Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1612/2025 29.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Tolstoy küçəsı, ev 7-də qeydiyyatda olan, Binəqədi rayonu, 28 May qəsəbəsi, ev 1A-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs 20 mart 2025-ci il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında tanışı Zərərçəkmiş şəxs ona olan borcunu geri istəməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində olan, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, sol əlin ovuc səthinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına zərər vurmuşdur. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən bu əməlin xuliqanlıq niyyəti ilə törədilməsi sübuta yetirilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təsdiq olunur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, əvvəllər Rusiya Federasiyasının Krasnodar şəhərində yaşayaraq meyvə-tərəvəz alveri ilə məşğul olurdu. Zərərçəkmiş şəxs ilə də 5-6 ildir tanışdır. Cahid 2024-cü ilin noyabr ayında Rusiyada satmaq üçün ona ümumilkdə iki yük maşını nar və bir yük maşını alma göndərmişdir. O bu malların bir qismini satıb Cahidin pulunu ödəsə də, qalan malların satışında ziyana getdiyi üçün sonradan Cahidə cəmi 10.000 ABŞ dolları pul göndərmiş, 29.000 ABŞ dolları borcunu isə maddi sıxıntıları olduğu üçün verə bilməmişdir. Bundan sonra Cahidlə aralarında borca görə mübahisələri olmuşdur. 2025-ci ilin mart ayının ortalarında İranda olarkən Cahid ona zəng edərək həmin pulu ona vaxtında vermədiyi üçün ondan faizlə birlikdə 38.000 ABŞ dolların istədiyini söyləmişdir. O isə ona buna imkanının olmadığını, faizi isə heç verə bilməyəcəyini bildirmişdir. Cahid da istər evini, istər hansısa orqanını satıb pulunun verilməsini tələb etmişdir. Martın 18-də o ölkəyə qayıdandan sonra Cahid tez-tez ona zəng edərək hədələyib borcunu istəmiş, hətta ayın 20-si gecə saat 1 radələrində onun yaşadığı ünvan 2 ünvanda yerləşən evinə gələrək ona zəng etsə də, o, yatdığı üçün zəngə cavab verə bilməmişdir. Səhər yuxudan oyandıqda isə Cahidin gecə küçədən onun yaşadığı evin şəklini “WhatsApp” tətbiqi vasitəsilə ataraq göndərdiyi səslərdə onu təhqir etmişdir. O da Cahidlə əlaqə saxlayan zamanı sonuncu onu bir daha təhqir edərək günorta saat 01:00-a kimi pulu qaytarmayacağı halda vuracağını bildirmişdir. Bundan sonra onlar axşam saat 18:00-da onun yaşadığı evin qarşısında görüşməyi qərara almışlar. Eyni zamanda o, borcunu qaytarmaq üçün dost-tanışlarından pul istəsə də, onu əldə edə bilməmişdir. Axşam saat 18:10-da Cahid ona “WhatsApp” tətbiqi vasitəsilə səsli mesaj göndərərək evinin qarşısında olduğunu bildirmişdir. O da Cahidin ona xəsarət yetirə biləcəyindən ehtiyat edərək evdən bayıra çıxarkən mətbəx bıçağını özü ilə götürmüşdür. Küçədə ağ rəngli “Kia” markalı avtomobili görüb ona yaxınlaşmış, Cahid və adını bilmədiyi sürücü ilə salamlaşmış, daha sonra Cahid maşından enərək onlar ikisi birlikdə onun orada saxlanılmış avtomobilin digər tərəfinə keçərək söhbət etməyə başlamışlar. O Cahidə hazırda pulunun qaytara bilməyəcəyini deyəndə, sonuncu onun ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamışdır. O da bu təhqirlərə dözə bilməyib gödəkcəsinin qolunda gizlətdiyi mətbəx bıçağını çıxardıb Cahidə bir neçə zərbə endirmişdir. Zərbələrdən Cahid yerə yıxılmış, sonra ayağa qalxıb onun üzərinə gəlib əlini buraraq əlindəki bıçağı ona tərəf çevirmiş, lakin o digər əli ilə bıçağın tiyəsini tutaraq bıçağı ona tərəf çevirmək istədikdə əlinin ovuc hissəsini kəsmişdir. Onlar bir-birinin yaxasından tutub dartışmış, Cahidin qışqırıq səsinə evdən onun arvadı və Cahidlə birlikdə olan tanımadığı şəxs gəlmişlər. Cahid sonra maşına oturaraq oradan çıxıb getmişdir. Hazırda zərər çəkmiş şəxslər barışmışdır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunmasını xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə bir neçə ildir tanışdır. Qərib Rusiya Federasiyasının Krasnodar şəhərində meyvə-tərəvəz alveri ilə məşğul olurdu və ötən ilin oktyabr ayında ona demişdir ki, orada anbar açıb, mağazalara mal paylayır. Eyni zamanda, Qədir ondan Krasnodara meyvə-tərəvəz göndərməyi istəmiş, o da noyabr ayında iki yük maşını nar və bir yük maşını alma alaraq göndərmişdir. Onun Qədirə göndərdiyi malların dəyəri təxminən 70.000 ABŞ dolları olmuşdur. Qədir qədər hissə-hissə olmaqla ona pulu göndərsə də, 38.000 ABŞ dolları borcu qalmışdır. 2025-ci ilin mart ayının əvvəllərində Qədir ona İrana getdiyini, oradan Azərbaycana qayıdanda ona olan borcundan 15.000 ABŞ dolları verəcəyini demişdir. 18 martda Qədir Azərbaycana gəlmiş, o da onunla tez-tez əlaqə saxlayıb pulu nə vaxt verəcəyini soruşmuşdur. Qədir də əvvəlcə 19 martda, sonra isə martın 20-də verəcəyini bildirib onu həmin günü axşam saat 18 radələrində yaşadığı ünvana çağırmışdır. O da tanışı, Türkiyədə yaşayan Şahid1 ilə sonuncunun avtomobili ilə Qədirin yaşadığı ünvan 2 ünvana gəlmişdir. Həmin yerə çatanda o Qədirə zəng etmiş, sonuncu da bayıra çıxaraq onlarla görüşmüş, sonra onlar ikisi Qədirin “Lexus” markalı avtomobilin digər tərəfinə keçərək söhbət etməyə başlamışlar. Qədirdən pulu istəyəndə, sonuncu arxa tərəfini göstərək pulun gətiriləcəyini söyləmiş, o da ona əsəbləşib ünvanına bir-iki söz deyəndə Qədir əlindəki bıçaqla ona zərbələr endirmişdir. Bundan sonra onlar tutaşmış və hər ikisi yerə yıxılmışdır. Daha sonra səs-küyə onun tanışı Pəhlivan və Qədirin ailə üzvləri gələrək onları bir-birindən aralamışlar. Pəhlivanın köməkliyi ilə o, avtomobilə minib oradan uzaqlaşaraq 1 saylı “X9”ə getmişdir. Hadisədən bir neçə gün sonra Qədirlə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, onun tutulmasdını da istəmir. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata görə iş üzrə Şahid1 xx.xx.2025-ci il tarixdə ölkə hüdudlarını Türkiyə Respublikası (Ankara şəhəri) istiqamətində tərk etmişdir. Müdafiə tərəfinin razılığı ilə onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəyə əsasən Şahid1 bildirir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayır. O, 2025-ci ilin mart ayının əvvəlində Türkiyədən Azərbaycana gəlmişdir. Cahid xx.xx.2025-ci il tarixdə, saat 17:00-da ona zəng edərək maşınla olduğunu və 1 nəfərdən pul almaq üçün onunla gedə biləcəyini soruşmuşdur. O da Cahidə birlikdə onun dediyi ünvana gedə biləcəyini bildirmişdir. Bundan sonra o, özünə məxsus “Mersedes C300” markalı avtomobil ilə Cahidi yaşadığı ünvanın qarşısından götürmüşdür. Cahid ona Müşfiq qəsəbəsinə gedəcəklərini demişdir. Onlar həmin ünvana yola düşmüşlər. O, Cahidin kiminlə görüşəcəyini bilməmiş, lakin yolda olarkən Cahid həmin şəxsə zəng edərək artıq yolda olduöunu bildirdikdə, həmin şəxs “gəl problem yoxdur, hər şey hazırdır” demişdir. Onlar həmin ünvana çatdıqda Cahidin danışdığı şəxsin yaşadığı həyət evinin qarşısındakı qara rəngli “Lexus” markalı avtomobilin yanında maşınını saxlamışdır. Bundan sonra Cahid maşından enmiş və telefonla danışdığı şəxslə görüşmüş, daha sonra həmin şəxs onun maşınına yaxınlaşaraq onunla görüşmüşdür. Bundan sonra həmin şəxs özünü təqdim edərək adının Qədir olduğunu demişdir. Cahid və Qədir yanlarında dayanan qara rəngli avtomobilin digər tərəfinə keçmişlər. Bundan sonra o, onları maşında oturduğu üçün görə bilməmişdir. Təxminən 5-6 dəqiqə sonra qışqırıq səsləri eşitmiş və maşını arxaya sürmüş, bu zaman Cahidlə Qədirin yerdə bir-birilərilə tutaqlaşdıqlarını görmüşdür. Səsküyə Qədirin yaşadığı evdən ailə üzvləri də çıxaraq onları ayırmağa çalışmış, həmçinin o da onları bir-birindən ayırmışdır. Bundan sonra Cahidə maşına oturmağa kömək etmiş və xəstəxanaya üz tutmuşlar. Avtomobildə olarkən Cahidin əynindəki gödəkcənin sol çiyin hissəsinin kəsik olduğunu və qan ləkəsini görmüşdür. Onlar yolda olarkən Cahid ona demişdir ki, “danışanda qəflətən mənə bıçaq vurdu, gözləmirdim, mədəmdən vurdu, ölürəm, məni tez xəstəxanaya çatdır” (İ cild, i.v.82-84). Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Baxış və götürmə aparılması barədə” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə əsasən zərər çəkmiş şəxs X4 məxsus 01 ədəd ağ köynək, 01 ədəd ağ mayka və 01 ədəd göy rəngli gödəkçənin üzərində qan ləkələri, kəsik və deşik izləri müşahidə olunur (İ cild, i.v.35-38); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10: • 03.05.2025-ci il tarixli, 536 saylı rəyinə görə Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən, sol əlin ovuc səthinin kəsilmiş yarası kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək diafraqmanın və qaraciyərin zədələnməsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol bazu oynağı nahiyəsinin, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yaraları və sol əlin ovuc səthinin kəsilmiş yarası isə dərəcəsinə görə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Bu xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, onlar qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025ci il tarixdə bıçağın tiyəsinin deşici-kəsici və kəsici kənarının təsirindən əmələ gələ bilərdilər (İ cild, i.v.105-109); • 07.05.2025-ci il tarixli, 193/MTŞB saylı rəyinə əsasən Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun AB0 sistemi üzrə qan qrupu В /İİİ/dür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gödəkçə, mayka və qısaqol köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız “B” antigeni alındı. Bu antigen B(İİİ) qan qrupunun əsasını təşkil etdiyi üçün həmin qan ləkələri ABO sistemi üzrə В/İİİ/ qruplu şəxsə (şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmadı (İ cild, i.v.111-115); • 14.05.2025-ci il tarixli, 123/2025-MTKŞ saylı rəyinə görə ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində sağda 01 (bir) ədəd, arxa hissəsində solda 01 (bir) ədəd, sol qolun arxa hissəsində 01 (bir) ədəd; maykanın ön hissəsində sağda 01 (bir) ədəd; gödəkçənin ön hissəsində sağda 01 (bir) ədəd, sol qolunun 02 (iki) ədəd, arxa hissəsində solda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gələ bilərdilər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (İ cild, i.v.117-121); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli, 1207 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmur, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. X5 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (İ cild, i.v.122-124); • “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla 01 ədəd mətbəx bıçağı, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş qolsuz mayka, qısaqol ağ köynək və göy rəngli gödəkçə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir (İ cild, i.v.135-143); • “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü saat 02:40-da tutulmuş, Bakı şəhəri Binəqədi rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən imtina olunaraq o, azad edilmiş, müstəntiqin bu tarixli qərarı ilə onun haqqında “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.22-23, 72-75); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.86). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Verilmiş ittihama əsasən təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumunun bir sıra qərarları bu cinayətin səciyyəvi əlamətlərinin şərhi və izahına həsr olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (5-ci bənd). Ali Məhkəmənin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin qərarda vurğulanır ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərər çəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə yanaşı, Məcəllənin 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz (6-cı bənd). “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərər çəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinadsızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyətilə cinayət törətmə çox hallarda təqsirkarın neqativ davranışı barədə zərər çəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Ona görə də motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna olunmalıdır. Yuxarıda qeyd olunan qərarlarda xuliqanlığa verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq kimi qiymətləndirilməməlidir. Məhkəmədə tədqiq olunmuş işin faktiki hallarından belə aydın olur ki, hazırki hadisənin baş verməsinin səbəbi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona olan pul borcunun tələb etməsinə dair aralarında olan mübahisə olmuşdur. Belə ki, həmin borcla bağlı 20 mart 2025-ci il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə əvvəlcədən əlaqə saxlayaraq axşam saat 18 radələrində sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, orada onlar görüşüb söhbət etmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs borcun qaytarılmasını görüb ona əsəbləşib ünvanına nalayiq ifadələr işlədib təhqir etdiyi üçün aralarında mübahisə yaranmış, bu zaman Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin ona xəsarət yetirə biləcəyindən ehtiyat edərək əvvəlcədən evdən özü ilə götürdüyü mətbəx bıçağı ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır, habelə sağlamlığı qısa müddətə pozan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Beləliklə müəyyən edilir ki, təqsirləndirilən şəxslə tanışı olan zərər çəkmiş şəxs arasında borc münasibətləri ilə bağlı mübahisə və bundan irəli gələn münaqişəli vəziyyət olmuş, qeyd olunan zorakı hərəkətlərin törədilməsini də həmin münasibətlər və zərər çəkmiş şəxsin ona qarşı işlətdiyi nalayiq ifadələr şərtləndirmişdir. Yəni, təqsirləndirilən şəxs səbəbsiz hərəkət etməmiş, o cümlədən zərər çəkmiş şəxsi özü ilə mübahisəyə təhrik edib bundan bəhanə kimi istifadə etməmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən düşünülmüş şəkildə zərər çəkmiş şəxsi vurmaq istəməmiş və bu istək onda anidən, mübahisə əsnasında yaranmış, bıçağı da evdən bayıra çıxarkən “lazım olar” düşüncəsi ilə özü ilə götürmüşdür. Bununla da, təqsirləndirilən şəxsin özünün şəxsiyyətinin üstünlüyünü göstərmək məqsədilə əsaslı səbəb olmadan zərər çəkmiş şəxsi vurması, niyyət və davranışının faktiki olaraq bir şəxsin nəzdində bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə etməyə, öz “müstəsna mən”ini başqasına qəbul etdirməyə yönəlməsi barədə istintaq orqanının gəldiyi qənaət əsassızdır və təqsirləndirilən şəxsin üzərində olan bıçaqla qəsdən zərər çəkmiş şəxsə xəsarətlər vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Buna görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddinə uyğun cəzanın əyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən humanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində maddi sübutların saxlama otağında saxlanılan bir ədəd mətbəx bıçağı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun məhv edilməli, zərər çəkmiş şəxsə məxsus qolsuz mayka, qısaqol ağ köynək və göy rəngli gödəkçə isə onun özünə qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 10 saat üçün nəzərdə tutulan 110 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd mətbəx bıçağı məhv edilsin, zərər çəkmiş şəxsə məxsus qolsuz mayka, qısaqol ağ köynək və göy rəngli gödəkçə onun özünə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 10 saat üçün nəzərdə tutulan 110 (yüz on) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Babək Pənahov Hakimlər Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1612/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1612/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver