Məhkəmə qərarları › İş №1(101)-1623/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1623/2024

09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1623/2024 09.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:05 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Tovuz rayonu, Hacıalılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq təyinatı üzrə istifadəyə yararlı olan, əldəqayırma üsulla kastet tipində hazırlanmış vurucu-deşici xassəyə malik 01 ədəd soyuq silahı əldə edib ünvan 3 ünvanının yaxınlığınadək üzərində gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 17:18-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 19:05-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərində olan qara rəngli dəri çantanın içərisindən qanunsuz olaraq əldə edib gəzdirməklə saxladığı təyinatı üzrə istifadəyə yararlı olan, əldəqayırma üsulla kastet tipində hazırlanmış vurucu-deşici xassəyə malik 01 ədəd soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittihamı qəbul etsə də, narkotik vasitə ilə əlaqədar irəli sürülmüş ittihamı təkzib edir. “İnstaqram” sosial şəbəkəsində “Şirin_əcəmi” adlı hesab vasitəsilə “Angela” adlı hesab sahibi ilə sonuncunun təklifi üzrə tanış olmuş, “Angela” adlı hesab sahibi ona Bakı şəhərinə gəlməsini xahiş etmişdir. Angela adlı “İnstagram” hesabının sahibi adının Fidan olduğunu bildirərək ona özünə məxsus fotoşəkli göndərmişdir. Qızdan xoşu gəlsə belə, həmin xanıma Bakı şəhərinə gəlmək üçün yol pulunun olmadığını bildirdikdə sonuncu ona pul göndərməsi üçün bank kartı şəklini atmasını xahiş etmişdir. Həmin şəxs tərəfindən onun bank kartı hesabına 20 manat məbləğində pul köçürülmüş, lakin kart sahibinin adı Şahid1 olmuşdur. Bakı şəhərinə çatarkən həmin şəxsə “İnstaqram” hesabı vasitəsilə etdiyi zənglərə sonuncu cavab verməmişdir. Elə həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılaraq avtomobilə əyləşdirilmişdir. Barəsində şəxsi axtarış keçirilmiş, üzərindən beş barmaq adlandırılan silah aşkar edilmişdir. Soyuq silah hesab edilən beşbarmaq ona məxsusdur, həmin predmeti Tovuzda heyvan otararkən tapmışdır. Lakin narkotik vasitələr ona aid olmamışdır. Həmin iki büküm narkotik vasitə polis əməkdaşları tərəfindən avtomobildə olarkən ona təqdim edilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saçı yolunmuş, başına yumruqla zərbələr yetirilmişdir. Buna görə də yetirilən xəsarətlər ağırılı olsa da iz qoyan xəsarətlər olmamışdır. Tibbi müayinədən keçən zaman ayaqlarında göyərtilər olmuşdur. “Yetim Sabir” adlandırılan kriminal aləmin iştirakçısı olan şəxslə yaxın münasibətlərdə olduğu iddia edildiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bir-iki gün Bakı şəhərində qalıb Tovuza qayıtmağı düşünmüşdür. Bundan başqa Şahid3 və Şahid2 onun saxlanılmağında iştirak etməmiş, lakin Şahid3 ona qarşı fiziki təzyiq göstərmişdir. Şahid2 isə İdarədə olarkən çəkiliş aparanda görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, əməliyyat qrupunun rəhbəri Şahid1 olmuş, əməliyyat məlumatının məzmunu narkotik vasitələrin qanunsuz dövriyyəsi və soyuq silah əldə edilməsi ilə bağlı olmuşdur. Hadisə yerinə təxminən axşam saat 6 radələrində getmişdirlər. Təqsirləndirilən şəxsin xarici görünüş əlamətlərindən həmin şəxsin Şirxan olması müəyyənləşdirilmişdir.Təqsirləndirilən şəxsə qarşı fiziki təzyiq olmamışdır.Əməliyyat tədbirində Şahid2 və Şahid1 iştirak etmişdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə yerinə İdarəyə məxsus avtomobillə getmişlər. Əməliyyat tədbirində üç nəfər – O, Şahid1 və Şahid3 iştirak etmişlər.Onlar hadisə yerinə çatdıqda tərəflərindən axtardıqları şəxsi müəyyən edib Baş İdarəyə dəvət edərkən onlara etiraz etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında üç nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, avtovağzal ətrafında əməliyyat tədbiri həyata keçirmişlər. Təqsirləndirilən şəxsə təxminən axşam saat 5-6 radələrində yaxınlaşmış, özünü təqdim etmiş, qərarla onu tanış etdikdən sonra sonuncu Baş İdarəyə gətirilmişdir. Əməliyyat məlumatı daxil olana qədər Təqsirləndirilən şəxs kimliyi onlara məlum olmamış, şəkili olduğu üçün onu üzdən tanımışlar. Təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən 40 dəqiqə sonra müdafiəçi ilə təmin edilərək üzərinə baxış keçirilmiş, inzibati otaqların birində videoçəkiliş vasitəsilə üzərində olan “kokos” kimi tanınan heroinə bənzər narkotik vasitəni könüllü surətdə təqdim etmiş, çantasından soyuq silah sayılan bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin silahı və narkotik vasitəni iki gün əvvəl Tovuz royunundan tapdığını bildirmişdir. Ona aid bank kartından Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına pul köçürülməsi ilə əlaqədar bildirir ki, sosial şəbəkə vasitəsilə tanıdığı bir xanım hansısa şəxslə danışmış, sonuncu Bakıya gəlmək üçün həmin xanımdan pul istəmiş, xanım ona “bir nəfər tanıdığı şəxs Bakıya gəlmək istəyir ona pul göndərmək lazım olduğunu” bildirmişdir. Kartı xanıma verdikdən sonra həmin xanım təqsirləndirilən şəxsə pul göndərmişdir. Xanımın xarici görünüşü barədə deyə bilər ki, sonuncu sarışın və balaca boy olmuşdur. Bank kartının nömrəsinin sonu 9659 2559 rəqəmləri ilə bitir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 19 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskdən görünür ki,şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan 01 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs yaxasından asdığı qara rəngli dəri çantanın böyük cibindən 01 ədəd soyuq silaha oxşar dəmir predmet aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs həmin çantanın kiçik ön cibindən “Redmi 8A” markalı mobil telefonu, əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 02 ədəd “1” manatlıq əskinazı, “02” ədəd 20 qəpiklik metal pulları, sağ yan cibindən 01 qutu “Pall Mall” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində qəhvəyi rəngli,spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “kakos” adı ilə tanıdığı 01 ədəd sellofan bükümdəki narkotik vasitə heroinə oxşar maddəni 2 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Hacıalılı kəndində yaşadığı evin yaxınlığında yerdən tapdığını, özünün əvvəllər narkotik vasitələrin istifadəçisi olduğunu və təqdim etdiyi narkotik vasitə heroinə oxşar maddəni az yaşlı uşaqların tapıb istifadə etməsinin qarşısını almaq məqsədilə məhv etmək üçün üzərində saxlayıb daşıdığını, eləcə də həmin maddədən heç kimə satmadığını və pay vermədiyini bildirmişdir. Əlavə olaraq isə üzərində aşkar olunaraq götürülmüş 01 ədəd soyuq silaha oxşar dəmir predmeti də həmin narkotik vasitə ilə eyni vaxtda, yəni xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Hacıalılı kəndində yaşadığı evin yaxınlığında yerdən tapdığını və özünü müdafiə məqsədilə üstündə gəzdirdiyini, həmçinin həmin dəmir predmet vasitəsi ilə hər hansı bir qanunazidd əməl törətmədiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd soyuq silaha oxşar dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan hər biri ayrılıqda 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Redmi 8A” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi “PALL MALL” markalı 01 qutu siqaret qutusuna baxış keçirilən zaman həmin qutunun içərisində 11 ədəd tütün məmulatları olan siqaret dənəsi olması müəyyən edilmişdir. Eyni zamanda aşkar edilmiş 02 manat 40 qəpik məbləğində pul, “PALL MALL” markalı içərisində 11 ədəd siqaret dənəsi olan 01 ədəd siqaret qutusu və 01 ədəd qara rəngli dəri çanta iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır( cild 1, iş vərəqə 27-29). 20 yanvar 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 6,446 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 6,396 qram təşkil etmişdir ( cild 1, iş vərəqə 43- 47). 6 fevral 2024-cü il tarixli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet əldəqayırma üsulla kastet tipində hazırlanmış vurucu-deşici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır ( cild 1, iş vərəqə 170-173). 08 fevral 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd qara rəngli “Redmi” markalı telefona telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir(cild 1, iş vərəqə 146). "xxxx" MMC-dən göndərilən 12 fevral 2024-cü il tarixli müşaiyət məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd CD diskə baxış keçirilən zaman həmin nömrə ilə müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması müəyyən edilsə də iş üzrə əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir(cild 1, iş vərəqə 165). 7 mart 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı mobil telefonun ailə üzvlərinə qaytarılması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 6,446 qram ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,396 qram olan narkotik vasitə heroin, 01 ədəd əldəqayırma üsulla kastet tipində hazırlanmış vurucu-deşici xassəyə malik soyuq silah maddi sübut hesab edilərək Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi müəyyənləşdirilmişdir( cild 1, iş vərəqə 185-201). 31 yanvar 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilən tarixə və şəraitə uyğun hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 178). İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - 6,446 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 17:18-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 19:05-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 6,446 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində Cinayət-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və “X5 və Azadlıqları haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən sadalanan Qanunların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə sübutlar bəzi hissədə qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən həm məhkəməyədək icraat mərhələsində, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Məhkəmə, əvvəla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1ci maddəsinin yalnız məhkəmə istintaqı dövründə tədqiq edilən sübutlar əsasında hökm çıxarılması barədə tələbini rəhbər tutaraq bildirir ki, ifadə vermək təqsirləndirilən şəxsin ən əsas hüquqlarından biridir. Bundan başqa cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən təqsirləndirilən şəxsə məhkəmə istintaqı başlandıqdan dərhal sonra elan edilməli olan hüquqlardan biri də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı təqsirini boynuna alması və ya almaması ilə bağlı olmamasıdır. Məhkəmə toplanmış sübutlar toplusuna qiymət verərkən ilk əvvəl qeyd edir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirini boynuna alması ilə bağlı olmasa da ibtidai istintaq dövründə verdiyi ifadələrlə məhkəmədə verdiyi ifadələr arasındaki ziddiyyətlər aradan qaldırılmalıdır. Qeyd olunan tələb də Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddənin məzmumuna əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda ibtidai istintaq dövründə vermiş olduğu ifadələr elan edilməklə tədqiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İş materiallarından isə görünür ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ona elan edilmiş ittiham barədə hələ ibtidai istintaq dövründə bir-biri ilə ziddiyyət təşkil edən ifadələr vermiş, narkotik vasitəni yerdən tapdığını, gah az yaşlı uşaqların tapıb istifadə etməsinin qarşısını almaq üçün məhv etmək, gah şəxsən istifadə etmək, gah da Bakı şəhərinə işləməyə gəldiyi üçün Xəzər dənizinə atmaq məqsədilə üzərində saxlamaq qərarına gəldiyini bildirmişdir. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı təqdim etdiyi 01 ədəd büküm narkotik vasitə heroini və üzərindən aşkar edilmiş 01 ədəd soyuq silaha oxşar dəmir predmeti iki gün əvvəl, yəni 17 yanvar 2024-cü il tarixdə Tovuz rayonu, Hacıalılı kəndində yaşadığı evin yaxınlığında yerdən tapdığını, özünün əvvəllər narkotik vasitələrin istifadəçisi olduğunu və təqdim etdiyi narkotik vasitə heroinə oxşar maddəni az yaşlı uşaqların tapıb istifadə etməsinin qarşısını almaq məqsədilə məhv etmək üçün, dəmir predmeti isə özünü müdafiə etmək üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə məhkəmə iclasında baxılarkən isə özünü qismən təqsirli bilərək əvvəllər narkotik vasitə istifadə etdiyini, polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitəni Tovuz şəhərinin ərazisində yerdən tapdığını və azyaşlıların əlinə keçməsindən ehtiyatlanaraq narkotik vasitəni özündə saxladığını, Bakı şəhərinə işləmək üçün gəldiyindən orda dənizə atmaq fikrində olduğunu qeyd etmişdir. Həm şübhəli, həm təqsirləndirilən şəxs qismində dindirilərkən isə üzərindən aşkar edilmiş narkotik vasitəni tutulmamışdan iki gün əvvəl yerdən tapmasını, şəxsi istifadəsi məqsədilə üzərində saxladığını qeyd etmişdir. İbtidai istintaqın sonrakı mərhələsində, yəni, bərəsində həbs qətimkan tədbiri seçildikdən sonra özünün iradəsinə əsasən təyin edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadə verərkən, habelə məhkəmə iclasında təqdim etdikləri vəsatətlərdə heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, nə hazırki iş üzrə, nə də ki, başqa vaxtlar üzərində narkotik vasitə gəzdirmədiyini, üzərindən aşkar edilən narkotik vasitənin ona polis əməkdaşları tərəfindən təqdim edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu da qeyd etmişdir ki, xx.xx.2002-ci il tarixdə Tovuz rayonunda anadan olmuş və tutulduğu vaxtadək həmin rayonun Hacıalılı kəndində yaşamışdır. Tutulmamışdan təxminən 10 gün əvvəl “İnstagram” sosial şəbəkəsində bir xanım onunla tanış olmuş, onu aldadaraq düşünülmüş şəkildə yalançı isti münasibət görüntüsü yaratmışdır. Həmin xanımla bir müddət “İnstagram” üzərindən özü istifadə etdiyi “Sirin_ecemi” adlı “İnstagram” səhifəsindən onun istifadə etdiyi “anggel_666” adlı “İnstagram” səhifəsi ilə tez-tez yazışma və danışmaqla əlaqə saxlamışlar və qeyd olunan xanım onu aldadıb Bakı şəhərinə gətirmək məqsədi ilə guya Bakı şəhərinin müxtəlif yerlərində özünə məxsus iki mənzilinin olmasını bildirərək, ona Bakı şəhərinə gəlməsini və bir yerdə yaxın münasibət quraraq dincəlmələrini təklif etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlməsi üçün pulunun olmadığını bildirmiş, həmin xanım isə yol pulu olaraq onun bank kartına 20 manat məbləğində pul köçürmüşdür. Bundan sonra o, tanış olduğu qızın təkidi və dəvəti ilə 19 yanvar 2024-cü il tarixdə yaşadığı Tovuz rayonunun Hacıalılı kəndindən çıxaraq Bakı şəhərinə gəlmiş, xanımın dediyi və Şirxanı qarşılayacağı ünvana, yəni Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətinə gedən yolun başlanğıcında, Bakı-Sumqayıt yolunun keçdiyi körpülərə çatmamış yolun sağında olan sərnişin dayanacağının yaxınlığına (Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov 29A ünvanına) gəlmişdir (hansı ki, həmin xanım bir neçə dəfə Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq onu qeyd olunan ünvanda gözlədiyini, mümkün qədər tez gəlməsini bildirmiş və gözlədiyi yerin şəkilini çəkərək ona göndərmiş, ondan isə bir neçə dəfə hazırda olduğu (gəldiyi) yerin məkan kordinatlarını almışdır). Oradan həmin xanıma zəng vurmaq istəyən zaman tanımadığı iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq, qollarını qandallamaqla, nəsə danışmağa və ya soruşmağa imkan vermədən avtomobilə əyləşdirərək, elə avtomobildəcə ona fiziki zor tətbiq edib, barmaq yarısı boyda iki bükülünü təqdim edərək götürüb cibinə qoymasını tələb etmişlər. Bundan sonra onu sonradan bildiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirərək, ona kriminal aləmdə “Yetim Sabir” adı ilə tanınmış şəxslə əlaqəsinin olmasında, onu təbliğ və dəstəkləməkdə ittiham edərək, ya bunları qəbul etməsini ya da ki, onların təqdim etdiyi bir ədəd bükülü vəziyyətə olan olan 3-4 qram narkotik vasitəni özünə aid olduğunu bildirməsini tələb etmişlər. Şirxan isə onlara kriminal aləmdə “Yetim Sabir” adı ilə tanınmış şəxlə ümumiyyətlə əlaqəsinin olmadığını, o cümlədən heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini və onların təkid etdiyi narkotik vasitəni özününkü kimi qəbul edə bilməyəcəyini və buna etirazını bildirmişdir. Həmin şəxslər ona müxtəlif formada (bədəninin və başının müxtəlif nahiyyələrini divara sıxmaqla, başından və saqqalından tükləri zorla yolmaqla, qarın və qasıq nahiyyəsinə təpik və yumruqla zərbələr vurmaqla, onu ömür boyu qaranlıq yerdə soyuqda ac, susuz və yuxusuz saxlayacaqlarını bildirməklə) zor tətbiq edərək ona “təqdim olunmuş bükülüdə olan maddənin narkotik vasitə olmasını və onu yaşadığı kəndin ərazisindən tapdığını, uşaqların əlinə keçməsin deyə guya Bakı şəhərində dənizə atmaq üçün gətirdiyini” deməsini təkid etmişlər. Təqsirləndirilən şəxs isə qorxduğundan, onların fiziki və psixi təzyiqlərinə dözə bilmədiyindən ilkin olaraq onların dediyi kimi edib və ona yalandan öyrətdikləri sözləri təkrarlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, onu ilkin olaraq tutan və avtomobilin içərisindən onlara aid olan narkotik vasitəni Şirxanın cibinə qoymasını tələb edən və onu avtomobillə idarəyə gətirən iki nəfər şəxs olmuşdur. Həmin şəxslərdən biri iş üzrə Şahid1 olmuş, digər səxs isə hazırki adları qeyd olunan və məhkəmədə dindirilmiş şahidlər arasında yoxdur. Yəni hazırda şahid qismində adları keçən və məhkəmədə dindirilmiş Şahid2 və Şahid3 o saxlanılan zaman və avtomobillə idarəyə gətirilən zaman orada olmamışlar, onu tutan və Baş idarəyə avtomobil ilə gətirən şəxslərin biri Şahid1, digəri isə tamam başqa şəxs olmuşdur. Bu şəxsləri, yəni Şahid2 və Şahid3 isə o, yalnız Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzərinə baxış keçirilən zaman görmüşdür. İbtidai istintaq dövründə təkrar dindirilərkən narkotik vasitənin ümumiyyətlə ona məxsus olmamasını qeyd edərkən ifadələri arasındakı ziddiyyətlər araşdırılmış, təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı narkotik vasitə təqdim etməsini bədənində xəsarətləri aşkar edilməsə də polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə izah etmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən etiraf edici ifadələr verməsi səbəbi kimi isə narkotik vasitənin ona aid olmamasını deyəcəyi təqdirdə haqqında təkrarən zor tətbiq edilməsindən qorxmasını və polis əməkdaşlarının dediyi şəkildə ifadə verəcəyi təqdirdə ona köməklik göstəriləcəyi və məsuliyyətinin yüngülləşdiriləcəyinə dair ona vədlərin verildiyini göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən barəsində yol verilmiş fiziki təzyiqin məzmununun bədənində xəsarət izləri qoymayan şəkildə döyülməsindən, yəni saçının yolunması, başına yumruqla xəsarət yetirilməsindən ibarət olmasını qeyd etmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən Bakı şəhərinə işləmək üçün gəldiyini göstərsə də hazırki iş üzrə məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs Bakıya “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu “angel” adlı “İnstagram” hesabının sahibinin dəvəti ilə, habelə həmin qız tərəfindən ona göndərilən yol pulu hesabına görüşmək üçün gəldiyini, lakin çatdığı yerdə hər hansı qıza rast gəlmədiyi, əksinə polis əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi həmin ifadələrin yoxlanılması istiqamətində Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində istifadəsində olan hesabına dair məlumatların əks olunduğu şəkilləri təqdim etmiş, həmin məlumatlarla təqsirləndirilən şəxsin “angel” adlı “İnstagram” hesabının sahibi ilə gəlməli olduğu təyinat məntəqəsinin yerləşdiyi yer, geyindiyi paltarların təsviri, çatmalı olduğu vaxt məzmunu barədə danışıqların olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında “angel” adlı “İnstagram” hesab sahibinin, tərəfindən göndərilən məktubları hər iki tərəf üçün görünməsini mümkünsüz edən şəkildə silinməsi funksiyasından istifadə etməklə pozması səbəbindən təqsirləndirilən şəxsin həmin sosial şəbəkədə olan hesabına baxış keçirilməsi mümkün olmasa da müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan bank hesabı kartına “yol pulu” ödəmiş şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, onun bank hesabına 19 yanvar 2024-cü il tarixdə saat 00:06 radələrində 20 manat məbləğində pul mədaxil edən şəxs Şahid1 olmuşdur. Məhkəmə iclasında qeyd edilən xüsusat şahid qismində dindirilən Şahid1 tərəfindən təsdiq edilmişdir. Belə ki, sonuncu təqsirləndirilən şəxsi əməliyyat məlumatı daxil olmasından, əməliyyat axtarış tədbirinin keçirilməsindən əvvəl tanımadığını vurğulasa da, sosial şəbəkə vasitəsilə tanıdığı bir xanımın ona tanışının Bakı şəhərinə gəlməsi üçün pul göndərilməsi barədə xahişi üzrə bank hesab kartını həmin xanıma verdiyini qeyd etmiş və hazırki iş üzrə təqsirləndirilən şəxsin hesabına onun istifadəsində olan bank hesab kartından pul göndərilməsi faktını təsdiq etmişdir. Göründüyü kimi telefona baxış keçirilməsi mümkün olmasa da, həmin təqsirləndirilən şəxsin Bakı şəhərinə sosial şəbəkə vasitəsilə tanış olduğu xanımın təklifi, təkidi və göndərdiyi pul hesabına gəlməsi kimi hallar Şahid1 ifadəsi və bank hesab məlumatları əsasında işin mübahisəsiz hallarını təşkil etmişdir. İttiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, Şirxan adlı şəxsin satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və daşıması, eləcə də soyuq silah əldə edib saxlaması və üstündə daşıması ilə əlaqədar əməliyyat məlumatının daxil olması barədə raport Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkilli polis leytenantı Şahid1 tərəfindən 19 yanvar 2024-cü il tarixdə tərtib edilmiş, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış qrupun rəhbəri o, özü olmuşdur. Həmçinin həmin raportda təqsirləndirilən şəxsin Tovuz rayonu, Hacallı kəndində yaşaması qeyd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatın sonuncunun Bakı şəhərinə gəlməsi üçün bank hesab kartına pul göndərən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 daxil olması, raportun pul göndərilməsindən sonra, yəni 19 yanvar 2024-cü il tarixdə tərtib edilməsini, Şahid1 həm də əməliyyat qrupunun rəhbəri olmasını, əməliyyat axtarış tədbirlərinin isə şəxsin yaşadığı ünvanda deyil, məhz “angel” adlı “İnstagram” hesabının sahibinin təklifi üzrə Təqsirləndirilən şəxs gəlməli olduğu ərazidə keçirilməsi kimi halları birgə qiymətləndirməklə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində fiziki təzyiqə məruz qalması səbəbindən etiraf edici ifadələr verməsi, barəsində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmaması barədə ifadəsini həqiqətəuyğun hesab edir. Məhkəmə onu da qeyd edir ki, cəmiyyətin istənilən fərdinin, tərəfindən törədilən hər bir əməli şərtləndirən motivi vardır. Motiv heç də həmişə cinayət tərkibinin zəruri əlaməti kimi çıxış etməsə də sübutların qiymətləndirilməsi, yəni mövcud sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi üçün daxili inamını formalaşdıran amil qismində çıxış edir. Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini formalaşdıran hərəkətlər formal xarakterli, yəni törədildiyi andan bitmiş hesab olunsa da təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin mənbəyini (yəni tərəfindən əldə edilməməsini, ona məxsus olmamasını) mübahisələndirdiyi müddətdə şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələri şəxsin təqsirliliyini sübut edən yeganə və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əks təqdirdə şəxsin məhkəmə qarşısına çıxarılmasına zərurət olmazdı. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Hansı sübutun həqiqətəuyğun hesab edilməsi isə bir çox hallarda əməlin motivinin müəyyən edilməsi ilə düz mütənasiblik təşkil edir. Bu səbəbdən təqsirləndirilən şəxsin subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunan narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması əməlləri ilə əlaqədar hazırkı iş üzrə ittiham tərəfinin üzərinə düşən yük həmin hərəkətlərin edilməsini, o cümlədən müvafiq hərəkətlərin hansı məqsədlə şərtləndirilməsini sübuta yetirməkdir. İbtidai araşdırmanın məhkəmə iclaslarından fərqli olaraq açıq şəkildə keçirilməməsi, istintaqın normal gedişatını təmin etmək məqsədilə əksər məlumatların istintaqın qurtarmasına qədər gizli saxlanılması və s. kimi amillər ibtidai araşdırma orqanını təqsirləndirilən şəxsin etiraf edici ifadələri üzərinə köklənməməsini(ifadə verməyin təqsirləndirilən şəxsin hüququ olması və gələcəkdə həmin hüquqdan istifadə edərək verdiyi ifadələri məhkəmədə müahisələndirmək imkanı baxımından), tərəfindən həmin ifadələrin düzgünlüyünün yoxlanması məqsədilə bir sıra istintaq hərəkətlərinin keçirilməsini zəruri edir. İş materiallarından görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı üzərindən aşkar edilmiş soyuq silahın ona məxsus olub-olmamasını mübahisələndirməsə də narkotik vasitə əldə edilməsi, saxlanılması və daşınması ilə əlaqədar ittihamı qəbul etməyərək ümumiyyətlə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyət çəkməməsini məhkəmənin diqqətinə çatdırmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini inkar etməsi faktı iş materiallarına əlavə edilmiş tibbi müayinə sənədləri, məhkəmə-narkoloji ekspertiza rəyi ilə də təsdiq olunur. Belə ki, tibbi müayinə sənədlərindən görünür ki, 29 yanvar 2024-cü il tarixdə hələ təcridxanaya daxil olarkən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini təkzib etmiş, barəsində verilən 17 fevral 2024-cü il tarixli məhkəmə-narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Qeyd olunan təqdirdə, yəni Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmədiyi halda şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitənin ona aid olmaması barədə ifadələri və sonuncunun “narkotik vasitələrin” dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumatın daxil olduğu əməliyyatçıya məxsus bank hesab kartından istifadəsində olan bank kartına göndərilmiş pul hesabına gəldiyi ünvanda tutulması kimi işin halları toplanmış digər sübutların mötəbərliliyini şübhə altına alaraq üzərindən aşkar edilən həmin narkotik vasitənin əldə edilməsi mənbəyi barədə məhkəməyə sübut təqdim etməyən ittiham tərəfini, həmçinin təqsirləndirilən şəxsi narkotik vasitə əldə edilməsinə sövq edən şərtləri, yəni həmin narkotik vasitənin təyinatını- pay verilməsi, satılması, çatdırılması və s. üçün nəzərdə tutulması kimi halları müəyyən etmək vəzifəsi ilə mükəlləfiyyətləndirir. Halbuki, cinayət işi materiallarından görünür ki, iş üzrə verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi,narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harda və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, sübutların qiymətləndirilməsi haqqında qərarla hazırki işdən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsinə görə ayrıca cinayət işi ayrılsa da onun nəticəsi barədə də məhkəməyə məlumat verilməmişdir. Eləcə də təqsirləndirilən şəxsin narkotik vasitələrin dövriyəsində iştirakının sübuta yetirilməsi istiqamətində aparılmış digər istintaq hərəkətləri də nəticəsiz qalmışdır. Belə ki, 22 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd ağ rəngli “İphone” markalı telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslər arasında müxtəlif məzmunlu mesajlaşmalar olsa da iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 160). O cümlədən "xxxx" MMC-dən göndərilən 12 fevral 2024-cü il tarixli müşayiət məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilən zaman həmin nömrə ilə müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması müəyyən edilsə də iş üzrə əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir(cild 1, iş vərəqi 165). İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Məhkəmə qeyd edir ki, iş materialları ilə Şahid1 bank kartından Təqsirləndirilən şəxs hesabına pulun köçürülməsinin əməliyyat tədbirindən əvvəlki dövrə təsadüf etməsi, eləcə də onun görüş üçün gəldiyi təyinat yerində tutulması hüquq-mühafizə orqanında artıq təqsirləndirilən şəxs haqqında müəyyən məlumatlar olmasını deməyə əsas verir. Belə olan halda bu fakt əməliyyat məlumatının daxil olduğu Şahid1 təqsirləndirilən şəxsi belə məlumatlar daxil olanadək tanımaması barədə ifadələrinin düzgünlüyünü, habelə təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi haqqında qərarın prosessual əsaslarını, şəxsin tutulmasının isə həm maddi, həm də prosessual əsaslarını şübhə altına alır. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən və İstintaq Təcridxanasına yerləşdirildikdən sonra artıq verdiyi bütün ifadələrində narkotik vasitənin ona məxsus olmamasını, həmin narkotik vasitənin İdarəyə gətirilərkən avtomobildə, şəxsi axtarış istintaq hərəkəti zamanı onun tərəfindən təqdim edilməsi üçün verildiyini bildirmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinin mötəbərliliyini yalnız Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə nəzərdə tutulan hərəkətlərin törədilməsi hissəsində mübahisələndirmiş, nə ibtidai istintaq, nə də məhkəmə dövründə üzərindən aşkar edilmiş məhkəmə ballistik ekspertizası nəticəsində soyuq silah hesab edilən predmetin ona aid olmasını inkar etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs cari məhkəmə iclaslarında narkotik vasitənin ona aid olmaması barədə verdiyi ifadələri məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarına uyğun ifadələr olduğuna görə inandırıcı və mötəbər sübutlar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvеriciliyə uyğun mövqе formalaşmışdır. Bеlə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tariхli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur. (bеlə bir mövqе Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollеgiyası hеsab еdir ki, təqsirləndirilən şəхsin еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası tərəfindən aparılmış məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs verdiyi ifadələrinin həqiqəti əks etdirməsi(Bakı şəhərinə sosial şəbəkədə tanış olduğun qızın göndərdiyi pul hesabına gəlməsi, həmin pulun polis əməkdaşı tərəfindən göndərilməsi ) bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs narkotik vasitə heroini saxlaması və gəzdirməsi öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 19 yanvar 2024-cü il tarixdə saat 17:18 radələrində gətirilməsi, ona polis əməkdaşları tərəfindən fiziki təzyiqin göstərilməsi yolu ilə özünə qarşı ifadələrinin alınması ilə bağlı hadisənin məhz yuxarıda təsvir olunan qaydada cərəyan etməsi kifayət qədər şübhəli “sübutlar”dan ibarət olan cinayət işinin materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.Hakim qanunu və vicdanını rəhbər tutaraq cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 23 avqust 2007-ci ildə dərc olunmuş “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il tarixli Beynəlxalq Paktın 14-cü maddəsinə dair 32 saylı ümumi şərhində BMT-nin İnsan Hüquqları Komitəsi təqsirsizlik prezumpsiyası ilə əlaqədar bildirmişdir ki, insan hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət kəsb edən təqsirsizlik prezumpsiyası ittiham tərəfinin üzərinə ittihamı sübut etmək vəzifəsini qoyur, ittiham əsaslı şübhə yeri qalmadan sübuta yetirilməyənə qədər şəxsin təqsirkar sayılmamasını təmin edir, təqsirliliklə əlaqədar şübhənin təqsirləndirilən şəxsin xeyrinə həll olunmasını təmin edir və cinayət əməlində təqsirləndirilən şəxs ilə təqsirsizlik prezumpsiyasına uyğun surətdə davranılmasını tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi şəxs barəsində bəraət hökmünün çıxarılması əsaslarından biri təqsirliliyinin sübuta yetirilməməməsidir(təqsirsizliyinin sübuta yetirilməsi deyil). Şəxsin təqsirliliyinin sübuta yetirilməsi isə kifayət qədər mötəbər, bir-biri ilə uzlaşan, ziddiyyət təşkil etməyən sübutlar toplusunun mövcudluğunu zəruri edir. Sübutlar “əsaslı şübhə standartı” prinsipinə riayət edilməklə toplanmalı və bir-biri ilə zəncir şəkildə bağlı olmalıdır. Əks təqdirdə təqsirliliyin sübuta yetirilməsində yaranan bütün boşluqlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı külli miqdarda 6,446 qram çəkidə narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyinin sübuta yetirilməməsi - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmaması əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə bəraət verilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, təqsirləndirilən şəxsə eyni istintaq hərəkəti nəticəsində üzərindən həm narkotik vasitə, həm də soyuq silah hesab edilən predmet aşkar edilməsinə baxmayaraq həmin istintaq hərəkətinin mötəbərliliyini yalnız narkorik vasitə olan heroinin əldə edilməsi, saxlanması və daşınması hissəsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən mübahisələndirdiyindən həmin predmetin açıq məhkəmə iclasında dönə-dönə özünə məxsus olmasını bildirdiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla təsdiq edilir. Həmin əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 228.4-cü maddəsində göstərilən cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 19 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19; 95-99). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,396 qram təşkil edən narkotik vasitə heroin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd əldə qayırma üsulla kastet tipində hazırlanmış vurucu deşici xassəyə malik soyuq silah məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən cinayət işi üzrə 20 yanvar 2024-cü il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs aid edilməməli, 06 fevral 2024-cü il tarixli məhkəmə ballistik ekspertizanın keçirilməsinə sərf edilən 64(altmış dörd) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 44, 171). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 346-347, 348.3, 349, 350.1 351-353, 356, 358, 384-385ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübutlar: Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,396 qram təşkil edən narkotik vasitə heroin ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş 01 ədəd soyuq silah hesab edilən predmet məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən cinayət işi üzrə 20 yanvar 2024-cü il tarixli, məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 65 (altmış beş) manat ona aid edilməsin. Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixli məhkəmə ballistik ekspertizanın keçirilməsinə sərf edilən 64(altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar