Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1618/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X8 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1990-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində 2 azyaşlı övladı olan, Salyan rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi S.Vurğun küçəsi, döngə 2, ev 3, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılır) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi ilə, külli miqdarda 10 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 7,420 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, üzərində daşıyaraq saxlamış, 27 may 2022-ci il tarixdə saat 08:10-da ünvan 1 ünvanın qarşısında özünü şübhəli aparmasına görə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfərləri tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci Polis bölməsinə gətirilmiş və üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 10 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,414, 0,439, 0,883, 0,440, 0,834, 0,439, 0,960, 1,050, 0,940, 1,021 qram, ümumi təmiz çəkisi 7,420 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bədənində olan ağrılara görə metamfetamindən istifadə edirmiş. Polis tərəfindən saxlanılmamışdan bir ay əvvəl öz istifadəsi üçün Həzi Aslanov metrostansiyası yaxınlığında təsadüfən rastlaşdığı Ceyhun adlı şəxsdən 150 manat qarşılığında 7 qram metamfetamin almış və istifadə etmək üçün öz maşınında saxlamışdır. 27 may 2022-ci il tarixdə Rövşən adlı şəxslə günorta danışmışdır ki, ona maşının icarəsi ilə bağlı verəcəyi pulu Rövşəndən alsın. Səhər tezdən neft daşlarına işləmək gedəcəyindən gecə saat 24 radələrində Rövşənlə görüşmüşdür ki, pulu alsın. ünvan 5 ünvanın qarşısında Rövşənlə görüşüb söhbət edərkən ərazidə xidmətdə olan post patrul xidmətinin polis nəfərləri onu saxlamışlar. Polislər maşının açarını ondan alıb maşınında öz istifadəsi üçün saxladığı metamfetamini götürmüşlər və sonra onu polis bölməsinə aparmışlar. Onu səhər saatlarına qədər polis bölməsində saxlamış və vəkil dəvət olunmuşdur. Polislər metamfetamini ona verərək cibinə qoymasını və videoçəkliş zamanı təqdim etməsini bildirmişlər. O da polislərin təzyiqlərinə məruz qaldığı üçün onların dediklərini etmişdir. Təqsirləndirilən şəxs oğlunun ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 01 ilə yaxındır ki, psixotrop maddə metamfetamini tüstü vasitəsi ilə qəbul edir. 14 fevral 2022-ci il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə barəsində cinayət işi başlanmış və Səlyan rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bədənində olan ağrılara görə tanımadığı şəxslərdən psixotrop maddə metamfetamin əldə edərək qəbul etmişdir. 27 may 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Həzi Aslanov metrostansiyasının yaxınlığında olarkən anket məlumatlarını bilmədiyi Ceyhun adlı şəxsdən 150 manat pul verib 11 ədəd sellefon bükümdə olan psixotrop maddə metamfetamini almışdır. O, 1 ədəd bükümü istifadə edib qalan metamfetamini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin günü saat 08:10-da Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsində piyada hərəkətdə olarkən ərazidə xidmətdə olan post patrul xidmətinin polis nəfərləri onu saxlayarq özlərini təqdim edib əllərini ciblərinə salmağa imkan verməyərək onu yaxınlıqda yerləşən polis bölməsinə aparmışlar. Polis bölməsində ona hüquq və vəzifəsləri izah olunmuş, istəyi ilə vəkil dəvət olunmuşdur. Vəkil və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarımın sağ yan cibindən 01 ədəd şəffaf sellofanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellefon açıldıqda sellofanın içərisində 10 ədəd ayrı ayrılıqda bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddə olan metamfetamin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, saxlanılan zaman polis əməkdaşları üzərinə baxış keçirilməmiş və ona heç bir fiziki güc tətbiq edilməmişdir.. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmədiyini bildirmiş, həmin ifadəni təyziq altında olduğu üçün verdiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 27 may 2022-ci il tarixdə saat 08:10 radələrində inzibati ərazidə polis nəfərləri Şahid2 və Royal Səmədzadə ilə birlikdə xidmət aparan zaman ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsin piyada hərəkət edərək narkotik vasitələrin təsiri altında özünü davranışı ilə şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər.Həmin şəxs ziddiyətli cavablar verdiyi üçün Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmiş, həmin şəxs etiraz etməyib birlikdə Polis Bölməsinə gəlmişdir.Polis Bölməsində həmin şəxsin xx.xx.1990-cı il təvəllüdlü, Pirallahı rayon sakini Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis Bölməsində xidməti otaqlarının birində video çəkiliş vasitəsi və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından qabaq şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 10 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyli maddəni çıxarıb təqdim edərək həmin maddənin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında dəqiq anket məlumatlarını bilmədiyi Ceyhun adlı şəxsdən ümumilikdə 150 manat müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin ümumi çəkisinin müəyyən etmək məqsədilə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən zaman 10 ədəd şəffaf rəngli sellofana bükülmüş maddələrin sellofanla birlikdə ümumi çəkisi 7,90 qram olması müəyyən edilmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə oxşar kütlə zərfə qoyaraq qablaşdırılmış və bu haqda protokol tərtib edilmişdir.Tərtib olunmuş protokol ucadan oxumuş, düzgün tərtib olunduğuna görə həmin protokola və zərfin üzərinə imza etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş şahid X1 ifadələrində Şahid1un ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 27 may 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Xətai rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 29 may 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 may 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət işinə əlavə olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə saat 08:10 radələrində ünvan 6 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət edilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 10 ədəd bükümdə ümumilikdə 7,420 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 27 may 2022-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4, Xətai RPİ-nin PPXB-nin polis nəfərləri, Şahid1, X2 və Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona baş təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 10 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik maddə metamfetaminə bənzər kütləni təqdim edir. Sorgu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş maddənin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhər, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında dəqiq anket məlumatlarını bilmədiyi Ceyhun adlı şəxsdən öz şəxsi istifadəsi üçün 150 manat pul müqabilində əldə etdiyini, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tədbiq olunmadığını, narkotik vasitələrdən istifadə etdiyini bildirir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-ci il tarixli 6/3004 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki on ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,414 qram, 0,439 qram, 0,883 qram, 0,440 qram, 0,834 qram, 0,439 qram, 0,960 qram, 1,050 qram, 0,940 qram, 1,021 qram, ümumi təmiz çəkisi 7,420 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 iyun 2022-ci il tarixli, 3402 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması, həmçinin Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən danışıqların və sms yazışmalarının aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 7,420 qram kustar üsullu hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 7,320 qram psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk və "xxxx" MMC-dən alınmış 1 ədəd CD disk sübut növü kimi cinayət işinə əlavə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmmişdir. Cinayət işinin materiallarında olan Salyan rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 2 gün ona təyin olunan cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə yenidən cinayət törətdiyi zaman Salyan rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü qanuni qüvvəsini almamış və icraya yönəldilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01(bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunacaq cəzayla qismən toplanılmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlılığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına aid olduğu üçün və o ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə verilmiş müvafiq ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Xətail RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 7,320 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən və telefon məlumatları olan 2 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 27 may 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmasın, lakin o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Xətail RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 7,320 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən və telefon məlumatları olan 2 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1618/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1618/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver