Məhkəmə qərarları › İş №1(101)-1604/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1604/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1604/2021 08.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 3-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 10,581 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 9,739 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 10 iyun 2021-ci il tarixdə, saat 18:30 radələrində Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinə dəvət olunmuş və həmin gün saat 20:05-də Xəzər rayon Polis İdarəsinin İnzibati binasında yerləşən xidməti otaqlardan birində Təqsirləndirilən şəxs Əiiyoldaş oğlunun üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə ümumi təmiz çəkisi 10,581 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə ümumi təmiz çəkisi 9,739 qram olan, yəni külli miqdarda psixotrop maddə metamfetamin, əynində olan həmin şalvarın sol yan cibindən isə səthində narkotik vasitə heroinə məxsus izlər, üzərində isə psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, «8-ci kilometr» bazarında göyərti alveri ilə məşğul olmuşdur. Bir müddətdir narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. Tutulmamışdan təxminən iki gün əvvəl işlədiyi «8-ci kilometr» bazarında olduğu zaman axşam saatlarında təsadüfən tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxs onun narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin istifadə etdiyini bilmiş və lazım olsa onun üçün heroin və ya metamfetamin təşkil edə biləcəyini bildirmişdir. O, isə mütəmadi istifadə etdiyi üçün hər ikisini ondan almaq qərarına gəlmişdir. Buna görə o həmin şəxsdən bir sellofan paketdə psixotrop maddə “şüşə” kimi bildiyi metamfetamin və bir sellofan paketdə narkotik vasitə “kakos" adlandırdığı heroin almışdır. Hər iki kütləyə görə o həmin şəxsə ümumilikdə 100 manat pul vermişdir. Lakin həmin maddələrdən istifadə etməyə şərait olmadığı üçün əynində olan şalvarın cibində saxlamışdır. 10 iyun 2021-ci il tarixdə, saat 18:30 radələrində ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması üçün polis idarəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə Xəzər rayon Polis İdarəsinə getmiş, orada üzərində şəxsi axtarış aparılması üçün müdafiəçi ilə təmin olunub Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı iki ədəd kiçik ölçülü sellofan paketdə olan həmin «şüşə»ni və «kakos»u polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı etiraf etmişdir ki, həmin paketlərdə olan kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. Eləcə də onları «8-ci km» bazarında tanımadığı şəxsdən aldığını da etiraf etmişdir. O, daha sonra göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni isə özünün istifadəsi üçün almışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2021-ci il tarixdə «Amik» adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı alınmışdır. Eyni zamanda həmin şəxsin ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, «Amik» adlı şəxs xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Əliyoidaş oğludur. Bundan sonra o digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Əliyoidaş oğlunun narkotik vasitələrin qəbulu ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə 10 iyun 2021-ci il tarixdə, saat 18:20 radələrində ünvan 4 ünvanının yaxınlığına yollanmışdır. Orada müşahidələr aparmağa başlamışlar və Təqsirləndirilən şəxs Əliyoidaş oğlunu qeyd olunan yerdə saat 18:30 radələrində müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib onu Xəzər Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs Əliyoidaş oğlunun üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla rəisə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədova həvalə edilmiş və Təqsirləndirilən şəxs Əliyoidaş oğlu müstəntiqə təqdim olunmuşdur. X4 Təqsirləndirilən şəxs Əliyoidaş oğlunun hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra X4 Təqsirləndirilən şəxs Əliyoidaş oğlunun, dəvət olunmuş müdafiəçi Bəhruz Səfərovun və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs Əliyoidaş oğluna üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Əliyoidaş oğlu əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə olan narkotik vasitə heroinə bənzər maddəni və 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə olan psixotrop maddə metamfetaminə bənzər maddəni, əynində olan həmin şalvarın sol yan cibindən isə 01 ədəd elektron tərəzini çıxarıb təqdim edərək həmin paketlərdən birindəki maddənin «kakos» deyilən narkotik vasitə heroin, digərindəki maddənin isə «şüşə» deyilən psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün tutulmamışdan 2 gün öncə, yəni 08 iyun 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən işlədiyi «8-ci kilometr» bazarında təsadüfən tanış olduğu şəxsdən 100 manata aldığını bildirmişdir. Həmin paketlərdən birinin içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, digərinin içərisindən isə psixotrop maddə metamfetamə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Əliyoidaş oğlunun üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs Əliyoidaş oğlunun üzərindən aşkar olunmuş 02 ədəd şəffaf paketdə olan maddələr və 01 ədəd elektron tərəzi zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş, məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2021-ci il tarixli, 6/2377 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,739 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 10,581 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər, bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2021-ci il tarixli, 2722 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə cinayət işinə əlavə olunmuş özündə videogörüntünü əks etdirən diskə baxış zamanı müəyyən olunmuşdur ki, ki, Təqsirləndirilən şəxs Əliyoidaş oğlunun, Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili X1, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakları ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ruslan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə və şəffaf sellofana bükülmüş 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə olan maddələri və əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzini təqdim edərək həmin bükümlərdən birinin narkotik vasitə heroin və digərinin psixotrop maddə metamfetamin olduğunu və öz istifadəsi üçün tutulmamışdan 2 gün əvvəl axşam saatlarında Bakı şəhəri, Nizami rayonu «8-ci km» bazarında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ümumilikdə 100 manata aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə olan kütlə, 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketdə olan kütlə və 01 ədəd elektron tərəzi cinayət X4 tərəfindən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 43 saylı möhürü ilə möhürlənərək götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qeyri-qanuni heç bir əşya aşkar olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitəni və psixptrop maddəni şəxsi istifadə üçün əldə etməsi ilə bağlı ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür və onun cinayət əməli məhkəmədə araşdırılmış aşağıdakı sübutlarla da tam təsdiq olunur. Belə ki, cinayət işinin 4-cü vərəqində olan Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 10 iyun 2021-ci il tarixli raportundan görünür ki, ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, saxlanması, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa cinayət işinin 30-31-ci vərəqlərində olan 10 iyun 2021-ci il tarixli «şəxsi axtarış, baxış və götürmə aparılması barədə» protokoldan görünür ki, Xəzər rayon Polis İdarəsində videoçəkiliş vasitəsi ilə və vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, onun üzərindən narkotik vasitələr və psixotrop maddələrlə yanaşı bir ədəd elektron tərəzi də aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab olunur. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 30 iyul 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 02 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş və həmin iş üzrə məhkumluq ödənilmişdir. Bundan başqa, cinayət işinə əlavə olunmuş tələbnamədən və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 09 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 01 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökmlə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş şəxs sayılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Xəzər rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,481 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,639 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 manat (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Xəzər rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,481 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,639 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 81,82 manat (səksən bir manat səksən iki qəpik) məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar