Məhkəmə qərarları › İş №1(101)-1617/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1617/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1617/2025 26.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun müqavilə əsasında vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-cı il tarixdə Gürcüstan Respublikası, Saqareco rayonu, Düzəyrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə xüsusilə külli miqdarda 59835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 1995 qram çəkidə narkotik vasitə tiryək və xüsusilə külli miqdarda 4960 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib, saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikası vətəndaşının bildirdiyi Füzuli rayonu ərazisindən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda 59835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 1995 qram çəkidə narkotik vasitə tiryək və xüsusilə külli miqdarda 4960 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib icarəyə götürdüyü “Range Rover” markalı avtomobil ilə Bakı şəhərinə daşıyıb həmin narkotik vasitə və psixotrop maddələri “lizinq” müqaviləsi əsasında idarə etdiyi “BMW” markalı, **-JP-*** qeydiyyat nişanlı avtomobilin yük yeri və salonuna yığmaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə, saat 18:55-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesində yerləşən BDYPİ-nin Müayinə Mərkəzinin yaxınlığında saxlanılmış, həmin tarixdə saat 20:20-dən etibarən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 4 ünvanın yaxınlığında tərəfindən saxlanılmış “BMW” markalı, **-JP-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yeri və arxa oturacağının üzərindən 58 ədəd sellefon bağlamada ayrıayrılıqda çəkiləri 1050 qram, 1035 qram, 1050 qram, 1050 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1040 qram, 1050 qram, 1080 qram, 1050 qram, 1050 qram, 1055 qram, 740 qram, 1050 qram, 1045 qram, 1055 qram, 1050 qram, 1050 qram, 1050 qram, 1050 qram, 350 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1055 qram, 1040 qram, 1050 qram, 1055 qram, 1050 qram, 1075 qram, 1055 qram, 1045 qram, 1050 qram, 1045 qram, 1055 qram, 1040 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1045 qram, 1040 qram, 1050 qram, 1045 qram, 1050 qram, 1040 qram, 1045 qram, 1060 qram, 1045 qram, 1050 qram, 1050 qram,1045 qram, 1040 qram, 1055 olmaqla ümumilikdə xüsusilə külli miqdarda 59835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1000 qram və 995 qram olmaqla ümumilikdə külli miqdarda 1995 qram çəkidə narkotik vasitə tiryək, 1 ədəd bağlamanın içərisində 5 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda çəkiləri 990 qram, 1000 qram, 990 qram, 980 qram və 1000 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 4960 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs və Şahid2n qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu və Nizami rayonları ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətmələri bildirilmişdir (cild 1, iş vərəqi 6).

4. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid2n qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu və Nizami rayonları ərazisində dövriyyəsi ilə məşğul olmaları, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətmələri barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncuların müəyyən edilib ifşa edilmələri istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır (cild 1, iş vərəqi 7-8).

5. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol, DVD diskə baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində 055 ***-**-** simkart nömrəsi olan İphone markalı mobil telefon, 1 (bir) ədəd üzərində ***-***-**-** simkart nömrəsi olan Samsung markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd avtomobil açarı aşkar edilmişdir. Sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd mobil telefon götürülmüş, avtomobil açarı isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərində narkotik vasitə olmasa da, idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir (cild 1, iş vərəqi 11-13, 231).

6. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və avtomobilə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol, DVD diskə baxış keçirilməsi haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs və Şahid2na Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 4 ünvanının yaxınlığında BMW markalı, 10- JP-042 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri vermələri təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs və Şahid2 BMW markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük və arxa oturacaq hissəsindən 58 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri, 1 ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 2 ədəd bağlamada narkotik vasitə olan tiryəkə bənzər kütlələri təqdim etmişlər. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 67 kq 460 qram metamfetaminə bənzər kütlənin qablaşdırma ilə birlikdə çəkisi 5 kq 255 qram, tiryəkə bənzər kütlələrin qablaşdırma ilə birlikdə ümumilikdə çəkisi 2 kq 70 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılıb imzalanmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, avtomobilə baxış zamanı avtomobildən iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmetə rast gəlinməmişdir. Təqsirləndirilən şəxs və Şahid2 verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütləni İran İR-nın vətəndaşının vasitəsi ilə 1 gün əvvəl Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini, bunun qarşılığında həmin şəxsin onlara 5000 manat pul verəcəyini bildirmişlər (cild 1, iş vərəqi 18-21, 233-234).

7. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 02 ədəd mobil telefon və 01 ədəd xarici pasport götürülmüşdür. 06 ədəd sellofan torbaya, 02 ədəd çantaya və 03 ədəd DVD-yə baxış keçirilmiş, həmin 06 ədəd sellofan torbadan və 02 ədəd çantadan 58 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr, 02 ədəd bağlamada tiryəkə bənzər kütlələr və 01 ədəd bağlamada metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra video çəkilişə baxış keçirilmiş, görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs və Şahid2n narkotik maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs və Şahid2 verilən suallara cavab olaraq avtomobildən aşkar olumuş kütləni İran İR-nın vətəndaşının vasitəsi ilə 01 gün əvvəl Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini, bunun qarşılığında həmin şəxsin onlara 5000 manat pul verəcəyini bildirmişlər (cild 1, iş vərəqi 24-26).

8. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/301 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş dörd ədəd qara rəngli polietilen bağlamalarda və iki ədəd çantalarda ümumi sayı 58 (əlli səkkiz) ədəd sellefon bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1050,0 qram, 1035,0 qram, 1050,0 qram, 1050,0 qram, 1050,0 qram, 1045,0 qram, 1050,0 qram, 1045,0 qram, 1050,0 qram, 1040,0 qram, 1050,0 qram, 1080,0 qram, 1050,0 qram, 1050,0 qram, 1055,0 qram, 740,0 qram, 1050,0 qram, 1045,0 qram, 1055,0 qram, 1050,0 qram, 1050,0 qram, 1050,0 qram, 1050,0 qram, 350,0 qram, 1050,0 qram, 1045,0 qram, 1050,0 qram, 1055,0 qram, 1040,0 qram, 1050,0 qram, 1055,0 qram, 1050,0 qram, 1075,0 qram, 1055,0 qram, 1045,0 qram, 1050,0 qram, 1045,0 qram, 1055,0 qram, 1040,0 qram, 1045,0 qram, 1045,0 qram, 1045,0 qram, 1045,0 qram, 1045,0 qram, 1045,0 qram, 1040,0 qram, 1050,0 qram, 1045,0 qram, 1050,0 qram, 1040,0 qram, 1045,0 qram, 1060,0 qram, 1045,0 qram, 1050,0 qram, 1050,0 qram, 1045,0 qram, 1040,0 qram, 1055,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 59835,0 qram. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 94-98).

9. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/666 saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi olan 2 (iki) ədəd bağlamadakı, -2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 995 qram, ümumi təmiz çəkisi 1995 qram (1kq 995qr) tünd qəhvəyi rəngli qətranabənzər maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. -5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 1000 qram, 990 qram, 980 qram, 1000 qram ümumi təmiz çəkisi 4960 qram (4kq 960 qr) ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 99-104).

10. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 174-176).

11. Maddi sübut hesab etmə haqqında xx.xx.2025-ci il tarixli qərarla, əmələ hüquqi qiymət verilməsi və sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi, təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş ümumi çəkisi 59835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1995 qram çəkidə tiryək, 4960 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq çəkisi 59832,1 qram marixuana, 1994,65 qram tiryək və 4959,75 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 217-218, cild 2, iş vərəqi 84-106).

12. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2938 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 70-71).

13. 22.07.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə xüsusilə külli miqdarda 59835 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 1995 qram çəkidə narkotik vasitə tiryək və xüsusilə külli miqdarda 4960 qram çəkidə psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə CM-in 206.3.2, 234.4-1-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 126-127).

14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə, saat 19 radələrində Zabrat Maştağa yolunda yerləşən Baş Dövlət Yol Polis İdarəsinin yaxınlığında Əfqan adlı şəxsə yaxınlaşmışlar, özlərini təqdim etmişlər, üzərinə videoçəkilişlə axtarış keçirilmiş, üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Şəxs narkotik vasitənin idarə etdiyi “BMW” markalı avtomobildə olduğunu bildirmiş, daha sonra çəkilişi dayandırmış, yeznəsi Alım adlı şəxsi yaşadığı evin yaxınlığında saxlamış, daha sonra videoçəkilişlə üzərinə baxış keçirmişlər. Həmin şəxsin də üzərində heç nə aşkar olunmamışdır. Daha sonra Nizami rayonu, Tofiq Abbasov küçəsinə getmişlər, orada BMW markalı avtomobilin həm arxa oturacağından, həm də yük yerindən külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Şəxs bildirdi ki, bir gün əvvəl Alımla bir yerdə Füzuli rayonuna getmişlər, İran vətəndaşı demişdir ki, “əvvəlcə qoyulmuş konumda narkotik vasitə var, onu yerləşdirəcəksən, onun müqabilində də 5000 manat pul alacaqsız". O, suallara cavab olaraq bildirmişdir ki, Əfqan və Alımın barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Birinci Əfqanı, sonra Alım adlı şəxsi saxlamışlar. Üzərlərindən heç nə aşkar olunmamışdır. “Range Rover” markalı avtomobilə baxış keçirməmişlər. “BMW” markalı avtomobilə baxış keçirmişlər, narkotik vasitə həmin avtomobildən aşkar olunmuşdur. Əməliyyat məlumatı ona daxil olmuşdur. Əfqanı necə müəyyən etməkləri əməliyyat sirridir. Həmin vaxt üzərində mobil telefon olmamışdır. Çəkiliş “İphone” markalı telefonla aparılmışdır. Həmin telefonun kimə məxsus olduğu yadında deyil. Əməliyyat məlumatı narkotik vasitənin satışı ilə bağlı idi. Onların məlumatı narkotik vasitənin “BMW” markalı avtomobildə olması idi. Şəxsin evinə də baxış keçirməmişlər, şəxs özü bildirmişdir ki, narkotik vasitə “BMW” markalı avtomobildədir. Şəxsin üzərinə saat 9 radələrində baxış keçirmişlər. Şəxsə qarşı hər hansı təzyiq olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxsə qarşı hər hansı fiziki təzyiq olmamışdır.

15. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə, saat 18 radələrində Zabrat qəsəbəsi ərazisində onlar tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra şəxsin üzərinə baxış keçirilmiş və üzərində qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir, daha sonra Sabunçu rayonun Savalan qəsəbəsində şəxsin qohumu olan Alım adlı şəxs onlar tərəfindən saxlanılmış, həmin şəxsin də üzərinə baxış keçirilmiş, onun da üzərində hər hansı qanunla qadağan edilmiş əşyaya və maddəyə rast gəlinməmişdir. Daha sonra “BMW” markalı, 042 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, nəqliyyat vasitəsinin arxa hissəsindən və yük hissəsindən 58 bükümdə marixuanaya bənzər kütlələr və iki bükümdə metamfetaminə və bir bükümdə tiryəkə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələri Füzuli rayonundan İran İslam Respublikasının vətəndaşından əldə etdiklərini bildirmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, qrupun rəhbəri Şahid1 olmuş, əməliyyat məlumatı da ona daxil olmuşdur. Əməliyyatda 4 nəfər iştirak etmişlər. Şəxsə yaxınlaşarkən o piyada idi. Narkotik vasitənin Nizami rayonunda olan avtomobildə olduğunu müəyyən eləmiş və tədbirin davamı olaraq Nizami rayonuna getmiş, avtomobilə baxış keçirmiş və narkotik vasitəni aşkar etmişlər. Zabrat dairəsindən dönən zaman Maştağaya gedən istiqamətdə Maliyyə Mərkəzi deyilən yer var, həmin yerdə Təqsirləndirilən şəxs piyada vəziyyətdə hərəkətdə olarkən yaxınlaşmışlar. Əməliyyat məlumatı Şahid1 daxil olmuş, məlumat külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı idi. Şəxsi təxmini saat 18, 18:20 radələrində saxlamış, üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Üzərindən 2 ədəd telefonun aşkar edildiyi yadındadı. Əməliyyatın davamı olaraq Savalan qəsəbəsində Alımı saxlamış, şəxsin üzərinə saxlanıldığı yerdə də baxış keçirilmişdir. Tədbir zamanı telefonu üzərində olmamışdır. Şəxs saxlanılarkən ona hüquqları izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun ailə üzvlərinin yanına aparılması, ona hədə qorxu gəlməsi və narkotik vasitənin ona aid olmaması barədə təqsirləndirilən şəxsin dedikdəri yalandır. Şəxsin “Range Rover” markalı avtomobil idarə etməsi barədə heç nə xatırlamır. Şəxsin “Range Rover” markalı avtomobil idarə etməsinin yalan olmasını bildirmir, ola bilsin şəxs saxlanılmazdan əvvəl həmin əraziyə, deyilən avtomobillə gəlmiş, amma onlar şəxsi saxlayarkən həmin avtomobili görməmişlər. Şəxs piyada olmuşdur.

16. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdə, saat 18:20 radələrinə Zabrat qəsəbəsi ərazisində Maliyə Mərkəzinin yaxınlığında onlar tərəfindən saxlanılmışdır. Daha Sonra Təqsirləndirilən şəxs qaynı Sabunçu ərazisində saxlanılmışdır. Şəxslər saxlanılarkən üzərlərin baxış keçirilmiş və üzərlərində qanunla qalağan edilmiş əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Onlarda həmin şəxslərin “BMW” markalı avtomobillə Bakı şəhəri ərazisində narkotik vasitənin dövriyyəsi ilə məşğul olmaları ilə bağlı məlumat da var idi. Saxlanılan şəxslər qeyd olunan məlumatı doğrulayaraq, avtomobilə Qara Qarayev ərazisində baxış keçirmiş, avtomobildə 60-70 kq yaxın narkotik vasitə aşkar olunmuşdur. Bükümləri xatırlamır, aşkar olunmuş narkotik vasitələrin içində “patı”, marixuana və tiryək də var idi. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 18:00-18:20 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs piyada olarkən saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxladıqdan sonra, Sabunçuda Alım adlı şəxsi saxlamışlar, sonra avtomobilin Qara Qarayev ərazisində olduğunu bildirmişlər. Sonra gedib maşına baxış keçirmişlər. Əməliyyat zamanı telefonu üzərində idi. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun ailə üzvlərinin yanına aparılması, ona hədə-qorxu gəlməsi və narkotik vasitənin ona aid olmaması barədə təqsirləndirilən şəxsin dedikləri özünü müdafiə xarakterli ifadəsidir.

17. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə təqsirləndiriln şəxs qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində göstərmişdir ki, 12 fevral 2025-ci il tarixdə Əfqan ona Füzuli rayonunda avtomobil satıldığını və həmin avtomobilə baxmaq üçün Füzuli rayonuna getməli olduğunu demişdir. Əfqan ona qeyd olunan yerə birlikdə gedə biləcəyini soruşmuşdur. Həmin gün Savalanda qaynatasıgildə spirtli içki qəbul etmişdir. O, evdə tək oturub darıxacağını düşünmüş və Əfqana birlikdə gedəcəyini demişdir. Bundan sonra Əfqanla görüşmək üçün “Qara Qarayev” metrostansiyasının yaxınlığına gəlmişdir. Əfqan icarəyə götürdüyü “Range Rover” markalı avtomobil ilə onu həmin gün günorta saatlarında qeyd olunan yerdən götürmüşdür. Bakı şəhərindən çıxıb Füzuli rayonu istiqamətində hərəkət etmişlər. O, içkili olduğu üçün yolda yuxulamışdır, arada oyanıb yola baxmış, hava qaralanda Əfqanın avtomobili aşağı sürətlə sürməsini görmüşdür. Əfqandan nə vaxta çatacaqlarını soruşmuşdur. Əfqan isə ona artıq Füzuli rayonunda olduqlarını demişdir və 5-10 dəqiqəyə çatacaqlarını demişdir. Həmin vaxt Əfqanın mobil telefonuna zəng gəlmiş və Əfqan yolun sağ-sol tərəfinə baxıb hərəkətini daha aşağı sürətlə davam etdirmişdir. Danışığı bitirən kimi həmin ərazi çöllük olduğundan o, burada ümumiyyətlə yaşayışın olmadığını, avtomobilin orada necə olmasını soruşmuşdur. Bu sualından sonra Əfqan qeyd olunan əraziyə mal götürmək üçün gəldiyini demişdir. O, nə mal olmasını soruşmuş və Əfqan tanışı İranlı ilə danışıb razılığa gəldiyini sonuncunun qeyd olunan əraziyə narkotik vasitələr yerləşdirdiyini, onları götürüb Bakı şəhərinə aparmalı olduğunu demişdir. O, bunu bilib Əfqanın üstünə qışqırmış və nə üçün bu barədə ona öncədən demədiyini avtomobil adı ilə aldadıb həmin əraziyə apardığını demişdir. Əfqan isə onluq bir iş olmadığını, onun kimisə tanımadığını və nəyəsə əl vurmayacağını deyib bu işin onla əlaqəsinin olmayacağmı demişdir. Bundan sonra avtomobili yol kənarında saxlamışdır. O, Əfqana avtomobildən düşməyəcəyini təcili onu gətirdiyi kimi geriyə Bakıya qaytarmasını tələb etmişdir. Əfqan avtomobildən düşüb yenidən telefonla danışmağa başlamış, o isə avtomobildən düşməyib yenidən yatmağa davam etmişdir. Əfqanın avtomobilin baqajını bir dəfə açma səsini eşitsə də, konkret olaraq baqaja nə qoymasını görməmişdir. Bundan sonra yenidən avtomobilə oturub geriyə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. O, avtomobildə Əfqanın üzərinə bərk qışqırıb onu niyə bu işlərə qatdığını soruşduqda Əfqan gördüyü işə görə İranlıdan 5000 manat pul alıb 2000 manatını ona verəcəyini təklif etsə də, o, daha da qəzəblənib təklifini rədd edib təcili onu Bakıya çatdırmasını, Bakı şəhərinə çatan kimi avtomobildən düşəcəyini və götürdüyü qanunsuz əşyanı da evə aparacağı halda valideynlərinə məlumat verəcəyini demişdir. 13 fevral 2025-ci il tarixdə, saat 02-03 radələrində Bakı şəhərinə çatdıqlarını görüb onu düşürməsini tələb etmişdir. Əfqan onu Dərnəgül yolu adlanan ərazidə yol kənarında düşürmüşdür. O, avtomobildən düşdükdən sonra yoldan keçən taksilərdən birinə əyləşib yaşadığı ünvana getmiş və gecələyib yuxudan ayıldıqdan sonra da Əfqanla əlaqə saxlamamışdır. 13 fevral 2025-ci il tarixdə saat 19:25-də ünvan 3 ünvanının yaxınlığında olan zaman bir neçə mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, polis əməkdaşlarına özünü təqdim etdikdə ondan narkotik vasitələrin harada olmasını soruşmuşlar. O isə polis əməkdaşlarına heç bir narkotik vasitə ilə əlaqəsi olmadığını, həyatı boyu narkotik vasitə qəbul etmədiyini, spirtli içki qəbul etdiyini demişdir. Polis əməkdaşları ondan öncə Əfqanı saxladıqlarını və gecə Füzuli rayonundan narkotik vasitələr götürülməsindən məlumatlı olduqlarını demişlər. Həmin narkotik vasitələrin Əfqan tərəfindən Range Rover markalı avtomobildən öz idarə etdiyi “BMW” markalı avtomobilə daşındığını demişlər. O, ümumiyyətlə bu barədə məlumatının olmadığını, Füzuli rayonuna da aldanılaraq getdiyini, Əfqanın əməlini bildikdə dalaşdığını, onu təcili Bakıya qaytarmağını söylədiyini polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları ona dedikləri formada çəkiliş zamanı ifadə verəcəyi halda onunla işlərinin olmayacağını, əks təqdirdə yaşadığı ünvandan da narkotik vasitə aşkar edəcəklərini demişlər. O, deyilənlərdən ehtiyat edib çəkiliş zamanı psixi təzyiq altında polis əməkdaşlarının bildirdikləri formada qeyd olunan maddələri X14 sürdüyü avtomobildə saxladıqlarını demişdir. Reallıqda isə o, həmin gün Əfqandan ayrılanda götürdüyü əşyaları rədd etməsini demiş və ayrılandan sonra da qəzəbli olduğu üçün əlaqə saxlamamışdır. Yəni qeyd olunan maddələri haraya daşımasını ona polis əməkdaşları bildirmişlər. Həmin çəkilişdə də görünür ki, o, təzyiq altında qeyd olunan sözləri deyir. Həmçinin avtomobilə baxış keçirilməzdən əvvəl də polis əməkdaşları Əfqan nə deyirsə onları təsdiq etməyini yəni narkotik vasitələri birlikdə əldə etdiklərini, həmçinin İranlını internetdən tanıdığını söyləməyi tapşırmışlar. Əfqan ilə onun birlikdə çəkilişlərində isə Əfqan Özü danışıb narkotik vasitəni özü götürdüyünü və İranlı ilə özünün əlaqəsinin olmasını söyləmişdir. Çəkilişi aparan şəxslər isə Əfqana verilən sualları təkrar ona yönləndirəndə o, başı ilə işarə verməklə dediklərini təsdiq etmişdir. Qeyd olunan narkotik vasitələrdən məlumatı yalnız Əfqan ona Füzuli rayonunda olan zaman artıq özü avtomobildən düşüb götürdükdə məlumat vermişdir. O da Əfqanla bundan sonra dalaşıb nə üçün belə bir problem yaratdığını demişdir. Əfqandan təcili onu Bakıya çatdırmasını tələb etmişdir.

18. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayır. Orta təhsilini ünvan 5rbaycan dilində almışdır. ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələri istifadə edir. Əvəllər oğurluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. “BMW” markalı, **-JP-*** qeydiyyat nişanlı avtomobili icarə əsasında idarə edir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. 2015-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı vardır. Şahid2 onun bacısı X2 həyat yoldaşıdır. Bundan başqa Alım həm də onun yerlisidir və onların arasında əlavə olaraq da qohumluq əlaqələri vardır. Buna görə də o, Alımı uzun müddətdir ki, tanıyır. Alım ailəsi ilə birlikdə Gürcüstanda yaşasa da, tez-tez Bakıya gəlirlər və burada olduqları zaman valideyninə məxsus evdə qalırlar. Saxlanılmamışdan 2 gün əvvəl Alım yenidən ailəsi ilə birlikdə Bakıya gəlmişdir. Bu dəfə Alım Bakıda bir il yaşamaq üçün müvəqqəti qeydiyyata düşmək fikrində olmuşdur. 2025-ci ilin yanvar ayında ona “İnstagram” sosial şəbəkəsində xatırlamadığı profildən mesaj göndərilmişdir. Həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs kimi təqdim edib onunla ünsiyyət qurmuşdur. Baba ilə bir neçə gün danışdıqdan sonra Baba ona azərbaycanlıların yaxşı insan olmasını və münasibət qurmaq istədiyini demişdir. Növbəti günlər həmin şəxs ona yenidən yazıb ümumi hal-əhval tutmuşdur. Bir neçə gün danışdıqdan sonra Baba ondan “whatsapp” nömrəsini istəyib əlaqə qurmuşdur. Onlar “whatsapp” tətbiqində danışan zaman özünü Baba adı ilə təqdim edən şəxs ona etibarlı adam olduğunu və onunla bir iş görmək istədiyini demişdir. Baba ona içərisində narkotik vasitələr olan bağlamaları Füzuli rayonu ərazisinə qoyacağını və həmin bağlamaları götürüb Bakı şəhərində özünün sonradan deyəcəyi ünvanlara çatdıracağı halda ona 5.000 manat pul verəcəyini bildirmişdir. O da əvvəlcə Babanın təklifi ilə razılaşmamışdır. Lakin sonra borcu olduğu üçün təklifini qəbul edib qeyd olunan narkotik vasitələri götürə biləcəyini demişdir. 12 fevral 2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs onunla əlaqə saxlayıb narkotik vasitə olan torbanı Füzuli rayonu ərazisinə yerləşdirəcəyini bildirib onun Füzuli rayonuna getməli olduğunu demişdir. O da həmin gün Alım ilə görüşüb Füzuli rayonunda satışda bir avtomobilin olmasını, həmin avtomobilə gedib baxmaq istədiyini, lakin uzun yolu tək getmək istəmədiyini, onunla birlikdə gedə biləcəyini soruşmuşdur. Alım də evdə tək oturub darıxacağını və onunla gedə biləcəyini demişdir. O, Füzuli rayonuna öz idarə etdiyi avtomobil ilə deyil, “Rent a Car” dan icarəyə avtomobil götürüb getmək qərarına gəlmişdir. Belə ki, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən yerdən “Range Rover” markalı avtomobili bir günlük 150 manat ödəməklə icarəyə götürmüşdür. Alımla əlaqə saxlayıb Q.Qarayev metrostansıyasının yaxınlığında olacağını və oraya gəlməsini qeyd olunan ərazidən götürəcəyini demişdir. Belə ki, o, Şahid2 da idarə etdiyi “Range Rover” markalı avtomobil ilə götürüb günorta saatlarında ilə Füzuli rayonuna istiqamətində hərəkətə başlamışdır. Alım həmin gün valideynlərinə məxsus ünvanda spirtli içki qəbul etdiyi üçün yatacağını və Füzuli rayonuna çatanda oyatmağını söyləmişdir. Alım bəzən arada durub yola baxıb yenidən yatmağa davam etmişdir. O, Füzuli rayonuna çatdıqdan sonra Alım nə vaxta çatarıq sualını verdikdə artıq 5-10 dəqiqəyə avtomobilin olacağı yerə çatacaqlarını demişdir. Alım həmin vaxt olduqları ərazinin çöllük olmasını görüb ondan qeyd olunan yerdə yaşayış və hərəkət olmadığını bildirib avtomobili kimin satmasını soruşmuşdur. Həmin vaxt o, Alıma reallığı demək məcburiyyətində qalmışdır. Belə ki, Alıma tanışı İran İslam Respublikası vətəndaşı ilə danışıb sonuncunun göndərəcəyi narkotik vasitəni götürməkdən ötrü qeyd olunan əraziyə gəldiyini demişdir. Həmin vaxt Alım ona qəzəbli şəkildə nə üçün maşın almaq adı ilə aldadıb bu qədər yol gətirdiyini, əvvəlcədən məlumat vermədiyini deyib təcili gətirdiyi kimi Bakıya qaytarmağını tələb etmişdir. O isə Alıma heç nədən narahat olmamağını, onun kimisə tanımadığını, bu işdə heç bir rolunun olmadığını, yolda darıxmamağı üçün özü ilə yol-yoldaşı olmaqdan ötrü bu adla gətirdiyini, reallığı deyəcəyi halda onunla gəlməyəcəyini bildiyi üçün bu formada deməyə məcbur olduğunu demişdir. Alım isə həmin vaxt ona avtomobildən düşməyəcəyini və təcili geri qayıtmaqlarını söyləmişdir. O, bundan sonra Alıma özü avtomobildən düşüb 5-10 dəqiqəyə gələcəyini demişdir. Avtomobildən düşüb İran İslam Respublikası vətəndaşı “Baba” adı ilə müraciət etdiyi şəxsin ona göndərdiyi konuma uyğun yerdən içərisində narkotik vasitələr olan torbaları götürüb avtomobilin baqajına yığmışdır. Həmin vaxt Alım avtomobildən düşməmişdir. O, qeyd olunan maddələri avtomobilin baqajına yığıb avtomobilə oturmuşdur və geriyə döndərib üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Alımın onu çox qınadığını və düzgün iş tutmadığını söylədiyini görüb Alıma həmin narkotik vasitələri Bakı şəhərinə salamat çatdıracağı halda İranlı tərəfindən ona 5000 manat pul veriləcəyini, həmin puldan 2000 manat verəcəyini dedikdə Alım daha da qəzəblənib təklifini rədd edib təcili Bakı şəhərinə çatdırmağını demişdir. Artıq 13 fevral 2025-ci il tarixdə saat 02-03 radələrində Bakı şəhərinə çatmışdır. Alıma onunla birlikdə gəlməsini söyləsə də, Alım israrla avtomobildən düşəcəyini demişdir. O, Alımı Dərnəgül yolu adlanan ərazidə avtomobildən düşürmüşdür. Özü isə yaşadığı ünvanın yaxınlığında yerləşən “Ruslan 93” adlı marketin arxasına gəlib avtomobili orada saxlamışdır. Sonra yaşadığı ünvana getmişdir. Yaşadığı ünvanda yatıb durduqdan sonra öz idarə etdiyi “BMW” markalı **-JP-*** qeydiyyat nişanlı avtomobillə “Ruslan 93” marketin yanına gedib “Range Rover” markalı avtomobilin baqajını açıb orada olan torbaları və çantaları götürüb “BMW” markalı avtomobilin baqajına yığmışdır. Baqajda yer olmadığından narkotik vasitələrin bir hissəsini avtomobilin salonuna arxa oturacağın üzərinə qoymuşdur. Bundan sonra avtomobilin qapısını bağlayıb həmin “Range Rover” markalı avtomobili avtoyuma məntəqəsinə aparmışdır. Avtomobili avtoyuma məntəqəsindən çıxarıb “Rent a Car” a axşam saatlarında təhvil verməli olmuşdur. Avtoyuma məntəqəsində avtomobilin 2-3 saat ərzində yuyulacağı bildirildiyindən o, valideynlərinə baş çəkməkdən ötrü Maştağa qəsəbəsi istiqamətində hərəkət etmişdir. 13 fevral 2025-ci il tarixdə saat 18:55-də Sabunçu rayonu, Zabrat- Maştağa şossesində yerləşən BDYPİ-nin Müayinə Mərkəzinin yaxınlığında olan zaman 4 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmiş, sonra üstü yoxlanılmışdır. Əynində olan şalvarın sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “İphone” markalı mobil telefon, 1 ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon və həmin şalvarın sol yan cibindən 1 ədəd avtomobil açarı aşkar edilmişdir. Üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. Verilən suallara cavab olaraq idarə etdiyi avtomobildə narkotik vasitələrin olmasını söyləmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon götürülmüş, avtomobil açarı isə özünə geri qaytarılmışdır. Daha sonra Alım polis əməkdaşları tərəfindən saxlanılmış, onların hər ikisinin iştirakı ilə narkotik vasitələri saxladığı avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. O, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Onlar Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 4 ünvanının yaxınlığına idarə etdiyi BMW markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər, sonra idarə etdiyi “BMW” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməmişdən əvvəl avtomobildə ola biləcək külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri verməyi təklif edilmişdir. Bu təklifdən sonra avtomobilin baqaj və arxa oturacağının üzərindən sellefon torbalarda və çantalarda olan ümumilikdə 58 ədəd bağlamada qurudulmuş marixuananı, 1 ədəd bağlamada metamfetamini və 2 ədəd bağlamada tiryəki təqdim etmişdir. Daha sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə qablaşdırılmış, imzalanmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir predmetə rast gəlinməmişdir. Verilən suallara cavab olaraq avtomobildən aşkar olumuş kütləni İran İslam Respublikası vətəndaşının vasitəsi ilə bir gün əvvəl Füzuli rayonu ərazisindən gizlədilmiş yerdən ayrıayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun qarşılığında həmin şəxsin 5.000 manat pul vercəyini bildirmişdir. Daha sonra onları polis əməkdaşları BNMİyə aparmışlar. Orada aşkarlanan kütlələrə yenidən baxış keçirilmişdir. Sonra tərcüməçi və müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulma barədə protokol tərtib olunmuş, onlara hüquq və vəzifələri izah olunmuşdur. Onu saxlayan zaman eləcə də üzərinə baxış keçirilən zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir bir fiziki və ya psixi təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs əlavə dindirmə zamanı ifadəsində göstərmişdir ki, Polis əməkdaşları onun tək olmadığını, yeznəsi Alım Xəlilovun da onun yanında olmasını və narkotik vasitələri birlikdə Füzuli rayonundan əldə etdiklərini dedikdə o, cavab olaraq narkotik vasitələri tək əldə etdiyini, Alımla aralarında hər hansı bir razılaşmanın olmadığını, Alıma həmin əraziyə satışda olan avtomobilə baxmaq üçün getdiyini söylədiyini demişdir. Polis əməkdaşları isə ona Alımı azad edəcəklərini, məlumatın bu formada daxil olduğuna görə birlikdə olduqlarını əsas gətirməklə çəkiliş zamanı narkotik vasitələri birlikdə əldə etməyini söyləməli olduğunu demişlər. Polis əməkdaşları çəkilişdən sonra Alımı azad edəcəklərini vəd vermişlər. Həmçinin dedikləri ilə razı olmayacaqları halda valideynlərinə məxsus Alımın müvəqqəti qaldığı evdə çəkiliş edəcəklərini bildirmişlər.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

19. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 13 fevral 2025-ci il tarixdə Zabrat şossesi ərazisində onu X16 saxlamış, onu dayanacağa gətirmişlər, dayanacağa gətirdikdən sonra 5-6 nəfər ona yaxınlaşmışlar, sonra maşına baxış keçirmişlər, heç bir şey aşkar olunmamışdır. Sonra atasıyla anasının yaşadığı evə baxış keçirmişlər, o da həmin evdə yaşayır. Həmin evdə ona fiziki təzyiq göstərmişlər, sonra bacısıgilin evinə gətirmişlər, ora da da heç bir şey aşkar etməmişlər, ən sonunda Qara Qarayev prospektində avtomobilindən narkotik vasitələri çıxartmışlar. O, idarə etdiyi avtomobil ayrı idi, özünə aid olan avtomobilin açarı maşınında idi. Maşından həmin açarı götürmüşlər, idarə etdiyi avtomobili dayanacaqda saxlamışlar, ondan sonra onun heç bir şeydən xəbəri olmamışdır. Onun ilə polis əməkdaşları prinsip aparırdılar. Prinsip də ondan ibarətdir ki, tutulmazdan bir ay əvvəl onu bir dəfə də tutmuşlar, onu döyərək xəstəxanaya aparmışlar, o da xəstəxanadan qaçmışdır və ondan sonra onunla prinsip aparmışlar. Sonuncu dəfə onu ailəsiylə hədələmişlər, ona demişdirlər ki, ailəsini aparacaqlar bölməyə, atasını tutacaqlar. O da razılaşaraq bunların dediklərinə qol çəkmiş, o, bu ifadəni vermək üçün ailəsini ölkədən çıxarmışdır. Maşından aşkar olunan narkotik vasitə ona aid deyildir. Müdafiəçisinin dedikləri ilə razıdır, məhkəmənin ədalətinə inanır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. O, suallara cavab olaraq bildirmişdir ki, avtomobil icarəsi ilə məşğuldur, öz maşınının cərimələri olduğuna görə sürmürdü. Saxlanılan zaman avtomobildə tək özü olmuşdur. Saxlanılan gün “KİA” markalı avtomobil almaq üçün Füzuliyə getmiş, razılaşmadıqlarına görə almamışdır. Gedib maşına baxacaqdılar, bəyəndiyi halda alacaqdı. Yeznəsi Alımla getmiş, sonuncu Gürcüstanda yaşayır. Alımla heç kim heç nə razılaşmamışdır. İstintaqda verdiyi ifadələr təzyiqlərlə bağlı idi. Təzyiqlə bağlı heç yerə müraciət etməmişdir. O, bu günkü gün səmimi ifadə verir. İranlı ilə heç birisinin əlaqəsi olmamışdır. Onu gündüz 14:15-də saxlamışlar. Onu saxladıqdan sonra valideyinləriylə birgə yaşadığı evə aparmışlar, sonra yeznəsinin evinə aparmışlar. Onu 6-7 nəfər saxlamışdır. O, “Range Rover” markalı avtomobili idarə edirdi. Həmin maşının əvvəli və orta seriyası yadında qalmayıb, axırı 010 idi. O biri avtomobilin açarı maşında idi. Maşından hər bir şeyi, telefonlarını və avtomobilin açarlarını da götürmüşlər. X15 yerləşən evə təxminən saat 16:30–da aparmışlar. Bunlar onu ailəsi olduğu evə aparmışlar. Onun evi Maştağadadır, ailəsini qayınatasıgilə Qara Qarayevdəki evə qoymuşdur. Onu birinci öz yaşadığı evə Savalana aparmışlar. Sonra yeznəsi Alımın evinə aparmışlar. Füzuliyə yeznəsi Alımla getmiş, Füzulidən gecə saat 2-də qayıtmışlar. Füzulidən qayıdandan sonra Qara Qarayevdəki evə gəlmişlər. Alım taksi ilə Maştağaya getmişdir. “BMW” markalı avtomobil məhlədə idi. Füzuliyə “Range Rover” markalı avtomobillə getmişdir. Onu Zabrat dairəsinə çatmamış yanacaq doldurma məntəqəsi var orada Yol Polisi saxlamışdır. Maşında əlavə avadanlıq axtarırdılar. Onu cərimə meydançasına aparmışlar. Orada maşından düşmüş, yeznəsinə yığmış, ona demişdir ki, onu polis saxlamışdır. Həmin an ona yaxınlaşmışlar. Ona 5 nəfər yaxınlaşmışdır. Ona demişlər ki, onlarda olan məlumata görə onda narkotik vasitə var. Həmin vaxt çəkiliş yox idi. Sonra “BMW” markalı maşınını soruşanda məhlədə olduğunu bildirmişdir. Sonra onu Savalandakı evə gətirmişlər. Həmin evin yerini özü demişdir. Yaşadığı evi soruşmuşlar, o da demişdir. Orada evə baxış keçirmişlər, yeznəsini də tutmuşlar. Ona demişlər ki, onlar dünən Füzuli tərəfdən gəliblər. Sonra atasını anasını içəri salmışlar, həyətdə təzyiq göstərmişlər. Onun baş nahiyəsindən taxta ilə vurmuşlar. Xəsarət izi qalmamışdır. Sonra onları Qarayevdəki evə gətirmişlər. Evə qalxmamışlar, maşını həyətdə görmüşlər. Həmin an “BMW”-yə baxış keçirməmişlər. Maşınları idarəyə kimin gətirməsini görməmişdir. Sonra idarəyə onları gətirmişlər. İdarədə üzərinə baxış keçirmişlər. Vəkil sonradan gəlmişdir. “BMW”-yə Qara Qarayevdə həyətdə baxış keçirmişlər. “BMW”-dən qeyd olunan narkotik vasitələr aşkar olunmuşdur. “BMW”nin açarı o, tutulan vaxtdan onlarda idi. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki, psixoloji təsir və təzyiqlər olunmuşdur. O, müdafiəçisinin dedikləri ilə razıdır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

20. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və 1699/2025 saylı məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı sağ nahiyyəsində köhnə çapıq toxuma aşkar olunmuşdur.

21. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Baş İdarənin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarətlərin olmadığını bildirmiş və xarici müayinə zamanı xəsarət izlərinin aşkar olunmadığı müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaxalanarkən və ya sonrakı müddətdə ona polis əməkdaşları tərəfindən hər hansı psixi-fiziki təzyiq göstərilməsini və yaxud xəsarət yetirildiyini bildirməmişdir.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

22. CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

23. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

25. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

26. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

27. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir.

28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

29. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

30. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

31. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

32. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

33. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

34. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

35. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

36. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

37. Maddə 193.5. Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə qurudulmuş marixuana təmiz halda 50000 qram və ondan artıq olduqda xüsusilə külli miqdar, narkotik vasitə tiryək təmiz halda 50 qram və ondan artıq olduqda külli miqdar, psixotrop maddə metamfetamin təmiz halda 400 qram və ondan artıq olduqda xüsusilə külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

40. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

41. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

42. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

43. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

44. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

45. Qərarın 9-cu bəndi. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

46. Qərarın 16-cı bəndi. Bundan başqa qeyd olunan qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

47. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

48. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

49. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

50. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin xüsusilə külli miqdarda, narkotik vasitə tiryəkin isə külli miqdarda olaraq şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə olması və digər sübutlar narkotik vasitələrin və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

51. Narkotik vasitələrin və psixotrop maddənin təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. (qərarın 30-cu bəndi)

52. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddənin növləri qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən külli və xüsusilə külli miqdarlar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. (bax: qərarın 40-43-cü bəndləri)

53. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən, həmçinin təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində dəfələrlə bildirmişdir ki, 2025ci ilin yanvar ayında ona “İnstagram” sosial şəbəkəsində xatırlamadığı profildən mesaj göndərilmiş, həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxs kimi təqdim edib onunla ünsiyyət qurmuş, bir neçə gün danışdıqdan sonra Baba ondan “WhatsApp” nömrəni istəyib əlaqə qurmuş, onlar “whatsapp” tətbiqində danışan zaman özünü Baba adı ilə təqdim edən şəxs ona içərisində narkotik vasitələr olan bağlamaları Füzuli rayonu ərazisinə qoyacağını və həmin bağlamaları götürüb Bakı şəhərində özünün sonradan deyəcəyi ünvanlara çatdıracağı halda ona 5.000 manat pul verəcəyini bildirmişdir. O da borcu olduğu üçün təklifini qəbul edib qeyd olunan narkotik vasitələri götürə biləcəyini bildirmişdir.

54. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, saat gündüz 14.15-də saxlanılması, ona fiziki təzyiq göstərildiyini, onu ailəsiylə hədələdiklərini, onun ailəsini bölməyə aparacaqlarını, atasını tutacaqlarını demişlər o da razılaşaraq bunların dediklərinə qol çəkdiyini, Füzuli rayonuna avtomobil almağa getdiyini, İranlı ilə əlaqəsi olmadığını, narkotik vasitə götürmədiyini, maşından aşkar olunan narkotik vasitənin ona aid olmaması və s. bildirərək özünü təqsirli bilməmişdir.

55. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslərə bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və 1699/2025 saylı məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı sağ nahiyyəsində köhnə çapıq toxuma aşkar olunmuşdur. Bundan başqa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Baş İdarənin MSY-nə qəbul edilərkən bədəni üzərində xəsarətlərin olmadığını bildirmiş və xarici müayinə zamanı xəsarət izlərinin aşkar olunmadığı müəyyən edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs yaxalanarkən və ya sonrakı müddətdə ona polis əməkdaşları tərəfindən hər hansı psixi-fiziki təzyiq göstərilməsini və yaxud xəsarət yetirildiyini bildirməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 32, 44-48-ci bəndlərindəki normativ aktlara əsasən).

56. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə olması habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir.

57. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. (qərarın 29-cu bəndi).

58. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

59. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 23, 24, 25, 26-cı bəndləri).

60. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 adlı azyaşlı uşaqları vardır (cild 2, iş vərəqi 80-81).

61. Təqsirləndirilən şəxsin himayəsində 2 nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir.

62. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-265/2023 saylı hökmündən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-438/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci hissəsinə əsasən cəzası 01 il azaldılıb və cəza müddəti sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib CMin 66.5, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 51-67).

63. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

64. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 27-ci bəndi).

65. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə, saat 01:05-də şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 13 fevral 2025-ci il tarixdə saat 18:55 dəqiqədən tutulmuş hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 fevral 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 47, 205-207, 40-42). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 28, 33 və 34-cü bəndləri).

66. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

67. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

68. İş üzrə maddi sübut olan, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 59832,1 qram marixuana, 1994,65 qram tiryək, 4959,75 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi, təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 3 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 35-ci bəndi).

69. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

70. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 38-ci bəndi).

71. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 110 manat məbləğində pul köçürülməlidir (qərarın 36, 37-ci bəndləri).

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış: Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 59832,1 qram marixuana, 1994,65 qram tiryək, 4959,75 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə baxış keçirilməsi, təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizası ilə əlaqədar 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 110 (yüz on) manat məbləğində pul köçürülsün. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Mahirə Kərimova

Hakimlər: Fəxri Məmmədov

Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar