Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1613/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 3,152 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 mart 2023-cü il tarixdə saat 15:00 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq 36-cı Polis Bölməsinə aparılmış, orada müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda - 3,152 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, mebel sexində sürücü işləmişdir. Şahidlərdən Şahid1ı tanıyır, sonuncu ərazi müvəkkili olmuşdur. 30 mart tarixində günorta saatlarında evdə tək olmuş, həmin vaxt Süleyman qapını döymüşdür. Süleyman “Həsən, sənsən?” deyə soruşmuş, o da “bəli, mənəm” deyə cavab vermişdir. Süleyman ona “Polis Bölməsinə gəlməlisən, bəzi adamları tanıyıb-tanımadığını soruşacağıq” demişdir. O da razılaşaraq gələcəyini demişdir. Həmin vaxt təxminən günorta saat 12-13 radələri olmuşdur. Şahid1 öz şəxsi maşını ilə gəlmiş, yanında çavuş da olmuşdur. Süleyman mülki, çavuş isə polis formasında olmuşdur. Yol üstündə maşınlarını dəyişmişlər və 36 saylı Polis Bölməsinə getmişlər. Yolda Süleymandan nə baş verdiyini soruşanda sonuncu “bu işlə bağlı harasa yazmamısan, Prezidentə müraciət etməmisən?” soruşmuşdur. O da belə bir şey etmədiyini bildirmişdir. Polis Bölməsində ona dinlə bağlı suallar vermişlər, sonra ondan martın 28-də axşam saatlarında harada olduğunu soruşmuşlar. O da kafedə olduğunu demişdir. Sonra müəyyən miqdarda narkotik vasitə gətirmişlər, təhqiqatçı ona “buna iş düşmür, bunu götürməlisən, sifarişdir, bizlik heç nə yoxdur” deyə bildirmişdir. O da həmin narkotik vasitələri götürmüş, daha sonra videoçəkiliş olmuşdur. Sonra onu idarə rəisinin müavininin yanına aparmışlar, sonuncu da ondan 28 mart tarixində harada olduğunu soruşmuşdur. 28 mart tarixini millət vəkili Fazil Mustafayevin ölümü ilə əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək üçün soruşmuşlar. Həmçinin ondan Astaralı Vüsalı soruşmuşlar. Astaralı Vüsal “TikTok”da dini çıxışlar edən şəxsdir. O da Vüsalı 10 saylı cəzaçəkmə müəssisəsində olanda tanıdığını bildirmişdir. Cəzaçəkmə müəssisəsinə gedəndə ilk vaxtlar 5-10 gün danışmış, sonra münasibəti olmamışdır. Ona görə də məhkəmədən bu halların nəzərə alınmasını və ona bəraət verilməsini xahiş edir. Məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərdi ki, istintaqda ilkin ifadə verərkən ona təzyiq olunmuş, narkotik vasitələri üzərinə götürməli və protokolu imzalamalı olması bildirilmişdir. İlkin ifadəsində narkotik vasitələrin qiymətinin 100 manat olduğunu bildirmişdir, ancaq qiyməti ona məlum olmamışdır, bu səbəbdən 100 manatı özündən demişdir. Polisin maşınına əyləşməzdən əvvəl onun üstünə baxış keçirilməmişdir. Bölməyə aparandan sonra orada 2 saata yaxın söhbət etmişlər. İbtidai istintaq zamanı verdiyi sonrakı ifadəni təsdiq edir. Dindirilərkən ona Məşhəd şəhərinə ziyarətə gedib-getməməsi ilə bağlı sual verilmişdir. O, Polis Bölməsinə aparılarkən günorta saatları olmuşdur. Saat 12:30-da günorta namazını qılmış, daha sonra marketə getmiş, ondan sonra evə qayıtmışdır. Narkotik vasitə Bölmədə sellofana bükülüb ağzı bağlanmışdır. Ona polisdə psixoloji təzyiq olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə səhər saatlarında Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığına getmişdir. Orada olan zaman üzdən tanıdığı lakin adını bilmədiyi şəxsə yaxınlaşmış və 100 manata şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə heroin almış və həmin narkotik vasitəni gödəkçənin sağ yan cibində gizlətmişdir. Məqsədi əlverişli yer tapdıqda həmin narkotikdən ehtiyacı olan qədər istifadə etmək olmuşdur. Həmin gün saat 15:00 radələrində o, ünvan 3 ünvanın qarşısında piyada hərəkətdə olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib ona üzərində narkotik vasitə daşımaqda, narkotik vasitənin satışında şübhəli olduğunu bildirib Polis Bölməsinə aparmışlar. O, əvvəlcə üzərində narkotik olduğuna görə həyəcanlanmış, polislərdən yayınmağı düşünsə də bunun əhəmiyyətsiz olacağını başa düşmüşdür. O, polis əməkdaşları ilə birlikdə 36-cı Polis Bölməsinə getmişdir. Bölmədə ona hüquq və vəzifələri izah olunmuş, vəkil dəvət edilib ona təqdim edilmişdir. Bölmədə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindəki sellofana bükülmüş bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Sorğu zamanı təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olduğunu, həmin narkotiki səhər saatlarında öz istifadəsi üçün 100 manat pul ödəməklə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında tanımadığı şəxsdən əldə edib üzərində daşıdığını demişdir. Üzərindən aşkar edilmiş büküm iştirakçıların yanında elektron tərəzidə çəkisi müəyyən edilməklə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərf və protokol imzalanmışdır (cild 1, iş vərəqə 53-55, 69-71). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, hadisə baş verdiyi zaman Xətai rayon 36-cı Polis Bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 30 mart 2023-cü il tarixdə narkotik vasitələrlə əlaqədar məlumat daxil olmuş, bu barədə Bölmə rəhbərinə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında tapıb ona yaxınlaşmışlar və özlərini təqdim edib narkotik vasitənin gəzdirilməsində şübhəli bilinməsi ilə əlaqədar onu Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində təhqiqatçının, vəkilin iştirakı ilə videoçəkiliş aparılmış və Təqsirləndirilən şəxs özü narkotik vasitənin üstündə oluğunu, həmin vasitələri metronun “Həzi Aslanov” stansiyası yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs qara ya da sarı rəngli sellofana bükülmüş narkotik vasitəni təqdim etmişdir. Sonra baş təhqiqatçı İlqar Rəsulov həmin sellofanı açıb içinə baxmış, Təqsirləndirilən şəxs özü heroin oluğunu bildirmiş, narkotik vasitəni təqdim edəndən sonra tərtib olunmuş protokolu da imzalamışdır. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, daxil olmuş məlumat narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı olmuşdur. Şəxsi axtarış həyata keçirilən zaman vieoçəkiliş olmuş, 13 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Çəkiliş zamanı Təqsirləndirilən şəxs özü etiraf etmiş, ona fiziki, ya da psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs günorta saatlarında, təxminən saat 15:00 radələrində saxlamışlar, narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli bilinməsi ilə bağlı 36 saylı Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs sakit adam olmuş, saxlanıldığı yerdə onun üzərinə baxış keçirməyə ehtiyac duymamışlar. Təqsirləndirilən şəxs Polis Bölməsində 28 mart günü harada olması, İrana getməsi ilə bağlı suallar verilməmiş, bunlarla və Fazil Mustafayevlə bağlı məsələlər onların ərazi aidiyyatında olmamışdır. Təqsirləndirilən şəxs bildirdiyi kimi narkotik vasitə sellofana bükülüb hazırlanmamışdır. Məlumat narkotik vasitələrin satışı ilə bağlı deyil, qəbulu və gəzdirilməsi ilə bağlı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı sübut əldə etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru X1 ifadəsində göstərdi ki, 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş, həmin məlumatla bağlı əməliyyataxtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanaraq iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. 30 mart 2023-cü il tarixdə saat 15:00 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanın yaxınlığında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 36-cı Polis Bölməsinə dəvət etmişlər. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunaraq baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim etmişdir. O, cibindən çıxardığı bükümün içərisindəki maddənin heroin olduğunu, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini etiraf etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin heroin olduğunu, 30 mart 2023-cü il tarixə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, metronun Həzi Aslanov stansiyası yaxınlığında tanımadığı şəxsdən 100 manat müqabilində alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-31,51). Məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2023-cü il tarixli 6/1872 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... (imza) Cəbiyev....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,152 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 3,102 qram təşkil etmişdir (cild 1, iş vərəqə 37- 41). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 aprel 2023-cü il tarixli 2532 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 166-167). Cəlilabad rayon Şükürbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində ərazi nümayəndəliyinə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır (cild 1, iş vərəqə 159). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 29 aprel 2023-cü il tarixli 6366 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 160). İbtidai istintaq orqanının 05 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 175-176). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 08 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.3-cü, 332.2.1-ci, 332.2.2-ci, 332.2.3-cü və 332.3-cü maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Hərbi Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna uyğun olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.2.3-cü, 332.2.1-ci, 332.2.2-ci, 332.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilmiş və məhkumluğu olmayan şəxs hesab edilmiş, Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təyin olunmuş 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasını tam çəkib qurtardığından dərhal həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 105-106, 140-154, 155-158). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan altı il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olubolmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların əldə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin siyahısının, sms mətnlərinin "xxxx" MMC-dən götürülməsi barədə vəsatətlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 03 aprel 2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilmişdir. "xxxx" MMC-nin 12 aprel 2023-cü il tarixli məktubu ilə yuxarıda qeyd olunan məlumatlar CD disk şəklində təqdim edilmişdir. Həmin diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı sms mətnlərində və zənglərdə cinayət işi üzrə əhəmiyyətli hallar müəyyən edilməmişdir (cild 1, iş vərəqə 87-88, 104, 117). Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində onun üzərində tapılmış narkotik vasitənin - maddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, satışla bağlı ittihamı qəbul etməyərək özünü qismən təqsirli bilməklə narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 3,152 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitəyə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyatının olmamasına, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üstünə qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı psixoloji təzyiq göstərilməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 30 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 82-86). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,102 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,205). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,102 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1613/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1613/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver