Məhkəmə qərarları › İş №1(101)-1607/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1607/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1607/2024 24.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X15 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1996-cı ildə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 18:39-da ünvan 1 ünvanında yerləşən 60 saylı fərdi yaşayış evinin qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ona qeyri-rəsmi nikah münasibətlərində olduğu X2 məxsus “Redmi Note 2” markalı mobil telefonun oğurlanması barədə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə sonuncunun etdiyi müraciət üzrə aparılan araşdırma ilə əlaqədar qardaşı X3 şübhələnməsi barədə Əfsanə Həşimovanın verdiyi məlumatın geri götürülməsini inadla ondan tələb etməsini bəhanə edib irad tutaraq, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı silah qismində istifadə olunan soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli turist bıçağını çıxarıb istifadə etməklə nümayiş etdirərək səs-küyə toplaşan insanların olmasına və onları aralamasına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozaraq xuliqanlıq etmiş, bundan sonra cinayətkar niyyətinin realizəsinə uyğun Zərərçəkmiş şəxs əynində olan paltarından tutmaqla özü ilə həmin ünvanda yerləşən yaxınlıqda sakit əraziyə dartmaqla aparıb hər hansı bir əsaslı səbəb olmadan eyni bəhanəni əsas tutub xuliqanlıq niyyəti ilə əlində saxladığı qeyd olunan bıçaqla bir dəfə olmaqla zərər çəkmiş Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən zərbə vuraraq ona qarının ön divarının qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hadisə günü Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Mərkəz” deyilən yerə gəlmiş, sadəcə olaraq orada Qurbanı görməyini xatırlayır, başqa heç nə xatırlamır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı söyüş söyməyini xatırlamır, hazırda psixi xəstəliyi ilə bağlı müalicə alır. Təvəllüdünü xatırlamır, heç bir yerdə işləmir. Əfsanə adlı qadını tanımır. Binəqədi rayonunda yaşayır. Qurbanı çoxdan tanıyır, uzun müddətdir xəstəlikdən əziyyət çəkir. Həmçinin o, istintaq orqanına bıçaq təqdim etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, hadisə ilə bağlı heç nə xatırlamadığını, istintaq orqanına bıçaq təhvil vermədiyini bildirsə də, məhkəmə onun bu ifadəsini və davranışını məhkəməni onun ağır psixi xəstə olmasına, anlaqsız olmasına inandırmaq cəhdi kimi qiymətləndirir, həmçinin onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, əvvəllər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi döngə 2, ev 31-də yaşamışdır. 10 yaşında ailəsi ilə birlikdə qohumlarına məxsus evdə qonaqlıqda olan zaman ehtiyatsızlıqdan həyət evinin 2-ci mərtəbəsində yerə başıüstə düşmüş və başından ağır xəsarət almışdır. Nəticədə onun psixikasında pozuntular əmələ gəlmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində komissiyadan keçmiş, komissiyanın rəyinə əsasən ona “mülayim dərəcəli qarışıq dissosiativ və konvension pozuntular” diaqnozu qoyulmuşdur. Hazırda 2-ci dərəcəli əlilliyi vardır. O, 2023-cü ilin yay aylarından X4 ilə qeyri-rəsmi yaşamışdır. O, Zərərçəkmiş şəxs kiçik vaxtından tanıyır. Belə ki, Zərərçəkmiş şəxs atası ilə onun atası bir dükanda alver etmişlər və onlar ailəlikcə birbirilərini tanımışlar. 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan qardaşı Elvin Qurbanlı onun birgə yaşadığı Əfsanə Həşimovaya məxsus mobil telefonunu oğurlaması barədə eşitmişdir. Onun bildiyinə görə, Əfsanə Həşimovaya məxsus mobil telefonun oğurlanması Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Mərkəz” kimi tanınan yerin yaxınlığında fəaliyyət göstərən “İkram” çay evində baş vermişdir. Həmin oğurluq hadisəsi ilə bağlı Əfsanə Həşimova, Binəqədi RPİ-nin 43-cü PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs Əfsanə Həşimovanın polisə verdiyi şikayətinin geriyə götürülməsi üçün onunla görüşmək istəmişdir. Lakin o, onunla qonşuluqda yaşamasını nəzərə alaraq öz başını ağrıtmamaq üçün görüşmək istəməmişdir. Belə ki, o, əsəb xəstəsidir və özünü güclə idarə edir. O, fikirləşmişdir ki, birdən onlar qarşı-qarşıya gəlib görüşərlər Qurban ona nəsə deyər, o da onunla dalaşar. xx.xx.2023-cü il tarixdə saat 18:35 radələrində Bakı şəhəri, Binəqədi rayonunda “Mərkəz” kimi adlandırılan yerdə yerləşən “Osmanlı Dönər” kafesinin yanında dayanmışdır. Bu vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşıb salamlaşmışdır. Söhbət zamanı sonuncu ona bildirmişdir ki, yaxşı olar ki, o, Əfsanəyə təsir göstərsin ki, Əfsanə, Zərərçəkmiş şəxs qardaşı ilə bağlı polisə verdiyi şikayətini geri götürsün. O isə öz növbəsində Qurbana bildirmişdir ki, narahat olmasın, Əfsanə ilə danışar, kənd uşağıdırlar, buna görə də şikayətçi olmayacaqdır. Qurban ona “mən sənə inanmıram, bu Əfsanəni vurmaq istəyirəm” demiş, o da cavabında “o qız mənim yanımdadır, sən onu vura bilmərsən” demişdir. Qurban isə səsini qaldıraraq “Mənim üçün fərqi yoxdur kimin yanındadır” demişdir. Bundan sonra ətrafdakı insanların çox olmasını görmüş və ona təklif etmişdir ki, “araya” keçsinlər. O, Zərərçəkmiş şəxsla razılaşmış və onlar arxalarında olan Ramazanov küçəsi döngə 2 istiqamətinə tərəf piyada yolla getmişlər. Onlar təxminən oradan 20 metr uzaqlaşdıqdan sonra Qurban birdən onu söyməyə başlamışdır. “Səni parçalayaram, sənə qardaşına görə hörmət qoyuram” demişdir. O, isə ona “Böyük böyük danışma” demişdir. Bu məqamda o, Qurbanın ona nisbətdə daha canlı olduğu üçün dava-dalaş zamanı onu döyəcəyini düşünmüş və bu səbəbdən o, şalvarının sağ yan cibindən qatlanan bıçağı götürmüş və bıçağın tiyəsini açmışdır. Bıçağı açıq aşkar çıxartmaqda məqsədi Qurbanı qorxutmaq olmuş və onun ona bıçaqla vurmaq məqsədi olmamışdır. O, üzərində açılıb-bağlanan qara rəngli həmin bıçağı özünü müdafiə etmək məqsədilə gəzdirmişdir. Sonra o, açıq-aşkar bıçağı Qurbanı qorxutmaq üçün əlində saxlamışdır. Təxminən 1-2 dəqiqə ərzində o və Qurban bir-birilərini tutmuşlar, camaatın gözü qarşısında mübahisə etmişlər. Lakin bunu görənlər və küçədən keçən tanımadığı şəxslər onların arasına girib onları aralamışdır. O, onları aralayan şəxsləri əvvəllər tanımamışdır və onların anket məlumatlarını bilmir. O, sadəcə olaraq Qurbanı qorxutmaq istəmişdir. Bundan sonra o, Qurbana demişdir ki, “Gəl camaatın olmadığı yerə gedək”. Qurban ona bildirmişdir ki, “ürəyin haraya istəyir, oraya gedək, problem yoxdur.” Onlar ətrafda olan şəxslərə “Gəlməyin, özümüz həll edirik” demişlər və oradan aralanmışlar. Həmin şəxslər də onlardan uzaqlaşmışlar. Onlar təxminən 50-60 metrə yaxın məsafədə ara küçənin içərisinə tərəf irəlləmişlər. O, qabaqda gedən zaman əlində bıçaq olmuş, Qurban isə onun dalınca gəlmişdir. Qurban həmin vaxt ona “ay küçük bir dənə q...nin ipini yığa bilmirsənmi?” demişdir. Bu anda o, çox əsəbi olduğundan özünü idarə edə bilməmiş və Qurbana tərəf dönərək sağ əlində tutduğu bıçaqla sonuncunun qarın hissəsinə bir dəfə vurmuşdur. O, Qurbanı bıçaqla vurduqda sonuncu əli ilə qarnından tutmuşdur. O isə bu vaxt qorxduğundan və güclü sarsıntı keçirdiyindən hadisə yerindən qaçmışdır. Həmin günün axşamını o, Əfsanənin yanında olmuşdur. Növbəti dörd gün ərzində o, küçələrdə qalmışdır. Onu polislərin axtardığını fikirləşdiyi üçün, nə Əfsanəyə, nə də ailə üzvlərinə problem yaratmaq istəməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Əfsanənin evinə getmiş, Əfsanə onun 4 gün ərzində harada olmağını soruşduqda ona həqiqəti danışmışdır. Əsanə ona məsləhət görmüşdür ki, o, gedib polisə könüllü təslim olsun. O, da Binəqədi RPİ-nin 43-cü PB-nə getmiş özünü təqdim etmiş, Binəqədi RPİ-nin İŞ-də Qurbanı vurduğunu demiş və 01 (bir) ədəd qatlanan bıçağı könüllü olaraq təqdim etmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 18:39-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi döngə 2, korpus 52-nin qarşısında baş vermiş, həmin vaxt orada o, Zərərçəkmiş şəxs olmuş, münaqişə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə baş verən yerdə kənar şəxslər olmamış, Zərərçəkmiş şəxs onun və Əfsanənin ünvanına söyüş söydüyünə görə, bıçaq ilə Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vurmuş, Zərərçəkmiş şəxs bıçaqlamağının səbəbini özü də axıra kimi başa düşməmiş, belə ki, onun ruhi əsəbi xəstəliyi ilə əlaqədar o, özündən tez çıxmış, Qurbanın onun və Əfsanənin ünvanına dediyi sözlərdən sonra əsəbləşmiş və onu bıçaqla vurmuş, 1 (bir) dəfə sağ əlində tutduğu bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə vurmuş, lakin onu öldürmək və ona ağır bədən xəsarət yetirmək fikri olmamışdır. O, bıçağı təxminən 2 il əvvəl Binəqədi qəsəbəsinin ərazisində olan dükanlardan birindən almış, həmin müddətdən bıçağı ya evdə, ya da üzərində daşımış, bıçaq qatlanan tipli olmuş, markası və modelini bilmir, ümumi uzunluğunun təxminən 20-25 sm-dir. (cild İ, i/v: 208-211) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxsla çoxdan tanışdırlar, onların ataları bir yerdə işləmişdir. Hadisə zamanı o, içkili vəziyyətdə olmuş, Amilə yaxınlaşmış, bilməyərəkdən ağzından nalayiq ifadə çıxmış, bu da Amilin xoşuna gəlməmişdir. Daha sonra aralarında mübahisə baş vermiş və Amil də yadında qaldığı qədəri ilə yerdən kəsici bir alət götürərək onu yaralamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs qarın boşluğundan ona bir zərbə vurmuş, onu xəstəxanaya Razim adlı polis əməkdaşı çatdırmışdır. O, təqsirləndirilən şəxslə çoxdan tanışdır. Amilgil onlardan xeyli aralıda yaşayır. Amil evində anası və qardaşı ilə yaşayır. O, Əfsanə adlı qadını tanımır. Hadisə zamanı o, sərxoş vəziyyətdə olmuş və söyüş söymüşdür. İstintaq zamanı onu çağırmışlar, o da oxumadan sənədləri imzalayıb getmişdir. Onun qardaşı var və adı Elvindir. Elvinin barəsində heç bir araşdırma olmamışdır. Hadisə baş verən günü ustası Vüsal və iş yoldaşları ilə birgə içmişdir. O, Novxanı yolunda yerləşən “101 Avto Servis”də rəngsaz işləyir. Həmin gün onun ad günü olmuş, saat 2-3 arasında içmişdir. Bir qədər çox içmişdir. O, mərkəzdə avtobusdan düşmüş, Amil də orada tək dayanmışdır. Daha sonra o, Amillə zarafatlaşmış və ona söyüş söymüşdür. Daha sonra Amil əlini atıb yerdən nəsə götürmüş, o, Amilin yerdən nə götürdüyünü görməmiş, lakin həmin alət kəsici alət olmuşdur. Amilin əlində tam olaraq nə olduğu yadında deyil. Onlar ikisi hadisə yerində tək olmuş, onları heç kim aralaşdırmamışdır. Daha sonra Razim adlı polis əməkdaşı onu xəstəxanaya aparmışdır. O, Amilin psixi xəstə olduğunu bilmiş, mübahisə zamanı onun əlində heç bir alət olmamış, hadisə baş verən yerdə heç bir səs-küy olmamışdır. Mübahisədən sonra onlar problemi həll etmək üçün dalana çəkilmişdir. O, Amilin onu nə ilə yaraladığını görməmişdir. Yaranmış zidiyyətlə əlaqədar zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs balaca vaxtından tanıyır. Belə ki, Təqsirləndirilən şəxs atası ilə onun atası bir dükanda alver etmişlər və onlar ailəlikcə bir-birilərini tanımışlar. 2023-cü ilin avqust ayında Binəqədi RPİ-nin 43-cü PB-də onun yetkinlik yaşına çatmayan qardaşı Elvin Qurbanlı barəsində telefon oğurluğu ilə bağlı araşdırma aparılmış, güya onun yetkinlik yaşına çatmayan qardaşı X18 Mamedov ilə birgə yaşayan Əfsanə adlı qadına məxsus mobil telefonu oğurlamışdır. Əfsanə adlı qadın onun qardaşından Binəqədi RPİ-nin 43-cü PB-nə şikayət ərizəsi yazmışdır. O, Təqsirləndirilən şəxs ilə görüşüb ondan Əfsanənin şikayətini geri götürməsini xahiş etmək istəmiş və bu məqsədlə Amillə görüşmək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs uşaqlıqdan psixi-əsəb xəstəsi olduğunu da əvvəlcədən bilmişdir. Bundan başqa o, fikirləşmişdir ki, Təqsirləndirilən şəxs onu kiçik vaxtlarından tanıdığından qardaşına köməklik edəcəkdir. 13 sentyabr 2023-cü il tarixdə saat 18:35 radələrində o, Təqsirləndirilən şəxsla Binəqədi rayonunda yerləşən “Osmanlı Dönəri“ adlanan kafenin yaxınlığında olduğunu görüb ona yaxınlaşmışdır. O, Təqsirləndirilən şəxs yaxınlaşmış ondan xahiş etmişdir ki, qardaşının məsələsi ilə bağlı ər-arvad kimi yaşadığı Əfasanə ilə danışsın. Onunla söhbət zamanı Amilin soyuq cavab verməsindən əsəbləşib, onun və Əfsanənin ünvanına acılı sözlər demişdir. Orada onların arasında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli cins şalvarın cibindən bıçaq çıxarmış və orada bıçağı əlində tutaraq nümayiş etdirmişdir. Bunu görən şəxslər Amilin qarşısını almağa çalışmış və onları aralamışlar. O, Amilə kənara çəkilib söhbət etməyi təklif etmiş və küçə ilə döngəyə tərəf getmişlər. ünvan 2 ünvanına tərəf o və Təqsirləndirilən şəxs hərəkətdə olarkən onun və Əfsanənin ünvanına nalayiq sözlər işlətmişdir. Bu vaxt Təqsirləndirilən şəxs üzərinə gəlib əlində olan bıçaqla onun qarın nahiyəsinə bir dəfə bıçaqla vurub qaçmışdır. O, qarın hissəsindən, yəni bıçaq vurulan yerindən qan axdığını görüb tibbi yardım göstərilməsi ilə bağlı həmin vaxt yolda Post Patrul Xidmətində polis nəfəri işləyən Razimə yaxınlaşmış, baş vermiş hadisə ilə bağlı məlumat vermiş, Razim də ona tibbi yardım göstərmək məqsədi ilə taksiyə mindirib Mirqasım adına xəstəxanaya aparmışdır. O, xəstəxanada əməliyyat olunmuş və müalicə almışdır. O, hazırda özünü yaxşı hiss edir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. O, həmçinin ifadəsində əvvələr onunla Təqsirləndirilən şəxs arasında heç vaxt mübahisə və münaqişə olmadığını, 13 sentyabr 2023-cü il tarixdə saat 18:39-da o, əvvəl Təqsirləndirilən şəxs görüşəndə Əfsanədən qardaşı ilə bağlı polisdə olan məsələni həll etməsi ilə xahiş etməsini istəmiş, lakin sonradan Amili və yaşadığı qadını söydüyünə görə aralarında münaqişə baş verdiyini və bu səbəbdən də Amilin ona bıçaqla xəsarət yetirdiyini, hadisə baş verən zaman həmin yerdə o və Təqsirləndirilən şəxs olduğunu, kənar şəxslər olmadığını, hadisə baş verən gün əynində ağ rəngli qısaqol köynək olduğunu, hadisə baş verən gün ona məxsus həmin qısa qol köynəyin xəstəxanada qaldığını, Təqsirləndirilən şəxs əlində olan bıçağın balaca olduğunu, dəqiq ölçülərini deyə bilmədiyini, həmin bıçağın tutacağı qara rəndə və açılıb-bağlanan bıçaq olduğunu, həmin bıçağı hazırda görsə tanımayacağını, ona görə ki xatırlamadığını, bıçağın dəqiq ölçüləri və bıçağın tutacağının rəngi onun dəqiq yadında qalmadığını, birinci dəfə onunla Təqsirləndirilən şəxs arasında baş verən mübahisə yolda sözlə təxminən 5-10 dəqiqə baş verdiyini, ondan aralanıb Binəqədi rayonunda yerləşən Ramazanov küçəsi döngə 2 ünvanına gələndə o, Amil və Əfsanəninin ünvanına söydüyündən həmin vaxt Amil ona bıçaqla onun qarnına vurub xəsarət yetirdiyini bildirmişdir. (cild İ, i/v: 125-127) Zərərçəkmiş şəxs qeyd olunan ziddiyyətlə bağlı ibtidai istintaqda həmin məzmunda ifadə vermədiyini, ifadənin altındakı imzaların ona məxsus olduğunu, lakin əlyazmanın ona məxsus olmadığını, yazılan ifadəni özünün oxumadığını və ona başqa şəxs tərəfindən də oxunmadığını, Əfsanənin telefonunun itməyindən xəbərinin olmadığını bildirmişdir. Bundan əlavə zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, xidmət apardığı ərazidə vətəndaşların sıx şəkildə toplandığını görmüş və həmin əraziyə yaxınlaşmışdır. Qurban əli qanlı şəkildə ona tərəf gələrək ondan kömək istəmiş, o da Qurbanı maşınına mindirib xəstəxanaya aparmışdır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Qurbanın vurulduğu anı görməmiş, Amili də o, saxlamamışdır. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, hadisə baş verməzdən əvvəl o, Binəqədi rayonunda “Mərkəz” deyilən yerdə dayanmış, Amil də orada olmuş, söhbət etmişdir. Bu zaman Qurban avtobusdan düşüb gəlmiş və Amillə aralarında mübahisə yaranmış, daha sonra onlar başqa yerə getmişlər. O, həmin vaxt Amilin əlində nəsə olduğunu görməmiş, lakin onlar bir-birilərinə əl-qol atmışlar. O, əvvəldən Amilin xəstə olduğunu bilmiş və Qurbanın söyüş söydüyünü eşitmişdir. O, tərəflərin nə üçün mübahisə etdiklərini bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə ünvanlanmış 2437 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20.22-də KTM-dən həkim Qafarova DİN-nin 102 xidmətinə məlumat verərək, vətəndaş Zərərçəkmiş şəxs Binəqədi rayonu Binəqədi qəsəbəsi, Binəqədi mərkəzdə qarının ön divarının kəsilmiş yarası xəsarəti almasını bildirmişdir. (cild İ, i/v: 3) - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 4 ünvanına baxış keçirilmiş, baxış zamanı hadisə yerində qanabənzər ləkələr aşkar edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 4-8) - “Əşyanı könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədilən zaman üzərində gəzdirdiyi qatlanan turist bıçağını təqdim etmiş və həmin bıçağa baxış keçirilərkən qatlanan bıçağın tiyəsinin ümumi uzunluğu 11 sm, dəstəyinin ümumi uzunluğu 11 sm, ümumi uzunluğu 22 sm-dir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin bıçaqla xəsarət yetirdiyini və təqdim etdiyi qatlanan bıçağın tiyəsinin üzərində zərərçəkmiş şəxsə məxsus qan ləkələri olduğunu bildirmişdir. (cild İ, i/v: 36-37) - “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yeri olan ünvan 4 ünvanının qarşısında əyani göstərmiş və hadisə yerində ifadəsini bir daha təsdiq etmişdir. (cild İ, i/v: 66-68) - “Götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri X11 inzibati binasında tibb bacısı X1 Qurban Vüqar oğluna məxsus 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd boz rəngli mayka, 1 (ədəd) qara rəngli şalvar, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt qara rəngli ayaqqabı götürülmüş, ağ rəngli köynək qısaqoldur, köynəyin uzunluğu 65 sm, çiyin nahiyəsində eni 52 sm, qollarının uzunluğu 16 sm-dir. Köynəyin ön səthində sağda aşağı sərbəst kənarından 7 sm məsafədə, sağ yan 14 sm məsafədə 2 sm dəlib keçən zədə vardır. Boz rəngli maykanın ön səthində 1 (bir) bir ədəd dəlib keçən zədə aşkar olunmuşdur. (cild İ, i/v: 107) - “Diskə baxış keçirilməsi haqqında” 15 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı diskdə olan 01 (bir) ədəd faylda görüntülərin olduğu müəyyən edilmişdir. Görüntülərdə ünvan 5 ünvanın qarşısında saat 18:39-da iki nəfər şəxs görünmüş, onlardan boyca balaca əynində qara gödəkcə, ağ köynək və qara şalvar olan Təqsirləndirilən şəxs ilə ona nisbətən hündür boylu, dolu bədənli əynində ağ rəngli köynək, tünd rəngli qısa gödəkcə, tünd şalvar, sol əlində bağlama olan Zərərçəkmiş şəxs ilə yol ilə gedərkən mübahisə etdikləri görünmüşdür. Yol ilə gedərkən Təqsirləndirilən şəxs sağ əlini qara rəngli şalvarın arxa sağ yan cibinə ataraq əşya çıxarmış və həmin əşya əlindən yerə düşəndə bıçaq olduğu görünmüşdür. Təqsirləndirilən şəxs cəld yerdən bıçağı qaldırmış və sağ əlində tutub sol əli ilə Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin yaxasından tutub çəkməyə başlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs yaxasından tutmuş, onu dalan tərəfə çəkmiş və onunla sözlə mübahisə etmişdir. Həmin vaxt küçədən keçən bir neçə vətəndaş onlara yaxınlaşmış, münaqişə edən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayırmağa çalışmışlar. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs sağ əlində olan bıçağı nümayiş etdirməyə və Zərərçəkmiş şəxs əynində olan gödəkçəni tutub saxlamağa davam etmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs küçədən keçən şəxslər ayırdıqdan sonra onların hər ikisi həmin şəxslərdən aralanaraq dalana doğru getmiş və bundan sonra videogörüntülər başa çatmışdır. Baxış keçirilmiş faylda olan çəkiliş 01 dəqiqə 40 saniyə davam etmişdir. (cild İ, i/v: 135) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 2157 №-li ekspert rəyindən görünür ki, V.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərqarının ön divarının qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X13” X14 müraciət etdiyi xx.xx.2023-cü il saat 20:08-dən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterik xüsusiyyətlərini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici təsirindən əmələ gələ bilərdi. (cild İ, i/v: 146-149) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 546-MTKŞ/2023 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, maykanın ön səthində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, maykanın ön səthində bir ədəd dəlib-keçən zədə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, şalvar, bir cüt corab və bir cüt ayaqqabı üzərində zədə və zadə işləri aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli turist bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim olunmuş bıçağın üzərində onun təyinatım dəyişdirilməsi heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild İ, i/v:151-155) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 728/2023-MTKŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0/l/-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş mayka, qısaqol kofta, şalvar və kəmər üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə 0/İ/ qruplu şəxsə, o cümlədən- Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş gödəkçə, bir cüt corab, bir cüt ayaqqabı, bıçaq üzərində qana şübhəli ləkə aşkar edilmədi. (cild İ, i/v: 169- 174) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 2899 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs “isterik tipli şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs təsvir olunan cinayət əməlini törədən anda onda qeyd olunan psixi pozuntu onu öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanından məhrum etməmişdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs aşkar edilən “isterik tipli şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qeyd olunan “isterik tipli şəxsiyyət pozuntusu” psixi (ruhi) xəstəlik hesab olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 165-168) - İstintaq orqanının 22 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısa qollu köynək, 01 ədəd mayka, 01 bir ədəd qatlanan turist bıçağı və 01 ( bir) ədəd disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, 01 ədəd qısa qolu köynək, 01 bir ədəd qatlanan bağlanan turist bıçağı saxlanması üçün Bakı şəhər Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 01 bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild İ, i/v: 188-198) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahid Bəkir Cabbarovun ifadəsini baş vermiş hadisələri təqsirləndirilən şəxsin xeyrinə təhrif etmələri qənaətinə gəlir. Belə ki, məhkəmə iclasında dindirilən şəxslər guya təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs mübahisə edən zaman ətrafda heç kimin olmaması, şahidin təqsirləndirilən şəxsin əlində hər hansı alət görməməsi, zərərçəkmiş şəxsin guya Əfsanə adlı qadını tanımaması, onun qardaşının barəsində heç bir araşdırma aparılmaması, onun içkili olması ilə əlaqədar təqsirləndirilən şəxslə zarafat edərək nalayiq ifadə işlətməsi, bunun nəticəsində də aralarında mübahisə yaranması ilə bağlı ifadəsini işin faktiki hallarına və obyektiv həqiqətə uyğun olmadığını hesab edir. Belə ki, cinayət işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, X4 işlədiyi “İkram” çay evində dəyəri 430 manat təşkil edən “Redmi” Note 12 markalı mobil telefonun oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə şikayət etmiş, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-yə göndərilmişdir. (cild İ, i/v: 163-164) Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 da öz ifadəsində, Təqsirləndirilən şəxsla birlikdə yaşadığını, ona məxsus mobil telefonun oğurlanması ilə bağlı polisə yetkinlik yaşına çatmayan Elvin Qarayev adlı şəxsdən şübhələndiyini bildirdiyini, buna görə də Elvin Qarayevin qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona şikayətini geri görməsini deməsi üçün müraciət etdiyini, daha sonra Təqsirləndirilən şəxs evə gələrək bir neçə gün əvvəl Zərərçəkmiş şəxs bıçaqladığını dediyini, onun da Təqsirləndirilən şəxs gedib polisə təslim olmasını təklif etdiyini bildirmişdir. (cild İ, i/v: 132- 134) Bundan başqa, məhkəmə zərərçəkmiş şəxsin söyüş söyməsi ilə əlaqədar təqsirləndirilən şəxsin onu bıçaqlaması ilə bağlı məsələyə qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1 (bir) dəfə bıçaq zərbəsini Zərərçəkmiş şəxs Əfsanə Həşimovanın ünvanına nalayiq ifadə işlətməsindən sonra vursa da, Əfsanə Həşimovanın onun yaxın qohumu olmaması (hətta məhkəmə iclasında Əfsanə Haşımovanı tanımadığını bildirmişdir) ünvanına işlədilmiş ifadəyə görə zərərçəkmiş şəxsə xəsarət yetirməsini əsaslı səbəb hesab etmir. Beləliklə, məhkəmə göstərilən nəticəni əsas tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə heç bir yaxın qohumluq münasibəti olmayan Əfsanə Haşımovanın ünvanına müəyyən ifadələr işlətməsini cüzi səbəb kimi bəhanə gətirib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxsla münaqişəyə girməsini, bununla da ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında xuliqanlıq niyyətilə üzərində olan silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirmiş, daha sonra isə xuliqanlıq niyyətini davam etdirməklə Zərərçəkmiş şəxs zor tətbiq edib qəsdən bədən nahiyəsindən 1 (bir) dəfə vuraraq sonuncuya qarının ön divarının qarın boşluğuna 1 (bir) ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilənlər məcmu halda bir daha ona dəlalət edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı məhz xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 221.3-cü maddəsi) cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə İİ dərəcəli əlil olmasını və könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 115-116) Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, habelə Təqsirləndirilən şəxs aqressivliyini, özünə və digər şəxslərə xəsarət yetirməyə meyilliyini nəzərə alaraq məhkəmə hesab edir ki, yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən təqsirləndirilən şəxsin yeni cinayətlər törətməsinin qarşısını almağa nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli hökmün elan olunduğu tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilməli və onun barəsində həbs qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut qismində tanınaraq Binəqədi RPİ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd qatlanan turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək 4 ay ev dustaqlığında olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 6 (altı) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilərək Binəqədi RPİ-nin maddi sübutlar otağında saxlanılan 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd qatlanan turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar