Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1604/2022 21.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Arbitrium” Vəkil Bürosunun vəkili X1, "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 2000-ci il tarixdə Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Cəngan ərazi dairəsi, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan ümumi təmiz çəkisi 9,662 qram heroini və 8,046 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixində, saat 17:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda piyada hərəkət edərkən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aparılmış və inzibati binada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,662 qram kustar üsulla hazırlanmış heroin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,046 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 9,662 qram təşkil edən heroin narkotik vasitəsini və şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 8,046 qram təşkil edən metamfetamin psixotrop maddəsini əldə edib üzərində saxlayaraq daşımış, 23 aprel 2022-ci il tarixində, saat 17:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanda piyada hərəkət edərkən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aparılmış və Bölmənin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 9,662 qram təşkil edən bir ədəd bükümdə heroin narkotik vasitəsi və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 8,046 qram təşkil edən bir ədəd bükümdə metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, «kakos» kimi tanıdığı narkotik vasitə heroindən və «patı» kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. İstifadə etdiyi maddələri instagram proqramı vasitəsilə “Səccad” adlı şəxsdən sifariş edərək qramını 20-25 manata olmaqla almış, gündəlik 2 qramadək istifadə etmişdir. Dəfələrlə narkotikdən istifadə etdiyinə görə işində ləngimələr olmuş, ayıq vaxtlarda peşmançılıq hiss keçirsə də, uzaqlaşa bilməmişdir. Hətta narkotik asılılığına görə yaranmış ağrılar səbəbindən son zamanlar işləməmişdir. Belə ki, o, “fırıncı”, yəni restoranda kürə, təndir yeməkləri bişirən usta kimi işləmiş, 750 manat da maaş almışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polislər tərəfindən saxlanıldığı gün səhər tezdən telefonuna gələn mesajın səsinə ayılmış, bir nəfər qızın onun “WhatsApp” nömrəsinə iki ədəd şəkil atdığını görmüşdür. Kim olduğunu soruşduqda qız ona “Ramindir?” deyə yazmış, o isə Ramin olmadığını bildirmişdir. Sanki bir bəhanə olmuş və bundan sonra həmin qızla yazışmağa başlamışlar. Qız ondan narkotikdən istifadə edib-etmədiyini soruşmuş, o, istifadə etmədiyini demişdir. Sonra həmin qız görüş təklifi vermiş, o, pulunun olmadığını bildirdikdə qız ondan kart nömrəsini atmasını istəmiş və ona pul göndərəcəyini demişdir. O da etiraz etməmiş, qız onun kartına pul atmış və o, taksiyə minib, qızla görüşə getmişdir. Əvvəl bir kafedə görüşmüşlər. Qız həmin kafedə şəraitə görə siqaret çəkə bilməyəcəyi üçün başqa kafeyə getməyi təklif etmişdir. Bundan sonra onlar Bakıxanov qəsəbəsində yerləşən başqa bir kafeyə getmişlər. Orada yemək yemiş, hətta yeməyin pulunu qız özü ödəmişdir. Kafedə olarkən qız aşağıda yerləşən kabinetlərdən birinə düşüb orada siqaret çəkmək istədiyini bildirmişdir. Qızın təklifinə əsasən onlar kabinetə düşmüş, orada o, qızın siqaret çəkmədiyini görüb nə üçün siqaret çəkmədiyini soruşmuş, qız isə “gəlirəm” deyib kabinetdən çıxmışdır. Qız çıxandan sonra polislər içəri girmiş və onu tutmuş və onu 13-cü PB-nə aparmışlar. Tutularkən ayaqqabısına qədər yoxlanılmış, lakin onun üstündə narkotik və s. maddə olmamış, üzərindən narkotik çıxmamışdır. Bölmədə təzyiq və təsirlərə məruz qalmış, onun üstünə bölmədə narkotik qoyulmuş, ilk dəfə tutulduğundan təzyiqlərdən qorxaraq razılaşıb boynuna götürmüşdür. Bundan sonra üstündən narkotik götürülməsinə dair videoçəkiliş olmuş, o da çəkiliş zamanı polislərin öyrətdikləri kimi, çıxarıb ona verilən bir bükümdə “kakos”u və bir bükümdə “patı”nı təqdim etmiş və özünün istifadəsi üçün “Səccad” adlı şəxsdən alıb əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, istintaq zamanı müstəntiqə və barəsində qətimkan tədbiri seçilərkən məhkəməyə də təzyiqlərə məruz qaldığını demişdir. Kiçik xəsarətlər alsa da, bu barədə Bakı İstintaq Təcridxanasında bildirməmiş, ona qarşı qanunsuzluqlar barəsində şikayət etməmişdir. Qətimkan tədbiri seçilərkən də hakimə narkotik və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, lakin istifadə etdiyini bildirmişdir. O, narkotik və ya psixotrop maddələrin satışı ilə bağlı kiminləsə cinayət əlaqəsinə girməmiş, heç kimlə bu barədə mobil əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı da onun telefon nömrələri yoxlanılmış, lakin narkotik alış-verişi, o cümlədən satışı ilə bağlı hər hansı sübut və ya SMS aşkar olunmamışdır. Hər bir halda əməlindən səmimi peşiman olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, subaydır, çox zaman Neftçala rayonunda ailəsiylə yaşamış, Bakıya tez-tez gəlib getmişdir. 23 aprel 2022-ci il tarixdə, saat 17:30 dəqiqədə, ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, ona özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, barəsində çıxarılmış əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ yan cibindən bir ədəd bükümdə olan heroini və bir ədəd bükümdə metamfetamini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində “050 425-11-51” simkart nömrəsi olan “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən bir ədəd **********684418 nömrəli plastik bank kartı və 16 (on altı) manat pul aşkar edilmişdir. Üzərindən əlavə olaraq qanunla qadağan olunmuş başqa bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş və heroinin çəkisi 10,8 (on tam onda səkkiz) qram, metamfetaminin çəkisi 8,8 (səkkiz tam onda səkkiz) qram olmuşdur. Sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 16 (on altı) manat pul isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, onun üzərindən aşkar olunmuş kütlələr özünə məxsus olmuş, həmin kütlələri tanıdığı “Səccad” adlı şəxsdən bir ay bundan əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisindən 200 manata şəxsi istifadəsi üçün almışdır. “Səccad” adlı şəxsi təxminən 8 ay əvvəl tanımış, əvvəllər məhkum olunmamış, başqa heç yerdə narkotik maddə saxlamamışdır. O, heç kimə narkotik maddə satmamış, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmiş, saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə Sabunçu RPİ-nin 13-cü PB-də təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. 050 ***-**-** nömrəsi ona məxsus olmaqla istifadəsində olmuşdur (iş vərəqə: cild İ, səh. 68-70). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Baş X4 İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 23 aprel 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən ona məlumat daxil olmuş, o, bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə edərək əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Rəsmi icazə verilmiş, əməliyyat tədbirinin keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və həmin qrupa onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Təqsirləndirilən şəxs sonrakı saatlarda müəyyən edilərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 140-146 saylı ünvanda onlar tərəfindən saxlanılmış və ərazi aidiyyatı üzrə yaxınlıqdakı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə aparılmışdır. Orada saxlanılan şəxsin əvvəllər məhkum olunmamış, 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu olduğu bir daha təsdiq olunmuşdur. Onlar Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbini izah edib, hüquq və vəzifələrini izah olunmuş, ona hüquqlarını müdafiə etməsi üçün vəkillərin siyahısı tərtib olunmuş siyahı təqdim olunmuş və hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan gödəkcənin sağ yan cibindən 2 ədəd bükümdə şübhəli maddə çıxararaq təqdim etmiş, həmin bükümlər açıldıqda heroinə və metamfetaminə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən verilmiş suallara müvafiq cavablar veriərək üzərində aşkar olunan maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri Səccad adlı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Şəxsi axtarışın davamında Təqsirləndirilən şəxs üzərindən markasını unutduğu bir ədəd mobil telefon və müəyyən məbləğdə pul aşkar edilmiş, telefon tədqiqat üçün götürülsə də pul saxlanılan şəxsin özünə qaytarılmışdır. Şahid2 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülən maddələr təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Yekunda təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş, aşkar olunmuş maddələr protokola əlavə olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalanaraq düzgünlüyü təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan an BNMİ-nin təhqiqatçı şəxsin gətiriləcəyi barədə məlumat verilmiş, sonuncu vəkil bürosuyla əlaqə saxlayaraq müdafiəçi lazım olacağını bildirmiş, ona görə də texniki məsəslərin həllinə vaxt itkisi olmamışdır. Təqsirləndirilən şəxs gətirilərkən üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanıldığından o, üzərində olan qanunsuz əşyaları hər hansı üsulla özündən kənarlaşdırmağa imkanı tapmamışdır. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılıb istintaq orqanına təhvil verildikdən sonra onun ətrafında əməliyyat tədbirləri davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı konkret faktların olması, onun əldə etdiyi qanunsuz maddələrin mənbəyi, narkotik satışı ilə bağlı konkret şəxslərlə hər hansı formada əlaqələrinin olması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Baş X4 İdarəsinin digər əməliyyat müvəkkili Şahid1 həmkarı – Şahid2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ilkin məlumat əldə etmiş olsalapr da, lakin əməliyyataxtarış tədbirlərinin sonrakı mərhələlərində onun narkotik vasitələri və ya psixotrop maddələri konkret olaraq kiməsə satmasını, satış məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsini müəyyən edə bilmədiklərini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 23 aprel 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşaiyəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə heroin narkotik vasitəsinə, digər bükümdə isə metamfetamin psixotrop maddəsinə şübhəli maddələr aşkar olunuraq götürülmüş, hər iki büküm götürülərək qablaşdırılmış, DİN-nə məxsus möhürlə möhürlənmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan maddələrin heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi olduğunu təsdiq etmiş, həmin narkotik maddələri “Səccad” adlı şəxsdən 1 ay əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində özünün istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Ən nəhayət, yekunda tərtib olunan protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 33-35). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 23 aprel 2022-ci il tarixli protokolun məzmununa uyğundur. Tədqiq olunan protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə 13-cü PB-nin inzibati binasında BNMİ-nin təhqiqatçısı Yelmar Vahabovun rəhbərliyi ilə həmin idarənin əməkdaşları Şahid2, Şahid1 və saxlanılan Təqsirləndirilən şəxs iştirakları ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən iki ədəd bükümü təqdim edərək bükümlərdən birinin içərisində narkotik maddə olan heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bükümlər açılmış, baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən təqdim olunan bükümlər zərfə qablaşdırılmış, zərflərin üzəri imzalanmış və zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddələr barədə suallar verildikdə həmin maddələri özü üçün qəbul etmək məqsədi ilə “Səccad” adlı şəxsdən aldığını bildirmişdir. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmiş, axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı bir ədəd mobil telefon, bir ədəd **********684418 nömrəli plastik bank kartı və 16 (on altı) manat pul aşkar edilmiş, mobil telefon və bank kartı araşdırma aparılması məqsədilə götürülmüş, 16 (on altı) manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: cild İ, səh. 145). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» və “diskə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (iş vərəqə: cild İ, səh. 36). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2022-ci il tarixli, 6/2351 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazısı və imzalar olan kağız zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 9,662 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 8,046 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin və heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin metamfetamin isə psixotrop maddələrin siyahısına daxildir (iş vərəqə: cild İ, səh. 42-48). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 3856 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 134-135). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan kompleks psixiatrik-psixoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli, 1877 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (iş vərəqə: cild İ, səh. 136-139). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 23 aprel 2022-ci il tarixli qərarı Bakı şəhər Sabunçu rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: cild İ, səh. 123). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin və psixotrop maddənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 149-153). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 9,662 qram narkotik vasitə heroin və 8,046 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 9,612 qram heroin narkotik vasitəsi və 7,996 qram metamfetamin psixotrop maddəsi Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk maddi sübut kimi cinayət işinə əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 77; 146). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini və külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən əməliyyat məlumatı əldə olunmasına baxmayaraq, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İstər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dindirilərkən ondan aşkar edilib götürülən narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi mənbəni etiraf etməmiş, narkoman olduğunu, «kakos» kimi tanıdığı narkotik vasitə heroindən və «patı» kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilən hər iki şahid - Azərbaycan Respublikası DİN-nin, BNMİ-nin Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbirində birbaşa iştirak etmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs sonuncunun qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə daxil olan əməliyyat məlumatı əsasında saxlamalarına, ondan 02 ədəd şəffaf sellofan kəsiyində olan bükümlərdə, 9,662 qram narkotik vasitə heroin və 8,046 qram psixotrop maddə metamfetamin aşkar olunub götürülməsinə baxmayaraq, sonuncu istintaq orqanına təqdim edildikdən sonra aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, konkret olaraq kiməsə narkotik vasitə və ya psixotrop maddə satması, aşkar edilib götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyi barədə konkret sübutlar əldə edə bilmədiklərini göstərdilər. Məhkəmə baxışı zamanı tədqiq olunan, cinayət işində olan əməliyyat orqanının 23 iyun 2022-ci il tarixli, ***-**** nömrəli məktubundan (iş vərəqə: cild İ, səh. 129) da göründüyü kimi baxılan iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülən narkotik maddənin əldə olunma mənbəyinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin bunu təsdiq edəcək müsbət nəticə əldə olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülən narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxs barəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanuna uyğun əldə olunmasına və qanuna uyğun təqdim edilməsinə baxmayaraq, həmin materiallar yoxlanılarkən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması təsdiq olunmamışdır. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon və mobil nömrəyə dair məlumatlar müvafiq mobil operator tərəfindən istintaq orqanına təqdim edilmiş və qeyd olunan məlumatlara baxışı zamanı iş üçün əhəmiyyətli ola biləcək, o cümlədən narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı məlumat əldə edilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 16 iyul 2022-ci il tarixli, 3856 saylı rəyindən də göründüyü kimi ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunan həmin rəy Təqsirləndirilən şəxs həm narkotik vasitələrdən və həm də psixotrop maddələrdən istifadə etdiyini bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun 02 ədəd bükümdə aşkar edilib götürülmüş heroin narkotik vasitəsini və metafetamin psixotrop maddəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 9,662 qram, metamfetamin psixotrop maddəsinin ümumi kütləsi külli miqdar olmaqla 8,046 qram təşkil etsə də, qeyd olunan bu miqdar təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 9,662 qram, metamfetamin psixotrop maddəsinin kütləsinin 8,046 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin və psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin ona aid olmaması, polis tərəfindən təzyiqlər altında boynuna qoyulması barədə göstərdiklərini cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 104). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs «Vahid qalmış sol böyrək. Xroniki pielonefrit. Xroniki böyrək çatışmazlığı İİ mərhələ. Nefrogen hipertoniya.» diaqnozu ilə xəstədir («Neftçala RMX» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1010 saylı arayışı). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 17 aprel 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs «Vahid qalmış sol böyrək. Xroniki pielonefrit. Xroniki böyrək çatışmazlığı İİ mərhələ. Nefrogen hipertoniya.» diaqnozu ilə xəstəliyinə görə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir (qərar). Təqsirləndirilən şəxs həm məhkəmə baxışı zamanı dindirilərkən və həm də son sözlə məhkəməyə müraciət edərkən tutduğu əməldən səmimi peşimanlığını ifadə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs İİ dərəcəli əlilliyini, əvvəllər məhkum olunmadığını və tutduğu əməldən səmimi peşimanlığını ifadə etməsini, Azərbaycan Respublikası CMnin 59.1.1-59.1.14-cü maddələrində nəzərdə tutulmasa belə, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 23 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 aprel 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunub-olunmaması, onun narkomaniya xəstəliyindən dispanser qeydiyyatına götürülməsi ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarının 3.2-ci bəndinə əsasən əlillər və eyni qərarın 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilər barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz. Məhkəmə baxışı zamanı isə məhkəməyə təqdim olunan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs «Vahid qalmış sol böyrək. Xroniki pielonefrit. Xroniki böyrək çatışmazlığı İİ mərhələ. Nefrogen hipertoniya.» diaqnozu ilə xəstəliyinə görə müddətsiz İİ qrup əlildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz, lakin o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,612 qram narkotik vasitə heroin və 7,996 qram psixotrop maddə metamfetamin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs İİ qrup əlil olması nəzərə alınsın, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 9,612 qram narkotik vasitə heroin və 7,996 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1604/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1604/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver