Məhkəmə qərarları › İş №1(101)-1607/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1607/2021

04.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1607/2021 04.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 30 avqust 1991-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, boşanmış, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı rayonunun Dədə Qorqud kəndində qeydiyyatda olan və faktiki Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyova küçəsində yerləşən yeni tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 2,704 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,282 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, şalvarının cibində saxlamaqla daşımış, 05 iyun 2021-ci il tarixində saat 16 radələrində Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Grandmart” marketinin qarşısında saxlanılmış, 15-ci Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 2,704 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,282 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, iki ildir ki, boşanmışdır, 6 yaşında bir azyaşlı uşağı var və hər ay uşağa görə 120 manat aliment ödəyir, bundan başqa övladının digər qayğılarını da qarşılayır. Bir müddətdir ki, narkotik vasitələr qəbul etməyə başlamışdır. Narkotik vasitələri hər qramı 25-35 manat arası olmaqla əsasən “İnstagram” sosial şəbəkəsi vasitəsilə yalnız öz şəxsi istifadəsi üçün almışdır. Sonuncu dəfə yenə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımadığı şəxslə əlaqə saxlayıb 3 qram heroin və 1 qram metamfetamin sifariş etmişdir. 3 qram heroin və 1 qram metamfetamini müəyyənləşdirilmiş yerdə ağacın dibindən götürmüş, amma onların razılaşdıqları çəkidən az göndərildiyini bilməmişdir. Həmin heroini və metamfetamini götürüb üzərində saxlamış, amma çəkilərini yoxlayıb dəqiqləşdirməmişdir. Razılaşdıqları şəxsin onu aldatmayacağına inanmışdır. 05 iyun 2021-ci il tarixdə Zabrat qəsəbəsində olan “Grandmart” mağazasının qarşısında olarkən iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sabunçu Rayon Polis İdarəsinin 15-ci Bolis Bölməsinə aparmışlar. Orada şəxsi axtarışı keçirilmiş, özü heroin və metamfetamini çıxardıb təqdim etmişdir. Ekspert rəyi ilə tanış olduqdan sonra bilmişdir ki, əslində heroin və metamfetamini göndərən şəxs onu aldatmış və çəkilər nisbətən az olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun mobil telefonu ilə aparılmış yazışmalardakı məzmunları narkotik vasitələrin satışı ilə bağlı olması görünən SMS-lər barədə bir söz deyə bilmir, ola bilsin ki, bu yazışmalar onun özü üçün heroin və ya metamfetamin alması ilə bağlı olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona cəza təyin edilərkən səmimi peşman olmasının, bir azyaşlı övladına görə aliment ödəməsinin və həmin uşağının ödədiyi alimentdən savayı faktiki hər hansı başqa maddi təminatının olmamasının nəzərə alınmasını xahiş edir. İbtidai istinaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs oğlu ifadəsində göstərmişdir ki, əvvəllər evli olmuşdur. Azyaşlı övladı var, aliment ödəyir, narkotik vasitəni və psixotrop maddəni bir neçə gün əvvəl internet vasitəsilə tanımadığı şəxsdən almış və həmin vaxtdan da üzərində saxlamışdır. 05 iyun 2021-ci il tarixdə saat 16 radələrində Zabrat qəsəbəsində olan “Grandmart “ mağazasının qarşısında olarkən iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, özlərini ona təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət etmişlər. Bu zaman o, hər şeyin onlara aydın olduğunu başa düşmüş və onlarla Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə getmişdir. 15-ci Polis Bölməsində inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra ona müdafiəçi təqdim ediləndən sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o, əynində qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş heroini və bir ədəd şəffaf sellofanda olan metamfetamini çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Üzərində aşkar edilmiş narkotik vasitəni internet vasitəsilə aldığı qiymət yadında deyil, narkotik vasitənin və psixotrop maddənin satışıyla təəssüflə qeyd edir ki, məşğuldur, heç kimlə əlbir deyildir, heç bir xəstəlikdən əziyyət çəkmir. ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələri uzun müddətdir ki, istifadə edir. Heç kimdən heç zaman nə nisyə qanunsuz maddə almış, nə də ki nisyə maddə vermiş, ancaq nağd qiymətə satmışdır. Onun telefonuna daxil olan və çıxan mesaj mətnləri barədə heç nə deyə bilmir, mesajlardan hər şey aydın görünür (cild 1, iş vərəqə 164-166). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 05 iyun 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddəni üzərində daşıması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs onlar tərəfindən müəyyən edilərək saxlanmış və Polis Bölməsinə dəvət edilmişdir. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, vəkil təyin edilmiş, onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindəki iki ədəd bükümlər açıldıqda metamfetaminə və heroinə bənzər kütlələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan maddənin psixotrop maddə və narkotik vasitə olduğunu, özü istifadə etmək üçün tanımadığı şəxsdən internet vasitəsilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülən maddələr zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, aşkar olunmuş maddə protokola əlavə olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən protokol imzalanaraq düzgünlüyü təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması barədə 05 iyun 2021-ci il tarixli və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan diskə baxış keçirilməsi barədə 07 iyun 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və sənədləri könüllü surətdə təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər maddə və bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağımtıl rəngli, kristal-toz şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər bükülüləri çıxararaq təqdim etmişdir. Sorğu zamanı narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən internet vasitəsilə aldığını bildirmişdir (cild 1, iş vərəqə 29-31, 81). Məhkəmə-kimyəvi ekspertizasının 05 iyun 2021-ci tarixli 6/2266 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs» yazısı olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 2,704 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 bükümdəki təmiz çəkisi 0,282 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin və narkotik vasitələrin” siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,604 qram, metamfetaminin qalıq çəkisi 0,232 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-41). Kompyuter texniki ekspertizasının 08 iyul 2021-ci il tarixli, 5/588 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Samsung A20s” markalı mobil telefonu işlək vəziyyətdədir. Ekran kilidini mobil telefonun yaddaşından məlumatları silmədən ləğv etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 137-140). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 avqsut 2021-ci il tarixli 2839 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs huşu aydındır, bədəlliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 141-142). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş telefon məlumatlarına baxış keçirilməsi barədə 26 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 29 may 2021-ci il tarixdə ***-***-**-** nömrəsinə «Nermin patı var,varsa 10luq mene daş ver ozmuze isteyirem pulunun 5 manatını verim,5 manatını da vererem», 27 mart 2021-ci il tarixdə ***-***-**-** nömrəsinə «Nermin axşamın xeyir, Nermin pul lazımdı vallah, 3 gündü bir şey vermirsən, 1 gün 5 manat verdin göz deydi?», 16 fevral 2021-ci il tarixdə ***- ***-**-** nömrəsinə «qaqas ozumde onnan cekirem yox 60 manat sonu», ***-***-**-** nömrəsinə 28 fevral 2021-ci il tarixdə «Feqan taksi pulu qarsıq 45 verirem alınır?», 29 mart 2021-ci il tarixdə ***-***-**-** nömrəsinə «Nermin sabahin xeyir, Nermin bes ne oldu soz vermisdin axı 2 gunde bele kecdi, and ola allahımıza pul lazımdır axı», 30 mart 2021ci il tarixdə ***-***-**-** nömrəsinə «240 manat», 05 aprel 2021-ci il tarixdə ***-***-**-** nömrəsinə qaqa hele yoxdu xeber edecem 2 saata olmalıdı», 28 aprel 2021-ci il tarixində ***-***-**-** nömrəsinə «nunu ozumun olmusune 2 dene 05 cipa qalib bu gunde 700 manat iranniya, həmin tarixdə həmin nömrəyə 1 qram cemi cipa qalıb 05de kol pula gore nagd satımki pul atmalıyam», 07 may 2021-ci il tarixdə ***-***-**-** nömrəsinə «yaxsı, sen mene 62 manat vereceysense he», 24 may 2021-ci il tarixdə ***-***-**-** nömrəsinə «qaqa mene sene 3 dene 05 duzeldirem, pati yoxdu», 25 may 2021-ci il tarixdə həmin nömrəyə «yoxdu qaqa 2 dene qalmisdi onu da basqa usaq gəldi apardı» kimi onun narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olması barədə mesaj mətnləri aşkar edilmişdir (cild 1, iş vərəqə 106-136, 148-149). Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının 26 avqust 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 167-170). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2014-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 99). Cinayət işinin materiallarına əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 90). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şəxsi istehlak məqsədilə əldə etməsinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. O cümlədən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş məlumatlarda əks olunmuş, Təqsirləndirilən şəxs özünün istifadəsində olmuş mobil nömrə ilə şəxsən apardığı yazışmaların mətnlərinin məzmunları onun narkotik vasitələrin satışı ilə məşğul olmasını mübahisəsiz şəkildə birbaşa təsdiq edir və onun ibtidai istintaq zamanı verdiyi satışla bağlı təəssüflü mövqeyinin də ifadə olunduğu tam etiraf ifadəsi, o cümlədən elə həmin yazışmaların məzmunu ilə bağlı suala verdiyi cavablar məcmu halında müqayisəli tədqiq edildikdə məhkəmə onun əməlinin məhz Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini qanuni və əsaslı sayır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş tam etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə tam təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını həmin Məcəllənin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 05 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 25, 70-72). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 05 iyun 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,604 qram təşkil edən heroin və qalıq çəkisi 0,232 qram təşkil edən metamfetamin məhv edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A20s” markalı mobil telefon aparatı isə onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş sms yazışmalarını və telefon danışıqlarının statistik açıqlamalarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 174 (bir yüz yetmiş dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37, 138). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X5, məhkəmə mərhələsində isə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı isə Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 186). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,604 qram təşkil edən heroin və qalıq çəkisi 0,232 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş sms yazışmalarını və telefon danışıqlarının statistik açıqlamalarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus olan, cinayət işinə əlavə edilmiş bir ədəd “Samsung A20s” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 174 (bir yüz yetmiş dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına X5 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar