Məhkəmə qərarları › İş №1(101)-1613/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1613/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1613/2022 13.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi: “Hümbətov və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatına daxil olmuş, cinayət işi üzrə məhkəmə hazırlıq iclası 31 avqust, 06 sentyabr və 13 sentyabr 2022-ci il tarixlərə təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Həmin cinayət işi üzrə ibtidai istintaq Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Nihad Şamoyev tərəfindən aparılaraq tamamlanmış, cinayət işi üzrə ittiham aktı 12 avqust 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materialları öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edildi ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyil, həmçinin CPM-nin 91.5.1-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək kimi müdafiə hüququ pozulmuş və bir sıra aradan qaldırılması mümkün olmayan digər prosessual pozuntulara yol verilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət edərək, cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə tam əməl edilmədiyini, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatların ibtidai istintaq zamanı gözlənilmədiyini, təqsirləndirilən şəxsin müdafiə hüququnun, eləcə də ittiham aktının tərtibi ilə bağlı tələblərin pozulduğunu bildirmişdir. Vəsatətə görə, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin ümumi təmiz çəkisi 145,646 qram olmuşdur ki, onun 15,866 qramını bir ədəd bükümdə olmaqla üzərində saxlayıb, yerdə qalan narkotik vasitələri - iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 86,230 qram və 43,550 qram, ümumi təmiz çəkisi 129,780 qram heroini və bir ədəd bükümdə təmiz çəkisi 200 qram olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 1 ünvanda yerləşən binanın 23 nömrəli mənzilinə daşıyaraq mənzilin yataq otağındakı çarpayının üzərindəki balışın içərisində gizlətmişdir. Lakin iş materiallarında olan 03 avqust 2022-ci il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərarın təsviri əsaslandırıcı hissəsində, ittiham aktının təsviri-əsaslandırcı və nəticə hissəsində ittihamın mahiyyəti və məzmununda isə Təqsirləndirilən şəxs satış məqsədi ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan "Həzi Aslanov" stansiyası yaxınlığında üç ədəd bükümdə ümumi təmiz çəkisi 145,646 qram külli miqdarda narkotik vasitə heroin, bir ədəd bükümdə 200 qram qurudulmuş marixuana və iki ədəd bükümdə ümumi təmiz çəkisi 129,780 qram külli miqdarda narkotik vasitə heroin əldə etməsi göstərilmişdir ki, belə olan halda narkotik vasitə heroinin 5 ədəd bükümdə, ümumilikdə 275,426 qram əldə etməsi başa düşülür ki, bu da işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun deyildir. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktının həm təsviri-əsaslandırıcı, həm də nəticəvi hissəsində cinayətin aşkar edilməsi ilə bağlı bilavasitə əlaqəli olan mühüm hal, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi narkotik vasitə olan heroinin ümumi çəkisi düzgün qeyd edilməməklə anlaşılmazlıq yaranmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, həmçinin cinayət işi üzrə ibtidai istintaqı aparmış Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını öyrənib, cinayət prosesinin tərəflərini dinləyib, dövlət ittihamçısının vəsatətini araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə əvvəlcə dövlət ittihamçısının vəsatətində göstərilən xüsusatlara qiymət verərək qeyd edir ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 13 may 2022-ci il tarixli protokoldan görünür ki, 13 may 2022-ci il tarixdə saat 00:15 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən "Bravo" marketin yaxınlığında saxlanılaraq DİN-in BNMİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkiliş etməklə şəxsi axtarış aparılan zaman o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmiş, həmin maddə elektron tərəzi ilə çəkilmiş və çəkisi 22,5 qram olmuşdur. Təqsirləndirilən şəxs sözügedən maddənin narkotik vasitə heroin olmasını bildirmişdir. İş materiallarında olan mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 13 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs mənzildə olan yataq otağındakı çarpayının üzərində olan balışın içərisindən üç büküm və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, iki ədəd bükümdə qəhvəyi rəngli və bir ədəd bükümdə isə yaşıl rəngli ota bənzər maddələr aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzi ilə çəkilmiş, qəhvəyi rəngli maddələrin ümumi çəkisi 153 qram, yaşıl rəngli ota bənzər maddənin çəkisi isə 215 qram olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 may 2022-ci il tarixli 6/2752 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." və s. yazılar, imzalar olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 15,866 qram, habelə ayrı-ayrılıqda təmiz çəkiləri 86,230 qram; 43,550 qram, ümumi təmiz çəkisi 129,780 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, elektron tərəzinin üzərində heroin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 02 paketdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil etməklə ümumi təmiz çəkiləri 145,646 qramdır. Göründüyü kimi, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin ümumi təmiz çəkisi 145,646 qram olmuşdur ki, onun 15,866 qramı bir ədəd bükümdə olmaqla öz üzərindən, qalan iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 86,230 qram və 43,550 qram, ümumi təmiz çəkisi 129,780 qram heroin və bir ədəd bükümdə təmiz çəkisi 200 qram olan narkotik vasitə qurudulmuş marixuana isə yaşadığı ünvan 1 ünvanda yerləşən binanın 23 nömrəli mənzilində aşkar edilmişdir. Lakin iş materiallarında olan 03 avqust 2022-ci il tarixli «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» qərarın təsviri-əsaslandırıcı hissəsində, habelə ittiham aktının təsviri-əsaslandırcı və nəticə hissəsində Təqsirləndirilən şəxs satış məqsədi ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan "Həzi Aslanov" stansiyası yaxınlığında üç ədəd bükümdə ümumi təmiz çəkisi 145,646 qram külli miqdarda narkotik vasitə heroin, bir ədəd bükümdə 200 qram qurudulmuş marixuana və iki ədəd bükümdə ümumi təmiz çəkisi 129,780 qram külli miqdarda narkotik vasitə heroin əldə etməsi göstərilmişdir. Bu da o deməkdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroin 5 ədəd bükümdə, ümumilikdə 275,426 qram çəkidə olmuşdur ki, bu da iş materialları ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən müstəntiq ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm halları, göstərməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər qeyd olunmaqla ittihamın mahiyyəti göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 223.4-cü maddəsinə əsasən qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. Məhkəmə hesab edir ki, ittiham aktının həm təsviri-əsaslandırıcı, həm də nəticəvi hissəsində təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət əməlinin əsasını təşkil edən narkotik vasitənin çəkisinin cinayət işinin digər materiallarında qeyd olunmuş çəkidən fərqli göstərilməsi ilə yaranmış anlaşılmazlıq nəticəsində təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu bilmək və ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunmaq hüququ kobud formada pozulmuşdur. Bundan əlavə, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə əlavə ittiham verilməsindən xəbərsiz olduğunu, ona qeyd olunan məzmunda ittihamın elan olunmadığını bildirmişdir. Məhkəmə həmin məsələni araşdıran zaman cinayət işinin materiallarına əlavə edilmiş «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 03 avqust 2022-ci il tarixli qərarda (cild İ səh. 199-201) Təqsirləndirilən şəxs adının qarşısında «heç bir əsaslı səbəb olmadan imzalamaqdan imtina etdi» qeydinin yazıldığını, Müdafiəçi adının qarşısında isə cinayət işinin materiallarında olan digər sənədlərdəki imzadan fərqli bir imzanın icra edildiyi müəyyən edilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı sözügedən qərardakı imzanın Müdafiəçi məxsus olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həmin imza Müdafiəçi təqdim olunmuş, müdafiəçi A.Allahvediyev ümumiyyətlə iki fərqli imzasının olduğunu, birinci imzası uzun formalı olduğundan çəkilməsi zaman tələb etdiyi üçün çox sənəd imzalayan zaman böyük «A» hərfi formasında olan qısa imzadan istifadə etdiyini, buna görə də cinayət işinin materiallarında ona məxsus iki fərqli imzanın mövcud olduğunu, cinayət işinin materiallarındakı digər bütün imzaların onun tərəfindən icra olunduğunu, lakin təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə 03 avqust 2022-ci il tarixli qərardakı imzanın ona məxsus olmadığını və həmin imzanın onun tərəfindən icra olunmadığını bildirmişdir. Verilən suallara cavab olaraq müdafiəçi A.Allahvediyev qeyd olunan qərarın surətinin ona təqdim olunmadığını, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmasında nə təqsirləndirilən şəxsin, nə də onun iştirak etmədiklərini, bu barədə müstəntiqin ona sonradan şifahi şəkildə məlumat verdiyini, onların iştirakı ilə elan olunan ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olduğunu qeyd etmişdir. Daha sonra dövlət ittihamçısı tərəfindən müdafiəçidən təqsirləndirilən şəxsə əlavə maddə ilə ittiham verildiyini bildiyi halda bu barədə vəsatət verməməsinin səbəbləri soruşulduqda, müdafiəçi mövqeyini dəyişərək təqsirləndirilən şəxsə yenidən ittiham elan olunan zaman orada iştirak etdiyini, yeni ittiham elan olunan zaman qərarda Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin göstərildiyini bildirmiş, lakin yenə də həmin qərardakı imzanın ona məxsus olmadığını təkrar etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilməsindən xəbərsiz olduğunu bildirməsini, onun həmin qərarda imzasının olmamasını («heç bir əsaslı səbəb olmadan imzalamaqdan imtina etdi» qeydi yazılmaqla), Müdafiəçi həmin qərardakı imzanın ona məxsus olmamasını bildirməsini, bununla bağlı sual-cavab zamanı əvvəlcə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittihamın elan olunmasında iştirak etmədiklərini, bu barədə müstəntiq tərəfindən sonradan ona şifahi məlumat verildiyini, həmin qərarın onlara təqdim olunmadığını bildirib, sonradan mövqeyini dəyişərək Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittihamın elan olunmasında iştirak etdiklərini deməklə ziddiyyətli fikirlər bildirməsini, cinayət işinin materiallarındakı imzaların açıq-aydın fərqli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına ciddi şübhələr yaranmasına əsas verir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 224.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin maddənin 3-cü və 4-cü bəndlərinin tələblərinə əsasən, ittihamı elan etdikdən sonra müstəntiq təqsirləndirilən şəxsə onun bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilir. Müstəntiq ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokol tərtib edir. Bu protokol müstəntiq, təqsirləndirilən şəxs, müdafiəçi (bu hərəkətin yerinə yetirilməsində iştirak edirsə) tərəfindən imzalanır. Təqsirləndirilən şəxs və ya müdafiəçi qərarı, yaxud protokolu imza etməkdən imtina etdikdə, müstəntiq həmin sənədlərdə imza etməkdən imtina və imtinanın səbəbləri haqqında qeyd aparmaqla 24 saat müddətində bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. Azərbaycan Respublikası CPM-nin 225.1-ci maddəsinə əsasən, ibtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda, müstəntiq bu Məcəllənin 223 və 224-cü maddələrində müəyyən edilmiş tələblərə riayət etməklə yenidən ittiham elan etməlidir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək hüququndan məhrum edilməsinin onun müdafiə hüququnun məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntusunu təşkil etdiyini nəzərə alaraq, məhkəmə tərkibi hər bir halda onun müdafiə hüququnun tam təmin edilməsi məqsədi ilə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi ilə bağlı prosessual hərəkətlərin təkrar icra olunmaqla, qeyd olunan qərarın surətinin təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilməsini, bununla da yuxarıda şərh olunan anlaşılmazlığın və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına dair şübhələrin aradan qaldırılmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmənin hazırlıq iclasında müəyyən edildi ki, cinayət işi üzrə ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsi səciyyələndirən hallar hissəsində və ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar düzgün qeyd edilməmiş, təqsirləndirilən şəxsin hal-hazırda cəza çəkən şəxs statusunda olması və onun faktiki olaraq cəza çəkdiyi yer barədə məlumatlar göstərilməmişdir. Belə ki, məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxs hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qərarı üzrə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmiş, cinayət işinin materiallarına əlavə edilmiş tələbnamə, habelə müvafiq hökmün və qərarın surətindən aydın olmuşdur ki, Əliyev X1 Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirilərək ona 08 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs təyin edilmiş 08 illik cəza müddəti hal-hazıradək başa çatmamışdır. Lakin cinayət işinin materiallarında təqsirləndirilən şəxsin cəza çəkməsi ilə bağlı heç bir məlumat öz əksini tapmamış, ittiham aktının təsviri-əsaslandırıcı hissəsinin təqsirləndirilən şəxsi səciyyələndirən hallar hissəsində və ittiham aktının nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin barəsində anket məlumatlarında yalnız əvvəllər məhkum olunması, məhkumluğunun ödənilməmiş və götürülməmiş olması qeyd olunmuş, təqsirləndirilən şəxsin cəza çəkdiyi yer barədə məlumat göstərilməmiş, əksinə yaşayış yeri kimi ünvan 2 ünvanı qeyd olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 289.3.4-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsi səciyyələndirən hallar, həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və s. məsələlər əks etdirilməlidir. Bundan əlavə məhkəmə cinayət işinin materialları ilə tanışlıq zamanı müəyyən edilmişdir ki, cinayət işinin materiallarına təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən mötəbər sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 155.6-cı maddəsinin tələbinə görə, təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir. Göründüyü kimi qanunverici orqan təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbiri seçildiyi halda şəxsiyyəti təsdiq edən sənədin materiallara əlavə edilməsini müəyyən etmişdir. Hazırkı cinayət işinə isə təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin nəinki əsli, hətta təsdiq edilmiş surəti də əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət işinin materiallarına əlavə edilməməsi məhkəmə tərəfindən cinayət işi üzrə istinad edilən cinayət əməlinin törədilməsində ittiham olunan şəxsin kimliyinin müəyyən edilməsini və şəxsiyyətin eyniləşdirilməsini mümkünsüz etmişdir. Azərbaycan Respublikası CPM-nin 289.2.3-cü maddəsinə əsasən ittiham aktında barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi) göstərilir. Hazırkı cinayət işində isə ittihamın kimin barəsində irəli sürüldüyü, iş üzrə kimin təqsirləndirilən şəxs qismində cəlb olunduğu, kimin barəsində qətimkan tədbiri seçildiyi və digər bu kimi cinayət işinin mühüm elementini təşkil edən hallar məlum deyil. Məhkəmə hesab edir ki, həm təqsirləndirilən şəxsin şəxsiyyətinin müəyyən edilməməsi və bu halı təsdiq edəcək sənədin cinayət işinin materiallarına əlavə edilməməsi, həm də təqsirləndirilən şəxsi səciyyələndirən halların və onun anket məlumatlarının qeyri-düzgün və natamam qeyd olunması ittiham aktının tərtib olunmasının kobud pozuntusudur. Məhkəmə kollegiyası məhkəmə hazırlıq iclasında qeyd olunan məsələləri müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı həm Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud, həmçinin Cinayət-Prosessual Məcəlləsinin maddələrində nəzərdə tutulan sair prosessual pozuntulara yol verilmişdir. Ona görə də cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessual pozuntulara yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək kimi müdafiə hüququnun pozulması, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması məhkəmə baxışı mərhələsində aradan qaldırılması mümkün olmayan kobud qanun pozuntusudur və belə pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarına əsasən məhkəmə hazırlıq iclasında qətimkan tədbiri ilə bağlı məsələyə baxılanadək “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, yəni Təqsirləndirilən şəxs faktiki həbsdə saxlama müddəti başa çatmış və o, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılmaqdadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Azərbaycan Respublikası CPM-nin 159.7.3-cü maddəsinə əsasən, cinayət işinin məhkəməyədək icraatı zamanı ağır cinayətlər üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq 10 (on) aydan artıq ola bilməz. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 13 may 2022-ci il tarixdən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın qəbul edildiyi 13 sentyabr 2022-ci il tarixədək qanuni əsaslarla 04 (dörd) ay müddətində həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alan məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddətini nizamlayan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 159-cu maddəsinin tələbləri onun barəsində pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqda qalacağı təqdirdə istintaqdan və ya məhkəmədən qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olması nəzərə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 13 sentyabr 2022-ci il tarixdən 1 (bir) ay, yəni 13 oktyabr 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 300.1.5, 303.3.1, 303.3.6, 306.2 və 306.2.1-ci və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlanma müddəti hazırlıq iclasının qərarının çıxarıldığı 13 sentyabr 2022-ci il tarixdən 1 (bir) ay müddətində, yəni 13 oktyabr 2022-ci il tarixədək uzadılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsinin Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X3 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti proses iştirakçılarına və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilib icrası təmin edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar