Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1611/2021 28.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi,ev 89 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş,hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Ələddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Ələddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 07 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, 20 sentyabr 2021-ci il tarixə məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Təqsirləndirilən şəxs Ələddin oğlu təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan "Həci" adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 25 may 2021-ci il tarixdə “Kubinka" adlanan ərazidə “Həci" adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq təmiz çəkisi 0,432 qram təşkil edən narkotik vasitə olan heroini və təmiz çəkisi 0,060 qram təşkil edən psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 26 may 2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,402 qram və 0,030 qram olmaqla, ümumi təmiz çəkisi 0,432 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üç bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,022 qram, 0,023 qram və 0,015 qram olmaqla, ümumi təmiz çəkisi 0,060 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin cinayət işi 27 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış, ibtidai istintaq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən yekunlaşdırılmışdır. Cinayət işi üzrə ittiham aktı 31 avqust 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək həmin gün baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 07 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 20 sentyabr 2021-ci il tarixə təyin edilmiş hazırlıq iclası dövlət ittihamçısının cinayət işi ilə tanış olmaq üçün vaxt istəməsi səbəbindən 28 sentyabr 2021-ci il tarixə təxirə salınmışdır. 28 sentyabr 2021-ci il tarixə təyin olunmuş hazırlıq iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289 və 290.3.2 maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab olunur və bu qanun pozuntusuna yol verildikdə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar göstərilməlidir. Lakin, ittiham aktının tərtibi qaydası bu hissədə kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işi üzrə tərtib olunmuş ittiham aktına əsasən təqsirləndirilən şəxs guya ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilmişdir. Lakin müəyyən edilmişdir ki, 14 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbirinin uzadılmasına dair təqdimata baxılarkən təqsirləndirilən şəxs müstəntiqin iştirakı ilə keçirilən məhkəmə prosesi zamanı bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmur, ümumiyyətlə istintaqda qeyd olunan “Həci” adlı şəxsi tanımır, narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir, şahidlər də ona qarşı qərəzlidir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünün müdafiəsi üçün dəlillər gətirmişdir, bu da müstəntiq tərəfindən vəsatət kimi qəbul olunmalı olduğu halda qiymət verilməmiş, eyni zamanda ittiham aktının tərtibi qaydası kobud şəkildə pozulmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs Ələddin oğluna qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham yalnız şəxsin özünün guya “etirafedici” ifadələrinə əsaslanmış, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını və ya satmaq niyyətində olmasını müəyyən edən başqa sübutlar - istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi və işin digər halları nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb, məhkəmə prosesinin digər iştirakçılarının fikrini dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə yol verilmiş pozuntular məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil və bu səbəbdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 306.1-ci madəsinə əsasən məhkəmə hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6 cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxartmaqla yanaşı, həmçinin Məcəllənin 306.1.3-cü maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə məsələyə baxılmalıdır. Təqsirləndirilən şəxs barəsində ibtadi araşdırma zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 may 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 306.1.3-cü maddəsini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ələddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri 2 (iki) ay müddətinə uzadılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1. və 300.1.5, 303.3.6, 303.4, 306.1, 307.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinin tələblərinin kobud surətdə pozulmasına yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 2(iki) ay müddətinə uzadılsın. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-1611/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1611/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver