Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1613/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakıİstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddəni və narkotik vasitə heroini əldə etmiş, saxlamış, daşımışdır. Belə ki o, 11.06.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan ərazidə şəxsiyyəti məlum olmayan şəxsdən bir ədəd bükümdə 0,395 qram olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini və 04 ədəd bükümdə təmiz çəkiləri, 0,490 qram, 0,216 qram, 0,618 qram və 0,831 qram ümumi təmiz çəkisi 2,155 qram külli miqdarda qəhvəyi rəngli maddə narkotik vasitə heroini əldə edib əl çantasında daşıyaraq saxlamış, 12.06.2021-ci il tarixdə saat 15:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilib saat 16:20 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən çiynindən asılmış vəziyyətdə olan qara rəngli, kənarları isə qəhvəyi rəngli olan çantanın içərisindən bir ədəd bükümdə 0,395 qram olan ağ rəngli kristal şəkilli maddə psixotrop maddə metamfetamin və 04 ədəd bükümdə təmiz çəkiləri, 0,490 qram, 0,216 qram, 0,618 qram və 0,831 qram ümumi təmiz çəkisi 2,155 qram külli miqdarda qəhvəyi rəngli maddə narkotik vasitə heroin, həmçinin üzərində “AOSAİ” yazısı olan iki ədəd qara rəngli elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitələri satmaq üçün deyil, özünün istifadəsi üçün alıb üzərində saxlamışdır. Belə ki, o, 11 iyun 2021-ci il tarixdə özünə narkotik vasitə almaq üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisindən Papanin adlanan yerdə tanımadığı şəxsdən 25 manat müqabilində 04 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almış, həmin narkotik vasitələri özünə məxsus çiyindən asma çantanın içərisinə qoymuşdur. 12 iyun 2021-ci il tarixdə səhər saatlarında təxminən saat 10:00 radələrində yaşadığı ünvandan çıxmış, həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirərək Binəqədi RPİ-nn 6-cı PB-nə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə 6-cı PB-nə gəlmiş, orada xidməti otaqların birinə salınmış, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qadağan olunmuş əşya və maddə olub olmadığı və vardırsa təqdim etməyi bildirilmişdir. O da çiynindən asılmış çantanın içərisindən özünə məxsus 01 ədəd içərisində nömrəsi olmayan “Samsung DOUS” markalı mobil telefon, 01 ədəd içərisində mobil nömrəsi olmayan “NOKİA” markalı mobil telefon, 01 ədəd içərisində mobil nömrəsi olmayan “LG” markalı mobil telefon, 01 ədəd içərisində mobil nömrəsi olmayan “Samsung” markalı mobil telefon, 01 ədəd içərisində mobil nömrəsi olmayan “Digital Sound” markalı mobil telefon, 01 ədəd üzərində “Double Style” yazısı olan qapaqlı parfum əşyası, 01 ədəd üzərində “ONE” yazısı olan güzgülü parfum əşyası, kiçik ölçülü sellofanın içərisndə 5 qəpik pul, bir ədədi sarı, digəri isə gümüşü rəngli iki ədəd üzük və sarı rəngli xırda ölçülü sepə bağlanmış sarı rəngli üzərində qara qaşı olan klon, 01 ədəd nəqliyyat üçün nəzərdə tutulmuş gediş haqqı kartı, və 01 ədəd “Araz” supermarketə məxsus bonus kartı, 930 manat nəğd pul, həmin çantanın içərisində olan 05 ədəd şəffaf sellofana bükülmüş maddələri masanın üzərinə qoymuş, bükülülər açıldıqda həmin bükülülərin içərisində olan metamfetamin və heroini polis əməkdaşları da görmüş, metamfetamini və heroini necə və haradan aldığını qeyd etmişdir. Sonra təhqiqatçı tərəfindən tərəfindən ifadəsi alınmışdır. Daha sonra yaşadığı evə gətirilmiş və evdə olan 2 ədəd elektron tərəzi də götürülmüşdür. Sonra yenidən polis əməkdaşları ilə polis bölməsinə gətirilmiş elektron tərəzi və çantasından çıxmış əşyalar çantasına qoyulmuş və videoçəkilişlə həmin əşyaların yenidən çıxarılıb stolun üzərinə qoyulması deyilmiş, o da həmin əşyaları çıxararaq stolun üzərinə qoymuşdur. 04 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin özünün və iştirakçıların iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq imzalarla təsdiq edilmiş və bu barədə protokol tərtib edilərək həmin protokollar imzalanmışdır. Təqsirləndirilən şəxs 02 ədəd üzərində “AOSAİ” yazısı olan elektron tərəzilərin onun üzərindən çıxmadığını, həmin tərəzilərin sonradan yaşadığı ünvandan götürüldüyünü bildirmişdir. İbtidai istintaq zamanı həmin halı təsdiq etməsini səbəbi isə onun əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif ediləcəyi barədə müstəntiqin vədi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Binəqədi RPİ-nin 6-cı PBnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və 12 iyun 2021-ci il tarixdə saat 15:00da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PBnə gətirilmişdir. Təqsirləndirilən şəxs saat 16:20 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən çiynindən asılmış vəziyyətdə olan qara rəngli, kənarları isə qəhvəyi rəngli olan çantanın içərisindən 4 bükümdə heroinə bənzər maddəni və psixotrop maddəyə bənzər 1 bükümü, həmçinin 2 ədəd elektron tərəzini masanın üzərinə qoymuşdur. Ekspertiza rəyindən sonra müəyyən edilmişdir ki, 04 ədəd sellofan bükümdə təmiz çəkiləri, 0,490 qram, 0,216 qram, 0,618 qram və 0,831 qram ümumi təmiz çəkisi 2,155 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,395 qram olan metamfetamindir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri kimlərəsə satması ilə bağlı onlarda hər hansı bir məlumat olmamışdır. Onlarda olan məlumat yalnız Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi və daşıması olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparmamışlar və buna zərurət görməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Binəqədi RPİ-nin 6-cı PBnin polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri kimlərəsə satması ilə bağlı onda hər hansı bir məlumat olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı Şahid3 məhkəmədə ifadə verərək bildirmişdir ki, hazırkı cinayət işi üzrə təhqiqat onun tərəfindən aparılmış, təhqiqat başa çatdıqdan sonra təhqiqat materialları maddi sübutlarla birlikdə istintaqa göndərilmişdir. Şahid3 Təqsirləndirilən şəxs üzərinə axtarış aparılarkən onun üzərindən aşkar edilərək götürülmüş 2 ədəd elektron tərəzinin qablaşdırılaraq üzərində narkotik vasitə hissəciklərinin olub-olmamasının müəyyən edilməsi üçün ekspertizaya göndərilməməsinin səbəbini izah edə bilməmişdir. O eyni zamanda təhqiqat materiallarının istintaq aidiyyəti üzrə göndərilməsi barədə raporta (cild 1, İ/V 55) əlavə edilmiş qoşmalar sırasında həmin tərəzilərin olmamasının səbəbini də göstərə bilməmişdir. Şahid3 həmçinin üzərində külli miqdarda narkotik vasitə aşkar edilmiş şəxsin yaşadığı ünvanda axtarış aparılmasına zərurət olmadığı üçün axtarış aparlmadığını bildirmişdir. Məhkəmədə həmçinin aşağıdakı sübutlar araşdırılmışdır. Cinayət işinin ilkin materiallarında olan iş üzrə tərtib edilmiş 12 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə həmin gün saat 16:20-dən 16:45-ə qədər şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, çiynindən asılmış çantanın içərisindən 05 ədəd şəffaf sellofana bükülmüş maddələri masanın üzərində qoymuşdur. Həmin bükülülər açıldıqda həmin bükülülərin dördünün içərisində heroin və bir bükümdə isə metamfetamin aşkar edilməklə iştirakçıların iştirkı ilə zərfə qoyulub qablaşdırılaraq imzalarla təsdiq edilmiş və bu barədə protokol tərtib edilərək həmin protokola imza edilmişdir. Cinayət işinin ilkin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 12 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Panasonic» vidokamera vasitəsi ilə qeydə alnımış və 01 ədəd DVD diskinə köçürülmüş video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə əməkdaşların iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o, çiynindən asılmış çantamın içərisindən 05 ədəd şəffaf sellofana bükülmüş maddələri masanın üzərində qoymuşdur. Həmin bükülülər açıldıqda həmin bükülülərin dördünün içərisində heroin və bir bükümdə isə metamfetamin aşkar edilməklə iştirakçıların iştirkı ilə zərfə qoyulub qablaşdırılaraq imzalarla təsdiq edilmiş və bu barədə protokol tərtib edilərək həmin protokola imza edilmişdir. Çəkiliş zamanı Təqsirləndirilən şəxs həmin heroini və metamfetamini 11 iyun 2021-ci il tarixdə hamısını 25 manata öz istifadəsi üçün aldığını qeyd etmişdir. Videgörüntüdən məlum olur ki, Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş elektron tərəzilər müvafiq qaydada qablaşdırılmamışdır. Onun üzərindən aşkar olunmuş 6 ədəd telefonlar da götürülən zaman Təqsirləndirilən şəxs onlardan ikisinin ona məxsus olmasını və onlardan istifadə etməsini, qalanının isə işlədiyi telefon satışı dükanına aid olmasını bildirmişdir. Həmin diskin məlumat hissəsindən məlum olur ki, diskdəki fayl diskə 12 iyun 2021-ci il tarixdə saat15:38:26 –da köçürülmüşdür. Cinayət işinin ilkin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 iyun 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Kimyəvi Ekspertizasının 13 iyun 2021-ci il tarixli, 6/2399 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs : Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,490 qr., 0,216 qr., 0,618 qr.,0,831 qr., ümumi təmiz çəkisi 2,155 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi- 2,155 qram, təhqiqata sərf edildi-0,080 qram, qalıq-2,075 qram. Metamfetaminin təmiz çəkisi -0,395 qram, təhqiqata sərf edildi-0,050 qram, qalıq-0,345 qram. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28.06.2021-ci il tarixli, 2504 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Lakin məhkəmə bu nəticəyə gəlir ki, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Cinayət işinin materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 12 iyun 2021-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı PBnin rəisinə ünvanladığı raportdan məlum olur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlaması barədə məlumat daxil olmuşdur. Həmin raportda Təqsirləndirilən şəxsının narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumat qeyd olunmamışdır. Cinayət işinin materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 12 iyun 2021-ci il tarixdə qəbul etdiyi əməliyyataxtarış tədbirlərini həyata keçrilməsi haqında qərardan da məlum olur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlaması barədə məlumat daxil olmuşdur. Həmin qərarda da Təqsirləndirilən şəxsının narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumat qeyd olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin 13 iyun 2021-ci il tarixdə qəbul etdiyi qərarda Binəqədi RPİ-nin 6-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 12 iyun 2021-ci il tarixdə qəbul etdiyi əməliyyat-axtarış tədbirlərini həyata keçrilməsi haqında qərar qanuni hesab edilmişdir. Məhkəmə istntaqı zamanı Təqsirləndirilən şəxs adına olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 055-937-0031, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** mobil telefon nömrələri üzrə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən məlumatlar əldə olunmuş, həmin nömrələr üzrə məlumatları əks etdirən disklərə baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs narkotik vastələrin satışı ilə bağlı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunan disklər iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin "satış məqsədi" daşıyıb-daşımaması ilə bağlıdır. Məhkəmədə dindirilmiş şahid ifadələrindən də görünür ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə əlaqədar heç bir məlumat olmamışdır. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs "təqsirsizlik prezumpsiyası"nın tələblərinin pozulması ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddə ilə tövsif edilmiş və nəticədə onun üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi" qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən "hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir". Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. "İnsan Hüquqlarının və X3 haqqında Konvensiya"nın "ədalətli məhkəmə araşdırması hüququ"ndan və "qanunsuz cəzalandırılmamaq"dan bəhs edən müddəalarına əsasən "cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir". (mad.6) "Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz". (mad.7) "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən elektron tərəzinin aşkar edilməsinə münasibətdə qeyd edilməlidir ki, həmin hal öz növbəsində satış məqsədini birbaşa müəyyən etməməklə, işin digər faktiki halları ilə birlikdə qiymətləndirilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadələrində üzərində aşkar olunan tərəzilərin ona məxsus olmadığını, sonradan evdən götürüldüyünü bildirmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həmin tərəzilərin üzərində narkotik vasitələrinin hissəciklərinin olub-olmaması halının müəyyən edilməsi üçün həmin tərəzilər qablaşdırılaraq götürülməmiş və ekspertizaya göndərilməmişdir. Bundan başqa təhqiqat materiallarının istintaq aidiyyəti üzrə göndərilməsi barədə raporta (cild 1, İ/V55) əlavə edilmiş qoşmalar sırasında həmin tərəzilər yoxdur. İş üzrə ifadə vermiş təhqiqatçı Şahid3 da bunun səbələrini izah edə bilməmişdir. Bundan başqa cinayət işinin 1-ci cild, 1 saylı vərəqində olan Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 13 iyun 2021-ci il tarixli qərarda da Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş əşyalar sırasında həmin tərəzilərdən bəhs edilmir. Bundan başqa cinayət işinin 1-ci cild, 30 saylı vərəqində olan 12 iyun 2021-ci tarixli “Şəxsi axtarış və götürmə aparılması” barədə Protokoldan məlum olur ki, Axtarış həmin gün saat 16:20-də başlamış və 16:45-də başa çatmışdır. Azərbaycan Respublikası CPMnin 246.3-cü maddəsinə əsasən Şəxsi axtarış aparılarkən “Panasonik” markalı video kameradan istifadə edilməklə videoçəkilişdən istifadə edilmişdir. Həmin videoçəklişin köçürülərək cinayət işinə əlavə edilmiş Diskə baxış zamanı müəyyən olunur ki, çəkilmiş video 12 iyun 2021 ci il tarixdə saat15:38:26–da diskə köçürülmüşdür. Yəni çəkilişin vaxtı “Şəxsi axtarışın aparılması” protokolunda göstərilən vaxtdan əvvələ düşür. Bundan başqa cinayət işinin 1-ci cild, 18 və 19 saylı vərəqlərində olan 12 iyun 2021-ci tarixli Şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan məlum olur ki, tutma qərarı həmin gün saat 15:20-də tərtib edilmiş, tutma 15:20-də başlamış və 15:50-də başa çatmışdır. Halbuki yuxarıda qeyd etdiyimiz kimi videoçəklişin köçürülərək cinayət işinə əlavə edilmiş Diskə baxış zamanı müəyyən olunur ki, çəkilmiş video 12 iyun 2021 ci il tarixdə saat 15:38:26–da diskə köçürülmüşdür. Yəni çəkilişin vaxtı tutma aparılması protokolunda göstərilən vaxtdan da əvvələ düşür. Bundan başqa, həm də ən acınacaqlısı budur ki, cinayət işinin 1-ci cild, 37 saylı vərəqində olan 12 iyun 2021-ci tarixli təhqiqatçı Şahid3 tərəfindən tərtib olunmuş şübhəli şəxsi dindirmə protokolundan məlum olur ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs 11:00-dan 11:30-dək dindirilmiş və ifadəsində göstərmişdir ki, üzərinə axtarış zamanı 3 büküm “kakos” və 1 büküm metanfetamin aşkar edilərək götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. İbtidai istintaq orqanı qeyd edilən halları, bu qədər ziddiyəti nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini və külli miqdar narkotik vasitə sayılan heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitə heroinin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə külli miqdarda psixotrop maddənin və narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan tələbnəmədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xasiyyətnəmədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarında olan ölüm haqqında olan şəhadətnəmənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs doğma qardaşı X4 1-ci Qarabağ müharibəsi zamanı 15 iyul 1992-ci il tarixdə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs atası X2 verilmiş vəsiqənin surətindən məlum olur ki, ona şəhid atası kimi şəhid ailələrinə göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ verilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar ilk dəfə cinayət törətməsi, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, qardaşı X1 1-ci Qarabağ döyüşlərində şəhid olmasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 28.06.2021-ci il tarixli, 2504 nömrəli rəyinə sasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasma yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü və 132.1.6-cı maddələrinə uyğun olaraq iş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,075 qram heroin və 0,345 qram metamfetamin, həmçinin iki ədəd elektron tərəzi məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntüsünün əks edildiyi 1 ədəd DVD disk və Bakcell» MMC, "xxxx" MMC, "xxxx" MMC-dən alımlış 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat 82 qəpik pul vəsaiti Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 12 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,075 qram heroin və 0,345 qram metamfetamin, həmçinin iki ədəd elektron tərəzi məhv edilsin, “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntüsünün əks edildiyi 1 ədəd DVD disk və Bakcell» MMC, "xxxx" MMC, "xxxx" MMC-dən alımlış 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 manat 82 qəpik pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxsa isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1613/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1613/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver