Məhkəmə qərarları › İş №1(101)-1615/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1615/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1615/2022 22.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçilər - "Hümbətov və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Quycaq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 03 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik edərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma, satma və İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərmək barədə İran İslam Respublikasının vətəndaşı “Afşir” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Afşir" adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi İlə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib, Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlətməklə saxladıqları külli miqdarda 5060 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına qanunsuz daşımış, onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 03 may 2022-ci il tarixdə saat 21:15-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş idarədə saat 23:12-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə sağ əlində olan selofan torbada saxladığı külli miqdarda, yəni 5060 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldı. Bu zaman onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilsə də, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmadı. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Rusiyada yaşamış, 2021-ci ilin mart ayında Azərbaycana gəlmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün bir gün tanışı Fuadla əlaqə saxlamış, özünə narkotik vasitə lazım olduğunu Fuada demişdir. Sonuncu da, ona bir nəfərin nömrəsini verib əlaqə saxlamağını bildirmiş, həmin nömrə hazırda onun yadında qalmamışdır. O, həmin nömrəyə zəng vurub əlaqə saxlamış, danışdığı adam ona kart nömrəsi verərək oraya pul köçürtməyini demişdir. O da, adını bilmədiyi həmin şəxsin göndərdiyi kart hesabına 150 manat pul vurmuşdur. Bir qədər sonra həmin şəxs ona narkotik vasitənin yerini demiş, o da, narkotiki gedib götürəndə polis əməkdaşları onu tutmuşlar. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, Azərbaycanda olduğu müddətdə narkotik vasitələrdən istifadə etməmişdir. Həmin gün o, tanımadığı şəxsin mobil nömrəsinə zəng vurub ona 10-15 qram narkotik lazım olduğunu bildirmiş, həmin şəxs də ona kart hesabına 150 manat pul köçürməli olduğunu demiş, o da, deyilən məbləğdə pulu köçürmüşdür. İstintaqda ifadə verərkən də o, narkotik vasitəni naməlum şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşları onu saxlayandan sonra Baş idarəyə gətirmiş, ittihamda göstərilən narkotik vasitə marixuananın özünə məxsus olduğunu etiraf etmişdir. Şübhəli şəxs qismində tutularkən və üzərində şəxsi axtarış keçirilərkən təyinatla vəkil iştirak etmişdir. Polis idarəsində olarkən onu heç kim döyməmiş və ona fiziki və ya psixi təzyiqlər göstərilməmişdir. O, 15 qram narkotik almağı planlaşdırmış, buna görə də 150 manat pul köçürmüşdür. Lakin narkotiki götürməyə gedəndə çəkisinin çox olmasını görmüşdür. Həmin vaxt polis işçiləri onu saxlamışlar. «Afşir» adlı şəxsi özü şəxsən heç vaxt görməmiş, onunla yalnız mobil telefonla əlaqə saxlamış, dediyi kart hesabına pul köçürərək narkotik vasitələri ona deyilən yerdən gedib götürmüşdür. Özü ailəlidir, həyat yoldaşı milliyyətcə rusdur, birgə nikahdan bir azyaşlı qız uşağı vardır. Hazırda həyat yoldaşı və körpə uşağı özünün ata-anasının himayəsində yaşayır, atası Rafiq Hümbətov ağır yataq xəstəsidir. Əməlindən peşmandır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. O, həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurub tüstüsünü çəkməklə istifadə etmişdir, O Rusiya Federasiyasında olarkən orada yaşayan dostu vasitəsilə İran İslam Respublikasının vətəndaşı olduğunu bildiyi Afşir adlı şəxslə tanış olmuşdur. Təqribən 1 il öncə o, Azərbaycan Respublikasına gəldikdən sonra müxtəlif işlərdə işləsə də, qazanc əldə edə bilmədiyindən təqribən 1 ay öncə Afşirlə əlaqə saxlamış və ona pul qazanmaqda köməklik etməsini Afşirə demişdir. O, iranlıların Azərbaycan ərazisində narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu bilmişdir. Ona görə də Afşir ona narkotik vasitələri pul müqabilində müxtəlif ünvanlara paylamağı təklif etdikdə, dərhal razılaşmışdır. Razılaşmaya əsasən o, narkotik vasitəni Afşirin dediyi yerdən götürmüşdür, daha sonra həmin narkotik vasitəni başqa yerə qoymaqla şəklini çəkib "Whatsapp" vasitəsilə Afşirə göndərmişdir və malın qoyulduğu yerin izahını özündə əks etdirən səs yazısı atmışdır. Bu gördüyü işin müqabilində Afşir ona payladığı malın kiloqramına görə 700 manat pul verməli olmuşdur. O, Afşirdən bu qaydada bir neçə dəfə mal götürmüşdür. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, sonuncu dəfə 03 may 2022-ci il tarixdə Yasamal rayonu ərazisində Afşirin dediyi yerdən mal götürmüşdür. Belə ki, həmin tarixdə saat 21:15 radələrində ünvan 4 ünvanın yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı İlə məşğul olmaqda şübhəli olduğunu bildirib, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. O, səmimi olaraq etiraf edib sağ əlində daşıdığı selofan torbada narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, üzərində narkotik vasitə marixuana olduğunu bildirib sağ əlində saxladığı sarı rəngli selofan torbanı, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən “Samsung" markalı mobil telefonu, şalvarının sol yan cibindən 2 ədəd plastik bank kartını və 30 manat pulu, əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd mənzil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, 1 ədəd selofan torbanın içində narkotik vasitə marixuana olduğunu qeyd etmişdir. Selofan torba açıldıqda onun içərisində əlavə göy rəngli selofan torba aşkar edilmişdir. Həmin göy rəngli selofan torba açılarkən torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra həmin selofan torbada olan narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 1 ədəd selofan torbaya qablaşdırılıb möhürlənərək götürülmüş, aşkar edilmiş 1 ədəd "Samsung" markalı mobil telefon və 2 ədəd plastik bank kartı da götürülmüş, mənzil açarı və 30 manat pul ona qaytarılmışdır. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı bir aydır tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Afşir” adlı şəxsdən əldə etdiyini, “Afşir” adlı şəxsin göstərişi ilə narkotik vasitə marixuananı xx.xx.2022-ci il tarixdə təxminən saat 21:00 radələrində Bakı şəhəri. Yasamal RPİ-yə 500 metr məsafədə yerləşən ağacın dibindən götürərək müəyyən ünvana aparacağı təqdirdə “Afşir” adlı şəxsin onun kart hesabına 500 manat pul göndərəcəyini bildirmişdir. Bundan əlavə əvəllər də bir dəfə bu formada “Afşir” adlı şəxsin ona narkotik vasitə marixuana göndərdiyini, həmin narkotik vasitə marixuananı “Afşir” adlı şəxsin dediyi ünvana qoyaraq 100 manat və 13-15 qram arası narkotik vasitə marixuana əldə etdiyini və 13-15 qram arası əldə etdiyi narkotik vasitə marixuanam da şəxsi istifadəsi üçün yaşadığı ünvanda saxladığını və həmin ünvana gediləcəyi halda qeyd edilən narkotik vasitə marixunanı da təqdim edə biləcəyini bildirmişdir. Baxış zamanı ona yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa, könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şəxsi axtarış prosesində şifahi sorğu zamanı yaşadığı ünvanda saxladığı 13-15 qram narkotik vasitə marixuananı istifadə etdiyini, həmin narkotik vasitəni istifadə etməsini unutduğu üçün yaşadığı ünvanda narkotik vasitə olması barədə yalnış məlumat verdiyini, yaşadığı ünvanda narkotik vasitə marixuana olmadığını bildirib mənzilin giriş qapısını açaraq baxışa təqdim etmişdir. Baxış zamanı yaşadığı ünvandan sübut əhəmiyyəti kəsb edəcək hər-hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. O, üzərindən narkotik vasitə marixuananın aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. O polis əməkdaşları tərəfindən saxlanılan zaman, şəxsi axtarış keçirilən zaman onaə qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. Aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etmişdir. O, arada narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir (cild 1, iş vərəqi 62- 65, 78-81, 170-172). Tədqiq olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadələri təsdiq etdiyini, həqiqətən də əvvəllər bir neçə dəfə Afşirdən narkotik vasitə aldığını, onun İran vətəndaşı olduğunu bilmədiyini, bunu istintaq vaxtı Afşirin sözlərinə görə bildirdiyini, narkotik vasitə marixuananın İrandan qaçaqmalçılıq yolu ilə gətirildiyini bilmədiyini, bu barədə Afşirin də ona heç nə demədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 03 may 2022-ci il tarixdə Baş idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə əldə edərək üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Qərarın icrası ilə əlaqədar 03 may 2022-ci il tarixdə saat 21:15 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saxlanılmış və Baş İdarəyə dəvət edilmişdir. Təhqiqatçı tərəfindən ona müdafiəçi təyin olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa, çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirib sağ əlində saxladığı sarı rəngli selofan torbanı, şalvarının “Samsung” markalı mobil telefonu, 2 ədəd plastik bank kartını və 30 manat pulu və 1 ədəd mənzil açarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, selofan torbanın içində narkotik vasitə marixuana olduğunu demişdir. Həmin torba açıldıqda, içərisində əlavə göy rəngli selofan torba aşkar edilmiş, həmin selofan torba açılarkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər maddə 1 ədəd selofan torbada qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd mobil telefon və 2 ədəd plastik bank kartı götürülmüş, mənzilin açarı və 30 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şahid1 ifadəsinə görə, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananı bir aydır tanış olduğu İran vətəndaşı “Afşir” adlı şəxsdən əldə etdiyini, “Afşir” adlı şəxsin göstərişi ilə həmin narkotik vasitəni 03 may 2022-ci il tarixdə saat 21:00 radələrində Yasamal rayon Polis idarəsindən 500 metr məsafədə yerləşən ağacın dibindən götürərək müəyyən ünvana aparacağı təqdirdə “Afşir” adlı şəxsin onun kart hesabına 500 manat pul göndərəcəyini bildirmişdir. Bundan əlavə, Cavid əvvəllər də bir dəfə “Afşir" adlı şəxsin ona narkotik vasitə marixuana göndərdiyini, həmin narkotik vasitə marixuananı “Afşir" adlı şəxsin dediyi ünvana qoyaraq 100 manat və 13-15 qram arası narkotik vasitə marixuana əldə etdiyini, 13-15 qram arası əldə etdiyi narkotik vasitə marixuananı da şəxsi istifadəsi üçün yaşadığı ünvanda saxladığını və həmin ünvana gediləcəyi halda qeyd edilən narkotik vasitə marixunanı da təqdim edə biləcəyini bildirmişdir. Protokol tərtib edilib Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gəlmişlər. Həmin zaman mənzilin qarşısında X4 ilə qaşılaşmışlar. X5 təqdim edib, anket məlumatlarını soruşmuşlar. Kənan Əsgərov özünü təqdim edərək Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilmədiyi üçün Cavidin yaşadığı ünvana gəldiyini bildirmişdir. Baxış zamanı yaşadığı ünvanda narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa, könüllü surətdə təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra şifahi sorğu zamanı yaşadığı ünvanda 13-15 qram miqdarında narkotik vasitə marixuana olduğunu dediyini, həmin narkotik vasitə marixuananı istifadə etdiyini, həmin narkotik vasitəni istifadə etdiyini unutduğu üçün yaşadığı ünvanda narkotik vasitə olması barədə yalnış məlumat verdiyini, hazırda yaşadığı ünvanda narkotik vasitə marixuana olmadığını bildirib mənzilin giriş qapısını açarla açaraq baxışa təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Baş İdarəyə qayıtdıqdan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2, həmçinin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuş Şahid3 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış keçirilməsi zamanı külli miqdarda narkotik vasitənin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 03 may 2022-ci il tarixli protokola əsasən, həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 21:15-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilib, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan selofan torbada saxladığı 5060 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 28-29). Məhkəmə-bioloji ekspertizasının 04 may 2022-ci il tarixli 7/434 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində: ‘'Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd selofan torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə" yazıları və imzalar olan sarı rəngli selofan torbadakı göy rəngli polietilen torbada təmiz çəkisi 5060 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 51-54). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 avqust 2022-ci il tarixli 4192 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs arabir düşəndə narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə etdiyini bildirmişdir (cild 1, iş vərəqi 141-142). İbtidai istintaq orqanının 24 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd torbada qablaşdırılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 5059,9 qram qalmış qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarına qədər saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmçinin, 04 avqust 2022-ci il tarixli qərara əsasən şəxsi axtarış keçirilməsini əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 30, 106-108, 143-155). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə BMCMİ-uə ünvanlanmış xx.xx.2022-ci il tarixli tapşırığa cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni də satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 132). Cinayət işində olan xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Hümbətov X3 rayonunun Quycaq kənd sakinidir, ünvan 6 ünvananda məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır. ünvan 7zibati ərazi nümayəndəliyi üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Baş idarənin məlumat informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 104-105). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlar üzrə yuxarıda sadalanan bütün sübutları məcmu halında təhlil edib qiymətləndirərək belə hesab edir ki, məhkəmə baxışı zamanı onun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirildi. Lakin ona Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə aşağıdakıları qeyd etməyi lazım bilir: Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, həmin hissədə ittihamdan imtina etdiyini bildirdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə gör, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanları və hazırkı hökmdə sadalanan sübutları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi həmin əməl düzgün tövsif edilmişdir, əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, həmçinin onun ilk məhkumluğunu, məcburi köçkün olmasını və ərazi üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, məhkəmədə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 03 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd torbada qablaşdırılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 5059,9 qram təşkil edən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilərək götürülməsi ilə bağlı videogörüntüləri əks etdirən 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 72 (yetmiş iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 72 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 avqust 2022-ci il tarixli 4192 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olsa da, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan Dövlət ittihamçısı imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş bir ədəd torbada qablaşdırılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 5059,9 qram qalmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkiliş görüntülərini əks etdirən 1 ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 72 (yetmiş iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar