Məhkəmə qərarları › İş №1(101)-1615/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1615/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1615/2024 03.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X8 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş hüquqi şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Ermənistan Respublikasının Masis rayonunun Zəngibasar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-251/2021 saylı, 08 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-287/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay müddətə azaldılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsində nömrəsiz evdə yaşamış, 14 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 sentyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 27 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-877/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2,245 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 14 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi 2-ci sahə adlanan ünvanda yerləşən fərdi yaşayış evin yaxınlığında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev 3 ünvanında yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-yə aparılmış və şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,245 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixə keçən gecə ünvan 7 ünvanında yerləşən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının birinci mərtəbəsinin pəncərəsinin açıq olmasından istifadə edib həmin pəncərədən qanunsuz binaya daxil olaraq oradan dəyəri 2425 manat təşkil edən 32 kw-lıq “NeoTerm” markalı istifadə edilməmiş Kombi aparatını, həmin kombi aparatının aksesuarları olan 1 metrinin dəyəri 4,5 manat, ümumi dəyəri 36 manat təşkil edən, istifadə edilməmiş 25-lik 8 metr borunu, 1 metri 12 manat, ümumi dəyəri 144 manat olan, istifadə edilməmiş 40-lıq 12 metr borunu, bir ədədinin dəyəri 3 manat ümumi dəyəri 60 manat olan, istifadə edilməmiş 40-lıq 20 ədəd xamutu, bir ədədinin dəyəri 3 manat ümumi dəyəri 30 manat olan, istifadə edilməmiş 40-lıq 10 ədəd künclüyü, bir ədədinin dəyəri 1,2 manat, ümumi dəyəri 12 manat olan, istifadə edilməmiş 25-lik 10 ədəd künclüyü, dəyəri 90 manat olan, istifadə edilməmiş 01 ədəd kombi setini, bir ədədinin dəyəri 3 manat, ümumi dəyəri 12 manat olan, istifadə edilməmiş 40-lıq 4 ədəd muftanı, dəyəri 29,2 manat olan, istifadə edilməmiş qaz üçün 01 ədəd şlanqını, dəyəri 90 manat olan, istifadə edilməmiş 01 ədəd regulyatoru, dəyəri 150 manat olan, istifadə edilməmiş 01 ədəd stabilizatoru, bir ədədinin dəyəri 3 manat, ümumi dəyəri 24 manat olan, istifadə edilməmiş 40-lıq 08 ədəd troyniki, bir ədədinin dəyəri 45 manat, ümumi dəyəri 90 manat olan, istifadə edilməmiş 40-lıq 02 ədəd vinteli, bir ədədinin dəyəri 18 manat, ümumi dəyəri 54 manat olan, istifadə edilməmiş 25-lik 03 ədəd vinteli, bir ədədinin dəyəri 36 manat, ümumi dəyəri 144 manat olan, istifadə edilməmiş 04 ədəd amerikankanı, dəyəri 6 manat olan, istifadə edilməmiş 01 ədəd rekoru, dəyəri 45 manat olan, istifadə edilməmiş 01 ədəd manometri, bir ədədinin dəyəri 1 manat 50 qəpik, ümumi dəyəri 3 manat olan istifadə edilməmiş 02 ədəd 40/25 keçidi, bir ədədinin dəyəri 90 qəpik, ümumi dəyəri 1 manat 80 qəpik olan olan, istifadə edilməmiş 02 ədəd 32/25 keçidi, dəyəri 1 manat 50 qəpik, ümumi dəyəri 6 manat olan, istifadə edilməmiş 04 ədəd 32-lik kapatmanı, dəyəri 30 manat olan, istifadə edilməmiş 01 ədəd 40-lıq fılteri, dəyəri 18 manat olan, istifadə edilməmiş 01 ədəd 25-lik fılteri və istismar olunması nəzərə alınmaqla istismara yararlı, dəyəri 180 manat olan “Acer” markalı, Aspire El ZQT modelli, 500 GB sərt disk yaddaşlı, 2 GB DDR, 14 diaqonallı, İntel pentium prosessorlu noutbuku adapteri ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ümumilikdə 3680 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 noyabr 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 198 ünvanında yerləşən X5 məxsus fərdi yaşayış evinin həyətinə dəmirdən olan hasarından aşıb keçməklə qanunsuz olaraq daxil olub həmin həyətdə yarımtikili sahədən təmir-tikinti işlərini yerinə yetirən usta Zərərçəkmiş şəxs2 məxsus 120 manat dəyərində 01 ədəd “Bosh” markalı, “GKS190” modelli, Çin istehsallı, 1400 W-lıq yararlı portativ taxtakəsən aparatı, 120 manat dəyərində 01 ədəd “Bosh” markalı, “GBH-2-26 DRE” modelli, Çin istehsallı, 800 W-lıq preferatoru, 60 manat dəyərində 01 ədəd “Phiolent” markalı, Çin istehsallı, 1500 W-lıq preferatoru, 80 manat dəyərində 01 ədəd qaynaq aparatını, 60 manat dəyərində 01 ədəd “Total” markalı, Çin istehsallı, 1700 W-lıq preferatoru və 80 manat dəyərində 01 ədəd “Euromax” markalı, Çin istehsallı, 900 W-lıq laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 520 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər arada bir ustalıq edib dolanmış, lakin anası xəstə olduğu üçün müalicəsinə xeyli miqdarda pullar tələb olunmuş, o da lazımi dərəcədə qazana bilməmiş və buna görə də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də o, 15 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixə keçən gecə saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman Sabunçu rayon Bakıxanov qəsəbəsi üzrə icra nümayəndəliyinin pəncərəsi açıq olduğunu və içəridə heç kimin olmadığını görmüş, ona görə də pəncərədən içəri daxıl olmuş, otaqda yerdə bir ədəd kombi aparıtı və ona aid xeyli aksessuarları görmüş, o, həmin kombi aparatını və aksessuarları pilləkan vasitəsilə pəncərədən aşağı salmış və bundan sonra yenidən içəri daxil olmuş və masanın üstündə bir ədəd qara rəngli “Acer” markalı noutbuku və onun adaptorunu götürüb oradan çıxmış və yaxınlıqda olan binaların birinin zirzəmisində gizlətmişdir. Bir gün sonra o, səhər tezdən həmin yerə gəlib dövlət qeydiyyat nişanını xatırlamadığı bir taksi ilə kombini, aksesuarları ilə birlikdə aparıb Sabunçu qəsəbəsində yerləşən “Bit bazarı” deyilən yerdə tanımadığı şəxsə 300 manata satmış, lakin oğurladığı noutubuka isə müştəri tapa bilməmişdir. Bundan sonra o, hər gün həmin noutbuku satmağa çalışsa da, müştəri tapa bilməmişdir. Kombi və aksesuarlardan əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. 18 noyabr 2023-cü il tarixdə gecə saatlarında o, Nizami rayonu Şərq küçəsində gəzən zaman yarımtiki olduğunu görmüş və çəpərdən tullanıb həmin yarımtikiliyə daxil olmuş, orada birinci mərtəbədə yerdə elektrik təmir alətlərinin olduğunu görmüşdir. Həmin alətlərdən taxtakəsən mişar, laqonda, qaynaq aparatı, drel və sair alətləri çölə çıxardıb gətirib Sabunçu rayonu Bakıxanov qəsəbəsində qəbirstanlıq tərəfdə gizlətmiş, bəzilərini yenə də həmin “Bit bazarı” deyilən yerdə tanımadığı şəxsə xatırlamadığı qiymətə satmışdır. 27 noyabr 2023-cü il tarixdə o, axşam saatlarında əvvəl icra nümayəndəliyindən oğurladığı noutbuku götürüb müştəri axtarmaq üçün gedərkən Bakıxanov qəsəbəsində polis əməkdaşları onu saxlamış və sənədləri soruşmuş, daha sonra onu 13-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, oğurluq etdiyini tam etiraf etmiş və noutbuku polisə təqdim etmişdir. Digər maddə üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Ramana qəsəbəsində, 16 saylı CÇM yaxınlığında piyada hərəkətdə olan zaman bir nəfər tanımadığı şəxs yanında qaçaraq keçmiş, sonuncunun arxası ilə polis əməkdaşlarının da qaçdığını görmüşdür. Polis əməkdaşları ona yaxınlaşaraq ondan hara qaçdığını soruşmuş, o da sonunculara heç nə bilmədiyini demişdir. Bu zaman polis əməkdaşları onu döyməyə başlamış, bundan sonra onu müvafiq polis bölməsinə gətirmiş və burada onu ittihamı qəbul etməyə məcbur etmişlər. Halbuki o, narkotik vasitələrdən, ümumiyyətlə, istifadə etmir. Sonda törətdiyi oğurluq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsini və zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 234.1-1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, sifariş əsasında fərdi yaşayış evlərində təmir-tikinti işlərini aparmaqla ailəsini dolandırmışdır. 2023-cü ilin noyabr ayının əvvəllərindən başlayaraq iş yoldaşları Təbriz və ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evində təmir-tikinti işlərinə başlamışdır. Bununla əlaqədar müxtəlif işlərin yerinə yetirilməsi məqsədi ilə o, özünə məxsus təmir alətlərini həmin evə aparmışdır. 18 noyabr 2023-cü il tarixdə axşam saat 18:00 radələrində o, işlədiyi həmin evin həyətinin müvəqqəti quraşdırılmış qapısını bağlayıb getmişdir. Belə ki, fərdi yaşayış evi yeni tikilmiş, qapı-pəncərələri taxılmamışdır. O, xəstəliyi ilə əlaqədar bir neçə gün işə gedə bilməmiş və 26 noyabr 2023-cü il tarixdə işə getdikdə o, özünə məxsus tikinti ləvazimatların oğurlandığını görmüş və buna görə də 24cü PŞ-nə gedərək ərizə yazmışdır. Sonradan polis əməkdaşlarından ona, işlədiyi evdən qeyd edilən oğurluğu Bakı şəhər sakini Samir adlı şəxsin törətdiyini məlum olmuşdur. Belə ki, oğurlamış əşyaların hamısı ona məxsus olmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2024-cü il tarixli, 9/913 nömrəli rəyi ilə razıdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməyib, sonuncuya qarşı şikayətçidir. Məhkəmədə iclasında zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən başlayaraq Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini vəzifəsində çalışır. 15 noyabr 2023-cü il tarixdə saat 18:00-da işdən çıxan zaman nümayəndəliyin inzibati binasında, həmçinin onun xidməti otağında bütün əşyalar yerində olmuşdur. Növbəti gün, yəni 16 noyabr 2023-cü il tarixdə saat 08:00-da işə gəldikdə nümayəndəliyin inzibati binasından nümayəndəliyin balansında olan yeni alınmış və istifadə olumamış, qutusunda qalan, aksesuarlarla birlikdə, ümumilikdə, 3500 manata 2022-ci ildə alınmış 01 ədəd 32 kw-lıq “NeoTerm” kombi aparatının və onun otağındakı 01 ədəd, 2015-ci ildə 1350 manata alınmış “Acer” markalı noutbukun oğurlanmasını bilmişdir. Həmin vaxt o, kargüzarlıq və mühəndisin otaqlarının pəncərələrinin açıq olduğunu görmüşdir. Sonradan polis əməkdaşlarından ona nümayəndəliyinin inzibati binasından qeyd edilən oğurluğu Bakı şəhər sakini “Samir” adlı şəxsin etdiyi məlum olmuşdur. Belə ki, kombi aparatının aksessuarlarma 1 metrəsi 4,5 manata alınmış, 25-lik 8 metr boru, 1 metrəsi 12 manata alınmış 40-lıq 12 metr boru, 3 manata alınmış, 40-lıq 20 ədəd xamut, 3 manata alınmış, 40-liq 10 ədəd künclük, 1,2 manata alınmış 25-lik 10 ədəd künclük, 90 manata alınmış 01 ədəd kombi seti, 3 manata alınmış 40-lıq 4 ədəd mufta, 29,2 manata alınmış qaz üçün 01 ədəd şlanq, 90 manata alınmış 01 ədəd regulyator, 150 manata alınmış 01 ədəd stabilizator, 3 manata alınmış 40lıq 08 ədəd troynik, 45 manata alınmış 40-lıq 02 ədəd vintel, 18 manata alınmış 25-lik 03 ədəd vintel, 36 manata alınmış 04 ədəd amerikanka, 6 manata alınmış 01 ədəd rekor, 45 manata alınmış 01 ədəd manometr, 1,5 manata alınmış 02 ədəd 40/25 keçid, 0,9 manata alınmış 02 ədəd 32/25 keçid, 1,5 manata alınmış 04 ədəd 32-lik kapatma, 30 manata alınmış 01 ədəd 40-lıq filter, 18 manata alınmış 01 ədəd 25-lik filter aiddir. Qeyd olunan bütün aksesuarlar da yeni olmuş, 2022-ci ildə kombi aparatı ilə birlikdə alınmışdır. Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan ödənilməyib, sonuncuya qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Tağı oğlu Zərərçəkmiş şəxs2 ifadəsi ilə anoloji məzmunlu ifadələr vermişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və X4 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, sonuncular Zərərçəkmiş şəxs2 ifadəsi ilə anoloji məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2023cü il tarixdə iş yoldaşı polis serjantı Şahid4lə birlikdə xidmət aparan zaman saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2-ci sahə fərdi evin yaxınlığında olarkən bir nəfər şəxsin özünü şübhəli, yəni narkotik vasitələrin təsiri altında qeyri-adekvat apardığını görmüşlər. Həmin vaxt onlar həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edərək, şəxsiyyətinin dəqiqləşdirilməsi üçün həmin şəxsi Sabunçu RPİ- nin 12-ci PŞ-nə aparmışlar. Polis şöbəsində həmin şəxsin Bakı şəhəri, Sabunçu rayonu Kürdaxanı qəsəbə sakini xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra PŞ-də baş təhqiqatçı, polis mayoru Elşən Abbasov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə təqdim etmiş, həmin maddənin el arasında ”patı” kimi tanınan psixotrop maddə olan metamfetaminin olduğunu demiş və saxlanıldığı gün Sabunçu rayonu Ramana qəsəbəsidə 15 manata tanımadığı şəxsdən özünün istifadəsi üçün satın aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və onun üzərindən qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, müvafiq ekspertiza təyin edilməsi məqsədi ilə götürülmüş və zərfdə qablaşdırılmış, istintaq hərətəkinin nəticəsi haqqında tərtib edilmiş protokol və zərf onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə anoloji məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə təqdim etmiş, həmin maddənin el arasında ”patı” kimi tanınan psixotrop maddə olan metamfetaminin olduğunu demiş və saxlanıldığı gün Sabunçu rayonu Ramana qəsəbəsidə 15 manata tanımadığı şəxsdən özünün istifadəsi üçün satın aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və onun üzərindən qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan «Könüllü təqdimetmə və götürmə haqqında» 26 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 01 ədəd “Acer” markalı noutbuk və həmin noutbuka aid 01 ədəd adapteri təqdim etmiş və onları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasından oğurladığını bildirmişdir. Noutbuk cərrayana qoşulmuş, noutbuk və adapteri saz olmuş, üzərində hər hansı bir iz aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan «Könüllü təqdimetmə və götürmə haqqında» 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 01 ədəd taxtakəsən mişar və 02 ədəd drel təqdim etmiş və onları xx.xx.2023-cü il tarxidə yaşayış evindən oğurladığını bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı ünvan 10 ünvanında olan videomüşahidə kamerasının görüntüsündə 1 nəfər şəxs, başında qara papaq, əlində araba ilə oğurluq hadisəsini törətdikdən sonra hərəkət etməsi müəyyən olunur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4887 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №159” dairəvi möhür əksləri, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 2,245 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2024-cü il tarixli 1051 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Ondan həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 mart 2024-cü il tarixli, 9/913 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Bosh” markalı, “GKS190” modelli, Çin istehsallı, 1400 W-lıq yararlı portativ taxtakəsən aparatın qiymətinin 120 manat, 01 ədəd “Bosh” markalı, “GBH-2-26 DRE” modelli, Çin istehsallı, 800 W-lıq preferatorun qiymətinin 120 manat, 01 ədəd “Phiolent” markalı, Çin istehsallı, 1500 W-lıq preferatorun qiymətinin 60 manat, 01 ədəd qaynaq aparatının qiymətinin 80 manat, 01 ədəd “Total” markalı, Çin istehsallı, 1700 W-lıq preferatorun qiymətinin 60 manat, 01 ədəd “Euromax” markalı, Çin istehsallı, 900 W-lıq laqondanın qiymətinin 80 manat, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus “Acer” markalı, Aspire El ZQT modelli, 500 GB sərt disk yaddaşlı, 2 GB DDR, 14 diaqonallı, İntel pentium prosessorlu noutbukun isə adapteri ilə birlikdə qiymətinin 180 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2 və 234.1-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Qaradağ rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Məhkəmə hesab edir ki, üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarının göstərdiyi fiziki təzyiqin nəticəsi olaraq videoçəkilişdən əvvəl ona təqdim olunmuş psixotrop maddə olan metamfetaminin özünə məxsus olmasına dair etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa Təqsirləndirilən şəxs, ümumiyyətlə, narkotik vasitələrdən və psixiotrop maddələrdən istifadə etməməsi barədə ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, sonuncunun ifadəsinin əksinə cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2024-cü il tarixli 1051 nömrəli rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsindən görünür ki, bir neçə il narkotik vasitə və psixotrop maddələri qəbul etmiş, narkotik vasitələri və psixotrop maddələri tanımadığı, anket məlumatlarını bilmədiyi şəxslərdən özünü istifadəsi üçün alıb istifadə etmişdir. 14 sentyabr 2023-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi 2-ci sahə adlanan ünvanda yerləşən fərdi yaşayış evin yaxınlığında olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt üzərində metamfetamin olduğu üçün həyacanlanmış və tez bir zamanda oradan çıxıb getməyə çalışmışdır. Polis əməkdaşları onun həyacanlandığmı görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra xidməti vəsiqələrini göstərib şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini xahiş etmişlər. Üzərində heç bir sənəd olmadığından və metamfetamin daşıdığı üçün polis əməkdaşları tərəfindən həbs olunacağını bilib tez bir zamanda onların suallarına cavab verib sonunculardan yayınmaq istəmişdir. Lakin polis əməkdaşları onun bu hərəkətlərindən şübhələnib birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə getməyi təklif etmişlər. Artıq polis əməkdaşlarından yayına bilməyəcəyini başa düşüb etiraz etməyib birlikdə 12-ci PŞ-yə getmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən ona şöbəyə gətirilməyinin səbəbi izah edilmiş və üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirmişdir. Bu səbəbdən də ona hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət ediləcəyini deyib vəkillərin siyahısını ona təqdim etmiş və o da, siyahıdan vəkil X2 və vəkil təhqiqatçınm dəvəti ilə şöbəyə gəlmişdir. Vəkil təhqiqatçı tərəfindən ona təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində metamfetamin olduğundan və gələcəkdə hüquqlarımı müdafiə edəcək vəkilin etibar və inamını itirməməkdən ötrü ərizə ilə müraciət edib, şəxsi axtarış keçirilən zaman vəkil iştirak etməməsini xahiş etmişdir. Bundan sonra vəkil otaqdan çıxmış və təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmetin olubolmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməyini təklif etmişdir. O da təhqiqatçınm təklifi ilə əynində olmuş göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə olmuş psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş və həmin maddəni özünün istifadəsi üçün adını və anket məlumatlarını bilmədiyi şəxsdən Ramana qəsəbəsində 15 manata aldığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda hesab olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə olunmamasını, sonuncuların ona qarşı şikayətçi olmalarını, zərər çəkmiş şəxslərə dəymiş zərəri ödəməməsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarından görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-251/2021 saylı, 08 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-287/2022 saylı, 28 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay müddətə azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-251/2021 saylı, 08 may 2021-ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-877/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-877/2023 saylı, 29 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 2,145 qram psixotrop maddə - metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd preferatorun (drelin), 01 ədəd taxtakəsən portativ mişarın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, 01 ədəd “Acer” markalı noutbukun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 03 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan başqa zərər çəkmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 onlara dəymiş maddi ziyana görə mülki icraat qaydasında məhkəmə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ümumilikdə, 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq təmiz çəkisi 2,145 qram psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd preferatorun (drelin), 01 ədəd taxtakəsən portativ mişarın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, 01 ədəd “Acer” markalı noutbukun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 03 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərər çəkmiş hüquqi şəxs Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyana görə mülki icraat qaydasında məhkəmə müraciət etmək hüququ izah olunsun. Təqsirləndirilən şəxs ümumilikdə 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar