Məhkəmə qərarları › İş №1(101)-1621/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1621/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1621/2023 23.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1970-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də yaşayan və barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə "həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə etmiş,saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə təmiz çəkisi 14,319 qram külli miqdarda narkotik vasitə hesab edilən heroini və təmiz çəkisi 4,600 qram külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi nömrəsiz fərdi evin qarşısında 16 mart 2023-cü il tarixdə, saat 05:00 radələrində özünü şübhəli apardığı üçün Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilmiş və polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir büküm təmiz çəkisi 14,319 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir büküm təmiz çəkisi 4,600 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, üzünü görmədiyi İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamaqla özü üçün narkotik vasitə əldə etməyə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Videoçəkiliş zamanı üzərindən aşkar edilən narkotik vasitə ona məxsus deyildir. Fiziki və psixi təzyiqə məruz qalmasa da həmin narkotik vasitənin onun olduğunu bildirmişdir. Belə ki, qeyd edilən narkotik vasitə təhqiqtaçının otağına aparıldıqdan sonra özünə məxsus olmasını bildirməsi üçün ona verilmişdir. Təqsirləndirilən şəxs telefonuna baxış protokolu ilə əlaqədar bildirmişdir, müxtəlif şəxslər tərəfindən ona narkotik vasitə istənilməsi məzmunda mesajlar daxil olsa da o heç kimə narkotik vasitə satmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 30 ilə yaxındır ki, narkotik vasitələrin qəbulu ilə məşğul olmuşdur. Bir neçə gün əvvəl tanımadığı İran İslam Respublikası vətəndaşı ilə Whatsap ani mesajlaşma vasitəsi ilə əlaqə saxlayıb ondan narkotik vasitə və metamfetamin almaq istədiyini bildirmişdir. Həmin iranlı ona hesab vermiş və o da həmin hesaba Million ödəmə terminalından 650 manat pul köçürtmüş və o ona narkotik vasitənin və metamfetaminin atılacağı yeri bildirmişdir. O da 16 mart 2023-cü il tarixdə saat 05 radələrində bir büküm narkotik vasitə heroini və bir büküm psixotrop maddə metamfetamini Sabunçu rayonu Maştağa qəsəbəsində Albalılıq yaşayış massivində olacağını bildirmişdir. O da həmin vaxtda həmin yerdən bükümləri götürüb cibinə qoyub uzaqlaşmaq istəyəndə 2 nəfər ona yaxınlaşıb özlərini təqdim etmişlər, onlar Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları imişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi soruşmuşlar, o isə üzərində olmadığını bildirmişdir. Bu zaman polis işçiləri onu Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində barəsində tutma protokolu tərtib edilmiş, vəkil dəvət edilmiş, hüquqları izah edilmiş, bundan sonra onu polis bölməsinə gətirən əməkdaşların iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmış, lakin şəxsi axtarış və götürmə aparılmazdan əvvəl onun xahişi ilə vəkil iştirak etməmişdir. Ona üzərində qanunla daşınması qadağan edilmiş əşyanın olub-olmamasını əgər varsa təqdim eməyi təklif etmişlər. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 büküm çıxardaraq onlardan birinin heroin, digərinin isə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 650 manata adının Fərrux olduğunu bildiyi tanımadığı iranlıdan onlayn pul ödəmə vasitəsilə aldığını bildirmişdir. Daha sonra ondan aşkar edilən maddələr zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, həm zərfi, həm də protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır. O mal aldığı iranlını tanımamış, yalnız adının Fərrux olduğunu bilmişdir. İbtidai istintaq dövründə verdiyi ifadələr ilə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti izah edərkən təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq dövründə də narkotik vasitənin ona məxsus olmamasını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə Albalılıq massivində saxlanılaraq bölməyə gətirilmiş, bölmədə üzərinə baxış keçirilən zaman narkotik vasitə və “Samsung Galaxy” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxsi saxlayarkən onlar mülki geyimdə olmaqla iki nəfər olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, 2023-cü il tarixdə mart ayında gecə saat 5 radələrində Şahid2lə xidmətdə olarkən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamışlar. Sonuncunun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından və polis əməkdaşlarından yayınmağa çalışdığından 14-cü polis bölməsinə dəvət edilmiş, bölmədə təhqiqatçının iştirakı ilə şübhəli şəxsin üzərinə baxış keçirilmişdir. O, sağ yan cibindən narkotik vasitə “heroin” və “metamfetamin” olan iki ədəd büküm çıxarmaqla təqdim edərək, İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 mart 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq massivi nömrəsiz fərdi evin qarşısında inzibati ərazidə xidmət aparılarkən, özünü şübhəli aparmasına görə saxlanılaraq, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət edilmiş Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 qara sellofana bükülmüş içərisində toz şəkilli, tünd qəhvəyi rəngli maddə və digərində spesifik iyə malik kristal formada ağ rəngli maddə, gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli Samsung- Galaxy-03 markalı mobil telefon təqdim etmişdir. Həmin zaman ona verilmiş suallara cavab olaraq həmin narkotik vasitələrin “kakos” və “patı” olduğunu, bir neçə gün əvvəl tanımadığı Fərrux adlı İran vətəndaşından onlayn vasitəsi ilə 650 manata alaraq istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 1, iş vərəqə 26-27). Məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zrəflər üçün №100» dairəvi möhür əksi və «...Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza: iştirakçılar - iki imza, tərtib etdi: T.Vəliyev imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01(bir) ədəd bükümdə təmiz çəkisi-14,319 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 4,600 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 14,219 qram, metamfetaminin qalıq çəkisi isə 4,500 qram təşkil etmişdir (cild 1, iş vərəqə 35-38). “Mobil telefona baxış keçirilməsi haqqında” 4 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung Galaxy markalı mobil telefona baxış keçirilmiş, ***-***-**-** və ***-***-**-** saylı sim kartlar olan Samsung Galaxy markalı mobil telefonun “Whatsapp” ani mesajlaşma bölməsində müxtəlif mobil telefon nömrələrindən daxil olmuş səsli və yazılı mesajlardan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyə edilmişdir ( cild 1, iş vərəqə 69). “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi, cinayət işindən başqa bir cinayət işinin ayrılması və maddi sübut hesab edilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 14,319 qram narkotik vasitə heroin və təmiz çəkisi 4,600 qram psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 14, 219 qram narkotik vasitə heroin və 4, 500 qram psixitrop maddə metamfetaminin təqsirləndirilən şəxsə təqdim edildikdən sonra Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilməsi, şəxsi axtarış və götürmə video görüntülərini özündə əks etdirən 1 ədəd CD diskin cinayət işi materiallarında saxlanılması, təqsirləndirilən şəxsə məxsus bir ədəd qara rəngli “Samsung Galaxy” markalı mobil telefonun maddi sübut hesab edilməsi və təqsirləndirilən şəxsə təqdim edildikdən sonra Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilməsi müəyyən edilmişdir (cild 1, iş vərəqə 95-101). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və 2-ci Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işi materiallarından görünür ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs, barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən aşkar edilən narkotik vasitənin ona məxsus olmasını mübahisələndirməmiş, yalnız əməlində satış məqsədinin olmamasını bildirmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs ümumiyyətlə həmin narkotik vasitənin ona məxsus olmamasını bildirmişdir. Lakin o, psixi və fiziki təzyiqlərə məruz qalmasa da ibtidai istintaq dövründə qeyd olunan məzmunda ifadə verməsini əsaslandıra bilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrin şübhə altına alınması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, şəxsi axtarış və gptürmə istintaq hərəkəti həyata keçirilərkən təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülən 14,319 qram narkotik vasitə heroinin və 4,600 qram psixotrop maddə metamfetaminin ona məxsus olması işin mübahisəsiz halını təşkil edir. Bundan başqa üzərindən aşkar edilən telefona baxış keçirilərkən çoxsaylı mobil telefon nömrələrindən ondan narkotik vasitə almaq istəyən şəxslər olduğunun müəyyən edilməsi ilə əlaqədar təqsirləndirilən şəxs qismində ibtidai istintaq dövründə dindirilərkən Bəhrzu Qəmbərov bildirmişdir ki, həmin şəxsləri tanımır,səhvən ona müraciət etmələrini düşünür. Məhkəmə iclasında isə eyni xüsusat üzrə verilmiş sualları təqsirləndirilən şəxs cavablandıra bilməmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerindən təhvil alınmış və məhkəmə iclasında bilavasitə tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy” markalı mobil telefona baxış keçirilərkən həmin mobil telefonun “Qalereya” bölməsində 23 fevral 2023-cü il tarixinə aid çəkisi 59,55 qram təşkil edən bir büküm, 4 mart 2023-cü il tarixinə aid ayrılıqda çəkiləri 25,39 qram, 3,81 qram, 4,57 qram 14,80 qram təşkil edən dörd büküm və həmin tarixdə ümumi çəkisi 28,75 qram təşkil edən 3 büküm narkotik vasitəyə bənzər maddələrin tərəzi üstündə çəkilmiş foto şəkilləri müəyyən edilmişdir Həmin foto şəkillərin zaman baxımından qısa vaxt aralığı ilə çəkilməsini, bükümlərin çəkisini, təqsirləndirilən şəxsin briqadir –usta kimi çalışmasını,aylıq qazancını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Qeyd edilən cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin 13 mart 1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Binəqədi rayon məhkəməsinin 17 may 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19 avqust 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci il maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Suraxanı rayon Məhkəməsinin 25 iyun 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Abşeron rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, lakin cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbir ləğv olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli “Amnistiya” Qərarının 7-ci maddəsinə əsasən, həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən hazırki iş üzrə ona istinad edilən cinayət əməlləri məhkumluğu olmadığı dövrdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 6), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 16 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 62-66). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. 01 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 93-94). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,219 qram təşkil edən narkotik vasitə heroin və 4,500 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsə məxsus bir ədəd qara rəngli “Samsung Galaxy” markalı mobil telefonun onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 35). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Sabunçu Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14, 219 qram təşkil edən narkotik vasitə heroin və 4, 500 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli “Samsung Galaxy” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. Məhkəmə mərhələsində göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar