Məhkəmə qərarları › İş №1(101)-1620/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1620/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1620/2024 15.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq 0,091 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda – 8,672 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi 1009 ünvanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə, saat 20:00-da yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 21:35-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən 0,033 qram; 0,026 qram; 0,032 qram olmaqla, ümumilikdə 0,091 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda-8,672 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nizami metrosunun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobilə əyləşdirib BMCMİ-yə aparmışlar. İttihamda qeyd olunan 0,091 qram çəkidə olan narkotik vasitə heroin ona məxsusdur, 8,672 qram çəkidə olan psixotrop maddə metamfetamin isə ona məxsus deyil. Polis əməkdaşları 8,672 qram çəkidə olan psixotrop maddə metamfetamini təzyiq altında ona məxsus olmağını səmimi etiraf etməyi məcbur etmişlər. Ona aid olmayan narkotik vasitəni fiziki, psixoloji təzyiqlərə görə öz üzərinə götürmüşdür. Məsuliyyətdən yayınmır, üzərindən aşkar olunan narkotik vasitəyə görə qanunla nəzərdə tutulmuş cəzanı çəkməyə hazırdır. O, suallara cavab olaraq bildirmişdir ki, saxlanıldığı vaxt ***-***-**-** mobil nömrəli telefon işlətmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün özü narkotik vasitə istifadə edənlərdən narkotik istəmiş, ondan da istəyənlər olmuşdur. Gün ərzində imkanı daxilində nə qədər narkotik vasitə əldə edə bilmişsə, o qədər də istifadə etmişdir. Gün ərzində 0,2 və ya 0,3 qram çəkidə narkotik vasitə istifadə etmişdir. Bir nəfər şəxsə narkotiklə bağlı yazmış, həmin şəxs də narkotik vasitəni atdığı yerdən gedib götürmüşdür. Bir müddət əlilliyi ilə əlaqədar təqaüd almışdır. Arvadı və o, işləyib ehtiyaclarını ödəmişlər. Əldə etdiyi qazancla ailəsinə baxmış, kirayə də ödəmişdir. Ondan narkotik vasitə istəyənlərin canları ağrıdıqlarını başa düşdüyü üçün vermişdir. Narkotik vasitəni pul qarşılığında verməmiş, sadəcə özünə narkotik vasitə alanda ondan istəyənlər üçündə alıb vermişdir. Verdiyi narkotik vasitələri öz pulu ilə alıb vermişdir. 2013-cü ildə Qarabağ döyüşlərində xəsarətlər almışdır. Xəsarətləri ilə bağlı travmadol qəbul etmiş, daha sonra psixoloji pozğunluqları olduğu üçün narkotik vasitə istifadə etməyə başlamışdır. İstintaqda ifadəni təzyiqlər altında vermişdir. BMCMİ-də elə döyürmüşlər ki bədənində heç bir xəsarət qalmasın. Video çəkiliş zamanı etirazlarını bildirsə də, çəkilişi saxlayıb yenidən başlamışlar. Fiziki təzyiqlərlə bağlı prokurorluq orqanlarına şikayət etsə də, araşdırma apardıqdan sonra polislərin belə əməl edə bilməmələri nəticəsinə gəlmişlər. Kəskin bağırsaq keçməməzliyi və qara ciyər xalistrolu xəstəlikləri ilə bağlı əlilliyi var. Narkotik vasitə istifadə etməyi ilə əlaqədar əlilliyinin sənədlərini düzəltməyə vaxt tapa bilmədiyi üçün hal-hazırda təqaüd almır.Video çəkiliş zamanı müdafiəçisi olmamışdır. Onu polis əməkdaşları Nizami metrostansiyasının yaxınlığında saxlamışlar. Özü də Nizami metrostansiyasının yaxınlığında qalmışdır. Polis əməkdaşları onu xx.xx.2024-cü il tarixdə, axşam 20:00-21:00 radələri saxladıqdan sonra BMCMİ-yə aparmışlar. BMCMİ-yə aparan kimi deyil, bir müddət sonra müdafiəçi ilə təmin olunmuşdur. Video çəkiliş xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Video çəkiliş zamanı müdafiəçisinin olub-olmaması tam yadında deyil. BMCMİ-də üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroin üzərində olmuşdur. BMCMİ-də ona aid olmayan narkotik vasitəni qabağına qoymuşlar, ona zəng edən şəxsləri də bu əmələ cəlb edəcəkləri ilə təhdid etdikləri üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Ona narkotik vasitə ilə bağlı zəng edənlərə geri zəng edərək narkotik vasitlərin çeşidi və qiyməti barədə məlumatlar verməmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni ona göstərilən təhdidlərə görə vermişdir. Ona Şahid tərəfindən fiziki təzyiqlər olmuşdur. Qeyd olunan çapıq izləri tutulmazdan qabaq etdirdiyi əməliyyatların izləridir. İbtidai istintaqdakı ifadələrindəki ziddiyyətli fikirlərə imzasını istintaq zamanı olan prokuror ona təqdim olunan sənədlərə imza etmədiyi təqdirdə ona elan olunacaq ittihama əlavə əlbirlik maddəsinin əlavə olunması kimi təhdidlər səsləndirdiyi üçün çəkmişdir. Telefonunda olan «Vuska» adlı şəxs onun kimi narkomaniyadan əziyyət çəkən bir şəxsdir. «Gagas vezyet?», «Beyaxki tema yaxsiydionnan götürmeh olar yari» SMS mətnlərində heç bir satış məqsədi olmamış və «tema» dedikdə narkotik vasitə heroin nəzərdə tutulmuşdur. Qeyd olunan SMS-ləri yazan şəxsə narkotik vasitəni pay verməmiş, sadəcə həmin şəxs də onun kimi narkotik vasitə istifadəçisidir. Onun narkotik vasitə əldə etdiyi şəxsdən narkotik vasitə almaq üçün ona müraciət etmişdir. O, «Vuska» adlı şəxsə narkotik vasitə alıb verməyəcəkdi, sadəcə o, aldığı yeri deyəcəkdi, həmin şəxs gedib ordan alacaqdı. BİT-ə daxil olan zaman üzərinə baxış keçirtmişlər, amma ağzının içərisində olan yaralara baxmamışlar. Polis əməkdaşları tərəfindən elektrik cərəyanına verildiyini BİT-də bildirmişdir, amma dedikləri barədə heç nə deməmiş, çünki onun dedikləri heç kimə maraqlı deyildir. «qaqas sen and verirem Allah mene bir tike kola vere bilersen varsa hec olmasa 3 tustu olsun qardasimsan varsa atkaz eleme ureyim isteyir» SMS mətnlərində «kola» dedikdə söhbət narkotik vasitə heroindən gedir və ona yazan şəxs ondan narkotik vasitə istəyirdi, amma verməmişdir. «Murad 5diy alinsa xeber eliyersen. Hemde qaqas beyaq göturduyum cox az idi» SMS mətnlərində özünün narkotik vasitə aldığı şəxsdən söhbət gedir. Mətndəki «5lik» sözü 5 manat deməkdir. Sadəcə SMS-i yazan şəxslə birlikdə gedib narkotik vasitə almışlar. «Murad das sorusacagdim» SMS mətnlərində daş dedikdə Güzdək daşından söhbət etmişlər. «Gaga na pisdiy elamişdim sana mani aldatdun pis vaziyyatda goydun san», «Neça eliyim indi özüm lomkada sani gözdiyiram atda 30 manatı manim k» SMS mətnlərində «k» dedikdə kart nəzərdə tutulmuşdur. SMS-i yazan şəxsdən borca pul istəmişdir və verdiyi pulu geri almaq üçün ona yazmışdır. Sonuncu səsləndirilən SMS-i yazan şəxs narkotik vasitə istifadəçisi olduğu üçün ağrıda olmuşdur. Ağrıdan çıxış yolu ancaq narkotik vasitə olduğu üçün pul axtarırdı. «Murad seni de bezdirdim uzurlu say. Ozune bu mesaji oxudarsan.Nicat uzun uzadi mesaj yazmisdim sildim. çunki indi bildimki senen otru dost tanish yaxin qardash yoxdu.ancaq mal var.senen axrinci bir defede gorushesiyik.inanki Nicat gorushesiyik.hecne yox duz 1 saatdi meni burda gozletdin.sagol da hormetive» SMS mətnlərində adı çəkilən Nicat adlı şəxs bir nəfəri aldatmışdır. Həmin şəxsdə Nicatın mobil telefonu olmadığı üçün SMS-i ona yazmışdır ki, Nicatla görüşdüyü vaxt sonuncuya gösdərsin, çünki Nicatla o, eyni məhəllədə yaşamışlar. Məhkəmədən əlilliyini, xəstəliyini və prezident təqaüdçüsü olmağını nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki Əli adlı şəxsi tanımışdır. Həmin şəxsi heç vaxt görməsə də onunla “whatsapp” mobil tətbiqində mütəmadi əlaqədə olmuşdur. Əli özü təxminən 6 ay əvvəl yazaraq özünün narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib onunla tanışlıq yaratmışdır. Bundan sonra ondan bir neçə dəfə şəxsi istifadəsi məqsədi ilə narkotik vasitə və psixotrop maddələr almışdır. Əliyə bankomat kartının şəklini göndərmiş, hər dəfə ona ödənişləri “MilliÖn” Post Terminalı vasitəsi ilə göndərmişdir. Sonuncu dəfə tutulduğu gün, yəni 30 yanvar 2024-cü il tarixdə, səhər saat 10 radələrində onun bankomat kartına 60 manat pul göndərmiş və bildirdiyi ünvandan, yəni “Kubinka” adlanan ərazidə olan zibilliyin yanından 2 bükümü götürərək cibinə qoymuşdur. Belə ki, sifariş etdiyi kimi onların birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olmuşdur. Heroin olan bükümün içərisində də 3 ədəd kiçik bükülü olmuşdur. 30 yanvar 2024-cü il tarixdə, saat 20:00-da ünvan 3 ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf etmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunduqdan sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üstündə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 02 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sol cibindən isə 01 ədəd “Redmi” markalı mobil telefonu və 01 ədəd qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşı tərəfindən təqdim etdiyi 02 ədəd bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümlərdən birinin içərisində metamfetaminə oxşar maddələrin olması, digər bükümün içərisində isə 03 ədəd göy rəngli kağız büküm olması aşkar olunmuşdur. Bundan sonra həmin kağız bükümlər açılmış və onların hər birinin içərisində heroinə oxşar narkotik vasitə olması müəyyən edilmişdir. Daha sonra polis əməkdaşı tərəfindən təqdim etdiyi pul qabıya baxış keçirilmiş və içərisində 01 ədəd “Leobank” bank kartı və 01 ədəd “Bakıkart” plastik kart aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş maddələr polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 01 ədəd “Leobank” bank kartı və 01 ədəd “Redmi” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. “Bakıkart” plastik kartı və pul qabı özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan maddələrin psixotrop maddə metamfetamin, 03 ədəd göy rəngli kağız bükümlərdə olan maddələrin isə narkotik vasitə heroin olduğunu bildirərək həmin maddələri xx.xx.2024-cü il tarixdə anket məlumatlarını bilmədiyi Əli adlı şəxsdən 60 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin maddələrdən heç kimə pay vermədiyini və satmadığını, həmin maddələrin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məlumata əsasən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri olaraq o, təyin edilmişdir. Əməliyyat qrupuna Kazımov Əli və Bayramlı Rəvan daxil edilmişdir. xx.xx.2024-cü il tarixində axşam saat 20:00 radələrində M.Şabazovun olduğu əraziyə, Yasamal rayonu, Salatın Əsgərov küçəsi yaxınlığına getmişlər və bir nəfərin Təqsirləndirilən şəxs bənzədiyini görüb sonuncuya yaxınlaşmışlar. Əvvəlcə özlərini həmin şəxsə təqdim edib barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarla tanış etdikdən sonra BMCMİ-nin inzibati binasına dəvət etmişlər. BMCMİ-nin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin etdikdən sonra üzərinə şəxsi axtarış həyata keçirilmiş və üzərindən iki bükümdə, bükümün birində metamfetminə oxşar psixotrop maddə və digər bükümdə heroinə bənzər narkotik maddə aşkarlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitə və psixotrop maddəni kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda Əli adlı şəxsdən 60 manata, şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, BMCMİ-nin inzibati binasına aparılarkən və orada olarkən hər hansı narazılıq bildirməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitə və psixotrop maddəni kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda Əli adlı şəxsdən 60 manata, şəxsi istifadə üçün əldə etdiyini, hər hansı şəxsə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən telefon, bank kartı və bakıkart aşkarlanmışdır. Təqsirləndirilən şəxs fotogörüntüsü onlarda olduğundan simasını sonuncuya oxşatmışlar və yaxınlaşmışlar. Daha sonra sonuncudan özünü təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Təqsirləndirilən şəxs saxlayarkən sonuncunun yanında hər hansı başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs axşam saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Bakı şəhərinin avtomobil tıxacını nəzərə almaqla BMCMİ-nin inzibati binasına gətirib və orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edib, müdafiəçi ilə konfidensial görüş təşkil edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilərkən sonuncu təqiqatçının inzibati otağında saxlanılmışdır. Təqsirləndirilən şəxs onun tərəfindən hər hansı fiziki və psixi təsir və ya təzyiqlər olmamışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması faktına görə CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Murad” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə BMCMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 7-8) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:10-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 20:00-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 19) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən 02 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın arxa sol cibindən isə 01 ədəd “Redmi” markalı mobil telefonu və 01 ədəd qara rəngli pul qabını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümə baxış zamanı birinci bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələrin olduğu, digər bükümün içərisindən isə əlavə 03 ədəd göy rəngli kağız bükümlərin olduğu aşkar edilmişdir. Həmin 03 ədəd göy rəngli kağız bükümlərə baxış zamanı hər birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələrin olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə olan maddələrin psixotrop maddə metamfetamin, 03 ədəd göy rəngli kağız bükümlərdə olan maddələrin isə narkotik vasitə heroin olduğunu bildirərək həmin maddələri xx.xx.2024-cü il tarixdə anket məlumatlarını bilmədiyi Əli adlı şəxsdən 60 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin maddələrdən heç kimə pay vermədiyini və satmadığını, həmin maddələrin onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. (l cild i.v. 27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/608 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş (İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,033 qram, 0,026 qram, 0,032 qram ümumi təmiz çəkisi 0,091 qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 8,672 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (İ cild i.v. 37-42) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 53-54) xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefona baxış keçirilən zaman mobil telefonda olan “Whatsapp” mobil tətbiqində “Vuska” adı ilə +994 55 *** ** ** nömrəli abunəçi ilə danışıqlar müəyyən edilmişdir. Həmin danışıqlara baxış zamanı müəyyən edilmişdir ki, yazışmalar 24 saat ərzində avtomatik silinməyə qoyulmuşdur. Yazışmaya baxış zamanı görünür ki, həmin abunəçidən 30 yanvar 2024-cü il tarixdə saat 21:35-də “Gagas vezyet?”, saat 21:37-də “Beyaxki tema yaxsiydi-onan götürmeh olar yari-?” mesajı göndərilmişdir. (İ cild i.v. 69-71) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 167/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 89-93) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 296/2024 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul eilmiş 30 yanvar 2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. (İ cild i.v. 100) xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan və xx.xx.2024cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 0,031 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 8,572 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (İ cild i.v. 109-110, 141-153) xx.xx.2024-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 1959/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid 04 ədəd fayl vardır. “SMS_Tarixcesi__**********1837__7********.pdf” adlı fayla baxış keçirilən zaman narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olması ehtimal edilən aşağıdakı məzmunda SMS mətnləri aşkar edilmişdir: xx-xx-2023 23:27:33 xx-xx-2023 23:27:33 1.1.**********34 1.1.**********44 qaqas sen and verirem allah mene bir tike kola vere bilersen varsa hec olmasa 3 tustu olsun qardasimsan varsa atkaz eleme ureyim isteyir, xx-xx-2023 22:11:29 xx-xx-2023 22:11:29 1.1.**********66 1.1.**********44 Murad 5diy alinsa xeber eliyersen. Hemde qaqas beyaq göturduyum cox az idi, xx-xx-2023 04:31:55 1.1.**********23 1.1.**********44 Murad das sorusacagdim, xx-xx-2024 23:13:43 1.1.**********42 1.1.**********44.10 das lazimdi menem talis var, xx-xx-2024 10:04:30 1.1.**********24 1.1.**********44 Gaga nâ pisdiy elâmişdim sânâ mani aldatdun pis vâziyyâtdâ goydun sân, xx-xx-2024 10:39:21 1.1.**********24 1.1.**********44 Neçâ eliyim İndi özüm lomkada sâni ğözdiyirâm atda 30manatı mânim k, xx-xx-2024 16:03:37 xx-xx-2024 16:03:37 1.1.**********04 1.1.**********44 Murad senide bezdirdim uzurlu say.ozune bu mesaji oxudarsan.Nicat uzun uzadi mesaj yazmisdim sildim.cunku indi bildimki senen otru dost tanish yaxin qardash yoxdu.ancaq mal var.senen axrinci bir defede gorushesiyik.inanki Nicat gorusesiyik.h3cne yox duz 1 saatdi meni burda gozletdin.sagol da hormetive, xx-xx-2024 16:08:55 1.1.**********04 1.1.**********44 Birde onu bilki Nicat Azik mene mesaj yazmisdi gel gotur deye.gede bilerdim.amma mende o yoxduki yaxinim dostumu aldadim gedim.umumiyetle kimise aldadim. cunku sabah burusuyum qabagima nese qoyarlar deye.Nicat ozuve yaxshi bax.mala gore eleme her seyi.hec olmasa sabah burusuyum uz uze gelende uzun olsun. (İ cild i.v. 123-126) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində məhkumluğu yoxdur. (İ cild, i.v. 130-131) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X6 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 651 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.131-132) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 523/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin tərkibində metadon və tiryək qrupuna aid olan alkaloid aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (İ cild i.v.133-136) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 59/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (İ cild i.v.137- 139) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 157-158) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün material üzrə Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (İ cild i.v. 175-176) xx.xx.2013-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən, xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrini yerinə yetirərkən ağır xəsarət almışdır. AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, hazırda Təqsirləndirilən şəxs heç bir pensiya və sosial müavinət almır. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı xəsarət aşkar olunmamış, hər iki saidin və qarının ön divarında köhnə çapıq toxuma, hər iki yuxarı və aşağı ətraflarda postinyeksion döyənəklər, sol qasıq nahiyəsində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nə qəbul edilərkən bədəni üzərində xəsarətinin olmadığı müəyyən edilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, ittihamda qeyd olunan psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları psixotrop maddə metamfetamini təzyiq altında ona məxsus olmağını etiraf etməyi məcbur etmələri, ona aid olmayan narkotik vasitəni fiziki, psixoloji təzyiqlərə görə öz üzərinə götürməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, mobil telefona baxış keçirilməsi barədə protokol, telefon danışıqları üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokol, şahidin ifadəsi, məhkəmə sorğusu əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, Bakı İstintaq Təcridxanasından cavab məktublar, onlara əlavə olunmuş sənədlər, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli, 59/MEŞ nömrəli rəyi və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində istifadəsində olan mobil nömrəyə daxil olmuş yazışmalarla dair həmin mesajların ona ünvanlandığını və narkotik vasitələri satmağı ilə əlaqədar olmaqla həmin şəxslərin müştəri olduqlarını səmimi etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin hərbi xidmət vəzifələrini yerinə yetirərkən ağır xəsarət almasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:10-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 20:00-da tutulmuş hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-167/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 0,031 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 8,572 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə və ya yaxın qohumlarına qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş qalıq çəkisi 0,031 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 8,572 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə və ya yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar