Məhkəmə qərarları › İş №1(101)-1616/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1616/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1616/2024 18.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 sentyabr 2024-cü il tarixdə, saat 14:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 oktyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır.

2. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 502,4 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 10 oktyabr 2023-cü il tarixdə, saat 18:00-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin (bundan sonra mətndə - Suraxanı RPİ-nin 30-cu PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində yerləşən 16 nömrəli evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 502,4 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hazırda yaşadığı ünvanın yaxınlığında olmaqla üzərində narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı polis şöbəsinin rəhbərliyinə məruzə edərək müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 16 ünvanının qarşısına getmişlər. Həmin gün, saat 18:00 radələrində qeyd edilən ünvanda yerləşən yaşadığı evin yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncuya özlərini təqdim edib ona narkotik vasitə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirərək Suraxanı RPİ-nin 30-cu PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 30-cu PŞ-yə gəlmiş, daha sonra onlar orada xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilməklə üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu üzərində özü istifadə etmək üçün 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirərək əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş bükümü və boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd “Huavey” markalı mobil telefonu çıxardaraq təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin sonuncunun üzərindən başqa hər hansı predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümün içərisində toz formasında qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini İmran kimi tanıdığı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən onlayn pul köçürmə yolu ilə 200 manata alaraq özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmaqla bu barədə protokol tərtib olunmuş, o, protokolda yazılanların düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən evinə gedərək Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə həmin evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən qanunsuz hər hansı başqa əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.

4. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərdi ki, Rüfət adlı şəxsin iranlı şəxsə kuryerlik etməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında rəhbərliyə məruzə edilməklə özü və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində Hafiz Quliyev küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirilmiş, orada şəxsi axtarış zamanı üzərindən qara rəngli sellofan bükümdə narkotik vasitə və mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəni İran vətəndaşından internet vasitəsilə əldə etdiyini bildirmiş, bundan sonra evinə də baxış keçirilmiş, lakin orada qanunsuz hər hansı predmet aşkar edilməmişdir. Əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılarkən evinin məhz Hafiz Quliyev küçəsində olmasını bilməmiş, saxlanılarkən ona özlərini təqdim etməklə PŞyə dəvət etmiş, Təqsirləndirilən şəxs da hər hansı etiraz bildirmədən onlarla birlikdə şöbəyə gəlmiş, habelə ona qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerlə 30-cu polis şöbəsi arasında təxminən 10-15 dəqiqəlik məsafə olmuşdur. Təqsirləndirilən şəxs atasının əvvəllər oğlu Rüfətin narkotik vasitə istifadəsi ilə bağlı polis əməkdaşlarına müraciət etməsi barədə məlumatı olmamışdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı məhkəməyə məlumat verilmiş, məhkəmənin qərarı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuni hesab edilmişdir. O, Təqsirləndirilən şəxs saxlanılarkən, eləcə də şöbəyə aparılarkən bədənində zahirən müşahidə edilən xəsarətlərin olmasını görməmiş, onun hər hansı şəxs tərəfindən döyülməsinin şahidi olmamış, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə təhvil verilərkən onlara üzərində xəsarət olması barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs konkret olaraq kiməsə narkotik vasitə satması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs müəyyən miqdarda pul müqabilində iranlı şəxsin ona narkotik vasitə qoyulan yer barədə məlumat verməsini bildirmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, habelə onun əvvəllər məhkum olunub-olmaması barədə məlumatı olmamışdır. Suraxanı RPİ-nin 30-cu PŞ-də şübhəli şəxslərdən aşkar olunmuş narkotik vasitələr ekspertiza tədqiqatı üçün adətən şöbənin əməkdaşı Şahid5 tərəfindən aparılır.

5. Davam edən məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs Şahid2lə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində saxlamış, Suraxanı RPİ-nin 30-cu PŞ-nin yanında istirahət parkı, o cümlədən əvvəllər “Aysel kafesi” adlandırılan, hazırda isə çayxana kimi fəaliyyət göstərən məkan olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut ekspert rəyinə əsasən narkotik vasitə heroin olmuş, baxış zamanı həmin narkotik vasitə heroinin rəngi açıq olmuşdur. Təqsirləndirilən şəxs soruşduqda həmin narkotik vasitəni iranlının göndərdiyini, rənginin ağ olmadığını, qarışıq tərkibli olmaqla iranlının ona həmişə bu cür narkotik vasitə verdiyini bildirmişdir. Narkotik vasitə heroinin rəngi ağ olmamış, qara paketdə qablaşdırılmışdır. Hadisə vaxtı Hövsan qəsəbəsi ərazisində olmuş, bu zaman istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon üzərində olmamış, mobil telefonunu ondan başqa heç kim istifadə etməmiş, həmin gün ərzində mobil telefonu xidməti avtomobilində olduğundan telefonun anten dairəsi də müxtəlif yerləri göstərmişdir. Mobil operatorlar tərəfindən təqdim edilmiş məlumatlarda “Sahil küçəsi, 11-ci Sahil döngəsi” kimi qeyd edilmiş anten şini Suraxanı RPİ-nin 30-cu PŞ-nin ərazisini əhatə edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, hadisə vaxtı Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru vəzifəsində işləmiş, həmin vəzifədə təxminən bir il yarım müddət ərzində xidmət etmiş, sonradan xidmət yeri dəyişdirilmişdir. Təqsirləndirilən şəxs xidməti fəaliyyəti ilə əlaqədar tanımışdır. Belə ki, Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlayaraq daşıması, habelə qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış, həmin qrupa özü və Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən, habelə sonradan üzərindən aşkar edilmiş narkotik vasitələrə dair hər hansı etirazını bildirməmiş, eləcə də sonuncuya qarşı onlar və ya hər hansı digər polis əməkdaşı tərəfindən hər hansı fiziki və ya psixi təsir olmamış, pis rəftar göstərilməmişdir. Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə, təxminən saat 17-18 radələrində Hafiz Quliyev küçəsi 16 saylı binanın qarşısında saxlanılarkən ona şübhəli olmasının səbəbləri barədə bildirilmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə olan sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yer Suraxanı RPİ-nin 30-cu PŞ-dən təxminən 5-6 dəqiqəlik məsafədə yerləşir. Hadisə vaxtı istifadəsində (055) ***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Onun Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması barədə məlumatı olmamış, əvvəllər Təqsirləndirilən şəxs, o cümlədən onun atasını tanımamış, sonuncu oğlunun narkotik vasitə istifadəçisi olması ilə bağlı ona köməklik etməsi ilə bağlı hər hansı xahiş etməmiş, onları (Təqsirləndirilən şəxs və atasını) sonradan hazırkı cinayət işi ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı bir gün əvvəl daxil olmuş, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərarla tanış olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, sonuncu ilə ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı iştirak etsə də, hadisədən təxminən bir il müddət keçdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin rəngini və digər təfərrüatları dəqiq xatırlamır. Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binası Suraxanı rayonu, Hafiz Quliyev küçəsində yerləşir.

7. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, təxminən bir ildir narkotik vasitə olan heroindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitə heroini Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən və İran İslam Respublikasının vətəndaşı olan “İmran” adlı şəxsdən onlayn pul köçürmə yolu ilə alır. O, İmran adlı şəxsi görməmiş, lakin sonuncu ilə həmişə “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır. İmran adlı şəxs “Whatsapp” vasitəsilə ona narkotik vasitəni hansı ünvana qoyması barədə məlumat vermiş, o da həmin ünvana gedərək narkotik vasitəni oradan götürmüşdür. 10 oktyabr 2023-cü il tarixdə, təxminən saat 14 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “köhnə park” adlanan yerin yaxınlığına gedərək “İmran” adlı şəxsin qabaqcadan ona dediyi yerdən “kakos” kimi bildiyi narkotik vasitə olan heroini götürmüş və həmin bükümü üzərində saxlamışdır. Həmin narkotik vasitənin almağı qarşılığında o, “İmran” adlı şəxsə 200 manat pulu onlayn vasitəsilə göndərmişdir. 10 oktyabr 2023-cü il tarixdə, saat 18:00-da yaşadığı evin yaxınlığında, yəni Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində olan vaxtı mülkü geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 30-cu PŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-yə gəlmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasındakı otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlayaraq daşıdığı bir ədəd bükümdə olan kütləni cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi kütlənin nə olduğunu ondan soruşduqda o, təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərində başqa qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Daha sonra üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmi protokol ucadan oxunmuş, tərtib edilmiş protokol onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 54-56; 69-70;).

8. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 11 oktyabr 2023-cü il tarixli şübhəli şəxs və 12 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrindən sonra ümumiyyətlə onunla hər hansı istintaq hərəkəti, o cümlədən dindirmə, üzləşdirmə və sair istintaq hərəkətləri həyata keçirilməmişdir.

9. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarında olan aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.

10. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 16 saylı binanın yaxınlığında saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncudan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 502,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktına görə 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid4 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

11. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 oktyabr 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Namiq Məmmədov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin şöbənin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə, saat 18:00-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 16 saylı binanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 3-11;).

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 5(010)- 525/2023 saylı qərarından görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 10 oktyabr 2023-cü il tarixli “Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir (Cild 1, i.v. 57-59;).

13. “Şübhəli şəxsin tutulması haqqında” 10 oktyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Həmidov X12 RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid4 tərəfindən həmin tarixdə, saat 19:20-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə həmin tarixdə, saat 19:20-dən saat 19:25-dək protokol tərtib edilmişdir. Qərarın və protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 10 oktyabr 2023-cü il tarixdə, saat 18:00-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.12;27;).

14. Kompüterdə tərtib edilməklə Təqsirləndirilən şəxs və müdafiəçi X11 tərəfindən imzalanmış 10 oktyabr 2023-cü il tarixli ərizədə göstərilmişdir ki, “...gələcəkdə hüquqlarımın müdafiəsinin daha da keyfiyyətli keçirilə bilinməsi məqsədilə müdafiəçim X5 üzərimdə şəxsi axtarış və götürmə aparılmasında iştirakını zəruri hesab etmirəm. Buna görə də müdafiəçim Aydın Hüseynovun iştirakı olmadan üzərimdə şəxsi axtarış və götürmə prosessual hərəkətlərinin aparılmasına etiraz etmirəm..” (Cild 1, i.v. 31;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilmiş müvafiq qərar əsasında həmin gün Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid4 tərəfindən həmin şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və sahə inspektoru, polis baş leytenantı Şahid2 iştirakı ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində saat 19:40-dan 19:50-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd “Huavei” markalı mobil telefonu təqdim etmiş və əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik vasitəni “İmran” kimi tanıdığı İran İslam Respublikası vətəndaşından onlayn pul köçürmə yolu ilə alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bundan əlavə 10 oktyabr 2023-cü il tarixdə, saat 18:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi 16 saylı binanın yaxınlığında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş büküm, o cümlədən təqdim etdiyi 1 (bir) ədəd “Huavei” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin gün saat 19:50-dən saat 20:00-dək protokol tərtib edilmiş, protokolda “Xiaomi” markalı mobil telefondan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29; 32-33;).

16. “Mənzilə baxış keçirmə və götürmə haqqında” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında 10 oktyabr 2023-cü il tarixdə, saat 20:10-dan 20:30-dək Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Şahid4 tərəfindən həmin şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və sahə inspektoru, polis baş leytenantı Şahid2 iştirakı ilə ünvan 4 ünvanında fotoşəkilişdən istifadə edilməklə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı həmin ünvandan cinayət təqibi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar olunmamışdır (Cild 1, i.v. 35-36;).

17. “Diskə baxış keçirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X15 tərəfindən Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd fayldan ibarət DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 10 oktyabr 2023-cü il tarixli və 9 dəqiqə 37 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, sonuncuya üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən sellofana bükülmüş 1 (bir) ədəd bükümdə kütləni təqdim edərək bildirir ki, təqdim etdiyi büküm narkotik vasitə heroindir. Baxış zamanı “HP” markalı notebook kompüterində bir ədəd DVD diskdə baxıldı. Baxış zamanı bir ədəd DVD diskdə olan fayl qablaşdırılaraq iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə olunmuşdur (Cild 1, i.v. 91;).

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5309 saylı, 11 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 502,4 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 502,4 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 502,3 qram. Aparılmış tədqiqatın dəyərinin 81 (səksən bir) manat olması müəyyən edilmişdir. Qeyd edilən rəyin tədqiqat obyektlərinin göndərilmə şəklinə dair məlumat hissəsində göstərilmişdir ki, ...paketi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 502,4 qram olan qəhvəyi rəngli maddənin olması müşahidə edildi. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, təqdim olunmuş maddənin tərkibində narkotik və psixotrop maddələrin əlamətlərini müəyyən etmək üçün rəng testi və qaz xromatoqrafiyası kütlə-spektrometriyası metodları ilə analizlər aparıldı. Rəng testi nəticəsində qəhvəyi rəngli maddə nümunəsinin heroinə məxsus rəngə boyanması müşahidə edildi. Həmin rəyə əlavə olunmuş “Tədqiqat nümunələrinin götürülməsi və qalan kütlənin geri qaytarılmasına” dair 11 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, qeyd edilən narkotik vasitə 11 oktyabr 2023-cü il tarixdə, saat 12:20-də ekspertizaya baş əməliyyat müvəkkili Şahid5 tərəfindən təqdim edilmiş, həmin gün saat 16:30-da isə tədqiqatdan sonra qalan kütlə geri qaytarılmışdır (Cild 1, i.v. 41-45;).

19. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış HK-1/1466 saylı material üzrə sonuncunun barəsində başlanmış ********* saylı cinayət işi istintaqın davam etdirilməsi üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və həmin şöbənin müstəntiqi, polis mayoru X15 tərəfindən cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 47; 50;).

20. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 61-62;).

21. “Maddi sübut hesab edilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan və müvafiq məktubdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 502,4 qram (ekspert tədqiqatına sərf edildikdən sonra 502,3 qram) təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (Cild 1, i.v. 73-74;).

22. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi X8 vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-yə yazılı göstəriş verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilərək dindirilərkən Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilərək döyüldüyünü bildirərək bədəni üzərində olan xəsarətləri vizual olaraq göstərib həmin xəsarətlərin ona Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən yetirildiyini qeyd etmişdir (Cild 1, i.v. 80- 81;).

23. “Qətimkan tədbiri seçilməsi barədə” 12 oktyabr 2023-cü il tarixli qərar və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 82;84;).

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 tərəfindən təqdim edilmiş 30 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.96;).

25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 15 noyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, i.v. 103-104;).

26. “Diskə baxış keçirilməsi haqqında” 15 noyabr 2023-cü il tarixli protokolda göstərilmişdir ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında alınmış 1 (bir) ədəd CD diskə müstəntiq R.M.Nuriyev tərəfindən baxış keçirilməsi zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı sms mesaj mətnləri və yazışmaların olması müəyyən edilmişdir (Cild 1, i.v. 121-122;).

27. Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Namiq Məmmədovun 10 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 125;).

28. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 30 noyabr 2023cü il tarixli, 7849 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, o, 3 noyabr 2023-cü il tarixdən opiodlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə stasionar şəraitdə müalicə kursu alır (Cild 1, i.v.126-127;).

29. “Nikah haqqında” AZ-T№801744 saylı, “Doğum haqqında” AZ-İV№649148 saylı və AZ-İV№297156 saylı şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs X9 ilə 26 senyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 22 iyun 2013-ci il tarixdə Şahid7 Rüfət oğlu və 1 oktyabr 2015-ci il tarixdə X16 anadan olmuşdur (Cild 1, i.v.139-141).

30. “Sübutların qiymətləndirilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X15 tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs elan edilmiş ittiham və qətimkan tədbirinin qüvvəsində saxlanılması qərara alınmışdır (Cild 1, i.v.142-150).

31. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X15 tərəfindən ********* saylı cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmış, ********* saylı cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunaraq icraatına qəbul edilərək istintaqı davam etdirilir (Cild 1, i.v.152-153).

32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.M.Nuriyev tərəfindən 19 mart 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı qeyd edilən tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.158-166;).

33. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

34. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X17 tərəfindən 421-C-23 nömrəli material üzrə qəbul edilmiş qərarda göstərilmişdir ki, “Araşdırma zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı ünvana çağırış vərəqələri göndərilmiş, telefon nömrəsinə zəng edilərək rayon prokurorluğuna gəlməsi və məhkəmə-tibbi ekspertizasından müayinədən keçirilməsi bildirilsə də, sonuncu çağırışa gəlmədiyindən izahatının alınması və ekspert müayinəsindən keçirilməsi mümkün olmamışdır. Materiala əlavə edilmiş arayışdan görünür ki, telefon danışığı zamanı Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən izahat vermək üçün rayon prokurorluğuna gəlməyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs atası Şahid7 oğlunun narkotik vasitələrdən asılı olduğundan nə danışdığını bilmədiyini, polis əməkdaşları barədə heç bir şikayət və tələbləri olmadığını, oğlunun izahat vermək üçün rayon prokurorluğuna gəlməyəcəyini bildirmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 izahatından görünür ki, o, Təqsirləndirilən şəxs fiziki təzyiqlərə məruz qalaraq üzərinə narkotik vasitə qoyulması kimi xüsusatların tamamilə yalan olduğunu, Rüfətin döyülmədiyini, üzərində axtarış zamanı narkotik vasitə aşkar edildiyini, sonuncunun məsuliyyətdən azad olunmaq məqsədilə şər və böhtan xarakterli məlumatlar yazdığını bildirmişdir. Həmin şöbənin sahə inspektoru vəzifəsində xidmət edən Şahid2 Şahid1 izahatını təsdiq edərək eyni məzmunlu izahat vermişdir”. Göstərilənlərə əsasən 421-C-23 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından rədd edilmişdir (Cild 2;).

35. Suraxanı RPİ-nin müvəqqəti saxlama yerinin növbətçisi Kamran Əliyev tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli aktda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:00-da müvəqqəti saxlama yerinə qəbul edilərkən onun üzərinə baxış zamanı hər hansı xəsarət aşkar edilməmişdir (Cild 2).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

36. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 10 oktyabr 2023-cü il tarixdə, günorta təxminən saat 13:30 radələrində sahə müvəkkili Şahid2 tərəfindən saxlanılmış, sonuncu tərəfindən bu barədə növbətçi hissəyə məlumat verilmiş, bir müddət sonra post patrul xidməti avtomobili ilə polis əməkdaşları gələrək onu Suraxanı RPİ-nin 30-cu PŞ-yə aparmışlar. Saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmamış, şöbədə döyülərək polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyularaq həmin narkotik vasitənin ondan aşkar olunmasını, habelə yarım kilo narkotik vasitəni guya 200 manata almasına dair sənədləri tərtib edərək həmin sənədləri imzalamasını tələb etmişlər. O, müstəntiqə, habelə saxlanıldığı müvəqqəti saxlama yerində olan polis əməkdaşlarına döyülərək fiziki təzyiqlərə məruz qalması barədə şikayət etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etsə də, saxlanıldığı ərəfələrdə narkotik vasitələrdən istifadə etməmiş, o cümlədən narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, heç kimə satmamışdır. Narkotik vasitə istifadə etdiyi vaxtlarda özü və ya tanışları narkotik vasitələri kimdən əldə edə biləcəklərinə dair bir-birindən məlumat almağa çalışmışdır.

37. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, sahə müvəkkili Şahid2 onu saxlayarkən sonuncu tək olmuş, Şahid1 onun saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, nə Şahid2, nə də Şahid1 tərəfindən ona fiziki təzyiq olunmamış, o, tanımadığı əməliyyatçılar tərəfindən döyülmüşdür. Şahid2 tərəfindən saxlanıldıqdan sonra “naryad” xidməti çağrılaraq polis əməkdaşlarına təhvil verilərkən üzərində hər hansı narkotik vasitə olmamış, 30-cu PŞ-də tanımadığı polis əməkdaşları tərəfindən döyülmüş, şəxsi axtarış zamanı 3 dəfə videoçəkiliş aparılmış, videoçəkilişdə narkotik vasitəni guya 200 manata alması barədə deməsi tələb edilmişdir. O, saxlanılmamışdan təxminən bir il əvvəl də narkotik vasitələrin istifadəsi ilə əlaqədar tutulmuşdur. O, əvvəllər narkotik vasitələrin istifadəsi ilə məşğul olduğundan atası onların kəndçisi, habelə tanışları olan, hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid2 yanına gedib onun (Təqsirləndirilən şəxs) narkotik vasitələrdən istifadə etdiyini, bu səbəbdən onu qorxudub narkotik vasitə istifadə etməməsi barədə tənbeh etməsini xahiş etmişdir. O, 10 oktyabr 2023-cü il tarixdə, saat 13:30-da yaşadığı məhlədə yerləşən meyvə-tərəvəz mağazasının yanında olarkən sahə rəisi Şahid2 onu yanına çağırmış, yaxınlaşdıqda sonuncu onun yaxasından tutaraq mağazanın içərisinə salmış, daha sonra “naryad” xidmətini çağırmış, “naryad” gəlib onu polis şöbəsinə aparmış, saxlanılarkən həmin mağazanın satıcısı da onu görmüş, habelə həmin marketdə kameralar olmuşdur. Sahə rəisi Şahid2 onu döyməmiş, polis əməkdaşları onu polis şöbəsinə apardıqdan sonra oradakı otaqların birində döyülmüşdür. Sonradan Suraxanı rayon prokurorunun yanına aparılmış, orada paltarını çıxarıb polislər tərəfindən “dubinka” ilə döyülməsini ona göstərmiş və bu barədə şikayət ərizəsi yazmışdır. Lakin bədənində olan xəsarətlər barədə hər hansı araşdırma aparılmamış, məhkəmə-tibbi müayinədən keçirilməmiş, hər hansı şəxs, o cümlədən müstəntiq tərəfindən məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün çağırılmamış, ekspertizaya göndərilməmişdir. Döyülərkən aldığı xəsarətlərlə bağlı özü Hövsan qəsəbəsindəki poliklinikaya gedərək orada tanımadığı həkimin qəbulunda olmuş, həkim ona müalicəsi üçün iynələr (sistem) yazmışdır. Şahid1 üzərində şəxsi axtarış istintaq hərəkəti aparılarkən videoçəkilişdə iştirak etsə də, onun saxlanılmasında iştirak etməmiş, ona qarşı fiziki təzyiq göstərməmişdir. O, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdiyi kimi Hövsan qəsəbəsində yerləşən parkla binanın arasında deyil, başqa yerdə saxlanılmış, saxlanıldığı yerlə Şahid1 bildirdiyi yer arasında təxminən 150-200 metr məsafə olmuşdur. İstifadəsində (070)-830-16-16 saylı mobil telefon nömrəsi olmuş, həmin mobil telefonunu özündən başqa heç kim istifadə etməmişdir.

38. Davam edən məhkəmə baxışı üzrə məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 23 saylı poliklinikaya gedib Elnur adlı həkim tərəfindən müayinə olunmuş, lakin orada müayinə olunması barədə qeydiyyatdan keçməmiş, sonradan poliklinikaya gedib Elnur adlı həkimin qəbuluna girmək istəsə də, sonuncu orada olmamışdır. Şəxsi axtarış istintaq hərəkəti zamanı üzərinə qoyulmuş narkotik vasitə ağ rəngdə olmuşdur. 10 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində polislər tərəfindən tutulduqdan sonra evə getməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmadığını, məhkəməyədək icraat zamanı fiziki və psixi təzyiqlərə, eləcə də pis rəftara məruz qaldığından etirafedici ifadələr verdiyini, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını bildirərək məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi.

39. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin aparıcı eksperti, ali əczaçı təhsilli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ixtisası üzrə 2014-cü ildən ekspert iş stajına malik olmaqla, İ dərəcəli ədliyyə qulluqçusudur. O, tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5309 saylı ekspert rəyinin düzgünlüyünü təsdiq edir. Tərəfindən tərtib edilmiş ekspert rəyində göstərildiyi kimi ona təqdim edilən tədqiqat obyektinin formasını, rəngini və digər əlamətlərini ətraflı təsvir etməklə tədqiq etmiş, tədqiqatdan sonra qalıq qalmış tədqiqat obyekti özü tərəfindən müvafiq qaydada qablaşdırılmış və bu barədə rəydə ətraflı təsvir edilmişdir. Narkotik vasitə olan heroin müxtəlif rəng çalarlarında ola bilər. Lakin hazırkı iş üzrə ekspertiza tədqiqatı üçün ona qablaşdırılmaqla təqdim edilmiş narkotik vasitə heroin qəhvəyi rəngli tozşəkilli olmuş, həmin vaxt onun tərəfindən tədqiq edilən narkotik vasitə məhz hazırda məhkəmə iclasında ona maddi sübut qismində təqdim edilmiş narkotik vasitə heroin olmuşdur. Həmçinin tərtib etdiyi 11 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5309 saylı rəy məhz hazırda məhkəmə iclasında maddi sübut kimi ona təqdim edilən narkotik vasitəyə münasibətdə tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərinin əks olunduğu diskə məhkəmə iclasında baxış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş maddənin rənginin vizual olaraq ağ rəngdə olması görünür. Halbuki ona təqdim edilmiş narkotik vasitə qara rəngli sellofanda təqdim edilməklə qəhvəyi rəngdə olmuşdur. O, narkotik vasitəni tədqiq etdikdən sonra həmin narkotik vasitəni yenidən qanunvericiliyin tələblərinə uyğun olaraq qablaşdırmış, habelə rəydə narkotik vasitənin rənginin qəhvəyi olmasını qeyd etmişdir. Narkotik vasitəni ona polis əməkdaşı Şahid5 təqdim etmiş, maddi sübut sonuncunun iştirakı ilə özü (ekspert) tərəfindən açılmış, tədqiqat obyektinin qablaşdırılması açılarkən və kütlənin çəkisi ölçülərkən polis əməkdaşı Şahid5 də iştirak etmişdir. Ekspert kimi uzun illər ərzində iş təcrübəsinə əsasən deyə bilər ki, narkotik vasitənin rəngi onun saxlanma şəraitindən asılı olaraq dəyişə bilər. Belə ki, narkotik vasitə heroin kustar üsulla hazırlanmaqla tərkibində müxtəlif turşular olduğundan onun rənginin müəyyən müddət sonra dəyişməsi mümkün ola bilər. Lakin narkotik vasitənin rənginin bu dərəcədə, yəni videogörüntüdəki kimi (ağ rəngdən qəhvəyi rəngə) dəyişməsi mümkün deyildir. Ekspert tədqiqatına təqdim edilmiş tədqiqat obyektlərinin çəkisi çox olduqda müvafiq tədqiqat obyektinin qablaşdırılması bir neçə yerdən açılmaqla bir neçə nümunələr götürülür. Qablaşdırma açılaraq içərisindəki predmetdən nümunələr götürüldükdən sonra tədqiqat obyekti yenidən qablaşdırılır. Təcrübədə sarı rəngə çalan narkotik vasitə heroin müşahidə etmişdir. Bəzən heroinin üzərinin başqa rəngdə, içərisinin isə başqa rəngdə olması mümkün ola bilər. Əgər narkotik vasitənin içərisində kristalşəkilli maddə varsa, həmin maddələr qarışdıqda narkotik vasitənin rəngində açılma ola bilər. Hazırkı iş üzrə ona təqdim edilmiş narkotik vasitə onun tərəfindən yenidən qablaşdırıldıqdan sonra əvvəlki qablaşdırılmaya əlavə edilmişdir. Ona təqdim edilmiş tədqiqat obyekti olan narkotik vasitə əvvəlcə şəffaf sellofana, daha sonra isə qara rəngli sellofana bükülüb sarılmışdır.

40. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş Şahid4 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində tərəfindən tutulmuşdur. Adətən şəxslər əməliyyat müvəkkilləri tərəfindən saxlanılaraq idarəyə gətirildikdən sonra şübhəli şəxs qismində tutulub onlara hüquq və vəzifələri izah olunmaqla müdafiə hüququnun təmin olunması məqsədilə müdafiəçi dəvət olunur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı gün sonuncuya vəkil siyahısı təqdim edilmişdir. Həmin gün növbətçi vəkilin, o cümlədən Təqsirləndirilən şəxs müdafiəçisinin kim olmasını, aşkar olunmuş narkotik vasitənin rəngini xatırlamır. Hesab edir ki, hadisə günü növbətçi olan vəkil başqa polis bölməsi tərəfindən çağırılması ilə əlaqədar şöbəyə gəlməmiş, bu səbəbdən sonradan müdafiəçi qismində iş materiallarında qeyd olunmuş vəkil (Toğrul Şimiyev) iştirak etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə tərəfindən çəkilməmişdir. O, tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə protokolunda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin rəngini qeyd etməmişdir. Maddi sübut götürüldükdən sonra qablaşdırılır, üzəri möhürlənməklə eskpertə təhvil verilir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddi sübut növbəti gün ekspertə təhvil verilmişdir. Adətən maddi sübut qablaşdırıldıqdan sonra onun ekspertə təhvil verilməsinin təmin edilməsi üçün şöbə rəisinin müavininə müraciət edilir, sonuncu da öz növbəsində maddi sübutun ekspertə təhvil verilməsi üçün polis əməkdaşlarından birinə tapşırıq verir. Təqsirləndirilən şəxs şöbəyə gətirilərkən onun üzərində xəsarət izlərinin olmasını ümumiyyətlə görməmiş, sonuncu təzyiqlərə məruz qalması barədə ona hər hansı məlumat verməmiş, o cümlədən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qəbul etdiyi qərarda şəxsin üzərində xəsarətlərin olması ilə əlaqədar xüsusatların qeyd olunmasından hər hansı məlumatı olmamışdır.

41. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin 30-cu PŞ-də yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor vəzifəsində işləyir. Eyni zamanda o, bir qayda olaraq şöbə rəhbərliyinin göstərişinə əsasən ona təqdim olunmuş maddi sübutları ekspertlərə aparıb təhvil verir. Hazırda məhkəmə iclasında ona fotoşəkli göstərilən maddi sübutu xatırlayır. Belə ki, şöbənin rəis müavini Namiq Məmmədov həmin maddi sübutu 11 oktyabr 2023-cü il tarixdə xidməti iclasdan sonra təxminən saat 9 radələrində ekspertə təhvil verməsi üçün təhqiqatçı Şahid4 yanında sonuncunun qərarı ilə birlikdə ona vermiş, o da həmin gün, saat 12:20-də maddi sübutu aparıb ekspertə təhvil vermişdir. O, maddi sübutu götürərkən hər hansı sənədə imza çəkməmiş, ona necə verilmişdirsə, həmin qaydada da aparıb ekspertə təhvil vermişdir. Ekspert onun yanında maddi sübutu çəkmiş, sonuncu maddi sübutu açarkən rəngi qəhvəyi olmuşdur. Maddi sübut ona təqdim edilmiş videogörüntüdə göstərilən qablaşdırılmada verilmişdir.

42. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsində icarəyə götürdüyü mağazada meyvə-tərəvəz satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 25 ildir mağazasına yaxın məhlələrin birində yaşaması ilə əlaqədar tanımış, sonuncu ilə qohumluğu, düşmənçiliyi və ya ədavəti olmamışdır. 10 oktyabr 2023-cü il tarixdə mağazasına gəlmiş müştəriyə meyvə-tərəvəz satarkən yoldan keçən sahə rəisi Şahid2 mağazadan bayırda dayanmış Rüfəti yanına çağırıb sonuncunu mağazaya salmış, o, Şahid2 Rüfətin pis adam olmamasını bildirmiş, lakin Şahid2 ona kənara çəkilməsini bildirmiş, həmin vaxt mağazada onlardan başqa bir nəfər tanımadığı qadın müştəri də olmuşdur. Sahə rəisi Şahid2 Rüfəti saxladıqdan sonra üzərini yoxlamış, bu zaman Rüfətin üzərində metro kartı olmuş, lakin hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Sahə rəisi Şahid2 Rüfəti tək halda saxlamış, sonuncunu saxladıqdan sonra digər polis əməkdaşlarını çağırmış, təxminən 15-20 dəqiqə sonra 3 post patrul xidməti avtomobilində mülki geyimli digər polis əməkdaşları da mağazaya gəlib Rüfəti aparmışlar. Şahid2 Təqsirləndirilən şəxs saxlayarkən tək olmuş və polis xidməti geyim formasında olmuşdur. O, Şahid2 Rüfətin pis insan olmadığını, hazırkı vəziyyətin ayıb olmasını, habelə camaatın onlara baxdığını bildirmiş, lakin Şahid2 hər şeyin yaxşı olacağını deyərək Rüfətə narahat olmamasını, onu buraxacağını bildirmişdir.

43. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında saxlanılması barədə həmin gün axşam saatlarında məlumatı olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxladıqdan sonra havanın qaranlıq vaxtı evə baxış keçirmiş, bu zaman evdə hər hansı qanunsuz predmet aşkar edilməmişdir. O, təxminən üç il əvvəl oğlunun narkotik vasitələrdən istifadə etməsinin qarşısını almaq üçün adını xatırlamadığı (tanımadığı) polis əməkdaşına müraciət etmişdir. Lakin hazırkı iş üzrə Rüfətin polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı hər hansı müraciəti olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı dövrdə narkotik vasitələrdən istifadə etmiş, bu səbəbdən onunla münasibəti yaxşı olmamışdır. Evə baxış keçirilərkən Rüfət hər hansı təzyiqə məruz qalması barədə ona məlumat verməmiş, yalnız saxlanıldıqdan üç gün sonra evə gəldikdə ayağının baldır nahiyəsində xəsarət izlərini göstərib polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, Rüfətin narkotik vasitə istifadə etməsi ilə əlaqədar münasibətləri həmin dövrdə yaxşı olmadığından bədəninin digər hissələrində hər hansı xəsarətin olub-olmaması ilə maraqlanmamışdır. Lakin sonradan Rüfət təxminən 3 ay narkomaniya xəstəliyindən könüllü olaraq müalicə olunmaq üçün narkoloji dispanserə yerləşdirilmiş, müalicədən sonra narkotik vasitələrin istifadəsini tam dayandırmaqla narkotik vasitə istifadə edən şəxslərdən uzaq durmuş, habelə bu müddət ərzində sadəcə ailəsi ilə maraqlanmışdır. O, Rüfət tutulduqdan bir müddət sonra polis idarəsinə getdikdə müstəntiq ona oğlunun narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir.

44. Müdafiə tərəfi cinayət işi materiallarında olan aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.

45. Belə ki, hökmün 15 və 17-ci bəndlərində qeyd edilmiş “Şəxsi axtarış və götürmə haqqında” protokola və həmin protokolun qeydə alındığı videogörüntüyə məhkəmə iclasında təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edildiyi iddia edilən “narkotik vasitəyə bənzər” kütlənin çəkisi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təhqiqatçı tərəfindən tərəzi ilə ölçülərək çəkisi müəyyən edilməmiş, habelə həmin kütlənin rəngi, qablaşdırılması, forması, hansı şəkildə (tozşəkilli, kristalşəkilli və s.) olması və digər xüsusi əlamətləri ətraflı təsvir edilməklə protokolda qeyd olunmamışdır. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən “narkotik vasitəyə bənzər” kütlənin rənginin toz formasında ağ rəngdə olması, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən CPM-in 246-cı maddəsinin tələblərinin izah edildiyi formal olaraq qeyd edilsə də, hər hansı izahın verilməməsi müəyyən edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs ona verilən suallara həddən artıq həyəcanlı şəkildə cavab verməsi, istintaq hərəkətində müdafiəçinin iştirak etməməsinin səbəbi ilə bağlı hər hansı qeydin olmaması, Təqsirləndirilən şəxs aşkar edilmiş mobil telefonun işlək vəziyyətdə olmaqla söndürülərək qablaşdırılmaqla götürülməsi və sonuncunun üzərində gödəkçəsi çıxarılmadan axtarış aparılması müəyyən edilmişdir.

46. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi” X24 tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, xx/xx-6164 nömrəli arayışdan görünür ki, xx xxxx 1987-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 3 noyabr 2023 - 25 dekabr 2023-cü il və 9 fevral 2024 – 1 mart 2024-cü il tarixlərdə qeyd edilən mərkəzdə stasionar müalicədə olmuşdur (Cild 2;).

47. Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə maddi sübut kimi tanınmaqla Suraxanı RPİ-nin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 502,3 qram olan narkotik vasitə heroin Suraxanı RPİ-nin əməkdaşı, polis serjantı Şahid3 müşayiəti altında məhkəmə iclasına gətirilərək 28 iyun 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında proses iştirakçılarının, o cümlədən qeyd edilən maddi sübut üzrə tədqiqat aparmaqla rəy vermiş ekspert X3 iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd edilən narkotik vasitə olan heroin palçıq (yapışqan) formasında olmaqla tünd qəhvəyi rənglidir. Bu barədə müvafiq fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (Cild 2;).

48. Müdafiə tərəfinin vəsatəti ilə həm Təqsirləndirilən şəxs, həm də hazırkı iş üzrə sonuncunun ətrafında keçirilmiş əməliyat-axtarış tədbirlərində və saxlanılaraq polis şöbəsinə gətirilməsində iştirak etməsi qeyd edilmiş polis əməkdaşları Şahid2 və Şahid1 hadisə zamanı istifadələrində olan mobil telefon nömrələrinin anten məlumatları müvafiq mobil operatorlardan əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon 10 oktyabr 2023-cü il tarixdə, saat 10:52:44-də “Baki seh, H.Eliyev pr 117,Olimpiya seher”, saat 14:01:23, 17:02:13, 17:42:25, 17:45:32, 20:50:00 və 21:11:22-də “Baki sh. Suraxani r-nu., Hovsan qes.. 11-ci sahil dongesi” və həmin tarixdə, saat 17:49:37 və 19:03:19-da “Hovsan ges.” anten dairələrində olmuşdur. Həmçinin Şahid2 istifadəsində olmuş ***-***- **-** nömrəli mobil telefon 10 oktyabr 2023-cü il tarixdə, saat 08:31:13 və 09:15:18-də “Suraxanı rayonu, Əmircan qəsəbəsi”, saat 10:26:35 və 10:32:42-də “Xəzər rayonu Buzovna qəsəbəsi və Pirallahı yolu, Qala qəsəbəsi”, saat 11:03:25-dən 11:09:21-dək “Hovsan_Medeniyyet evi/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany”, saat 11:21:23-dən 11:21:39-dək “Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A saylı evin yanı/Surakhany”, saat 11:36:02-dən 11:38:09dək “Hovsan center XDMX/Bakı şəhəri, Hövsan qəsəbəsi/Surakhany”, saat 12:28:17-dən 12:33:40-dək “Xəzər rayonu, Türkan qəsəbəsi, Qonşuluq 50 saylı bağ sahəsi Khazar”, saat 15:59:59-da “Hovsan_Medeniyyet evi/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany”, saat 16:20:56-dan 16:37:42-dək “Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A saylı evin yanı/Surakhany”, saat 18:39:11-dən 21:37:20-dək “Hovsan_Medeniyyet evi/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany” və saat 22:14:08-dən etibarən isə “Suraxanı rayonu, Əmircan qəsəbəsi” anten dairələrində olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon 10 oktyabr 2023-cü il tarixdə, saat 00:05:42-dən 13:58:36-dək mütəmadi olaraq “Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A saylı evin yanı/Surakhany”, saat 14:03:58-dən etibarən 20:01:11-dək isə mütəmadi olaraq “Hovsan_Medeniyyet evi/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany” anten dairələrində olmuşdur. “Google maps” proqramından istifadə edilməklə Təqsirləndirilən şəxs, şahidlər Şahid2 və Şahid1 ifadələrinə, həmçinin işdə olan digər sənədlərə əsasən "xxxx" MMC-yə məxsus “Baki sh. Suraxani r-nu., Hovsan qes...11-ci sahil dongesi”, habelə “Baksell” və "xxxx" MMC-lərə məxsus “Hovsan_Medeniyyet evi/Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi/Surakhany” anten əhatə dairəsinin Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının yerləşdiyi ərazinin yaxınlığı olması, “Bakı şəhəri, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3A saylı evin yanı/Surakhany” anten dairəsinin isə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığı olması müəyyən edilmişdir (Cild 2;).

49. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 3(010)- 3049/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən inzibati xəta törədilməsi haqqında 19 iyul 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru Şahid2 qaytarılmış, inzibati qaydada tutulmuş Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal azad edilmişdir. Həmin qərardadın təsviri hissəsində göstərilmişdir ki, 19 iyul 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-dən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati-Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında həmin tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şahid7 Seyfulla oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə, oğlu Təqsirləndirilən şəxs mütəmadi olaraq evə gəlməməsi, narkotik vasitə qəbul etməsi barədə verdiyi məlumat əsasında sonuncu 18 iyul 2022-c il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə gətirilmişdir (Cild 2;).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

50. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

51. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

52. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

53. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur.

54. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM-in) 234.4.3-cü maddəsi həmin Məcəllənin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” fəslində nəzərdə tutulmuşdur.

55. CM-in 234.4.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanusuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində, yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.

56. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.

57. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.7-1.0.11-ci maddələr).

58. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 1-ci Siyahısı”na əsasən – təmiz halda 2 (iki) qram çəkidə narkotik vasitə heroin - külli miqdar təşkil edir.

59. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) tələblərinə əsasən onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşıması sübuta yetirilməli haldır.

60. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

61. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

62. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.

63. CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”.

64. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

65. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

66. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı qanunsuz predmetin, o cümlədən ondan aşkar edilməsi iddia edilən narkotik vasitənin olmamasını, şəxsi axtarış və götürmə istintaq hərəkətinin əks olunduğu videogörüntüdə Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən iş üzrə maddi sübut qismində tanınmış kütlənin rəngi ilə məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/5309 saylı, 11 oktyabr 2023-cü il tarixli rəyindəki narkotik vasitə olan heroinin rənglərinin əhəmiyyətli dərəcədə bir-birindən fərqlənməklə eyni olmamasını, yəni videogörüntülərdə aşkar edilmiş ağ rəngli kütlənin ekspertiza rəyində qəhvəyi rəngli tozşəkilli maddə kimi təsvir edilməsi, habelə məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı həmin narkotik vasitə heroinin videogörüntülərdə müşahidə edilən ağ rəngli maddədən əhəmiyyətli dərəcədə fərqlənməsi, iş üzrə polis əməkdaşlarının, ekspertin və digər şahid qismində dindirilmiş şəxslərin ifadələrini, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki təzyiqlərə məruz qalmaqla döyülməsini, həmçinin bədənində yaranmış xəsarətlərin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora birbaşa vizual olaraq göstərilməsi ilə əlaqədar müstəntiq tərəfindən verilmiş həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müdafiə edilməsindən imtina edilməsinə dair qərarını, həmin xəsarətlər barədə həm ibtidai istintaqı aparan müstəntiqə, həm də müvəqqəti saxlama yerinə daxil olarkən orada olan şəxslərə bildirməsinə baxmayaraq, hər hansı tədbir görülməməsi, qeyd edilən xəsarətlərlə bağlı müvafiq qeydiyyatın aparılmaması, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına (yazılı göstərişinə) əsasən müvafiq olaraq ekspertiza keçirilməsi üçün hər hansı çağırış almaması, bu barədə ümumiyyətlə ona bildirilməməsi və barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər.

67. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.

68. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, habelə sorğular verilmiş, həmin qərarlar və sorğular əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmış, maddi sübut məhkəmə baxışı üzrə məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir.

69. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.

70. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə, saat 18:00-da deyil, həmin tarixdə, saat 13:30 radələrindən etibarən saxlanılaraq polis şöbəsinə gətirilmişdir; b) iş üzrə maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən predmetlə ekspertiza tədqiqatına təqdim olunmuş predmetlər həm rənglərinə, həm də tərkibinə görə fərqli olmuş, habelə videogörüntüdə qablaşdırılaraq ekspertiza tədqiqatına göndərilməsi nəzərdə tutulan predmet ümumiyyətlə ekspertiza tədqiqatına təqdim olunmamış, tərkibi məlum olmayan həmin predmet başqa “narkotik vasitə” ilə dəyişdirilmişdir; c) “Mənzilə baxış və götürmə” istintaq hərəkəti prosessual qanunvericiliyin tələbləri pozulmaqla nə videoçəkilişdən istifadə edilməklə, nə də azı 2 (iki) hal şahidinin iştirakı ilə aparılmamamışdır; ç) “Mənzilə baxış və götürmə” istintaq hərəkəti bu barədə tərtib edilmiş protokolda qeyd edilən, yəni saat 20:10-dan 20:30-dək deyil, günün daha erkən saatlarında aparılmışdır; d) təhqiqatçı “Şəxsi axtarış və götürmə” istintaq hərəkətini həyata keçirərkən istintaq hərəkətinin keçirilmə vaxtı (saatı) haqqında videoçəkilişdə ümumiyyətlə məlumat verməmiş, o cümlədən Təqsirləndirilən şəxs aşkar edilməsi iddia olunan predmetin çəkisi ölçülməmiş, rəngi və sair xüsusiyyətləri barədə hər hansı ifadə səsləndirilməmiş, eləcə də protokolda müvafiq qeydlər aparılmamışdır; e) Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış, bununla əlaqədar prokurorun müvafiq göstərişi olmasına baxmayaraq, hər hansı real tədbir görülməmişdir. Qeyd olunan hallar Təqsirləndirilən şəxs barəsində aparılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyindən, bu tədbirlərin bütövlükdə qanunsuz və saxta olması, eləcə də qeyd edilənlər nəticəsində onun müdafiə hüququnun ciddi şəkildə pozulmasına səbəb olmuşdur.

71. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı təkzibolunmaz arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmış, bu araşdırma isə kifayət qədər uzun müddət tələb etmişdir.

72. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.

73. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş və ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edilməsi iddia edilən predmetlə ekspertiza tədqiqatına təqdim edilmiş predmet eyni deyildir. Bununla da, aşkar edilməsi iddia edilən, videogörüntülərdə öz əksini tapan ağ rəngli toz şəkilli predmetin qanunla dövriyyəsi qadağan olunmuş, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrə aid olub-olmaması məsələsinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid5 və izahatı alınmış təhqiqatçı Şahid4 göstərdiklərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edildiyi iddia edilən narkotik vasitəyə bənzər predmet növbəti gün saat 12:20-də Şahid5 tərəfindən ekspertiza tədqiqatı üçün ekspertə təqdim edilmiş, Şahid5 həmin predmet təqdim edilərkən bu barədə hər hansı sənədləşdirmə aparılmamış, sonuncu 11 oktyabr 2023-cü il tarixdə, səhər təxminən saat 9 radələrində müvafiq predmeti qəbul etdikdən sonra həmin predmeti ekspertə təqdim etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatına videoçəkilişdə əks olunmuş ağ rəngli, toz şəkilli predmetin deyil, başqa predmetin təqdim edilməsinin səbəbləri və bununla əlaqədar sair xüsusatların aydınlaşdırılması hazırkı məhkəmə araşdırması zamanı mümkün olmamışdır.

74. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs və əlavə şahid qismində dindirilmiş Şahid6 ifadələri, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən mobil telefon operatorlarından əldə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs ittihamda göstərilən yerdə, vaxtda və şəraitdə deyil, başqa yerdə, vaxtda və şəraitdə saxlanılması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairəsinə nəzər saldıqda, onun məhz 10 oktyabr 2023-cü il tarixdə, saat 14:03dən etibarən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında olması qənaətinə gəlmək mümkündür. Həmin hal mötəbərliliyi şübhə altına alına bilinməyən şahid qismində dindirilmiş Şahid6 ifadəsi ilə də öz təsdiqini tapır. Həmçinin ittihama görə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları olan həm Şahid1, həm də Şahid2 hadisə vaxtı istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairələrinə nəzər saldıqda müəyyən edilmişdir ki, Şahid1 həmin tarixdə, saat 14 radələrindən əsasən qeyd edilən polis şöbəsinin inzibati binasında olmuş, Şahid2 isə məhz saat 18:39 radələrindən etibarən həmin polis şöbəsində olmuşdur. Başqa sözlə, ittihama əsasən Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və bundan sonra onun saxlanılmasına dair əməliyyat-axtarış tədbirlərində iştirak etmiş polis əməkdaşları fərqli anten dairələrində olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan mobil telefonun əməliyyat tədbiri zamanı ümumiyyətlə üzərində olmadığını göstərməsinə baxmayaraq, müvafiq mobil telefon operatorundan əldə edilmiş məlumatlara əsasən həmin mobil telefon nömrəsi ilə ittihama əsasən Təqsirləndirilən şəxs saxlanıldığı qeyd edilən vaxt ərzində müəyyən danışıqlar aparılmışdır. Bundan başqa, hökmün 15, 45 və 48-ci bəndlərində göstərilənlər məcmu halda müqayisəli şəkildə nəzərdən keçirildikdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilmiş mobil telefonun söndürülərək qablaşdırılmaqla götürülməsi ilə əlaqədar həmin mobil telefon üzrə 10 oktyabr 2023-cü il tarixdə sonuncu anten dairəsinin 20:01:11 radələrində qeydə alınması müəyyən edilmişdir. Həmin hal Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin məhz həmin vaxt ərzində keçirilməsi qənaətinə gəlməyə əsas verir.

75. Həmçinin Şahid6 Təqsirləndirilən şəxs polis əməkdaşı Şahid2 tərəfindən mağazanın içərisində tək saxlanılaraq sonradan həmin əraziyə çağırılmış polis əməkdaşlarına təhvil verilməsi və sonuncu tərəfindən Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı hər hansı qanunsuz əşyanın aşkar edilməməsinə dair ifadəsində göstərdiyi xüsusatları ittiham tərəfi hər hansı digər sübutla təkzib edə bilməmişdir. Bundan başqa, hökmün 49-cu bəndində göstərilənlərə əsasən Şahid2 hadisədən xeyli müddət əvvəl də Təqsirləndirilən şəxs və sonuncunun atasını tanıması, eləcə də onun tərəfindən Təqsirləndirilən şəxs barəsində əvvəllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətinə cəlb edilməsi üçün toplanmış materialların məhkəməyə göndərilməsi müəyyən edilmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə, habelə Şahid2 və Şahid1 ifadələrinə tənqidi yanaşılmaqla ittihamın həlli zamanı istinad edilə biləcək sübut növü kimi mötəbərliliyinə kifayət qədər şübhələrin yaranmasına səbəb olur.

76. Belə ki, məhkəmə ittiham tərəfinin əsas sübut növü kimi göstərdiyi hallardan biri kimi məhkəməyədək icraatın ilkin mərhələsində Təqsirləndirilən şəxs verdiyi etirafedici ifadələrə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələrdə göstərilənlər elə ibtidai istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs tərəfindən tamamilə inkar edilərək mübahisələndirilmiş, hətta bununla bağlı hökmün 22-ci bəndində qeyd edildiyi kimi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina edilməsi haqqında qərarında da göstərildiyi kimi, sonuncu müstəntiq tərəfindən ifadəsi alındıqdan qısa müddət sonra şəxsən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bədəni üzərində olan xəsarətləri vizual olaraq göstərib həmin xəsarətlərin ona Suraxanı RPİ-nin 30-cu PŞnin əməkdaşları tərəfindən yetirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanına etirafedici ifadələr verdiyi halda, çox qısa müddətdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən şəxsən qəbul edilərkən həmin ifadələrdən imtina edərək polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmasını bildirməsi ibtidai araşdırma orqanı tərəfindən toplanmış ilkin sübutların mötəbərliyini ciddi şübhə altına salır. Buna baxmayaraq, müstəntiq tərəfindən ibtidai istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxsin verdiyi ilkin ifadələrdən başqa onunla hər hansı digər istintaq hərəkətləri həyata keçirilməmiş, müdafiəçi tərəfindən də bununla bağlı hər hansı təşəbbüs göstərilməmişdir. Göründüyü kimi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Təqsirləndirilən şəxs üzərində xəsarətlərin olmasını müəyyən etdiyi halda hökmün 35-ci bəndində göstərilmiş sonuncunun Suraxanı RPİ-nin müvəqqəti saxlama yerinə qəbul edilərkən tibbi müayinə zamanı guya üzərində hər hansı xəsarətin olmamasının qeyd edilməsi barədə tərtib edilmiş aktda göstərilənlər tamamilə absurddur.

77. Bundan başqa, hökmün 17-ci bəndində qeyd edilən videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Şahid4 şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlanması vaxtını bildirməmiş, şübhəli şəxsin prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini, o cümlədən keçirilən istintaq hərəkətinin mahiyyətini Təqsirləndirilən şəxs ümumiyyətlə izah etməmiş, yalnız formal olaraq qeyd edilənlərin şübhəli şəxsə izah olunduğu və hər hansı etirazının olubolmamasını sonuncudan soruşmuş, müdafiəçinin istintaq hərəkətində iştirak etməməsinə hər hansı etirazının olub-olmamasını soruşmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş kimi qeyd edilən predmet tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmiş, habelə həmin predmetin rəngi, forması və digər səciyyələndirici halları videoçəkilişdə səsləndirilməməklə yanaşı bu barədə tərtib olunmuş protokolda da hər hansı qeyd aparmamışdır. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilmədiyi qənaətinə gəlməyə əsas verir.

78. CPM-in 21.2 və 145.3-cü maddələri məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir.

79. Qeyd edilənlərə əsasən, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı təhqiqat və ibtidai istintaq orqanına ayrı-ayrılıqda verdiyi etirafedici ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz.

80. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq orqanına verdiyi etirafedici ifadələri, o cümlədən “Şəxsi axtarış və götürmə haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş yolverilməzliyinə görə sübutlar siyahısından xaric olunmalıdır. Əks yanaşma qeyd edilən hissədə məhkəmə araşdırmasının səmərəli olmamasına və əhəmiyyətsizliyinə səbəb olan haldır.

81. Əksinə yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə imkan verir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmuşdur. Belə ki, məhkəmə araşdırması nəticəsində onun ifadəsində göstərdikləri halların həqiqət olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini mötəbər sübut sayır.

82. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, şahidlər Şahid1 və X7 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri işin faktiki halları ilə kəskin ziddiyyət təşkil etdiyindən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsinə kifayət etmir.

83. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin tələbinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.

84. Eyni zamanda, CPM-in 19-cu maddəsinin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: - öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq.

85. Həmin məcəllənin 90-cı maddəsinin tələbinə görə müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək təqsirləndirilən şəxsin hüquqlarıdır.

86. Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafiəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulması üzrə proseduran tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarış zamanı da iştirakını qaçılmaz edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirilməlidir.

87. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, təqsirləndirilən şəxsin hüquqları, o cümlədən müdafiə hüququ və cinayət prosessual qanunvericiliyin digər tələbləri də kobud şəkildə pozulmuşdur.

88. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və həmin hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokol, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntülər qanunsuz şəkildə əldə edildiyindən yolverilməzliyinə görə sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz.

89. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

90. “Sakit Zayidov Azərbaycana qarşı” Avropa Məhkəməsinin Qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçinin tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması, bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.

91. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

92. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

93. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.

94. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz.

95. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir.

96. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

97. Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə narkoloji ekspertizasının rəyindən aydın olur ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.

98. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.

99. Həmçinin, məhkəmə hesab edir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.

100. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

101. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).

102. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.

103. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.

104. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

105. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir.

106. CPM-in 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2, 42.2.4-cü maddələrə görə, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.

107. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4, 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.

108. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir.

109. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

110. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.

111. İş üzrə maddi sübut kimi tanınmış “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd disk, "xxxx" MMC və "xxxx" MMCdən götürülmüş 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

112. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 502,3 qram təşkil edən narkotik vasitə heroin ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırkı cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməli və göstərilən predmetlərə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınmalıdır.

113. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.

114. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 502,3 qram olan narkotik vasitə heroin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılması və həmin predmetə hazırkı cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə hüquqi qiymətin veriləcəyi nəzərə alınsın. Maddi sübut kimi tanınmış 4 (dörd) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 81 (səksən bir) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar