Məhkəmə qərarları › İş №1(101)-1607/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1607/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1607/2022 31.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 31 oktyabr 2022-ci il (saat 12:45) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, X3, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə 15 avqust 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşl uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən qanunsuz olaraq külli miqdarda 16,938 qram çəkidə iki bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək daşımaqla saxlamış, həmin külli miqdar çəkidə psixotrop maddənin birgə satışı barədə tanışı Təqsirləndirilən şəxs2 ilə aralarında razılıq əldə edib cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 16 may 2022-ci il tarixdə külli miqdarda 16,938 qram çəkidə metamfetaminin 8,648 qram çəkidə hissəsini bir ədəd şəffaf sellofan bükümdə hər qramını 20 manatdan satışını həyata keçirmək üçün Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs2 təhvil vermiş, qalan 8,290 qram çəkidə metamfetaminin eyni qiymətə satışını həyata keçirmək üçün üzərində saxlamaqla daşımış, qabaqcadan aralarında əldə olunmuş cinayətkar razılığa görə qrup üzvü Təqsirləndirilən şəxs2 alıcılar axtarmağı və psixotrop maddəni birbaşa alıcılara sataraq pulunu ona çatdırmağı öhdəsinə götürmüş, o, da, öz növbəsində satışdan əldə olunan qazancı aralarında böləcəyini vəd vermiş, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 17 may 2022-ci il tarixdə saat 19 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 “Azəriqaz”-ın ünvan 3 ünvanında yerləşən inzibati binasının yaxınlığında və Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yerləşən “X13” otelinin arxasında saxlanılaraq ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra üzərlərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetaminin 8,648 qram çəkidə olan hissəsi bir ədəd şəffaf sellofan bükümdə, Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən isə Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetaminin 8,290 qram çəkidə olan qalan hissəsi bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 16 may 2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə sonuncunun istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən qanunsuz olaraq tamah niyyəti və satış məqsədi ilə əldə etdiyi 16,938 qram çəkidə iki bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin birgə satışını təşkil etmək və satışdan əldə olunan qazancı aralarında bölmək barədə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra həmin tarixdə 16,938 qram çəkidə metamfetaminin 8,648 qram çəkidə hissəsini bir ədəd şəffaf sellofan bükümdə hər qramını 20 manatdan satışını həyata keçirməyi, yəni metamfetamini satmaq üçün alıcılar tapmaq və alıcılara birbaşa satdıqdan sonra pulunu Təqsirləndirilən şəxs1 çatdırmağı öhdəsinə götürməklə sonuncudan Bakı şəhəri Yasamal rayonu ərazisində təhvil alaraq üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 17 may 2022-ci il tarixdə saat 19 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 “Azəriqaz”-ın ünvan 3 ünvanında yerləşən inzibati binasının yaxınlığında və Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yerləşən “X13” otelinin arxasında saxlanılaraq ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra üzərlərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetaminin 8,648 qram çəkidə olan hissəsi bir ədəd şəffaf sellofan bükümdə, Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən isə Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetaminin 8,290 qram çəkidə olan qalan hissəsi bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, maşın alveri ilə məşğul olur. Adətən narkotik vasitəni Yasamalda yolun kənarında olan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almış, həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Həmin vaxt psixotrop maddə ucuz olduğu və üzərində pul olduğu üçün 100 manata 16 qram metamfetamin almış və onun 08 qramını dostu Elşada vermişdir. Polis əməkdaşları onları tutan zaman üzərlərində metamfetamin olmuş, ancaq o, psixotrop maddəni satmaq üçün deyil, şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, satmaq niyyəti olmamışdır. Əbülfət ona psixotrop maddəni pulsuz vermişdir. Saxlanılarkən və polis idarəsində ona qarşı təzyiq və ya hər hansı təsir edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin Mülkiyyət əleyhinə cinayətlərlə mübarizə şöbəsinin cib cinayətlərinə qarşı mübarizə bölməsinin rəisi Şahid2 ifadəsində göstərmişdir ki, 17 may 2022-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 və tanışı ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin satışı ilə məşğul olmaları və bu məqsədlə üzərində saxlamaları barədə idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 əməliyyat məlumatı əldə etmişdir. Əməliyyat məlumatının realizəsi ilə bağlı rəhbərliyin göstərişi əsasında əməliyyat qrupu yaradılmış və əməliyyataxtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. Əməliyyat qrupuna o, xüsuslə mühüm işlər üzrə baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid1 və polis mayoru X4, baş əməliyyat müvəkkili, polis mayoru X8, əməliyyat müvəkkili, polis mayoru Şahid4, əməliyyat müvəkkili, polis kapitanı X6 və İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X1 daxil olmuşlar.Həmin tarixdə qrup üzvlərinin bir hissəsinə Təqsirləndirilən şəxs2, bir hissəsinə isə Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbirinin həyata keçirilməsi tapşırılmışdır. Şahid1, Alik Məsimov və X10 Rəcəbovu müşahidə edib cinayət başında yaxalamaq tapşırılmışdır. O isə Elşad Nuriyev və Şahid4la birlikdə Təqsirləndirilən şəxs1 cinayət başında yaxalamaq üçün 17 may 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 17 may 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayonu, İzmir küçəsində “Hyatt Regency” otelinin yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Şübhə çəkmədən ona yaxınlaşıb özlərini polis əməkdaşları təqdim etmişlər və onu Bakı Şəhər Baş Polis İdarəsinə gətirmişlər. Bundan qabaq isə Təqsirləndirilən şəxs2 qrup üzvləri tərəfindən saxlanılaraq baş idarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 təhqiqatçı Cavanşir Ağamirzəyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı könülü olaraq əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd büküm təqdim edərək bildirmişdir ki, təqdim etdiyi sellofan bükümün içində psixotrop maddə olan metamfetam vardır, metamfetamini tanımadığı şəxsdən almış və satmaq üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilsə də, qanunla qadağan edilən predmet aşkar edilməmişdir. Bir ədəd bükümdə metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Zərfin üzərini və protokolu Təqsirləndirilən şəxs1 və müdafiəçisi imzalamışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 satmaq üçün metamfetamin verdiyini etiraf etmişdir. Razılığa görə metamfetamini birgə satıb qazancını bölməli imişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları Şahid3 və Şahid4 Şahid2 ifadəsinə oxşar ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasına üzrlü səbəbdən gələ bilməyən şahid Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarışı İdarəsinin Mülkiyyət əleyhinə cinayətlərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsi tədqiq olunarkən müəyyən olunmuşdur ki, 17 may 2022-ci il tarixdə ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 və tanışı ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin satışı ilə məşğul olmaları və bu məqsədlə üzərində saxlamaları barədə əməliyyat məlumatı əldə etmişdir. Əməliyyat məlumatının realizəsi ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə raportla baş idarə rəhbərliyinə məruzə etmişdir. Həmin tarixdə rəhbərliyin göstərişi əsasında əməliyyat qrupu yaradılmış və barələrində əməliyyat məlumatı daxil olmuş şəxslərin cinayət əməllərini ifşa etməkdən ötrü tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupuna Cinayət Axtarışı İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru X4, baş əməliyyat müvəkkili, polis mayoru X8, əməliyyat müvəkkili, polis mayoru Şahid4, Cib cinayətlərinə qarşı mübarizə bölməsinin rəisi polis polkovnik-leytenantı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı X6 və İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X1 daxil olmuşlar.Həmin tarixdə onun tapşırığı ilə qrup üzvlərinin bir hissəsi onun rəhbərliyi altında Təqsirləndirilən şəxs2 əməlini ifşa etmək, bir hissəsi isə Şahid2 rəhbərliyi altında Təqsirləndirilən şəxs1 əməlini işfa etməkdən ötrü əməliyyataxtarış tədbirini həyata keçirməyə başlamışlar. 17 may 2022-ci il tarixdə saat 18:40-də Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanında yerləşən “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasının yaxınlığında piyada hərəkətdə olarkən diqqət cəlb etmədən və qəfildən Elşada yaxınlaşaraq saxlamışlar və onu baş idarəyə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 da, qrup üzvləri tərəfindən Bakı şəhəri, Yasamal rayonu “Hyatt Regency” hotelinin yaxınlığında saxlanılaraq baş idarəyə gətirilmişdir. İlk olaraq Təqsirləndirilən şəxs2 təhqiqatçı Cavanşir Ağamirzəyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və üzərinə müdafiəçisinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilən hər hansı predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs2 da, əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən “01” ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmiş və bildirmişdir ki, bükülünün içərisində psixotrop maddə olan metamfetamindir, metamfetamini 16 may 2022-ci il tarixdə Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs1 aldığını, satıb pulunu sonuncu ilə bölməli olduğunu bildirmişdir. Bir ədəd bükümdə metamfetamin zərfə qoyularaq qablaşdırılmış. Bu barədə protokol tərtib olunmuşdur. Zərfin üzərini və protokolu Təqsirləndirilən şəxs2 imzalamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı da, onun üzərindən bir bükümdə metamfetamin aşkar olunmuşdur. Əbülfət Təqsirləndirilən şəxs2 satmaq üçün metamfetamin verdiyini və metamfetamini satıb pulunu aralarında bölüşdürəcəkləri barədə əvvəlcədən razılaşdıqlarını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli 6/2851 saylı ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №215” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: Üzərində “..Şübhəli şəxs Əbülfət Qənbər ov (imza)..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində l(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 8,290 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -Üzərində “..Şübhəli şəxs Təqsirləndirilən şəxs2 (imza)..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində l(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 8,648 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. -Tədqiqata təqdim edilmiş iki ədəd zərfdə 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 20 may 2022-ci il tarixli 2663 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 psixistimulyatorlardan istifadə etmə hallan olub. Lakin hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji ekspertizasının 20 may 2022-ci il tarixli 2664 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 psixistimulyatorlardan birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla ağır ittihamdan yayınmaq və cinayət məsuliyyətindən azad olunmaq məqsədi güdür. Belə ki, cinayət işinin İ cildinin, 93-95-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 18 may 2022-ci il tarixdə müdafiəçisi Altay Hüseynovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən ona verilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, anası İranə Qənbərova, qardaşı Mirmehdi Qənbərov və nənəsi Balaqız Qənbərova ilə birlikdə yaşayır. Hərdənbir psixotrop maddə olan metamfetamindən, yəni “patı”-dan siqaretdə yandırmaqla tüstüsünü ağız boşluğuna qəbul edir. Metamfetaminin Suraxanı rayonu Suraxanı qəsəbəsində tanımadığı şəxslərdən alırmış. 15 may 2022-ci il tarixdə Yasamal rayonu ərazisində olanda tanımadığı kişi onun psixotrop maddə almaq istədiyini hiss edib ona yaxınlaşıb bildirmişdir ki, onda satlıq ucuz qiymətə metamfetamin vardır. Ona bildirmişdir ki, qramını 10 manata satır. Metamfetamini qara bazarda qiyməti 15-20 manat olduğuna görə həmin şəxsdən metamfetamin almaq istəmişdir. O, bildirmişdir ki, üzərində cəmi iki ədəd bükümdə, hər bükümdə 8 qram olmaqla 16 qram metamfetamin vardır. Onun üstündə cəmi 100 manat pul olmuşdur. Həmin şəxsə demişdir ki, o, 16 qram metamfetaminə görə cəmi 100 manat verə bilər, üstündə bu qədər pul var. Həmin şəxsin də, pula çox ehtiyacı olduğuna görə onun təklifi ilə razılaşmışdır. Buna görə də, o, iki şəffaf bükümdə metamfetamini həmin şəxsdən cəmi 100 manata almışdır. Fikirləşmişdir ki, qramını 20 manata satar, iki qatdan artıq qazanc əldə edər. 16 may 2022-ci il tarixdə Yasamal rayonu ərazisində dostu Təqsirləndirilən şəxs2la görüşəndə sonuncuya demişdir ki, üzərində 16 qram metamfetamin var, ona təklif etmişdir ki, 8 qram metamfetamini o, satsın, qalan 8 qram metamfetamini isə özü satsın, ümumi qazancı aralarında bölərlər. Elşad razılaşmışdır. Bir ədəd şəffaf selofan bükümdə metamfetamini Elşada vermişdir ki, onun üçün satsın. Qalan 8 qram metamfetamini bir bükümdə əynindəki göy rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur ki, alıcı tapsa satsın. 17 may 2022-ci il tarixdə saat təxminən 19 radələrində Yasamal rayonu İzmir küçəsində piyada hərəkətdə olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Orada şübhəli şəxs qismində tutulmuşdur. Ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah olunduqdan sonra üzərinmə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan vasitə varsa təqdim etsin. O, da, könüllü olaraq əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə metamfetamini təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin üzərindən başqa predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı o, dostu Təqsirləndirilən şəxs2 bir gün əvvəl satmaq üçün metamfetamin verdiyini etiraf etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 da, saxlayıb baş polis idarəsinə gətirmişlər. Üzərinə şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuşdur. Aşkar olunmuş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərinə və protokola müdafiəçisinin iştirakı ilə imza çəkmişdir. O, ilk dəfə aldığı metamfetamini satmaq fikrinə düşmüşdür. Çünki, maddi sıxıntıları olmuşdur. BirTörətdiyi əməldən səmimi peşimandır. Elşadın da, arabir metamfetamin qəbul etdiyini bilir. Əvvəllər satmaq üçün Elşada metamfetamin verməmişdir. Cinayət işinin İ cildinin 101-102-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 18 may 2022-ci il tarixdə müdafiəçisi Altay Hüseynovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Cinayət işinin İ cildinin, 81-82-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 18 may 2022-ci il tarixdə müdafiəçisi Rəşad Abdıyevin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən ona verilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 16 may 2022-ci il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs1la Yasamal rayonu ərazisində görüşəndə sonuncu ona demişdir ki, üzərində 16 qram çəkidə psixotrop maddə olan metamfetamin var, metamfetamini ucuz qiymətə almışdır ki, baha qiymətə satıb qazanc əldə etsin. Ona təklif etmişdir ki, metamfetamini birgə satsınlar, ona qazancdan pul verəcəkdir. O, da, pulu olmadığına görə Əbülfətin təklifi ilə razılaşmışdır. Əbülfət bir bükümdə 8 qram çəkidə metamfetamini ona vermiş, qalan metamfetamini də, özü satacağını bildirmişdir. Ona demişdir ki, qramını 20 manata satsın. Sonra ümumi qazancı aralarında bölməli imişlər. O, həmin bükümü əynindəki cins şalvarın sol yan cibinə qoymuşdur ki, alıcı axtarsın. Həmin tarixdə yorğun olduğu üçün alıcı axtarmamışdır. Üzərində psixotrop maddə saxladığını ailə üzvləri bilməmişdir. 17 may 2022-ci il tarixdə saat təxminən 18 radələrində Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən “Azəriqaz”-ın inzibati binasının yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Orada şübhəli şəxs qismində tutulmuşdur. Ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunan vasitə varsa təqdim etsin. O, da, könüllü olaraq üzərində saxladığı Əbülfətdən aldığı metamfetamini əynindəki cins şalvarın sol yan cibindən çıxardaraq təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin üzərindən başqa cinayət xarakterli predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı o, üzərindən aşkar olunmuş matemfetamini tanışı Əbülfətdən aldığını etiraf etmişdir. O, saxlanıldıqdan az sonra Təqsirləndirilən şəxs1 da, şübhəli şəxs qismində saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Aşkar olunmuş psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərinə və protokola müdafiəçisinin iştirakı ilə imza çəkmişdir. İlk dəfə imiş ki, Əbülfət ona satmaq üçün metamfetamin vermişdir. Əvvəllər ondan bu cür maddələrdən almamışdır. Maddi ehtiyac üzündən ona razılıq vermişdir. Əbülfətin metamfetamini haradan və kimdən aldığı ona məlum deyil. Törətdiyi əməldən səmimi peşimandır. O, metamfetamin ümumiyyətlə qəbul etməmişdir. Cinayət işinin İ cildinin 108-109-cu vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 18 may 2022-ci il tarixdə müdafiəçisi Rəşad Abdıyevin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Cinayət işinə əlavə olunmuş “şəxsi axtarış, baxış və götürmə haqqında” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 15 may 2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən aldığını, eləcə də, sataraq qazanc əldə etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 215 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış, baxış və götürmə zamanı cinayətin təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinə əlavə olunmuş “şəxsi axtarış, baxış və götürmə haqqında” 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni 16 may 2022-ci il tarixdə Yasamal rayonu ərazisində Əbülfət adlı şəxsdən aldığını, eləcə də, sataraq əldə olunan qazancı həmin şəxslə bölmək üçün ondan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 215 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış, baxış və götürmə zamanı cinayətin təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir, ona görə də həmin ifadələri sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı övladlarının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 17 may 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 17 may 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan təqsirləndirilən şəxslərdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi cəmi 16,738 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 55 (əlli beş) manat xərc təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 22,50 manat (iyirmi iki manat əlli qəpik) və Təqsirləndirilən şəxs2 22,50 manat (iyirmi iki manat əlli qəpik) olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsində saxlanılan təqsirləndirilən şəxslərdən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi cəmi 16,738 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 55 (əlli beş) manat xərc Təqsirləndirilən şəxs1 22,50 manat (iyirmi iki manat əlli qəpik) və Təqsirləndirilən şəxs2 22,50 manat (iyirmi iki manat əlli qəpik) olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar