Məhkəmə qərarları › İş №1(101)-1608/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1608/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1608/2022 10.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli, 1120 saylı əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, Lerik rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 01 ədəd politelin sellofana bükülmüş ümumi xalis çəkisi 1008,325 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini Suraxanı rayonundan əldə edib daşıyaraq üstündə saxlamış, həmin bükümdən 01 ədəd siqaretin qızılı kağızına bükülmüş 2,005 qram ayıraraq şəxsi istifadəsi üçün özünə məxsus «Samsung A32» markalı mobil telefonun üzlüyünün arxa hissəsində gizlətmiş, 18 aprel 2022-ci il tarixdə axşam saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən Şahid1 məxsus ofis kimi işlətdiyi evdə həmin bükümdən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,180 qram ayıraraq şəxsi istifadəsi üçün Şahid3 və ümumi çəkisi 0,798 qram olmaqla ayrı-ayrılıqda çəkiləri 0,202 qram, 0,309 qram, 0,287 qram ayıraraq şəxsi istifadəsi üçün Şahid1 əvəzsiz olaraq pay vermiş, bundan sonra özündə qalan 1005 qram narkotik vasitə heroini, həmin ünvanda olan divanın daxılında gizlətmiş, 19 aprel 2022-ci il tarixdə Xəzər RPİ-nin CAŞ-nin və Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Şahid1 ofis kimi işlətdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən evində Xəzər Rayon Məhkəməsinin qərarı ilə videoçəkilişlə axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs məxsus və sonuncu tərəfindən divanın daxılında gizlətdiyi 01 ədəd bükümdə təmiz çəkisi 1005 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Xəzər RPİ-nin İstintaq Şöbəsində 18 aprel 2022-ci il tarixdə 08:30-da video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı ona məxsus «Samsung A32» markalı mobil telefonun üzlüyünün arxa hissəsindən 01 ədəd bükümdə təmiz çəkisi 2,005 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, təxminən 4-5 ildirki narkotik vasitədən istifadə etməyə başlamışdır. Narkotik vasitələri müxtəlif şəxslərdən alırmış. 18 aprel 2022ci il tarixdə o Şahid1 ofis kimi işlətdiyi evinə gəlmişdir. Anarın həmin ofisində Səbuhi, Sənan, Elvin və digər uşaqlar da olmuşlar. O, orada olarkən polis əməkdaşları oraya gəlmiş və onları Xəzər RPİ-nə gətirmişlər. Orada onun üzərində videoçəkilişlə baxış keçirilməsini bildirmişlər. Həmin vaxt onun telefonunun üzlüyünün arxa hissəsində 2 qramdan bir az çox narkotik vasitə olmuşdur. Sonradan Şahid1 ofisinə baxış keçirilərkən divanın altından 1 kq heroin də tapılmışdır. Sonradan ona bildirmişlər ki, həmin 1 kq heroinin ona məxsus olmasını o boynuna götürsün. Bildirmişlər ki, onsuz da onda aşkar olunmuş heroin külli miqdar sayılır. Anarı buraxsınlar, Anar çıxandan sonra onun məsələsini də həll edəcəkdir. O da Anarla dost olduğu üçün razılaşmış və Anarın ofisində aşkar olunmuş 1 kq heroinin ona məxsus olmasını boynuna almışdır. Bundan sonra Anarı buraxmışlar, lakin sonradan Anarı yenidən tutmuşlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Anarın evindən divanın altından aşkar olunmuş narkotik vasitədən onun məlumatı olmamış və orada olan uşaqların heç birinə narkotik vasitə verməmişdir. Ona bildirmişlər ki, Anar çıxandan sonra ona da kömək edəcəkdir. Lakin, ona heç bir köməklik göstərilməmişdir. Anarda həmçinin silah və sursat tapılmışdır, onu da səhv etmirsə cinayət işini aparan X16 başqa bir şəxsin boynuna qoymuşdur. O, sonradan eşitmişdir ki, Anar 50 min manat verib cinayət işini aparan X16a və sonuncu Anarı məsuliyyətə cəlb etməmişdir. Lakin bu barədə rayon prokurorluğu eşitmiş və 14 gün sonra Anarı yenidən tutmuşlar və işi başqa müstəntiqə vermişlər. Hazırda o həmin narkotik vasitənin ona məxsus olmasını boynuna götürməyinə görə peşman olmuşdur. Elan olunmuş cinayət işinin 1-ci cild 116-117-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparlıması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Həmin vaxt onun telefonunun arxa hissəsindən bir ədəd bükümdə olan narkotik vasitəni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan başqa onda narkotik vasitə olmamışdır. Elan olunmuş cinayət işinin 2-ci cild 32-ci vərəqəsində olan cinayəti könüllü etiraf etmə barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, həmin vaxt o könüllü Anarın ofisində aşkar olunmuş 1 kq narkotik vasitənin ona məxsus olmasını demişdir. Əslində həmin narkotik vasitə onun olmamışdır. Anar dostu olduğu üçün, o, Anara görə razılaşıb elə demişdir,. Bu ərizənin tərtibini X16 təşkil etmişdir. O, ərizə verəndən sonra həmin protokolu oxumadan imza etmiş və onu dərhal Xəzər RPİ-nin MSY-ə gətirmişlər. Elan olunmuş cinayət işinin 1-ci cild 66-67-ci vərəqələrində olan 19 aprel 2022-ci il tarixli axtarış və götürmə barədə protokolda olan – “Şahid1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evindən, otaqda yerləşən divanın saxlama yerindən 1 ədəd böyük bükümdə polietilen sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan büküm aşkar edilməsi” ilə bağlı Təqsirləndirilən şəxs sualları cavablandıraraq bildirmişdir ki, elan olunmuş protokolda onun imzası yoxdur, Anarın evində keçirilən baxış zamanı o iştirak etməmiş və həmin vaxt Anarın evindən aşkar olunmuş narkotik vasitədən onun məlumatı olmamışdır. Həmin narkotik ona məxsus olmamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 68-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2022-ci il tarixli axtarış və götürmə barədə protokolda olan -“Şahid1 məxsus Suraxanı rayonu, Südçülük sovxozunda yerləşən sonuncunun evindən kiçik ölçülü elektron tərəzi aşkar edilməsi ilə” bağlı Təqsirləndirilən şəxs sualları cavablandıraraq bildirmişdir ki, elan olunmuş protokolda onun imzası yoxdur, Anarın evində keçirilən baxış zamanı o iştirak etməmiş və həmin vaxt Anarın evindən aşkar olunmuş tərəzidən onun məlumatı olmamışdır. Həmin tərəzi ona məxsus olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 34-38 və 205-208-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Sosial şəbəkədən İran Respublikasının vətəndaşı kimi bildiyi şəxsdən narkotik vasitə almaq qərarına gəlmiş və 18 aprel 2022-ci il tarixdə günorta saatlarında heç bir anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşının ona zaklatka yolu ilə bildirdiyi yerdən 01 ədəd iri bükümdə, yəni politilen sellofana bükülmüş narkotik vasitə heroini pulunu satdıqdan sonra verəcəyi ilə razılaşıb götürmüşdür. Yolda həmin narkotik vasitə olan heroindən bir balaca hissə götürərək siqaretin qızılı kağızına büküb özünə məxsus istifadə etdiyi «Samsung A32» markalı mobil telefonun üzlüyünün arxasında gizlətmişdir ki, özü az-az istifadə edər, böyük hissəni isə göz qabağına çıxartmaz. Bundan sonra həmin narkotik vasitəni usta kimi işlədiyi Suraxanı rayonu, Yeni yaşayış sahəsində yerləşən Anarın təmir olunan evinə aparmış, həmin iri bükülüdə olan narkotik vasitəni isti gödəkçəsinin cibində gizlətmiş gödəkçəni qatlayıb bir kənara qoymuşdur ki, həmin evdə usta işləyən Həmid, Mirağa görməsin. Onlar işlərini görüb artıq yekunlaşdırdığından onunla birlikdə həmin evdə təmir işləri görən Elvinlə birlikdə Anarın ofis kimi işlətdiyi qonşuluqda yerləşən evinə gəlmiş və bükülü vəziyyətdə olan gödəkçəsinidə özü ilə götürmüşdür. Həmin ofisdə hələki heç kim olmamış, həmin vaxt Elvin onun əlindəki bükülünü görüb nə olduğunu soruşanda o, Elvinə bildirmişdir ki, narkotik vasitədir, pulunu sonradan ödəyəcəyini vəd edərək İran İslam Respublikasının vətəndaşından götürmüşdür. Elvin narkotik vasitələrin istifadəçisi olmadığı üçün o, Elvinə narkotik vasitə təklif etməmişdir. Daha sonra düşünmüşdür ki, dostlarını bir yerə yığıb oradan çıxandan sonra çay içməyə harasa getsinlər. O, telefon vasitəsilə dostu Səbuhini, Sənanı, Ayəti və Etibarı Anarın ofis kimi işlətdiyi evinə çağırmışdır. Dostları ora gəldikdən sonra onlara bildirmişdir ki, günorta saatlarında İran İslam Respublikasının vətəndaşından narkotik vasitə almış və pulunu verməyəcək, həmin İran vətəndaşına atacaqmış. Onlara təklif edərək narkotik vasitə olduğunu istədikləri halda onlara verə biləcəyini demişdir. Elvin ümumiyyətlə narkotik vasitə istifadə edən deyilmiş. Ayət bildirmişdir ki, ancaq şüşə yəni metamfetamin istifadə edir və təzəlikcə alıb özündə var. Etibar bildirmişdir ki, özündə narkotik vasitə var və ona ehtiyac deyil. Səbuhi ilə Sənana isə əvvəlcədən İran İslam Respublikasının vətəndaşından aldığı, sözü gedən narkotik vasitə heroindən xırda bükümlər ayıraraq istifadə etmələri üçün vermişdir. Lakin ofisin sahibi Anar evdə olmamışdır. Bir qədər keçmiş Anarda ofisə gəlmiş, artıq 19 aprel 2022-ci il saat 01 radələri olarmış. Anarada onda olan narkotik vasitə barədə bildirmiş, Anarda narkotik vasitə istifadəçisi olduğundan xırda bir hissədə, yəni 3 hissə olmaqla orada olan qəlyan falqasına bükərək 3 büküm olmaqla istifadə etməyi üçün Anara vermişdir. Lakin həmin böyük politelin sellofana bükülmüş bükülünü kimsə bilmədən evdə olan divanın altında qoyaraq gizlətmişdir. Bir neçə dəqiqə keçmişdir ki, onlar evdə olarkən Xəzər RPİ-nin 3-cü PŞ-nin və Xəzər RPİ-nin əməkdaşları ora gəlmişlər. Polis əməkdaşları tərəfindən saxlanılaraq Xəzər RPİ-nə gətirilmişlər. Polis İdarəsində video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirməyə başlanılmışdır. Üzərində şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. Bundan sonra üzərində olan özünə məxsus «Samsung A 32» markalı mobil telefonun üzlüyünün arxa hissəsində gizlətdiyi siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. ..O, həmin günü törətdiyi cinayətin ağırlıq dərəcəsindən qorxduğundan, eləcə də həmin narkotikin aşkarlanmamasını düşündüyündən həmin külli miqdarda narkotik vasitəni İran İslam Respublikası vətəndaşından almağı ona məxsus olması barədə heç kimə deməmişdir. Lakin sonradan o, bilmişdir ki, həmin divanın altından çıxan narkotikə görə Anar ittiham olunubmuş. Həmin 1 kiloqrama yaxın narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından Suraxanı rayonundan o, özü almış və ona məxsusdur. ...» Elan olunmuş ifadələrə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır. O, Anarın ofisində divanın altından aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. O, bunu Anara görə demişdir. O, razılaşıb elə bir ifadə vermişdir. Ona qarşı heç bir təsir və təzyiq olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İstintaq Təcridaxanasının işçiləri onu məcbur etməmişlər ki, belə bir ərizə versin. Ona müstəntiq demişdir ki, belə bir ərizə yazsın ki, 1 kq narkotik vasitə onun olmuş, o da ərizəni yazmışdır. 06 may 2022-ci il tarixdə onu 3 saylı X2 Rayon MSY-də olmuş, orada X16 ona diqtə etmiş və demişdir ki, 3 saylı Təcridxanasına gedəndə həmin ərizənin məzmununu orada əməliyyatçılara verər, əməliyyatçıların bu barədə xəbəri var. Onu 07 may 2022-ci il tarixdə aparmışlar 3 saylı İstintaq Təcridxanasına və orada Anar Bəxtiyarovun dediyi ərizə mətnini yazmış və düz bir saatdan sonra onu yenə də Xəzər RPİ-nin MSY-nə etap etmişlər. O, ərizəni verən gün Xəzər RPİ-nin MSY-nə etap olunmuşdur. Orada müstəntiq ona demişdir ki, yenidən onu 3 saylı İstintaq Təcridxanasına aparacaqlar. Ona müstəntiq demişdir ki, belə bir ərizə yazsın, ona kömək olunacaq. Onu Xəzər RPİ-nin MSY-dən 3 saylı İstintaq Təcridxanasına aparandan sonra cəmi 30 dəqiqə və ya 1 saat orada qalmış və ərizəni yazan kimi onu yenidən Xəzər RPİ-nin MSY-ə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid1 ofis kimi işlətdiyi və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində axtarış aparılması üçün Xəzər rayon məhkəməsinin qərarına əsasən həmin ünvanda axtarış-baxış keçirilməsindən ötrü istintaq əməliyyat qrupu yaradılaraq Şahid1 qeyd olunan ünvanına getmişlər. Orada videoçəkiliş vasitəsilə həmin ünvana daxil olmuşlar. Ünvana daxil olduqda evin həyətində bir neçə şəxs və evin içərisində də bir neçə şəxs olmuşdur. Evdə olan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olduğu bilindiyi üçün onlarla birlikdə Xəzər RPİ-ə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nə gəlmişdir. Araşdırmanın aparılması Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Anar Bəxtiyarova həvalə edildiyindən Təqsirləndirilən şəxs müstəntiqə təqdim olunmuşdur. Müstəntiq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, sonra onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq müstəntiq tərəfindən Ceyhuna hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan «Samsung A32» markalı mobil telefonun üzlüyünün arxa hissəsindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükülmüş bükülünü açıb içərisinə baxan zaman içərisində qəhvəyi rəngli spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu və haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükülünün narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün 18 aprel 2022-ci il tarixdə Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə zamanı o iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. O, sonradan eşitmişdir ki, Şahid1 evində də narkotik vasitə aşkar olunub və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs öz üzərinə götürmüşdür. Lakin, o, həmin əməliyyatda iştirak etməmişdir. Təqsirləndirilən şəxs onun yanında deməmişdir ki, Şahid1 evində tapılan 1 kq narkotik vasitə heroin ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin CAŞ-də inspektor işləyir. Şahid1 ofis kimi işlətdiyi və yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində axtarış aparılması üçün Xəzər rayon məhkəməsinin qərarı əsasında həmin ünvanda axtarış-baxış keçirilməsindən ötrü istintaq əməliyyat qrupu yaradılaraq 19 aprel 2022-ci il tarixdə Şahid1 qeyd olunan ünvanına getmişlər. Müşahidələr apardıqdan sonra videoçəkiliş vasitəsilə tam tərkibdə yaradılmış istintaq əməliyyat qurupu ilə birlikdə həmin ünvana daxil olmuşlar. Təqribən gecə saat 01 raddələrində xx.xx.2022-ci il tarixdə Şahid1 ofis kimi istifadə etdiyi mənzildə axtarış aparılmışdır. Onun iştirakıyla axtarış zamanı salonda masanın üzərində 3 bükümdə spesifik iyə malik toz maddə aşkar olunaraq götürülmüşdür. Sonra zalda olan otaqda divanın altından bir ədəd böyük bükümdə polietilen sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar olunaraq götürülmüşdür. Evin yataq otağına baxış zamanı isə paltar şkafının içərisindən salafan torbada 1 ədəd makarov tipli tapançaya bənzər silah aşakar olunmuş, sonra silahın darağı çıxarıldıqda isə 5 ədəd döyüş sursatı olan patron aşkar edilərək götürülmüşdür. Sonra sanitar qovşağına baxış keçirilərkən isə əlüzyuyanın aşağı hissəsində bir ədəd əl qumbarası və onun hissəsi olan rapal aşkar edilərək götürülmüşdür. Bundan başqa masanın üstündən 3 ədəd bıçaqlar aşkar olunmuşdur. Binə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evində axtarış aparılarkən evin həyətində bir neçə şəxs və evin içərisində də bir neçə şəxs olmasını müşahidə etmişdir. Evdə olan Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilindiyi üçün onlarla birlikdə Xəzər RPİ-ə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Xəzər RPİ-nə gəlmişdir. Araşdırmanın aparılması Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Anar Bəxtiyarova həvalə edildiyindən Təqsirləndirilən şəxs müstəntiqə təqdim olunmuşdur. Sonra Ceyhunun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçinin də iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirildi. Şəxsi axtarış keçirilməmişdən qabaq müstəntiq tərəfindən Ceyhuna hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan «Samsung A32» markalı mobil telefonun üzlüyünün arxa hissəsindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Qızılı kağıza bükülmüş bükülünü açıb içərisinə baxan zaman içərisində qəhvəyi rəngli spesifik qoxuya malik nakrotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün 18 aprel 2022-ci il tarixdə Suraxanı rayonu ərazəisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfidən protokol imzalanmışdır. Sonradan ona məlum olmuşdur ki, təqsirləndirilən şəxs Şahid1 evindən aşkar olunmuş narkotik vasitənin Ceyhuna məxsus olmasını özü könüllü etiraf etmiş, lakin onların yanında Təqsirləndirilən şəxs onlara bildirməmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Ceyhunla dostluq münasibəti var. O, bir neçə gün imiş ki, Türkiyədən gəlmişdir. Hadisə günü də o təxminən 3-4 dəqiqə olarmış ki, Şahid1 ofisi kimi tanıdığı evin həyətinə gəlmişdir. Bu vaxt polis əməkdaşları oraya gəlmişlər. Həmin vaxt orada olan şəxsləri və onu da polislər Xətai RPİ-nə gətirmişlər. Orada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, bildirmişdir ki, onun üzərində heç bir narkotik vasitə yoxdur. Orada olan polislərdən biri onun üzərinə narkotik vasitə qoymuş və bildirmişdir ki, o da getməlidir. Həmin polis əməkdaşının adı və soyadını xatırlamır, onu görsə tanıya bilməz. O, narkotik vasitənin istifadəçisi deyil, nə də Ceyhun ona narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs hazırkı işi üzrə onu dindirmişlər. Onu dindirəndə, müstəntiq onun ifadəsini kompüterdə çap etmiş, lakin, ona imkan yaratmamışdır ki, o həmin ifadələri oxusun. O, həmin dindirmə protokolunu oxumadan imza etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə hökm çıxarılmışdır. Ona 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdir. Barəsində olan həmin iş üzrə o özünü təqsirli bilməmişdir. Şahid1 ofisində divanın altından narkotik vasitə aşkar olunmasını o görməmişdir. Səhv etmirsə X4 ifadələrini özü bildiyi kimi protokola yazmış və oxumağa imkan verməmiş, o da həmin protokolu oxumadan imza etmişdir. O, Təqsirləndirilən şəxs qarşı ifadə verməmişdir. İstintaqda olan ifadələrindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs kimlərəsə narkotik vasitə verməsindən onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məxsus narkotik vasitələri güya Şahid1 ofisində saxlaması barədə onun heç bir məlumatı yoxdur. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 25-27-ci vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «... 18 aprel 2022-ci il tarixdə qəsəbədən tanıdığı və dostluq münasibətində olduğu Ceyhun onunla telefon əlaqəsi saxlayaraq çay içməkləri üçün bir yerdə digər tanışları ilə görüşüb harasa getməklərini demişdir. Bundan sonra o da axşam saatlarında Ceyhunla görüşmək üçün ilkin olaraq Binə qəsəbəsində Anarın ofisi kimi tanıdığı ünvana getmişdir. Həmin vaxt onunla birlikdə həmin ünvana Sənan, Ayət və Etibar da gəlmiş, başqa adamlarda olmuşdur. Həmin ünvanda Ceyhun onlara bildirmişdir ki, günorta saatlarında İran İslam Respublikası vətəndaşından narkotik vasitə olan heroin alıb, lakin həmin şəxsə pul verməyəcək, ona atacaqmış. Eyni zamanda Ceyhun onlara təklif etmişdir ki, narkotik vasitə versin, Ceyhun əlində olan böyük bükülüdən iki xırda hissə olmaqla gümüşü kağıza büküb bir bükümünü ona, digər bükümünü isə Səbuhiyə vermiş, o da həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlətmişdir. Sonra isə Ceyhun həmin özündə olan böyük bükülünü hardasa gizlətmişdir. Bir qədər keçmiş yəni, 19 aprel 2022-ci il tarixdə gecə saatlarında Xəzər RPİ-nin polis əməkdaşları həmin ünvana gəlmişlər. Həmin vaxt onu və digər şəxsləri polis əməkdaşları şübhəli şəxs qismində saxlayaraq Xəzər RPİ-nə gətirib İstintaq şöbəsinə təhvil vermişlər. Həmin yerdə əvvəlcə ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilmişdir. Bundan sonra Xəzər RPİ-də xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığını soruşmuşlar. O, əynində olan tünd göy rəngli cins şalvarın sol cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm maddəni təqdim edib narkotik vasitə hesab olunan kakos, yəni heroin olduğunu və Binə qəsəbəsində Ceyhundan şəxsi istifadəsi üçün aldığını, şəxsi istifadə məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, imza onun imzasıdır, ifadəni təsdiq etmir, ifadəni o oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. O, özü tikinti işləri ilə məşğul olmuşdur. Ev tikib satmışdır. Ceyhunun saxanıldığı ofis bir şəhid ailəsinin olmuş, onun olmamışdır. Həmin ofisdə təmir işləri olmalı imiş. O, Təqsirləndirilən şəxs xahiş etmişdir ki, həmin ofisin təmiri ilə əlaqədar usta tapsın. Ceyhun da ofisi təmir etmək üçün ustalar gətirmişdir. Həmin ofisdə təmir işləri gedirmiş. 19 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən ofisə axtarış-baxış keçirilmişdir. Həmin vaxt stolun üzərində 3 bükümdə narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni Ceyhun ona vermişdir. Narkotik vasitənin qarşılığında o Ceyhuna heç bir məbləğdə pul verməmiş, nə də Ceyhun ondan həmin narkotik vasitəyə görə pul istəməmişdir. Polislər içəri daxil olanda 3 büküm narkotik vasitə onun cibində olmuşdur. Polisləri gördüyü anda üzərindən aşkar olunmasın deyə heç kim bilmədən anidən həmin narkotik vasitəni stolun üzərinə atmışdır. Həmçinin silah sursat barədə və eləcə də həmin silah sursatın kimə məxsus olması barədə hər hansı bir məlumatı olmamışdır. Onun bir ədəd ov silahı olmuşdur. Onun da sənədi olmuşdur. Divanın altından aşkar olunmuş böyük bağlamada narkotik vasitə də ona məxsus olmamışdır. Həmin gün o saxlanılmışdır. Onu buraxmışlar, 3 gün sonra onu yenidən Anar Bəxtiyarov narkotiklə tutdurmuşdur. Eləcə də tərəzi də olmamışdır. Onu özləri yazmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, ofis onun adına olmamışdır, həmin ofis bir nəfər şəhid ailəsinin olmuş, o həmin ofisi təmir etdirirmiş. Onda cəmi 3 büküm olmuş, onu Ceyhun vermişdir. Divanın altında olan narkotik vasitəni oraya kimin qoymasını bilməmişdir. İfadə verəndə müstəntiq demişdir ki, belə ifadə versin, ona görə də istintaq zamanı müstəntiqin dediyi kimi ifadə vermişlər. Təqsirləndirilən şəxs istintaqda ifadəsində 1 kq narkotik vasitənin sonuncüya məxsus olmasını demişdir. Ofisdə təmir gedirmiş, çox uşaqlar var imiş. Elan olunmuş cinayət işinin 1-ci cild 66-67-ci vərəqələrində olan axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Şahid1 bildirmişdir ki, imza onun imzasıdır, lakin 1 kq narkotik vasitə olmasından məlumatı olmamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 68-69-cu vərəqələrində olan axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən şahid Anar İsmaylov bildirmişdir ki, imza onun imzasıdır, tərəzi olmamış, bir ov silahı olmuş, onun da sənədi olmuşdur. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 158-161-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «... Divanın altından aşkar olunmuş narkotik vasitə isə Ceyhunun əlində olan hansı ki, qeyd etdiyim kimi həmin narkotik vasitədən mənə vermiş olduğu büküm idi. …» Elan olunmuş ifadəsinə əsasən Şahid1 bildirmişdir ki, elan olunmuş ifadəni təsdiq etmir. Onda tərəzi və silah olmamış və 1 kq narkotik vasitənin də kimə məxsus olmasını o bilməmişdir. İbtidai istintaq vaxtı o demişdir ki, həmin böyük bağlamada olan 1 kq narkotik vasitə Təqsirləndirilən şəxs məxsusdur. Bunu X16 ona demişdir ki, o ifadəsində belə yazsın, o da belə yazmışdır. Həmçinin müstəntiq X10 razılığı ilə belə ifadə yazılıb, o da imza etmişdir. Müstəntiq demişdir ki, narkotik vasitənin Ceyhuna məxsus olmasını deməlidir. Ceyhunun atası ona demişdir ki, X16a 14.000 manat pul vermişdir. O, müstəntiqə 40-50 min manat pul verməmişdir ki, onu buraxsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitədən istifadə edir. 18 aprel 2022-ci il tarixdə qəsəbədən tanıdığı və dostluq münasibətində olduğu Ceyhun onunla əlaqə saxlayaraq çay içmək üçün bir yerdə digər tanışlarla görüşüb harasa getmələrini demişdir. Bundan sonra o axşam saatlarında Ceyhunla görüşmək üçün ilkin olaraq Binə qəsəbəsində Anarın ofisi kimi tanıdığı ofisə getmişdir. Həmin vaxt onunla birlikdə həmin ünvana Sənan, Ayət və Etibar da gəlmişdir. Orada başqa adamlar da olmuşdur. Həmin gün onun ağrıları olduğundan Suraxanı qəsəbəsində tanımadığı şəxsdən narkotk vasitə almış və həmin narkotik vasitə üzərində olmuşdur. 19 aprel 2022-ci il tarixdə gecə saatlarında Xəzər RPİnin polis əməkdaşları həmin ünvana gəlmişlər. Həmin vaxt onu və digər şəxsləri polis əməkdaşları Xəzər RPİ-nə gətirib İstintaq şöbəsinə təhvil vermişlər. Onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olub-olmadığı soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sol cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm maddəni təqdim etmişdir. Həmin narkotik vasitəni saxlanıldığı gün Suraxanıdan bir nəfərdən almışdır. Hal-hazırda onun barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi var. Narkotik vasitəni o Ceyhundan almamışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 22-24-cü vərəqələrində olan ifadəsində Şahid2 aşağıdakıları göstərmişdir: «... o axşam saatlarında Ceyhunla görüşmək üçün ilkin olaran Binə qəsəbəsində Anarın ofisi kimi tanıdığı ofisə getmişdir. Həmin vaxt onunla birlikdə həmin ünvana Sənan, Ayət və Etibarda gəlmişdir, başqa adamlarda olmuşdur. Həmin ünvanda Ceyhun onlara bildirmişdir ki, günarta saatlarında İran İslam Respublikası vətəndaşından narkotik vasitə olan heroin alıb, lakin həmin şəxsə pul verməyəcəkmiş, həmin şəxsi aldadıb ona kələk gələcəkmiş. Eyni zamanda Ceyhun onlara təklif etmişdir ki, narkotik vasitə versin, o da özü istifadə etmək üçün əlində olan böyük bükülüdən iki xırda hissə olmaqla gümüşü kağıza büküb bir bükümünü ona, digər bükümü isə Sənana vermişdir, o da həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlətmişdir. Sonra isə həmin özündə olan böyük bükülünü hardasa gizlətmişdir. ...Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sol cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir büküm maddəni təqdim edib narkotik vasitə hesab olunan kakos, yəni heroin olduğunu və Binə qəsəbəsində Ceyhundan şəxsi istifadəsi üçün aldığını, şəxsi istifadə məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, elan olunmuş ifadəni təsdiq etmir, imza onun imzasıdır. X16 demişdir ki, belə ifadə verməlidir, o da razılaşmış, müstəntiq belə bir ifadə yazmış, o da imza etmişdir. O bilmir 1 kq heroin kimə məxsus olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında əməliyyat şöbəsində inspektor işləyir. 17 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Şahid1 ofis kimi istifadə etdyi yerdən aşkar olunmuş 1 kq narkotik vasitənin Ceyhuna məxsus olması barədə ərizə yazarkən o orada olmuşdur. Heç kim təqsirləndirilən şəxsə məcbur etməyib elə bir ərizə yazsın. Ona heç kim tövsiyə etməmişdir ki, məhkəmədə belə desin. Ərizə blank formasında olur, ərizə yazan həmin blankda ərizəsini yazır. Təqsirləndirlən şəxs əməliyyat bölməsinin rəisi Elçin müəllimə demişdir ki, könüllü ərizə vermək istəyir. Təqsirləndirilən şəxsə heç kim təsir etməmişdir ki, belə bir ərizə yazsın. Elan olunmuş cinayət işinin 2-ci cild 31-32-ci vərəqələrində olan protokola və protokolda olan imzaya əsasən şahid Namiq Qaraşov bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, o, həmin protokolu təsdiq edir. Onun yanında təqsirləndirilən şəxs könüllü bildirmişdir ki, 1 kq narkotik vasitə ona məxsus olmuş, bu barədə ərizə yazmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında əməliyyat şöbəsində inspektor işləyir. Təqsirləndirilən şəxs özü müraciət etmişdir ki, könüllü ərizə vermək istəyir. Təqsirləndirilən şəxs ərizə təqdim edərək Şahid1 ofisindən aşkar olunmuş 1 kq narkotik vasitənin Ceyhuna məxsus olmasını bildirmişdir. Təqisrləndirilən şəxsi heç kim məcbur etməmişdir ki, belə bir ərizə yazsın. Elan olunmuş cinayət işinin 2-ci cild 31-32-ci vərəqələrində olan protokola və protokolda olan imzaya əsasən şahid Rauf Hacıyev bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Təqsirləndirilən şəxs özü könüllü ərizə vermiş və ona görə də belə bir protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hadisə günü polis əməkdaşları Şahid1 məxsus olan ofisə gələndə o da orada olmuşdur. O, fəhlədir, həmin gün oraya təmirlə ədaqədar getmişdir. Onu da həmin vaxt Xəzər Rayon Polis İdarəsinə aparmışlar. Üzərinə baxış keçirilərkən onun üzərindən heç nə aşkar olunmamışdır. Hal-hazırda onun barəsində Xəzər Rayon Məhkəməsində CM-nin 221.1 və 228.1-ci maddələri ilə işinə baxılır. Onun heç bir silah sursatı olmamışdır. O, ofisə baxış zamanı ofisdən nə aşkar olunmasını görməmişdir. Ofisdən divanın altından 1 kq narkotik vasitə aşkar olunmasından məlumatı olmamış və narkotik vasitəni də görməmişdir. Həmin ofisdə silah olmasından da məlumatı olmamışdır. O, Xəzər RPİ-nin MSY-də bilmişdir ki, evdən 1 kq narkotik vasitə və silah tapılmışdır. Ona müstəntiq demişdir ki, Anarın ofisindən aşkar olunmuş 1 kq narkotik vasitəni Ceyhun boynuna götürüb demişdir ki, Ceyhuna məxsusdur. Ondan istintaq zamanı ifadə alınmış, o, həmin ifadəyə imza etmişdir. İfadədə nə yazılmasını bilməmiş, oxumadan imza etmişdir. O, heç bir silah, qumbara görməmiş, ona məxsus olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudurlar, münasibətləri yaxşı olmuşdur. Ceyhunun atası Məzahir Cahangirov 1-ci qrup gözdən əlildir. Məzahir Cahangirov bir dəfə ona demişdir ki, onu X16un yanına aparsın. O da onu müstəniq A.Bəxtiyarovun yanına aparmışdır. Orada müstəniq Ceyhunun atası ilə söhbət etmiş və bildirmişdir ki, narahat olmasın onun oğluna kömək edəcək, əlindən nə gəlirsə ona qardaşlıq edəcək. Bundan sonra 2-3 gün müstəntiq Ceyhunun atasını get-gələ salmışdır. Sonra demişdir ki, 2-3 min manat pul lazımdır, hansısa sənədlər düzəltməlidir ki, onun uşağını çıxara bilsin. Ceyhunun atası Məzahir kişinin də Binə qəsəbəsində 25.000 manatlıq evi var imiş. Həmin evi təcili həmin ərəfədə 18.500 manata satmışdır. Ceyhun tutulandan təxminən 10 gün sonra ev satılmışdır. Evin satılmasında da o iştirak etmişdir. Çünki kişinin gözü görmür. Binə qəsəbəsində təzə notariusdur, alqı satqı orada olmuşdur. Evi alan şəxsi tanımır, müştəri imiş razılaşmışlar, 18500 manata ev alqı-satqı müqaviləsi bağlanaraq satılmışdır. Ev 25.000 manatlıq ev imiş. Həmin evi əvvəllər 25.000 manata istəmişlər. Evin sənədi var imiş. Bir neçə dəfə get-gəldən sonra müstəntiq Məzahir kişiyə demişdir ki, o gəlməsin, nə lazımdırsa İbiş gəlib gedər, pulu da İbiş gətirər. Bundan sonra müstəntiq nə qədər pul lazım olduğunu ona deyirmiş. Müstəntiqlə «whatsapp» yazışmaları olurmuş, lakin indi qalmayıb, çünki köhnə « whatsapp» yazışmaları yenilənərəkən silinir. Bu söhbətlərdən sonra Anar ona demişdir ki, gedib kişiyə desin ki, 5000 manat pul lazımdır. O da bu barədə Məzahir əmiyə demiş, Məzahir əmi də demişdir ki, nə üçün istəyir, o da Məzahir kişiylə gedərək pulu nə üçün istədiyini soruşmuşdur. Səhər getmişlər müstəntiqin yanına, demişdir ki, onun oğlu bir neçə maddə ilə təqsirləndirilir, onlar silinməlidir, onun oğlunun yerini dəyişməlidir və s. pulu kişidən almaq üçün çox sözlər demişdir. Onun yanında Məzahir əmiyə demişdir ki, 5000 manat versin. 14500 manat ümumilikdə müstəntiqə pul vermişlər ayrı-ayrı vaxtlarda. Ona müstəntiq zəng edirmiş ki, getsin Məzahir kişidən filan qədər pul götürüb ona gətirsin, o da müstəntiqin dediyini Məzahir əmiyə deyirmiş, çünki müstəntiq Məzahir əmiyə demişdir ki, nə sözü olsa ona deyəcək. Bütün pulları o özü aparıb müstəntiqə vermişdir. 3000 manat bir aparmış, 5000 bir dəfə, 1500 manat, 500 manat bir aparıb vermişdir. Məsələn 5000 manatı aparıb müstəntiqə verəndə müstəntiq tək olmuşdur. Pulu Xəzər Rayon Pİ-nin yaxınlığında müstəntiq işıqforun yanında dayanmış, o maşından düşüb aparıb onun öz maşınında vermişdir. Müstəntiqə pulu verəndə maşında tək olmuşdur. 5000 manatı verəndən təxminən 6-7 gün sonra Akademiyanın yanında keçid var, keçidi keçəndən sonra 3000 manatı müstəntiqə vermişdir. Həmin vaxt da o da, müstəntiq də tək olmuşlar. Yəni bunlar hamısı Məzahir əminin iştirakı ilə olmuş, Məzahir əmi müstəntiqə zəng edib deyirmiş ki, İbişlə bu qədər pul göndərmişdir. Onların arasında danışıqlar olurmuş. Sonra bir dəfə də müstəntiq taksi ilə bir nəfər göndərmiş, 160 nömərli avtobusun son dayanacağına, Məzahir əminin evinin yaxınlığına. O, həmin şəxsin adını bilməmişdir. Məzahir əmi ilə danışmış, sonra pulu həmin şəxsə vermişdir. Sonuncu pulu verəndən hardasa 3 gün sonra imiş bu pulu verəndə. Təxminən 3-4 gün sonra müstəntiq ona zəng edib demişdir ki, Məzahir əmi bilməsin, o özündən 500-600 manat pul versin, yoldaşı xəstədir, sonra o həmin pulu ona verər. O da gəlib Məzahir əmiyə demişdir ki, müstəntiq ondan 500-600 manat isəyir, onun da pulu yoxdur versin. Həmin pulu da Məzahir əmi ona vermiş, o aparıb müstəntiqə vermişdir. Sonra Məzahir əmiyə müstəntiq özü zəng etmişdir ki, 2500 manat pul lazımdır, hansısa sənəd almalıdır. Məzahir əmi də ona demişdir ki, 2000 manat pulu var kimdən 500 manat tapa bilərsə aparıb müstəntiqə versinlər. O da 500 manat pul tapıb Məzahir əmiyə vermişdir. Həmin 2500 manatı da müstəntiqə vermişdir. Sonra yenə təxminən 3-4 gün sonra müstəntiq demişdir ki, maşınlar dayanacaqda qalıb, dayanacaq pulu verilməlidir. Hardasa 370 manat pul lazım olduğunu bildirmişdir. Həmin pulu da o idarədən təxminən 100 metr aşağıda vermişdir. Hansı tarixdə nə qədər pul verməyini hazırda dəqiq xatırlamır. Lakin dəqiq bilir ki, cəmi 14500 manat müstəniqə pul verilmişdir. Bütün pulların hamısını o vermişdir. Elə olmuşdur ki, Məzahir əmi ilə də bir yerdə aparıb pulu vermişdir. Onun xatirində belə qalmışdır ki, 5000 manatı verəndə Məzahir əmi də olmuşdur. Verilən pulların müqabilində Məzahir əminin oğlu Ceyhuna heç bir köməklik etməmişdir. Lakin Məzahir əmiyə deyirmiş ki, narahat olmasın, nə lazımdır köməklik olunacaq, 1 kq narkotk onun üstündən götürüləcək və s. belə sözlər deyirmiş. Şahid1 tanıyır. Şahid1 sürücülük etmişdir. X4 yanında Məzahir əmiyə demişdir ki, narahat olmasın, oğlu 1 kq narkotik vasitəni boynuna alsın, Anar onun oğlunu həbsdən çıxaracaq. Anar həbsdən çıxandan sonra o Məzahir əmigildə olanda Anar maşını ilə Məzahir əminin yanına gəlb demişdir ki, narahat olmasın, oğlu onun yükünü götürüb, onun evləri var satacaq, uşağı çox keçməz, 3-5 günə çıxaracaq. Bu sözləri Anar onun yanında Məzahir əmiyə demişdir. «Yükünü götürüb» deyəndə, yəni 1 kq narkotik vasitə Ceyhunun olmadığı halda Anar həbs olunmasın deyə öz üzərinə götürmüşdür, ona görə də Anar Məzahir əmiyə demişdir ki, o oğlunu qoymayacaq içəridə qalsın. O, deyə bilməz nə üçün Anar boynuna almır, lakin o ifadəsində heç nəyi yalan demir. Onun telefon nömrəsi ***-***-**-** olmuşdur. Başqa nömrəsi də olub, «whatsapp»la bu nömrə ilə danışırmış. Müstəntiqlə « whatsapp»sız elə belə də danışırmış. Anar Bəxtiyarovun da telefon nömrəsi onda var, telefon nömrəsi ***-***-**-** olmuş, başqa nömrəsi isə ***-***-**-** olmuşdur. Ancaq « whatsapp»la danışıqlar olmuş, sms olmamışdır. Müstəntiq onunla bütün söhbətləri açıq danışırmış. Çünki Məzahir əmi müstəntiqə demişdir ki, nə söhbət olsa İbişə deyər. Pulları o aparıb X16a vermişdir. Sonra o müstəntiqə demişdir ki, kişinin pullarını qaytarsın, lakin qaytarmamışdır. Sonra ona Anar Bəxtiyarov demişdir ki, Məzahir əmi ona zəng edib orabura şikayət edəcəyini deyir, ona da demişdir ki, əmiyə desin heç yerə gedib şikayət etməsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, oğlu saxlanıldıqdan sonra o istintaqı aparan X16un yanında olmuşdur. O, müstəntiqdən oğluna CM-nin hansı maddəsi ilə cinayət işi başlanmasını soruşmuşdur. Müstəntiq Anar oğluna narkotik vasitədən başqa oğurluq maddəsi ilə də cinayət işi başlandığını ona demişdir. Onun oğlu narkotik vasitənin istifadəçisi olmuşdur. Lakin X16 oğluna nakotik vasitənin satışı ilə məşğul olmasına dair cinayət işi başlamışdır. Sonra da ona bildirmişdir ki, ortalığa bir şey qoysun söhbət edib, razılığa gəlsinlər. O da evini 18.500 manata satmışdır. Bundan sonra müstəntiq ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar istəmişdir. Həmin pulları bir neçə dəfə o özü İbişlə birlikdə aparıb vermiş, bir neçə dəfə də İbişlə göndərmişdir. Cəmi 14500 manat pul vermişdir. O, DİN-nə və Respublika Prokurrluğuna bu barədə şikayətlər də göndərmişdir. Bunu biləndə Anar ona yalvar-yaxar edirmiş ki, ərizəsini geri götürsün, onun pulunu qaytaracaq. Pulları o 1 ay müddətində vermişdir. Müstəntiq deyirmiş ki, oğluna kömək edəcək. Məhkəmədən sonra onu buraxacaqlar. Lakin onları aldatmışdır. İstintaqda oğluna təyin olunmuş vəkili tanımamışdır. Müqavilə ilə də vəkili olmamışdır. Müstəntiq söz vermişdir ki, oğluna kömək edəcək. Oğlu müstəntiqin deməsinə görə Anara məxsus olan narkotik vasitəni boynuna almışdır. Oğluna demişdir ki, o Anarın evindən aşkar olunmuş narkotik vasitəni boynuna alsın, Şahid1 çıxdıqdan sonra ona da kömək olacaq, oğlu da çıxacaq. Anar onun özünə də demişdir ki, oğlu Anarın yükünü götürüb, mütləq Ceyhuna kömək edəcəyəm. Yükünü götürmüş deyəndə, yəni, Anarın evindən aşkar olunmuş narkotik vasitəni oğlu öz boynuna götürmüşdür. O, 1-ci qrup gözdən əlildir, ona görə də müstəntiqə demişdir ki, nə lazım olsa İbişlə danışsın, İbişi yanına göndərəcək. Ona görə də İbiş dəfələrlə onun verdiyi pulları aparıb X16a vermişdir. Pulları ona görə vermişdir ki, oğluna kömək etsin. Lakin, müstəntiq oğluna ağır maddələr vermişdir. Oğlu tutulandan təxminən 10-15 gün sonra müstəntiqə İbişlə birikdə 2000 manat vermişdir. Sonra 1000 manat, daha sonra 3000 manat, 1500 manat, hazırda xatırlamadığı vaxtlarda, müxtəlif məbləğlərdə həm o, həm də İbişin vasitəsilə cəmi 14500 manat müstəntiqə pullar vermişdir. Bir müddət qabaq X16 Xəzər Rayon Məhkəməsinin yaxınlığında onunla görüşüb ona cəmi 2000 manat pul qaytarmış, söz vermişdir ki, qalanını da qaytaracaq, yalvarmışdır ki, DİN-nə və Prokurorluğa şikayət etməsin. Ondan sonra ona pul qaytarmamışdır. Bir dəfə də müstəntiq bir nəfər göndərmiş, pulu ona vermişlər. Elə olmuşdur ki, özü gəlib maşınla götürmüşdür. ***-***-**-** müstəntiqin «votsap» nömrəsi olmuşdur. Bu nömrənin 50 ilə, yəni ***-***-**-** başlayanı da var. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 1-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarovun 09 iyun 2022-ci il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs, Şahid3, Şahid2, X13, X19 barəsində Azərbaycan Respublikası CMnin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin 1-ci cild 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar Hacıyevin 21 mart 2022-ci il tarixli raportundan görünür ki, X5 ərizə ilə müraciət edərək, ona məxsus avtomaşının X14 tərəfindən oğurlanaraq 2280 manat maddi ziyan dəydiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 30-31-ci vərəqələrində olan 08 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X14 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 50-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarovun 15 aprel 2022-ci il tarixli raportundan görünür ki, X6 07 aprel 2022-ci il tarixdə saat 22 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Təqsirləndirilən şəxs “Astarxan Anar” ləqəbli Şahid1, “Ayyət” adlı, “Həmid” adlı və digər naməlum şəxslər ilə birlikdə cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Məscidin yaxınlığında yerləşən fərdi yaşayış evində ictimai qaydanı kobud surətdə pozaraq X38 oğlunu silah qismində istifadə etdikləri əşya ilə, əlləri və ayaqları ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq xuliqanlıq etmişlər. Cinayət işinin 1-ci cild 64-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 5(003)- 144/2022 saylı axtarış aparılmasına dair qərarından görünür ki, Şahid1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evindı axtarış aparılması qərara alınmışdır. Cinayət işinin 1-ci cild 66-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2022-ci il tarixli axtarış və götürmə barədə protokoldan görünür ki, Şahid1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində axtarış aparılmışdır. Axtarış zamanı Şahid1 yaşadığı evində qonaq otağında masanın üzərində 3 bükümdə hər biri gümüşü falqaya bükülmüş içərisində spesifik iyə malik tozşəkilli qəhvəyi maddə aşkar edilmişdir. Bundan başqa, otaqda yerləşən divanın saxlama yerindən 1 ədəd böyük bükümdə polietilen sellofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddə olan büküm götürülmüşdür. Həmin mənzildə yataq otağından paltar şkafının üstündən 1 ədəd sellofan torbanın içərisində 1 ədəd «Makarov» tipli tapançaya bənzər silah aşkar edilmişdir. Həmin silahın darağ hissəsində beş ədəd patron olmuşdur. Həmçinin, mənzilin sanitar qovşağına baxış keçirilən zaman, əlüz yuma krantının aşağı hissəsində 1 ədəd əl qumbarası və onun hissəsi olan zapol aşkar edilmişdir. Bundan başqa, evin zalında masanın üzərində 3 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükümlər və predmetlər qablaşdırılaraq götürülmüşdür. Axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 68-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2022-ci il tarixli axtarış və götürmə barədə protokoldan görünür ki, Şahid1 məxsus Suraxanı rayonu, Südçülük sovxozunda yerləşən sonuncunun ailəsinin yaşadığı evində axtarış aprılmışdır. Axtarış zamanı otaqda olan künc divanının üstündə olan yastıqların arxasından 1 ədəd ov silahı, ov silahının darağından 10 ədəd patron aşkar edilmişdir. Həmçinin, evin mətbəxindən mətbəx mebelinin üzərində «Capocity 200GX 0.01 G» yazısı olan kiçik ölçülü elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş ov silahı və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 116-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2022-ci il tarixli baxış, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan özünə məxsus «Samsung A32» markalı mobil telefonun üzlüyünün arxa hissəsindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükülünün içərisindən qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik maddə aşkar edilmişdir. Sorğu zamanı, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, Suraxanı rayonundan tanımadığı, anket məlumatlarını bilmədiyi, lakin, üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş büküm götürülmüşdür. Şəxsi axtarış zamanı vidoeçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 130-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2022-ci il tarixli 6/2239 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Şahid1 məxsus evdən götürülmüş 1 ədəd büküm” yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1005 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata təqdim edilmiş, üzərində:“vət.Şahid1 məxsus evdən götürülmüş 3 ədəd büküm” yazısı və imzalar olan zərfdəki 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,202qr, 0,309qr, 0,287qr, ümumi təmiz çəkisi 0,798 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “vət. Şahid1 məxsus evdən götürülmüş elektron tərəzi” yazısı və imzalar olan zərfdəki bir ədəd üzərində “Capacity 200g x 0,01 g” yazısı olan qara-boz rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Vət. Şahid1 yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1005,798 qram təşkil edir (1kq 5,798qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 136-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 19 aprel 2022-ci il tarixli 6/2237 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs aşkar edilmiş büküm» yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,005 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1(bir) ədəd bükümdəki heroin, vət. Şahid1 yaşadığı evdən götürülmüş 04 ədəd bükümdəki heroinlərlə (19 aprel 2022-ci il tarixli 6/2239 saylı ekspert rəyi) kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 2-ci cild 31-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əl yazısı ilə yazılmış və imzalanmış Təqsirləndirilən şəxs ərizəsindən və cinayət işinin 2-ci cild 32-ci vərəqəsində olan 17 may 2022-ci il tarixli cinayəti könüllü etiraf etmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Ədliyyə Nazirliyi PX-nin 3 saylı istintaq Təcridxanasında olarkən, Şahid1 məxsus evdə divanın saxlama yerindən tapılmış 1 kiloqrama yaxın narkotik vasitəni divanın altına özünün yerləşdirdiyini, həmin vaxt həyəcanlı olduğuna görə bu barədə heç kimə demədiyini, bu cinayəti vicdanının təmizlənməsi üçün etiraf etdiyini və bu barədə aidiyyatı orqanlara məlumat verilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cild 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 iyul 2022-ci il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan mobil telefonun üzlüyünün arxasından qızılı rəngli kağıza bükülmüş bir ədəd büküm çıxardığı, həmin bükümə baxış keçirildikdə, içərisində tozşəkilli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 91-92-ci vərəqələrində olan 19 aprel 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Şahid1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 198-205-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 4(003)-189/2022 saylı qərarı ilə Şahid1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 235-236-cı vərəqələrində olan 19 aprel 2022-ci il tarixli tutma barədə protokoldan görünür ki, X15 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 245-251-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 4(003)-197/2022 saylı qərarı ilə X15 barəsində həbs qətimakn tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 39-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarovun 20 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə, barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi və təqsirləndirilən şəxsin həbsdən azad olunması barədə qərarından görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 221.2.1, 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin 2-ci cild 70-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarovun 02 iyun 2022-ci il tarixli ittiham elan etmək üçün şəxsin tutulması barədə axtarışa və cinayət təqibinə xitam verilməsi barədə qərarından görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə və barəsində olan axtarışa xitam verilmişdir. Cinayət işinin 2-ci cild 47-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarovun 25 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarının tövsif olunması və cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması barədə qərarından görünür ki, Şahid1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 221, 228, 234.4.3 və 234.4.1-ci maddələrinin tərkibi mövcud olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmiş; Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış; X15 barəsində Azərbaycan Respublikası CM-nin 221.1 və 228.1-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cild 78-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarovun 09 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə, barəsində seçilmiş iltizam qətimkan tədbirinə xitam verilməsi və cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması barədə qərarına əsasən, X7 əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.2.2-ci maddələri ilə tövsif edilmişdir. Həmin cinayət işi materiallarından Təqsirləndirilən şəxs, Şahid3, Şahid2, X13, X19 barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılması qərara alınmışdır. Cinayət işinin 2-ci cild 94-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarovun 28 iyun 2022-ci il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs, Şahid3, Şahid2, X13, X19 barəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin 2-ci cild 112-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli ittiham aktının surətindən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cild 118-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(003)- 328/2022 saylı qərarı ilə Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin iş üzrə verilmiş ittihama əsasən, Şahid1 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünün istifadəsi üçün üç bükümdə narkotik vasitə heroin alması müəyyən edilmişdir. Həmin hökmdə Şahid1 ifadəsindən görünür ki, sonuncu özünü təqsirli bilərək, ofis kimi işlətdiyi evindən masanın üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmuş və həmin narkotik vasitəni pay olaraq, ödəniş etmədən Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmçinin, həmin hökmdə elan edilmiş iş üzrə şahid Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, sonuncu Şahid1 narkotik vasitə verməsini etiraf etmişdir. Cinayət işinin 2-ci cild 128-136-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən tərtib edilmiş 07 iyun 2022-ci il tarixli ittiham aktının surətindən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 221.1 və 228.1-ci maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cild 138-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli ittiham aktının surətindən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cild 155-160-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, Rafiq Qarayev tərəfindən tərtib edilmiş 28 iyul 2022-ci il tarixli ittiham aktının surətindən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(003)-435/2022 saylı qərarı ilə Şahid3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin iş üzrə verilmiş ittihama əsasən, Şahid3 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünün istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə heroin alması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 194-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarovun 07 avqust 2022-ci il tarixli cinayət işindən material ayrılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün, Təqsirləndirilən şəxs barəsində olan cinayət işindən material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, şəxsi axtarış zamanı ondan 2 qramdan biraz çox heroin aşkar edilmişdir, o nə Şahid1, nə Şahid3, nə də başqa kiməsə narkotik vasitə satmamış, Şahid1 evindən tapılmış 1 kq narkotik vasitə ona məxsus olmamış, ona köməklik olunacağını bildirdikləri üçün 1 kq narkotik vasitəni öz üzərinə götürmüşdür. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində iş üzrə istintaqı aparan X16un ona Şahid1 adlı şəxsin azadlığa çıxandan sonra kömək edəcəkini, ona görə Anarın evindən çıxan 1 kq narkotik vasitəni boynuna götürməsini bildirdiyini göstərmişdir. Həmçinin, qeyd etmişdir ki, o, sonradan eşitmişdir ki, Anar 50 min manat cinayət işini aparan X16a verib və sonuncu Anarı məsuliyyətə cəlb etməmişdir. Lakin bu barədə rayon prokurorluğu eşitmiş və 14 gün sonra Anarı yenidən tutmuşlar və işi başqa müstəntiqə vermişlər. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsində aşağıdakıları göstərmişdir: “...18 aprel 2022-ci il tarixdə qəsəbədən tanıdığı və dostluq münasibətində olduğu Ceyhun onunla telefon əlaqəsi saxlayaraq çay içməkləri üçün bir yerdə digər tanışları ilə görüşüb harasa getməklərini demişdir. Bundan sonra o da axşam saatlarında Ceyhunla görüşmək üçün ilkin olaraq Binə qəsəbəsində Anarın ofisi kimi tanıdığı ünvana getmişdir. Həmin ünvanda Ceyhun onlara bildirmişdir ki, günorta saatlarında İran İslam Respublikası vətəndaşından narkotik vasitə olan heroin alıb, lakin həmin şəxsə pul verməyəcək, ona atacaqmış. Eyni zamanda Ceyhun onlara təklif etmişdir ki, narkotik vasitə versin, Ceyhun əlində olan böyük bükülüdən iki xırda hissə olmaqla gümüşü kağıza büküb bir bükümünü ona, digər bükümünü isə Səbuhiyə vermiş, o da həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sol yan cibində gizlətmişdir. Sonra isə Ceyhun həmin özündə olan böyük bükülünü hardasa gizlətmişdir. …» Bundan başqa, Şahid3 barəsində olan Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə, Xəzər Rayon Məhkəməsində Şahid3 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edirmiş, 18 aprel 2022-ci ildə Ceyhunla görüşən zaman Ceyhunun İran vətəndaşından narkotik vasitə heroin aldığını bildirdiyini, onlara narkotik vasitə təklif etdiyini və iki xırda bükülüdə bir bükümünü ona, bir bükümünü isə Səbuhiyə verdiyini, Ceyhunun özündə olan böyük bükülünü isə harada isə gizlətdiyini göstərmişdir. Həmin iş üzrə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(003)-435/2022 saylı hökmü ilə Şahid3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsindən daxil olmuş 26 oktyabr 2022-ci il tarixli, 1(003)- 435/2022 saylı məktubdan görünür ki, Şahid3 barəsində olan Xəzər Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü 12 oktyabr 2022-ci ildə qanuni qüvvəsini almışdır. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 həm istintaq zamanı verdiyi ifadəsində, həm də məhkəmə iclasında verdiyi ifadəsində axtarış zamanı evindən masanın üzərindən aşkar edilmiş üç büküm narkotik vasitə heroini Təqsirləndirilən şəxs pay aldığını, onun müqabilində Ceyhuna pul vermədiyini bildirmişdir. Həmçinin, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Xəzər Rayon Məhkəməsində araşdırılan cinayət işi üzrə məhkəmə iclasında da verdiyi ifadəsində ofis kimi işlətdiyi evindən masanın üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmuş və həmin narkotik vasitəni pay olaraq, ödəniş etmədən Təqsirləndirilən şəxs aldığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin iş üzrə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1(003)-328/2022 saylı qərarı ilə Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsindən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli, 1(003)- 328/2022 saylı məktubdan görünür ki, Şahid1 barəsində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü 20 iyul 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.6-cı maddəsinə görə birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Qeyd etmək lazımdır ki, iş üzrə məhkəmə baxışında yuxarıda adları sadalanmış Şahid3, Şahid1 və Şahid2 ibtidai istintaq orqanına və Xəzər rayon Məhkəməsində verdiyləri ifadələrindən fərqli olaraq bildirmişlər ki, narkotik vasitələri Təqsirləndirilən şəxs yox, başqa şəxslərdən əldə etmişlər. Məhkəmə, qeyd olunan şahidlərin məhkəmədə istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadə vermələrini sonuncuların İstintaq Təcridxanasında saxlandığlarını, orada istintaq altında olan şəxslərin «üzünə durması», onların arasında namərdcasına yanaşma kimi qarşılandığını və müəyyən olunmuş «yazılmamış qaydalar»a zidd olmasını nəzərə alır. Məhkəmə kollegiyası, Şahid3, Şahid1 və Şahid2 məhkəmədə, ibtidai istintaq zamanı verdiyləri ifadələrindən fərqli ifadələr verib, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onların məhkəmə iclasında verdiyi ifadələrini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Bundan başqa, iş üzrə "xxxx" MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinə baxış keçirilən zaman aşağıdakı məzmunda yazışmalar olması müəyyən edilmişdir: -xx.xx.2022-ci ildə saat 01:10:21-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Sentirdeyem gel verim kola veziyetden cix”; -xx.xx.2022-ci ildə saat 17:38:47-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “Qaqaw lirikani daniwdi birden yadinan çixar denen daniwsin”. Elan olunmuş sms mətnlərinə əsasən Təqsirləndirilən şəxs həmin yazışmaları xatırlamadığını bildirmişdir. Məhkəmə iclaslarında proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, cinayəti könüllü etiraf etməsinə dair İstintaq Təcridaxanasında yazdığı ərizəni müstəntiq demiş, belə bir ərizə yazsın ki, 1 kq narkotik vasitə onun olmuş, o da ərizəni yazmışdır. Buna görə onu 07 may 2022-ci il tarixdə aparmışlar 3 saylı İstintaq Təcridxanasına və orada Anar Bəxtiyarovun dediyi ərizə mətnini yazdıqdan bir saat sonra onu yenə də Xəzər RPİ-nin MSY-nə etap etmişlər. Onu Xəzər RPİ-nin MSY-dən 3 saylı İstintaq Təcridxanasına aparandan sonra cəmi 30 dəqiqə və ya 1 saat orada qalmış və ərizəni yazan kimi onu yenidən Xəzər RPİ-nin MSY-ə gətirmişlər. Təqsirləndirilən şəxsin həmin hissədə olan ifadələrini yoxlamaqdan ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinə sorğular göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 06 oktyabr 2022-ci il tarixli, xx/xx-4780 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə Xəzər RPİ-nə etap edilmişdir. Həmçinin, Bakı Şəhər Xəzər Rayon Polis İdarəsindən daxil olmuş 21 oktyabr 2022ci il tarixli, 055-24764-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci ildə saat 11:00-da 3 saylı X2 RPİ-nin MSY-nə etap edilmiş və xx.xx.2022-ci ildə 3 saylı İstintaq Təcridxanasına geri qaytarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünümüdafiə və məsuliyyətini yüngülləşdirmə xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi ilə aparılan sms danışıqlarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Həmçinin, iş üzrə Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatət əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş şəxslər- İbiş Əliyev və X8 məhkəmə iclasında verdikləri ifadələrində işin istintaqını aparan Xəzər RPİ-nin müstəntiqi X21 Əhədzadəyə köməklik olunması üçün danışıqlar apardıqlarını, X16a pul verilməsi üçün, Məzahir Cahangirova məxsus evini 18.500 manata satıldığını və müxtəlif vaxtlarda və müxtəlif yerlərdə X16a Təqsirləndirilən şəxs barəsində araşdırılan cinayət işi üzrə sonuncuya köməklik edilməsi üçün ümumilikdə 14.500 manat pul verdiklərini, X16un Təqsirləndirilən şəxs heç bir köməklik etmədiyini və verilmiş pulu geri qaytarmadığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 17 aprel 2012-ci il tarixli Plenumunun qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CPM-nin 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxs və onun qanunu nümayəndəsinin, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxıla bilər. Azərbaycan Respublikasının CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə dövlət iitihamçısının vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Baxılan iş üzrə məhkəmə prosesində təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə dövlət ittihamçısının mövqeyi öyrənilmiş, lakin o, belə bir vəsatət qaldırmamışdır. Azərbaycan Respublikasının CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunu müəyyən etmək məhkəmənin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Anar Bəxtiyarovun rüşvət alması ilə bağlı həmin hallara istintaq yolu ilə aydınlıq gətirilməsi və hüquqi qiymət verilməsi üçün cinayət işi materiallarından zəruri sənədlərin təsdiq olunmuş surətləri və Məlumat ibtidai araşdırımaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 28-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 aprel 2022-ci il tarixli tələbnamədən və cinayət işinin 2-ci cild 174-178-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 1(101)-1106/2013 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli, 1120 saylı əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 74-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X32 Şəxsinin 18 may 2022-ci il tarixli 2586 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 19 aprel 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 108-109-cu vərəqələrində olan 19 aprel 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 206-212-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 4(003)-190/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus və ekspertizadan sonra qalıq qalmış 1,955 qram və 1004,8 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməli, 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus və ekspertizadan sonra qalıq qalmış 1,955 qram və 1004,8 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar