Məhkəmə qərarları › İş №1(101)-1610/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1610/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1610/2022 19.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 28 iyun 2022-ci il tarixdə günorta saatlarında şəxsiyyəti istintaqa məlum olmayan qeyrisindən, sonuncunun sosial şəbəkə vasitəsilə göndərdiyi elektron kart hesabına 30 manat məbləğində pul köçürməklə qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda - ümumilikdə təmiz çəkisi 4,834 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 29 iyun 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, 6-cı köndələn küçəsi, 9/1 saylı evin yaxınlığında saxlanılaraq 23-cü Polis Bölməsinə gətirilmiş, Bölmədə üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində külli miqdarda - təmiz çəkisi 4,834 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, tutulmazdan təxminən bir il əvvəldən başlayaraq “şüşə” və “patı” kimi adlandırılan metamfetamin, habelə “nəşə” kimi deyilən marixuanadan istifadə etmişdir. 28 iyun 2022-ci il tarixdə səhər saatlarında özünü iranlı kimi təqdim edən tanımadığı şəxlə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, “WhatsApp” vasitəsilə danışmışlar. İranlının narkotik satdığını biləndən sonra ondan metamfetamin istəmişdir. Həmin iranlı da ona satacağı metamfetaminin pulunu ödəmək üçün bank kartının şəklini göndərmiş və “malı” götürmək üçün kartına əvvəlcə 30 manat pul yükləməli olduğunu bildirmişdir. Razılaşmış və həmin kart hesabına ödəmə terminalı vasitəsilə 30 manat pul yükləmişdir. Bundan sonra həmin gün günorta saatlarında iranlının ona dediyi ünvandan - Abşeron rayonunun Masazır qəsəbəsində, dairəvi yolun kənarından bir ədəd sellofan bağlamanı götürmüşdür. Həmin yerdən 30-40 metr uzaqlaşdıqdan sonra bağlamaya baxmış və orada metamfetamin olduğunu görmüşdür. Bağlamanı cibinə qoyub Nizami rayonunda yerləşən yaşadığı evə getmiş, axşam saatlarında metamfetamindən az miqdarda istifadə etmişdir. 29 iyun 2022-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən polislər ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitə əldə etməkdə, istifadə etməkdə şübhəli olduğunu bildirərək onu Polis Bölməsinə aparmışlar. Polislər onu 23-cü Polis Bölməsinə aparmışlar. Bölmədə ona hüquq və vəzifələrini izah etmiş, dövlət hesabına vəkillə təmin olunmuşdur. Daha sonra vəkil və polislərin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ona edilmiş təklifdən sonra şalvarının cibindən içərisində metamfetamin olan bir ədəd sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin maddə zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa şalvarının sol cibində olan bir ədəd “İphone” markalı mobil telefonu da təqdim etmişdir. Ondan metamfetamini haradan əldə etdiyi soruşulmuş və səmimi olaraq tanımadığı iranlının kart hesabına 30 manat məbləğində pul göndərməklə Masazır qəsəbəsində yerləşən dairəvi yolun kənarından 28 iyun 2022-ci il tarixdə gedib götürdüyünü demişdir. Daha sonra şəxsi axtarış davam etdirilmiş, amma üstündən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, o və polis əməkdaşları həmin protokolu imzalarıyla təsdiq etmişlər. Etdiyi əməldən peşmandır. Ahıl yaşlı anasından başqa kimsəsi yoxdur. Anasını da bu hərəkəti ilə ağır vəziyyətə saldığı üçün xəcalət çəkir. Məhkəmədən bütün bu halların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı məhkəmədə verdiyi ifadəsində tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23cü Polis Bölməsinin sahə rəisi X5 göstərdi ki, 29 iyun 2022-ci il tarixdə Emil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadəsi ilə bağlı 23-cü Polis Bölməsinə məlumat daxil olmuş, buna görə də Emilin ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 29 iyun 2022-ci il tarixdə saat 21 radələrində Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və o, Emilin Nizami rayonu, 6-cı köndələn küçəsi, ev 9/1 ünvanın yaxınlığında dayandığını görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs tanış edib qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və istifadə etməsində şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla 23-cü Polis Bölməsinə getməsi təklif olunmuşdur. Emil də etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə getmişdir. Bölmədə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunaraq 6 saylı Vəkil Bürosunun vəkili çağırılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində metamfetamin olan bir ədəd sellofan bağlamanı təqdim etmişdir. Bundan sonra bağlamaya baxış keçirilmiş, sellofan bağlama təhqiqatçı tərəfindən açılmış və bağlamanın içərisində ağ rəngli, bərk halda olan metamfetamin aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq qablaşdırılmş və götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs şalvarının sol yan cibində olan bir ədəd “İphone” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs metamfetamini haradan əldə etdiyini soruşduqda o, həmin metamfetamini tanımadığı İran İslam Respublikasının vətəndaşı olan şəxsin kart hesabına 30 manat məbləğində pul göndərməklə, sonuncunun dediyi yerdən, yəni Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən dairəvi yolun kənarından 28 iyun 2022-ci il tarixdə götürdüyünü demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Sahə rəisi olaraq Emili tanımış, ətrafda xeyli müddət əvvəldən narkotik vasitə istifadəçisi kimi tanındığı barədə məlumatı olmuşdur. Narkotiklərə qurşandığı üçün Emil anasını tək qoyub dəfələrlə evdən çıxıb getmiş, anası da həmişə şifahi müraciətlərində şikayətlənərək övladını həmin yoldan çəkindirməkdə aciz olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 şahid X4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bağlamanı İran İslam Respublikasının vətəndaşından onun kart hesabına 30 manat məbləğində pul köçürərək aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29- 30,52). Məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2022-ci il tarixli 6/3627 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,834 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 4,784 qram təşkil etmişdir (cild 1, iş vərəqə 36-40). Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 13 iyul 2022-ci il tarixli 3776 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 101-102). Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 04 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 128-130). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 86). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 29 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 72-74). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 iyun 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,784 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 37,142). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,784 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar