Məhkəmə qərarları › İş №1(101)-1609/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1609/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1609/2024 24.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Sədərək Ərazi Dairəsi, Sədərək kəndində qeydiyyatda olan, faktiki Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 6,851 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 11 fevral 2024-cü il tarixdə saat 15:05-də Nizami rayonu, T.Abbasov küçəsi 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda - 6,851 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, onun heç bir günahı yoxdur, nəyə görə həbs olunmasının səbəbi bu günə qədər ona bəlli deyil. Belə ki, 11 fevral 2024cü il tarixdə Nizami rayonunda “Məşədibəy” restoranında oturub yemək yeyərkən polis əməliyyatçıları gəlmiş və heç bir səbəb olmadan onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar, daha sonra isə onu Kürdəxanıya göndərmişlər. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, avtomobil satışı ilə məşğul olmuş, heç vaxt polislərlə hər hansı bir problemi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, ona özünü qismən təqsirli bilməsi ilə bağlı həmin ifadəyə məcburi qol çəkdirmişlər. O, elə ifadə verməmişdir və yazılan ifadəni oxumamışdır. Həmin ifadə ona oxunmamış, sadəcə “qol çək” deyilmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni ona Baş İdarədə vermişlər, sonra isə üzərinə axtarış keçirmişlər. Özünün şəxsi vəkili olmamış, ona vəkil təyin olunmuş, amma üzərinə şəxsi axtarış keçirilən zaman və şübhəli şəxs qismində dindirilərkən həmin vəkil iştirak etməmişdir. İmzaladığı protokolları və digər sənədləri oxumadan imzalamışdır. O, narkotik vasitə istifadəçisi olmamış, idmanla məşğul olmuşdur. Onu saxlayan şəxslər tərəfindən ona fiziki və psixoloji təzyiq olunmuş, amma hər hansı ciddi xəsarət almamışdır. O, Baş İdarədə 3 gün saxlanılmış, məhkəməyə üçüncü gün çıxarılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Əməliyyatçılar onu niyə Baş İdarəyə apardıqlarına dair heç nə deməmişlər. Tutulandan sonra qanunsuz tutulduğu və hüquqlarının pozulduğuna dair hər hansı hüquq-mühafizə orqanına müraciət etməmiş, Ombudsmana bir neçə dəfə müraciət yazmış, amma göndərilməmişdir. O, heç zaman narkotik vasitə istifadə etməyib, uşaqlıqdan ibadət edir, dindar ailədəndir, 2018-ci ildə Kərbəlada olub. 2019-cu ildə bir dəfə Həcc ziyarətində olmuş, bunun da xərcini həmin adamlar çəkmişlər. Bəzi Həcc yoldaşları var ki ona alver üçün pul verməklə köməklik etmiş, o da maşın satışlarını həyata keçirmişdir. 2018-ci ildən bu işlə məşğul olmuşdur. Ona avtomobil işi ilə bağlı kömək edən yoldaşları da avtomobil satışından pul qazanır. Valideynləri o hələ körpə ikən dünyasını dəyişmişdir, bacı-qardaşı yoxdur, onu dayısı böyütmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, arada narkotik vasitə olan heroindən istifadə etmişdir. 10 fevral 2024-cü il tarixdə yolun kənarından bir ədəd bükümdə heroin tapmışdır. O “kakos” istifadə etdiyindən həmin maddəni üzərində saxlamışdır. O, heroin istifadə etmiş, amma bu maddələrin satışı ilə məşğul olmamışdır. 11 fevral 2024-cü il tarixdə saat 15:00 radələrində idarə etdiyi “Toyota” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib üzərində narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu idarə etdiyi “Toyota” markalı **- SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üstünə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir.Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü və 01 ədəd avtomobil açarını, şalvarın sol yan cibindən “İphone” markalı mobil telefonu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisində narkotik vasitə olan heroin olması müşahidə edilmişdir. Bundan sonra aşkar olunmuş maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrə olmasını bildirmişdir. Həmin mobil telefon götürülmüşdür. Bundan soma təqdim etdiyi 01 ədəd açarı idarə etdiyi “Toyota” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olmasını və avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını və avtomobilə baxışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd qara rəngli avtomobil açarı ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, narkotik vasitə istifadəçisi olmadığını, üstündən aşkar edilmiş maddəni xx.xx.2024-cü il tarixdə yaşadığı ərazidən yerdən tapdığını, həmin maddəni şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobildən iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış, baxış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O bir müddətdir heroin istifadə etdiyini bildirmişdir. Onun üzərində narkotik vasitə olması barədə başqa şəxslərin məlumatı olmamışdır (cild 1, iş vərəqə 66-68, 80-82, 159-161, 162-163). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid göstərdi ki, 11 fevral 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 11 fevral 2024-cü il tarixli qərar çıxarılmış və Baş idarənin əməkdaşları - əməliyyat müvəkkili X1, X4 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu ünvan 3 ünvanına yola düşmüşlər. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 15:05 radələrində ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs “Toyota” markalı **-SE-*** nömrə nişanlı avtomobilin yanında saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün baç idarəyə dəvət edilmiş, qeyd edilən avtomobillə birlikdə müşayiətləri altında Baş İdarəyə gətirilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və ona ilə müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi, bununla bağlı videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmiş, sonuncu da buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü və 01 ədəd avtomobil açarını, şalvarın sol yan cibindən “İphone” markalı mobil telefonu çıxardıb masanın üstünə qoymaqla təqdim etmişdir. Təqdim edilən 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı içərisində narkotik vasitə heroinə bənzər maddə olması müşahidə edilmişdir. Bundan sonra aşkar olunmuş maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsusu bir ədəd “İphone” markalı mobil telefon da götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd açarın idarə etdiyi “Toyota” markalı avtomobilin açarı olduğunu, avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını, avtomobilə baxışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmadığını, üstündən aşkar edilmiş maddəni 10 fevral 2024-cü il tarixdə yaşadığı ərazidən yerdən tapdığını, həmin maddəni şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, amma avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı təzyiq-təsir olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmadığını, üstündən aşkar edilmiş maddəni 10 fevral 2024-cü il tarixdə yaşadığı ərazidə yerdən tapdığını, həmin maddəni şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 26-28). Məhkəmə-kimyəvi ekspertizanın 12 fevral 2023-cü il tarixli 3-16-16/2-6/827 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,851 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 6,801 qram təşkil etmişdir (cild 1, iş vərəqə 45-49). Məhkəmə-kimyəvi ekspertizasının 23 fevral 2024-cü il tarixli 649/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid və tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir (cild 1, iş vərəqə 129-132). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 fevral 2024-cü il tarixli 867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabiodilərdən və opioidlərdən epizodik isitfadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP(+), THC(+) aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir dəfə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə və narkotik vasitə olan heroindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 133-134). Əməliyyat tapşırığına cavab olaraq verilmiş 27 fevral 2024-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 122). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 97-98). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların əldə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısının, həmin nömrələrin abonentlərinin anket məlumatlarının, qəbul olunan və göndərilən SMS mətnlərinin, onların qeyd olunan müddətdə anten dairəsi barədə məlumatların "xxxx" MMC-dən götürülməsi barədə vəsatətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 28 fevral 2024-cü il tarixli qərarı ilə vəsatət təmin edilmişdir. "xxxx" MMC-nin 06 mart 2024-cü il tarixli məktubu ilə yuxarıda qeyd olunan məlumatlar CD disk şəklində təqdim edilmişdir. Həmin diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı cinayət işi üzrə hər hansı əhəmiyyətli hal müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İphone” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilərkən də cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək heç bir məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqə 96, 118-119, 123, 125-127). Məhkəmə təqsirləndirilən şəxsin və şahidin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərindən tapılmış narkotik vasitənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, satışla bağlı ittihamı qəbul etməyərək özünü qismən təqsirli bilməklə narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 6,851 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşının ifadəsi, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı narkotik vasitənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyatının olmamasına, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üstünə qoyulmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan miqdarda narkotik vasitə olan heroini əldə etməsinə dair ibtidai istintaqın zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 11 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 18, 88-92). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,801 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 46,184). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,801 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar