Məhkəmə qərarları › İş №1(101)-1605/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1605/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1605/2021 12.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qaradağ rayonu, ünvan 1, mənzil 25-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla yaşadığı Qaradağ rayonu, ünvan 1 ünvanında gizlətmiş və 25 may 2021-ci il tarixdə gündüz saatlarında Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində saxlanılmış və Qaradağ RPİ-nin PB-ə gətirilmiş, daha sonra onun yaşadığı evə baxış keçirilən zaman evin natamam təmirli otağının sağ küncünə yığılmış taxtaların arasında bir ədəd sellofan torba aşkar edilmiş və həmin torbaya baxış zamanı içərisində bir büküm təmiz çəkisi 5,455 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd sarı rəngli torbada isə təmiz çəkisi 18,015 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd daxili səthində metamfetamin izləri olan ağ rəngli kağızdan borucuq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun evində narkotik vasitə olmamış, həmin narkotik vasitələri ona polis işçiləri atmışlar. O, narkotik vasitədən istifadə etmişdir. Belə ki, bəzən hərdən bir toylarda oturanda narkotik vasitələrdən istifadə edirmişlər. 25 may 2021-ci il tarixdə günorta saatlarında o, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində olan ata evinin yaxınlığında tikilmiş evində döşəmə vururmuş. X2 da ona kömək etmişdir. O, saxlanıldığı ev təzə tikilmişdir. Həmin evdə 23 may 2021-ci ildə təmirə başlamışdır. O, tutulandan sonra təmir yarımçıq qalmışdır. Hadisə vaxtı evdə o, və yalnız Kamil olmuş, başqa şəxs olmamışdır. Evin qapısı açıq imiş. Bu zaman 3 nəfər mülki geyimdə olan şəxslər içəri girib «hara qaçdı, necə oldu» deyə soruşmuşlar. Guya ki, kiminsə dalınca düşüb kimisə axtarırmışlar. Həmin vaxt ondan və Kamildən başqa orada heç kəs olmamışdır. Bildirmişlər ki, onlarla birdlikdə Polis bölməsinə getməlidirlər. Bundan sonra onu və Kamili Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Sonradan isə Kamili buraxmışlar. Polis Bölməsində ona hansısa sənədlərə imza etdirmişlər. Sonradan onu saxladıqları evə baxış keçirilmişdir. Həmin vaxt evdə narkotik vasitə olmadığı halda haradansa narkotik vasitə çıxmış, guya həmin narkotik vasitə evindən tapılmışdır. Onun nə evində, nə də üzərində həmin gün narkotik vasitə olmamışdır. Sonradan polis əməkdaşları ona bildirmişlər ki, videoçəkiliş aparılacaq, orada o, narkotik vasitələri boynuna almalıdır, əgər bu hərəkəti etsə, onlar onu sərbəst buraxacaqlar. O, onlara inanaraq polis əməkdaşlarının videoçəkiliş aparıldığı zaman güya evində tapılan narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Lakin həmin narkotik vasitələr ona məxsus deyil, onu polis işçiləri onun evinə atmışlar. Evə baxış keçirilərkən evdə narkotik vasitə olmadığı halda guya evdən 2 büküm narkotik vasitə tapıb götürmüşlər. Hansı ki, evdə heç bir büküm olmamışdır. Onun narkomanlardan xoşu gəlmir, hətta o, özü məhəllədə yaşayan Rüfət, Qalib, Yaşar adlı şəxslərin narkotik vasitə satdıqlarına görə onlarla mübarizə aparmışdır. Hətta Rüfətlə bununla bağlı dava da etmiş və Rüfəti bir dəfə yumruqla da vurmuşdur. Sonra bu barədə Rüfətin anası bilmiş və onun haqlı olaraq Rüfəti vurduğunu bildirmişdir. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** və ***-***-**-** mobil telefon nömrələri ilə aparılan SMS mətnlərinin məzmununa əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, telefon nömrəsi atasının adına rəsmiləşdirilsə də, həmin nömrədən o, istifadə edirmiş. Elan olunmuş SMS yazışmalarından onun məlumatı yoxdur, o, sürücü adamadır, onun telefonu ətrafında olan uşaqların əlində olmuş, kim həmin mesajları yazıb bilmir, onun məlumatı yoxdur. Həmin mesajlarda adları çəkilən şəxsləri tanımır, həmin telefon nömrələrinin kimə məxsus olmasını bilmir. Proses iştirakçılarının suallarıı cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun istifadə etdiyi telefonun nömrəsi ***-***-**-** və ***-***-**-** olmuş, həmin telefon atasının adına olmuşdur. Sonuncu dəfə nə vaxt narkotik vasitədən istifadə etməyini xatırlamır. Telefonuna baxış keçirmişlər, lakin telefonunda heç nə tapılmamış, hətta bir nəfər demişdir ki, telefonundan heç nə tapa bilməmişlər. Onu yalnız Polis Bölməsinə aparanda qapıdan çıxanda görənlər olmuş, onu Misir, Cəmil kişi, Mətanət xanım görmüşlər. Ona sənədlərə imza etdirmişlər, deyirmişlər ki, imza et, elə bir şey yoxdur. O, müdafiəçini cəmi 2 dəfə görmüşdür. O, müdafiəçiyə demişdir ki, bu işdə onun heç bir günahı yoxdur. Onu “Oba” Marketin yanında saxlamamışlar, evdən aparmışlar. Evə baxış aparılması barədə ərizəyə imza etməmişdir. Elan olunmuş cinayət işinin 29-cu vərəqəsində olan təqsirləndirilən şəxsin fərdi yaşayış evinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizəyə və ərizədə olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunan imza onun imzasıdır, həmin ərizəni yazmışlar, o da oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 34-35-ci vərəqələrində olan baxış və götürmə keçirilməsi haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, evdə videoçəkilişlə baxış keçirilmişdir. Ona təqdim olunmuş imza onun imzasıdır. Polis əmkdaşları demişlər ki, narkotik vasitələrin ona məxsus olmasını videoçəkiliş zamanı etiraf etsin, belə olan halda onlar onu sərbəst buraxacaqlar, o, onlara inanaraq, həmin narkotiki üzərinə götürmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza və əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 36-37-ci vərəqələrində olan izahatında, 70-72, 85-87 və 128- 130-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «....Bəzi vaxtlarda mən tanımadığım şəxslərdən narkotik vasitələri alıb istifadə edirəm. ...25 may 2021-ci il tarixdə səhər saatlarında mənə Vhatsap ani mesajlaşma sistemi vasitəsi ilə göndərilən hesab nömrəsinə paypoint vasitəsi ilə 330 manat pul köçürtdüm ki kakos və şüşə alım özüm istifadəm üçün. Mənə mesajla məlumat verildiki, mənim istədiyim kakosu və şüşəni Lökbatan dairəsinə qoyulacağı bildirildi. Məndə gedib narkotik vasitə heroini və şüşəni oradan götürdüm və aparıb yaşadığım evə gizlətdim. 25 may 2021-ci il tarixdə günorta saatlarında isə mən qəsəbəyə çıxıb tanıdığım Kamil adlı şəxslə söhbət edirdim və bu zaman saat 14:30 radələrində Oba marketin qarşısında iki nəfər mülki geyimdə olan şəxslər bizə yaxınlaşıb özlərini təqdim etdilər onlar 11-ci PB-nin əməkdaşları idilər. ...Polis bölməsində sorğu sual zamanı mən yaşadığım evdə narkotik vasitə olduğunu bildirdim və polis əməkdaşları dəvət edilmiş vəkilin iştirakı ilə mənim razılığımla videoçəkilişlə mənim yaşadığım evdə baxış keçirdilər. Baxış zamanı mən yaşadığım evdə natamam təmirli otaqda küncə yığılmış taxtaların arasından narkotik vasitə heroini və psixotrop maddə metamfetamin olan torbaları çıxardıb təqdim etdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, izahatda olan imza onundur, lakin izahatda olanları hal-hazırda təsdiq etmir. Elan olunmuş ifadələri təsdiq etmir. Ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 144-cü vərəqəsində olan təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokola və protokolda olan imza və sonda olan əlyazmaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Protokolun sonunda o, narkotik vasitənin istifadəçisi olduğunu əlyazma ilə yazıb imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-də əmədiyyat müvəkkili işləyir. 25 may 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə Qaradağ rayonu Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması, üzərində saxlaması, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunda o da iştirak etmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs Qəhraman oğlu və Rəşadın yanında olan X1 rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişlər. Polis bölməsində Kamil Abdullayev üzərində qanunla daşınması və saxlanılması qadağan olunan hər hansı bir əşyanın olmamasını göstərmişdir. Təqsirləndirilən şəxs isə sorğu zamanı yaşadığı evdə narkotik vasitə heroin və metamfetamin olduğunu bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Qobustan qəsəbəsi, Salyan yolu küçəsində olan köhnə bir evə getmişlər və orada videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs özü evin natamam təmirli otağın küncünə yığılmış taxtaların arasında bir ədəd sellofan torba və bir ədəd sarı rəngli torba çıxararaq təqdim etmişdir. Həmin torbalara baxış keçirilərkən spesifik iyə məxsus narkotik vasitəyə bənzər kütlə, digər torbada isə ağ rəngli kristallaşmış kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrəin narkotik vasitə olduğunu və özü istifadə etməsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, ev təmirsiz imiş. Onların yanında təqsirləndirilən şəxs Rəşad özü narkotik vasitənin ona məxsus olmasını və narkotik vasitələri satmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Ev təmirsiz dam kimi bir yer imiş. Evin gərək ki, iki qapısı var imiş. Axtarış aparılarkən orada qonşular olmamışdır. Təqsirləndirilən şəxsi gündüz vaxtı, yəni günorta saatlarında saxlamışlar. Onun üzərində telefonu olmuşdur. Təqsirləndirilən şəxs özü narkotik vasitəni satmasını etiraf etmişdir. Narkotiklərlə Mübarizə Baş idarəsinin əməkdaşları və bölmə rəisi Mehman Quliyev də əməliyyatda iştirak edirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat müvəkkili işləyir. 25 may 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə Qaradağ rayonu, Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması, üzərində saxlanması və satışı ilə ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat qrupu təşkil edilmişdir. O da həmin qrupun üzvü təyin edilmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs Qəhraman oğlu və onun yanında olan X1 rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişlər. O, axtarış zamanı iştirak etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmin vaxtdan sonra bir çox əməliyyatlarda iştirak etmişdir. Təqsirləndirilən şəxsin saxlanılaraq Polis Bölməsinə gətirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Şəxsən onda Rəşadın narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatı olmamış, həmin məlumat polis bölməsində var imiş. Məhkəmə iclasında Şahid2 ifadəsində dəqiqləşdirmə aparmaq üçün sonuncunun istintaq zamanı verdiyi cinayət işinin 110-111-ci vərəqələrində olan ifadəsi elan edilmiş və Şahid2 ifadəsində aşağıdakıları göstərmişdir: … «....Polis bölməsində Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə hesab edilən heroin və metamfetamin olduğunu bildirmişdir. Lakin, mən həmin evə baxış keçirilməsində iştirak etməmişəm. Lakin bildiyimə görə Rəşadın yaşadığı evdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, o, elan olunmuş ifadəsini təsdiq edir. İfadəsi elan olunandan sonra tam xatırlamışdır. Polis bölməsində K.Abdullayev üzərində qanunla daşınması və saxlanılması qadağan olunan hər hansı bir əşyanın olmamasını göstərmişdir. Təqsirləndirilən şəxs isə yaşadığı evdə narkotik vasitə hesab edilən heroin və metamfetamin olduğunu bildirmişdir. Lakin, o, həmin evə baxış keçirilməsində iştirak etməmişdir. Sonradan bildiyinə görə Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 3 ilə yaxındır ki, Qaradağ RPİ-də kiçik əməliyyat müvəkkili işləyir. 25 may 2021-ci il tarixdə Qaradağ RPl-nin 11-ci PB-nin əməkdaşları ilə birlikdə Qaradağ rayonu Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxışda o da iştirak etmişdir. Həmin evə baxış zamanı Rəşad özü həmin evin natamam təmirli otağın bir küncünə yığılmış taxtaların arasında bir ədəd sellofan torba və bir ədəd sarı rəngli torba çıxardaraq təqdim etmişdir. Həmin torbalara baxış zamanı spesifik iyə məxsus narkotik vasitəyə bənzər kütlə və digər torbada isə ağ rəngli kristallaşmış kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə və psixotrop maddə olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, aşkar edilmiş maddi sübutlar zərfə qoyularaq möhürlənmişdir. O, həmin protokolu və zərfi imzalamışdır Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, o, təqsirləndirilən şəxs saxlanılarkən iştirak etməmiş, o, yalnız onun yaşadığı evində axtarış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs hansı şəraitdə və necə saxlanılmasını bilmir. Evə baxış zamanı müstəntiq, o, Şahid4, müdafiəçi, Şahid1 iştirak etmişlər. Evə baxış zamanı videoçəkilişi aparan şəxsin kim olmasını hazırda xatırlamır. Evin qarşısında təqsirləndirilən şəxs evi göstərmiş və evdə videoçəkilişlə baxış keçirilmişdir. Evin yaxınlığında kimlərinsə olmasını görməmişdir. Onda şəxsən təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etməsini bildirmişdir. Şahid3 ifadəsində dəqiqləşdirmələr aparmaq üçün sonuncunun istintaq zamanı verdiyi cinayət işinin 114-115-ci vərəqələrində olan ifadəsi elan edilmiş şahid ifadəsində aşağıdakıları göstərmişdir: … «....25 may 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları ilə birlikdə Qaradağ rayonu Qobustan qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxışda video çəkiliş mənim tərəfimdən aparılmışdır. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, elan olunmuş ifadəsini təsdiq edir. İndi ifadəsi elan olunarkən xatırlamışdır ki, evdə videoçəkilişi o, etmiş, bir çox işlərdə iştirak etdiyindən bu işdə videoçəkilişi etməyi yadından çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə günü Təqsirləndirilən şəxs evində döşəmə vurmaq üçün getmişdir. O, iki gün imiş ki, gəlib Rəşadın evində kömək etmişdir. Hadisə günü o, Rəşadın evinə səhər saat təxminən 08-30-da gəlmişdir. Həmin evdə heç kəs yaşamamışdır. Polislər evə gələndə evdə Rəşadla o, olmuşdur. Rəşad bir az kömək edəndən sonra yorulduğunu deyib, gedib uzanmışdır. O, peşəkar usta deyil. O, kömək etmişdir. Günorta saatlarında polislər içəri daxil olmuşlar, sonra onu çölə çıxartmışlar. Evin içərisində isə Təqsirləndirilən şəxs və polis əməkdaşları qalmışlar. Videoçəkiliş aparmışlar, sonra da onu və Rəşadı Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Onu 48 saat PŞ-də saxlayandan sonra buraxmışlar. Onu Polisdə 48 saat saxlamaları barədə heç yerə şikayət etməmişdir. Polislərin evdən narkotik vasitə tapmaları barədə onun heç bir məlumatı yoxdur. Axtarış aparılarkən o, çöldə olmuşdur. Onu və təqsirləndirilən şəxsi bir maşında aparmışlar, onlarla bir yerdə polis də maşında oturmuşdur. X15 aparanda Təqsirləndirilən şəxs əlində bağlama görməmişdir. Əvvəl onları 11-ci PB-nə aparıb, sonra Polis İdarəsinə aparmışlar. Onun izahatında «Oba» Marketin yanında saxlanılmağını yazmışlar, lakin polis əməkdaşları evə daxil olub, onu çölə çıxartmışlar. Polis İdarəsində izahatını oxumadan imza etmişdir. Ondan izahat alan şəxsin adını bilmir, görsə tanıyar. O, dəqiq deyə bilməz, amma fikrincə ondan izahat alınanda vəkil olmamışdır. Elan olunmuş cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 10 saylı vəkil bürosunun vəkili X3 adına verilmiş orderə əsasən Kamil Abdullayev bildirmişdir ki, o, həmin şəxsin vəkil olmasını bilməmişdir. Şahid Kamil Abdullayevin istintaq zamanı verdiyi izahatı ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün şahidin məhkəməyədək icraat zamanı verdiyi izahatı elan edilmiş və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 56-57-ci vərəqələrində olan izahatında şahid Kamil Abdullayev aşağıdakıları göstərmişdir: … «...25.05.2021-ci il tarixdə günorta saatlarında qəsəbəyə çıxıb qəsəbədən tanıdığım Rəşad adlı şəxslə söhbət edirdim. Saat təxminən 14:30 radələrində Salyan yolu küçəsində Oba marketin yaxınlığında iki nəfər mülki geyimdə olan şəxs mənə yaxınlaşıb özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra Rəşaddan kimliyini soruşdular. Rəşad həmin şəxslərə özünü təqdim etdi. Bundan sonra onlar Rəşada narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək məni və Rəşadı 11-ci PB-yə gətirdilər. ...hüquqlarımın müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X5 mənə təqdim edildi. ... Proses iştirakçılarının suallarını cavablandıraraq Kamil Abdullayev bildirmişdir ki, o, əvvəl narkotikdən istifadə etmişdir. Polisdə onun üzərinə baxış keçirilmiş və onun üzərindən heç bir şey tapılmamışdır. Protokolun tərtib olunub-olunmamasını o, deyə bilməz. Polisdə o, narkotik vasitədən istifadə etməyini demişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 25 may 2021-ci il tarixli raportundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 30A-da daimi pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 may 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 30A-da daimi pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək satış məqədilə saxlaması, gəzdirməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi, polis polkovniki Yasər İbadovun 25 may 2021-ci il tarixli, Ə28-071-21 saylı Əmrindən görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 30A-da daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək satış məqədilə saxlaması, gəzdirməsi daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən fərdi yaşayış evində baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 may 2021-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilməsi zamanı, mənzilin dəhliz hissəsini keçdikdə Təqsirləndirilən şəxs natamam təmirli otaqda sağ küncə söykədilmiş taxtaların arasından bir ədəd sellofan paketi çıxarıb təqdim etmişdir. Həmin paketə baxış keçirildikdə içərisində bir ədəd yumrulanmış ağ rəngli kağız falqa, bir ədəd göy və bir ədəd sarı rəngli sellofan büküm aşkar edilmişdir. Həmin bükümlər açılarkən sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli maddə, göy rəngli sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Aşkar edilmiş həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı “Samsung” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 58-63-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 may 2021-ci il tarixli, 6/2075 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №223” möhür əksi, “1.Şübhəli şəxs...Təqsirləndirilən şəxs...” əl yazıları, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5.455 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 18,015 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, bir ədəd ağ rəngli kağızdan borucuq formasına salınmış predmetin daxili səthində metamfetaminin izləri müəyyən edilmişdir. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 64-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 5(002)- 165/2021 saylı “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Yasər İbadov tərəfindən təsdiq edilmiş 25 may 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş 15 iyun 2021-ci il tarixli, ***-**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyul 2021-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən ünvansız fərdi yaşayış evinə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən bir ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, baxış zamanı mənzilin dəhliz hissəsini keçdikdə Təqsirləndirilən şəxs həmin yerdə otaqda sağ küncə söykədilmiş taxtaların arasından bir ədəd sellofan paketi çıxararaq təqdim etmişdir. Təqdim edilmiş paketə baxış keçirildikdə paketin içərisində bir ədəd yumrulanmış formada ağ rəngli kağız falqa, bir ədəd göy və bir ədəd sarı rəngli sellofan büküm aşkar edilmişdir. Həmin bükümlər açılarkən sarı rəngli sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli maddə, göy rəngli sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. Aşkar edilmiş həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 134-139-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X6 20 avqust 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi, cinayət işindən başqa bir cinayət işinin ayrılması və maddi sübut hesab edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmə mənbəsinin müəyyən edilməsindən ötrü ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktaybr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş – ***-***-**-** mobil telefon nömrəsi ilə 01 yanvar 2020-ci il tarixindən 10 iyun 2021-ci il tarixinə kimi olan müddət ərzində aparılan SMS mətnləri haqqında məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Həmin qərarın icrası ilə əlaqədar olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12 oktyabr 2021-ci il tarixli, 21444 saylı məktubla daxil olmuş 1 ədəd CD diskdə olan sms məlumatlarına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: -12.02.2021-ci ildə saat 04:31:13-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Men burdayam özümde lomkada . Meni dolamısan.” məzmunlu mesaj; -17.04.2021-ci ildə saat 18:33:26-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “5-10 manat qazancim olacaqdi day inanmiram olsun millet qalibe darasacaq patiya nese 50 manata gore men goture bilmedim ,amma qalib kimi … qazansin pulu” məzmunlu mesaj; -19.04.2021-ci ildə saat 21:41:30-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Yekə oğlansan hec nəyim yoxdu biraz suse gonder menimcin” məzmunlu mesaj göndərmiş, həmin mesajın cavabında Təqsirləndirilən şəxs 19.04.2021-ci ildə saat 21:44:35-də ***-***-**-** saylı nömrəsindən ***-***-**-** nömrəsinə “Hecne yoxdu qardaç cani tapsam gonderecem Vallah” məzmunlu cavab göndərmişdir. -23.04.2021-ci ildə saat 04:58:36-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Men samirdi rewad olurem gelum nese verde mene” məzmunlu mesaj; -24.04.2021-ci ildə saat 00:01:27-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Danisdim babeknen mencin 1 q suse gonderib sencanin gotur tez gel” məzmunlu mesaj; -07.05.2021-ci ildə saat 01:19:58-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Kakos tapda qaqa biraz hecneyim yoxdu canim agriyir” məzmunlu mesaj; -07.05.2021-ci ildə saat 02:40:58-də Rəşad Məmmədinin ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Hardan kecmedim ?? Anar sen ne deyirsen ?? Buda lap bilirsen neden oldu rufet gelib mennen mal almaginnan, saat 2 de resqi yigmaqinnan bildim ele ariya qoyublar” məzmunlu mesaj; -07.05.2021-ci ildə saat 03:03:200-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Bax sen busan elunde mal ola ola vermirsen” məzmunlu mesaj; -07.05.2021-ci ildə saat 03:05:11-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə ,”Aa girde merce ? Gorum kimde mal var yeke oglansann … Maraqlan gor kimde olub mal vallah ayibdi direnme kuye” məzmunlu mesaj; -07.05.2021-ci ildə saat 19:38:29-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə “Salam qaqa pati tapmaq olar?” məzmunlu mesaj; -12.05.2021-ci ildə saat 20:09:13-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Yaxwi qaqa kola duzelecek” məzmunlu mesaj; -13.05.2021-ci ildə saat 01:03:05-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Kola varsa gotur menimcun” məzmunlu mesaj; -19.05.2021-ci ildə saat 04:47:41-də ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “X22 dır! X21 Necə edmək olar.” məzmunlu mesajına 19.05.2021-ci ildə saat 05:03:35-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən “Xəbər edərəm adam var yatib indi qalxsin gorum nə deyir 23 dən” məzmunlu mesaj; -19.05.2021-ci ildə saat 20:15:35-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə ”Qaqa evdeyem.kolam yoxdu seni gozdyurem qaqa” məzmunlu mesaj; -21.05.2021-ci ildə saat 11:50:58-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Namike ataq … ciddiyem demisem metleb banga girir 3 min kredite pul goturur hamisina mal istiyir 180 qram edir dede mali kimi bolek ,menlikdi” məzmunlu mesaj; -24.05.2021-ci ildə saat 01:59:11-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Apariram indi Sen hardasanki men telesirem qaqa beyagdan camati gozdedirem rayona cixiram mene pati verdinde ora catana qeder bele gede bilmiyecem 4 gundu yatmi” məzmunlu mesajlar göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktaybr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş – ***-***-**-** mobil telefon nömrəsi ilə 01 yanvar 2020-ci il tarixindən 10 iyun 2021-ci il tarixinə kimi olan müddət ərzində aparılan SMS mətnləri haqqında məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Həmin qərarın icrası ilə əlaqədar olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 22 oktyabr 2021-ci il tarixli, AZF/LGL-27344/21 saylı məktubla daxil olmuş 1 ədəd CD diskdə olan sms məlumatlarına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 05.05.2020-ci il tarixdə saat 03:24:02-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “Yaziq dilxorduda darixir pati isteyir senol” məzmunlu mesaj; 18.03.2020-ci ildə saat 03:47:33-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Qiz+qonaqim var nəwə+pati.kaki 25 manatada pul varimdi” məzmunlu mesaj; 05.05.2020-ci ildə saat 01:46:50-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Patini mutleq alindir xeyrimizedi” məzmunlu mesaj göndərilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, onun evində narkotik vasitələr olmamış, həmin narkotik maddləri ona polis əməkdaşları atmışlar, telefon nömrələri onun istifadəsində olsa da, telefonla aparılan SMS mətnlərdəki yazışmaları barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini,özünə məxsus telefon vasitəsilə aparılmış telefon danışıqlarını, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 102-103-cü vərəqələrində olan doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05.03.2016-cı il təvəllüdlü X10, 15.10.2012-ci il təvəllüdlü X11 və 15.10.2012-ci il təvəllüdlü X8 adlı üç uşağı vardır. Cinayət işinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 25 iyun 2021-ci il tarixli, 2077 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək aikoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olamamsını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 25 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 97-101-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 4(002)-98/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ Rayon Polis İdarəsində saxlancda saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,965 qram heroin və 5,405 qram metamfetamin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ Rayon Polis İdarəsində saxlancda saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17,965 qram heroin və 5,405 qram metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar