Məhkəmə qərarları › İş №1(101)-1621/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1621/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1621/2025 14.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Xəzər rayonu, “Atçılıq” yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda - 4,212 qram çəkidə bir ədəd bükümdə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 aprel 2025ci il tarixdə saat 13:28-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2ili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 15:16-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə 4,212 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 14 aprel 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirib əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən mobil telefonu, boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bank kartını, 01 ədəd şəxsiyyət vəsiqəsini, açarları və pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş “patı” deyə adlandırdığı maddəni 13 aprel 2025-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivi ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı şəxsdən 60 manat qarşılığında şəxsi istifadə etmək məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını və pay vermədiyini, həmçinin özünün az bir müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir (cild 1, iş vərəqə 27- 30).

4. 15 aprel 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd büküm maddə...” yazıları olan zərfin içərisində 01 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 4,212 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 4,162 qram təşkil etmişdir. Ekspertizanın keçirilməsinə 80 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 43-46).

5. 17 aprel 2025-ci il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 4,212 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq çəkisi olan 4,162 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 113-114).

6. 23 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir(cild 1, iş vərəqə 185-186).

7. 04 iyul 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı psixotrop maddə metamfetamini kimdən əldə etməsi, həmin şəxsin əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbacan Respublikasının ərazisinə keçirib-keçirməməsi, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin olub-olmaması, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 187).

8. 04 iyul 2025-ci il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 15 aprel 2024-cü il tarixdən 15 aprel 2025-ci il tarixə qədər daxil olan və çıxan zənglər, SMS yazışmalarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 189-190).

9. 04 iyul 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 191).

10. 28 aprel 2025-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir.Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqə 208-210).

11. 14 may 2025-ci il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 14-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ baldırın çapığı 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır (cild 1, iş vərəqə 212-213).

12. 15 aprel 2025-ci il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan və opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 214-215).

13. 18 iyul 2025-ci il tarixli bank məlumatları barədə diskə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid bank kartı vasitəsi ilə həyata keçirilmiş əməliyyatlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 250-251).

14. 16 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 4,212 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,162 qram təşkil edən metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 216-226).

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 30 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 192-193).

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur.14 aprel 2025-ci il tarixdə yerini müəyyən edərək ünvan 3 ünvanında “MCDonalds”a yaxın bir ərazidə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər.Təqsirləndirilən şəxsi qərarla tanış edib idarəyə dəvət etmişlər və idarədə müdafiəçinin iştirakı ilə özünün razılığı ilə üzərinə baxış keçirilmişdir.Könüllü olaraq üzərində olan bir büküm metamfetaminə bənzər maddəni təqdim etmiş və bir gün əvvəl öz istifadəsi üçün aldığını bildirmişdir. Şahid məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, məlumat baş idarəyə daxil olmuş və əməliyyat qrupu 3 nəfərdən ibarət olmuşdur. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxsə yaxınlaşan zaman tək olmuş və yolun kənarında dayanmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Videoçəkilişdə iştirak etmişdir. Videoçəkiliş zamanı təqsirləndirilən şəxsin müdafiəçisi də orada olmuşdur. Üzərində aşkar olunmuş narkotik maddə qablaşdırılıb ekspertizaya təqdim olunmuşdur. Günorta saat 1-2 radələrində təqsirləndirilən şəxsi saxlamışlar. Təqsirləndirilən şəxs barəsində ilk dəfə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs özü könüllü surətdə narkotik vasitəni təhvil vermişdir. Təqsirləndirilən şəxsə o yaxınlaşmışdır. Xidməti maşınla təqsirləndirilən şəxsin olduğu yerə getmişlər. Təqsirləndirilən şəxsi müşahidə etmişlər və zahiri görünüşcə Elşada bənzədib yaxınlaşmışlar. Təqsirləndirilən şəxsi ictimai yerdə saxladıqları üçün üzərində baxış keçirtməmişlər. Təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməyi təhqiqatçı həyata keçirmişdir. İdarəyə daxil olan kimi təqsirləndirilən şəxsi təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirdilməsini xatırlamır.Təqsirləndirilən şəxsi saxlayarkən qanunsuz odlu silah saxladığını və onu təqdim etməsini barədə heçnə deməmişdir. Əməliyyat məlumatında silahla bağlı heçnə olmamışdır. X4 adlı təqsirləndirilən şəxsi tanımır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

17. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, tutularkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qalmışdır.Ona qarşı zorakılıq göstərən şəxslərdən biri də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olan Seymur adlı şəxs olmuşdur. Onun Ehtimal adlı dostu var və Ehtimal da hal-hazırda tutulmuşdur.O, tutularkən Ehtimalla birlikdə şəkili olduğu üçün onun törətdiyi cinayətlə əlaqəsi oduğunu bildirmişlər.Ehtimalın törətdiyi cinayət haqqında məlumatı yoxdur. O, narkotik vasitə istifadəçisi deyil və satışı ilə də məşğul olmur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu çay içməyə məcbur etmişlər və bundan sonra onu narkotik vasitə istifadə edib-etmədiyimi müəyyənləşdirmək üçün ekspertizaya aparmışlar.

18. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan etdiklərini bildirmişlər və sənədləri imzalatmışlar. O, Cinayət Məcəlləsinin heç bir maddəsi ilə özünü təqsirli bilmir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o,qısa müddətdir ki narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. 14 aprel 2025-ci il tarixdə saat 13:28 radələrində ünvan 4 ünvanının yaxınlığında olduğu zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib vəsiqələrini ona göstərmiş, ona narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Qərara baxdığı zaman orada zərurət olduğu təqdirdə üstünün yoxlanması barədə qeydin olduğunu görmüşdür. Ona görə də tutulacağını başa düşüb polis əməkdaşlarına üzərində “patı” adı ilə tanıdığı narkotikin olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş İdarəyə dəvət etmiş və onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Orada olduğu zaman şübhəli şəxs qismində tutulmağı elan edilmişdir. Vəkil ilə təmin olunmuş və hüquq və vəzifələri izah edilmişdir. Polislər videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini demiş, etiraz etmədikdən sonra videoçəkiliş başlanmışdır. Çəkiliş zamanı üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməyi təklif edilmişdir. Üzərində patı olduğunu bildirmiş, şalvarın sol yan cibindəki bükümü təqdim etmişdir. Bundan sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən mobil telefonunu, şalvarının sağ yan cibindən bank kartını, şəxsiyyət vəsiqəsini, açarları və pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi əşyalara təhqiqatçı tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmış, “patı” adı ilə tanıdığı büküm iştirakçıların şahidliyi ilə açılmış və bükümün içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan sonra bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə 01 ədəd kağız zərfdə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bükümü haradan əldə edildiyi soruşulduqda “patı” deyə adlandırdığı maddəni 13 aprel 2025-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivi ərazisində anket məlumatlarını bilmədiyi, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı şəxsdən 60 manat qarşılığında şəxsi istifadə etmək məqsədi ilə əldə etdiyini, həmin maddədən heç kimə satmadığını, pay vermədiyini, həmçinin özünün az bir müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Sonra isə “İphone” markalı mobil telefonu əhəmiyyət kəsb etdiyindən götürülmüş, təhqiqatçı tərəfindən bank kartı üstündəki rəqəmlərin pozulması səbəbindən oxuna bilməmişdir. Bank kartı və şəxsiyyət vəsiqəsi ilə birlikdə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra şəxsi əşyaları, yəni evinin açarları və 104 manat pul geri qaytarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs əlavə ifadəsi alınan zaman vermiş olduğu ilkin ifadələrini təkzib edərək elan edilmiş ittiham ilə özünü təqsirli bilmədiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirildiyini, Baş İdarənin inzibati binasında olduğu zaman polis əməkdaşlarının ona təzyiq göstərdiyini, təzyiq nəticəsində içərisində psixotrop maddə olan bükümü götürüb cibinə qoyaraq çəkilişdə təqdim etdiyini, həqiqətə uyğun olmayan məzmunda ifadə verdiyini bildirmişdir (cild 1, iş vərəqə 84-88, iş vərəqə 143-146). Təqsirləndirilən şəxs elan olunmuş ifadə ilə bağlı bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələn kimi video çəkiliş etməmişlər. 2023-cü ildə oyuncaq silahla şəkil çəkdirmişdir.Məhkəməyə gətirildiyi zaman təsir altında olduğu üçün ona elan olunmuş ittihama etiraz edə bilməmişdir. Əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında tədqiq olunmuş sübutlarla bağlı bildirmişdir ki, onu əvvəlcə liftdə döyməyə başlamışlar və onu otağa başıaşağı apardıqları üçün hansı otağa aparıldığını dəqiq bilmir. 32 dəqiqə ərzində döyüldüyü otaqda olmuşdur.Sağ ayağının diz hissəsindən bir qədər aşağı nahiyədə olan çapığın uzun illər əvvəl baş verdiyi doğrudur. Polis əməkdaşlarından biri onun sinəsindən təpik vurmuş,Seymur liftdə saqqalını yolmuş və üzünü tapdalamışlar. Təcridxanada ondan soruşulanda heç bir şey olmadığını bildirmişdir. Bədənində xəsarət aldığı yer olduğunu soruşduqda ayağında uşaq vaxtı yaranmış çapığın olduğunu demişdir. Videoçəkiliş vasitəsilə üzləşdirmə həyata keçirilməsini istəsə də müstəntiq bunu etmədiyi üçün məhkəmədə polis əməkdaşları ilə üzləşdirmə həyata keçirilməsini istəmişdir.O, narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları narkotik vasitəni suya qatıb ona verdikləri üçün onun narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

19. Maddə 234.1-1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

20. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

22. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

23. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

24. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

25. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

26. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

27. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

28. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

30. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

31. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

32. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

33. Maddə 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.

34. Maddə 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;

35. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

36. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın 2-ci Siyahısının 118-ci bəndinə əsasən 2 qram və daha artıq çəkidə (400 qrama qədər) psixotrop maddə metamfetamin külli miqdar təşkil edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

37. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

38. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

39. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

40. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

41. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

42. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

43. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

44. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

45. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

46. “Savalanlı və digərləri Azərbaycana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

47. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışını həyata keçirməməsi, polis əməkdaşları tərəfindən ibtidai istintaq dövründə şiddət və təzyiqə məruz qalması səbəbindən psixotrop maddənin özünə məxsus olmasını bildirməsi barədə etiraf edici ifadələr verməsinə dair məhkəmə iclasında dindirilən zaman qeyd etdiklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidin ifadəsi, ekspert rəyləri, şəxsi axtarış və götürmə barədə protokol, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları ilə tam təkzib olunur.

48. Məhkəmə əvvəla qeyd edir ki, Təqsirləndirilən şəxs həm şəxsi axtarış zamanı, həm də şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verərkən üzərindən aşkar edilən psixotrop maddənin ona məxsus olmasını göstərdiyini bildirmiş, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılarkən isə məhkəmə iclasında özünü qismən təqsirli bilərək polis əməkdaşları tərəfindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün təxminən 60 manat müqabilində əldə etdiyini, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd etmişdir. Məhkəmə iclasında həmin ifadələrin hər birini fiziki təzyiqə məruz qalması səbəbindən verdiyini qeyd etsə də məhkəmənin təşəbbüsü ilə əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 18 dekabr 2025-ci il tarixli məktubu ilə müşaiyət edilən tibbi müayinə sənədlərindən görünür ki, Dünyamalıyev X3 daxil olarkən sorğu zamanı zədə almadığını bildirmiş, bədəninə baxış keçirilən zaman sağ baldırın önündə köhnə çapıq toxuması aşkar edilmişdir. Bundan başqa 11 may 2024-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyi ilə təqsirləndirilən şəxsin bədən səthində 14-xx.xx.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarətlərin aşkar edilmədiyi, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ baldırın çapığının 1-1,5 ildən artıq müddətdə əmələ gəldiyi müəyyən edilmişdir. 23 iyun 2025-ci il tarixli Qərardan isə görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təzyiq və qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmədiyi üçün toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı təqsirləndirilən şəxsin nə saxlanılan zaman, nə də Baş İdarəyə gətirildikdən sonra döyülmədiyini, ona xəsarət yetirilmədiyini, ona qarşı nalayiq ifadələr işlətmədiyini, hədəqorxu gəlinmədiyini bildirmiş, materiala əlavə edilmiş məhkəmə tibbi ekspertiza rəyi ilə isə təqsirləndirilən şəxsin tutulduğu və həbs olunduğu tarixə uyğun gələn xəsarətlər aşkar edilməmişdir. (qərarın 6-cı və 11-ci bəndləri). Göründüyü kimi məhkəmə yuxarıda sadalanan sübutları məcmu şəkildə qiymətləndirərək belə qərara gəlir ki, təqsirləndirilən şəxsin barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokolunun mötəbərliliyinin şübhə altına alınması üçün əsaslar yoxdur, onun üzərindən aşkar edilən 4,212 qram psixotrop maddə metamfetaminin Təqsirləndirilən şəxs məxsus olması işin mübahisəsiz halını təşkil edir.

49. Müdafiə tərəfi bundan başqa təqsirləndirilən şəxsin ümumuiyyətlə narkotik vasitələrdən istfadə etməsini təkzib edərək cinayət işi materiallarında təqsirləndirilən şəxsdən hər hansı qan və ya sidik nümunələri götürülməsi barədə qərara rast gəlinmədiyinə görə onun qan və sidik nümunələrində heroin və metamfetamin aşkar edilməsinə dair 15 aprel 2025-ci il tarixli maddi sübutların ekspertiza rəyinin mötəbərliliyinin şübhə altına alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müdafiə tərəfinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, ekspertiza təyin edilməsi haqqında 15 aprel 2025-ci il tarixli qərarla təqsirləndirilən şəxsin qanında və ya sidiyində narkotik vasitə , psixotrop maddə, güclü təsiredici maddələrdən istifadə edilməsi hallarının aşak edilməsi ilə bağlı ekspert qarşısında suallar qoyulmaqla Təqsirləndirilən şəxs ekspertizaya təqdim edilməsi müəyyən edilmişdir. 28 aprel 2025-ci il tarixli ekspertiza rəyindən isə görünür ki, məhkəmə-kimya şöbəsində 15 aprel 2025-ci il tarixdə saat 13:30 da Təqsirləndirilən şəxs 17 ml qan və 40 ml sidik nümunəsi götürülmüşdür (qərarın 10-cu bəndi) .

50. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi, təqsirləndirilən şəxsin qan və sidik nümunələrinin tədqiqi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir(qərarın 27, 28,29,43,44,45 -ci bəndləri).

51. Lakin məhkəmə qeyd edir ki, narkotik vasitənin əldə edilməsi, saxlanması, daşınması məqsədinin nəyə yönəlməsi Cinayət Məcəlləsinin 234.1 və 234.2 ci maddəsinin cinayət tərkibinin zəruri subyektiv əlaməti olmaqla, əməlin hansı maddə ilə tövsif edilməsi zamanı mühüm əhəmiyyət kəsb etməklə Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əasən sübut edilməli olan hallar dairəsinə aiddir.

52. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olması barədə qənaətə gəlmişdir. Lakin məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə əldə etməsi , saxlaması və daşıması iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədilə əldə etməsinin sübuta yetirilməsi istiqamətində aparılmış istintaq hərəkətləri nəticəsiz qalmışdır. Təqsirləndirilən şəxs məxsus mobil telefona və bank kartı məlumaltarına, o cümlədən "xxxx" MMC-dən göndərilən 04 iyul 2025-ci il tarixli müşayiət məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılan telefon danışıqları və SMS yazışmalarına baxış zamanı onun satış məqsədilə narkotik vasitə əldə etməsi, saxlaması, daşıması, eləcə də belə maddələri satmasına dəlalət edən hər hansı məlumat aşkar edilməmişdir (qərarın 8, 9, 13-cü bəndləri).

53. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (qərarın 4 və 36-cı bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

54. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 26-cı bəndi).

55. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

56. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 19-cu bəndi).

57. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 20,21,22 və 23-cü bəndləri).

58. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

59. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

60. Təqsirləndirilən şəxs ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 24-cü bəndi).

61. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 19), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 98-101), həbs etmənin əvvəlinin 14 aprel 2025-ci il tarixdən hesablanması qərara alınmışdır (qərarın 25-ci bəndi).

62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

63. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,162 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 14-cü bəndi).

64. Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir (qərarın 12ci bəndi).

65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 4-cü bəndi).

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,162 qram təşkil edən metamfetamin məhv edilsin; Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova

Fəxri Məmmədov

Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar