanasının evinə qoyduqdan sonra gəzə-gəzə Yelenanın evini qarşısından keçəndə sonuncunun mənzilində işıq yanmadığını görmüşdür. Həmin gün hava çox soyuq və yağışlı olduğundan fikirləşmişdir ki, əgər axşam soyuq olarsa Yelenanın mənzilinə pəncərədən daxil olaraq orada gecələyər. O, oradan uzaqlaşaraq istixanaya gəlmiş və özü üçün düzəltdiyi yerdə yatmışdır. 08 aprel 2021-ci il tarixdə saat 02:30 radələrində hava yağışlı və soyuq olduğu üçün yuxudan ayılmış və 1 ədəd siqaret çəkmişdir. O, yağışın dayanmadan yağdığını görüb Yelenanın evinə daxil olub orada gecələməyi qərarlaşdırmışdır. Bunun üçün o, istixanadan Yelenanın yaşadığı 5 mərtəbəli binaya gəlmişdir. Yelenanın yaşadığı mənzil ikinci mərtəbədə olmaqla Yasamal rayonu, H.Cavid prospektində yerləşmişdir. O, ətrafa baxmış və görmüşdür ki, blokun giriş qapısının üst hissəsində olan beton örtüyün üzərinə çıxaraq yaxınlıqdakı ikinci mərtəbədən keçən qaz borusunun üzəri ilə 1-2 addım gedərsə Yelenanın mənzilinin pəncərəsindən içəri daxi ola bilər. Həmçinin onu da müşahidə etmişdir ki, pəncərənin önündə dəmir barmaqlıq quraşdırılıb və üzərində də kilidi vardır. O, istixananın yaxınlığında tapdığı bıçağı götürmüş və blokun üzərinə çıxmış və qaz borusu ilə Yelenanın pəncərəsinin qarşısına gəlmişdir. 6-7 dəfə etdiyi cəhddən sonra qıfılı qıraraq açmış, dəmir barmaqlığı aralayanda görmüşdür ki, arxasında taxtadan olan pəncərə vardır. Bıçağı pəncərənin yan tərəfindən salaraq onu açmışdır. Pəncərə ortadan iki hissəyə açıb eyvana düşmüşdür. Mənzilə girmək üçün eyvanın qapısına yaxınlaşmış və görmüşdür ki, qapı bağlı deyil. O, qapını açıb Yelenanın yaşadığı evin qonaq otağına qanunsuz olaraq daxil olmuş və bir addım irəlilədikdə Zərərçəkmiş şəxs mənzilin işığını yandırdıb onun üzərinə gəldiyini görmüşdür. Yelena rus dilində ondan nə istədiyini və kim olduğunu soruşmuş, o, Yelenaya heç bir başqa məqsədinin olmadığını, sadəcə üşüdüyünə görə mənzilinə girərək bir gün qalmaq istədiyini sonuncuya başa salmaq istəmişdir. Mənzildə Yelenadan başqa heç kim olmamışdır. Lakin Yelena Azərbaycan dilini az bildiyi, eləcə də rus dilində danışdığı üçün onun nə demək istədiyini sonuncu başa düşməmişdir. Bundan sonra Yelena qışqırmağa başlayıb mənzili tərk etməyini ondan tələb etməyə başlamışdır. Bu söhbətlər getdiyi zaman Yelena onun əlindəki bıçağa tez-tez baxmışdır. Yelena qorxduğu üçün onun üzünə cırmaq atmışdır. Yelenanın səsinə qonşuların gələcəyini, evə başqa adamların yığışacağını düşünüb sonuncunu sakitləşdirmək üçün əli ilə Yelenanın sifət nahiyəsindən bir neçə dəfə itələmişdir. Yelenanı itələməkdə məqsədi sonuncuya xəsarət yetirmək olmamış, sadəcə Yelenanı sakitləşdirmək istəmişdir. Yelena nisbətən sakilləşdikdən sonra o, sonuncudan su istəmişdir. Yelena ona su gətirməyə gedəndə onun mənzilin qapısını açıb bayıra çıxmaq istəməsini görmüş və qapının kilidini açdığı zaman əli ilə Yelenanı geri itələmişdir. Yelena mənzildən çıxmaq cəhdini təkrarlamış və qışqırmaması üçün o, əlini Yelenanın ağzına tutmuş, əli ilə Yelenanı qapıdan içəri salmışdır. Növbəti dəfə Yelena mənzildən bayıra çıxdıqda o, Yelenanı içəri salarkən əlində olan bıçaq Yelenanın əlini kəsərək qanatmağa başlamışdır. Yelena hamama girərək qanayan əlini yumağa başlamışdır. O, Yelenaya bir daha başa salmışdır ki, narahat olmasın, qorxmasın, ona heç bir pislik etməyəcək. Onun bu sözlərimdən sonra Yelena sakitləşmiş və onun yanında oturmuşdur. Hətta Yelena ona yemək təklif etmiş, lakin o, yeməkdən imtina etmişdir. Həmin günü o, saat təxminən 07- 08 radələrinə qədər Yelenanın evində qalmış və polisə şikayət etməyəcəyi halda evi tərk edə biləcəyini demişdir. Amma üzərində pulu olmadığı üçün Yelenadan ona 10 manat taksi ilə getmək üçün yol pulu verməsini xahiş etmiş, Yelena ona 7 manatı olduğunu bildirmiş, Yelenadan 7 manat pulu alıb evdən çıxanda Yelena ondan evində olan zibil paketini yolda zibil qutusuna atmasını xahiş etmişdir. O, etiraz etməmiş və həmin paketi Yelenadan alıb zibil qutusuna atmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun yaşadığı mənzil 2-ci mərtəbədə yerləşir. Qızı İnna evli olaraq başqa yerdə yaşayır və sonuncu öz qızını, yəni onun nəvəsini həftənin 3 gününü onun evinə qoyur, gecələri isə aparır. 08 aprel 2021-ci il tarixdə saat 03 radələrində o, yataqda uzanmış halda olmuş, amma yuxuya getməmişdir. Çünki evdə olan pişiyini gecə saat 02- 03 radələri arasında bayıra buraxmışdır. Həmin günü o, saat 03 radələri olanda yataq otağından görmüşdür ki, 35-40 yaşlarında arıq bədən quruluşlu bir nəfər kişi yaşadığı evin dəmir barmaqlığının pəncərəsindən onun eyvanına tullanmışdır. Oraya yaxınlaşanadək həmin şəxs eyvanda əyilərək qonaq otağının qapısını açıb içəri daxil olmuşdur. Həmin şəxs sonradan tanıdığı bu iş üzrə Təqsirləndirilən şəxs olmuşdur. O, Namiqin əlində qara rəngdə bıçaq olmasını görmüşdür. O, Azərbaycan dilində çox az danışa bildiyi üçün Namiqə qışqıraraq rus dilində nə istədiyini soruşmuşdur. Namiq ona Azərbaycan dilində cavab verməyə başladıqda o, bunu başa düşməmişdir. O, Namiqin əlində bıçaq gördüyü və qorxduğu üçün qonşulardan kömək məqsədi ilə qışqıraraq qonaq otağından mənzilinin giriş qapısına tərəf qaçaraq qapını açmış və bir qədər dəhlizə çıxdıqda Namiq bıçaq tutduğu əlini arxadan onun boğazına dolayıb sıxmağa başlamış və onu mənzilə salmışdır. O, bayıra çıxmaq üçün cəhd göstərdiyi zaman Namiq onu mənzilin içərisinə çəkməyə başlamış, o, Namiqi itələdikdə Namiq yumruqla onun sifət nahiyəsinə vurmağa başlamışdır. O, müqavimət göstərərək qışqıran zaman Namiq yenidən ondan möhkəm yapışaraq ”sakit ol” ifadəsini işlətmiş və əlindəki bıçaqla onun sol əlini kəsmişdir, Namiqin onun sol əlini qəsdən və ya ehtiyatsızlıqdan bıçaqla kəsməsini bilməmişdir. О, 2-3 dəqiqə müddətində bayıra çıxmağa cəhd göstərsə də Namiq buna imkan verməmişdir. Sonradan Namiq onu qonaq otağına salmış və dizi üstə onu 30 dəqiqə müddətində yerdə otuzdurmuş, özü isə stulu yanına çəkərək onun yanında oturaraq ona “sakit ol, səsini çıxarma” ifadəsini işlətmişdir. Sonra Namiq keçərək divanda otursa da o, düzü üstə qalmışdır. O, qorxduği üçün çox təşviş içində olmuş və həmin şəxsin hən an onu öldürəcəyini fikirləşmişdir. Sonra Namiq əli ilə yataq otağını göstərib ona həmin otağa girməsini istəmişdir. O, bundan imtina etdikdə Namiq “məni istəyirsən” deyə ifadə işlətmişdir. O, Namiqin dediklərindən belə başa düşmüşdür ki, ona cinsi əlaqədə olmağı təklif etmiş, əgər onunla cinsi əlaqədə olarsa çıxıb gedəcəkdir. O, Azərbaycan dilini yaxşı bilmədiyi üçün bəlkə də o, Namiqin dediklərini belə anlamışdır. O, Namiqə ata, ana, arvadı və uşaqlarının olub-olmamasını soruşduqda öyrənmişdir ki, Namiqin atası və anası yoxdur, özü evlidir, 2 uşağı və arvadı vardır. O, Namiqdən neçə yaşının olduğunu soruşduqda 36 yaşının olmasını öyrənmişdir. O, Namiqə “mənim 60 yaşım var, sənin isə 36, mən səninlə cinsi əlaqədə ola bilmərəm” ifadəsini işlətsə də Namiq təkidlə onun yataq otağına keçməsini istəmişdir. Amma o, yataq otağına keçməmiş və qonaq otağında qalmışdır. Hətta o, “Allah səni sevir” deyərək Namiqi sakitləşdirməyə başlamış, eləcə də hər dəfə həmin şəxsə “niyə çıxıb getmirsən” ifadəsini işlətmişdir. Namiq isə ona çıxıb getdikdən sonra o, polisə şikayət edəcəyini, o, çıxıb gedərsə bu barədə polisə məlumat verməyəcəyini Namiqə demişdir. Bundan sonra Namiq onunla işinin olmadığını, evinə qonaq kimi gəldiyini ona demişdir. O, həmin vaxt divanın küncündə oturmuş, çox qorxu və həyəcan keçirərərk başım otağın divarına söykəyərək əlini üzünə tutmuşdur. Bir müddət sonra Namiq onun yanına gələrək divanda bir qədər aralıda oturmuş və ona siqaret çəkmək istədiyini, amma alışqanını tapa bilmədiyini demişdir. O, qorxusundan Namiqə kibrit vermişdir, Namiq siqaret çəkməyə başlamış, sonradan itirdiyi alışqanını mənzildən tapmış və ondan dəfələrlə “polisə şikayət edəcəksinizmi?” deyə soruşmuşdur. O, Namiqə mənzildən çıxıb gedərsə polisə müraciət etməyəcəyini bildirmiş, amma Namiq onun sözlərinə inanmamışdır. Sonradan o, fikirləşmişdir ki, bəlkə yemək verərsə həmin şəxs çıxıb, gedər. Bu baxımdan yemək yeməyi təklif etsə də Namiq bundan imtina etmişdir. Namiq 5 saat müddətində onun mənzilində qalmış və polisə şikayət etməyəcəyinə inandırdığı üçün getməyə razılıq vermiş və ona Nardaranda yaşadığını, evlərinə getməsi üçün üzərində pul olmadığını bildirmişdir. Sonra Namiq ondan pulunun olub-olmamasını soruşmuş və o, 5 manat pulunun olduğunu demişdir. Amma həmin şəxs taksi ilə yaşadığı evə getməsi üçün ona 5 manat deyil, 7 manat pul lazım olduğunu dedikdən sonra o, yaxınlıqda olan çantasından 7 manat pul götürüb Namiqə vermiş, bundan sonra Namiq evdən çıxmağa başlamış və o, da mənzilində içərisində zibil olan 2 sellofan torbanı Namiqə verərərk gedərkən atmasını bildirmişdir, Namiq həmin sellofanları götürüb çıxıb getmişdir. Sonradan o, qızı İnnaya zəng etmiş, lakin sonuncu telefona cavab verməmişdir, o, qızına olanları danışmaq və sonradan polisə məlumat vermək istəmişdir. Bu baxımdan o, qızı İnnaya “whatsapp”la yuxudan ayılanda ona zəng etmək barədə yazmışdır. Qızı İnna həmin gün saat 12-13 radələrində onunla danışmış və sonradan DİN-in “102” Xidmətinə zəng edərək məlumat vermişdir. O, təqsirləndirilən şəxslə barışır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 577, 85 saylı evin 195 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs onun anasıdır, anası həmin ünvanda tək yaşayır. İşləri olduğunda o, qızını həftənin 3 günü anası Yelenanın yaşadığı mənzilə qoyur və gecələr oradan götürür. 08 aprel 2021-ci il tarixdə saat 10-11 radələrində o, yuxudan qalxdıqda anası Yelenanın onun mobil telefonuna xeyli sayda zəng etməsini və yuxudan qalxdıqda ona təcili zəng etməsini bildirən “whatsapp” mesajını göndərməsini görmüşdür. O, təcili olaraq anası Yelenaya zəng etmiş və telefon söhbəti zamanı sonuncudan öyrənmişdir ki, həmin gecə saat 03 radələrində tanımadığı 35-40 yaşlarında bir nəfər kişi Yelenanın yaşadığı evin dəmir barmaqlığın pəncərəsinin qıfılını sındıraraq eyvana tullanaraq sonradan qonaq otağına girmiş, Yelena həmin şəxsə qışqıraraq nə istədiyini soruşsa da həmin şəxs Yelenaya Azərbaycan dilində cavab verdiyi üçün ona deyilən sözləri başa düşməmiş, Yelena həmin şəxsin əlində bıçaq gördüyündən qorxmuş və qışqıraraq qonşuları köməyə çağırması üçün mənzilin giriş qapısını açaraq bayıra çıxmaq istəmiş, lakin həmin şəxs bıçaq tutduğu əlini arxadan Yelenanın boğazına dolayıb sıxmağa başlayıb Yelenanı mənzilə salmış, anası Yelena yenə də mənzildən bayıra çıxmağa cəhd göstərəndə həmin şəxs yumruqla Yelenanın sifət nahiyəsinə vurmağa başlamış və əlindəki bıçaqla Yelenanın sol əlini kəsmiş, sonradan həmin şəxs Yelenanı qonaq otağına salaraq 30 dəqiqə müddətində dizi üstə yerə otuzdurmuş, özü də stulu yaxına çəkərək Yelanaya “sakit ol, səsini çıxarma” demiş, hətta həmin şəxsin hərəkətləri o qədər qorxuducu olmuşdur ki, anası Yelena öldürüləcəyini belə fikirləşmişdir. Sonra həmin şəxs əli ilə onun anası Yelenaya yataq otağını göstərib cinsi əlaqədə olmağı belə təklif etmiş və cinsi əlaqədə olduqdan sonra çıxıb gedəcəyinə dair söz vermiş, amma anası Yelena həmin şəxsə 60 yaşının olduğunu bildirib onu cinsə əlaqədən yayındırmış və mənzildən çıxıb getməsini tələb etmiş, amma həmin şəxs Yelenanın polis çağıracağını düşünüb evdən getməmişdir. O, anası Yelena ilə danışarkən sonuncu ona bildirmişdir ki, “həmin vaxt çox qorxu və həyəcan keçirmiş, bu baxımdan divanın küncündə oturub başını qonaq otağındakı divarın küncünə söykəyərək əlini üzünə tutmuş, həmin şəxsin evdən getməsi üçün yemək yeməyi təklif etmiş, lakin həmin şəxs bundan imtina edərək 5 saat müddətində mənzildə qalmış, həmin şəxs polisə şikayət olunmayacağına inandıqdan sonra yaşadığı Nardaran qəsəbəsinə taksi ilə getməsi üçün Yelenadan 7 manat alaraq evdən çıxmışdır. Yelena bu hadisəni ona danışanda sonuncunun hələ də qorxu hissi keçirdiyini və ona “qorxuram ki, həmin şəxs yenə də mənzilə girər və məni boğmağa başlayar” deyə ifadələr işlətmişdir. Hətta o, anası Yelenadan öyrənmişdir ki, qonşulardan yardım etməsi üçün qışqıraraq mənzildən çıxanda həmin şəxs qolunu Yelananın boğazına dolayaraq boğmağa cəhd göstərmiş, Yelena həmin vaxt nəfəs almağa belə çətinlik çəkmişdir. O, bunları və Yelenanın keçirdiyi stres və qorxunu bildikdən sonra DİNin “102” Xidmətinə zəng edərək məlumat vermiş və sonradan sonuncunun yaşadığı evə getmişdir. O, Yelenanı gördükdə gözünə belə inanmamışdır. Çünki həmin şəxsin vurduğu yumruqdan anası Yelenanın hər iki gözünün altında qaraltılar, eləcə də qollarında göyərmələr olduğunu müşahidə etmişdir. Bundan sonra anası Yelenanın yaşadığı mənzilə polis əməkdaşları gəlmiş və hadisə barədə sonuncuya müvafiq şuallar verməyə başlamışlar. Sonradan o, anası Yelena ilə birlikdə Yasamal RPİ-nin 28-ci Polis bölməsinə gedərək şikayət ərizəsi və izahat yazmışdır. Təxminən bir həftə sonra Yelenanın mənzilinə daxil olan şəxsin tutulduğunu və onun Təqsirləndirilən şəxs olmasını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır və sonuncunun yaşadığı ev onların evindən 300- 400 metr aralıda yerləşmişdir. O, Namiqlə məhlə uşağı olaraq həmişə mobil telefonla danışıq aparmışdır. Namiqi hamı məhlədə “patron” deyə çağırmışdır. Namiq tanışlarına və ona özünü “mən oğruyam” deyə tanıtdırmışdır. Bir müddət sonra Namiq yaşadığı evi satıb Yasamal rayonu ərazisində kirayədə yaşamağa, eləcə də gec-gec görünməyə başlamışdır. O, Namiqə taksi kimi xidmət göstərsə də bəzən gediş haqqını sonuncudan ala bilməmiş, hətta Namiq ondan 2-3 dəfəyə borca pul alsa da qaytarmayaraq hazırkı vaxtadək ona 40 manat borclu qalmışdır. O, Namiqdən borcunu istəyəndə sonuncu ona hansısa evə oğurluğa girib, oradan əldə edəcəyi qənimətlə onun pulunu qaytaracağını demişdir. Namiqdən borcunu istədikdə sonuncu həmin ərəfələrdə tez-tez “bir tema var, müşahidə edirəm, mən bunu mütləq eləməliyəm, bunu tutuzdursam bilirsən nə edəcəm” kimi ona ifadələr işlətmişdir. O, Namiqə oğurluq yolu ilə əldə etdiyi pulu ona verməməsini demişdir. Bəzən də borcunu tələb etdikdə Namiq ona “pulum yoxdu, mənə pivə və narkotik tap, gedim əvvəlcədən müşahidə etdiyim evə girərək oradan oğurluq edim və sənin pulunu verim” ifadəsini işlətmişdir. O, nə pivə, nə də ki, narkotik satmır, Kamandar adlı şəxsi tanımır. Namiqin ona niyə Kamandar sözünü yazıb göndərdiyini bilmir. O, Namiqdən borcunu istədikdə Namiq onun pulunu qaytara bilməyəcəyindən ona həm danışıqda, həm də sms yazıraraq “bir ev var, oraya oğurluğa girib pul və qızıl götürəcək, kalan pulu olacaqdır” demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 1993-cü ildən Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 137 saylı orta məktəbdə bir sinifdə oxuduğu vaxtdan tanıyır və sonuncu ilə məhlə uşağı olaraq münasibəti həmişə normal olmuşdur. O, 2002-ci il tarixdən Ramana qəsəbəsindən köçsə də Namiqlə münasibəti pozulmamışdır. O, istifadəsində olan nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan nömrə ilə danışıq aparmışdır. Namiq boş-boş xəyallarla yaşayan adam olduğu üçün sonuncunun dediklərinə heç vaxt heç kim inanmamışdır. 2020-ci il tarixdə o, eşitmişdir ki, Namiq Ramana qəsəbəsindəki evini sataraq Yasamal rayonu ərazisində kirayədə yaşayır. Həmin müddətdən sonra Təqsirləndirilən şəxs ona tez-tez zəng edərək kirayədə yaşadığı evdən çıxdığını və Yasamal rayonu ərazisində küçələrdə yaşadığını deyərək ondan borca pul istəmişdir. O, da Namiqə müəyyən vaxtlarda bir dəfə 30 manat, 3-4 dəfə 10 manat, 2-3 dəfə 20 manat, ümumilikdə 150 manata yaxın borca pul vermişdir. Hazırkı vaxtadək Namiq ondan borca aldığı pulu qaytarmamış, əlavə olaraq ondan yenidən borc pul istəmiş və ona Quba rayonuna gedib alma alveri ilə məşğul olaraq pul qazanıb borcunu verəcəyini demişdir. Sonuncu dəfə Namiqlə təsadüfən Ramana qəsəbəsində görüşdükdə sonuncu ac olduğunu bildirib dönər almağını ondan xahiş etmişdir. O, da qəsəbədə olan dönər satılan kafedə Namiqlə oturub sonuncuya dönər sifarişi etmişdir. Namiq həmin zaman tibbi maska taxdığı üçün sonuncunun sifətini görməmişdir. Amma dönəri yediyi zaman Namiqin sifətində cırmaq izlərinin olduğunu görmüş və bu barədə soruşduqda sonuncu ona “ac və pulsuz idim, oğurluq etmək üçün bir evə girdim, mənzildə qabağıma bir qadın çıxdı və o, üzümə cırmaq atdı, mən ondan pul istədim, həmin qadın da mənə 5 manat pul verdi, evdən çıxanda da tullamağım üçün içərisində zibil olan sellofanı mənə verdi, mən də pulu və zibili aldıqdan sonra evdən çıxdım” ifadəsini işlətmişdir. Namiqin dediyi ifadəyə görə onlar gülüşmüş və o, sonuncunun dediyi ifadələri həqiqət hesab etməmişdir. Amma 2-3 gün sonra Təqsirləndirilən şəxs etdiyi cinayət əməlinə görə tutulduğunu eşitmiş və başa düşmüşdür ki, dönər yediyi zaman Namiqin qadının evinə oğurluğa girməsi ilə bağlı ona dedikləri sözlər həqiqət olmuşdur. İbtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə tədqiq edilmiş ifadəsində Şahid4 göstərmişdir ki, o, Yasamal rayonu, Mirəli Seyidov küçəsi ev 1 mənzil 49-da anası Abdullayeva Tamilla, qızları 9 yaşlı Bayramlı Asya və 7 yaşlı Bayramlı Aylinlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2010-cu il tarixdə ailə həyatı qurub evlənmiş və həmin evlilikdən də Bayramlı Asya və Bayramlı Aylin dünyaya gəlmişlər, o, əvvəllər 2018-ci il tarixədək Namiqlə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsində yaşamışlar. Həmin ildə Namiqin atası vəfat etdikdən sonra sonuncu yaşadıqları evi və həyətyanı sahəni satmış, əldə edilən pulu lazımsız yerlərə xərcləmişdir. Evsiz qaldıqlarına görə sonradan onlar Yasamal rayonu ərazisində müxtəlif yerlərdə, sonuncu dəfə isə Rüfət adlı şəxsə məxsus Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 36 A, mənzil 36da dörd ay müddətində kirayədə yaşamağa başlamışlar. Ümumiyyətlə pandemiya düşdükdən sonra Namiq işsiz olmuş və sonuncuya iş axtarmasını dedikdə aralarında teztez mübahisələri düşmüşdür. O da 2019-cu ilin oktyabr ayından Z.Əliyeva adına X4 tibb bacısı kimi işləmiş və aldığı maaşla evə baxmışdır. Hətta son zamanlar evin kirayə pulunu da o, vermişdir. Axırıncı dəfə kirayə pulunu ev sahibinə çatdırması üçün Namiqə versə də, sonuncu həmin pulu şəxsi istifadəsinə xərclədiyindən aralarında yaranmış narazılığa görə o, 2021-ci ilin fevral ayında övladları ilə birlikdə anası Tamellanın hazırda yaşadığı evə köçərək orada yaşamağa başlamışlar. Namiqin isə qohumlarının, dostlarının evində yaşamasını özündən eşitmişdir. Hər dəfə Namiq onların yaşadığı evə gələrək uşaqları gəzmək üçün parka aparıb-gətirmişdir. Sonuncu dəfə 07 aprel 2021-ci il tarixdə 17-18 radələrində Namiq yenə də onun anasının evinə gəlmiş və uşaqlarını götürüb parkda aparıb gəzdirdikdən sonra geri qaytarmışdır. Namiqi sonuncu dəfə 12 aprel 2021-ci il tarixdə onun iş yerinə gəldiyi zaman görmüşdür. Namiq hər dəfə onun iş yerinə gəldiyi zaman özünü çox aqressiv aparmış, lüzümsüz qısqanclıq edərək orada mübahisələr etmişlər. Bu baxımdan xəstəxanada işləyənlər bundan narazı qamışdır. Namiqin bu hərəkətlərinə görə onu 22 aprel 2021-ci il tarixdə işdən də çıxarmışlar. Namiq əvvəllər Çinar restoranında, Bakı şəhərində hardasa parklanma yerində, boya satışı sexində işləmiş, hər dəfə də dalaşqan olduğu üçün işdən çıxarılmışdır. Namiqlə aralarında olan narazılıqların əsas səbəbi sonuncunun dalaşqan və söyüş söyən olması, nəhayətdə işsiz qalması olmuşdur. Hətta sonuncu dəfə kirayədə qaldıqları evdən çıxdıqdan sonra eşitmişdir ki, Namiq ondan sonra həmin evdə 2 ay qalmış, lakin Rüfət adlı ev sahibinə kirayə haqqını verməmişdir. Rüfət ona zəng etdikdə bu barədə demiş və kirayə pulunu istədikdə o, Namiqdən bunu tələb etməsini bildirmişdir. 19 aprel 2021-ci il tarixdə Namiq hazırda xatırlamadığı telefon nömrəsi ilə ona zəng edərək bildirmişdir ki, bir oğlanla dava etdiyinə görə polislər tərəfindən 4 ay müddətinə tutulmuşdur. O, həmin vaxtı bilmişdir ki, Namiq cinayət etdiyinə görə tutulmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 08.04.2021-ci il tarixli, 1- 673 saylı raportun məzmunundan görünür ki, həmin tarixdə saat 13:54-də Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yaşayan X5 DİN-in 102 xidmətinə zəng edərək, 07.04.2021-ci il tarixdən 08.04.2021-ci il tarixə keçən gecə saat 03:00 radələrində anası Zərərçəkmiş şəxs H.Cavid prospekti 85, mənzil 195 ünvandakı evinə pəncərədən daxil olan, əlində bıçaq olan tanımadığı şəxsi görərək qorxması səbəbindən müqavimət göstərdiyi zaman onu boğmağa cəhd göstərməsi, bıçaqla əl nahiyəsindən yüngül xəsarət alması, sonuncu sadəcə gizləndiyini bildirməsi, xanıma əxlaqsız təkliflər etməsi və səhər 08:00 radələrində 7 AZN taksi pulu alaraq, oradan uzaqlaşması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş təqdim etmə və götürmə haqqında 16.04.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müstəntiqin xidməti otağına gələrək 08 aprel 2021-ci il tarixdə yaşadığı ünvan 1, mənzil 195 ünvanda baş vermiş cinayət hadisəsi ilə əlaqədar sifət və qol nahiyəsindən xəsarətlər almasını əks etdirən fotoşəkilləri təqdim etmişdir. Həmin fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hər iki gözünün altında, dodaq nahiyəsində və qol nahiyələrində şişkinlik və göyərmələr vardır. Təqdim edilən fotoşəkillər götürülərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 38-40). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 16.04.2021-ci il tarixli protokoldan görünür ki, hadisəni törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs fotoşəkli digər fotoşəkillər arasında tanınması üçün Zərərçəkmiş şəxs təqdim edilmişdir. Zərərçəkmiş şəxs ona təqdim edilmiş 4 ədəd fotoşəkil sırasından Təqsirləndirilən şəxs fotoşəklini tanımış və sonuncunun fotoşəklini göstərərək 08.04.2021-ci il tarixdə yaşadığı mənzilə qanunsuz daxil olaraq ona əli və üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirən, boğmağa cəhd göstərən, cinsi əlaqədə olmaq üçün əxlaqsız təkliflər edən, ondan 7 manat pul alan şəxsin məhz Təqsirləndirilən şəxs olmasını bildirmişdir (cild 1, iş vərəqi 41-44). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 19.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.04.2021ci il tarixdə saat 17:40 radələrində öz nömrəsindən adını “Emil Cin” qeyd etdiyi şəxsə “Brat mənə axşam yığarsan, sənə şad xəbərim var” sms-ni yazaraq ***-***-**-** saylı GSM nömrəsinə mesaj göndərmişdir. ***-***-**-** saylı GSM nömrəsinin istifadəçisi olan və adı “Rüfət E,y” kimi telefonuna qeyd etdiyi şəxs 16.04.2021-ci il tarixdə saat 15:02-də “Salam, keçən dəfə demişdiz 5-10 günə pulu verəcəm. Bugün 10 gün tamam olub. Necə edirik” kimi Təqsirləndirilən şəxs GSM nömrəsinə sms göndərilmişdir. 14.04.2021-ci il tarixdə saat 22:19-da ***-***-**-** (1dəfə), saat 23:44-də ***-***-**-** (3 dəfə), saat 23:53-də ***-***-**-** (7 dəfə), 15.04.2021-ci il tarixdə saat 00:47-də ***-***- **-** (11 dəfə), saat 11:36-da***-***-**-** (3 dəfə) saylı GSM nömrələrinin istifadəçiləri Təqsirləndirilən şəxs zəng etsələr də sonuncu zəngləri cavablandırmamış və bu baxımdan ona bildiriş sms-i göndərilmişdir (cild 1, iş vərəqi 155-156). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 18.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən çıxan smslərə baxış keçirilərkən sonuncunun 31.03.2021-ci il tarixdə saat 09:33:04-də həmin GSM nömrəsindən Şahid2 adına olan **********00 saylı GSM nömrəsinə “Xezi uzumde gelmir deyim vallah, veziyet cox pisdi, ac susuz qalmiwam kucelerde, sen mene 50 versen men gedib gunluk 2 manata ev var weherde, helelik qalardım nese eliyib elde pul eliyerdim. Allah and olsun hamsi borcumu qaytaracam tutuzduracam sabaha biri gune hele ki, musaide eliyirem pis gunun omru Az olar” kimi sms göndərməsi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 12.04.2021-ci il tarixdə saat 03:25:35-də istifadə etdiyi **********95 saylı nömrədən X1 adına olan **********11 saylı GSM nömrəsinə “Aslan qaqaw uje getmeliyem temaya, vaxtdir, ayığam brat men piyve ya pati nese tez ver men gedim mutleq elemeliyem bugun, tez yig meni seher acilacaqdi uje” kimi sms göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 12.04.2021 tarixdə saat 05:00:34-də istifadə etdiyi **********95 saylı nömrədən X1 adına olan **********11 saylı GSM nömrəsinə “Aslan qaqaw sene zeng vurmadim daha, o, kamerali wakis dediyi eve ele bir xod tapdim ki, gir arxadan lap vew qariwiq evi apar, ne qonwu ne de kamera olmagina orada arxayada qoyublar, men ele xod tapdimki, evi bowald baxsalarda kameradan lap (söyüş var) gorunmur gir cix. prosda hava o qeder sakitdi ki yarpaq bele esmir, pencereni acanda ses eliyir deye bugunde mujade eledim, her terefli qubaya getmiyecem, bu axwam gelib iki balamin cani atamin qebri girecem, tam xodu her terefli vaxtimi sehf eledim ki, cunki, bura bu qeder kamera qoyulubsa gedib şirazi girmeye yuzde yuz tutulmaqdi. ama bugun men axwam gelib ele rahat girib cixacam ki, tam serbest pulda qizilda ordan yuzde yuz cixacayiq, qoy bugunde kasib veziyetde gezey ama bu axwam var yoxunu s***m kalan pulumuz olacaqdi, men wehere gedirem axwam burdayam siviyazda ol menle opdum” kimi sms göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadə etdiyi **********95 saylı nömrənin antena cədvəlinə baxış keçirilərkən onun 03.09.2020 tarixdən 05.04.2021 tarixədək olan müddətdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1-in yaxınlığında, yəni "xxxx" MMC-nin ünvan 3 ünvanında olan stansiyasının əhatəsində 18 dəfə olması müşahidə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadə etdiyi **********95 saylı nömrənin antena cədvəlinə baxış keçirilərkən onun 08.04.2021 tarixdə saat 09:06:46-da "Bakı şəhəri, Moskva prospekti 73 ünvanı/Nasimi” ünvanında, 08.04.2021 tarixdə saat 09.06dan saat 19.45-dək olan müddətdə Bakı şəhəri Binəqədi və Yasamal rayonları ərazisində müxtəlif ünvanlarda, 08.04.2021 tarixdə saat 19:45:39-da "Bakı şəh, Nizami rayonu H.Əliyev pr və Z.Bunyadov pr kesişməsində", 09.04.2021 tarixdə saat 11:24:18-də “Zabrat Aeroport" ünvanında olmuşdur. Bununla bağlı olaraq tərtib edilmiş protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 235-250). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 16.05.2021-ci il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilən 1 ədəd diskə baxış keçirilərkən, ***-***-**-** saylı GSM nömrəsinə daxil olan və çıxan zənglərdə, sms mətnlərində, onların anket məlumatlarında iş üzrə zəruri olan heç bir məlumat, eləcə də Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-**, ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri ilə heç bir danışığı, mesaj yazışmalarının olmaması müəyyən edilmişdir (cild 1, iş vərəqi 224). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxsin ekspertizasının 12.04.2021-ci il tarixli, 279 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - sol gözün konyuktiva qişası altında qansızma ilə müşayiət olunan sol göz yuvasının qançırı, sağ göz yuvasının, sol saidin və sağ bazunun qançırları küt əşyanın (əşyaların) təsirindən, sol said nahiyəsində olan cızıq isə iti kənarlı alətin (əşyanın) təsirindən törənmişlər, özünün göstərdiyi şəraitdə əmələ gələ bilərdilər, qərarda qeyd olunan 08.04.2021-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 50-51). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizanın 02.06.2021-ci il tarixli, 1155 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində müayinədən keçərkən verilən suallara cavab olaraq "Hadisə günü bir mənzilə oğurluğa girmişdim. Evdə adam olmadığını düşünürdüm, içəridə olarkən mənzilin işığının yandığını və bir qadının evdə olduğunu gördüm. Bundan sonra mən oğurluq etməyib sakitcə çıxıb getdim. Hadisə zamanı qadına heç bir xəsarət yetirməmişəm" kimi ifadələr işlətmişdir (cild 2, iş vərəqi 19-20). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 19.04.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman o, ibtidai istintaqa verdiyi ifadələrini bir daha təsdiq edərək yaşadığı ünvan 1, mənzil 195 ünvanında 08 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qonaq otağında ilk aşkar etdiyi yeri, sonuncu tərəfindən dəhlizdə döyüldüyü, boğazının sıxıldığı və bıçaqla əlinin kəsildiyi yeri, sonradan Təqsirləndirilən şəxs tərəfindən qonaq otağına aparılıb 30 dəqiqə müddətində döşəmədə dizi üstə qaldığı yeri, qorxusundan və təşviş altında divanın küncündə oturduğu yeri və cinsi əlaqədə olmaq üçün təklif olunan yeri əyani olaraq göstərmişdir (cild 1, iş vərəqi 148-153). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 19.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən ünvan 7 ünvanda yerləşən istixananın dəmir borusunu göstərib bildirmişdir ki, 2 aydır ki, o həmin boruya bitişik hissəyə köhnə divarın üst hissəsini (qupka) yerdən özünə yataq kimi düzəldərək yaşayır. Həmin istixanaya baxış keçirlərkən borudan istilik çıxmamış və iki ədəd borunun aşağı torpağa bərkidilən yerdə döşək kimi düzülmüş qupkanın olması müşahidə edilmişdir. Eləcə də orada çürüməyə məruz qalmış meyvə, iki ədəd adyal kimi istifadə edilən yun örpək, çörək qırıntısı, üç ədəd “G01” adlı vodka yazılmış və içərisi boş olan qabın olması aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Yasamal rayonu, H.Cavid prospekti, 577-ci məhəllə, bina 85-in blokun girişini, eləcə də ikinci mərtəbədəki blokun üzərindəki pəncərəni, pəncərəyə bitişik qaz borusunu göstərib bildirmişdir ki, 08.04.2021-ci il tarixdə saat 03:00 radələrində, həmin blokdan içəri girmiş və ikinci mərtəbənin pəncərəsini açıb, həmin pəncərədən bayıra çıxıb və qaz borusunun üzəri ilə birinci mərtəbədəki artırma edilmiş evin damına düşərək oradan Zərərçəkmiş şəxs yaşadığı ikinci mərtəbədəki eyvanın dəmir barmaqlığına keçirilmiş qıfılı dəmir predmetlə açıb, eyvandakı pəncərəni üzərində olan bıçaqla aralayıb evə daxil olmuşdur. Eyvanın qapısını açdıqda Zərərçəkmiş şəxs ilə rastlaşmış, Yelena mənzilin giriş qapısını açıb bayıra çıxdıqda qapının yanında ona əli ilə sifət nahiyədən vurduğunu, eləcə də həmin qapının yanında qolunu onun boğazına keçirib geriyə çəkdiyini, bıçağın həmin zaman əlində olduğunu (böğazına keçirdiyi əlində), bu zaman Zərərçəkmiş şəxs əlindən bıçaqla yüngül xəsarət yetirdiyini, mənzildə Yelenanın və özünün durduğu yeri əyani göstərmişdir (cild 1, iş vərəqi 132-143). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 23.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Şahid3 istintaq zamanı bildirdiyi ifadəsini, eləcə də Təqsirləndirilən şəxs borcunu istədikdə sonuncunun oğurluq edəcəyi və əldə edəcəyi pulla onun borcunu qaytaracağı dediyini, hətta bununla bağlı olaraq ona “bir ev var, oraya oğurluğa girib pul və qızıl götürəcəm, kalan pulum olacaqdır” kimi sms göndərdiyini, o, da bunun müqabilində Təqsirləndirilən şəxs iradını bildirərək “kişi oğurluq etməz, mənə oğurluq pul lazım deyil, 2 qızın var, get kişi kimi yaşa, oğurluq etmə” ifadələr işlətməsini, eləcə də Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsində kimsəsiz torpaq sahəsinə yiyələnməsi üçün ona hər hansı bir söz deməsini xatırlamadığını sonuncunun üzünə qarşı bildirmişdir (cild 2, iş vərəqi 34-37). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 19.04.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs hadisənin törədilmə şəraiti və mexanizmi barədə istintaqa verdiyi ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 144-147). Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətindən daxil olmuş məktubdan və əlavəsindən görünür ki, Bayıl yamacı avtomat meteoroloji stansiyasında 08.04.2021-ci il tarixdə saat 03:00-da (müşahidə müddətində) orta temperatur 11,00 C, hava sakit, küləksiz olmuş və yağıntı qeydə alınmamışdır (cild 1, iş vərəqi 228-229). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 17.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 75). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 17.08.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş mobil nömrəyə dair anten, sms və danışıqların çıxarışı üzrə bir ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 69-88). İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 14.12.2010-cu il tarixdə Şahid4 ilə nikaha daxil olmuş, 02.05.2012-ci il təvəllüdlü X8 və 28.04.2014-cü il təvəllüdlü X6 adlı uşaqları vardır (cild 1, iş vərəqi 189-192). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci, 5-ci, 7-ci, 19 və 20-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 25-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin mənzilinə quldurluq məqsədilə girməməsi, bayırda soyuq olduğuna görə gecələmək üçün həmin mənzilə daxil olması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzilinə özgə əmlakını qanunsuz əldə etmək məqsədilə qanunsuz daxil olmuş və zərərçəkmiş şəxsə basqın etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə olunan əşya hesab edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 19.04.2021-ci il tarixli tələbnaməsindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.05.2017-ci il tarixli hökmündən və Bakı şəhər Probasiya İdarəsinin 21.05.2017-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və cərimə cəzasını 01.08.2017-ci ildə tam şəkildə dövlət nəfinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.05.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən bir ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 17 aprel 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli həmin tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 63-64, 127-131; cild 2, iş vərəqi 60-63). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 17 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, "xxxx" MMC-nin mobil nömrəyə dair antena, sms və danışıqların çıxarışı üzrə təqdim etdiyi bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan "xxxx" MMC-nin mobil nömrəyə dair antena, sms və danışıqların çıxarışı üzrə təqdim etdiyi bir ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1603/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1603/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver