Məhkəmə qərarları › İş №1(101)-1605/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1605/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1605/2025 23.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi - nənəsi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 30 avqust 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 23 mart 2025-ci il tarixdə saat 3:58 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” gecə klubunun qarşısında əvvəllər tanıdığı sevgilisi Şahid1 ilə Zərərçəkmiş şəxs Müşfiq oğlunun aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncu nalayiq sözlərlə onları təhqir etdikdən, Şahid1 ilə əlbəyaxa olub sonuncunu yerə çırpdıqdan və yumruqla sifət nahiyəsinə vurduqdan sonra o, üzərində olan cib bıçağı ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir zərbə vurub ona bel nahiyəsinin sol yarısının sol döş boşluğuna nüfuz edən, diafraqmanın zədələnməsinə və sol tərəfli hematoraksa (sol döş boşluğuna qanın toplanması) ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi ümumilikdə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 mart 2025-ci il tarixdə Sahil bağında “Troya” klubunun qarşısında səhər saat 5:00 radələrində əvvəllər rus dili kursuna getdiyi dostu Elmi ilə danışmışdır. Onunla əvvəllər dalaşdığına görə ona “nə üçün belə edirsən? mən sənə heç nə etməmişəm, səninlə düşmən deyiləm” demişdir. Elmi isə ona qarşı “Məryəm mənə qız və ya oğlan az fərq edir. Get işinlə məşğul ol” ifadəsini işlətmişdir. Daha sonra Hümmət onların yanına gəlib Elmiyə salam vermişdir. Sonra Elmi və Hümmət dalaşmağa başlamışlar və Elmi Hümməti yerə yıxmışdır. Hümmət yerdə olan zaman Elmi onun üstünə hücum çəkmiş və onu yumruqlamağa başlamışdır. O, orada olan Elxan adlı oğlana onları ayırmasını deməyinə baxmayaraq sonuncu heç nə etməmişdir. Heç kim onları ayırmadığı üçün o, dalaşanları ayırmağa başlamışdır. Bu zaman Elmi birdən üzünü ona tərəf çevirmişdir. O, qorxduğu üçün sonuncunu bıçaqla vurmuşdur. Hadisədən qabaq Yasamalda Zaur adlı oğlan Hümmətə “Bu bıçağı saxla səhər gəlib götürəcəm” demişdir. Hümmət həmin bıçağı ona verərək, “bu bıçaq səndə qalsın, sənin heç kimlə işin yoxdur. Birdən mənim başıma bir iş gələr, kimləsə dalaşaram, bu səndə qalsın” demişdir. Burada verdiyi ifadəni həmçinin müstəntiqə danışmış və həmin ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, valideynləri olmadığından nənəsi Qanuni nümayəndə himayəsində yaşayır. Məktəbi 9cu sinifə qədər oxumuş, sonra məktəbdən çıxmış və dırnaq kursuna gedir. Evdə də dırnaq düzəldir. Hümməti Sahildə tanımışdır. Hadisə vaxtı onun əynində şalvar olmuş, bıçağı da şalvarın cibində saxlamışdır. Bıçaq düymə vasitəsi ilə açılıb-bağlanmışdır. Elmi onun üstünə gəldiyinə görə qorxub onu bıçaqla vurmuşdur. Elmi ona “Məryəm mənə qız və ya oğlan az fərq edir, get işinlə məşğul ol”, “sən fenomensən, başın getməsin haa” demişdir. Əvvəllər Elmi, Hümmət və başqa şəxslərlə mübahisəsi olmamışdır. İndiyə kimi “Troya” gecə klubuna 2 dəfə getmişdir. Klubda qızlar və oğlanlar olur. Onlar klubda səhərə qədər olurlar. Zərərçəkmiş Zərərçəkmiş şəxsla barışmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır, bir-birindən xoşları gəlib 3 gün telefonla danışsalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. 23 mart 2025-ci il tarixdə saat 00:30 radələrində o, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” gecə klubuna əylənmək üçün tək getmiş, orada olan zaman uzaqdan tanıdığı, adını bilmədiyi oğlanla rastlaşıb salamlaşan zaman onlardan aralıda Məryəmin də bir qızla əyləşdiyini görmüşdür. Həmin vaxt Məryəmin salamlaşdığı tanışına onu oradan uzaqlaşdırmalarını deməsini eşitmişdir. O, həmin vaxt Məryəmə “narahatçılıq olmadığını, fanatınam sənin” deyə sual verib, salam-sağol edib gedirəm” deyə bildirmişdir. Həmin vaxt Məryəm ona “səni eşitmirəm gəl çölə çıxaq” demişdir. Onlar sonra Məryəmlə birlikdə klubdan çölə çıxmış, çöldə Məryəm ona “sən Hümmətlə dava etmisən” deyə sual vermişdir. O, Məryəmə hazırki sevgilisi Hümmətlə aralarında həmin gün mübahisə olmasını bildirmiş, bu zaman Hümmət və Elxan da uzaqdan onlara yaxınlaşmışdır. O, Məryəmə “sevgilin gəldi sən gir içəri” deyə bildirmiş, həmin vaxt Hümmət ona yaxınlaşıb, “nə dedin qıza” demişdir. Hümmətə Məryəmin içəri girməsini dediyini bildirmiş, Hümmət orada ona “sən niyə zakon qoyursan” bildirdikdə o, Hümmətdən “dava etmək istəyirsən deyə” soruşub, mübahisənin dava-dalaşla nəticələnəcəyini görüb, əli ilə Hümməti kənara itələmiş və başına (qulaq) nahiyyəsinə əli ilə bir dəfə yumruq vurmuşdur. Bu zaman o, Hümmətlə əlbəyaxa olmuş, dava-dalaş zamanı güləş fəndi ilə Hümməti qaldırıb yerə çırpmışdır. Hümmətin yanındakı tanışı Elxan isə onları aralaşdırmağa çalışmışdır. Bundan bir neçə dəqiqə sonra yanlarına polis əməkdaşları gəlmiş və onları aralaşdırmışlar. Həmin vaxt o, sol bel nahiyyəsindən qan gəldiyini görmüş, əvvəlcə düşünmüşdür ki, ona Hümmət həmin xəsarəti yetirib. Sonradan Hümməti polislər özləri ilə bölməyə aparmış, onu isə təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya aparmışlar. Xəstəxanada əməliyyat edildikdən sonra ona bildirmişlər ki, Hümmətlə aralarında olmuş əlbəyaxa zamanı o, Hümməti yerə yıxdığı vaxt Məryəm Hümməti müdafiə etmək üçün üzərində olmuş bıçaqla onun bel nahiyəsindən bir dəfə vurub ona xəsarət yetirmişdir. Həmin mübahisə zamanı Hümmətin əlində heç bir alət olmamış, Elxan onunla mübahisə etməmiş və ona xəsarət yetirməmiş, onları aralamağa çalışmışdır. Məryəmin əlində bıçaq olduğunu və onu vurduğunu həmin vaxt görməmiş, orada mübahisələri 2-3 dəqiqə davam etmiş, həmin vaxt orada və ətrafda kimlərin olduğuna fikir verməmişdir. Bundan başqa aralarında heç nə olmamışdır. O, Hümmətlə əlbəyxa olan zaman Məryəmin əlində əvvəlcə bıçaq olduğunu görməmiş, Hümməti yerə yıxdığı üçün Məryəm ola bilsin ki, Hümməti müdafiə etmək məqsədi ilə başının qarışıq olmasından istifadə edib onun bel nahiyəsinə bir dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Həmin vaxt o, bıçaqlandığını əvvəlcə hiss etməmişdir. Hümmətlə aralarında mübahisə 23 mart 2025-ci il tarixdə saat 3:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” gecə klubunun qarşısında Hümmətin Məryəmi qısqanması və güya onun Məryəmə söyüş söyməsi səbəbindən baş vermiş, həmin vaxt orada o, Hümmət, Elxan və Məryəm olmuşdur. Keçmiş sevgilisi Məryəmlə 3 gün telefonla sevgili kimi danışsalar da, aralarında heç vaxt təbii və ya qeyri-təbii yolla cinsi əlaqə olmamışdır. O, Təqsirləndirilən şəxs, sonuncunun sevgilisi Şahid1 və başqa kimsədən şikayətçi deyil, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini və ya cəzalandırılmasını istəmir (cild 1, iş vərəqi 105-107). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü yoldaşları ilə birlikdə “045” restoranında oturmuşdur. Restoranda Məryəm ilə aralarında biraz mübahisə yaranmışdır. X2 birlikdə “Troya” gecə klubuna getmişdir. Bir qədər sonra isə o, həmin kluba Tural adlı şəxslə birlikdə yaxınlaşmışdır. Klubun qarşısında zərərçəkmiş Elmi adlı şəxsin Məryəmlə aqresiv tonda danışdığını və ona kobud davrandığını görüb onlara tərəf yaxınlaşaraq məsələni aydınlaşdırmaq istəmişdir. Elmiyə Məryəmlə kobud davranmamasını bildirdikdən bir qədər sonra onunla dalaşmağa başlamışdır. Elmi onu yerə yıxmışdır. O, yerdə həmin şəxslə dalaşan zaman Məryəm onları ayırmaq istəmişdir. Məryəmin davaya müdaxilə etmək istədiyini görən Elmi nalayiq ifadələr işlədərək sonuncuya hücum çəkmək istəmiş və nəticədə məlum hadisə baş vermişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, hadisə zamanı Məryəmin əlində olan bıçağı haradan əldə etdiyi barədə məlumatı yoxdur. Məryəmin Elmiyə xəsarət yetirməsini görməmişdir. Onlar dalaşarkən Məryəm Elmiyə bıçaqla xəsarət yetirmişdir. Səhv etmirəmsə, hazırda Elmi hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdır. Hadisə zamanı Elmi adlı şəxsin Məryəmə qarşı nalayiq ifadələr işlətməsini eşitmişdir. Məryəmlə əvvəllər aralarında sıx dostluq münasibətləri olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 məhkəmədə verdiyi ifadəyə oxşar eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqi 65-68). Cinayət işinin materiallarında olan 23 mart 2025-ci il tarixli «götürmə haqqında» protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən istifadə etdiyi bir ədəd bıçağı təqdim etmiş və həmin bıçaq maddi sübut kimi götürülmüşdür (cild 1, iş vərəqi 12). Cinayət işinin materiallarında olan diskə baxış protokolundan görünür ki, diskin içində 1 ədəd video faylı var və 05:36 dəqiqədən ibarətdir. Faylda 23 mart 2025-ci il tarixdə saat 03:58 radələrində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” gecə klubunun qarşısında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissəsindən 1 nəfər qız və oğlanın söhbət etdiyi, daha sonra 2 nəfər oğlanın da sonunculara tərəf yaxınlaşdığı və söhbət etdikləri görsənir. Bir qədər sonra kənardan 3-4 nəfər şəxsin də sonuncuların ətrafına aralıdan yığılmaları görsənir. Görüntünün 2:10-cu dəqiqəsində mübahisənin oğlanlar arasında əlbəyaxa dava-dalaşa çevrilməsi görünür. Həmin oğlanlardan biri digərini qaldırıb yerə çırpır. Bu zaman qız onlara tərəf yaxınlaşıb əyilib nəsə edərək sonradan klub istiqamətinə tərəf qaçır, 10 saniyə sonra isə mübahisə baş verən yerə geri qayıdır. Bu zaman ətrafa kənar şəxslər toplaşır. PPX-nin avtomobili hadisə yerinə gəlir və polis əməkdaşları həmin şəxsləri aralaşdırırlar (cild 1, iş vərəqi 11, 24). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş məhkəmə-tibbi ekspretizasının 14 aprel 2025-ci il tarixli 161 saylı rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Şahid1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi (cild 1, iş vərəqi 115-116). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş məhkəmə-tibbi ekspretizasının 29 aprel 2025-ci il tarixli 197 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - bel nahiyəsinin sol yarısının sol döş boşluğuna nüfuz edən, diafraqmanın zədələnməsinə və sol tərəfli hematoraksa (sol döş boşluğuna qanın toplanması) səbəb olmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 23 mart 2025-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən deşici-kəsici əşya ilə (alətlə), ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (cild 1, iş vərəqi 118-120). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 16 may 2025-ci il tarixli 242/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa (İİİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: AB (İV) (şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən). Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus 2 ədəd şalvar, pulover, trusik, corab (1 tay) və 1 ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa (İİİ) qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə təqsirləndirilən şəxs AB (İV) qruplu Təqsirləndirilən şəxs qanının olması ABO sistemi üzrə inkar olunur. Zərərçəkmiş şəxs məxsus corabın digər tayı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (cild 1, iş vərəqi 136-139). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 13 may 2025-ci il tarixli 146-2025/MTKŞ nömrəli rəyindən görünür ki, təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın arxa səthinin aşağı hissəsində iki ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələrin formasına, eyni bir xətt üzrə yerləşməsinə, qatladıqda üst-üstə düşməsinə, eləcə də Zərərçəkmiş şəxs bədən səthində həmin nahiyədə bir xəsarətin olmasına görə demək olar ki, bu zədələr qatlanma nəticəsində bir təsirdən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədənin və onun bədən səthində olan xəsarətin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xasiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın arxa səthində olan deşilmiş-kəsilmiş zədə ilə onun bədən səthində (bel nahiyəsinin sol yarısında) olan xəsarət yerləşməsinə görə uyğunluq təşkil edir və bir təsirdən törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus şalvar, idman şalvarı, tuman və bir cüt corab üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, qatlanan tipli (“Kəpənək” formalı) məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab olunmur (cild 1, iş vərəqi 127-133). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş ambulator kompleks məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 13 iyun 2025-ci il tarixli 1923 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda yüngül ifadə olunmuş nevrasteniya aşkar olunur. Nevrasteniya psixi (ruhi) xəstəlik hesab olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik aşkar olunmadı (cild 1, iş vərəqi 164-167). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 12 iyul 2025-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti olan bir ədəd cib bıçağı, Zərərçəkmiş şəxs məxsus 2 ədəd şalvar, pulover, trusik və corab (bir tay) maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Səbail RPİ-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 30 aprel 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə rəsmi qaydada ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, baş verənlərlə bağlı heç kimdən şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 110). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 108). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 50). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 25 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Bakı şəhəri Səbail RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, iş vərəqi 92-93). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən və zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.8 və 59.1.12ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə etirafedici ifadə verib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları - cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən və zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, təqsirləndirilən şəxsin məhkəmədə etirafedici ifadə verib əməlindən səmimi peşman olmasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. İş üzrə madd sübutlar: -Bakı şəhəri Səbail RPİ-də saxlanılan 1 ədəd cib bıçağı, Zərərçəkmiş şəxs məxsus 2 ədəd şalvar, pulover, trusik və corab (1 tay) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. -Cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD-R disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.3, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə madd sübutlar: -Bakı şəhəri Səbail RPİ-də saxlanılan 1 ədəd cib bıçağı, Zərərçəkmiş şəxs məxsus 2 ədəd şalvar, pulover, trusik və corab (1 tay) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. -Cinayət hadisəsinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar